Qonaq Kitabı
İYİRMİ BİRİNCİ FƏSİL

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən bu ağrılar bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmində ona elə gəlirdi ki, qurtarmaq bilməyən bir çaydan keçməkdədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin o dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.

Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür. edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan Aramı xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o bircə şeyi xatırlaya bilmirdi. Görəsən buraya düşdüyü neçə gündür? Bəlkə aylar gəlib keçmişdir? Ah, nə olaydı, indi gecə və ya gündüz olduğunu biləydi?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz inamında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

Tamamilə huşu özündə olub, yenə beləcə xəyallar içində yaşadığı zaman zindanın qapısını açdılar. Onu dartıb dar koridora çıxartdılar. Lampanın sönük işığında gözləri indicə tutulacaq kimi qamaşdı. Kirpiklərini qırpıb ətrafına baxdı. Koridorun balaca bacasından çöldə qaranlıq olduğunu görüb, “gecədir” deyə düşündü. Onu sərhəng Səfainin yanına apardılar. Qarşı tərəfdən beli bükülmüş bir qocanı gətirdilər. Yaxınlaşdıqda onun, bütün siması qırışıqlarla örtülmüş Simonyan olduğunu gördü. Simonyan da onu tanıdı. Hər ikisinin üzündə xəfif bir təbəssüm göründü. O, Simonyanı, gözü traxomalı arvadı müalicə etdiyi zamandan, bir daha görməmişdi. Haradansa ağlına “görəsən o yazığın gözlərini kim müalicə edir?” deyə bir sual gəldi. Bir də Simonyana baxdı. Onun başı sarıqlı idi. Üzündə, sol qulağının dibindən boğazına qədər uzanan bir zolaq vardı. “Yazıq qoca bu əzablara dözəcəkmi?” deyə düşündü.

Sərhəng Səfai ona iki saata qədər əzab verdi. Yoldaşlarının adını deməyi, Aramın harada gizlənə biləcəyini söyləməyi tələb etdi. O, bütün bu suallara qarşı həmişə olduğu kimi, “bilmirəm” deyib durdu. Sərhəng əsəbiləşərək otaqda gəzindi, onu təhdid etdi:

- Sən deməsən də biz bilirik, - dedi, - başqa yoldaşların hamısının adlarını saymışlar.

O acı-acı sərhəngə baxdı:

- Elə isə bəs nahaq yerə niyə özünüzü incidirsiniz?

Sərhəng gözlənilmədən ondan soruşdu:

- Bəs Fridun kimdir? Fridunu da deməyəcəksən?

O sarsıldı. “Ah, doğrudanmı demişlər” deyə düşündü. Fridunun həmişəgülər üzü gəlib, gözünün qabağında durdu və qəti qərar verdi. “Yox, mən tanımıram. Özünü də gətirib qabağımda oturtsalar, tanımıram deyib duracağam”.

Cavab gözləyən və gözlərini üzünə dikərək, ən kiçik cizgilərə qədər hər şeyi izləyən sərhəng qəti səslə:

- Hə Fridunu da tanımırsan? - deyə təkrar etdi.

- Yox! Tanımıram! - dedi.

Sərhəng ona rəhmi gələr bir vəziyyət aldı:

- Oğlan, sən özünü məhv edirsən. Gün kimi aşkar şeyləri danırsan. Bəs bu nədir?  

O, Kərimxanın ilk axtarış zamanı götürdükləri balaca cib dəftərçəsini açıb göstərdi.

- Oxu, gör nə yazmısan!

Kərimxan yenə çətin bir ruhi sarsıntı keçirtdi. Lakin əyilmədi, yıxılmadı. Artıq sərhəngin, gözünə soxacaq dərəcədə irəli uzatdığı dəftərçəyə də baxmadı.

- Özünüz oxuyun!

Sərhəng oxudu: “Fridunu görməli”. İndi deyin görək bu Fridun kimdir?

Kərimxan ürəyində sonsuz bir şadlıq duydu. “Ana, deməli, heç kəs heç nə deməyib. Bunlar Fridunun kimliyini də bilmirlər”. Sərhəng sualını təkrar etdi. Kərimxan:

- Bilmirəm. Nə bilim. O qədər Fridun var ki, - deyə cavab verdi.

Sərhəng yaxınlaşıb, onu sillələdi və:

- Aparın, - deyə əmr etdi.

Kərimxanı aparıb, başqa bir otağa saldılar. İki nəfər yoğun və ətli adam gəlib, onu soyundurdu və uzadıb, rezin çubuqla döyməyə başladı. O, qüvvəsini toplayaraq cəld qalxdı və müqavimət göstərmək istədikdə onlar daha da qızışdılar. Artıq onun harası gəldi vurmağa başladılar. Birisi rezini başından endirdi. O, gözlərinin qaraldığını, dünyanın başına fırlandığını hiss etdi və yıxıldı. Ayıldıqda özünü yenə əvvəlki qaranlıq və rütubətli zindanda gördü. Nə isə sol gözündə bir ağrı duydu. “Bu nədir belə? Mənə nə olmuşdur?” Kirpiyini, gözünü tərpətməyə çalışdı. Gözsüz qaldığını bildikdə bütün vücudu titrədi. Dəhşətli bir ağrıya dözə bilməyərək özündən getdi. Nə qədər bu vəziyyətdə qaldığını bilmədi. Ayıldıqda ayaq səsləri eşitdi. Onun qapısını açdılar. Koridora çıxartdılar. Lakin bu dəfə əzab verməyə aparmadılar. Yerini dəyişdilər. Başqa, daha geniş, hətta içərisində iki taxt olan bir kameraya saldılar. Həkim göndərib, gözünə dava qoydular bağladılar.

O, qaranlıqda əli ilə otağı yoxladı. Heç kəs olmadığını görüb, taxtlardan birisinə oturdu. Yenə min fikrə getdi. Nə üçün buraya köçürüldüyünü anlaya bilmədi. “Yəqin hər şey qurtarır, mühakimə başlanacaq” deyə düşündü. Bir gün və bir gecə burada təkcə qaldı. Sabahısı qapını açdılar və altı-yeddi il bundan qabaq olan kimi, bir nəfəri içəri itələdilər. Yeni məhbus üzüüstə yerə dəyib, zarımağa başladı. Kərimxan o saat Məhbusini tanıdı. Məhbusi kamerada adam olduğunu bilmirmiş kimi inildəyir, deyinir, söyürdü. İndi də neçə il əvvəlki şəkildə təkrar olunan bu hərəkət nə isə Kərimxana xoş gəlmədi. Ona bir kəndirbazın oyununu xatırlatdı. Bu hissiyyat, təzadlı fikirlər və şübhələrlə birləşdikdə Məhbusinin zarıltısına dözmək ona çətin oldu.

- Elə zarıldama, qalx! - dedi, - gəl taxtın üstündə otur.

Bir anlığa Məhbusi səsini kəsdi. Qaranlıqda nə isə bir harəkət etdi. Deyəsən, qalxmaq istəyirdi. Kərimxan onun qolundan tutub qaldırdı və taxta oturtdu. Onun sızıltısı şiddətli naləyə çevrildi.

- Yavaş, Kərimxan, qardaşım, yavaş. Bişərəflər məndə salamat yer qoymadılar.

Kərimxan heç bir söz demədi. Məhbusi də susurdu Sanki qaranlıq, sakit və nəmli kamerada onlar yenidən bir-birlərini öyrənirdilər. Həm də mütləq bir sükut içərisində bir kəlmə də danışmadan, bir-birlərinin qəlbini bilmək istəyirdilər. Nəhayət, əzici sükut hər ikisini darıxdırdı. Məhbusi:

- Nə yaxşı ikimiz bir yerə düşdük, - dedi, - yenə nəfəs yaxşıdır, insan-insana dayaqdır. Yoxsa tak-tənha saniyələri saymaqdan yorulursan, ölüm axtarırsan, tapılmır, amma ikilikdə hər şeyə dözmək olar. Dərdimiz yüngülləşər.

O, içini çəkib ağladı. Kərimxanın ürəyi yenə riqqətə gəldi. Təbiətən heç bir riyakarlıq bacarmayan bu adam başqalarında çirkin sifətlər gördükdə heyrət edər, inanmaq istəməzdi. Ürəkdən çıxan bir söz insanı onun nəzərində qaldırardı. Məhbusinin sözlərində də o nə isə iztirab çəkmiş bip adamın həsrətlərini duydu. O özü də tənhalıqdan darıxmamışdımı? Nəinki bir insan, hətta bir it, bir pişik, bir siçan belə, kamerada ona bir təsəlli olmazdımı?

- Eh, Hüseyn, - dedi, - bu dəfəki əzabları mən heç bir zaman görməmişəm. Düşünürəm ki, insanın bədəni nə qədər davamlı olarmış. Nələrə tab gətirərmiş. Şikəstliyin-zadın yoxdur ki?..

- Sol qabırğamın birisi əzilmişdir. Nəfəs ala bilmirdim. İndi yaxşıyam. Deyirdim ki, ölərəm, canım qurtarar.

- Yox, Hüseyn, elə danışma. İnsan gərək heç bir zaman ölümü axtarmasın. Arzu etməsnn. Ölüm bir heçlik, bir boşluqdur. Fərz et ki, insanı bir uçurumun ağzına gətirələr, qar, tufan, şaxta da göz açmağa qoymaya. Yenə o insan daşlardan, qayalardan tutacaq, dişi ilə, dırnağı ilə torpaqdan yapışıb, qurtarmağa çalışacaqdır. Lakin heç bir vəchlə özünü uçurumun qucağına atmayacaqdır. Bu, insanın təbiətidir! Yaşamaq, yaşamaq!.. Yoxsa hər şeyə nəhayət verəcək bir şeyi arzu etməkdən nə çıxar? İnsan, həyatın şirinliyindən, ləzzətindən bilmərrə məhrum olsa belə, onun nəsibi yalnız əzablar, işgəncələr, əziyyətlər olsa belə, yenə yaşamağa meyl etməlidir. Axı bunun özündə də bir ehtiras, bir şirinlik var: susuzluqdan dodaqları çatdaq-çatdaq olmuş təşnə bir adamın nə ehtirasla özünü suyun üstünə atacağını təsəvvür edirsənmi? Hər şeydən məhrum və əzablar içində yaşayan bir adamın arzuları çox güclü olar. Mən onun səadət istəklərində diz gücü görürəm.

- Sənin nə möhkəm ürəyin var, Kərimxan. Amma sözün düzü mən davam gətirə bilmirəm. Ölümün tez gəlməsinn istəyirəm.

- Zəiflik göstərmə! Bunlar hamısı keçəcək. Bizə məzar kəsilmiş bu zindanlar uçulacaqdır. Bəlkə də, kim bilir, burada, bu zindanın yerində bir gün bir gülüstan, bir bağ salınacaqdır. Bəlkə də, bax, elə burada, bu qaranlıq və nəmli kameranın yerində bir qızılgül ağacı bitəcək, onun budaqları ətrafa yayılacaq, hər bahar üstündə gözəl, ətirli güllər açacaqdır. Görəsən, o günü nəsillər, bizim Azadlarımız görməyəcək, bizi yad etməyəcəklər?.. Edəcəklər!.. Mütləq edəcəklər! Bəlkə elə biz özümüz də o günü görəcəyik!..

- Heç ağlım kəsmir ki, boğazımızı bu dəfə kəndirdən qurtara bilək.

O, kiçik bir fasilədən sonra əlavə etdi:

- Qurtarsaq da bircə yolu var.

Kərimxan maraqla:

- Nə yoldur? - dedi. - Dişimizlə yer qazmaq lazım olsa, ona da hazıram!..

- Qardaşım Kərimxan, heç bir çarə yoxdur. Biz məhv olacağıq. O yolla ki qurtarmaq mümkündür, o yolu da biz gedə bilmərik. Mənə neçə dəfə təklif ediblər gəl yoldaşlarını de, səni azad edək. Döyüblər, incidiblər, deməmişəm. İndi səni də bu halda görürəm. Ürəyim partlayır. Qardaşım, necə bilirsən, bəlkə... Bəlkə... Bəlkə bir-ikisini deyək, canımızı bu əzablardan qurtaraq.

Kərimxan qulaqlarına inanmırmış kimi, “necə?” deyə soruşdu. Məhbusi inildəyə-inildəyə fikrini təkrar etdi. Yenə Kərimxanın fikrində əzablı şübhələr baş qaldırdı. “Ah, bəlkə də bütün bu fəlakətlərin səbəbi mənim ehtiyatsızlığımdır?” - deyə düşündü. Bu barədə kiçik bir yəqini olsaydı, yanında oturmuş bu adamın xirtdəyini dişlərilə üzərdi. Min sualın əlində didilir və düşünürdü. Məhbusi bunu yəqin ki, bir yumşaltmaq əlaməti zənn etdiyi üçün cəsarətləndi:

- Bilirsənmi, qardaşım, mənə elə əzablar veriblər ki, ona it də dözməzdi. İndi heç taqətim qalmayıbdır. Sən məndən də pis haldasan. Nə edək, Kərimxan, gəl bircə Fridunun yerini deyək, yaxamızdan əl çəksinlər, mən də yazığam, sən də. Arvadın, uşağın var.

Bu sözlər, bu riyakar səs Kərimxanın şübhələrini həll etdi. Dönüb ağır pəncələrini Məhbusinin boğazına keçirtdi. Sıxıb dizlərinin altına aldı:

- Alçaq, yəqin bizi satan da sənsən! Sən məni xəyanətə çağırırsan, yoldaşlarımı satmağa çağırırsan?

O sıxdıqca Məhbusi müqavimət göstərir, dizinin altında o tərəf-bu tərəfə dartınır, xırıldayırdı. Kərimxan pəncələrini onun boğazında daraldır, dizlərini qarnına basırdı. Bu zaman qapı açıldı. Üç adam özünü Kərimxanın üstünə atıb, Məhbusini onun əlindən aldı. Onu yarımcan kameradan çıxartdılar. Yanda durub baxan sərhəng Səfai:

- Aparın, əvvəlki yerinə aparın! - deyə əmr verdi.

Kərimxanı yenə dikinə qaldırılmış bir qəbir təsiri bağışlayan kameraya atdılar. O yalnız indi Məhbusinin kim olduğunu bildi. Yalnız indi heç bir zaman düzəlməyəcək bir xətaya yol vermiş olduğunu anladı və başını kameranın nəmli divarına söykəyərək ağladı. Gücsüz bir uşaq kimi hönkürərək ağladı.

 * * *

Kərimxan tutulduqdan sonra Xavər çox düşündü. Çox iztirab çəkdi. Dünya ona məhbəs kimi göründü. Yenə gələcəyin üfüqləri, sabahkı gün qara bir pərdə dalında gizləndi. Nə olacaq, onu sabah nələr gözləyir, bilmirdi. Düşündükcə nəzərində qaranlıq bir aləm açılırdı. Simonyanın tutulması, Aramın yox olması da onu tamamən ümidsiz bir vəziyyətdə qoyurdu, Onlar bir ata-ana kimi Xavəri saxlayır, heç olmazsa bir tikə çörək dərdindən azad edirdilər. İndi nə olacaq? Uşağı necə saxlayacaq, özünü nə təhər idarə edəcəkdir?.. Haradan gedib çörək qazanacaqdır? Hara getsə, hansı qapını açsa “rədd ol, iş yoxdur!” deyib qovacaqlar. Dilənçilikmi edəcək?.. Yoxsa, o, burada bir anlığa, uçurumun dərinliyini görmüş adam kimi, gözlərini qapayırdı: Məkər bir tikə çörək və paltar dərdindən bədənini satan, cavanlığını fahişəxanalarda keçirməyə məcbur olanlar azmı idi? Ehtiyac ucundan öz bakirə qızının ilk gecəsini on tümənə satan adamları o tanımırdımı? Tanıyırdı! Görmüşdü... O, yaxşı bilirdi ki, şəhər, ehtiyac və fəlakətin caynağında çırpınan onun kimi hər yerdən ümidi kəsilmiş zavallı, kimsəsiz gəncləri fahişəxanalara çəkən qadın dəllalları ilə doludur. O bilirdi ki, bu qadın dəllalları fəlakətə düşmüş qurbanlarını dərhal görür, dallarınca gəzir, yanına əxlaqsız qadınlar göndərir, pul, paltar təklif edir və öz məqsədlərinə çatmayınca əl çəkmirlər. Bütün bunları düşündükcə o özünü öldürmək, birdəfəlik canını qurtarmaq qərarına gəlirdi. Lakin Azad! Bəs onu kimin öhdəsinə buraxıb, gedə bilərdi? Xavəri ilk fəlakət günlərinin bu dəhşətli qərarından saxlayan bircə uşağının fikri idi!

 * * *

Kərimxan tutulan gündən iki həftə keçirdi. Axşamüstü Xavər evdə oturub, bir kənarda oynayan Azada baxır və beləcə düşünürdü. Heç özü də bilmədən göz yaşları yanaqlarına süzülürdü. Qapı döyüldü, kim olduğunu soruşduqda bir qadın səsi eşitdi.

-  Aç, bacı, Xavər xanım, aç, işim var!..

Qapını açdı. Yaşı qırx beşdən artıq, lakin yanaqları ənlikli-kirşanlı bir qadın içəri girdi. Onun zahiri və hərəkətləri Xavərin qəlbini bir vahimə ilə doldurdu. Arvad sözsüz, danışıqsız otağa keçib, yanını çimçəşir kimi köhnə səndəlin qırağına qoydu. Hələ oturmamış əyilib, səndəli pilədi də.

Xavər:

- Oturun, təmizdir, - dedi.

Arvad otağa göz gəzdirdi. Dodağını büzdü:

-  Çox kasıbdır. Özü də nəmlidir. Burada adam yaşamaz ki.

Xavər acıqlı cavab verdi:

- Olanımız budur.

- Buy, niyə ay Xavər xanım, sənin kimi cavan, göyçək xanıma bu tulambar yaraşmır.

Xavər cavab vermədi. Arvad bir-bir evin şeylərini nəzərdən keçirib, eyni etinasızlıqla heç nəyə toxunmayacaqlarını söylədi. Söhbəti yaşayış və həyatın ağırlığına keçirib, Xavərin başına gələn müsibətə təəssüf etdi. Xavər özünü saxlaya bilməyib, onun kim olduğunu soruşdu. O, onsuz da yekə ağzını bir az da geniş açaraq:

- Buy, niyə tanımırsan, budur, bax, ikicə ev sizdən o tərəfdə oluram. Qonşuyam, adım da Qəmərbanudur.

- Tanımıram, görməmişəm.

- Çox da sən tanımırsan, mən ki tanıyıram. Bax, elə ona görə də durub, yanına gəldim. Görüm necəsən, dolanacağın necədir? Bəlkə bir şeyə ehtiyacın var?

- Allah razı olsun, heç şeyə ehtiyacım yoxdur.

- Elə demə, ay qız. Atan irs qoymayıb, anan irs qoymayıb yeyib dolanasan. Bu cırıq kilimə də ki beş şahı verən olmaz.

Qəmərbanu kirpik qırpmadan, həyasız bir nəzərlə Xavərə baxdı. O bu qadından ya istədiyi sirri öyrənməli, ya da onu öz cənginə alıb, evində xanımların içinə atmalı idi. Hər iki halda Xavər onun üçün hazır bir qızıl idi.

Əlbəttə, onu dilə tutub, sirrini ala bilsəydi, daha yaxşı olardı. Çünki o zaman həm mister Harold, həm də Sərhəng ondan razı qalmaqla, özünü də razı salacaqdılar. Sonra yenə Xavərin üstünə qayıdırdı. Onun başqa gedəcək yolu yox idi. Bu fikirlə nəzərlərini yumşaltdı, kədərini bildirdi:

- Bacım, başına yaman bəla gəldi, allah sənə rəhm eləsin.

Onun birdən-birə mərhəmətli səslə danışması Xavərdə bir şubhə oyatdı. İnsanlara ehtiyatla yaxınlaşmağa öyrənmiş Xavər ona inanmadı və susdu. Qəmərbanu isə danışmağında davam etdi:

- Bilirəm, özün də tək-tənhasan, bir əl tutanın yoxdur, o bədbəxtin də bir qohumu yoxdur ki, belə gündə dadına çata.

Anasının dizinə söykənib, eyni yabançı nəzərlərlə ona baxan Azadı qucağına aldı, başını sığalladı:

- Heyf, belə uşağı da yetim qoymaq olar?

Bu söz Xavərə toxundu. Onun ürəyini yaraladı.  

- Yetim niyə olur? Mən ölməmişəm ki!

Qəmərbanu ağ dərili əl sumkasını açdı, bir neçə konfet çıxarıb. Azada uzatdı. Uşaq almaq istəmədikdə zorla ovcuna basdı və Xavərə döndü:

- Ay qız, bəs bu kişinin heç yoldaşından-zaddan yoxdur sənə kömək eliyə.

- Niyə yoxdur, yoldaşsız da adam olar.

O, göz vurub, Xavərə tərəf əyildi və yavaşca:

- Bilirəm var ha... Məhəllədə hamı bilir... Ay qız, bəlkə sən getməyə ehtiyat edirsən, ünvanlarını ver, mən gedim. Məni tanıyan kimdir, nə lazımsa alıb gətirərəm.

Onun təkid etməsi Xavərin şübhələrini artırdı:

- Sağ olun, mənə miyançı lazım deyil.

Bu söz Qəmərbanuya toxundu. Xavərdən söz ala bilməyəcəyini gördükdə söhbəti dəyişdi və Xavəri ən dəhşətli görünən yerə gətirib çıxartdı. Onun evinə çox Xavər kimilərin gəlib-getdiyini səyləyib, yaxşı pul qazandıqlarına da işarə etdi: 

- Nə olacaq, - dedi, - yaxşı dolanarsan, acından ölməyəcəksən ki. Xoşuna gəlməz, ərin çıxandan sonra bir də getməzsən!..

Bu sözləri eşidən Xavər dəli olacaq hala gəldi. Əlini maşaya atıb, elə bir dəhşətlə qışqırdı ki, uşaq belə qorxaraq oyundan əl çəkdi və gəlib anasının tumanının ətəyindən yapışdı. Xavər, maşanı Qəmərbanunun üstə qaldırdı:

- Dur buradan, dur! -  dedi, - nə qədər ki, başını əzməmişəm, dur!..

Qəmərbanunu qabağına qatıb, həyətə çıxartdı va qapıya gətirib, küçəyə itələdi:

- Bir də ayağın bura dəysə, özünü ölmüş bil.

Gecə yatmamışdan qabaq yenə qapı döyüldü. Bu dəfə gələn dilənçi qadın idi. Xavər, onu görən kimi ürəyində bir sevinc duydu, içəri buraxdı. Arvadı Fridun göndərmişdi. Halını yaşayışını, nəyə ehtiyacı olub-olmadığını soruşdu, Xavər təşəkkür edib, heç şeyə ehtiyacı olmadığını söylədi. Dilənçi Azadı yanına çağırdı, başını sığalladı, quçağına alıb, alnından öpdü və gətirdiyi ayaqqabıları ayağına geydirdi. Sonra bükülü paketi Xavərə uzatdı:

- Al, Xavər bacı, Fridun verdi, dedi korluq çəkməsin!

Xavər heç bir söz deyə bilmədi. Hətta təşəkkür etməyə belə dili gəlmədi. O gedəndən sonra paketi açdı. Orada əlli tümən pul vardı.

 * * *

Fridun bu günlər diqqətlə qəzetləri izləyirdi. Sensasiya xasiyyəti daşıyan şişirdilmiş xəbərlərdən, ağızboşuna yazılmış çoxlu siyasi məqalələrdən o, rəsmi dairələrdə Kərimxangilin tutulması ilə əlaqədar nə knmi fikirlər hakim olduğunu müəyyən etmək istəyirdi. Buna görə də nisbətən daha artıq bu dairələrin fikrini ifadə edən qəzetləri mütləq mütaliə edir, hətta çoxlu ticarət elanlarına, hansı xanımın özünə necə ər axtarması haqqındakı elanlara qədər göz gəzdirirdi. Yenə oturub qəzetlərə baxdığı zaman “Səda”nın birinci səhifəsindəcə iri hərflərlə “Canilərdən biri qaçmışdır, günahkar tapılmalıdır” adlı bir neçə sətirlik bir yazı nəzərini cəlb etdi. Qəzet, həbs edilmiş cinayətkarlardan birinin Qəsri-Qacar zindanından qaçdığını xəbər verirdi. Bu barədə müxtəlif mülahizələr yürüdərək, nəhayət zindanlarda çox yüngül qayda olduğunu, məhbuslarla yumşaq rəftar edildiyini söyləyir və vəzarəti-kişvərin nəzərini bu məsələyə cəlb edirdi. Fridun məqalənin bu hissəsinə fikir verməyərək, qəzeti bir kənara atdı və düşünməyə başladı... Böyük bir maraqla o, qaçanın kim olduğunu və necə qaçdığını bilmək istəyirdi. Daha böyük bir maraqla onu görməyi, yoldaşların vəziyyətini öyrənməyi arzu etdi. Hər halda bir nəfərin zindandan qurtarması onu sevindirirdi. Eyni zamanda şübhə oyadan bir fikir də başına gəlirdi. “Bu da bir hiylə olmaya?”

Bu fikirlərdə ikən Kürd Əhmədin qardaşı gəlib, onun qayıtdığını və Fridunu gözlədiyini xəbər verdi. Fridun durub onun yanına getdi. Birdən-birə Kürd Əhmədi qara xəbərlə kədərləndirmək istəməyib hal-əhval soruşdu.

Kürd Əhməd Azərbaycandan və Kürdüstandan çox yaxşı xəbərlə gəlmişdi:

- Orada mərkəzi hakimiyyətə xalqın nifrəti hüdudsuzdur, - deyirdi.  - Hamı kiçik bir işarəyə bənddir. Mənə qalarsa biz oralardan başlamalıyıq. Son zamanlar mən belə bir fikrə gəlirəm ki, bu Tehranın fasid mühitində heç şey etmək olmayacaq. Çünki burada yalnız biz İran mürtəceləri ilə deyil. Rza xanla deyil, ingilislə, Amerika ilə də üz-üzə gəlirik. Burada onların öz siyasətinə adət etmədiyi bir ərbab, bir sahibmənsəb, bir tacir tapmaq çətindir. Biz Azərbaycandan, Kürdüstandan başlasaq daha tez məqsədə nail ola bilərik. Çünki oralarda xalq nəinki ərbabın, hakimin, ajanın, əmniyyənin zülmündən cana gəlmişdir. Həm də, milli azadlığa doğru onda bir meyl, bir arzu və həvəs vardır. Orada tez iş görmək olar.

Fridun ona qulaq asaraq:

- Sözlərinin hamısı düzdür, - dedi, - lakin elə bilirsən ki, biz bu Tehranda rast gəldiyimiz ingilisə, amerikana orada rast gəlməyəcəyik... Orada da həmin əllər iş görməkdədir. Azadlıq istəyən hər kəs Arazın və Xəzərin bu biri sahillərində hər yerdə bu məşum kabusla üz-üzə gələcəkdir. Vuruşmaqdan başqa çarə yoxdur.

- Hər halda keçmiş göstərib, gələcək də sübut edər ki, onlarda azadlıq toxumu daha tez cücərib məhsul verir. Üzümüzü oralara tutmalıyıq.

- Səninlə razı olduğumu dedim. Belə bir bayrağı qaldırmağın vaxtı yaxınlaşır. Bəlkə sabah əsl fəaliyyətə oradan başlamalı olacağıq. İndi isə yoldaşların dərdini çəkmək lazımdır.

- Yoldaşlara nə olub ki?

Fridun əhvalatı açıb ona söylədi. Üz verən bədbəxtliyi danışdı. Kürd Əhməd əsəbiliklə:

 - Hücum edib, məhbəsi dağıtmaq lazımdır, - dedi, - pul qoymaq, rüşvətlə qurtarmaq lazımdır!..

- Bunların heç biri mümkün deyil. Çünki bu işlə həm dediyin ingilislər və amerikalılar, həm almanlar, həm də Rza xan özü məşğul olur, heç şey mümkün deyil.

- Bəs elə oturub baxmalıyıq?

- Xeyr, yeni qurbanlar verməkdən çəkinməliyik. İşimizin şəklini dəyişməliyik. Bir də, mən sənə Səlimi adlı mötəbər bir dostum olduğunu demişəm. Onun vasitəsilə bu xəyanətləri düzəldən casusun adını öyrənə bilmişəm. Onu məhv etməliyik!

- Mən sənin qulluğunda hazır! Göz elə, boğazını cücə boğazı kimi üzüm.

Söhbətin bu yerində qapı döyüldü. Onlar ehtiyatla ayağa durdular. Kürd Əhməd qardaşını qapıya göndərdi. Oğlan Xavərlə qayıtdı. Onlar Xavəri gördükdə çox şad oldular. Onu hörmət və ehtiramla oturmağa dəvət etdilər. Xavər oturdu. Son dərəcə həyəcanlı olduğu bilinirdi, sual gozləmədən sözə başladı:

- Fridun qardaş, mən bir nəfərdən şübhələndiyimi sizə demişdim. O adam Hüseyn Məhbusidir.

Fridun onun sözünü kəsdi:

- Onun xain olduğu aşkardır. Lakin hələlik onu ələ keçirmək çətindir.

Xavər tələsik və hövlnək:

-  O bu gün gəlmişdi, - dedi.

Fridun təəccüb etdi:

- Necə? Sizə gəlmişdi?

- Bəli, bizə gəlmişdi. Deyir ki, məhbəsdən qaçmışam. Gizli yaşayıram. Kərimxanın tapşırığı var. Gərək Fridunu görəm. Məni onunla görüşdür.

- Bir də nə zaman gələcək?

- Çərşənbə günü axşam.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info