Qonaq Kitabı
İYİRMİNCİ FƏSİL

İkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri iprəmiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərəfinə baxmamış almırdılar. Bununla belə Fridungil ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblər, müəllimlər arasında yaymış, üç yüzünu fəhlələrə və əsnafa çatdırmışdılar.

Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xususi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.

Fridun dərslərdən sonra nahar edərək otağında oturmuş və bütün bunları xəyalında candandıraraq fikrə getmişdi. O, işin gələcəyini, daha nələr etmək mümkün olduğunu düşünür və xəyalında geniş bir aləm açılırdı. Ona elə gəlirdi ki, başladıqları iş mütləq müvəffəqiyyətlə nəticələnəcəkdir. O, getdikcə gərginləşən dünya hadisələrinin çox qəti bir çarpışmaya doğru hərəkət etdiyini duyurdu. Tarix üfüqlərində iki böyük cəbhə açılmaqda idi. Bu cəbhələrin birisinin bayrağı azadlıq və zəhmət, o birisinin bayrağı zorakılıq və ağalıq idi. Dünyanın hər yerində insanların bu iki cəbhədən birisinə qovuşması zəruri hal alırdı. İranda bu iki cəbhə arasında baş verəcək mübarizədə xarici təsir olmazsa, birincinin mütləq qalib gələcəyinə Fridunun şübhəsi yox idi. Nəhayət, o zaman əsrlər boyu məmləkətin tarixini ləkələyən, xalqının mənəviyyatını çürüdən, ölüm və fəlakətlərə sürükləyən qüvvələr məhv ediləcək, ölkənin hər yerində həqiqi azadlığın gözəl baharı başlanacaqdı. İnsanlar azad, xalqlar azad, fikirlər azad!  O həmişə bu xoş xəyallara daldığı zaman, böyük Sovet məmləkəti, sosializmin qüdrətli qalası, qaranlıq dünyanı işıqlandıran bir günəş kimi, gözlərində canlanır, qəlbinə qüdrət və ümid verirdi. Sovetlər onun nəzərində dünya azadlığının böyük bir istinadgahı idi. Məzlum xalqların əbədi və dönməz dostu idi. Orada yellənən bayraq -  kommunizmin al bayrağı gələcək dünyanın, azad və xoşbəxt həyatın əbədiyyət rəmzi idi!.. Onun hər dalğası zülm və ehtiyac dünyasına, qara və müstəbid qüvvələrə ölüm hökmü yazırdı!.. Fridun hər dəqiqə, hər an tutduqları mübarizə yolunun uzaqda, Rza xanın dəmir hasarlar çəkmək istədiyi sərhədlərin arxasında yellənən bu bayraqla işıqlandığını hiss edirdi. Vətənin gələcəyinə, xalqın istiqbalına açılan yol onun müqəddəs nurları üstündən keçib gedirdi. Kürd Əhməd, Qəhrəmani, Aram və minlər, yüz minlərlə çörək və azadlıq həsrətilə yaşayanlar hamısı beləcə düşünürdü. Onlar, istibdad qılıncının altında sussalar da, qəlblərində yaşayan bu ümid bir an sönmürdü. Fridun, Rza şahların, Hikmət İsfahanilərin nə üçün Sovetlərə, azadlığın əzəli və əbədi yurduna bu qədər kin bəslədiklərinin, nə üçün ondan bu qədər qorxduqlarının da sirrini burada görürdü.

Qapı zəngi onu bu xəyallardan ayırdı. Gələn Şəmsiyyənin şoferi idi. Məktub gətirmişdi. Qız, mütləq saat 8-də Şimrana gəlməsini yazırdı. Fridun ağır bir vəziyyətdə qaldı. Axşam saat doqquzda onlar Aramgildə toplaşmalı idilər. Əvvəlcə Şəmsiyyəyə məşğul olduğunu və onu məzur tutmasını yazmaq istədi. Sonra bəlkə, doğrudan da, mühüm bir işi var,  - deyə əvvəl oraya dəyib, sonra Aramgilə getməyi qərara aldı.

Müəyyən vaxtda Şimranda Şəmsiyyə özü onu qarşıladı. Fridun qızın xeyli dəyişdiyini hiss etdi. Bu təbəddülat onun həm simasında, həm də hərəkət və xasiyyətində əmələ gəlmişdi. Onun simasında uşaq sevinci və şadlığı çəkilmişdi. Orada ümidsiz bir kədər də yox idi. Nə isə dərin bir fikir və dalğınlıq gözə dəyirdi. Qız onu böyük çinarın altındakı yaşıllıqda qoyulmuş stulda oturmağa dəvət etdi.

-  Rica edirəm, iki dəqiqə gözləyin. Ağayi Səlimi sizinlə görüşmək istəyir, - deyib getdi.

Bu iki dəqiqədə Fridunun xəyalından min fikir keçdi. O, Şəmsiyyə ilə Səlimi arasında münasibətin nə şəklə düşdüyünü, bir anlaşma əmələ gəlib-gəlmədiyini müəyyən etməyə çalışdı. Lakin bir qərara gələ bilmədi. Səlimini gözləyən təhlükənin rəf olub-olmadığını düşündü. Yenə qəti bir nəticə çıxarmaqdan aciz qaldı. Səlimi gəlib salamlaşdı və onunla qarşı-qarşıya oturdu.

- Yəqin mənimlə görüşəcəyinizi təsəvvür etmirdiniz? - dedi və cavab gözləmədən mətləbə keçdi. O zahirən sakit görünməyə çalışsa da, həyəcanlı və fikirli olduğunu gizlədə bilmirdi:

- Bir zaman sən mənə həqiqəti mümkün olmayan yerdə axtardığımı demişdin. Məni xülyapərəst adlandırmışdın. O zaman sənin bu sözlərin məni düşündürmüşdü. Lakin ayıltmamışdı, ayılmaq üçün daha ağır zərbələr lazım imiş.

Fridun maraqla onun sözlərinin dalını gözləyir, onda nə isə bir dönüşün başlandığını hiss edirdi. O, qabaqlar fəlakətli və yanlış fikirlərini necə müdafiə edirdisə, indi də eyni kəskinliklə onları tənqid etməkdən qorxmurdu:

- Sən haqlı imişsən!.. İstibdadi rejim xalqın və vətənin düşmənidir. İctimai səfalətin, aclığın və fəlakətlərin mənbəyi odur. O, xalqın bədənində qara bir yaradı ki, kəsilib atılmayınca bu bədən sağalmayacaq!..

Sərtib, Rza şahla olan görüşünü nağıl etdi:

- Mən ömrümü puç bir fikrə qurban vermişəm. Faydasız yerə. Bir ovuc torpaq kimi havaya sovurmuşam. Bu, acı bir duyğudur. Bu elə bir peşmançılıqdır ki, çarəsi yoxdur. Kim keçən ömrümün bir gününü mənə qaytarıb verə bilər?

Fridun onun indi də ümidsizliyə qapılacağından qorxaraq qeydkeş bir nəzərlə üzünə baxdı, nə isə demək istədi. Lakin sərtib ani bir fikirdən sonra davam etdi:

- Yox, bu sözləri mən təziyə saxlamaq üçün demirəm. Axmaq o adamdır ki, etdiyi səhv üçün bir də təzədən ağlaya. Mən matəm saxlamaq fikrində deyiləm. Mən iştibahımın bütün dərinliyini duyuram və ona görə də qəti hərəkət etmək fikrindəyəm..

- Qərarınız nədir?

- Qərarım, namuslu adamları bir yerə yığmaqdır. Bu çürük əsası uçurmaqdır. Ya ölüm, ya vətənin azadlığı, istiqlaliyyəti! Bundan belə bu fikirsiz mən bir dəqiqə nəfəs alsam, mənə ar olsun. Mənim zabitlər və rövşənfikirlər arasında çox comərd yoldaşlarım var. Sən də aşağıdakılara, zəhmət adamlarına bələdsən. Bu gündən borcumuz xalqın bu iki əlini birləşdirmək olsun!..         

Fridun:

- Təbrik edirəm, artıq vaxt gəlib çatmışdır! - deyə sərtibin əlini sıxdı.

Sərtib bu yolda özünə ilk uzadılan bu əldə rəmzi bir qüdrət duydu və onu əlində saxladı:

- Vaxt çatmışdır, çatmışdır! -  dedi. - Şahlıq İranı məhv etdi. Məmləkətin qurtuluşu demokratik xalq cümhuriyyəti yaranmasındadır. Biz buna hazırlaşmalıyıq. Bircə bizim belə düşünmədiyimiz də aşkardır. Görünür ki, hələ bizdən də tez vəziyyəti duyanlar və işləyənlər vardır. Məlum kitablar mühəqqət bir təşkilat tərəfindən buraxılmışdır.

Kiçik bir fasilədən sonra əlavə etdi:

- Belə bir təşkilat varsa, təəssüf ki, uzun müddət yaşaya bilməyəcəkdir!

Bu sözdən Fridun diksinən kimi oldu. Onu daxilən sarsıtmış olan həyəcanı boğmağa və halının dəyişdiyini Səlimiyə bildirməməyə çalışaraq:

- Nə üçün? - deyə soruşdu. 

- Çünki bir xain vasitəsilə artıq onun izinə düşmüşlər. Bu gün-sabah böyük həbslər gözlənilir. Yadındadırmı, Azərbaycanda, yol üstündəki bir çayxanada Hüseyn Məhbusiyə rast gəlmişdin? Üç dövlətə və bir də İran xəfiyyəsinə xidmət edən bu mahir provokatoru onların içərisinə göndərə bilmişlər. Belədir, oğlan, xarici kapital yalnız bizim torpağın sərvətini talan etməklə qalmır. O, şəxsi mənfəət üçün hər şeyə hazır olan ərbablarımızdan, aclıq və səfalətin qucağına atdığı yüzlərlə biçarələrdən casuslar, satqınlar yetirir. Öz bacısını, öz qardaşını, öz dostunu, hətta öz arvadını satan bişərəf və binamus adamlar tərbiyə edir. Xalqın ruhiyyəsini pozur, vətən məhəbbətini və vətəndaşlıq hisslərini öldürür.

Fridun artıq onun sözlərini eşitmirdi. Onun gözündə Aramgilə yığışan yoldaşları və onlar üçün hazırlanan dar ağacları canlanırdı. O, buradan durub qaçmaq və təcili tədbirlər görmək istəyirdi. Sərtib Səliminin təklifini də cavabsız qoymaq istəmirdi. Onun simasında, təşkilatın qiymətli bir adam əldə edəcəyinə inanırdı. Lakin yoldaşlarla məsləhətləşməmiş, onların razılığını almamış belə bir təşkilatın varlığını Səlimiyə bildirməyi lazım görmədi.

- Çox yaxşı, təklifiniz haqqında düşünürəm. Birdən-birə qərar çıxartmağa çətinlik çəkirəm. Hər halda həyatımızın dözülməzliyinə dair sizin əqli və məntiqi dəlilləriniz əleyhinə bir şey demək mümkün deyildir. Danışdıqlarımızın burada qalacağına tamamilə arxayın ola bilərsiniz.

Son cümləni dediyinə çox razı qaldı. Çünki bundan sonra Səlimidə bir arxayınlıq əmələ gəldiyini hiss etdi. O özü isə rahat ola bilmirdi. Yoldaşlarının fikri xəyalından çıxmır, qəlbi həyəcan və iztirabla döyünürdü. Nə isə bir fəlakətin yaxınlaşdığını duyurdu. Odur ki, tez çıxıb getmək lazım idi. Səlimidən üzr istəyib ayağa durdu. Sərtib onu qapıya qədər ötürdü. Yolda Fridun:

- Şəmsiyyə ilə necəsiniz? - deyə soruşdu.

- Onun təbiətən təmizfikirli bir insan olduğunu, atasına çəkmədiyini siz də bilirsiniz. Həqiqəti dərk etməyə qabil bir qızdır. Buna görə də mən hər şeyi açıb ona dedim. O zamandan sakit dolanır. Biz izdivac etmiş olsaq belə, heç bir zaman ər-arvad kimi yaşamayacağıq. Elə-belə, zahirən, görkəm üçün. Zəncirlər qırıldıqda isə hər kəs öz yolu ilə gedər və qismətini tapar.

Fridun əzici bir fikirlə onun əlini sıxıb ayrıldı və maşına oturub: “Tez, şəhərə sür!” dedi.

 * * *

Kərimxan Azadi işdən gələrək çörək yemiş və adəti üzrə kilimin ustündəki balaca mütəkkəyə söykənərək qəzetlərə baxırdı. Xavər qabları yığışdırıb, yumaqla məşğul idi. Balaca Azad təbiətinə xas bir hay-küylə oynayır, xırda taxta parçalarından ev qayırırdı. Onun bir gözü atasında idi. Yanına getmək, nə isə soruşmaq istədiyi anlaşılırdı. Bunu hiss edən Kərimxan qəzetləri bir kənara atdı.

- Oğlum, bura gəl, yanıma gəl, sənə yaxşı ev qayırım.

Azad taxtalarını yığışdırıb, onun yanına gəldi. Kərimxan ev düzəldə-düzəldə söhbətə başladı:

- Oğlum, danış görüm, oxuyub nə olacaqsan?

- Doktor olacağam, ata. Simon dayı kimi, oxuyub doktor olacağam.

Uşaq danışarkən kənardan məhəbbətlə onları seyr edən anasına baxır, onun başı ilə təsdiq etməsini gördükdə daha da ruhlanırdı. Öz növbəsində o da Kərimxandan:  

- Ata can, bəs sən niyə doktor deyilsən, hə niyə? – soruşdu.

Xavər sevinclə onu qucaqlayıb öpdü:

- Atanı oxudan olmayıbdır, oğlum, - dedi. - Amma sən oxuyacaqsan. Doktor olacaqsan...

Azad uşaqlara məxsus bir həvəslə yorulmaq bilmədən bir sualın dalınca o biri sualı verir, danışırdı. Artıq Kərimxanın da, Xavərin də gözlərində onun gələcəyi canlanır, onun həyatı və taleyi üçün ürəkləri əsirdi. Şirin sözlər, xoş arzularla uşağı sevindirir, onun hər sualına yaxşı bir cavab verirdilər. Nəhayət, saat doqquza on beş dəqiqə qalmış Xavər onu yatırmağa başladı. Kərimxan da Aramgilə gedəcəyini xatırlayıb ayağa durdu.

Xavər:

- Tezmi gələcəksən? - deyə soruşdu.

- Lap tez, bircə saatdan sonra evdəyəm.

Bu zaman balacanın səsi eşidildi.

Xavər:

- Bircə gəl bunu öp, sonra get, - deyə Kərimxanı səslədi. Kərimxan gəlib, uşağın balaca əllərindən, alnından, gözlərindən öpdü. Uşaq, səadət dolu gözlərini yumarkən, o evdən çıxdı. Xavər həyət qapısına qədər onu ötürdü. Kərimxan qapıdan çıxarkən:

- Gec gəlsəm yatarsan, qapını döyərəm, - dedi.

- Yox, yatmayacağam. Oturub gözləyəcəyəm. Tez gəl.

- Yaxşı!..

O, çıxmaq istərkən gözləri Xavərin gözlərinə sataşdı. Orada yenə əbədi intizar, əbədi məhəbbət və həyəcanın qığılcımlarını gördü. Qeyri-ixtiyari geri dönərək:

- Yaxşı, tez gələrəm, Xavərim, - dedi və gözlərindən öpdü.

O, Tehranın sakitləşməyə başlayan küçələrindən keçərkən uzun müddət fikri Xavərdən ayrılmadı. Uzun müddət onun məhəbbət dolu gözləri xəyalından çəkilmədi.

Küçənin tinindən sola buruldu. Buradakı “Novbahar” kafesində Məhbusi onu gözləyəcəkdi. Aramgilin adresini götürdüyünə baxmayaraq o, Kərimxanla görüşməyi və bir yerdə getməyi xahiş etmişdi. “Birinci dəfədir, tanımıram, bir yerdə getsək yaxşıdır” demişdi.

Kərimxan çayxanaya çatmamış Məhbusi ona tərəf gəldi.

Yaxınlaşdıqda:

- Gecikməmişik ki? - deyə soruşdu.

Kərimxan saatına baxdı, hələ vaxta on dəqiqə qaldığını söylədi. Onlar yolun qırağında durmuş faytonlardan birinə minməyi qərara aldılar. Bütün yol uzunu heç biri bir kəlmə də danışmadı. Kərimxanın xəyalında gah işləri, gah Xavər, gah gələcək günlər dolanırdı. Məhbusi isə darıxır, hər şeyin tez qurtarmasını gözləyirdi.

Adəti üzrə qapını yenə Aram açdı. Onlar həyətə girdikdə Kərimxan Məhbusini ona təqdim etdi. Yarıqaranlıq dalanda giləsi belə tərpənməyən qurd gözü kimi bir cüt hərəkətsiz və əsrarəngiz göz Aramın xəyalında əbədi olaraq həkk olub qaldı. İki-üç addım yeridikdə Aram nədənsə bunu onun özünə dedi:

- Yaman gözləriniz var. Bir də sizi otuz il sonra görsəm gözlərinizdən tanıyaram.

- Görünür hafizəniz güclüdür.

Bununla söhbət kəsildi. Onlar dəhlizdən keçib Aramın otağına girdilər. Kərimxan isə Simonyanın evdə olduğunu bilib, salam vermək, halını soruşmaq üçün sağ tərəfdəki otağa döndü. Simonyan əynində xalat üstü-başı cırıq cavan bir arvadın gözlərinə baxır, kirpiklərini qaldırıb “traxomadır, traxomadır, müalicə lazımdır, belə də özbaşına buraxmaq olarmı, kor olarsınız!” - deyə bir ürək yanğısı ilə deyinirdi. Anuş da əynində xalat gah balaca tası, gah göz yumaq üçün dolu balonu ona verirdi. Simonyan Kərimxanı gördükdə, işindən ayrılmayaraq onun salamını aldı. Xəstənin gözlərini sildiyi pambığı zibil qabına ataraq, dərman tökmək üçün onun göz qapağını qaldırdı:

Kərimxanı çağıraraq:

- Bax, dənələrə bax, - deyə arvadın qan bağlamış gözünü ona göstərdi.

Nəhayət, doktor işini qurtardı. Cavan qadın ayağa durub, pul çıxartdı. Utana-utana doktora uzatdı:

- Allah sənə ömür versin, doktor!

Doktor yavaşca arvadın pul tutan əlini rədd etdi.

- Lazım deyil! Lazım deyil! Yığ, özünə bir köynək al!

Arvad doktorun əlini öpəcək bir hərəkətlə ona əyildi və dua etdi. Doktor ikiəlli onun qollarından tutub saxladı.

- Yenə gələrsən, hər gün gələrsən. Gözlərin pis haldadır dedi və Kərimxana döndü:

- Hə, necəsən dostum? Xavər xanımı daha fikir etməyə qoymursan ki?       

- Onu fikirdən ayırmaq üçün məmləkətin övzasını dəyişmək lazımdır, doktor!

Doktor güldü:

- Dəyişəcək, əzizim, dəyişəcək. Hər şey dəyişəcək. Lakin tədriclə, yavaş-yavaş.

Təbiətdə də, cəmiyyətdə də təkamül nəzəriyyəsinə qəti iman gətirmiş doktor, bu sözləri tam bir ciddiyyətlə və eyni zamanda Kərimxana ümidverici bir tərzdə söylədi və dərhal bu barədə mübahisə etmək fikrində olmadığını bildirmək üçün söhbətin mövzusunu dəyişdi:

- Niyə oturmursan, oğlan? Buyur, əyləş, Anuş bir stəkan çay versin içək!

-  Sağ olun, doktor. Elə qulluğunuza salam vermək üçün döndük. Aramla işim var. Müsaidə etsəniz gedərəm.

Doktor zarafata saldı:

- Anuş, bu cavanları görürsənmi? Biz qocalarla oturmaq istəmirlər. Bizimlə danışmağa mövzu tapmırlar.

Anuş xala gülə-gülə cavab verdi:

- Səninlə nə danışsınlar, bir kəlməni deyib, yarım saat öskürürsən, asqırırsan, sonra o biri kəlməni deyirsən. Onlar cavandırlar. Fikirləri açıq, canları sağlamdır. Qoy getsinlər.

- Get, get, oğlum! - deyib əlini Kərimxanın enli kürəyinə vurdu.

Kərimxan Aramın otağına keçdi. Artıq saat onun yarısı idi. Burada Aram və Məhbusidən başqa, tütün fabriki və mətbəədən gəlmiş iki işçi və bir də müəllim vardı. Onlar hərəsi müəyyən sahəni idarə edən adamlar idi. Kərimxan, Fridun və Qəhrəmanini görmədikdə sualedici nəzərlə Arama baxdı. Aram onu anlayaraq, danışmağa macal vermədi:

- Daha heç kəs gəlməyəcək, - dedi. - Başlaya bilərik.

Kərimxan:

- Yaxşı, başlayaq, deyib qapının yanındakı stulda oturdu.

Aram:

- Yəni bu gün başlamalı bir məsələ də yoxdur, - dedi, - yalnız hər kəsin tapşırığını verib yola salacağıq. Əvvəlcə ağayi Məhbusidən başlayaq.

Məhbusi yerində qımıldandı. Aram üzünu ona tutdu. Lakin ağzını açıb, sözünü deyə bilmədi. Nə isə doktor Simonyanın qeyri-adi və əsəbi danışığını eşitdi. Nizami adamların yerişini xatırladan ayaq səsi qulağına dəydi. Onlar heyrətlə bir-birinə baxdılar. Aram qalxıb, dəhlizə çıxmaq istədi, lakin macal tapmadı. Qapı açıldı və üç nəfər əli silahlı içəri girdi. Onlar “Əllərinizi qaldırın!” deyə əmr etdilər. Aram məsələni anlayaraq, cəld yanındakı pəncərədən özünü dal dəhlizə atdı. Bir anda xəyalında bu dəhlizdən evin damına açılan balaca qapı canlandı. Tez oradan dama çıxdı. Daha içəridə nələr olduğunu bilmədi. O, damda durmağın təhlükəli olduğunu görüb, oradan bacaların dalına yata-yata üç ev adlayıb, qonşu damlara keçdi. Artıq buralar sakitlik idi. O, uzun və kərpic bir divardan yaxşı tanıdığı və evlərinin dal səmtində olan balaca küçəyə endi. İti addımlarla buradan çıxmağa tələsirdi. Hələ hara gedəcəyini bilmirdi. Lakin gedir və düşünürdü. Həyəcanlı fikirlər arasında Fridun, Qəhrəmani və Kürd Əhməd gəlib közləri önündə durdu. Birdən onlar bura gəldilər. Kürd Əhməd bu gün Tehrana qayıtmalı idi. Tez özünü Friduna çatdırmağı qərara aldı. Yox! Onlar Aramgilə gələ bilərdilər. Onları təhlükədən qurtarmaq lazım idi. O, rahatca və sürətlə dar küçədən faytonlar durmuş meydana çıxdı. İlk faytona oturub, Fridun olan küçəyə sürməyi tapşırdı. İndi o azad nəfəs alır və olub-keçənləri xəyalında canlandırmağa çalışırdı. Lakin heç şeyi təfərrüatı ilə xatırlaya bilmnrdi. Yalnız arxasınca bir güllə açıldığını, kiminsə pəncərədən dəhlizə sıçradığını və bütün bunların arasında dəhşətli bir qadın qışqırtısı eşidildiyini xatırladı. Bu, güllənin oğluna açıldığını görən anasının səsi idi. Bu, doğma və yaralı səs Aramın qulağından çəkilmirdi. Nə cür olursa, elə bu gecə anasına salamat olduğunu bildirməli idi. Lakin nə cür? Bunların hamısını Fridunla, Qəhrəmani ilə, Kürd Əhmədlə danışmaq mümkün idi. Ah, indi bu adamlar ona nə qədər yaxın, nə qədər doğma idilər! Onları görmək üçün ürəyinin şiddətlə döyündüyünü hiss edərək faytonçuya:

-  Ağa, xahiş edirəm, bir az tez sür! - dedi.

Faytonçu atları səsləyərək, qırmancını havada yellətdi.

 * * *

 Maşın Fridunu Şimrandan birbaş Aramgil olan küçəyə gətirdi. Fridun qəsdən maşını iki ev aralı saxlatdırıb duşdü və şoferə təşəkkür edərək, geri qaytardı. O, bir tərəfdən sevinir, bir tərəfdən də darıxırdı. Hazırlanan xəyanətdən xəbər tutduğu üçün sevinirdi. Bəlkə fəlakətin qabağını almaq mümkün oldu.

Şimranda çox oturduğu üçün bir əndişə içərisində özünü danlayırdı. Bəlkə artıq gecdir! Bu təzadlı düşüncələrlə o, Aramgilə yaxınlaşdı. Lakin birbaş gedib qapını döyməkdən çəkindi. Artıq o hər şeydən şübhələnməyə başlamış və buna görə də çox ehtiyatlı olmuşdu. Hələ Aramgilin evinə çatmamış qabaqda iki ajan gördü. Halbuki buralarda heç vaxt ajan olmazdı. Özünü laübalılığa vurub, onların yanından keçdi. Əlli addım getməmiş yenə iki ajana rast gəldi. Aramgilin evinin tinində böyük və qara bir maşının da durduğunu gördükdə şübhələrinin həqiqət olduğunu anladı. Bütün bunlar onu kənarda gözləməyə, qapıya yaxınlaşmamağa məcbur etdi. Böyük bir ürək döyüntüsü ilə qarşıdakı dalana burulub, qaranlıq bir qapının dalında gizləndi və güdməyə başladı. Bu qayda ilə o, yarım saat durdu.  Bu yarım saatın hər dəqiqəsi ona bir il qədər gəldi. Lakin iradəsini topladı, canını dişinə tutaraq, saniyələri saya-saya gözləyib durdu. Nəhayət, Aramgilin qapısı açıldı və oradan bir dəstə adam çıxdı. Qapıdakı lampanın sönük işığında o, doktor Simonyanı və Kərimxan Azadini seçə bildi. “Demək hər şey bitdi. Hər şey məhv oldu!” deyə düşündü. Qəlbində bir anda dəlicəsinə bir fikir oyandı. Özünü bu silahlı adamların üstünə atıb, yoldaşlarını xilas etmək!.. Lakin bunun imkan xaricində olduğunu deyən əqli-səlim onu bu hərəkətdən saxladı. Ağır bir zərbə almış kimi, qeyri-ixtiyari olaraq, dizlərinin taqətdən düşdüyünü hiss etdi. Nəmli kərpicin üstündə oturduqda hərəkət edib gedən maşının səsini eşitdi. Lakin oturduğu yerdən qalxa bilmədi. Uzun müddət başı dizlərinə söykənmiş halda oturub qaldı. Lakin kədər və məyusluq heç bir fayda verməyəcəkdi. Bir iş görmək, hələ tutulmamış yoldaşları xəbərdar etmək lazım idi. Həm də elə bu saat, bu gecə... Hər keçən dəqiqə bir yoldaşın həyatını apara bilərdi. Bu fikirlərlə durub, evlərinə tərəf yollandı.         

Otağa daxil olduqda Aramı, Qəhrəmani ilə oturub söhbət edən gördü. Sevincindən onları qucaqlayıb bərk-bərk öpdü və hər ikisinin gözündən yaş damlası yanaqlarına süzüldü.

Aram titrək bir səslə:   

- Başımıza gələni bilirsənmi? - deyə soruşdu.

- Bildim, - dedi - hamısını bildim. Şükür ki sən qurtarmısan. Mən səni azad görəcəyimi təsəvvür etmirdim.

-  Mən də sənin  üçün  bərk qorxurdum. Ona görə də birbaş buraya gəldim.

Fridun bu cür söhbətlərin qurtarmayacağını duydu.

- Burada oturmağın xeyri yoxdur, bəlkə də təhlükəlidir, durun gedək. Yoldaşları xəbərdar etməliyik.

Yol uzunu yaranmış əziyyətdən və nə etmək lazım gəldiyindən danışdılar. Aram anasından çox nigaran olduğunu söylədikdə Fridun onu təskin etdi. Gecə ikən bir vasitə ilə ona xəbər çatdıracağını bildirdi. Hələlik Xavəri xəbərdar etməli idilər. Aram özü də Xavərgilə getmək istədiyini söylədikdə, Fridun etiraz etdi: 

- Hər şeydən qabaq sən gizlənməlisən. Artıq bir dəqiqə də sən şəhərdə aşıq gəzə bilməzsən. De görüm, harada gizlənmək olar?

Aram bir neçə yer saydı. Kürd Əhmədin evi, tanış çayçının otağı və sairə... Bunların heç biri ilə Fridun razılaşmadı!

Nəhayət, kilsə ruhanilərindən yaxşı tanıdıqları qarovulçu Sərkisin evini əlverişli gördülər. Fridun:

- İndi gedək, sən orada rahatlan, biz də arxayın öz işimizdə olaq, - dedi.

Təsadüfən rast gələn bir maşına oturub, Sərkisin evinə sürdülər. Fridun və Qəhrəmani Aramı orada yerbəyer etdikdən sonra ondan ayrıldılar.

Qəhrəmani:

- Heç yerə tərpənmə, hər gün nə yenilik olsa sənə çatdırarıq, - dedi.

- Siz özünüzü gözləyin, Kürd Əhmədə də xəbər verin:

- Bizdən arxayın ol, darıxma!

Onlar çıxıb, yenə bir fayton tutdular. Kürd Əhmədin evinə getdilər. Bacısı onu gözlədiyini, lakin hələ gəlib çıxmadığını söylədi. Onlar: “Gələndə evdə oturub, heç yerə tərpənməsin, bizi gözləsin” deyib ayrıldılar. Beləliklə onlar bir neçə yoldaşı xəbərdar etdilər. Nəhayət, gecəyarısından xeyli keçmiş Xavərgilə yollandılar. Onlara elə gəldi ki, bu ağır və məşum gecənin ən əzablı dəqiqələri gəlib çatır. Bu pis xəbəri Xavərə necə demək olardı? Onun kədərli baxışlarına necə davam gətirmək olardı? Bu böyük fəlakəti o bədbəxt və kimsəsiz qadın necə qarşılayacaqdı? Ağlayıb özünü həlak edəcək, yoxsa davam gətirmək üçün özündə daxili bir qüvvə tapacaqdı? Hələ balaca Azad! Onun “Ata, ata” deyən nəfəsi daşı da əridərdi. Nəinki bir dost, bir yoldaş ürəyini!.. Bununla belə getmək və demək lazım idi. Xavərin oturub Kərimxanı gözləyəcəyini, yatmayacağını bilirdilər. Yəqin indi o dəli kimi həyətdə dolanır. Qulağı qapıdadır. Belə bir dəqiqədə ona bir dost, bir yoldaş da öz əlini uzatmasa, kim uzadacaqdı? Yox, nə qədər ağır olsa da ona xəbər vermək lazım idi. Lakin oraya getməyin təhlükəli olduğunu düşünüb, bu fikirdən əl çəkdilər. Dözmək və səbr etməkdən başqa çarə yox idi. Yalnız iki gün sonra bir dilənçi vasitəsilə onunla əlaqə düzəltdilər. Gecə Aram gizlənən Sərkisin evində görüş təyin etdilər. Xavərlə üz-üzə durduqda Friduna elə gəldi ki, həyatının ən ağır dəqiqələrini yaşayır. Xazər balaca Azadı da özü ilə gətirmişdi. Uşağın gözlərinə qeyri-adi bir kədər qonmuşdu. Sapsarı saralmış və bütün vücudu ilə gərgin bir hal keçirən Xavər lal baxışlarını Fridungilə dikmişdi. Sonralar Fridun yalnız dodaqlarının titrədiyini və nə isə, özu də anlamadığı sözlər danışdığını xatırlayırdı:

- Xavər bacı! Başa düşursünüzmü, Kərimxan sağ-salamatdır. Heç nə olmaz. Qorxmayın!..

Onlar Xavərin nalə çəkib ağlayacağını gözləyirdilər. Lakin Xavər heç səsini də çıxartmadı. Qəhrəmani onun dizlərinin büküldüyünü və qeyri-ixtiyari yerə oturduğunu gördü. O, tunc heykəl kimi sakit və səssizdi.

Qəhrəmani:

- Xavər bacı, biz sizin də, Kərimxanın da qardaşıyıq, -  dedi, - rica edirəm səbr edəsiniz, dözəsiniz!

Xavər uzun sükutdan sonra:

- Mən bilirdim, belə olacağını bilirdim! - deyə söylədi. Fridun bu sözlərdə bir təəssüf, yoxsa taleyə qarşı bir üsyan olduğunu ayıra bilmədi. Bir saatdan artıq üçü də beləcə səssiz oturdu. Ona daha bir neçə təskinedici söz dedilər. Lakin bunların mənasız olduğunu gördükdə susdular. Xavər qolunu uşağının boynuna salaraq qucaqlamış və üzünü-üzünə söykəyərək fikrə getmişdi. Daha doğrusu, Fridun onun hələ də ağladığını, yoxsa düşüncəyə daldığını kəsdirə bilmirdi. Bəlkə də o, bağrına basdığı balasını həyatın fırtına və boranlarından qorumaq yollarını axtarırdı.

Gecədən xeyli keçmiş onu faytona oturdub, yola saldılar. Sonra yenə Kürd Əhmədin dalınca getdilər. O hələ də Tehrana qayıtmamışdı.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info