Qonaq Kitabı
ON SƏKKİZİNCİ FƏSİL

Mister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitler Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da əslində müharibənin genişlənməsnndən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uol-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.

Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi. O bu maneənin lap böyrünü eşir; lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi. Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahidələrində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şaiyələr isə məsələni ancaq dolaşıq salırdı.

Mister Harold müxtəlif mənbələrdən yığdığı məlumatlara əsasən bu dəstəni harada və kimlərin içində axtarmaq lazım gəldiyini düşünürdü. Kənddə Hikmət İsfahani ilə birlikdə gördüyü hadisəni, tutulan adamın qaçmasını xatırladıqda başına yeni bir fikir düşdü: yəqin bunlar hamısı bir-birilə əlaqədardır! Bu fikirdən sonra o, Hikmət İsfahaniyə zəng edib, mübaşir Məmmədi Ərdəbildən Tehrana çağırmasını xahiş etdi. İki gün keçməmiş mübaşir şəhərə daxil olub, mister Haroldun hüzuruna gəldi. Mübaşir Məmməd Hikmət İsfahanidən Amerika səfarətxanasına, mister Haroldun yanına getmək lazım olduğunu eşitdikdə qoltuğu yelləndi. Hikmət İsfahaninin: “Gədə, gör nə məqamların sənə işi düşüb” - deyə gülməsini isə özü üçün böyük bir iftixar saydı.

Amerikanlara yaxınlaşmaq fikrində mübaşir Məmmədin özünün haqq-hesabı var idi. O, Əli əmniyyəbaşının almanlarla yaxın əlaqə yaratdığını bilirdi. Bu əlaqədən ikicə ay keçməmiş Əli əmniyyəbaşı Ərdəbildə üçotaqlı həyətini satıb, içərisində iki mülkü və bağı olan böyük bir dəstgah almışdı. Vəziyyəti belə yüksəldikcə o, mübaşir Məmmədə burun göstərir, yuxarıdan aşağı və nifrətli bir gözlə baxırdı ki, bu da mübaşir Məmmədin ürəyində onun yıxılan gününü görmək, ya da özünün ondan da artıq qalxması arzusunu oyadırdı. Mister Haroldun yanına çağırıldığını eşitdikdə ürəyindən keçən ilk fikir bu olmuşdu: “Yaxşı! Əli köpək oğlu, sənin dalında alman durub, mənimkində də Amerika durar, görək kim kimə burun göstərəcək!”.

Mister Harold onun yağ kimi əriyən üz-gözündən hər bir əmrə hazır olduğunu anladı və dərhal yaxın bir əlaqə yaratdı. O, mübaşirdən müfəssəl surətdə kəndin vəziyyətini, kəndlilərin əhvali-ruhiyyəsini soruşdu: - Mübaşir Məmməd ona ətraflı məlumat verdi.

Mister Harold ondan Fridunun necə qaçdığını, harada ola biləcəyini də xəbər aldı. Mübaşir Məmməd:

- Bu bir sirri-ilahidir, mister Harold, bir tikə yağlı çörək oldu, göyə çıxdı, nə öldüsündən bir xəbər var, nə qaldısından, - dedi və azacıq dayanıb, sonra əlavə etdi:

- Yəqin o tərəfə keçiblər, mister Harold. İranda olsaydı, çoxdan üzə çıxmışdı.

Mister Harold başını tərpətdi:

- Yox, öz içinizdədir...

Mübaşir Məmməd sirli bir səslə:

- Onda Əli əmniyyəbaşıdan başqa heç kəs onun yerini bilməz, - dedi, - yəqin bolluca rüşvət yeyib.

Mister Haroldun, Əli əmniyyəbaşının kim olduğu ilə maraqlanmaması mübaşir Məmmədi pərişan etdi:

- Yaman quduzdur, mister Harold...

- Kim, Fridunmu?

- Xeyr, Əli əmniyyəbaşını ərz edirəm, tanıyırsınızmı?

Mister Harold “tanıyıram” dedikdə mübaşir Məmməd “bay sənin zatına lənət, amerikalıların da qapısını döyüb ha” deyə düşündü və heç olmasa buradan onu qovmağa ümid etdi.

- Almanpərəstdir, mister Harold, almanların lap nökəridir.

Mister Harold bu sözlərin onu qətiyyən maraqlandırmadığını bildirən bir əda ilə:

- Bəs o kəndlinin ailəsi nə oldu?  - deyə soruşdu.

- Qovduq, mister Harold, kənddən çıxartdıq, bütün mahaldan didərgin saldıq.

- İndi haradadırlar, yerlərini bilirsənmi?

- Bilirəm, mister Harold, dallarınca göz qoymuşam. Sürünə-sürünə Tehrana gəlirlər.

Mister Harold fikirli-fikirli danışdı.

- Onları gözdən qoyma, özün də Tehranda ol, ağaya mən özüm zəng edərəm.

Komendanta Məhbusini buraxmasını tapşırdı. Üç dəqiqə sonra Məhbusi gəldikdə mübaşir Məmmədi onunla tanış etdi. -  Bir yerdə işləyəcəksiniz, - dedi. Ayrılarkən etinasızlıqla stolun gözündən bir qızıl saat çıxartdı, mübaşir Məmmədin qoluna bağladı:

- Qoy dostluğumuz əbədi olsun, xalis amerikan qızılıdır.

Mübaşir Məmməd “amerikan qızılıdır” sözündən pərt oldu. Çünki İranda bu terminin yalançı qızıl demək olduğunu bilirdi. Buna baxmayaraq, “başlanğıc üçün bu da pis olmadı” - deyib, mister Harolda təşəkkür etdi, Məhbusi ilə birlikdə çıxıb getdi.

 ***

Mister Tomasın halı pərişan idi. Hitler orduları Fransanı tamam işqal etdikdən sonra bütün Avropaya hakim olmuş və bilavasitə ingilis adalarını təhdid etməyə başlamışdılar. London üzərinə tökülən bombalar Şərqin hakim dairələrində İngiltərənin nüfuzunu qəti olaraq sarsıtmış və onları daha artıq almanlar və amerikanlara tərəf sövq etmişdi. Hər yanda açıqcasına İngiltərənin müstəmləkəçilik qüdrətinin axırı çatdığı danışılırdı. İngiltərənin dostları ondan üz döndərirdi. Hətta mister Tomas, Hikmət İsfahani, Həkimülmülk, sərhəng Səfai kimi adamların belə soyuduğunu görürdü. Onlar fon Valter və mister Haroldla hər gün görüşdükləri halda, mister Tomasla həftələrlə görüşmək təşəbbüsündə olmurdular. Mister Tomas bütün bunlara dözərək, trubkasını ağzından yerə qoymayıb, Qərbə baxırdı. Bəzən ona vəziyyət qətiyyən çıxılmaz görünürdü. Lakin İngiltərənin imperiyalığını itirərək, adalarda yaşaya bilməsini o heç cür ağlına sığışdıra bilmirdi. Çemberlenin hakimiyyət başından çəkilməsi və Çörçilin gəlməsi onun ürəyini yeyən şübhələri yumşaltsa da, tamamilə məhv edə bilmədi. Onun ürəyində bu şübhələri dərinlədən Sovet ölkəsinin hələ də müharibədən kənarda qalması, öz qüdrət və əzəmətini saxlaması idi. Bu qüdrət xalqların nəzərində nəinki azalmır, sarsılmır, getdikcə artır, böyüyürdü. Mister Tomas İranda ingilis nüfuzu üçün bunu ən böyük təhlükə sayırdı. Sərhəng Səfaini yanına çağırıb, hələ də axtarılan adamların tapılmadığını eşitdikdə o, daha da narahat oldu. Sərhəng ona Səliminin şahla olan görüşünü xəbər verdi və şahın ondan şübhələndiyini söylədi. Mister Tomas:

- Ata-baba ruspərəstdirlər - dedi, - həm də belə bir adamın ruslar tərəfində olmağı, min küçə adamından qorxuludur...

- Elədir, əlahəzrət də o fikirdədir.

- Bəs nə üçün aradan götürmürsünüz? Təəccüb edirəm.

- Əlahəzrət razılıq vermir, o ehtiyat edir ki, bunun ölümü ilə daha təhlükəli adamların toplaşıb yaratdıqları təşkilat gizlin qalmış olar. Odur ki, gecikdirir, uzadır. Lakin arxayın olun, onun taleyi artıq həll edilmişdir.

Sərhəng Səfaini yola saldıqdan sonra mister Tomas Həkimülmülkün bu vaxta qədər zəng etməməsini imperiyanın vəziyyəti ilə əlaqədar olan soyuqluğun təzahürü sayaraq, özünü sındırmadan ayağa durdu və onun evinə getdi. Mister Tomasın maşınının həyətə girdiyini görən Həkimülmülk heç də təəccüb etmədi. Yalançı bir sevinclə onu qarşılamaq üçün ikinci mərtəbədən aşağı endi...

- O-o-o! Mister Tomas!.. Xoş görmüşük. Həmişə siz gələsiniz! - deyə əlini ona uzatdı.

Tomas, öz uzun və enli gövdəsinin yanında cırtdan kimi görünən Həkimülmülkə yuxarıdan aşağı nəzər saldı. Eyni şirin əda və təntənəli sözlərlə cavab verdi. Dost həsrətinin onu buraya çəkib gətirdiyini söylədi. Həkimülmülk onu qabağa ötürüb, ikinci mərtəbədəki xüsusi qonaq salonuna apardı. O, bu salonda ancaq mister Tomas kimi, hər məsələdən danışa biləcəyi yaxın şəxslərlə görüşərdi. Oturduqdan sonra Həkimülmülk xidmətçini çağırıb, nahar hazırlamağı tapşırdı və yorğunluq ifadə edən üzünü ona tutdu:

- Mister Tomas, çox ağır zamanda yaşayırıq, - dedi, - dünya siyasətinin bütün işləri bir-birinə dolaşıbdır. Belə bir şəraitdə dövlət maşınını idarə etmək çox çətindir.

- O-o-o... Sizin kimi qocaman bir siyasətçi də şikayətlənəndə bəs biz nə edək?

- Elə deməyin, mister Tomas, sizin işiniz bizdən çox asandır, o makina ki, siz hərəkətə gətirirsiniz, biz onun haqqında fal açmaqla məşğuluq. O şey ki, sizə çox yaxşı görünür, biz ancaq onun kölgəsi ilə oynayırıq.

- Mən sizin bu sözlərinizdən, dostluğumuzu şübhə altına salırsınız, deyə inciyə bilərəm:

- Dostluğumuz öz yerində, amma həqiqətdə belədir. Yəni gərək elə belə də olsun ha...

- Mən əksini iddia edə bilərəm: sizdə çox şeylər olur ki, biz heç xəbər də tutmuruq.

Həkimülmülk mister Tomasın nəyə işarə etdiyini anlamağa çalışdı. Lakin özlüyündə müəyyən edə bilmədikdə:

- Hər kəsdən gizli sirrimiz olsa da, sizdən yoxdur, - dedi:

Mister Tomas ingilislərə məxsus bir soyuqluqla məsələni dolayısı ilə də olsa Həkimülmülkə bildirməyi qərara aldı:

- Rica edirəm, bu görüşümüzü əlahəzrətə deyəsiniz, mənim salamımı ona yetirəsiniz. Bilirsiniz ki, əlahəzrət Kral dövləti şərqdə öz dostlarının xatirini həmişə əziz tutmuşdur. Onların müdafiəsini, özünə borc bilmişdir.

- Əlbəttə, bunu biz hamımız bilirik.

- Mən ağayi Hikmət İsfahanini də sizin kimi dostlarımızdan sayıram. O heç şeyi bizdən gizlətmir...

Mister Tomas Həkimülmülkün gözlərinə baxdı, təbiidir kn, onların arasındakı köhnə ədavətdən xəbərdar idi. Həkimülmülk də Tomasın nəyə işarə etdiyini anladı. O gərək Rza xanın, Hikmət İsfahani ilə olan rəftarını mister Tomasa çoxdan bildirə idi.

- Bilirsinizmi, əlahəzrət çox qəzəbləndi, - deyib əhvalatı nağıl etdi. Mister Tomas diqqətlə qulaq asıb, - Hikmət İsfahanidən eşitdikləri ilə Həkimülmülkün dediklərini tutuşdurdu. Bütün bu danışıqda onun üçün yeni olan bir şey yox idi.

Həkimülmülk davam etdi:

- Belə məsələlərdə adi gözlə görünməyəcək pərdəli cəhətlər çox olduğunu siz məndən də yaxşı bilirsiniz. Daimi şübhələr, arasıkəsilməyən xəyanətlər, dolaşıq və anlaşılmaz nöqtələr vadisi hakimiyyətin əbədi yoludur. Əlahəzrətin fikrincə Səlimi də, Hikmət İsfahani də öz karvanını bu yola salmışdır və bir gün rahat olmalıdır.

Mister Tomas qəti səslə:

- Ağayi İsfahani haqqında belə bir cəzaya yol vermək olmaz, - dedi. - O, Kral dövlətinin həqiqi dostudur.

Həkimülmülk başını azca qabağa verdi:

- Amerikalılardan, hətta almanlardan da mən eyni sözü eşitmişəm.

Mister Tomas bu eyhama qəti cavab qaytardı:

- İngiltərə öz dostlarını yaxşı tanıyır.

Saray vəziri, Hikmət İsfahani ilə mübarizənin uzun sürəcəyini anladı və söhbəti dəyişdi. Məmləkətdə yeraltı qüvvələrin hərəkətə gələ biləcəyindən bunun bütün əlamətlərinin göz qabağında olduğundan danışdı. Hələ də dövlət əleyhinə kitab buraxanların tapılmadığını söylədi. Mister Tomas trubkanı ağzından çıxartdı:

- Onları mən tapsam nə olar?

- İrana etdiyiniz xidmətlərin sayı birə-on artar. Təşəkkür edirik.

Mister Tomas:

- Çalışaram, - deyib, trubkanı dodağına apardı, dərindən sümürüb, tüstüsünü havaya buraxdı və gözlərini qıyıb fikrə getdi.

 ***

Altıillik zəhmətin nəticəsində doktor Simonyan, Xavəri özü üçün yaxşı bir köməkçi etmişdi. Kişilərin yanında üzüaçıq durmağa belə xəcalət çəkən, bir söz eşitdikdə qıpqırmızı qızarıb cavab verməyi bacarmayan, insan əzalarını göstərən şəkilləri gördükdə “ilahi, yer yarılaydı girəydim içinə, bu günü görməyəydim” deyib düşünən geridə qalmış bir müsəlman qadınından Simonyan, xəstələrlə mehriban rəftar etməyi bacaran, təbabətə aid cihazların adlarını, yerlərini əzbər bilən, səliqəli, dilli-dilavər bir şəfqət bacısı hazırlaya bilmişdi. Sakit təbiətli, həyatda ancaq yaxşılıqları görən, bütün insanlara bir nəzərlə baxan, hər kəsdə və hər yerdə yaxşılıq arayan doktor, məhəbbət dolu gözlərlə Xavərə baxar:

- Sən mənim ikinci övladım, elmi əsərimsən! - deyə fəxr edərdi. Çox zaman doktor xəstələri qəbul edib qurtardıqdan sonra yumşaq kresloya oturar, balaca Azadı yanına çağırar, onu qucağına alıb, alnından öpər və konfetə qonaq edərdi. Doktorun arvadı Anuş da Azada məhəbbət salmışdı. O, yaşlı qadınlara məxsus bir mehribanlıqla uşağı sevirdi. Hər gün doktor və Xavər xəstələrlə məşğul ikən, Azad onun yanında oynardı. Uşağın tamamilə anasını andıran sakit təbiəti, insana uyuşması və yaşına müvafiq gəlməyən bir dalğınlıq Anuşun qəlbinə təsir edərdi, onlara görə evdə az tapılan Aram da uşağa məhəbbət salmışdı. Hətta dörd yaşından başlayaraq, ona sayı və əlifbanı öyrətməyə başlamışdı. Bütün bunlar Xavərə bir yuxu kimi gələrdi. O, minlərcə özü kimilərin ac və lüt, küçələrə töküldüyünü gördükcə ürəyində doktora dua edərdi: “Bunlar olmasaydı, kim bilir, axırımız necə olacaqdı?..” deyərdi. Hətta bir dəfə bunları Anuşa demiş və təşəkkür etmişdi:

- Allah sizi dünya durduqca xoşbəxt eləsin, siz olmasaydınız küçələrdə qalacaqdım.

Anuş onu öpərək:

- Biz səni öz qızımız bilirik, Xavər! – demişdi. - Nə qədər bir tikə çörəyimiz var yarısı sənindir!..

- Allah süfrənizi həmişə açıq eləsin! Sizin bu yaxşılığınızdan heç bir zaman çıxa bilməyəcəyəm. Çünki belə yaxşılığın bu dünyada əvəzi yoxdur. Amma ölən günə qədər qapınızda qulluqçu olub qalacağam.

Bu sözləri eşidən doktor öz otağından durub gəlmiş və: 

- Qızım, bir də belə sözləri ağzına gətirmə, - demişdi.

- Qulluqçu nədir, sən də bizim ailənnn bir üzvüsən. Sağlıq olsun, Kərimxan da gələr, onda bir yerə yığılar, xoşbəxt olarsınız.

Xavər daha bir söz deməyib, gözüyaşlı çıxıb getmişdi. Daha doğrusu, o çox şey demək istəmişdi. Lakin bacarmamışdı. Ürəyində yüz dəfə, min dəfə doktora və onun ailəsinə dua oxumuşdu. Ancaq qəlbinin dərinliklərində belə bir adamın musəlman olmadığına təəssüf etmiş və sonra da “erməni olanda nə olar. Ürəyində haqqın işığı var” - deyə sakit olmuşdu.

İndi, Kərimxan qayıtdıqdan sonra Xavərin səadətinin sonu yox idi. O, dönüb keçdiyi yola nəzər saldıqda uçurumun ağzından qurtarmış bir adamın həyəcanlarını duyurdu. Onu bu uçurumdan xilas etmiş Simonyanın ailəsinə qarşı məhəbbəti yüz qat artırdı. Hətta ona elə gəlirdi ki, Kərimxanı da sürgünlərdən qaytaran onlardır. Ölümcül yatalaqdan salamat duran insan bədəni necə yenidən canlanar, daha artıq bir həyat qüvvəsi göstərərsə, Xavər də eləcə uzun iztirablardan, bədbəxtlikdən sonra Kərimxanın qayıtması ilə açılmağa başlamışdı. Sanki bütün varlığı bir səadət işığı ilə yanırdı. Sanki üzünə qonmuş dərin kədər və qüssə buludları birdəfəlik çəkilmişdi. O, gözəlləşmiş, yanaqlarında bir qızartı əmələ gəlmişdi. Hələ onun gözləri! Bu gözlər həyat və məhəbbət ehtirası ilə yanmaqda idi. Səsində bir ahəng, tükənməz xoşbəxtliyi bildirən bir məlahət yaranmışdı. Xəstələr də bunu hiss edir, Xavərin hər tərəfə bir mehribanlıq və şəfqət saçdığını görürdülər. Doktor bütün bunlara baxdıqca nə isə, dəruni bir ləzzət duyur, hələ cavanlıqda Qafqazda eşitdiyi Azərbaycan məsəlini yadına salırdı: “Ağ gün adamı ağardar”.

Hər gün saat beşdə doktorgildən qayıdan Xavər evi təmizlər, xörək hazırlar, çay qoyar, oturub balaca Azadı dizi ustə alaraq, Kərimxanı gözlərdi. Sonsuz səadət duyğuları ilə döyünən qəlbinin dərinliklərində nə isə gizli bir çırpıntı, gizli bir təlaş da duyardı. “Görəsən, başına nə iş gəldi?” - deyə, min həyəcan, min əzab içərisində əzilərdi. Özünə təsəlli vermək üçün durub, həyətə nişan qoyduğu kölgəyə baxar, “hələ gün batana çox qalıb, hələ vaxt gəlib çatmayıb, mən özumü nahaq yerə üzürəm” deyər və Azadla oynamağa başlardı... Kərimxan gəlib yuyunar, çörək yeyər, çay içər və köhnə cırıq kiliminin üstündəki mütəkkəyə söykənərək, xəyala dalardı. Bu zaman Xavər onun yanında oturub, başını çiyninə söykər və yavaş-yavaş bütün həyəcanlarını ona nağıl edərdi. Kərimxan:

- Özünü üzmə, Xavərim, - deyə onun təmiz su qoxuyan saçlarından öpərdi.

Bu gün də onlar çörək yemiş, Azadı yatırıb, beləcə oturmuşdular. Xavər ona təkrar öz keçmiş günlərindən danışır, necə onun yolunu gözlədiyini və nələr düşündüyünü nağıl edirdi. Bu xatirələr içərisində o hər sözdən bir Simonyangildən, onların yaxşılığından deyirdi. Birdən Kərimxanın əlini-əlinə alaraq:

- Heç sən də bizi yad edirdinmi? - deyə soruşdu.

Kərimxan onun əllərini tutub, cənub gecələri qədər dərin və saf gözlərinə baxdı, nə isə demək istədi. Lakin qanının döyülməsi mane oldu. Xavəri təlaş bürüdü. Ürək döyüntüsü ilə ayağa durdu:      - Bu vaxt kim ola bilər?..

Kərimxan qapıya getdi. Gələn Huseyn Məhbusi idi: O, vacib işi olduğu üçün gəldiyini söylədi. Kərimxan qapıçı açıb, onu içəri buraxdı. O, Xavərə salam verdi. Xavər onun salamını alarkən üzünə baxdı. Elə bil ki, bir anda bütun ev qaranlıq bir səhraya çevrildi. Bu təəssüratla dərhal gözünü çəkib, həyətə çıxdı. Kərimxanın:

- Xavər, zəhmət çək, çay hazırla, - deyən səsini eşitdi.

Azca sonra Xavər çay gətirdi, evdə dura bilməyib həyətə qaçdı. Hüseyn Məhbusi ilə Kərimxan bir saata qədər söhbət etdilər. Xavər onların nə danışdığını bilmədi Çünki fikri özündə deyildi.  

Hüseyn Məhbusi getdikdən sonra özunü Kərimxanın üstünə atdı:

- Bəs bir daha bunu evə buraxmayacağını deməmişdin?

- Xavərim, qapıya gələn qonağı qaytarmazlar.

- Məni qınama, Kərimxan, heç xoşuma gəlmir. Bilmirəm bunu haradan tapdın?

- Bu mənim məhbəs, sürgün yoldaşımdır, Xavər! İndi də çalışır. Pis işləmir, nə deyirəm eləyir.

- Sən allah məndən incimə, Kərim, amma hər kəsdir, evə buraxma. Başqa yerdə görüş. Mümkün eləsən heç görüşmə. Belə xoşuma gəlmir!.. Baxışlarında nə isə var. Bir kölgə, bir qaranlıq görürəm. Məgər sən heç fikir verməmisən? Bir dəfə diqqətlə lapdan ona bax. Gör nələr görərsən. Kərimxan, əzizim özünu gözlə, bundan sonra sən mənim üçün də olmasa bax, bu balaca üçün özünü gözləməlisən, axı sənsiz onun axırı nə olar?   

Xavər özünü saxlaya bilməyib ağladı... Kərimxan ona təskinlik verdi:

- Ürəyin çox nazilibdir, - dedi. - Görünür çox fikir edirsən. Sənə söz verirəm ki, bir də onun ayağı bu evə dəyməz. Arxayın ol, Xavərim! Mən yalnız sənin bu gününu deyil, sabahını da düşünürəm. Mənim idealım gələcək gündür, biz o günə çatacağıq, biz sənin üçün də, oğlumuz üçün də xoşbəxt həyat, gözəl, işıqlı həyat yaradacağıq. Elə bir həyat ki, aylarla da evə gəlməsəm təlaşa düşməyəsən, ürəyinə heç bir qorxu dolmasın!

O, Xavəri qolları arasına aldı. Yaşlı gözlərindən öpdü. Xavər yenə qəlbində sonsuz bir rahatlıq və səadət duydu.

 ***

Hüseyn Məhbusi Kərimxanın yanından çıxıb, bir qədər Tehranın boşalmış küçələrində dolandı. “Ağa, buyur” deyən ayrı-ayrı faytonçular, evlərin, dükanların qapısına qısılıb, gecə yarısında gəlib-gedənə əl açmaqdan yorulmayan dilənçilər və ara-sıra rast gəldiyi gecə əyyaşlarının hay-küyü onun nəzərini cəlb edə bilmirdi. O düşünürdü. Bir az iş gecikərsə bütün həyat və taleyinin təhlükə altına düşəcəyi onu qorxudur, qəlbində heyvani bir vahimə oyadırdı. Nə etməli, hansı vasitələrə əl atmalı, hansı yollarla hadisələrin gedişini sürətləndirməli? Nə cür etsin ki, tezliklə tapdığı cığırla yeriyib, işin göbəyinə, bulağın gözünə çıxsın? O zaman onu nə böyük bir mükafat gözləyirdi!.. Qarşısında nə böyük bir yol açılırdı. Lakin məqsədə gedib çıxmaq olmurdu. Kərimxan yalnız ona ayrı-ayrı tapşırıqlar verməklə kifayətlənir, artıq bir şey danışmırdı. Hətta vədə verdiyi görüşə belə onu aparmırdı. “Baş tutmadı, təxirə düşdü, yoldaşlar Tehrandan çıxıblar” - deyə, bu gün-sabaha salırdı. İsrar etmək də xətalı idi. Bununla belə işi gecikdirmək olmazdı. Tezliklə ittilat məsələni aça bilərdi. O zaman Məhbusiyə bir it payı da düşməyəcəkdi.

Bu fikirlərlə o, şəhəri dolanırkən saatına baxdı. On ikiyə beş dəqiqə qaldığını görüb, mister Toması xatırladı. Onun yanına getmək vaxtı çatmışdı.

Yavaş-yavaş mister Tomasın evinə tərəf yollandı. O, Məhbusini həmişə, Tehranın dar və köhnə küçələrindən birində balaca həyəti olan sakit bir mülkdə qəbul edərdi. Məhbusi hələ bu vaxta qədər orada qoca qapıçıdan başqa bir ins-cinsə rast gəlməmişdi. Həyətə girdikdə əsrarəngiz və heybətli sükut insanı vahiməyə salırdı. Lakin Məhbusi artıq bu sükuta alışmışdı. O, qapıdan içəri girən kimi bir-baş balkonun ağzında olan balaca bir otağa getdi. Mister Tomas oturub, trubka çəkir və nə isə qarşısındakı kağızlara baxırdı. Məhbusi içəri girib, salam verdikdə uzun zaman cavab almayıb, ayaq üstə durdu. Mister Tomas otağa heç adam gəlməmiş kimi etinasızlıq göstərdi. Başını da qaldırmadı. Məhbusi otaqda papiros tüstüsü və masanın üstündə papiros qırıntıları gördü. Azca əvvəl burada adamlar olduğunu anladı. Yalnız on-on beş dəqiqə keçdikdən sonra mister Tomas başını qaldırdı, trubkasını tüstülədib, Məhbusiyə baxdı:

- Ehey... gəlmisən? Otur!..

Məhbusi oturdu və gözlərini mister Tomasa dikib durdu. Mister Tomas trubkadakı tənbəkini çəkib qurtardı. Onun ağzını külqabının qırağına vurub, külünu boşaltdı. Sonra adəti üzrə nazik bir mil ilə içini eşələməyə başladı. Məhbusi bunun narazılıq əlaməti olduğunu bilirdi. Bir beş dəqiqə də mister Tomas trubkanı qurdadadı. Sonra onu təzədən doldurdu, tələsmədən, səliqə ilə ağzına apardı. Burada Məhbusi kibrit çəkib, tələsik ona tərəf qalxdı. Mister Tomas ayağa durdu və cibindən öz kibritini çıxarıb yandırdı. Trubka yenə tüstülənməyə başladı. Mister Tomas əllərini cibinə qoyub, otaqda gəzindi. İki dəfə var-gəl edəndən sonra otağın ortasında durub, bərk gərnəşdi. Nəhayət, qayıdıb yerində oturdu. Daha doğrusu, yarıuzanmış bir hal alıb, sağ ayağını qaldıraraq, masanın üstünə uzatdı. Belə ki, ayaqqabısının ucu az qaldı Məhbusinin burnunu əzsin. Məhbusi yazaşca başını kənara çəkdi. Mister Tomas o biri ayağını da stolun üstünə uzadıb, rahatlandıqdan sonra Məhbusiyə baxdı:

- Hə, nə vaxt yığışırsınız? Adları gətirmisənmi?

- Mister Tomas, bu böyük və çətin bir işdir. Burada səbir lazımdır. Xüsusən ki, hər şey mənim lstədiyim kimi getmir. Səbr edin, gətirərəm.

- Mənə yaxşı əxlaq dərsi deyirsən!

- Mister Tomas, bağışlayın.

- Nəyi bağışlayım, bunu?

Mister Tomas balaca bir kitabçanı Məhbusinin qabağına fırlatdı. Bu “İş, çörək və azadlıq istəyirik!” kitabının ikinci cildi idi. Məhbusi gözaltı ona baxıb danışmadı. - Səbr edin! Nə qədər səbr edək? Onlar silah götürüb, küçəyə çıxana qədər? 

- Mister Tomas, mən bacardığımı edirəm.

- Düzdür, edirsiniz, lakin bizim xeyrimizə yox, zərərimizə! Bu kitab əvvəldən-axıra ingilisləri təhqirdən ibarətdir. Bəlkə sənin də xoşuna gəlir?

- Mister Tomas!

- Sizlərə nə etibar var. Böyükdən-kiçiyə hamınız beş qran artıq verənə satılmağa hazırsınız!

- Mister Tomas, mən sədaqətimi sübut etmişəm.

- Al bu sənin sədaqətinin haqqı!

Tomas, on dənə on tümənliyi sayıb, Məhbusinin qabağına atdı:

- Götür! Beş gün sənə vaxt verirəm. Beş gün!..

- Çalışaram. Lakin nəzərə alın ki, hər şey məndən asılı deyil!

Mister Tomas ayaqlarını stolun üstündən çəkib, yenə otaqda gəzindi:

- Həyatınızla oynayırsınız! - dedi və cibindən balaca bir tapança çıxarıb silməyə başladı.

Məhbusi gözaltı tapançaya baxıb, bunun nə demək olduğunu anladı və yerində qıvrıldı.

- Çalışaram beş günə qurtarım, mister Tomas!

- Çalış, çalış. Xoş gəldin!

Məhbusi otaqdan həyətə çıxdı. Qorxa-qorxa dönüb geriyə baxdı və tez başını çevirib, gözlərini həyətə zillədi. Həyət qaranlıq idi. Heç şeyi seçmək mümkün deyildi. Gözlərini yumub açdı. Yenə də bir şey görə bilmədi. Yalnız tünd qaranlığın içərisində gözünə parıldayan bir şey göründü. Bu, mister Tomasın balaca, şəffaf tapançası idi: qaranlıqda böyüyür və həyətin hər tərəfindən ağzını Məhbusiyə açıb dururdu. Məhbusi tez həyətdən küçəyə, lampa işığına atıldı. Qamaşan gözlərini ovuşdurdu. Sonra şalvarın cibinə soxuşdurduğu yüz tüməni çıxarıb, səliqə ilə bükdü və qoltuq cibinə qoydu:

- Şarlatan köpək oğlu!.. İngilis köpək oğlu, istədiyinə bax, verdiyinə bax!



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info