Qonaq Kitabı
ON DÖRDÜNCÜ FƏSİL

Rza xan maşını Pəhləvi küçəsində saraya çatmamış, saxlatdırıb düşdü və adətinin xilafına olaraq, piyada yeriməyə başladı. Onu hər tərəfdən hərbi qiyafəli qulluqçular əhatə etmişdi. Sərhəng Səfai də onların içində idi. Şah yavaş addımlarla yeriyir və heybətli nəzərlərlə ətrafa baxırdı. Onu görən hər kəs tez qaçıb ya bir dükana soxulur, ya tələsik qayıdıb geri dönür, ya da divara sıxılıb, keçməsini gözləyirdi. Hətta laqeyd və çox danışmağa adət etmiş dükan və mağaza sahibləri belə çınqırını çıxarmayıb, hövlnak içəri girirdilər. Məktəbli uşaqlar və çadrası götürülmüş olsa da, başındakı yaylıqla yaşmaq tutan qadınlar da ona rast gəldikdə ildırım vurmuş kimi yerində quruyub qalır, səslərini kəsib, başlarını yana çevirirdilər. Sanki küçədə dəhşətli bir kabus, hər tərəfə ölüm saçan qara bir heykəl hərəkət edirdi. Bu, zülm və istibdad heykəli idi. Onun ayağı dəyən hər yerdə bir məzar sükutu hakim olur, yalnız keçib getdikdən çox-çox sonra insanların rəngi özünə gəlməyə başlayırdı. Şahın qara çöhrəsinə baxanların nəzərində məhbəslər, dar ağacları, ölüm və zülmətin qurbanı olmuş adamların siması canlanırdı. O isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlaşmış insanların üzünə belə baxmırdı. Kim bilir, bəlkə də onları bir heç, bir qarışqa hesab edirdi. Yaxud da sövqi-təbii bir hisslə üzlərinə baxmaqdan qorxurdu.      

O, Pəhləvi xiyabanından burulub, saraylar küçəsinə çıxdı və mərmər sarayın qapısına doğru addımlayanda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Saçı-saqqalı ağarmış, bir cüt gözü işıldayan bir qoca birdən-birə özünü onun ayaqlarına atdı. Şah əvvəlcə gözlənilməz bir vahimə içərisində geri çəkildi. Heç bir zaman ürəyini tərk etməyən gizli qorxu hissi bütun vücudunu titrətdi. Lakin ayaqlarının altında sui-qəsd edəcək bir adam deyil, zəif, aciz, kəlləsinin sümükləri çıxmış, ordları batmış bir qoca gördükdə durdu və qəzəblə ona baxdı. Uzunboylu, yanaqları qırmızı, boynunu ət basmış bir sərtib və sərhəng Səfai dərhal qocanın üstünə atılıb, onu yoldan kənar etmək istədilər. Qoca cansız vücudu ilə amansız bir müqavimət göstərərək, Rza xana doğru sürünməyə başladı. Şah amiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtib kənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı və farsca:

- Nə var, kişi? - deyə soruşdu.

Qoca dizləri üstə durub, namaz qılır kimi, əllərini göyə qaldırdı və azərbaycanca:

- Göydə allah, yerdə səni deyib gəlmişəm, əlahəzrət, -  dedi,  - aman günüdür, mənə bir əlac elə, məni çevir balalarının başına, balalarıma yazığın gəlsin.

Rza xan qapqara qaralmış üzünü həkimülmülkə çevirdi:

- Bu eşşəklərə hələ də adam dilində danışmağı öyrətməmisiniz?.. Qulaq as, gör nə deyir.

Həkimülmülk şahın Azərbaycan dilini hələ kazak alayında ikən gözəlcə öyrəndiyini, lakin qəsdən, Azərbaycan xalqına olan nifrəti ucundan heç bir zaman onun dilində danışmadığını bilirdi. Qocaya yaxınlaşıb, şahı daha da qəzəbləndirməmək üçün yarıfarsca, yarıazərbaycanca:  

- Qoca, çe mixahi, ərzin nədir? - dedi.

Musa kişi dərinlərə getmiş, təkcə giləsi işıldayan gözlərini qırpdı, bir Rza xana, bir də Həkimülmülkə baxdı:

- Ağa, canım sənə qurban olsun, mən Ərdəbildən gəlmişəm. Oradan bura ac susuz sənə ümid bağlayıb gəlmişəm. Mənə bir çarə.

Həkimülmülk yavaş, lakin acıqlı:

- Kişi, vəzzariyat oxuma, - dedi, - müxtəsər elə görək ərvin nədir?

- Şikayətim var, sənin başına dönüm, şikayətə gəlmişəm. Zülm ərşə dayanıbdır. Ərbabın, əmniyyənin, mübaşirin əlindən bilmirik hara qaçaq. Divan dərədə haqqa baxan yoxdur.

 Rza xanın əsəbiləşdiyini hiss edən həkimülmülk bu dəfə Musa kişiyə daha bərk acıqlandı:

- Kişi, dərdini danış, başımızı ağrıtma!

Musa kişi özünü itirdi, tələsməyə başladı:

- Atam-anam sənin qədəmlərinə qurban olsun, mənim dərdim böyükdür, on il bundan qabaq ərbaba mənim su pulu borcum vardı. On ildir verirəm, qurtarmır. Hər il azalmaqdan, artır. Neyləyək, müamiləsini gəlir üstünə. Ona sözüm yox, kişinin halal haqqıdır, gəlsin. Müamiləsiz borc olmaz. Hər il o yandan bu yandan düzəldib, uşaqların boğazından kəsib verirəm, qurtarmaq bilmir ki, bilmir. Bu il əlim gödək oldu, yaxşı məhsulumuz var idi. Hamısını ərbab yığıb apardı. Borc yenə qaldı ayağımda. Mübaşir gəldi, əmniyyə getdi, eyb olmasın, bir qızım da var. Ona göz dikdilər. Namusa əl atdılar. Bıçaq sümüyə dayandı. Cana gəldim. Qapımdan inəyimi, eyb olmasın, eşşəyimi, davarları çəkib apardılar. Külfətimin ruzisini kəsdilər, boğazını qurutdular. Hara getdim çarə olmadı. Sürünə-sürünə gəlib bura çıxdım. İki aydır bu küçələrdəyəm. Dilənçiliklə başımı girləyirəm. Bir fərman ver, malımı özümə qaytarsınlar, yoxsa balalarım acından qırılar. Sənin ayaqlarının altında ölüm, mənə bir fərman!

Musa kişi dizləri üstündə, əlləri havada asılı, gözlərini Rza xanın qəzəbli üzünə dikib durdu. Həkimülmülk qocanın nə istədiyini müxtəsərcə şaha söylədi. Şah üzünü sərhəng Səfaiyə çevirdi:

- Bu qocanı zindana salın çürüsün!.. Yaşamağının xeyri nədir? Əmniyyəyə söz qaytardığı üçün əmlakı qəsb olunsun. Külfətini də sürgün edin! -  deyib yerimək istədikdə heç bir şey anlamayan Musa kişi onun qıçlarını qucaqladı:

- Sənə qurban olum, mənə bir çarə!

Şah nə isə bir şey xatırlamış kimi, ayaq saxladı, ani bir fikrə getdi. Qocanın adını soruşdu. Musa kişi şahın rəhmə gəldiyini güman edib, ürəkləndi və adını söylədi. Lakin şah bir cəllad qəzəbi ilə onun döşündən itələyib keçdi və yenə sərhəng Səfaiyə döndü:

- Bu həmin Musa kişi deyilmi? Nə üçün hələ də azad gəzir, sərhəng?

Sərhəngin rəngi qaçdı:

- Biz onu axtarırıq, qurban. Kənddən çıxıb qaçır.

- Yaxşı axtarırsınız!.. Aparın dərisinə saman təpin!.. Fridunun yerini deməyincə rahət etməyin!..

- Bəçeşm, qurban!

Bu zaman yenə danışıqdan heç bir şey anlamayan Musa kişinin səsi eşidildi:

- Mənə rəhm elə, şah!

Rza xan sarayın qapısına doğru yollanarkən:

- Kəsin bunun səsini! - dedi.

Hərbilər dərhal ah-nalə edən Musa kişinin üstünə atıldılar. Onu götürüb aparmaq istədilər. Lakin o, heyrətamiz bir qüvvətlə sıçrayıb, onların əlindən çıxdı və Rza xanın qabağını kəsdi. Onun titrəyən səsində bir qüdrət vardı.

- Mən sənin zülmünü eşitmişdim, görməmişdim, onu da gördüm. Sən məni təpiklərin altına saldın. Əmniyyə və mübaşirlərinin başıma gətirdiyi müsibətdən utanmadın, haqdan qorxmadın, eyb etməz, buna da qoca dünya deyərlər. Çox sənin kimi zalımların taxt və tacını başına uçurub!.. Səni də belə qoymaz. Get, mən səni yetimlərin ah və naləsinə, qocalar və qarıların fəryadına tapşırıram, get!..

Musa kişini sürüməyə başladılar. Lakin o getmir, dönüb danışır və söyürdü. Yalnız ağzına dəsmal basdıqda səsi eşidilməz oldu.

Rza xan heç bir söz deməyib, sarayın mərmər pillələrindən qalxıb, içəri girdi. Onu təqib edən dərbar vəzirinə belə əhəmiyyət vermədi. Həkimülmülk bir kölgə kimi otağına çəkildi...

 ***

Hikmət İsfahani, Mazəndəran malikanəsini Rza xana bağışladığını və bu dəyərsiz hədiyyəni sonsuz məhəbbət əlaməti olaraq qəbul etməsini xüsusi məktubla ona bildirməyi qərara aldı. Min lənət oxuya-oxuya və ətinin bir parçası kəsilir kimi, ufulduya-ufulduya kağızı yazıb, qəbalə ilə birlikdə Həkimülmülkə göndərdi ki, o da hüzuri-aliyə çatdırsın. Həkimülmülk təzim edib, məktubu Rza xanın qabağına qoyanda, əvvəlcə şah bunun mənasını başa düşmədi. Həkimülmülk:

- Ağayi Hikmət İsfahanı əlahəzrətdən acizanə xahiş edirlər, lütf buyurub, balaca bir hədiyyə olaraq, onun Mazəndəran malikanəsini öz adlarına keçirsinlər, - dedikdə Rza xanın dodağı qaçdı.

- Vəzir, ağalar, məni çox xəcil edirlər. Deyəydin qiymət edəydilər. Pulunu verəydim.

-  Bu nə sözdür, əlahəzrət. Ağayi Hikmət İsfahani pul adı gəlsə rəncidəqəlb olar.

- Necə, öz rizaiyyətilə oldu? Yoxsa?.. 

- Əlbəttə, öz rizaiyyətilə, əlahəzrət.

Şah burada kiçik bir fasilə verib, əlavə etdi:

- Yoxsa deyinirdi?  

- Bəli, qurban.

- Nə deyirdi?

- Dilim gəlmir, qurban!

Rza xan qışqırdı:

- Tez de görüm, nə deyirdi?

Həkimülmülk Hikmət İsfahaninin söyüşünü və ağır sözlərini Rza xana nağıl etdi. Rza xan əsəbi halda durub gəzindi.

- Onu nə zaman mənim yanıma çağırmısan?

Həkimülmülk tez saatına baxdı:

- İndi gərək gəlmiş ola, əlahəzrət.

Rza xan əlini zəngə atmaq istədikdə Həkimülmülk onu saxladı.

- Üzr istəyirəm, əlahəzrət, ağayi sərtib Səlimi də bərk acıqlanıb getdi.

- Niyə?

- Xanım Şəmsiyyə ilə izdivaca razı deyil.

Rza xan:

- Razı olar! - deyib yerində oturdu və zəngi basdı. Ağayi Hikmət İsfahanini içəri buraxmalarını və sərtib Səlimini çağırmalarını tapşırdı:

- Onunla, yazdıqları haqqında danışmaq istəyirəm, çağırın!..  

- Bəçeşm.

İki dəqiqə keçməmiş Hikmət İsfahani daxil olub, təzim etdi. İran qaydası üzrə təriflə dolu sözlərlə Rza xanın halını soruşdu, onun bu sözlərə biganə və qəzəbli olduğunu gördükdə gözaltı Həkimülmülkə baxdı. Rza xan ona oturmağı təklif etdi. O, Həkimülmülklə üz-üzə səndələ oturdu. Rza xan Mazəndəran malikanəsi haqqındakı kağızı onun qabağına atdı:

- Götürün, mənə nə xüms, nə də zəkat lazımdır!

Hikmət İsfahani təəccüblə bir Rza xana, bir də Həkimülmülkə baxdı:

- Əlahəzrət, o, aciz bəndələrinizdən dəyərsiz bir hədiyyədir. Xahiş edirəm onu qəbul etməklə məni şad buyurasınız...

Rza xan birdən-birə bomba kimi Hikmət İsfahaninin üstünə açıldı:

- Məmləkətin yarısını yeyib doymayan kimdir? Sizsiniz, yoxsa mən? Kimdir bu millətin dərisini soyan? Sizsiniz! Kimdir min hiylə ilə vətənin qanını soran? Sizsiniz! Xaricilərlə əlbir olub, beş qranlıq malı otuz qrana satan sizsiniz! Bəli, siz, siz, siz!..

Hikmət İsfahani mat-mat gah əlahəzrətə, gah Həkimülmülkə baxırdı. Həkimülmülk onun baxışlarından “yaxşı qalsın qulluğunda ağayi Həkimülmülk, əvəzini çıxarıq, inşallah!” sözlərini oxuyurdu. Nəhayət, Rza xan susduqda o özünü düzəltdi:

- Əlahəzrət, - dedi - allah bilir ki, hamımızın sizə ixlasımız var. Siz İranın şərafəti, bizim iftixarımız, başımızın böyüyüsünüz. Bir mülk olmasın, yüz mülk olsun, bir can olmasın, yüz can olsun, hamısı sizə qurban!.. Bu nə sözdür deyirsiniz, qurban!..   

O, Rza xanın yerə atdığı kağızı qaldırıb, iki əlinin üstündə yenə ona təqdim etdi:

- Acizanə xahiş edirəm, əlahəzrət, bəndəni şad edin. Alın bu mülkü, hələ Ərdəbil mahalında da yaxşı bir bağım var, səfalı, yaraşıqlı və behişt kimi bir yerdir, onu da əlahəzrət üçün becərirəm.. Sabah onun da qəbaləsini göndərərəm.

O, Rza xanın yumşaldığını görüb, qəbələni onun qabağına qoydu və qayıdıb, yerində oturdu:

- Nə fərmayişiniz olsa hazırıq, əlahəzrət.

 Rza xan başını qaldırdı:

- Xanım Şəmsiyyə necədir?

- Allaha şükür, əlahəzrətə duası var. Sayeyi-mərhəmətinizdən, yaxşı dolanır.

 Rza xan əmr edər kimi:

- Biz onun ağayi sərtib Səlimi ilə izdivacına qərar vermişik. Sən nə deyirsən?

Bir anda min fikri başından keçirən Hikmət İsfahani, etiraz etmək mümkün olmayacağını hiss etdi:

- Qız sizindir, əlahəzrət, bizə nə dəxli var. Kimi lazım görsəniz, ona da verin.

- Biz sərtib Səlimini lazım görürük. İzdivacı da tez düzəltmək lazımdır.  

- İtaət, qurban!

Bu zaman pişxidmət ağayi sərtib Səliminin gəldiyini xəbər verdi.

Rza xan onun içəri buraxılmasını əmr eqdi.

Şah, Tehranın siyasi dairələrində Sovet İttifaqı dostu kimi tanınmış bu adamdan istifadə etmək fikrində idi. Onu həm ingilis - İran, həm də Amerika - İran sazişlərini hazırlayacaq komisyonların tərkibinə daxil etməyi nəzərdə tuturdu. Həmin sazişlərin mahiyyətini örtmək üçün bundan gözəl bir pərdə olmazdı.

Səlimi Rza şahın yanına çağırıldığını eşitdikdə həyatının məsul bir saatı yaxınlaşdığını düşündü. Budur, uzun illər arzu etdiyi bir fürsət nəhayət, əlinə düşmüşdü. O, bütün düşündüklərini, hətta kağızda yazmadıqlarını belə açıb Rza şaha deyəcəyini, şahı kəskin tədbir görməyə inandıracağını düşünürdü. O, şahın gözlərini açacaq, işlənən xəyanətlərin, məmləkəti fəlakətə aparan vəzir və vəkillərin yaramaz siyasətinin mahiyyətini ona göstərəcəkdi, İranın tarixində yeni bir dövr, xalqa əsaslanan ədalətli hakimiyyət və tərəqqi dövrü başlanacaqdı!.. Bu fikirlərlə o, saraya doğru yollandı. Özünü təmkinli tutmağa çalışsa da ürəyinin döyüntüsünü saxlaya bilmədi. Daxil olub, yüngül bir təzimlə salam verdi və gözünü Rza şaha dikdi: xeyirxahlığına və hər şeyi yalnız İran üçün etdiyinə inandığı büt qarşısında durmuşdu. Rza xan isə onun simasında ağır iztirabların izini və bir qətiyyət gördü. Oturmağa icazə verib, yer göstərdi. O, Hikmət İsfahani ilə Həkimülmülkün arasındakı səndələ oturdu və:  

- Əmri-aliyə müntəzirəm, - dedi.

Rza xan onun nəzərə çarpan tutqunluğuna əhəmiyyət vermədən birbaş mətləbə keçdi:

- Ağayi vəzir, başlayın! - dedi.

Həkimülmülk qorxaq bir hərəkətlə yerində qımıldandı:  

- Dünya siyasəti öz tarixinin yeni səhifəsini açmaqdadır, dövlətlər arasındakı münasibət əsrarəngiz pərdələrlə örtülmüş və dumanlı bir səhifəyə girmişdir. Rusiya-Almaniya müahidəsi siyasət aləminin sürətlə meydana atdığı gözlənilməz bir hadisə olduğu kimi, bütün dünyanın, məhvər dövlətlərlə ruslar arasındakı labüd müharibə ümidini də pozdu. Beləliklə, bu vaxta qədər bizim siyasətimizin üzvü surətdə bağlı olduğu, ingilis dövlətinin rusları qüdrətli məhvər qüvvələri ilə toqquşdurub, məhv etmək və bolşevizm təhlükəsindən dünyanın yaxasını birdəfəlik qurtarmaq siyasəti də puça çıxdı, tamamilə puça çıxması da həddi-əqəl hazırkı dövr üçün qeyri-əməli bir hal almış oldu. Almanlarla rusların bağlanmış müahidəyə əsasən nə qədər bir yerdə yol gedəcəkləri bir başqa məsələdir. Hər halda biz, rusların gözlənilmədən siyasətdə bir dönüş edib, ingilisləri almanlarla müharibə vəziyyətində qoyduğunu nəzərdən qaçıra bilmərik. Hazırda rus qoşunları mövqedən istifadə edərək, qərbdə Rusiya əleyhinə yaranmış sərhədləri bir-bir uçurtmaqdadır. Polşanın yarısı və Baltik sahili ölkələri artıq rusların əlindədir. Hadisələrin gedişi belə bir təhlükə də bizim üçün yarada bilər. Çünki rusların, bizim dövlətə də qərbdə onların məmləkəti əleyhinə çəkilmiş eyni divarın davamı kimi baxdıqları hamıya məlumdur. Ona görə də fürsət düşən kimi ruslar bu divarı da, qərbdə etdikləri qayda ilə vurub dağıtmaqdan çəkinməyəcəklər. Belə bir vəziyyət bizi məcbur edir ki, vaxt ikən məmləkətin şimal sərhədlərini möhkəmlədək. Burada bizim mənafeyimiz ingilis və amerikanların dövlət mənafeyi ilə birləşdiyi üçün onların bəzi təkliflərini qəbul etməyə məcburuq. Xüsusilə ingilislərin şimal qitələrində bəzi müdafiə əhəmiyyəti olan məntəqələr yaratmasına və hava meydanlarından azad istifadə etməsinə biz razılıq vermişik.

Həkimülmülkün uzun danışığından darıxaraq gəzişən Rza xan birdən-birə onun sözünü kəsdi:

- Biz, - dedi, - dövlət və məmləkətimizin tərəqqisini nəzərdə tutaraq, amerikalıların şimal neftini istifadəyə başlamasını lazım bilmişik.

Həkimülmülk və Hikmət İsfahani “Əlbəttə, bəli, bəli tamamən səhihdir”, - deyə onun fikrini təsdiq edib, öz razılıqlarını bildirdilər. Sərtib Səlimi isə mətbuatda və ictimai dairələrdə çoxdan məlum olan bu məsələlərin, Rza xanın nə üçün bu qədər müfəssəl nağıl olunmasına yol verdiyinin səbəbini düşünür, sakit dayanaraq, nəticəni və təklifi gözləyirdi. Lakin Rza xan məqsədini birdən-birə açmadı. O, üzünü Səlimiyə tutub, gözləmədiyi bir sual verdi:

- Bu məsələlər ətrafında ağayi sərtibin nə düşündüyunü bilmək istərdik!

Səlimi hələ də nə üçün çəğırıldığını anlaya bilmirdi. O, Rza şaha yazıb göndərdiyinin haqqında söhbət açılacağını, vətənin səadəti üçün döyünən ürəyinin arzularını Rza şahın dinləyəcəyini gözləyirdi. Lakin burada Həkimülmülk müqəvva kimi durub, sözləri bir-birinə qataraq, uzun cümlələr düzəldir və dünya vəziyyətini izah edirdi. Əlahəzrət, artıq həll olunmuş bir məsələ haqqında sərtibin fikrini soruşdu. Anlaşılmaz, müəmmalı bir vəziyyət yaranmışdı. Bu vəziyyətin aydınlaşacağı dəqiqəni gözləyərək, sərtib hisslərini boğub, sakit cavab verdi:

- Əlahəzrətin müəyyən qərar verdiyi və dövlətin həll etdiyi bir məsələ haqqında mənim xüsusi bir fikrim olsa belə, onu söyləməyə lüzum görmürəm. Çünki ondan heç bir fayda hasil ola bilməz.

Şah dərhal sərtibin sözünü kəsdi:

- Dövlətin həll etdiyi bir məsələ, ancaq əfkarümumiyyəyə və sizin kimi siyasətə biganə olmayan ağaların zövqünə müvafiq gəldiyi zaman əməli ola bilər.

Səlimi bu sözlərdən cəsarətləndi, arzu olunan dəqiqənin yaxınlaşdığını güman etdi:

- Əlahəzrətin belə böyük siyasət məsələlərində mənim fikirlərimlə bu qədər maraqlanmağını özüm üçün böyük bir şərəf bilirəm. Bununla belə, icazə buyursalar, səbir edib qulaq asarlar, öz düşündüklərimi tərif və təməllüq pərdəsi ilə örtmədən, çılnaq şəkildə meydana qoyardım.

Səlimi kiçik bir fasilə verib, Rza xana baxdı. Onun gözlərinin üzünə dikildiyini və simasındakı qaranlıq kölgələrin qatılaşdığını görərək, cavab verməyəcəyini düşündü və qətiyyətlə davam etdi:

- Ağayi vəzir dünya siyasətinin yeni bir səhifəyə girdiyini və bu səhifənin bizdən şimal qonşumuza qarşı apardığımız, açıq deyək, düşmənçilik siyasətini bir az da şiddətləndirməyi tələb etdiyini buyurdular. Mən ağayi vəzirin məntiqi nəticələrə gəlib çıxdığına heç bir irad tuta bilmərəm. Çünki indiyə qədərki siyasət, təbii olaraq, bizi daha artıq ingilislərin, amerikanların və bəlkə daha başqa Avropa dövlətlərinin tabeliyinə surükləməlidir ki, bu da açıqcasına özünü göstərməkdədir. Bu yolun İran istiqlaliyyəti üçün doğru yol olub-olmadığını şübhələrlə qarşılayan məmləkət daxilində tək mən deyiləm.

Rza xan:

- Daha kimlər var, - deyə onun sözünü kəsdi.

Lakin sərtib özünü itirmədi:

- Bütün namuslu vətəndaşlar, - dedi, - o vətəndaşlar ki, satqın vəkil və vəzirlərin, həris tacir və ərbabların İranı fəlakətə aparan siyasətinin sizin arzularınıza zidd olduğuna inanırlar.

- Bu siyasət mənim siyasətimdir! Mən Əhməd Mirzə deyiləm ki, hər yerindən duran vəzir məmləkətin siyasətini müəyyən etsin!..

Sərtib Rza şahın onu imtahana çəkmək istədiyini düşündü. Fikrində daha möhkəm dayandı:

- Bu siyasət sizdən gəlirsə, daha pis, əlahəzrət, - dedi. -  O zaman su başdam bulanmış olur ki, onu təmizləmək daha artıq səy və zəhmət istər.

- İndi mən başa düşürəm ki, Həmid Həmidi kimi bir vətən xainini sən niyə müdafiə edirmişsən.

- O vətən xaini deyildi, əlahəzrət, onun fikirləri vətəninin səlahinədir.

-  Ərbabın cilovunu ayaqyalın kəndlinin əlinə vermək vətənin səlahinə ola bilməz.

Sərtib nə isə demək istədi.

Rza xan özünü saxlaya bilməyib ayağa durdu:

- Sənin sözlərin mənə tanış gəlir. Mərhum atan da belə danışardı.

Rza xanın nəyə işarə etdiyini anlayan Hikmət İsfahani kinli nəzərlərlə Səlimini süzdü və hər sözü ayrılıqda eşidilməklə:

- “Aqibət kürkazdə kurk şəvəd,

Kərçi ba adəmi büzürk şəvəd”*.

 - deyə səsləndi.

Atasının ölümünü xatırlayan və onun cəlladları ilə üz-üzə durmuş Səlimi daha artıq bir qətiyyətlə:



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info