Qonaq Kitabı
ON BEŞİNCİ FƏSİL

Hikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı. Onun fikri dolaşıq, qəlbi həyəcanlı idi. Rza xanın ondan narazı olduğunu, ona hətta gizli bir kin bəslədiyini duyurdu. Rza xanın heç bir şeyi unutmadığını və heç bir qüsuru əfv etmədiyini də bilirdi. Buna görə də qəlbinin dərinliklərində ağır bir əndişə baş qaldırırdı. Şahın belə qəzəblənməsində Həkimülmulkün də barmağı olduğu ona aydın idi. Bununla belə, hər şey ona anlaşılacaq şəkildə görünmürdü. Nə isə, şahın da, Həkimülmülkün də hərəkətlərində bir mübhəmlik, bir sirr vardı. Saraydan çıxdıqdan sonra Həkimülmülkün Rza xanla tək qaldığını yəqin bilməsi, xüsüsilə onun bu şübhələrini daha da artırırdı. “Bu siçan hələ çox ipləri çeynəyəcəkdir!” - deyə Hikmət İsfahani düşünür, özünü bərk danlayır, belə bir adamın əlinə bəhanə verdiyi üçün peşmançılıq çəkirdi: “Mən axmaq - deyirdi, - bu bişərəfləri tanıya-tanıya yenə dilimi dinc qoymuram, mülk də getdi, əlavə Ərdəbil bağları da getdi, qızı da bu qurumsağa verdim. Özüm də borclu çıxdım. Özüm öz malımı oda qoydum. Bu saray siçanı, bu tiryəki köpək oğlu da üstümə qalxdı. Ayağın qoydu boğazıma. İndi nəfəsimi kəsənə qədər sıxacaq...”. Bu düşüncələr onu sıxır, tamamən haldan çıxarırdı. Bütün bu fikirlər və mülahizələri onu çarə axtarmağa, ayağının altını möhkəmlətmək üçün yollar aramağa sövq edirdi. O, hansı vasitələrlə Rza xana təsir edə biləcəyinin, onu bu hiyləgər və tiryəki Həkimülmülkün təsirindən qurtara biləcəyini düşünürdü. Bu, verimlə, bəxşişlə düzələsi iş deyildi. Çünki əlahəzrətin bir pis xasiyyəti vardı ki, verdikcə iştahı artırdı, əmlakı artdıqca onun həvəsi də şiddət kəsb edirdi. Onu verimlə doyurmaq mümkün deyildi.

Hikmət İsfahani uzun müddət şaha təsir etmək yollarını axtarıb, bir-bir mühüm simaları xatırında canlandırarkən, birdən-birə dostu mister Tomas yadına düşdü. “Aha, yaxşı tapmışam, - deyib sevindi, - bu adamın İran siyasətində hərlətmədiyi bir təkər, tərpətmədiyi bir halqa yoxdur. Yaxşı tapmışam. Əlahəzrəti elə yumşaltsınlar ki, lap muma dönsün. Ağayi Tomas onun qəzəbini elə mərhəmətə çevirsin ki, görən əhsən desin!” Bu fikirlərlə o birbaşa maşını Tomasın rəsmi qulluq yeri olan ingilis səfarətxanasına sürdü. O, maşından düşərkən Tomasın öz maşınına minməyə hazırlaşdığını gördü. Tələsik ona doğru addımladı. Tomas da onu görüb dayandı və qayıdıb ona tərəf gəldi. Uzun qollarını yanına sallayaraq uzaqdan:

- O... o... o, mister İsfahani! Səlaməleyküm. Əhvalşüma çi tori* - deyib güldü və əlini ona uzatdı.

Hikmət İsfahani Tomasın uzun və enli gövdəsinin üstündəki sarı başına və üzünə baxdı. İkiəlli onun əlini sıxdı və uzun müddət ovcundan buraxmadı. Tomas bu tanış hərəkətdən onun mütləq böyük bir xahiş üçün gəldiyini anladı. Qolundan tutub, geri qayıtdı: 

- Bütün İranda bircə dostum var, ürək dostum, - dedi, - o da mister İsfahanidir. Onun yolunda ən vacib işlərimi təxirə sala bilərəm.

- Mersi, allah bilir ki, mənim də sizə ixlasım var. Vücudunuzu bir gün görməyəndə ürəyim darıxır. Elə bil ki, bütün ingilis dostlarımın məhəbbəti sizin bu nəcib, alicənab təbiətinizdə toplanmışdır...

- Mən Hindistanı, İraqı, Misiri, Ərəbistanı gəzdim, sizin kimi bir dosta rast gəlmədim. Məşriq bütün gözəllikləri bütün sədaqəti, qonaqpərəstliyi, sadəliyi və ağıllılığı ilə sizin simanızda təcəssüm etmişdir desəm, səhv olmaz, İngiltərədəki dostlarıma, hətta arvadıma belə sizin haqqınızda yazmışam...

- Mersi, mersi, mersi!.. Nə qulluğunuz olsa hazıram.

- Siz buyurun, bizə aid bir qulluq deyin, yerinə yetirək, ruhumuz ləzzət çəksin. Dosta xidmət etməkdən yüksək mənəvi bir zövq ola bilərmi? Olmaz. Buyurun, rica edirəm!

- Sizin sağlığınız! Elə, könlüm istədi, dedim, gedim bir dostumun qulluğuna salam verim.

- Görürəm siz demək istəmirsiniz. Onda qoyun mən sizə bəzi şeyləri xəbər verim. Ticarətxana ilə danışmışam. Bu növbə gələn malların hamısını sizə buraxacaq. Bir nəfər də başqa tacirə mal buraxılmayacaqdır. Gələn də ən əla yun və ipək mallardır. Müxtəlif rəngli və müxtəlif keyfiyyətli! Bazarın ağası siz olacaqsınız. Nə qiymətə istəsəniz, buyurun satın. Deyin görüm yaxşı işdir, yoxsa yox?

- Boynumuzda həmişə haqqınız var!..

- Yox hələ bu azdır. Birləşmiş Kral dövləti dünyanın harasında olursa-olsun öz sadiq dostlarını qiymətləndirməyi, onların zəhmətinə layiq mükafat verməyi bacarır. Siz tezliklə siyasət aləminin görkəmli simalarından olacaqsınız Vəzirliklə necəsiniz? Hə?

Hikmət İsfahani sevincini boğmağa çalışaraq:  

- Bəlkə bu məsələ dünən mümkün olaydı, bu gün ola bilməyəcək, - dedi.

- Niyə? Necə yəni ola bilməyəcək?

Hikmət İsfahani bütün əhvalatı Tomasa nağıl etdi. Tomas diqqətlə qulaq asıb, gülümsədi:

 - Narahat olmayın, boş şeydir. Mən də deyirəm görəsən dostumun üzündəki bu qüssənin səbəbi nədir? Heç düşünməə dəyərmi? Boş bir şeydir!..

- Rica edirəm, ağayi səfirə deyin, məni əlahəzrətə tapşırsın.

- Arxayın ol, mister İsfahani. Bunlar hamısı düzələ çəkdir. Get kefini saz elə və heç dərd çəkmə! Əlahəzrət özü sizi çağırıb, məhəbbət və hörmətlə vəzarəti götürmənizi xahiş edəcəkdir.

- Allah sizin kölgənizi bizim üstümüzdən əskik eləməsin, mister Tomas! Siz olmasaydınız biz acından ölərdik.

O, mister Toması qucaqlayıb öpdü. Mister Tomas ağır əlini onun kürəyinə vurub:

- Şərq məhəbbəti, şərq məhəbbəti! - dedi.

Hikmət İsfahani getmək istərkən mister Tomasın nə isə demək fikrində olduğunu duydu. Onu danışdırmaq üçün bir bəhanə olaraq:

- Rica edirəm əlahəzrət Kral dövlətinə bizim sədaqətimizi bildirin. Allah bilir ki, Şərqin və o cümlədən bizim bədbəxt İranın bircə dostu varsa, o da ingilisdir. Biz ingilisin yüz illər ərzində bizə etdiyi yaxşılığı dədə-baba minnətdarlığı ilə yad edəcəyik. Siz o beş-üç boşboğazın, yeməyə çörək tapmayan lat-lütün sözünə qulaq asmayın. O yazıqları da yoldan çıxarıb, bədbəxt edən vallah, billah, dinim, imanım haqqı bu ruslardır.

Mister Tomas:

- Ağayi İsfahani, - dedi, siyasət aləminin, sizin üçün qaranlıq olan bir guşəsi yoxdur. Xüsusilə Tehran kimi siyasət dünyasının sirlərlə dolu bir mərkəzində əldə etdiyiniz uzun illərin təcrübəsi sizə tükü-tükdən seçməyə imkan verir. Ona görə də mən əvvəlcədən üzr istəyirəm ki, cənabınıza əlif-bey qədər sadə görülən bəzi şeyləri təkrar edəcəyəm. Məmləkətlər arasında, siyasətin mündəricəsindən, dövlət quruluşunun şəklindən asılı olmayaraq, əbədi təsir göstərən amillər vardır ki, biz onlara təbii, yaxud coğrafi amillər deyirik. Hər şey dəyişsə də, iki məmləkət arasındakı münasibətdə bu amillərin təsiri və rolu dəyişmir. İranla Rusiya arasındakı münasibət də bu cür amillərdən asılıdır. Bu amillərin sayəsində Rusiya İran üçün əbədi bir təhlükə mənbəyi olaraq qalır. Çarizm dağıldı, yerinə bolşevizm gəldi. Bu təhlükə azaldımı? Xeyr, daha da artdı. Əksinə, bolşeviklər bir də İranı öz dəhşətli ideyaları ilə, kommunizm ilə təhdid etməyə başladılar. Kral dövlətinin İranda bircə arzusu varsa, o da bu təhlükənin qabağını almaqdır. Biz bu işdə sizin kimi ağaların köməyinə və bizi anlayaçaqlarına əminik.

- İxlasımız var, mister Tomas! Böyüyümüzsünüz!

- Amma İran daxilində bəzi ağalar ya bunu başa düşmür, ya da düşərək lazımi nəticə çıxarmırlar. Bu təhlükəyə qarşı möhkəm mübarizə aparmırlar. Son zamanlar şəhərə yayılmış bəzi ədəbiyyatdan yəqin ki, xəbərsiz deyilsiniz. Bunları düzəldən kimdir? Yəqin ki, ruslardır, bolşeviklərdir, Kominterndir. Amma İran mətbuatı isə bu barədə kifayət qədər yazmır. Hikmət İsfahani Tomasın fikrini anladı.

- Mister Tomas, mənim ruznaməm hər gün bu barədə yazır. Axırıncı nömrələri sizə göndərərəm. Xahiş edirəm mütaliə buyurasınız. Lütfən qeydlərinizi də bizə bildirəsiniz nəzərə alarıq. Lap müdiri-ruznamə ağayi Sofi İranpərəstin özünü hüzurunuza göndərərəm. Necə lazımdırsa, deyin, yazıb ruznamədə çap eləsin.

- İkinci mühüm bir məsələni də, İranın gələcəyini düşünən adamlar heç vaxt gərək nəzərdən qaçırmayalar. O da şimal nefti məsələsidir. Özünü İranın qədim dostu hesab edən Krallıq dövləti çox istərdi ki, şimal neftinin işlənməsində öz səy və bacarığını tətbiq edə bilsin. İranın sizin kimi fərasətli, ağıllı siyasət adamları gərək bu məsələnin hər hansı başqa bir dövlətin mənafeyinə həll olunmasına qarşı çıxsınlar.

Mister Tomas “Hər hansı başqa bir dövlətin” sözlərini xüsusi bir ahənglə tələffüz etdi. Hikmət İsfahani yenə də mətləbi anlatdı.

- Mister Tomas, İran zəif bir dövlətdir, balaca bir məmləkətdir. Amerika boyda əjdəhanın qabağında dura bilməz. Amerika kapitalı özünü zorla soxur məmləkətə, vallah, billah, çarəmiz kəsilib, görürük ciyərimiz yanır, məcbur oluruq alaq, sataq, bir əlaqə yaradaq ki, başımızı girləyə bilək. Gərək Amerika ilə İngiltərə dövləti belə məsələləri İranda yox, Londonda, Vaşinqtonda oturalar, həll eləyələr, bişirələr, gətirib qoyalar bizim qabağımıza, daha biz də başağrısı çəkməyək. 

- Hər halda siz öz fikrinizi deməlisiniz.

- Mənim gözüm üstə, mister Tomas, sabah o barədə bir səhifə ruznamədə yazarıq. Məlum məsələdir ki, ingilissiz şimal neftini çıxarmaq olmaz!

Mister Tomas susdu. Hikmət İsfahani onun razı qaldığını görüb durdu: 

- Xudahafiz, mənim əziz dostum, mister Tomas! Mister Tomas onun əlini sıxdı. O, qapıdan çıxarkən dönüb bir də:

- Mister Tomas, məni yaddan çıxartmayın, əlinizi bizim ustümüzdən çəkməyin! - dedi.

 ***

Hikmət İsfahani böyük bir şadlıqla maşına oturub şoferə:

- Sür, bir şəhəri cövlan eləyək! - dedi.

Maşın şəhərin adamla qaynaşan böyük küçələrindən ötdükcə Hikmət İsfahani məmnun halda baxır, mağazaları, meydançaları, imarətləri gözdən keçirirdi. Birdən nəzərini böyük hasarın içərisinə alınmış bir bağ cəlb etdi. Bu Amerika səfarətxanası yerləşən bağ idi. O, ani bir tərəddüd keçirtdi. “Gəlsənə bir bura da baş çəkim” deyə düşündü. Lakin qəti bir qərara gələnə qədər maşın uzaqlaşmışdı, başqa binaların yanından yel kimi uçub keçirdi. Şoferə:

- Gədə, bir də bu küçəni dala qayıt, yaxşı hamar küçədir.

Şofer qabaqkı döngədə maşını dala qaytardığı zaman Hikmət İsfahani öz-özünə belə düşünürdü: “Bu ingilis köpək oğlunun şirin dilinə çox da etibar yoxdur. Bunlar adamın başının altına balış qoyub, yatırmağa adət etmişlər. Yağlı sözlərinə aldanıb arxayın olarsan, bir də görərsən tamam tərs çıxdı. Səni yuxuya verib, evini yıxdı. Bu tayfa xeyrini dədəsinə də verən deyil. Əlahəzrət ilə bir başqa şey üstündə müamilələri düz gəlsə məni yadlarına da salmayacaqlar. Bu vəzirlik-zad da qarpız idi qoltuğuma verdi. Dərdi neft dərdidir”.

Bu mühakimələr onun ürəyini yenidən əndişə ilə doldurdu. Hətta Tomasın nəzakətli gülüşləri belə ona istehza kimi görünməyə başladı. “Yox, mütləq gərək amerikalı dostlarımı görəm. Bunlar ingilisin tayı deyillər. Bunların cibi doludur. Ona görə də əlahəzrətin yanında sözləri ötkündür. Gedim, burada da işimi möhkəmlədim” - deyib, maşını Amerika səfarətxanasının enli darvazasına doğru sürdürdü. Komendant onu görən kimi gülümsəyib, şlyapasını çıxartdı və salam verdi. O, maşından düşdü, eyni nəzakətlə şlyapasını qaldırıb, komendantla salamlaşdı və yaxınlaşıb əlini sıxdı:

- Mister Haroldun qulluğuna salamım var!

Komendant içəri girib, zəng etdi. Təcili qayıdıb “buyurun, rica edirəm”, - deyə Hikmət İsfahanini böyük bir binaya doğru apardı.

Mister Harold onu, mister Tomas kimi təntənə ilə qarşılamadı. O, sadəcə ayağa durub əl verdi, gülümsədi, halını soruşdu və oturduqdan sonra çay gətirtdi. Hətta bunlar Hikmət İsfahaniyə daha səmimi göründü. Özlüyündə “Kişilər ağalığa öyrəniblər”, deyib düşündü.

 Çay içərkən mister Harold şəhərdəki işlərdən, ticarətin gedişindən və dünyanın vəziyyətindən söhbət saldı:

- Müharibə şişib genişlənəcəkdir, - dedi, bu - ticarət işinə əngəl törədə bilər. Bir dost kimi sizə məsləhət görürəm, yavaş-yavaş ticarəti elə mallara keçirəsiniz ki, onların müharibədə əhəmiyyəti olmuş ola...

Hikmət İsfahani bir tacir həssaslığı ilə onun sözlərindəki mənanı qavrayıb, müharibə nəticəsində tüccarın varlana biləcəyini fikrindən keçirtdi:

- Biz həmişə sizin kimi xeyirxah və bizim səmimi dostlarımızın məsləhətinə qulaq asmışıq. Bunun sayəsində də allaha min şükür ki, gündən-günə irəli gedib, tərəqqi etmişik, ticarətimiz artıb və genişlənibdir. İnşallah, bundan sonra da sizin mərhəmətinizin sayəsində heç bir çətinliyə rast gəlmərik.

- Amerika bütün ölkələrlə açıq və geniş ticarət tərəfdarıdır. O, xüsusən İran kimi geridə qalmış Şərq ölkələri ilə öz iqtisadi və ticarət əlaqələrini möhkəmləndirmək və bu vasitə ilə onları irəli aparmaq istəyir. Hər iki məmləkətin xeyrinə olan bu işdə sizin kimi ağaların xndmətini biz yüksək dərəcədə qiymətləndiririk. İndi şimal neftini istismar etmək üçün başlanacaq işlər iki ölkə arasında çox geniş üfüqlər açır. Zənnimcə siz də buna qanesiniz.

- Mən sizə qövr verirəm ki, nəinki mən, bəlkə bütün İran buna qanedir. Baba, bu neft yerin altında nə qədər yatıb qalacaq!.. İşlət, qoy sənə də bir şey çıxsın, bizə də... Axı buna ki, bir söz ola bilməz. Yəni insafən demək lazımdır ki, əlahəzrət ilə olsaydı, çoxdan o nefti sizə verərdi. Özünüz bilirsiniz ki, bu şimal qonşusu bir bəla olub, keçib boğazımıza. Qoymur, baba, qoymur rahat işimizi görək. Bir soruşan yoxdur ki, baba, məmləkət bizim, nə bilirik onu eləyirik, daha sənə nə dəxli vardır. Allaha min şükür ki, indi da fürsət gəlib çatıb. Götürün bu nefti, zavod tikin, mədən salın, siz də xeyir görün, bizə də bir çörək çıxsın.

Mister Harold incə bir eyhamla:

- Gərək ingilislərin də buna bir etirazı olmasın,- dedi. Hikmət İsfahani onun nəyə işarə etdiyini anladı:

- Ağayi Harold, bu ingilisləri siz bizdən yaxşı tanıyırsınız. Onlara çox da etibar yoxdur, biz iranlılar ki, belə görmüşük. İngilisin gözü doyan deyil. Dünyanı tutsa, deyəcək gərək aya çıxam. Bunlar belədirlər. İki gün bundan qabaq ingilis siyasi adamlarından birisi mənə deyir ki, şimal neftini təkcə amerikanlara vermək olmaz. Bu, dövlətlər arasındakı müvazinəti poza bilər. Yaxşı olar ki, şimal neftini istifadə etmək üçün İran, Amerika və ingilisin iştirakilə şirkət düzəldək. Əziz başın üçün, mister Harold, özünə dedim ki, baba, ingilis qardaşlar, bizdən əl çəkin, cənub neftini təmiz həzm-rabedən keçirmisiniz, yeyin, halal xoşunuz olsun, daha bu şimalda nə işiniz var.

Harold, Hikmət İsfahaninin hərəkətini təqdir etdi:

- Çox gözəl demisiniz. Lakin bütün İran neftindən üç dövlətin iştirakilə istifadə etmək daha faydalı olmazmı? Nə üçün cənub neftinə təkcə ingilislər sahib olmalıdırlar! Bu ki, İrana da zərərdir, Amerikaya da. İranlılar bunu başa düşməlidir.

- Siz bizə arxayın olun, mister Harold! Çoxdan başa düşmüşük. Tacir, ərbab tayfasının hamısı da olmasa, doxsan doqquz faizi amerikanların tərəfdarıdır. Məclisdə də, dövlətdə də sizin istədiyinizi keçirmək mənim boynuma.

Birdən nəyi isə xatırlamış kimi, əlini qoltuq cibinə saldı. Dördqat bükülmüş üç səhifəlik ağ kağız vərəqəsi çıxartdı:

- Mister Harold, o günkü danışığımıza əsasən not tutmuşam. Şənbə günü məclisin iclasını mərəkəyə çevirmək fikrim var. Bir qulaq as gör, necədir. Bəlkə bir şey yaddan çıxıb, axı siyasət işində siz məndən püxtəsiniz.

Mister Harold, biclik dolu bir nəzərlə Hikmət İsfahaniyə baxıb, azca gülümsədi:

- O ... o... o... Kaş sizdə olan siyasi hissiyyat məndə olaydı. Mən də siyasətdə sizin qədər dərin gedəydim.

- Elə deməyin, siz allah, elə deməyin!.. Ticarətdə sözüm yox, yüz sizin kimilərini çaya susuz aparıb, susuz da gətirərəm. Amma siyasətdə yox. Bu biz girən kol deyil. Elə yavaşca, bir balaca yuxarılarda üzüb başımızı girləyirik.

O öz antisovet çıxışının tezislərini mister Harolda oxudu:

- Hələ danışanda, onqat gücləndirəcəyəm.

Mister Harold diqqətlə qulaq asıb, bəzi yerlərini iki dəfə oxutdu və nəhayət:

- Mister İsfahani, siyasət incəlik istəyir, - dedi, - O da ki, tamamən sizdə var. Gərək natiqlər parlamentdə danışmağı sizdən öyrənələr...

İsfahani:

- Bəh-bəh-bəh, iltifat sahibi olasan, mister Harold, - deyib güldü. Ona təşəkkür etdi. Mister Harold isə əsl fikrini demək üçün bir müqəddimə olan bu sözlərin Hikmət İsfahanini razı saldığını görüb:

- Bəzi kiçik dəyişikliklər də etmək pis olmaz, - dedi. 

- Qışqırığı və söyüşü bir az azaldın. Elə danışın ki, oxuyan sözünuzün qərəzsiz olduğuna inansın. Bir sözlə, incə doğrayın, mister İsfahani, incə...

Hikmət İsfahani mister Haroldu lap yaxşıca başa düşdüyünü bildirmək və onu artıq söz axtarmaq zəhmətindən qurtarmaq üçün:

- Bir sözlə, pambıqnan baş kəs, - deyib qəhqəhə ilə güldü. Belə həyasız açıqlıq mister Harolda xoş gəlmədi:  

- Yox, həqiqəti aşkara çıxart.

Hikmət İsfahani tez simasındakı gülüşləri yığışdırdı:  

- Əlbəttə, elədir. Mən şuxluq üçün dedim. Əslində mister Harold, hər şey siz deyən kimi olacaq. Ancaq siz mərhəmət əlinizi, lütf və kəramətinizi bizim üstümüzdən çəkməyin.

- Biz İranın və xüsusən sizin kimi ağaların sadiq dostuyuq. İstər ümumi dövlət daxilində, istər şəxsən nə arzunuz olsa, buyurun.

Hikmət İsfahani bu iltifatdan istifadə edib, Rza xanın yanında baş verən hadisələri mistər Harolda nağıl etdi. Öz əndişələrini bildirdi. Əlahəzrətin təbiətən qeyri-sabit və etibarsız bir adam olduğunu, öz ehtiraslarının hökmü altında yaşadığını söylədi: - Ağayi səfir-kəbir vasitəsilə, balaca bir təsir lazımdır. Bircə kəlmə ilə Amerika dövlətinin məni dost tutduğunu əlahəzrətin qulağına çatdırmaq lazımdır. Ozgə bir ərzim yoxdur.

Mister Harold onu əmin etdi:

- Özünüzü Birləşmiş Amerika Ştatlarının bayrağı altında rahat hiss edə bilərsiniz!

Riqqətdən gözü yaşarmış Hikmət İsfahani:

- Allah bizim bir günümüzü o bayraqsız eləməsin, - dedi və mister Haroldun əlini sıxıb vidalaşdı.

* * *

Hikmət İsfahaninin kefi yenə xeyli yüksəkdi. O, bugünkü müvəffəqiyyətindən vəcdə gəlmişdi. Ona əbədi görünən ruhi müvazinət içərisində sonsuz bir zövq duyurdu. Hətta özündən, öz gələcəyindən o qədər arxayın idi ki, ayaqlarını yerə qoyduqda, nə isə heç zaman hiss etmədiyi bir möhkəmlik və qüdrət hiss edirdi. Ona elə gəlirdi ki, öz həqiqi hökmdarını tapmış torpaq ayaqlarının altında titrəyir, belə bir nəşə ilə o maşına oturdu: - Gədə, bir İstambuliyə, oradan da Laləzara sür, ürəyim gəzmək istəyir.

Maşın küçələrdən axıb gedərkən o yenə də dala qaçan evlərə, mağazalara, gözünə bir heç kimi görünən adamlara baxır, ayaqlarını uzadıb, yumşaq söykənəcəyə yayılaraq, qəribə bir nəşə aləmində yaşayırdı. Birdən-birə gözlərinə, üstündə svastika yellənən bir bayraq dəydi. Maşın sürətlə keçdiyindən çiyni üstündən burularaq, dal pəncərədən bir də bayrağa baxdı. Bura alman səfarətxanası idi. Tiryək nəşəsinə dalmış adamı nagəhani bir gurultu kefdən ayıldan kimi, bu bayraq da onu şirin xəyalatdan ayırdı. Öz-özünə: “Kişi, - dedi, - gəl qəflət eləmə, bir bura da baş vur. Burda da özünə bir istinadgah düzəlt. Əslinə baxsan bu amerikanlar da elə ingilislərin tayıdır. Çox bel bağlayıb, etibar etmək olmaz. Bu Tehranda mənim kimi yüz tacirlə əlaqə saxlayırlar. Mənim kimi yüzünə salam verib, yüzündən salam alırlar. Özlərini zahirdə alicənab qələmə verirlər. Amma əslində ingilisdən pis quldurdular. Elə fikirləri neftdir. İranı soyub talamaqdır. Yoxsa nə işinədir, xeyri olmasa durub gedə şahın yanında mənim sözümü sala. Almanlar başqa məsələ... O kişilər qətiyyəti sevirlər. Özlərinin də bu saat qılıncının dalı da kəsir, qabağı da. İngilisi də, Amerikanı da büküb, soxublar bir qoz qabığına. Gözü görə-görə gedib Firəngistanı, Belçikanı, Polşanı tutublar, dədələrinin mülkü kimi oturublar içində. Əlahəzrətə elə bunların bir zəhmi bəsdir”.

Bu mühakimələrlə o qəti qərar çıxartmaqda tərəddüd etmədi. Şoferə maşını birbaş alman səfarətxanasına sürməyi tapşırdı.

Komendant, Hikmət İsfahaninin maşınını görən kimi qapını açdı. Maşın dayandıqda yaxınlaşıb, salam verdi.

- Fon Valter bu gün sizi soruşubdur...

Bu söz onu sevindirdi. Beləliklə, xəbərdarlıq etmədən durub gəlməsi bir növ doğrulmuş və yerinə düşmüş olurdu. Bu da onun mövqeyi və nüfuzu üçün əhəmiyyətli bir cəhət idi. Bu fikirlə, Valterin zəngin mebellərlə bəzənmiş otağına doğru yollandı. Koridorda fon Valter özü onu qarşıladı. Görünür ki, komendant xəbər vermişdi. Fon Valter onun qoluna girib, birbaş otağa apardı. Yumşaq kresloda oturdub, özü də onunla üz-üzə əyləşdi.

- Çox şadam ki, gəldiniz. Bu gün səhərdən sizi axtarıram. Lakin müəmmalar içində itirsiniz, - deyib, hər iki əli ilə başını tumarladı.

Hikmət İsfahani:

- Harada itsək, axır gəlib dost bağına düşəcəyik. Əmin olun, - deyə cavab verdi.

- Buna heç bir şübhəmiz yoxdur. Üzünüzə demək yaxşı olmasa da, sizin əqli-səlim sahibi və siyasət aləminin sirlərini dərk etməkdə açıqfikirli bir adam olduğunuzu qeyd etməyə məcburam. Sizdəki bu yüksək keyfiyyət haqqında hətta fürerin özünə də yazmışıq. Xoşbəxtlik orasındadır ki, bu gün fon Ribbentrop şifr ilə fürerin sizin haqqınızdakı tapşırığını bizə xəbər vermişdir. Sevincimdən bütün günü sizi axtarmışam.

Hikmət İsfahani səbirsizliklə:  

- Ağayi fürer nə yazır? - deyə soruşdu.

- Fürer sizinlə daha sıx əlaqə yaratmağı bizə tapşırmışdır. İranda alman siyasətinin gələcəyi və sizin istiqbalınız haqqında fürerin xüsusi fikri vardır.

Fon Valter mənalı bir sükuta daldı, Hikmət İsfahaninin gözlərində böyük bir marağın ifadələrini görərək, onu qane edəcək bir işarə ilə kifayətləndi:

- İndi siyasət dünyası tufanlı bir dərya halını almaqdadır. Ağıllı və qabil millətlər belə halda dövlət gəmisinin sükanını bacarıqlı əllərə tapşırırlar. Fürer öz böyük siyasətində İrana həmişə əhəmiyyətli yer vermişdir. Güman etməyin ki, onun başı Avropa işlərinə qarışmışdır, daha Şərqi görmür. Avropada başlanan hər iş nəhayət, Şərqdə qurtarmalıdır. İran isə bütün Şərqin qapısıdır. Bu qapıda möhkəm keşikçi durmalıdır...

Hikmət İsfahani bu gözləmədiyi xəbərdən qurumuş dodaqlarını yaladı:

- Kim nə deyir-desin, biz iranlılar o kişiyə iman gətirmişik. Canım, nahaq deyil ki, bizim bu avam camaat kişinin adını imam Heydər qoyub... İnanın ki, əgər fürer müsəlman olsaydı, birinci mən özüm bayraq qaldırardım ki, Sahibəzzəman gəlibdir.

O, dayanıb Valterə baxdı, bu din ayrılığı məsələsini nahaq yerə ortalığa atdığını düşünüb, tez səhvini düzəltməyə çalışdı:

- Kişi nə dinin sahibi olur-olsun, bizim ona inamımız var.

- Fürer iranlılara xüsusi məhəbbət bəsləyir. O, sizi də böyük Aryan nəjadının övladları hesab edir. Onun nəzərincə yer üzündə yaşamağa qabil ikicə millət var: almanlar və iranlılar. Çünki ikisinin də qanı təmiz Aryan qanıdır. Fürerin planına əsasən bu iki millət dünyaya sahib olmalıdır. Qərbdə biz, Şərqdə siz. Furer dünyaya sahib olanda Bakını, Tiflisi və bütün Qafqazı İrana verəcəkdir. O böyük imperiyanın göylərində, ağayi Hikmət İsfahani parlayan bir ulduz olacaqdır. Ha, ha, ha...

O, şaqqıltı ilə qəhqəhə çəkib güldü. Hitlerin irq nəzəriyyəsini Hikmət İsfahanilərin zövqünü oxşayan şəkildə və İran şəraitinə uyğunlaşdıraraq, verdiyi təfsildən özü də razı qaldı. Hikmət İsfahaninin isə gözünün qabağında bir sərab kimi, doğrudan da, böyük bir imperiyanın hüdudları gəlib durdu.

- Onda ay ticarət edəcəyik ha!.. - deyib dodaqlarını yaladı  - sərhəd yox, gömrük yox. Vur Rusiyanın içindən malları yerit Avropaya, kişmiş, ərik qurusu, gön, yağ, dəri, taxıl. Tök Avropa bazarlarına. Qayıdanda da çit, mahud, nə bilim ətriyyat, corab, panama al gətir, tök millətin qabağına qoy kefi istəyəni seçsin. Ticarət yaman rövnəq tapacaq, ağayi fon Balter!

- İndi də fürer bizə tapşırıb ki, qoymayaq sizin kimi adamlar müharibədən zərər çəksinlər. Nə qədər malın var, buyur bu gün deyim bizim ticarətxana hamısını götürsün. Nə də istəsən sənə verməyə hazırıq. Qiymətdə də, özün bilirsən ki, səni narazı qoymarıq!

- Bir allah bilir ki, sizdən mən yerdən göyə qədər razıyam. Allah sizin bayrağınızı həmişə uca eləsin, allah onun kölgəsini bizim başımızın üstündən götürməsin. Yoxsa biz sahibsiz qalarıq! İndi mənə aid nə qulluğunuz var, əziz dostum?

Fon Valter iri qaşlarını gözlərinin üstünə endirdi və başını Hikmət İsfahaniyə tərəf əydi:

- Bolşeviklərlə bizim bir gün üz-üzə gələcəyimizi yəqin bilirsiniz.     

Hikmət İsfahani özünü hər şeydən baxəbər göstərdi:

- Necə bilmirik, kişi, lap yaxşı bilirik.

- Ona görə də hazırlaşmaq lazımdır və bu işdə sizin köməyinizə ehtiyacımız var.

- Buyurun, bir kömək yox, min kömək eləyim.

- Miyanada sizin ticarət kontorlarınız olsun gərək.

- İranın bu başından o başına harda mənim kontorum yoxdur, adamım yoxdur...

- Orada bizə etibarlı bir yer lazımdır. Bəzi iylənməyən azuqə tədarük etmişik, yığıb saxlayacağıq. Bərk ayaqda lazım olar.

Fon Valter qəsdən Hikmət İsfahaniyə “azuqə” dedi, bu sözlə təxribedici şeylər göndərmək istədiyini bildirirdi. Hikmət İsfahani “aha, azuqə” deyib, fikrə getdi. Bunun mənasını başa düşdüyünü andıran bir səslə:

- Əziz dostum, - dedi, - olmazmı ki, miqdarını bilim. Yox, yox ürəyinizə heç şey gətirməyin, miqdarını bilim ki, ona görə də yer hazırladım...

- Hələlik bir əlli tonluq yer lazımdır. Sonra bəlkə bir az da artdı. Lakin mənim xahişim odur ki, bu azuqə sizin mallarınız şəklində ora gedəydi. Əlbəttə, üstündə mənim də adım olacaq.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info