Qonaq Kitabı
ON İKİNCİ FƏSİL

Dünya hadisələri heyrətamiz bir sürətlə inkişaf edir, insanları hər gün yeni bir vaqiə qarşısına buraxırdı. Avropanın şərqində qızışmış müharibə alovu Polşanın ortadan çıxmasilə sanki soyumağa, yatmağa başlayırdı. Lakin əsl həqiqətdə o, yerini dəyişirdi. Daha güclü bir yanğınla bütün Avropanı bürüyəcəyinin əlamətləri göz qabağında idi. Polyakları qızışdırıb ortalığa salan və bərk ayaqda köməksiz buraxan İngiltərə hakim dairələri, indi də Fransanı qabağa verməkdə idilər. Sanki onlar mağarasından çıxıb, ov axtaran həris və dəhşətli bir yırtıcının ağzına atmaq üçün yeni bir tikə, yeni bir qurban axtarırdılar. Onlar bu vəhşini şərqə - böyük Sovetlər İttifaqının üstünə salmaq planlarının baş tutmadığını gördükdə, Avropanı parça-parça onun ağzına atmaqla fəlakəti özlərindən uzaqlaşdırmağa və vaxt qazanmağa cəhd edirdilər. Hitler sözdə yenə sülhdən, Almaniyanın artıq heç bir tələbi olmadığından danışır, əməldə isə hərbi qüvvələrini bütün Avropanı fəth etməyə hazırlayırdı. Dünyanın bütün xalqları, Münhendə zəncirdən buraxılmış bu vəhşinin Avropa ilə kifayətlənməyəcəyini duyur, dərin bir əndişə və iztirabla gələcəyi gözləyirdi. Dövlətlər və məmləkətlər arasındakı münasibətdə daimi və sabit bir şey gözə dəymirdi. Sanki dünyanın çarxı öz mehvərindən qopmuş və naməlum bir istiqamətə yuvarlanmaqda idi. Tarix, sahilini aşan fırtınalı dəniz kimi tufanlar, təlatümlər dövrünə qədəm qoymuşdu. On beş illik Rza xan istibdadının yaratdığı və iranlıların bir çoxuna əbədi görünən qanun-qaydalar, tarixin bu təlatümü önündə çatdaq-çatdaq olmağa başlayırdı. Yavaş-yavaş cəmiyyətin düşüncəsində bu üsulun tezliklə dağıla biləcəyi fikri oyanırdı. Hər gün artmaqda olan zülm və terrorun yaratdığı vahimə və əndişə, insanların qəlbində və beynində oyanan bu fikrin təzahürünü ləngitsə də, tamamilə onun qarşısını almaqda aciz idi.

Hikmət İsfahani də qəlbən Pəhləvi səltənətinin dağılmasını gözləyənlərdən biri idi. Lakin o bu səltənətin əsaslandığı bünövrəni, ictimai qaydanın pozulmasını qətiyyən istəmirdi. Əksinə, belə bir şeyi fikirdən keçirdikdə onu vahimə basırdı. Pəhləviyə qarşı çevrilmiş hər hansı mübarizənin tərəfdarı olan o, mövcud münasibətlər əleyhinə olan hər şeyin düşməni idi. Qanlı Pəhləvi hakimiyyətinə qarşı mübarizə labüddən ictimai çevriliş xasiyyəti alacağından, o ziddiyyətli bir vəziyyətə düşürdü. Lakin sövq-təbiilikdən doğan bir hiss onu ictimai mübarizəyə yox, Pəhləvinin təhqir və təzyiqinə dözməyə çəkirdi. Çünki bir neçə malikanəni Pəhləviyə qurban vermək, bütün qazanc və gəlirləri itirmək təhlükəsindən daha yaxşı idi. Bu fikir onda, xüsusilə son zamanlar möhkəmlənməkdə idi. Latviya, Litva, Estoniya kimi xalq hərəkatının qalib gəldiyi ölkələrə baxdıqca o, daxili bir vahimənin təsirilə Rza xan istibdadını daha da möhkəmlətmək ehtiyacını duyurdu. “İş, çörək və azadlıq istəyirik!” kitabı, dünya hadisələrini diqqətlə izləyərək belə bir fikri böhran keçirdiyi günlərdə onun əlinə çatdı. Kntabı oxuduqca o əsəbiləşir və qızışırdı. Bəlkə də Rza xanın təhqir, şübhə və təzyiqilə dolu on beş illik hakimiyyəti dövründə onun bu qədər əsəbiləşdiyi olmamışdı. “Ey dadi-bidad! Biz yatmışıq, sel az qalıb gələ bizi basa! - deyə düşünürdü, - Müharibə elan etmək lazım idi. İranı alt-üst edə biləcək bu əqidələri maqqaşla qaşımaq, qızmış dəmirdə yandırmaqdan başqa çarə yox idi”.

Bu fikirlərdən tamamilə ayrılmamışdı ki, Həkimülmülk zəng etdi. Onun səsini eşidən kimi Mazəndəran malikanəsi yadına düşdü, sözünü deməyə macal verməyib:

- Ağayi vəzir, - dedi, - hüzuri-şərifinizə ərz edim ki, hər şey hazırdır, əlahəzrətdən xahiş edin ki, acizanə olaraq təqdim etdiyimiz bir hədiyyəni bizdən qəbul buyursunlar.

Həkimülmülk özünü tülkülüyə vurdu:

- Bu nə xəcalətdir, ağayi Hikmət İsfahani, bu nə xəcalətdir. Ancaq hazırda məsələ malikanə məsələsi deyil. Əlahəzrətin daha mühüm bir tapşırığı var. O gün ovqattəlxlik oldu, deyə bilmədim. Yadımdan çıxdı.

Hikmət İsfahani: “Görəsən indi gözü nəyə düşub” deyə daxili bir iztirabla:

- Buyurun, aciz qullarıyıq, - dedi.

Həkimülmülk kitab və onu yazanlar haqqında Rza xanın göstərişlərini bildirdikdə, o yüngül bir nəfəs aldı.

- Bizdən arxayın ol, əzizim, nə lazımdır yazarıq. Bəlkə elə bu axşam fövqəladə vərəqə buraxdıq. Arxayın ol.

Trubkanı götürüb, Sofi İranpərəsti yanına çağırtdırmamışdı ki, Haroldun təşrif gətirdiyini səylədilər. O, tələsik yerindən durub, qapıya qaçdı. Amerikalı dostunu pillələrdə qarşılayıb, onun qoluna girdi.

- Mister Harold, bizi şərəfyab buyurmusunuz! Bu gəlişlə başımızı uca etdiniz. Buyurun, buyurun içəri!

Mister Harold ticarət məsələləri haqqında Hikmət İsfahaniyə sevindirici xəbərlər gətirmişdi. Amerikadan onun adresinə maşınlar, qənd və sənaye malları göndərildiyini yun və meyvə qurusunun qiyməti haqqında təkliflərinin qəbul edildiyini söylədi.        

- Amerika alış-verişdə səxavətlidir. Xüsusilə geridə qalmış və köməyə ehtiyacı olan sizin vətəniniz kimi məmləkətlərlə o, alicənab rəftar etmək fikrindədir...

Hikmət İsfahani baş əydi:

- Mütəşəkkirik, mister Harold, mütəşəkkirik! Biz bütün gələcək ümidlərimizi Amerikanın köməyinə bağlamışıq. Bizim məmləkət kimi zəif və yoxsul bir məmləkətin Amerika kimi əlindən tutanı olmasa batıb gedər. Mister Harold sözün açığını bilmək istəsəniz, belimiz sizə bağlı olmasa, biz bu boyda işlərə iqdam edə bilmərik. Nəhəng kimi qonşularımızla oyun oynamarıq.

Mister Harold güldü:

- Mənimlə diplomat kimi danışmayın, ağayi Hikmət İsfahani! Hər şeyi açıq danışaq, qonşularımızla yox, qonşumuzla. Siz Sovetləri nəzərdə tutursunuz...

- Allah Amerikanı da, İranı da sizə çox görməsin, mister Harold! Sözün açığı elədir. Elə bir müsibətə düşmüşük ki, nə qaçmaqla, nə də köçməklə qurtarmaq mümkün deyil.

- Nə qaçmaq, nə də köçmək lazım deyil. Möhkəm durmaq və mübarizə etmək lazımdır. Bu kitabı görmüsünüzmu?

- Bəli, görmüşəm.

- Siz də yazın. Siz də hay salın, dünyanı köməyə çağırın. Bolşeviklərin balaca bir dövləti məhv etmək istədiyini car çəkin. Elə edin ki, bizim də, əlimizdə sizə kömək etməyə bir bəhanə olsun. Bu barədə məclis də gərək fikrini desin...

Mister Haroldun fikrini bir sözdən anlamağa adət etmiş Hikmət İsfahani: 

- Mister Harold, mənim bu gözlərim üstə. Məclisin bu yığıncağında özüm bir nitq deyim ki, səsi bomba kimi dünyanı titrətsin. Bir hay salım, bir qışqırıq qoparım ki, bütün İran ayağa qalxsın. Vallah, lap camaatı cahada çağıraram. Deyərəm qalxın, rus bizi yedi, bolşeviklər bizdə din-iman qoymadı. Baydaq götürüb, bütün məclisi küçəyə çıxarım ki, Amerika, amandır, gəl bizə kömək elə!..

Sofi İranpərəst uzun boynunu içəri saldı. Mister Haroldu gördükdə qayıtmaq istədi. Hikmət İsfahani onu çağırdı:

- Gəl, gəl, qulaq as. Bəlkə bir şey qanasan. Yediyimiz çörəyə də dəyməzsiniz!..

Sofi İranpərəst:

- Ağa nəyə işarə edirlər? - deyə soruşdu.

- Nəyə işarə edəcəyəm, qurumsaq kişi? Bu boyda həngaməni görmürsən? Görmürsən ki, bu kitab rusların işidir, görmürsən ki, bunu yazan rus səfarətxanasıdır, görmürsən ki, Moskva bizim işlərimizə qarışır? Bunların heç birini görmürsən? Görürsən, bəs niyə ağzına su alıb oturmusan kişi? Mən axı o ruznaməyə hər ay bir xalvar pul xərcləyirəm. Axı sənin bir insafın olsun, sən də ortalığa bir fikir at.

O danışdıqca Sofi İranpərəst uzun boynunu tərpədir, gözlərini döyərək qulaq asır və “bəli, bəli” deyib dururdu.

Nəhayət, mister Harold söhbətə qarışmaqla Sofi İranpərəsti onun əlindən qurtardı. Onlar fevqəladə vərəqə buraxmağın məsləhət olmadığı, bunun daha artıq bir çaşqınlıq törədəcəyi qərarına gəldilər. “Səda”nın sabahkı nömrəsində xüsusi məqalələr çap etməyi daha əlverişli gördülər. Bu qərarla da Sofi İranpərəstin yaxasından əl çəkdilər. Mister Harold getmək istədikdə Hikmət İsfahani onu saxladı. Zorla Şimrana, bir yerdə nahar etməyə apardı.

Sofi İranpərəst tər basmış halda çıxıb, öz otağına getdiyi yerdə Kürd Əhmədə rast gəldi və ürəyini boşaltdı:

- Yenə ağa dədəmi yandırdı, dişinin dibindən çıxanı dedi.

Kürd Əhməd onun sözlü olduğunu görüb, qolundan tutdu:

- Buyur otağa, burda min qulaq var, belə sözlərin yeri deyil.

Otağa keçib, qapını örtdülər. Kürd Əhməd qartal gözlərini Sofi İranpərəstə tutdu:

- Nə olub, niyə acığı tutmuşdu?

- Sirkə küpü kimi pıqqıldayırdı. Barıt anbarından da qorxulu idi. Heç yaxın düşmək mümkün deyildi.

O, Hikmət İsfahaninin tapşırıqlarını, mister Haroldun dediklərini nağıl etdi:

- Bunlar hamısı bu amerikalıların, ingilislərin işidir. Yoxsa bizim ağalarda o beyin hanı? - dedi və öz sözündən qorxmuş kimi, ətrafına baxıb əlavə etdi:

- Ağa, bu sözləri bircə sizə deyirəm ha! Öz aramızda qalacağına əminəm.

- Tamamən arxayın ola bilərsiniz! Məni ki tanıyırsınız.

- Bu şəhərdə sizdən başqa kişi görməmişəm. Bilirəm ki, öz yerinizi isti eləmək üçün özgəsinin evini yıxmazsınız!

Kürd Əhməd heç bir şübhə yeri qoymamaq üçün:

- Mərdümazarçılıqla qazanılmış bir çörəyi yeyib tox olmaqdansa, acından ölmək yaxşıdır, - dedi.

Sofi İranpərəst ürəyi boşalmış və arxayın bir halda onun yanından çıxdı.

 * * *

Fridun darülfünundan evə qayıtdıqda qoca arvad Kürd Əhmədin onu gözlədiyini xəbər verdi. O, tələsik yuxarı çıxdı. Kürd Əhməd pəncərə qabağında oturub fikrə getmişdi. Fridun bu gəlişdən narahat oldu:

- Nə əcəb, pis bir şey yoxdur ki?

- Əksinə, vəziyyət yaxşıdır. Vərəqələr və kitab hamını bidar etmişdir. Camaat arasında müxtəlif danışıqlar var. Hərə bir söz deyir Sanki fikirlər, düşüncələr hərəkətə gəlmişdir. O, xalqda bir ümid, hakim dairələrdə isə bir əndişə və vahimə doğurmuşdur.

Fridun həyəcanla darülfünunun tələbələri arasında etdiyi müşahidələri ona danışmağa başladı.

Fikrən və qəlbən bizimlə olanlar çoxdur. Onlar bizim həqiqəti görürlər. Onun saf bir ürək və pak bir əqidədən doğduğuna inanırlar. Buna görə də qəzetlərin böhtanları onlarda gizli nifrət oyadır. Farsdan gəlmiş bir tələbə tənəffüs zamanı mənə yaxınlaşaraq, “Səda”nı göstərib, “Nə uçün bizim ağalar dəlilərin inanmayacağı şeylər yazırlar”, - deyə qulağıma pıçıldadı və “çünki yalan qədər heç şey insanı axmaq vəziyyətə sala bilməz” dedi. Ondan sonra mənim başıma belə bir fikir gəldi ki, həqiqət hissini itirməmiş bir millət hər cür zülmü və zənciri qıra bilər.

Onlar, ürəkdən-ürəyə xəbər aparan, iki dost, iki məslək yoldaşı arasında qırılmaz əlaqə yaradan mehriban bir nəzərlə bir-birinə baxdılar. Hər ikisi şirin xəyal içində susub durdu. Ev sahibəsi qapını taqqıldadıb, Kərimxan Azadi və Aram Simonyanın gəldiyini xəbər verdi. Onlar da eyni həyəcanlı fikirlərlə gəlmişdilər. Onlarda da öz zəhmətinin səmərəsini görən bir yaradıcı sevinc vardı. Dostların bu sevincindən ruhlanan Fridun:

- Bilirsinizmi, əziz dostlarım, - dedi, - riyakar bir fikrə qarşı biz indidən mübarizə aparmalıyıq. Xalqın düşmənləri, istibdadın nökərləri çoxdan sınaqdan çıxarılmış bir silahı işə salırlar. Onlar “azadlıq” deyən hər kəsi rus casusu adlandırırlar. Hətta kitabın rus səfarətxanası tərəfindən buraxıldığını yazırlar. Bu axmaq iddialar  nə qədər gülünc olsa da pis bir zəhər kimi, xalqın fikrini korlaya bilər.

Kürd Əhməd:

- Bunlar hamısı səhihdir, - dedi, - lakin o da səhihdir ki, nə üçün hakim dairələr Sovetlərə bu qədər nifrət edir və heç bir böhtandan çəkinmirlər. Gecə quşlarının günəşə nifrəti təbii deyilmi? Biz bu behtanlara Sədinin sözlərilə cavab verməliyik. Məgər gecə quşlarının xatirəsinə günəşin müqəddəs işıqları əleyhinə üsyan etmək lazımdır? Yox! Qoy min gecə quşu kor olsun, lakin bir an da günəşin üzü tutulmasın!..

Kərimxan Azadinin, əbədi kədər və gərkinlik ifadə edən gözlərində bir sevinc göründü:

- Mən cənub sürgünündə olarkən qoca bir məşrutəçiyə rast gəldim. O öz gəncliyini, ümidli və həyəcanlı mübarizələrdən sonra daima müvəffəqiyyətsizliyə uğrayan İran inqilablarına vermiş bir adam idi. Bu adam son nəfəsində belə azadlığın qələbə çalacağına ümidini itirmədi: “Nə qədər Sovetlər var, azadlığın günəşi batmayacaqdır. Hər yer, hər tərəf onun işıqlarını görəcəkdir!” - deyib, gözlərini yumdu. Dünyanın hər yerində belədir. Azadlıq həsrətilə yaşayanlar gözlərini şimaldan çəkə bilməzlər. Müstəbid və mürtəcelərin böhtanlarına, qəzəb və nifrətlərinə də səbəb budur.

Aram Simonyan, şahın fon Volter və mister Tomasla olan görüşü haqqında eşitdiklərini yoldaşlara bildirdi.

- İngilis, alman və amerikan hakimlərinin İran azadlığı və istiqlaliyyətinin cəlladı olduğu məlumdur. Mən ikinci kitabın bu mövzuya həsr olunmasını məsləhət görürəm. Biz burada məmləkəti aclıq, biçarəlik və acizliyə aparan əcnəbi kapitalının törətdiyi faciələri faş etməliyik. Nə qədər ki, İran hakimləri ingilis, alman və Amerikanın əmrilə hərəkət edir, o qədər İranda işsizliyin, aclığın, yoxsulluğun qabağı alınmayacaqdır. Nə qədər ki, “İngilis  - İran nefti şirkəti”, Amerika ticarətxanası və səfarətxanası məmləkətin əsil ağasıdır, o qədər İranda iranlıya həyat yoxdur!

Beləliklə, onlar ikinci kitabı hazırlamağı qərara aldılar. Onun mündəricəsini müəyyən etdilər.

Kərimxai Azadi, İngilis - İran neft şirkətinin hansı vasitələrlə dövlət işlərinə təsir etdiyinə, siyasətə istiqamət verdiyinə aid məqaləni öz boynuna götürdü. Kürd Əhməd böyük dövləti vəzifə tutan şəxslərin iqtisadi mənafe cəhətdən xarici kapitaldan asılılığını göstərən məqaləni yazacaqdı. O, fikrini izah edib deyirdi:

- Şahdan tutmuş az-çox görkəmli bütün tacir və ərbablar ingilis, Amerika və alman kapitalından asılıdır. Ticarət, kredit, borc, xammal və maşınlar onları ətlə sümük kimi bir-birinə bağlamışdır. Həmin dövlətlərin nümayəndələri istəsələr bircə gündə ən dövlətli tacirlərimizi müflis çıxara bilərlər. Bunu bizim ağalar yaxşı bilirlər.

Fridun, hər kəsdən öz yazısını tezliklə qurtarmağı xahiş etdi. O, ikinci kitabın tez hazırlanıb çıxmasını istəyirdi. Kitablar nəşri ilə bərabər təşkilat işlərini genişləndirməyi də qərara aldılar.

Onlar gələcək günlərdən, doğrudan da həqiqi bir təşkilat yaratmaqdan danışdılar. Fridun:

- Dostlarım, - dedi, - bizim hər yerdə etibarlı və cəsur adamlarımız olmalıdır. Biz heçdən bir şey yaratmalı, yalın əllərlə zindanları, zəncirləri qırmalıyıq. Biz ancaq ruhən, fitrətən qəhrəman doğulmuş insanları aramıza almalıyıq. Ona görə də xalqdan bir dəqiqə də olsa qət əlaqə etmək yaramaz. Fəhlələrin, kəndlilərin bütün xalqın içində bizim etibarlı adamlarımız olmalıdır.

Təşkilat işinə kəndlilər və fəhlələrdən başlamağı qərara aldılar. Fəhlələr arasında işin təşkilini Kərimxan Azadiyə, kəndlilər arasında Kürd Əhmədə tapşırdılar. Kərimxan Azadi öz sürgün yoldaşı Hüseyn Məhbusinin haqqında onlara məlumat verdi. Gələn yığıncağa onu da gətirəcəyini söylədi.

Fridun azca fikirdən sonra ehtiyatla:  

- Təşkilatı genişləndirdikcə ehtiyatımızı da artırmalıyıq. Kiçik bir xəta böyük bəlalar törədir. Atalar yaxşı deyib: “igidin igiddən ehtiyatı artıq olar”.

Kərimxan:

- Ondan arxayın olun, sürgünlərdə, məhbəslərdə həyatımız bir yerdə keçib. İmtahandan çıxmışdır, - dedi.

Bu zaman zəng çalındı. Fridun qapını açdıqda, ona bir paket uzadan Şəmsiyyənin şoferini görüb heyrət etdi. Şofer məktubu verib:

- Xanım cavabını gözləyir, - dedi.

Fridun paketi açdı, ikicə sətir yazılmışdı:

“Narahat etdiyimə üzr istəyirəm. Bir saatlığa bizə gəlin. Gözləyirəm. Şəmsiyyə”.

Fridun xeyli düşündü. Getməmək, bu qızla tamamən əlaqəni kəsmək istədi. Lakin bunun faydasız və anlaşılmaz bir hərəkət olacağını düşünüb, vaz keçdi. Şoferə aşağıda gözləməsini tapşırıb, ayağa durmuş yoldaşları ilə vidalaşdı, geyinməyə başladı. Azca sonra qapıdan çıxmaq istərkən, Rza Qəhrəmani ilə qarşılaşdı. Küçədəki maşından məsələni anlamış Qəhrəmani, salamdan sonra başdan-ayağa mənalı-mənalı onu süzdü:

- Yenə oraya? Deyəsən yaman cəzb olunmusan, dostum?!

Fridun:

- Arxayın ol, əzizim, - dedi, və Sədinin bu beytini oxudu! 

İn muddənyan xər təlabət bixəbəranənd

Onra ki xəbər şod xəbər baz nəyaməd...* 

Biz bu cür müddənlərdən deyilik! İstəyimiz də, yolumuz da məlumdur!..

O, Qəhrəmaninin əlini sıxıb çıxdı. Qəhrəmani, hərəkətlərində bir anlaşılmazlıq sezdiyi və qəlbdən hədsiz dərəcədə sevdiyi dostunun dalınca baxıb, fikrə getdi.

 * * *

Şənbə günü nahardan üç saat sonra vəzirlər ingilisləri qəbul etdikləri qəsrdə, eyni qayda ilə Amerika səfiri və mister Haroldu qarşıladılar. İranın tarixi inkişafının yarı vəhşət dövrünu andıran pilləsində durduğuna inanan səfir və mister Harold, müasir bir alim mağaradan çıxarılmış ibtidai bir insanla necə rəftar edərsə, vəzirlərlə eləcə rəftar edirdi.

Onlar səmimn olaraq, bütün iranlıların şüurca bəşər inkişafının uşaqlıq dövrünü yaşadıqlarına inanırdı. Buna görə də özlərinn İranda balaca uşaqlara əlifba və say təlim edən, əl qaldırıb söz soruşmaq və cavab vermək qaydalarını öyrədən bir müəllim kimi aparırdılar. Əqidələri belə idi ki, iranlılar hələ dövlət idarə edəcək, müasir mədəniyyət və elmin nailiyyətləri səviyyəsinə qalxacaq halda deyillər. Necə ki, özbaşına buraxılmış bir uşaq, hesabın dörd əməliyyatını nə qədər yaxşı bilsə də cəbr loqarifma qanunlarını kəşf etmək dərəcəsinə heç bir zaman gəlib çıxa bilməz, elə də iranlılar. Amerikanın yardımı olmadan insana layiq bir həyat yarada bilməyəcəklər. Öz aralarında onlar iranlıları “böyük uşaqlar” adlandırırdılar. Vəzir-dərbar və vəziri-xaricə ilə də eyni müəllimə və mürəbbi kimi danışır, onları yüz minlərcə “böyük uşaqlar”dan biri hesab edirdilər: Anqlo-saksonların qabağında həm mənən, həm cismən səcdəyə alışmış vəzirlər isə buna əhəmiyyət vermədən təzim edə-edə, “bəli, bəli” deyə-deyə onları Rza xanın yanına gətirib çıxartdılar. Rza xan eyni qayda ilə bəlkə daha artıq bir mülayimliklə durub, onları qarşıladı, hal-əhval sordu. Qara simasını süni təbəssüm işığı ilə aydınlatmağa çalışırdı:

- Bizim əziz dostumuz özünü necə hiss edir?

Səfir gülümsədi:

- O... o... o... təşəkkür edirəm! Əlahəzrətin himayəsi olan yerdə heç bir amerikalı özünü pis hiss etməz.

Amerikalılara bizim xüsusi hüsn-rəğbət və məhəbbətumiz vardır. Buna əmin ola bilərsiniz.

Səfir nəzakət üçün söylənən gəlişigözəl sözlərə vaxt sərf etməyi boşboğazlıq hesab edərək, birbaş mətləbə keçdi:

- Ona əmin olduğumuz üçün də siyasətin dar yollara düşdüyü bir zamanda sizə ən yaxın bir ittifaq təklif edirik. Biz hər şeyin maqsədimiz yolunda istifadə olunmasını istəyirik. Xüsusilə hazırda İranın zəngin sərvətlərinin yer altında çürüyüb qalmasına razı ola bilmərik. Halbuki bu sərvətlər ümumi işimizin faydasına işlənilə bilər. Mən şimal neftini nəzərdə tuturam.

Rza xan fikrə getdi:

- Lakin...

Mister Harold onun sözünü kəsdi:

- Nə demək istədiyinizi bilirik. Əlahəzrət 1921-ci il Rus - İran müqaviləsinin bu işə maneçilik törədəcəyini nəzərdə tutur. Lakin indiki zamanda həmin müqavilənamənin son dərəcə məşrut bir şey olduğunu demək artıqdır. Zamanın hökmü və şəraiti rəsmən ləğv edib, heçə endirdiyi də məlumdur.

Rza xan ayağa durdu. Vəzirlər də, qonaqlar da qalxdılar. O digər stolun üstündə olan böyük bir xəritəni açdı. Nifrətdən titrəyən barmaqlarını Xəzərdən başlamış Şimal okeanına, Uzaq Şərqdən Qara dənizə qədər uzanan Sovet torpaqları üstündə gəzdirib, sonra İranı göstərdi:

- Bu qədər böyük bir dövlətə qarşı, İran kimi balaca bir məmləkət, dediyiniz kimi rəftar edə bilməz!..

Bu sözləri deyib, onların üzünə baxdı. Təbii ki, səfir onu anlayırdı. O, Rza xanın nə üçün belə etdiyini bilirdi. O, belə bir hərəkəti əvvəlcədən gözləyirdi. Rza xanın bircə sözdən sonra buna razılıq verəcəyi də ona məlum idi. O hələ əlini Sovetlər torpağının üstünə qoymuş Rza xana:

- Amerika sizə hər cür köməyi vəd edir -  dedi.  - Onu da əlahəzrətə bildirməliyəm ki, departament İrandan bir milyon dollarlıq və təklif etdiyiniz qiymətə kişmiş, dəri, yun və tütün almağa içazə vermişdir,

O, kiçik bir pauzadan sonra Rza xanın üzünə baxdı. Oradakı qaranlıq cizgilər, çuxur qırışıqlar arasında bir razılıq əlaməti görərək, davam etdi.

- Bundan əlavə, Amerika sizə yüngül şərtlərlə borc verməyə də hazırdır. 21-ci il İran - Sovet müqaviləsinə gəlincə...

O, nə isə müvafiq söz axtarmağa başladı. Rza xan onun fikrini tamamladı:

- Əlbəttə, arada hüsniyyət olsa yol tapmaq asandır.

Mister Harold gülümsədi:

- Mən də elə düşünürəm, əlahəzrət, Biz şimal məntəqələrindəki kəşfiyyat işlərinə elmi-tədqiqat əməliyyatı kimi başlayırıq. Heç bir dövlətin buna etiraz etməyə əsası ola bilməz.

- Əlbəttə, o, işin ikinci cəhətidir. Arada hüsniyyət lazımdır.

- Şimal məntəqələrində qazılacaq hər bir amerikan quyusu, qurulacaq hər bir amerikan buruğu sizi xarici təərrüzlərdən qoruyacaqdır, bizim siyasi-iqtisadi əlaqələrimizin daha da genişlənməsinə səbəb olacaqdır.

Rza xan yenə üzünü vəzirlərə tutdu:

- Cənab səfirin nümayəndələri ilə müahidənin əsaslarını hazırlayın!

Vəzirlər “bəçeşm” deyib, baş əydilər...

 * * *

Fridunu Şimranda, yenə həmin bağda Şəmsiyyə özü qarşıladı. Bu dəfə bağda heç kəs yox idi. Hətta xidmətçilər belə gözə dəymirdi. Sanki Şəmsiyyə qəsdən onların hərəsini bir tərəfə qovmuş və bu xəlvəti yaratmışdı. Əvvəlcə bu sakitlik Friduna xoş gəlmədi. O, Şəmsiyyənin məqsədini fikrən müəyyən etməyə çalışdı. Lakin heç bir qərara gələ bilmədi. Şəmsiyyə isə sərbəst bir hərəkətlə onun qoluna girib, yavaş-yavaş saraya doğru apardı. Qız gözlərini oynadaraq:  

- Siz yəqin nə üçün çağrıldığınızı düşünürsünüz eləmi? Arzu etsəniz səbəbini deyə bilərəm.

- Rica edirəm. Nə qədər tez desəniz, o qədər tez məni nigarançılıqdan qurtarmış olarsınız.

Qız daha artıq bir naz ilə:

- Deyəsən mehrabın qapıları üzünüzə açılır. Razısınızmı? - deyə gülümsədi və maraq dolu gözlərini Fridunun üzunə dikib durdu. O sanki Fridunun qəlbinə enmək, öz gözəlliyini orada oyatdığı hissiyyatla tanış olmaq istəyirdi. Fridun onun baxışları, siması və bütün hərəkətləri ilə xoşa gəlmək istədiyini görub:

- Xanım, sizə üç nəfərin məhəbbəti kifayət deyilmi  - dedi, - dördüncü bir ürəyə od salmağın nə mənası var?

Şəmsiyyə qaşlarını dartıb, ona baxdı. Nə isə demək istədi. Lakin evə çatdıqları üçün danışmadı. Onlar mərmər pillələrlə yuxarı qalxdılar. Fridun ziyafət zamanı zahirən üçbucağa oxşayan bu birmərtəbəli evi görmüş, lakin içərisinə daxil olmamışdı. Qapıdan girən kimi böyük bir dəhliz və oradan qabağa, sağa, həm də sola açılan birər qapı nəzəri cəlb edirdi. Sola və sağa açılan qapıların yanında ləmə kimi divara qazılmış dördkünclü işləmələr vardı. Oraya qoz ağacından qayrılmış paltarasanlar qoyulmuşdu. Şəmsiyyə orta qapını açaraq, Fridunu kiçik bir salona dəvət etdi. Salonun qarşı-qarşıya olan hər iki pənçərəsində ipək pərdələr asılmış, yerə bütün salon boyu bir Kirman xalısı döşənmişdi. Xalı, xüsusi olaraq bu salon üçün toxunmuş kimi, onu bir divardan o biri divara qədər örtmüşdü. Xalının üstündə simmetrik düzülmüş altı yumşaq kreslo vardı. Kresloların qabağında qoz ağacından qayrılmış hamar və şəffaf çay stolları qoyulmuşdu. Salonun başında pianino dururdu. Onun üstündə, divarda əlində gül, yarıçılpaq bir qadın təsviri asılmışdı. Şəmsiyyə qırmızı ipək paltarının ətəklərini geri ataraq, kreslolardan birisinə oturdu və Friduna da yanındakı kresloda yer göstərdi. Fridun ürəyində anlamadığı bir sıxıntı və intizar duyaraq oturdu. Şəmsiyyə yarımçıq buraxılmış söhbəti davam etdirdi:

- Bir nəfəri nə qədər sevsən və nə qədər sevilsən də, yenə hər kəsə xoş gəlmək istəyirsən. İstəyirsən hər kəsin diqqəti səndə olsun. Sənin gözəlliyinə baxıb, heyran qalsın. Bunun əksini iddia edən bir qadına inanma, Fridun!..

- Bununla belə, mən sizin sözlərinizə inanmıram, heç bir qız, az da olsa məhəbbət bəslədiyi bir oğlanla bu cür danışa bilməz. Bu cür danışıqlar ancaq mənimlə sizin kimi bir dost, yaxşı bir yoldaş arasında ola bilər. İki sevgili arasında ola bilməz.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info