Qonaq Kitabı
ON YEDDİNCİ FƏSİL

Sərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyinlməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətii siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb, Yavər Əzimiyə baxdı:

- Görəsən sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.

- Mən də hiss edirəm ki, böyük bir risqə yol vermişik

- Elə bir vəziyyətdir ki, iş belə də çevrilə bilər, elə də... Çünki sərtib təkdir, qabağını almaq istədiyi cərəyanın adamları çox...

Yavər Əzimi çoxdan bəri ürəyində dolanan şübhələri qoca müəllimindən gizlətmədi:

- Necə bilirsiniz, Səliminin dalında duranlar o cərəyanın adamlarından artıq olsa, aya, əlahəzrət onun dediklərini qəbul edərmi?

- Qabaqcadan demək çətindir. Əgər Səlimi kimi bir adamın təklifləri keçməsə, onda bu məmləkətdə həqiqət-zad yoxdur, yazılanlar da, deyilənlər də yalandır.

Zəng çalındıqda ikisi də durub həyətə çıxdı. Sərtib içəri girdikdə onun yerişindən, üzünün ifadəsindən necə qayıtdığını bilməyə çalışdılar. Elə bil bu qısa müddətdə sərtib xeyli arıqlamış, rəngi qaçmışdı. Sanki gözləri çuxurlaşmış və saçındakı ağ tüklərin sayı da artmışdı. Yavər Əzimi dayana bilmədi:

- Necə oldu, sərtib?

Sərtib cavab vermədi. Mükəddər baxışlarla dostunu süzdü və kresloda oturub, uzun bir fikrə getdi. Onlar işin yaxşı qurtarmadığını anlayıb susdular. Sərtib xeyli müddət başını sağ əlinə söykəyib durdu. O, ömrünün ən qiymətli çağını boş bir xülyaya qurban verdiyinə təəssüf edirdi. Ona elə gəlirdi ki, qəlbində, fikrində bir boşluq açılmışdır. Nə yüksək bir arzusu, nə müqəddəs bir etiqadı var. Hər şey uçulub dağılmışdır. Bu, keçən ömür üçün bir təəssüf hissi oyadırdısa, qulaqlarında səslənən “casus” sözü mənliyini təhqir edib çeynəyirdi. Birdən ona elə gəldi ki, acıqlı bir göz onun beynini, fikrini təftiş etməkdədir. Onlar soyuq bir xəncər kimi köksünü yarıb, ürəyinə keçir və onu xırda-xırda doğrayırlar. Bu, Rza xanın gözləri idi. O gözlər divardan asılmış şəkildən sərtibə zillənmişdi.

Sərtib təmkinlə, lakin qəti addımlarla yerindən qalxdı. Qoca qulluqçusunu çağırdı.

- Əmi, bu şəkli aşağı düşür.

Qoca bir ona, bir də divardakı şəklə baxdı. Tərəddüdlə stulu ayağı altına qoydu, şəkli düşürdü.

- Nə edim, ağayi sərtib?

- Apar, külxana bas, yansın!..

Qoca şəkli götürüb getdi. Sərtib hələ də məyus oturmuş yoldaşlarına döndü:

- Bu ağır gün mənim ömrümün həm də xoş bir günüdür. Bu gün mən çürük bir etiqadla vidalaşıb, üzümü həqiqətə tərəf çevirirəm. Biz onu bu vaxta qədər güman etdiyimiz yerdə axtarmamalıyıq!

Yavər Əzimi həyəcanla:

- Bəs onu harada axtarmaq lazımdır, sərtib? - deyə soruşdu. 

Sərtib cavab vermədi. O yenə nə isə düşünürdü. Hafiz Biluri pozulmaz bir inamla:

- Elmdə, maarifdə, - dedi, - maarifin yayılması nəticəsində həqiqət səltənətə çıxacaqdır.

Sərtib onun sözünü kəsdi:

- Yox, əziz dostum, yox! Nə qədər səltənətlər var, həqiqət olmayacaqdır. Heç bir elm və maarif onun yolunu aça bilməyəcəkdir. Aman günüdür, heç olmasa siz bu qalan ömrünüzün az günlərini yalana verməyin. Çünki siz namuslu bir adamsınız. Siz vətənin övladlarına deyin ki, səltənətlər və şahlar onların söykəndiyi mənfur əsasla birlikdə yox olmayınca, xalq həqiqət nədir bilməyəcəkdir!

O durub gəzindi. Azca əvvəl üzünə qonmuş sarılıq yavaş-yavaş çəkilməkdə, yerini bir qətiyyətə verməkdə idi. Yavər Əziminin çiynindən tutdu:

- Cavan dostum, - dedi, - mən bəlkə də çox yaşamadım. Çünki bu gün mən öz ölüm hökmümə imza atmışam. Lakin sənə məsləhətim belədir. Biz gedən yol ilə getmə. Onun uçurum olduğu aşkara çıxdı. Özunə başqa bir yol seç. Get o vərəqələri buraxanları tap. Namusla, ürəklə onlara qoşul. Həqiqət bu vaxta qədər bizim cahil və əvam bildiyimiz aşağılarda imiş. Gələcək də oradadır. Ora get!..

 ***

Şəmsiyyə ağlayaraq “özumü öldurəcəyəm”, - deyib getdikdən sonra, Hikmət İsfahani onun hərəkətlərinə göz yetirirdi. İki-üç gün gözlədi. İntihara bənzər bir hadisə baş vermədiyini gördükdə qızın artıq düşünüb-daşındığını, taleyin nəsibi ilə razılaşdığını güman etdi. Buna görə də sərtib Səlimi ilə qohumluq məsələsini artıq həll olunmuş bir məsələ bildi. Əslən, o buna yaxşı bir fal kimi baxırdı. Şəmsiyyə ilə Səliminin izdivacı, ona siyasi cəhətdən də lazım idi. Bu, Səliminin atasını onun ölümə verdiyini deyənlərə bir cavab olmaqla bərabər, aradakı gizli ədavətə də son qoyacaq idi. Digər tərəfdən, Səlimi tamamilə başqa bir istiqamətin adamı idi. Hikmət İsfahaninin haqq-hesabına görə, bir gün bu da kara gələ bilərdi. Lakin gələcək qohumluğu möhkəm əsaslar üstündə qurmaq üçün o, Səliminin tərzi-təfəkkürünü dəyişməli, cavanlıq və istiqanlılığından doğan bəzi hərəkətlərini təshih etməli idi. Bu məqsədlə də onu nahara çağırmışdı. Naharda yalnız ailə üzvləri iştirak edəcəkdi. Eyni zamanda Səlimiyə verəcəyi nəsihət və məsləhətlər yerinə düşmək üçün ruznaməçi Sofi İranpərəsti də nahara dəvət etmişdi. Məsələnin əvvəlcədən düşünülmuş bir əsas üstündə qurulduğunu pərdələmək üçün ruznaməçi İranpərəstə, şimal neftini Amerika və ingilislərə vermək haqqında yazdığı məqaləni oxudacaq, Səliminin fikrini soruşacaq və sonra da fürsətdən istifadə edərək, istədiklərini ona deyəcəkdi. Bu onun planı idi. Səliminin nahara dəvət edildiyini bilən Şəmsiyyə isə özünə başqa bir plan tutmuşdu. O, səbirsizliklə müəyyən olunmuş gün və saatın gəlib çatmasını gözləyirdi. Həyəcan, kin və qəzəb içində düşünür deyəcəyi sözləri ölçüb-biçirdi.

Saat hələ on iki olmamış bütün ailə üzvləri Hikmət İsfahaninin şəhər evində hazır idi. Ruznaməçi İranpərəst də vaxtından qabaq gəlmişdi. O, hazırladığı materialı ağaya oxumaq istəyir, ağa da “gözlə” deyə təxirə salırdı. Nəhayət, saat birə on beş dəqiqə işləmiş Səlimi gəldi. O, bu gün, adətən olduğundan daha tutqun və fikirli görunürdü. Əksinə, Hikmət İsfahani özünü çox şad göstərməyə çalışurdı. O deyir, danışır, Səlimiyə evlərin və hətta bağdakı ağacların tarixindən uzun-uzadı söhbət açırdı. Nəhayət, onlar İran stili ilə düzəlmiş, böyük fərşlərlə müzəyyən, tavanından avizələr asılmış salona keçdilər və kreslolara oturdular. Hikmət İsfahani etinasızlıqla:

- Gədə, səhərdən zəhləmi apardın, gətir görüm nə yazmısan, - deyə İranpərəstə müraciət etdi. Kəsalət yağan vücudunun əksinə olaraq, çox cəld və yüngül hərəkət edən ruznaməçi İranpərəst tez qaçıb portfelini gətirdi; bir dəstə kağız çıxarıb qabağına qoydu. Hikmət İsfahaninin qeydlərini yazmağa amadə olduğunu bildirmək üçün qələmini də çıxarıb hazırladı.

Hikmət İsfahani qıçlarını uzadaraq, kresloya yayıldığı halda və təsbeh çevirə-çevirə gözünün ucu ilə İranpərəstə baxdı: 

- Başla görək!

Səlimi sakit oturub, həm Hikmət İsfahaninin ağayana rəftarına, həm də İranpərəstin nökər kimi yaltaq hərəkətlərinə fikir verir və ürəyində hər ikisinə qarşı böyük bir nifrət duyurdu. Lakin o tərpənmir, danışmır, heç bir şey ifadə etməyən gözlərilə onların bütün hərəkətlərini izləyirdi Ruznaməçi İranpərəst məqaləni oxumazdan qabaq bir izahat vermək istədi:

- Bu dəfə öhdəmə çox ağır bir vəzifə düşmüşdür. Həm ingilisləri, həm amerikanları, həm də almanları razı salmaq lazım idi, həm də elə eləmək lazım idi ki, biri razı olan yerdə o birisi inciməsin. Halbuki, ağalara məlumdur ki, felən söhbət elə bir mətləb ətrafında gedir ki, bu üç dövlətdən biri razı qalan yerdə o birilər gərək mütləq narazı olalar. Mən çalışmışam məsələnin bu cəhətini elə dolaşıq salam ki, heç kəs heç şey başa düşməsin. Lakin bu üç dostun üçü də razı qalsın. Yəni mətləb...

Hikmət İsfahani onun sözünü kəsdi:

- Ağayi Sofi, hələ çox gözləyəcəyik? Başımızı niyə ağrıdırsan, oxu görək nə yazmısan?

Ruznaməçi İranpərəst tələsik və əlləri əsə-əsə:

- Baş üstə, - deyib oxumağa başladı:

- “İran istiqlaliyyətinin zəruri şərti”.

O, məqalənin sərlövhəsini oxuyub dayandı, gözünü Hikmət İsfahaninin ağzına dikib durdu. Hikmət İsfahani hər sözünü ayrıca olaraq deməklə bütün sərlövhəni təkrar etdi:

- İran... istiqlaliyyətinin... zəruri... şərti... Pis deyil, Yaxşı, başlamısan. Damarını tapmısan. Dalını oxu görək!

Bu təqdirdən xoşhal olmuş İranpərəstin rəngi açıldı, çiyinlərini tərpədib, yerində qımıldanaraq oxudu: “Bizim bəzi ruznamənəvis rəfiqlərimizin fikrincə iki amil var ki, onlar İranın bədbəxtliyinin illətidir. Bu amillərin biri neftdir ki, şimaldan cənuba qədər İran torpağının altı onunla doludur. İkinci, Hindistandır ki, İran onun qapısının ağzındadır. Amma bizim zənnimizcə bu iki amil İranın bədbəxtliyinin yox, xoşbəxtliyinin illətləri sayılmalıdır.

 İranpərəst dayanıb, yenə Hikmət İsfahaniyə baxdı. Hikmət İsfahani yenə təqdir etdi:

- Bu da pis olmadı... Dalını oxu görək!

İranpərəst boğazını arıtdı, bir az da qəddini düzəltdi və daha cəsarətlə davam etdi: “Görək, aya, hansı əqli və məntiqi dəlillərə əsasən biz bu iki amili İranın xoşbəxtliyinin illətləri hesab edirik? Əvvələn, ona görə ki, bu iki amil olmasaydı, ingilis gəlib bizim məmləkətə girməzdi. Amerika bizimlə ticarət eləmək üçün özünü öldürməzdi. Almaniya həvəsə gəlib onlarla rəqabətə başlamazdı və bizimlə ticarəti genişləndirməyə can atmazdı... Beləliklə, birinci nəticə, dünyanın üç böyük və mədəni dövlətini bizim məmləkətə gətirən bu iki amildir: neft və Hindistan. İndi görək aya, bu üç dövlətin İrana gəlməsinin bizə faydası nədir? Burada biz nömrə qoyub, oxucunu yormaq istəmirik. Çünki bu faydaları saymaqla qurtaran deyil. Ancaq bizim fikrimizcə, bir neçə mühüm olanlarını deməklə kifayətlənib, qalanlarını xatırlamağı oxucuların öz geniş mühakiməsinə buraxırıq. Bu üç dövlətin məmləkətimizə soxulmağının...”.

Hikmət İsfahani tez onun sözünü kəsdi:

- Gədə, evin yıxılsın, xarabladın, “soxulmağının” sözü heç birisinin xoşuna gəlməz. Yaz ki, “bu üç dövlətin bizə öz kömək əlini uzatmağının”. Dalını oxu görüm!

- Bəli, “Bu üç dövlətin bizə kömək əlini uzatmağının...”. Dalı çıxmır, ağayi Hikmət İsfahani, çıxmır.

- Gədə, necə çıxmır, məgər öz xoşunadır çıxmasın. Çıxardarıq. Sən oxu, mən çıxardım.

- “Bu üç dövləti bizə öz kömək əlini uzatmağının sayəsindədir ki, dünyada ticarətin İran kimi rövpəq tapdığı bir məmləkət yoxdur...”. Çıxmadı. Gördünüz ki, çıxmadı.

- Gədə, özünü ələ salma, lap yaxşı çıxdı. Daha bundan yaxşı cümlə olmaz. Oxu!

İranpərəst prinsip göstərmək məqsədilə öz fikrində israr etdi:

- Çıxmadı. Bəkarəti pozuldu.

- Ağa, abrumuzu tökmə görək. Bəkarətin burada nə işi var. Biz burada ticarətdən danışırıq. Oxu!

- Bəli, “Bu üç dövlətin bizə öz kömək əlini uzatmağının sayəsindədir ki, dünyada ticarətin İran kimi rövnəq tapdığı bir məmləkət yoxdur...”.

- Çox gözəl!

- “İran bazarında quş südündən tutmuş, can dərmanına qədər, nə istəsən taparsan. Hansı məmləkətin malını istəsən, var. Nə rəngdə, nə çeşiddə istəsən, buyur. İngilislər, amerikalılar, almanlar min zəhmətlə başa gətirdikləri şeyləri tökürlər bizim qabağımıza, deyirlər: seçin, alın, kefiniz istəyəni götürün. Niyə? Çünki kişilər bizimlə dostdurlar. Bizi əziyyətə salmaq istəmirlər. Məsələn, biz balaca əl lampasını qayırmaq üçün gərək başımızı min dərdə salaq: zavod, fabrik tikək, nə bilim, fəhlə yığaq. Axırda da əl lampasının biri ingilis gətirəndən iki dəfə baha başa gəlsin. Xeyrimiz nə oldu? Heç nə! Biz bu yol ilə getsək yavaş-yavaş borca düşüb, sərmayəmizi əldən verərik, onda da İran istiqlaliyyətini gərək beş arşın bezə büküb, aparaq Şahzadə Əbdüləzim qəbiristanına. Amma bu üç dövlət bizim istiqlaliyyətimizə hörmət bəsləyirlər. Hər iki sahibi-vicdan və insaf inkar etməz ki bu üç dövlət həmişə ticarətdə də bizim mənfəətimizi gözləyiblər. Belə ki, yüngül bir zəhmətlə başa gələn badam içi, nə bilim yun və dərini alıb, əvəzində bizə heç Muzəffərəddin şahın da yuxusunda görmədiyi quş kimi uçan avtolar veriblər, düçərxlər* gətiriblər. Doğrudur, bizim bəzi naşükür və naümid həmvətənlərimiz iddia edirlər ki, guya bu üç dövlətin və ələlxüsus, ingilisin bizim məmləkətimizdə apardığı siyasət və ticarət məmləkətimizin belini sındırıb, onu müstəmləkəyə çevirib”.

Bayaqdan bəri gözlərini yumub, mürgüləyərək qulaq asan və təsbehin gah o ucundan, gah bu ucundan yapışan Hikmət İsfahani dik atıldı.

- Tfu, sənin zat-pakına lənət belə İranipərəst! Gör, mətləbi gətirib hara çıxartdı ha!.. Gədə, köpək oğlu, bazarda min qurumsaq min qələt eləyəcək, gərək elə hamısını bu ruznaməyə yazasan? Poz onu, poz, əsəri də qalmasın!

Hikmət İsfahani acıqlandıqca özünü itirməyə başlayan Sofi İranpərəst sətirlərin yanında bir sual qoydu. Gözaltı ona baxan Hikmət İsfahani kağızları da, qələmi də çəkib, onun əlindən aldı:

- Elə yox, bax belə! - deyib qələmi bir o başdan, bir də bu başdan çəkdi.

- İndi al, dalını oxu görüm!

İranpərəst bu dəfə boğazını arıtdı. Amma indi qəddini düzəltmək üçün yox, tutulmuş səsini açmaq üçün arıtdı:

- “Bəli... düzdür, bəziləri deyirlər ki, bu üç dövlətin İranı bazara çevirib, hazır mal ilə doldurması sayəsində İranın milli sənayesi arta bilmir, iqtisadiyyatı pozulur, xarici kapitaldan asılı bir hala düşür. Guya iqtisadi istiqlalını itirmiş ölkə qan damarlarını zəlinin ağzına vermiş naxoş kimi çapalamağa, siyasi və dövləti istiqlalını da itirməyə məcburdur ki, ingilislər, amerikalılar və almanlar İranı belə bir hala salmışlar...”.

Hikmət İsfahani daha davam gətirə bilməyib, ayağa durdu:

 - Gədə, köpək oğlu, sənin mənimlə düşmənçiliyin var! Gədə, qurumsaq, niyə oturduğun budağa mişar çəkirsən? Gədə, sən bilmirsən ki, mənim hər ay təkcə ingilislə olan ticarətdən yüz tümən gəlirim olur? Gədə, niyə bunları mənimlə siyirməqılınc eləyirsən? Gədə, üçcə gün bundan qabaq səni mister Tomasın yanına göndərmədim? Kişi sənə bir quranlıq söz demədi? Bə bu nə qələtdir yazırsan? Deyirlər ki... Deyirlər ki! Deyirlər, qələt eləyirlər dədə-babaları ilə, sən də onların ağzını yalayırsan. Bu sözləri bolşevikdən başqa hansı köpək oğlu dilinə gətirər. Gədə, bəlkə sən istəyirsən məni bu məmləkətdən qaçqın salasan? Niyə, balam? Nə eləmişəm, sənə nə pisliyim keçib?.. Ayda min tümən verirəm, yeyib, Həmədan eşşəyi kimi şişirsən, ona görə?.. Bük, bük, apar qoy dədənin goruna!

Hikmət İsfahani o qədər acıqlanmışdı ki, daha nə dediyini, nə danışdığını bilmirdi, ağzı köpüklənir, dodaqları titrəyirdi. Bu yazılanların “Səda”da çıxmış olduğunu fikrindən keçirdikdə dərhal Tomasın, Haroldun, Valterin acıqlı siması gəlib gözünün qabağında durur, onun dalınca Rza xanın qanlı gözləri və Həkimülmülkün ağaran dişləri canlanırdı: Dərununda əmələ gələn qorxu instinkti, qarşısında büzüşüb duran ruznaməçi İranpərəstdən intiqam almaq hissinə çevrildikcə o qışqırırdı...

Nəhayət, üzünü əvvəlki sakitliyini saxlayan Səlimiyə tutdu, onu köməyə çəkmək istədi:

- Kişi, mən bu qurumsağa demişəm ki, get şimal neftini Amerika və ingilisə vermək haqqında bir şey yaz, dəlil və məntiq üstündə olsun. Yaz ki, məmləkət bizim, neft bizim, kimə istərik satarıq... Yaz ki, bu bolşeviklər bizim daxili işlərimizə qarışırlar. Qoymurlar öz evimizdə öz zəhrimarımızı yeyək. Gündə bir şuriş çıxarırlar. Yaz ki, istiqlaliyyətimizi pozmaq istəyirlər, ticarətimizi dayandırmaq istəyirlər. Nə istəyirsən yaz, bir köpək oğlu ağzını açıb desə ki, yox, belə deyil, gəl mənim ustümə... Bu qurumsaq da gedib, axmaq it aya hürən kimi, ağzını açıb üç dövlətin üstünə.

Səlimidən heç bir cavab və hərəkət görmədikdə o gəzindi, qayıdıb Sofi İranpərəstin qabağında durdu:

- Di dur ayağa, - yığışdır get! Yoxsa plovun iyi burnuna dəyib, gedə bilmirsən? Dur, dur ayağa! Sabah gərək ruznamə çıxsın! Get, dediyim kimi yaz, axşam gətir oxu!

Sofi İranpərəst “bəçeşm” deyib, kağızları yığışdırdı, şlyapasını götürüb, divarın dibinə qısıla-qısıla uzaqlaşdı. Bayaqdan bəri gah gülmək istəyən, gah gərgin bir ruhi vəziyyət keçirən və zorla özünü saxlayan Səlimi nəhayət, çansıxıcı dəqiqələrin gəlib keçdiyini duşünərək, dərindən nəfəs aldı. Lakin hələ də həyəcanı soyumamış İsfahani gəlib, onunla üzbəüz oturdu:

- Ağayi Səlimi, bilirsinizmi, - dedi, - çoxdandır mən sizinlə bir neçə kəlmə danışmaq istəyirəm. Əvvəla, allah bilir ki, sizi mən öz doğma oğlum gözündə görürəm. Xatiriniz yanımda hədsiz dərəcədə əzizdir. Ona görə də cəsarət edib, yəni buna mənim ərkim də çatır ha, öz oğlum kimi, bəzi məsləhətlər vermək istəyirəm.

Səlimi qaşlarını çatdı, rəsmi hörmət qaydasını gözləyərək:

- Buyurun, ixtiyarınız var, - dedi.

- Sən hələ cavansan. Bizim siyasət aləmində oynayan nəqşləri zahirdə nə cür görürsən, vaqiən də elə o cür olduğunu düşunürsən. Vəhalon ki, işlər zahirdə göründüyündən çox-çox mürəkkəb və qəlizdir. Bunu nəzərə almasaq, çox iştibahlara yol vermiş olacaqsan.

- Xahiş edirəm açıq danışasınız, hansı iştibahları nəzərdə tutursunuz?

- Tələsmə, niyə tələsirsən, səbr elə, hamısını bir-bir deyəcəm, lap açıq danışacağam.

- Rica edirəm, buyurun, lakin əvvəlcə bir şərtim var, siz mənə səbrlə qulaq asasınız.

- Əlbəttə, əlbəttə, səbir müvəffəqiyyətlərin açarıdır.

- Buyurun, sizi dinləyirəm.

- Oğul, sənin birinci iştibahın odur ki, öz aqibətini nəzərə almırsan. Məsələn, sənin nə işin var ki, əlahəzrətin yanında durub rusların tərəfini saxlayırsan? Elə bip dəqiqəliyə belə fərz edək ki, əlahəzrət heç bir söz demədi. Məgər sən bilmirsən ki, bunlarla bizim sövdamız iləl'əbəd tutmayıb, tutmayacaq?..

- Məsələ aydın olmaq üçün xahiş edirəm siz mənim bir sualıma cavab verin!..         

- Buyur!

- Niyə siz Sovetlərə qarşı bu qədər amansızsınız? İngilis, Amerika, alman gözünüz görə-görə İranı soyur, talan edir, səfalətin qucağına atır, yenə də siz qapıları taybatay onların üzünə açırsınız, amma Sovet adı çəkiləndə fəhş və narəva sözlərdən başqa bir şey ağzınıza gəlmir. Şəxsən siz, ağayi Hikmət İsfahani, niyə bir cəbhə tutursunuz? Lütfən məni başa salın!..       

- Mənim gözüm üstə, qulaq as, başa salım. İngilis, Amerika, alman haqqında dediklərinin hamısı düzdur Burda təmamən səninlə şərikəm! Axı siz də bizi eşşək bilməyin. Bizim də ağlımız bir şey kəsir və onların hamısını da başa düşürük. Amma ölçüb-biçəndə görürəm ki, xeyr, bu ingilis, bu Amerika mənim üçün Sovetdən min pay yaxşıdır. Belə başa düş, onun məcazi ilə mənim məcazım tutan deyil, ərzimə mültəfit ol, gör nə deyirəm. Məcazımız başqa-başqadır!.. Təmamən bir-birinə ziddir!.. Amerikanın üzünə açdığın qapının yüzdən birini bu Sovetin üzünə aç, gör sabah İran bir-birinə dəyməsə tüpür mənim üzümə. Axı mən də bir şey qanıram. Mən bir batman düyü, bir qoyun və dörd çərək kərə yağının plovunu bir oturuma yeyib dururam ayağa, yəni bu sadə şeyi də başa düşmədim? Bir balaca Sovetlərlə əlaqə yarat, dədəmə lənət, əgər kəndli o yandan qalxmasa ki, gəlin torpağı bölək. Fəhlə bu yandan çıxmasa ki, səkkiz saatdan artıq işləyə bilmərəm!

- Bəs sizin insafınız necə qəbul edər ki, İranın xırda böyük, bütün şəhərlərində gündən-günə işsizlərin, ac və çılpaqların sayı artır. Dilənçi, işsiz və çılpaq əlindən küçələrdən keçmək mümkün deyil. Bilirsinizmi bunlar kimlərdir?.. Bunlar torpaqsız və hər gün, hər saat torpağı əlindən çıxan minlər, on minlərcə kəndlilərdir, axıb işsiz ve dilənçi halında şəhərlərə dolurlar. Bunlar gündə on dörd saat işləyən sahibkarın kefinə görə maaş alan fəhlələrin balaları və arvadlarıdır. Bəs bunlar sizin millət, sizin vətəndaşlarınız və qardaşlarınız deyilmi?

- Xob, hansı məmləkətdə işsiz yoxdur, dilənçi yoxdur! Hansı şəhərdə ac və lüt tapılmaz? Dünyada hamı ki, varlı olmaz. “Sən ağa, mən ağa, bəs inəkləri kim sağa?”

- Siz bilirsiniz ki, mən kommunist deyiləm. Bununla belə, mən bilirəm ki, iş bu cür getməyəcək, zamanın ruhu başqadır. Çarx başqa cür hərlənir. Siz isə bunu görmək istəmirsiniz. Məsələn, uzağa getməyək, elə sizdən danışaq... Ağayi Hikmət İsfahani, Tehranda oturmuşsunuz, ticarət kontorlarınız işləyir, tacirlik edir, yüz min tümənlərlə pul qazanırsınız. Bundan əlavə, Azərbaycan və Mazəndəranda altmış para kəndiniz var, bu kəndlərin çoxunu da heç görməmisiniz. Onları mübaşirə tapşırmısınız; kəndli yay, qış bilmir, əkir, biçir, yığır, siz də hazırına nazir, gəlib beşdə üçünü götürüb aparırsınız. Bax, mən bilirəm ki, bu cür qayda gərək dağılsın, yaşamasın!..

- Yaxşı, bəs mən nə edim, deməli götürüm kəndləri paylayım, ayağı cırıq kəndliyə?! Əcəb söz danışdın, maşallah. Bu da sözdür, dədədən-babadan qalma mülklərindən əl çək?!

- Söz, dədədən-babadan qalma mülklərdə deyil, ağayi Hikmət İsfahani, söz odur ki, çarx hərlənir. Dünyanın vəziyyəti dəyişir, sabahkı günün gəlməsini saxlamaq mümkün olmadığı kimi, o mülkləri də əbədi saxlamaq mümkün olmayaçaq. Bu gün sən verməsən, sabah sənin oğlundan zorla alacaqlar.

- Oğlan, sənə mən məsləhət görürəm ki, bu fikirlərdən əl çəkəsən. Yoxsa xeyir görməzsən. Ruspərəst olmaq istəyirsən, ol, nə eybi var, bəlkə bir gün gəldi o da lazım oldu, amma bu biri tərəfi də yadından çıxartma. Bizim bu xarabada müvazinət gözləməsən yaşaya bilməzsən.

Səlimi cavab verməyib fikrə getdi.

“Bu qorxunc buqələmunlar muhit və həyatı hələ nə qədər zəhərləyəcəklər!” deyə düşundü. Nəhayət, yemək gətirdilər, beləliklə, soyuq və ürəküzücü sükuta da son qoyulmuş oldu.

 ***

Səlimi xörəyi necə yediyini bilmədi. Həyatı və gələcəyi haqqında hələ də qəti bir qərara gəlmədiyindən mütərəddid fikirlərin doğurduğu iztirablardan yaxa qurtara bilmirdi. Əvvəldən axıra fikirli, dalğın və tutqun görünürdü. Gözaltı ona baxan Şəmsiyyəyə elə gəlirdi ki, onun fikri ancaq özü ilə məşğuldur. Hətta ətrafında olan adamların belə fərqinə varmırdı. Şəmsiyyə onun simasında və hərəkətlərində məqsədinə nail olmuş bir xudbinliyin, dəruni bir eqoizmin nəşələrini axtarır, qüssə və kədərdən başqa bir şey görmədikdə heyrət edir, “Ah, bu adam nə qorxulu adamdır, onun qəlbi yetmiş pərdənin altında gizlənmişdir!” deyirdi. Şəmsiyyə və Səlimi məsələsini artıq həll olunmuş hesab edən Hikmət İsfahaninin fikri ingilis ticarətxanasından alacağı malları tezliklə xırıd etmək və Həkimülmülkdən intiqam almaq yollarını araşdırmaqla məşğuldu. Lakin bütün bunlar onun böyük bir iştah ilə sədri düyüsündən bişirilmiş zəfəranlı plovu yeməsinə mane olmurdu. Ailənin başqa üzvləri də altdan-altdan gah Şəmsiyyəyə, gah Səlimiyə baxır, bugünkü naharı rəsmi nişanlama kimi bir şey hesab edirdilər.

Nahar qurtardıqdan sonra Hikmət İsfahani istirahət etməyə getdi. Səlimi şəhərə qayıtmaq fikri ilə ailə üzvləri ilə görüşməyə başladı. Şəmsiyyə hamıdan axırda duraraq, nə isə əlində bir kitab vərəqləyir, məşğul kimi görünürdü.

Səlimi:

- Xudahafiz, xanım! - deyib, ona əl uzatdıqda o, əl vermədən:

- Sizinlə bir neçə kəlmə danışmaq istəyirəm, - dedi.

Onlar həyətə çıxdılar, cərgə ilə düzülmüş şam ağaclarının arasında gəzməyə başladılar. Bir neçə addım getdikdən sonra Şəmsiyyə neçə gündən bəri ürəyində dolanan kin və nifrəti ifadə etmək üçün hazırladığı acı sözlərlə Səlimiyə müraciət etdi:

- Mən sizdən hər şeyi gözləyərdim, lakin belə bişərəf bir hərəkəti gözləməzdim!

Səlimi təəccüb etmədi. O, qızın acıqlı olduğunu əvvəlcədən sezmişdi. Qızın bu sözlərini də təhqir kimi qəbul etmədi. Düşdüyü vəziyyətin nə isə ona pis bir şey hazırladığını duyan və bütün varlığı ilə bu duyğunun ağırlığı altında əzilən bir adam üçün bu sözlərin nə əhəmiyyəti ola bilərdi? Uzun və gərgin fikirdən sonra da çıxış yolu tapa bilməməsi, müəyyən bir qərara gələ bilməməsi yavaş-yavaş onda hər şeyə qarşı laqeyd və laübalı bir əlaqə yaradırdı: qoy nə olacaqsa olsun. Bu əhvali-ruhiyyənin təsiri altında o, Şəmsiyyənin sözlərini dinlədi. Şəmsiyyə susub cavab gözlədikdə onun dodaqlarında bir təbəssüm göründü:  

- Sizi anlamıram, xanım!

Bunu bir təhqir hesab edən Şəmsiyyə daha da acıqlandı. Boğazı tutula-tutula və gözlərindən yaş axa-axa:

- Sizi istəməyən, sizə nifrət edən bir qızla necə yaşayaçaqsınız? - dedi. Ağam məni sizə sata bilər. Bəli, mühəqqəqdir, o məni sata bilər, zorla izdivaca da məcbur edə bilər, lakin alçaldılmış, təhqir olunmuş bir qadın qəlbində siz bütün ömrünüzü çürüdəcək zəhərdən başqa nə tapa bilərsiniz?.. Siz, həmişə özünü bu qədər mədəni göstərməyə çalışan, azad və müstəqil görüşlərilə tay-tuşundan seçilən siz belə bişərəf hərəkətə yol verirsiniz! Zamanını keçirmiş bir üsulla məni satın almaq istəyirsiniz:.. Gətirin, gətirin qulağıma bir qara qul sırğası da salın!.. Sizlərdən hər şey gözləmək olar, hər şey!..

Bir zaman, doğrudan da, xəyali bir məhəbbətlə sevdiyi qızın iztirab və göz yaşlarına qarşı Səlimi biganə və laqeyd baxa bilmədi. İçərisində dolaşdığı adamlar və mühitin sadə bir qız müxəyyələsində oyatdığı bütün təsəvvürlərin dağıldığını, onun ümidsizlik və məyusluğa qapıldığını gördükdə halına ürəkdən acıdı. Bununla belə o, indi, bu əzilmiş və ağır halında, kimsəsiz bir adam kimi məyusluğa qapıldığı zamanda Səlimiyə daha sevimli və rayihədar görünürdü. Sanki həyatın ilk ağır zərbəsi, qızın boş xəyalları ilə birlikdə qəlbinin aynasına qonmuş toz buludlarını da, hissiyyatı saxtalaşdıran təkəbbür və təzahür pərdəsini də silib aparmışdı. Bu halında o, sevimli və hörmətə layiq idi. O, ürəyini açmışdı və onu ancaq ürəkdən gələn səmimi sözlərlə inandırmaq olardı. Yalana lüzum yox idi. Buna görə də bütün əhvalatı açıb, ona nağıl etməklə bərabər hisslərini, nə qədər mütərəddid və təzadlı hallar keçirdiyini də danışdı. Rza xan istibdadı hökm sürdükcə heç bir qəlbə səadət olmayacağını söylədi:

- O özünü nəinki bizim mülklərimizin, hətta ürəklərimizin də ağası hesab edir, xanım. Bu rəzalətə dözmək çətin olsa da biz dözürük. Mən hələ nə edəcəyimi kəsdirməmişəm. Ancaq onu deyə bilərəm ki, sizi sevmiş olsaydım belə, inanın ki, yenə bu cür izdivacı arzu etməzdim. İndi isə sizə iki insan arasında mümkün ola biləcək dostluqdan başqa bir şey təklif edə bilmərəm.

Şəmsiyyə fikrə getmişdi. Vəziyyət ona doğrudan da ağır görunürdü. Heç bir qərara gəlmədən əlini Səlimiyə uzatdı:

-  Həqiqəti mənə bildirdiyiniz üçün təşəkkür edirəm! - dedi və ayrılarkən qəlbində bir yüngülluk hiss etdi.



* - Velosipedlər.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info