Qonaq Kitabı
BƏQAÜS-SƏLTƏNƏ

 

(BƏQAÜS-SƏLTƏNƏ) [i]

 

(Mar, mar mizənəd gürzə mar mizənəd)[ii]

 

Genə keçən günlər yadıma düşdü. Məhəlləmizdə xəbər çıxartdı ki, bazarda ilan oynadırlar. Qaçardıq tamaşa eləməyə və görərdik ki, hacılar və kərbəlayılar cəm olub doluşublar bir kişinin başına. Bu kişi qutuları düzüb ortalığa və bir qutunun ağzını açıb və bir zorba ilanı qutunun içindən çıxardıb atır meydana və üzünü camaata tutub deyir: “hələ bu balasının balasıdı”.

İndi haman sözlər yadıma düşəndə mənim xəyalım gedir Misrə və orada İran konsulunun nayibi Məhəmməd Nayib yadıma düşür. Və Məhəmməd Nayib torpa-ğında sadədil və biçarə İran rəiyyətinin başına gətirdiyi zülmlər yadıma düşəndə haman ilan oynadanın sözləri yadıma düşür, “hələ bu balasının balasıdı”.

Yaxşı yadıma gəlir ki, əvvəlinci ilandan sonra ilan oynadan qutuların içindən dəxi bir zorba ilan çıxardıb atardı meydana və genə deyərdi: “hələ bu balasıdı”. Həqiqət, ilan, nə ilan! Doğrudan əjdaha kimi bir şey idi, amma “hələ balası idi”.

Bunu da yadıma salanda Misirdə İranın general konsulu və Ərfəüddövlənin qardaşı Mirzə Ələsgər xan Bəqaüş-şeytənə yadıma düşür və bu cənabın Misirdə sükunət edən dilsiz-ağızsız İran rəiyyətinin mal və namusunu qarət etməyi yadıma düşür və cənab Bəqaüş-şeytənə yadıma düşəndə haman ilan oynadanın sözləri yadıma düşür: “hələ bu balasıdı”.

Yadımdadır ki, sonra ilançı əlini uzadardı və qutunun içindən dəxi də əjdaha kimi bir heybətli ilanı çıxarıb atardı meydana və avaz ilə oxurdu:

“Mar, mar mizənəd, kürzə mar mizənəd”. Onda dəxi biz qorxub qaçardıq.

Bunu da yadıma salanda, məsələn, Ərfəüddövlə yadıma düşür, Mirzə Ələsgər xan yadıma düşdü, yəni vəziri-əzəmi-sabiqi-İran. Haman Mirzə Ələsgər xan ki, saləş nəzdik bepəncah pənc, əmma cavan, məsləkəş məsləki-xuliqan, misli-Pruş-keviç və Kruşevan, bidin və biiman, simayəş səhmanak, əbruyəş və qəlbəş siyah, pürmuy, sitəmcuy, şəb ta sübh sədayi-tar, biqeyrət, binamus, biar, lotiyan həmə vabəsteyi-u, mütriban həmə dəsteyi-u. Allah onun evini yıxsın, vəssəlam! Başağrı-sı oldu.

 

Dəli.

“Molla  Nəsrəddin”,  2 dekabr,  1907,  N45



[i] Səltənətin baqiliyi, əbədiliyi.

[ii]  İlan ilanı vurur, gürzə ilanı vurur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info