Qonaq Kitabı
ON DOQQUZUNCU FƏSİL

Təpələrin ustünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngul bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirdilər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, na qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir? Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.

Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çillələrdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:

- Qızım, bir az tez ol, özümüzü bir yerə çatdıraq, - dedi.

İki yorğan, bir bağlama və balaca Almazın ağırlığı altında əzilən Gülnaz heç bir söz deməyib, tez-tez yeriməyə çalışdı. Lakin dizlərində ağır bir sancı hiss etdi. Qıçları, çarmıxa çəkilmiş kimi, ağırlaşmış və taxtaya dönmüşdü. Qız artıq onları irəli ata bilməyəcəyini, yeriməkdən qalacağını hiss edərək, bir az da özünə güc verdi. Lakin ayaqlarının sürətini artıra bilmədi. Gözaltı anasına baxdı yə onun daha pis halda olduğunu, ağır-ağır nəfəs alaraq, son qüvvəsini topladığını gördü. Gülnaz özünü ələ ala bilmədi.

- Ana can, çox yorulmusan?

 Arvad inildədi:

- Bala qıçlarım, dalımca gəlmir. Ayaqlarım bir-birinə dolaşır. Qorxuram yeriyə bilməyəm.

Gülnaz bnr söz deməti. Qara tellərin səpələndiyi bəyaz alnından süzülən tək damcılarını sildi və artıq mürgüləməyə başlayan Almazın yana əyilmiş başını düzəldərək çiyninə qoydu. Bir neçə addım da qabağa getdi. Təpənin ətəyində dönüb anasına baxdı. Arvad ondan xeyli dalda tövşüyərək gəlirdi. Ayaq saxlayıb gözlədi. İndi də anasını gecikdirən balaca Ayaz idi. Uşaq vəziyyətin ağır və faciəli olduğunu duyduğundan böyük adam ciddiyyəti ilə səy edir, anası və bacısı ilə ayaqlaşmağa çalışır, onlara əlavə yük olmaq istəmirdi. Lakin son gün o tez-tez geri qalır, oturur və qıçlarının ağrısından şikayətlənirdi. Gülnaza çatmağa on-on beş addım qalmış uşaq dizlərini tutub oturdu və “ana, gedə bilmərəm” deyib ağladı. Bu göz yaşlarında nəhayətsiz bir kədər və ümidsizlik vardı. Səriyyə xala zorla bir daşın üstündə oturub, onun boynunu qucaqladı, üzündən-gözündən öpdü.

- Ağlama, oğul, dincəl, gedərik. Başını dizimin üstünə qoy!

Uşağın, başını onun dizi üstə qoymasilə yatması bir oldu. Onun qıçları tutulmuşdu, neçə günün əziyyətinə davam gətirməyərək, üzülmüş uşaq yuxuya getmişdi. Artıq hava qaralmışdı. Onlar bir-birini zorla seçirdilər. Gülnaz:

- Ana can, - dedi, - Ayazı da qoy mən götürüm. Birtəhər gedərik.

O özü də bunun mümkün olmayacağını bilirdi. Çünki iki yorğan, bir bağlama və balaca Almazı zorla yerdə qaldırdığı halda, əlavə yeddi yaşlı uşağı da necə götürəcəkdi!..

- Gücün çatmaz, qızım, özün də əldən düşərsən.

- Bəs nə edək, ana? Burada ki qala bilmərik. Gecənin şaxtası uşaqları dondurar. Nə edək, ana? Bəlkə Ayazı qoyaq gedək, kənddən adam göndərərik!

Səriyyə xala qəti etiraz etdi:

- Elə demə, qızım! Onu qoyub getsəm nə üznən atana görünə bilərəm. Böyük oğlandır, kişinin ümidi ondadır. Onu qoyub gedə bilmərəm.

Gülnaz yeni bir çıxış yolu tapdı:

- Onda yorğanları ataq, özümüz birtəhər çıxıb gedək.

Səriyyə köksünü ötürdü:

- Yorğansız uşaqlar iki gün də yaşamaz, bala! Üstü açıq xarabalarda hamısı sətəlcəm olar. Bir də, pis gündə o çörəkdir, qızım!

- Bəs nə edək, ana? Burda qalsaq birdən qurd gəldi, onda nə edərik?

Səriyyə xala çoxdan beynində dolanan bu fikri demək, Gülnazı qorxutmaq istəmirdi. Qızın özünü də təsadüfən ağlına gələn bu fikirdən vahimə basdı, anasına qısıldı.

- Bir yol tap, ana!

Arvad nalə çəkdi.

- Yaman yerdə axşamladıq, bala! Evimizi yaman yıxdılar. Didərgin saldılar. Yurdumuzu dağıdanın yurdunda bayquş ulasın!

Bu qarğış və nalələrin heç bir fayda verməyəcəyini görən arvad susdu. Dönüb gözləri yaşarmış Gülnaza baxdı və qəti bir qərara gəlmiş kimi, şirin yuxuda, olan Niyaz ilə Almazı yun şala büküb böyük bir daşın daldasında qoydu. Sonra bir neçə daş da onun yanına yığdı. Qalxarkən əyilib uşaqların üzündən öpdü və ağladı. Əllərini göyə qaldırıb:

- İlahi, balalarımı sənə tapşırıram, özün bunları saxla! - dedi.

Bu hərəkətin nə dəhşətli və ağır bir hərəkət olduğunu yalnız indi anlayan Gülnaz anasını qucaqladı və hönkürtü çəkdi.

- Hara qoyub gedirsən, ana? Çöllərə də, daşlara da uşaq tapşırarlarmı? Yox, mən ölsəm də onlarla öləcəyəm!..

Ana, ürəyi daşa dönmüş kimi, heç bir söz deməyib, hərəkət etdi. Ayazı yerdən qaldırıb, Gülnazın belinə, azca əzvəl Almaz yatan yorğanın arasına qoydu. Gülnazın belindəki bağlamanı öz çiyninə aldı və yola düşdü. Gülnaz əyilə-əyilə ayaqlarını sürüyüb, onun dalınca getdi. Sanki ürəyinin bir parçası qopub dalda qaldı. Sanki dizləri taqətdən düşdü, can bədənini tərk etdi. Lakin o ananın nələr çəkdiyini, qəlbinin parça-parça didilib dağıldığını bilmədi. Bir qədər gedib, təpənin üstünə çıxdılar. Qabaqda sönük işıqlar göründü. Bu ya bir kənd, ya da ki, kiçik bir qəsəbə idi. Onun sarı işıqları onların qəlbini sonsuz bir ümidlə doldurdu. Səriyyə xala geri döndü və iki körpə uşağının hər şeydən xəbərsiz yatdığı tərəfə baxdı. Bir də:

- İlahi, balalarımı sənə tapşırıram, məni naümid etmə! - deyib yalvardı. Birdən-birə harda isə uzaqlarda, qaranlıqda almaz kimi bir şey işıldayıb çəkildi, arvadın bütün bədəni titrədi. Ona elə gəldi ki, onu qara basır, gözünə cinlər, şeytanlar görünməyə başlayır. Salavat çevirib gözlərini yumdu və açıb bir də o tərəfə baxdı. Yenə zülmət içində bir cüt göz işıldayıb çəkildi. Lakin getdikcə onlar daha tez-tez və yaxınlarda parıldayırdı. O, bir daha dala baxmayaraq, üzünü kəndə tərəf, onun sönük işıqlarına tərəf tutdu:

- Tez ol, qızım, Gülnaz! Özünü kəndə çatdır. Bəlkə bir adam tapıldı, gəlib bu uşaqları xilas etdi, - dedi və Gülnazın qolundan yapışıb sıxdı. - Bir dala bax, gör o işıldayan nədir, qızım? Görürsənmi hər daşın dibindən bir göz parıldayır!

Gülnaz dönüb, qaranlıq səhralara baxdı. Heç şey görmədi. Anası isə sözünə davam edərək, zülmət içərisində yanan yüzlərcə canavar gözlərinin üzünə dikildiyindən danışırdı. Gülnaz yalnız indi ananın nələr çəkdiyini, azca da keçərsə ağlını itirəcəyini anlayıb, Ayazı yerə qoydu və dizlərinə yeni taqət gəlmiş kimi, körpələrə tərəf qaçdı. Onları daşın dibindən qaldırıb, tövşüyə-tövşüyə təpənin üstünə, kəndin sönük işıqları görünən yerə gətirdi.

- Heç şey yoxdur, ana! Səni qara basır. Fikir eləmə. Uşaqları yavaş-yavaş kəndə çatdırarıq.

Beləcə onlar gah şeyləri, gah uşaqları iyirmi-otuz addım irəli aparıb qayıdır, qalanını götürüb gedirdilər. Lakin hərəkət etdikcə sanki yol uzanır, kəndin ürəyə min ümid verən sönük işıqları uzaqlara qaçırdı. Buna baxmayaraq, Səriyyə xalanın bir an əvvəlki ümidsizlik və əndişəsi azalmışdı. Artıq dəhşətli kabuslar, qorxulu gözlər də xəyalından çəkilmişdi. Sakit mühakimə qabiliyyəti özünə qayıtmışdı. Bu gedişlə səhərə qədər kəndə çata bilməyəcəklərini, əldən düşüb həlak olacaqlarını düşünərək, şeylərin hamısını bir yerə yığdı, xurcunun üstündə oturub, körpələri qucağına aldı, yorğana büründü və Gülnazı kəndə göndərdi:

- Get, qızım, bəlkə bir allah bəndəsi tapıldı, gəlib ayağımızı yerdən qaldırdı.

Başqa çıxış yolu olmadığını anlayan Gülnaz etiraz etmədən kəndə tərəf yollandı. Yorğun olsa da, son qüvvəsini toplayaraq gedirdi. Nəhayət ayaqları qabar bağlayıb, nəfəsi tutulan zaman kənd itlərinin səsi qulağına dəydikcə sevincdən gözləri yaşardı. Ürəyinə bir yüngüllük, dizlərinə qüvvət gəldi. Kəndə girib, ilk qapını döydü. Həyətdəki it yaman hay-küy saldı. Ev sahibi qoca bir kəndli idi. O, qapını döyənin kim olduğunu tənbəl-tənbəl soruşdu. Arvad səsi eşitdikdə tez qapını açdı. Böyük bir hörmətlə Gülnazı içəri apardı. Qoca bir arvada tapşırdı. Gülnaz özünü saxlaya bilməyib ağladı, təpənin yanında qalmış anasından, qardaş və bacılarından söylədi. Qoca kişi ani fikirdən sonra:

- Abbas xanın çobanı canavar kimi oğlandır, bu saat oyadaram, gedib onları gətirərik, qızım! - dedi və tələsik çıxdı.

Azca keçməmiş iki atlının ayaq səsi küçədən Gülnazın qulağına dəydi. O, eəbirsizliklə gözləməyə başladı. İndi kürsünün qırağında oturduğu halda vəziyyət ona daha dəhşətli göründü. Hər keçən dəqiqəni, hər keçən saatı xatırladıqca nəhayətsiz uçurumlarla üz-üzə gəldiyini, bitməz-tükənməz əzablara tutulduğunu güman etdi. Atlıların gedib qayıtdığı bir saata qədər vaxt ona bir ildən uzun göründü. Küçədə səs eşitdikdə özünü həyətə atdı. Anasını da, uşaqları da sağ-salamat gətirmişdilər. Qoca arvad onları kürsünün başında rahat edib, çay hazırladı. Qənd yerinə ortalığa kişmiş gətirdi. Xəcalət çəkə-çəkə dil-ağız etdi.

- Varımız-yoxumuz elə budur, - dedi, - için, canınız qızsın. Bu kasıb daxmada başqa bir şeyimiz yoxdur ki, hazırlayım yeyəsiniz!

Səriyyə təşəkkür etdi:

- Bu gecəgözü bizi ki, qapıdan içəri buraxmısınız, bəsdir, bundan böyük yaxşılıq olmaz! .

Sabahısı tezdən durub yola düşmək istədilər. Lakin qoca ev sahibəsi Almazın od içində yandığını görüb buraxmadı.

- Bir-iki gün gözlə, bacı, uşağa soyuq dəyib, sağalsın gedərsən...

Səriyyə əlini uşağın başına qoydu. Başqa çarə olmadığını anladı. Qızdırma Almazı əldən salmağa, yerə atılmış bənövşə kimi dərhal saraldıb soldurmağa başlamışdı. Bütün günü uşağın halında yaxşılığa doğru bir meyl nəzərə çarpmadı. Əksinə, axşam tərəfi o tamamilə süstləşib qaldı. Səriyyə intizar və sıxıntı içərisində oturub gözlədi. O, tezliklə bu evdən çıxmağa tələsirdi. Çünki ev sahibinin gündə üç öynə yeməyə çörəyi belə olmadığından darıldığını hiss edirdi. Üçüncü gün uşaqa hil çayı verib, qoca ev sahibinin kürkünü üstünə atdılar, tərlətdilər. O, özünə gəlməyə, gözlərini açıb, məlul-məlul baxmağa başladı. Səriyyə onu götürüb getmək istədikdə qoca arvad öz ərilə nə isə pıçıldaşdı. Səriyyəyə döndü:

- Ay bacı, bu soyuqda bu uşağı aparıb öldürmə, günahdır, qoy bizdə qalsın. Arxayın ol. Öz balam kimi saxlaram, tapdığımızdan bir tikə ona verərik.

Səriyyə Gülnaza, Gülnaz Səriyyəyə baxdı. Hər ikisi də Almazın sönük gözlərinə, solğun üzünə baxdıqda razılıq etdilər:

- Allah qapınızın işığını kəsməsin, bacı!..

Onlar yığışıb çıxarkən nə isə hiss etmiş uşağın gözlərində bir təşviş göründü, zəif qolunu kürkün altından çıxararaq:

- Ana, ana! - dedi.

Səriyyə əyilib, onun üzündən öpdü, balaca əlini yenə kürkün altına saldı:

- Gələcəyəm, qızım, gələcəyəm.

Təbiətən xeyirxah və sadə olan ev sahibəsi:

- Getmə, bacı, qal bizimlə yaşa. Sən də mənim qızım, uşaqlar da mənim balalarım, - deyib onları buraxmaq istəmədi.

- Sağ ol, xala! Çox sağ ol! Necə qalım! Sizin özünüzün bir tikə çörəyiniz yoxdur, mən bu bir sürü külfətlə necə sizin üstünüzə tökülüm? Gedərəm, bəlkə kişini tapdım. Allah kərimdir.

Beləliklə, soyuq qış günündə çörəyə qənaət edə-edə balalarını çəkib, mübhəm bir gələcəyə apardı. Qabaq qaranlıq və qorxulu idi. Lakin burada qalmaq isə ondan da dəhşətli idi. Dağınıq, uçuq kəndlərdən keçdikcə ac, çılpaq kəndliləri gördükcə durmadan irəli gedirdi.

Beşinci günü balaca Niyaz da soyuqladı, zarımağa başladı. Səriyyə onu heç kəsə verməyəcəkdi, - “ölsə də qoy qolum üstündə ölsün” deyib yoluna davam etdi.

Beləliklə, evlərindən ayrıldıqları andan, onları gözlənilməz müsibətlər və dözülməz iztirablarla dolu bir həyat qucağına aldı. Tufanlı dəniz silkələyib sahildən qopardığı kimi bir qayığı qorxunc dalğalarıi qoynunda necə çalxalarsa, ruzgar da onları eləcə atıb-tutmağa başladı. Göyə qalxan və yerin təkinə enən dalğalarda nə sığınacaq yer, nə əl çatacaq bir çöp vardı. Sanki amansız, fəlakətli bir axın, mütəmadiyən özünu daşdan-daşa çırpan bir sel dibsiz bir uçuruma doğru axıb gedir və Səriyyə xala ilə Gülnazı da özü ilə sürükləyib aparırdı...

 ***

Yalnız bir ay sonra onlar Tehrana çatdılar. Sanki quru torpağa hopa-hopa sızılıb gələn bir damla su böyük bir dəryaya töküldü və mənliyini qeyb etdi. Sanki bir sel onları çalxalaya-çalxalaya gətirib, hündür bir bənddən başıaşağı dəyirman daşının altına yuvarlatdı. Bu gündən həyat baş açılmaz bir xaosa çevrilərək, artıq onları şüursuz və iradəsiz bir cisim kimi öz təkərinin altına alıb əzməyə, ovmağa başladı. Tehrana girənə qədər Gülnaz da, Səriyyə də Musa kişini, Fridunu tapacaqları ümidilə yaşayırdı. Bu ümid onları həyata bağlayan son tel idi. Şəhər bu teli də qıraraq, onları qayğısız və məqsədsiz bir yaşayışın qucağına atdı. Şəhərin insanla qaynaşan, bir-birinə qarışan dolaşıq, əyri-üyrü küçələri, kəsilmək bilməyən gurultu və hay-küyü bir-birinə oxşayan saysız-hesabsız döngələri sanki onlarda məkan və zaman hissini, yeri göydən, axşamı gündüzdən seçmək duyğusunu məhv etdi. İlk dəfə ürəksıxıcı və qaçıb qurtarmaq mümkün olmayan bir bataqlığa düşdüklərini gördülər. Saysız-hesabsız küçələr, bir-birinin böyrünə soxulmuş uca alçaq evlər, bir-birinə aman verməyən maşınlar və faytonlar hörümçək toru kimi onların əl-qoluna sarılıb göz açmağa, harada olduqlarını müəyyən etməyə imkan vermirdi. Onlar bu qarışıqlığın, bu qaynar bataqlığın içində itməkdən qorxaraq, bərk-bərk bir-birinin əlindən tu- tur, heyrətdən böyümüş gözlərlə ayaqlarının altını görmədən büdrəyərək yeriyirdilər. Yanlarından keçən adamların üzünə baxır, nə isə soruşmaq istəyirdilər. Lakin onlara fikir verən yox idi. Sözləri ağızlarında, sualları dodaqlarında donub qalırdı. Necə oldusa döngələrin birində qaynar bir izdihamın içinə düşdülər. Bura xırda alverçilərin və bazar avaralarının dolandığı yer idi. Oradan çırpınıb çıxmaq istərkən Ayazın əli anasının əlindən çıxdı. Güclü bir dalğa uşağı hara isə itələyib apardı. Səriyyə xala insana məxsus olmayan dəhşətli bir nalə ilə qışqırdı:

- Ayaz!!. Oğul... haradasan?

Adamlar bir anlığa təəccüblə bu qəribə səsə tərəf dönərək, yenə öz işlərinə, alıb-satmağa, bir-birini itələyib yol açmağa başladılar. Arvad bir də qışqırdı. Gülnazın “Qardaş!” deyən ah-zarı ona qarışdı: Axının kənara atdığı Ayaz da fəryad qopartdı. Məsələni anlayan qüdrətli bir gənc uşağı qollarına alıb havaya qaldırdı və gətirib Səriyyənin yanına qoydu. Farsca nə isə dedi və cavab gözləmədən çıxıb getdi. Onlar bir daha adamların sıxlaşdığı yerlərə yaxın düşmədilər.

 Qabaqlarına gələn bir neçə adamdan “Qardaş, allah xatirinə, bizə bir soraq ver, ərdəbilli Musa kişidən, ya da bibisi nəvəsi Fridundan bizə bir xəbər!” - deyib yalvardılar, lakin onlar: “Xanım, türki nə midanəm” - deyib keçdilər. Nəhayət, dil anlayan qoca bir pinəçi tapdılar:

- Ay qardaş, bizə Musa kişidən, Fridundan bir soraq! Küçələrdə başsız qalmışıq...

Qoca gözaltı onlara baxdı. Xam olduqlarını gördükdə, maraqla başını qaldırdı, bizi və əlində yamaq saldığı köhnə ayaqqabını bir tərəfə qoydu.

- Haradansınız, ay bacı?

- Ərdəbil mahalındanıq, qardaş, bir kimsəmiz yoxdur. Knşi bir aydır bu xarabaya gəlib qayıtmayıb. Ondan sonra mübaşir Məmməd və Əli əmniyyəbaşı bizi kənddən qovdu, ev- eşiyimizi talan etdi. Bəlkə sən biləsən, eyb də olsa kişinin adı Musadır, oğlanın da Fridun.

Pinəçi başını tərpətdi:

- Nə bilim, ay bacı, burda yüz min Musa var, yüz min Fridun. Nə bilim, bəs yerini, küçəsini, məhəlləsini bilmirsiniz?

- Bilmirik, ay qardaş, nabələdik, haradan biləydim ki, gəlib bu xarabaya çıxaçağıq.

Qoca, Gülnazın yol əzabı və iztirablarından saralmış üzünə baxdı, gözləri hələ də ilk gəncliyin həvəsilə yanan gözlərinə sataşdı.

- Bəs indi harada qalacaqsınız, qalacaq bir yeriniz var?

- Kimimiz, kimsəmiz yoxdur, ay qardaş. Heç yeri də tanımırıq.

Pinəçi ordları batmış, yarpaq kimi saralmış və arıqlamış Ayazı və Niyazı göstərdi:

- Çətin olacaq, arvad tayfası, iki uşaqla, çətin olacaq...

- Çətin də olsa özümüzə gərək bir yer tapaq.

- Puldan-zaddan nəyin var, bacı?

Bu sual Səriyyənin daxilində bu vaxta qədər yatmış bir hissin baş qaldırmasına səbəb oldu. O, uşaqların gələcəyini düşünərək, yaxasında gizlətmiş olduğu iyirmi tümən pulu bir sirr kimi qorumağı qərara aldı:

- Nəyimiz varsa gördüyündür.

Pinəçi təkrar etdi:

- Çətin olacaq... Bəs bunları nə ilə dolandıracaqsan?

Səriyyə:

- Yorğanın birini sataram. Olmasa qızın boyunbağısı var, onu sataram. Kişini tapana qədər birtəhər dolanarıq. Daldalanmağa bir yer tapsaq dolanarıq.

Pinəçi bir də Gülnaza baxıb fikrə getdi. Ayağa durub çirkli döşlüyünü silkələdi və:

- Dalımca gəlin, - deyib dükanın arxasına keçdi. Onları balaca və kirli bir həyətə apardı, yerdən aşağı beş pillə enib, cibindən bir açar çıxartdı və qapını açdı.

- İçəri buyurun, iki otaqdır. Biri mənim, biri sizin -  dedi və sağ tərəfdəki otağı onlara nişan verdi. Onlar rütubət iyi verən otağa endilər. Səriyyə pinəçiyə baxdı:

- Kirayəsi nə qədər olacaq?

- Nə eləyirsən, rəhmətliyin qızı. Nə qədər bacarırsan, o qədər də verərsən.

- Yenə olsun?..

- Sonra danışarıq. İndi siz rahat olun, mən də dükanı açıq qoyub gəlmişəm, sonra danışarıq.

Bir həftə orada yaşadılar. Elə ikinci gün pinəçi Ayaza baxıb, qolundan tutdu: “Yaxşı şagird olar” deyib özü ilə dükana apardı. Gülnaz və Səriyyə isə hər gün Niyazı evdə qoyub, pinəçi olan küçədən o tərəfə getməyə cəsarət etməsələr də, şəhərə çıxır və saatlarla gəlib-gedənlərə göz yetirərək Musa kişini, Fridunu axtarırdılar. Lakin nə Fridundan, nə də Musa kişidən bir xəbər çıxmırdı. Axşamlar bir tikə yavan çörəyə qane olub yatır, səbirsizliklə səhərin açılmasını gözləyirdilər. Bu qayda ilə yeddi gün gəlib keçdi. Səkkizinci gün yenə ümidsiz halda qayıdıb rütubətli otaqda oturmuşdular. Bütün günü pinəçiyə kömək edən Ayaz lap axşamdan yuxuya getmişdi. Niyaz da onun yanında mürgüləyirdi. Səriyyə və Gülnaz da fikrə dalaraq susmuşdular. Pinəçinin:

- Ay bacı, bir bura zəhmət çək, - deyən səsi onları fikirdən ayırdı.

Səriyyə tez dəhlizə çıxdı. Pinəçi onu öz otağına apardı, Gülnaz oturub, səbirsizliklə anasının qayıtmasını gözləyir və pinəçinin onu nə üçün çağırdığını duşünürdü. Nəhayət, arvad geri döndü. Gülnaz onun rənginin özündə olmadığını görüb üstünə atıldı:

- Nə var, ana can?

Səriyyə şikayət dolu gözlərilə opa baxdı və özünü saxlaya bilməyib ağladı. Gülnaz ürək çırpıntısı ilə onu qucaqladı:

- Nə olub, ana? Yoxsa atamdan pis bir xəbər var?

- Yox, bala, atandan heç bir xəbər yoxdur. Yenə sənin zavalındır.

- Nə olub, ana? Tez de, nə olub?

Səriyyə Gülnazın başını qucaqlayıb, sinəsinə basdı:

- Pinəçi səni almaq istəyir! Nə deyirsən qızım?

Gülnaz, dəhşətə gəlmiş gözlərilə anasına baxdı.

- Sən nə dedin, ana?

- Mənim yerimə sən olsaydın nə deyərdin, bala? Razı olmasaq evdən çıxaracaq, küçəyə salacaq. Nə edək, başımıza haranın külünü tökək.

Gülnaz iki addım dal-dalı çəkildi:

- Ana, gəl öz əllərinlə məni boğ, məni öldür, qurtarım! Amma mənə elə şey təklif eləmə!..

Onlar səhərə qədər yatmayıb, gah danışır, gah ağlayırdılar. Ümid və təsəlli isə yox idi. Səhər pinəçi, Gülnazın qəti rədd cavabını aldıqda, artıq evində əsil-nəsəbi məlum olmayan adamları saxlaya bilməyəcəyini bildirdi və ev kirayəsini tələb etdi:

- Bir həftədir buradasınız. Mehmanxanada qalsaydınız belə bir otaq üçün sizdən əlli tümən alardılar. Amma mən o cür insafsızlıq eləmək istəmirəm. Otuz tümən verin, çıxıb gedin.

“Otuz tümən” sözündən az qala Səriyyə xalanın başı gicəlləndi:

- Ay qardaş, bizə rəhmin gəlsin, bizdə otuz tümən hanı?.. İnsaf elə, yorğanın birini götür, burax gedək...

Pinəçi deyinə-deyinə yorğanın az-çox təzəsini seçib bir kənara qoydu. Onların qalan şeylərini həyətə atdı və qapını bağlayıb dükanına getdi. Onlar bir müddət həyətin ortasında qaldılar. Sonra şeylərini dallarına alıb, uşaqların əlindən tutaraq, yenə tufanlı dərya kimi ağzını açıb, onları gözləyən şəhərin ağuşuna atıldılar. Üç gün küçədə yağış altında yatdılar. Soyuqdəymədən Niyazı bərk öskürək tutdu. Səriyyə onun sətəlcəm olacağından qorxaraq, bağrına basıb ağlayırdı:

- Gülnaz, qızım, soraqlaş, heç olmasa məscidi tapaq, bəlkə məscid həyətində daldalanmalı bir yer oldu.

Gülnaz bir neçə addım anasındam ayrılıb, qabaqda gedən üç nəfərə yaxınlaşdı:

- Ağa, xahiş edirəm, məscidin yerini mənə göstər:

Lakin onlardan cavab almamış başqa bir səs eşitdi:

- Ay qız, Gülnaz, sənsən? Nə yaman günə düşmüsən, bəs anan hanı?

Gülnaz mübaşir Məmmədin üzünə baxmadan geri döndü və qaçıb uzaqlaşdı. Gedib anasına qısıldı:

- O! O! O! - deyə pıçıldadı.

Səriyyə xala qızın mübaşir Məmmədə rast gəldiyini eşitdikdə ömründə ilk dəfə nifrin söylədi:

- Allahın da işindən baş açmaq olmur. O şeyi ki axtarırsan, min daşın dalında gizlədir, o şeydən ki, qaçırsan, qabağına çıxardır - dedi və Gülnazı bir daha yanından çəkilməyə qoymadı. Gün batana bir saat qalmış təmiz geyinmiş uzunboylu və kök bir arvad onların yanından keçirkən ayaq saxladı. Dönüb nazik əlçəkli əli ilə matdım-matdım gəlib-gedənlərə baxan Ayazın üzünü oxşadı:

- Ərbab, ərbab - deyib özündən bir neçə addım arxada gələn şıq geyimli bir oğlanı çağırdı:

- Ərbab, gör nə gözəl uşaqdır!



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info