Qonaq Kitabı
ON BİRİNCİ FƏSİL

Rza xan ağ mərmər sarayın pillələrini qalxanda bütün xidmətçilər əl-əl üstə qoyub ikiqat olmuş, hərbi qulluqçular ayaqlarını cütləyib, özlərini qurudaraq, nəfəslərini içəri çəkmişdilər. Sanki bütün adamlar daş kimi dilsiz və cansız idi. Hamısı qorxusundan saralmış və yerində donub qalmışdı. Əbədi qaşqabaq və qəzəbin kölgəsi pis bir qaranlıq şəklində şahın sifətinə çökmüşdü. Bu qara üzə, heç bir zaman işıqlanmayan bu kinli gözlərə baxmaq mümkün deyildi. Qaraqırışıqlar, məmləkəti bürümüş zindanlar və məhbəslər kimi, ağır və kəsif halda, onun üzündə yatıb qalmışdı. Baxışlarında hakimiyyətin hüdudunu bilməyən təşnə bir ürəyin hərisliyi duyulurdu.

O, dəhşət saçan kabus kimi yerində oturduqda bütün sarayda bir məzar sükutu hakim idi. Böyük-kiçik, xidmətçilərin hamısı pəncələri üstə yeriyir, qorxa-qorxa pıçıltı ilə danışırdılar. O, azca düşünüb, vəziridərbarı yanına çağırtdırdı. Beş dəqiqə keçməmiş, balacaboylu, tiryəkdən qap-qara qaralmış və sümükləri çıxmış Həkimülmülk özünü düzəldərək daxil olub təzim etdi. Onun balaca gözləri yağı qurtarmış çıraq kimi işıldayırdı. Ürəyi titrəyə-titrəyə əlahəzrət-hümayunun əmrini gözləyirdi. Şahlar və hakimlərin dəyişməsindən asılı olmayaraq, həmişə İran siyasətinin halqalarını əlində saxlayan bu adam, Pəhləvinin qarşısında yarpaq kimi əsir, başını, hər an enməyə hazır olan bir qılıncın altında hiss edərək, özünün bir varlıq, bir vücud olduğunu xatırından çıxarırdı:

Nəhayət, əlahəzrət ona:

- Qalx, irəli gəl! - dedi...

Həkimülmülk irəli sıçradı. Hökmdar başını qaldırmadan, nəyə isə baxdığı halda:

- Güzariş* ver görək nə var? - deyə əmr etdi.

Həkimülmülk pis bir vəziyyətə düşdüyündən pul kimi qızardı. Dodaqları titrədi. Boğuq səslə:

- Əlahəzrət, sənədləri gətirməmişəm, - deyə bildi. Rza xan qəzəbli nəzərlərlə ona baxdı:

- Bəs niyə zəhmət çəkib təşrif gətirmisən, ağayi Həkimülmülk? Bəlkə elə bilirsən ki, o mübarək sifətini görməyəndə ürəyimiz darıxır. Vəhşisiniz, vəhşi! Altmış ilin eşşəyisən, yenə yerişini bilmirsən.

- Bağışlayın, əlahəzrət, günahkaram.

- Bağışlayın! Bağışlayın! Qulağının o birisini də mən kəsərəm, onda bilərsən bağışla nədir!..

Həkimülmülk, dən dəyirman daşının altında əzilən kimi, bu sözlərin və qəzəbli baxışların altında əzilirdi. Lakin eşşək sözü şahın yadına nə isə gülməli bir şey saldı. Həkimülmülk altdan-altdan baxırkən, onun dodağının qaçdığını gördü. Şah Həkimülmülkün yüz dəfə dediyi məşhur bir beyti xatırlamağa çalışırdı:

Xəri... xəri... xəri...

Heç vəchlə xatırlaya bilməyəcəyini gördükdə Həkimülmülkün üstünə qışqırdı:

- De görüm şair necə deyib?

Həkimülmülk tez şeiri söylədi:

 “Xəre-İsa gərəş be Məkkə bərənd,

Çün beyayəd həmin xər əst ki, bud”**.

 Şah güldü:

- Şair sənin kimi eşşəkləri görüb yazıbdır!..

- Əlahəzrət-hümayün tamamilə düz buyururlar..

- Bir də oxu.

Həkimülmülk şeiri bir də təkrar etdi. Şah bir də güldü.

- Get, sənədləri gətir!

Həkimülmülk qayıdıb özünü qapıdan çölə atdı. “İlahi, şükür, yaxşı qurtardım” deyib sənədlərin dalınca qaçdı.

Rza xan gah pəncərə qabağında duraraq qeyri-müəyyən bir nöqtəyə baxır, gah da hakim addımlarla otaqda gəzinir və düşünürdü. Oiun beynini məşğul edən məsələ dövlətlər arasındakı qeyri-sabit münasibətlər, mürəkkəb diplomatik əlaqələr, məmləkətin daxili və xarici vəziyyəti idi. Bu vəziyyət ona dumanlı görünür və ürəyində təşviş oyadırdı.

Xalqın əhvali-ruhiyyəsi, gizli narazılıqlar, nəhayət, buraxılan vərəqələr, həmişəlik cilovlandığını zənn etdiyi gizli, həm də güclü bir qüvvənin indi daha da artıq gücləndiyini ona hiss etdirirdi. Rza xan savadsız, elmsiz və avam saydığı xalq kütlələrini böyük şəxsiyyətlərin əlində tarixi işlər görmək üçün bir vasitə, kor-koranə tabe olmağa alışmış şüursuz bir şey hesab edərdi. İndi bu kor qüvvə sanki özünü göstərməyə başlayır və onun fikrində bir qorxu yaradırdı. O bu vaxta qədər bu qüvvəni əbədi itaət altında saxlamaq üçün möhkəm və pozulmaz bir dəstgah düzəltdiyini güman edərdi. Yeni zabitləri, silahları və hərbi qaydaları olan ordu, nəzmiyyə və ədliyyə, vəzarətlər, bundan başqa məmləkətin iqtisadi tərəqqisini təyin edən tacirlər, ərbablar, fabrik-zavod sahibləri, bu şüursuz başıpozuq qüvvənin fəaliyyətini faydalı səmtə salmaqda onun istinadgahı idi. O bu ağaları özünə söykənəcək saydığı kimi, onlar da Rza xana inanırdılar. Onun, məmləkətdə “başsızlıq”, “hərcmərclik” yaranmasına, “lat-lütün” ayaq almasına yol verməyəcəyinə inandıqları üçün sərt rəftarına, təhqirlərinə dözür və hər şeyi “qüdrətli şəxsiyyət” olmasına bağışlayırdılar. Dağıdıcı hərəkətin ilk əlamətləri görünən bu qorxulu selin qabağını indidən almasa, istinad etdiyi nöqtələrin də ayağı altından qaçacağını hiss edirdi: elə bir dəqiqədə birinci olaraq onun üzünə duran, “çəkil, bizə başqa hökmüdar lazımdır!” - deyən həmin tacirlər, karxana sahibləri, ərbablar olacaqdı. Lakin o buna yol verməyəcəkdi!..

O, savadsız bir adam olduğunu, lap ilk gəncliyindən başlayaraq soldat çəkmələri və nizami* paltardan başqa bir şey görmədiyini, küt soldat beyni üçün yaranmış nizam qaydalarından başqa heç bir elmi, heç bir kitabı əsaslı surətdə öyrənmədiyini hamıdan gözəl bildiyi halda, yenə də özünü böyük bir insan sayırdı. Hətta onda bilmədiyi şeylərə daxili bir nifrət də vardı. O qəti olaraq belə fikirdə idi ki, həqiqi elm yalnız silahı təbliğ edən, güc və qüvvəyə sitayiş edən elmdir. Qüdrətli şahlar və yorulmaz fatehlərdən danışmayan tarix beyinləri çaşdırdığı üçün zərərli idi. Heç bir qüdrəti və amansızlığı təbliğ etmədiyi, insanın ürəyində bəşəri hisslər oyatdığı üçün sənət və ədəbiyyat millət üçün tiryəkdən pis idi. Yer üzündə təzim etməli bir şey varsa o da qolun qüdrəti idi. Heç də təəccüblü deyildi ki, hər səhər yuxudan durarkən hərbi hissələri yoxlamaq İranda iyirminci əsr “zillüllahının” adəti olmuşdu. Az-çox məntiqi bir söz danışan, yeni bir fikir deyən hər kəs onun qəzəbinə səbəb olurdu. O, həm öz aləmində, həm də başqalarının yanında “İnsan zülmə tabedir, güc olmayan yerdə həqiqət yoxdur” deyə təkrar edərdi. Belə bir əqidə onun hədsiz despotik təbiətlə həmahəng idi, bəlkə də bu təbiətdən doğmuşdu. Hər halda bütün onunla oturub-duranların və on beş illik hakimiyyətini müşahidə edənlərin hamısı bu məsələdə eyni fikir söyləyirlər. Amansız və ənənəvi Şərq hakimiyyətinə əsaslanan bu müstəbid təbiətli adam eyni zamanda bir küçə qalmaqalçısı qədər ağzıyava, tərbiyəsiz və şaşkaçəkən idi. İran burjuaziyası əməkdarları ilə birlikdə yolu üzərinə çıxan bütün maneələri gah alçaq hiyləgərliklə, gah ikiüzlülük və yalançı vədlərlə, fürsət düşəndə də terror və ölümlə aradan qaldıraraq, bütün İranı hakimiyyəti altına keçirdikdən sonra onun müstəbid təbiəti və hüdudsuz xudbinliyi daha böyük qüdrətlə meydana çıxdı. Bu zamandan etibarən o özü də, həmməsləki olan ağalar da onun xırda bir Şərq despotu deyil, böyük bir adam olduğuna inanmağa başladı. Bu etimad onda məmləkətin mənafeyi və gələcəyi üçün zərərli olan fikirlərin bilatəxir yerinə yetirilməsi həvəsini oyatdı. Hətta onda allah qüvvəsi olduğunu iddia edən yaltaqlarla özünün də ciddi surətdə razılaşdığı məlumdur. Bu xəstə müxəyyələ, nəinki hazırkı, hətta keçmiş əməllərini də nəzərində böyüdürdü. Mazəndəranda keçmiş uşaqlıq dövrü, ailələrinə başçılıq etmiş əmisi Nəsrulla xanın səyilə 1900-cü ildə Lyaxovun kazak dəstəsinə girməsi, orada soldatlarla sərt və amansız rəftarı sayəsində getdikcə hərbi rütbəsinin artması bir-bir gəlib gözü önündən keçirdi. Nəhayət 20-ci illər! Bu illərdə demokratik xalq qüvvələri ilə, həyasız irtica və ingilis-Amerika mənbələri arasında oynadığı riyakar işlər, Seyid Ziyaəddin ilə birlikdə təşkil etdiyi dövlət çevrilişi, əsl böyüklüyün bir ifadəsi kimi, xəyalından keçirdi. Nagahani telefon zəngi onu bu xəyallarından ayırdığı üçün qəzəbləndi və zəng edənin mütləq bədxah adam olduğu fikrilə dəstəyi götürüb, nərə çəkdi.

Bu zaman tələsik öz otağından qayıdan Həkimülmülk sərhəng Səfaiyə və maliyyə vəzirinə rast gəldi. Onlar pıçıltı ilə:

- Əlahəzrət nə haldadır? Çox əsəbi deyil ki?  -  deyə soruşdular.

Həkimülmülk onların həyəcan və qorxudan saralmış üzünə baxıb, cavab vermək əvəzinə şahın sarayı bürümüş nərəsinə işarə ilə:

- Bu haldadır! - dedi və tez onlardan ayrılıb, nə isə gətirmək bəhanəsilə geri qayıtdı.

Vaxt keçsin, şahın qəzəbi soyusun deyə, otağına girdi. Yalandan qurdalandı. Qayıdıb gəldikdə hələ də onları qapıda gözləyən gördü. İçəridən yenə də şahın əsəbi və qəzəbli səsi eşidilirdi. Xidmətçilər əcələ ilə o tərəf-bu tərəfə hərəkət edirdilər. Hamının gözündə küt, vahimə ilə dolu bir ifadə hakim idi. İçəri girdikdə hər üçü yerə qədər əyilib təzim etdi. Şah müqəddiməsiz-filansız dişlərini qıcayaraq:

- Sizin bütün əməlləriniz yerə batsın! - dedi.

Onlar başı aşağı, dəhşət və sükut içində işin dalını gözləyib durdular. Rza xan nagahani bir hərəkətlə maliyyə vəzirinin yaxasından tutub silkələdi:

- To bəraye mən diktator şoden, ağa!*

Rəngi kəc kimi ağarmış və yerində titrəyən maliyyə vəziri təzim etdi:

- Nə günahın sahibiyəm, əlahəzrət?.. Mən...

Rza xan ona sözünü qurtarmağa imkan vermədi. Uca bir səslə fəryad qopartdı:

-  Pədər suxtə, ki be to icazə dad de həftmilyono nim bəraye sədsazi bədəhi?**

Maliyyə vəziri zorla özünü toplayıb:

- Əmr mübarəkə əsasən mən onu imza etmişəm, - dedi, - mənim heç bir təqsirim yoxdur!

Rza xan vəl boyda qalın əlini havada yelləyib maliyyə vəzirinin üzünə vurdu:        

- Mənə silah lazımdır, qoşun lazımdır. Sən pulu hara sərf edirsən! Əhməd xəfə şov! Xəyal mikoni əz hoqqabazi və pədər suxtakihayət xəbər nə darəm?***.

Maliyyə vəziri şillənin zərbindən bir neçə addım divara tərəf səndələdi, qızarmış üzünü əli ilə tutdu, məhbəs yadına düşdü. Sərdar Əsəd və Teymur Taşın aqibətini xatırlayaraq, qəzəbini boğdu, heç bir söz deməyib susdu. Rza şah əli ilə onun çıxmasını işarə etdi.  

- Cəhənnəm ol, get!..

Maliyyə vəziri çıxdıqdan sonra acıqla gəlib yerində oturdu və üzünü sərhəng Səfaiyə tutdu:

- Sən də xəyanət yoluna düşdün? Çörək səni də qudurtdu? Bu xarabanın abü havası səni də xarab elədi?

Maliyyə vəzirinin başına gələnləri görmüş sərhəng susdu. O hər təhqirə dözmək lazım gəldiyini bilirdi.

Daha doğrusu, o buna adət etmişdi.

- Niyə daş kimi susub durursan? Danış, de görək nə var? Ərdəbildə kəndlilər ərbabın üstünə qalxdılar, nə elədin. Şəhərdə xalqı qiyama çağırırlar, hər gün küçələrdə bir vərəqə tapılır, nə qayırırsan? Ağa, bəlkə siz elə güman edirsiniz ki, mən özümdən qorxuram. Xeyr, ağa, mənim bir canım var çəkilib, Avropa şəhərlərinin birində oturaram. Mən sizin üçün qorxuram, sizə görə qorxuram, beş gündə daşınızı daş üstə qoymazlar, ağayi sərhənglər, vəzirlər, ərbablar, mən sizə görə deyirəm!..

Sərhəng Səfai üzünün ifadəsini pozmadan:

- Qurban, - dedi, - biz yaxşı bilirik ki, milləti İranın səadəti bavərdir zati-alilərin vücud-mübarəkinə.

Rza xan onun sözünü kəsdi:

- Onları apar qoy dədən tacir Səfainin goruna. De görüm Ərdəbil işi nə haldadır, şəhərdə nə var?..

Qanlı hökmdarın və saray adamlarının əxlaqına bələd olan, nə zaman susmaq və nə zaman danışmaq, danışarkən haradan nə demək və necə demək lazım gəldiyini yaxşıca bilən sərhəng, işin içindən çıxmaq üçün yalana müraciət etdi, belə işlərdə püxtə olduğuna görə, səsinə inam və qüdrət verdi:

- Əlahəzrət, Ərdəbil mahalında otuz adam tutulmuşdur. Təhqiqat gedir. Əmniyyənin əlindən qaçan adamın Qafqazdan keçmiş bolşevik olduğu səhihən müəyyən edilmişdir: Kəndlilər arasında şuriş salan da odur. Axtarırıq. Tehrandan bir nəfər tutulmuşdur. Vərəqəni yazdığını da artıq boynuna almışdır.

Rza xan onun da sözünü kəsib, yerindəcə qışqırdı:

- O yerin tərkində də olsa tapılmalıdır, sərhəng. Zindandakıları döyə-döyə onun yerini öyrənin!.. Kəndli Musanın bütün əmlakını müsadirə, özünü də Azərbaycandan sürgün edin!..

Sərhəng yalnız onun gurultulu səsini eşidirdi, nə dediyini isə anlamırdı. Çünki fikri, məhbuslardan hansını belə tora salmaq mümkün olduğunu müəyyən etməklə məşğul idi. Zira Rza xana söylədiyi yalanı doğrultmaq lazım idi. Şah sözünü qurtarıb durduqda qəzəbdən sol üzündəki çapıq titrəməyə başladı, sərhəng heç bir şey başa düşməsə də mexaniki olaraq:

- Bəçeşm, - deyib təzim etdi:

Rza xan üzünü yana tutub tüpürdü.

- “Bəçeşm, bəçeşm!” Hamınız nökərsiniz!.. Satınalma qul kimi yalançı və xainsiniz!

Kağız kimi ağarmış sərhəng yenə özünü itirmədi:

- Əlahəzrət, - dedi, - biz nökər kimi sadiq bəndələrinizik.

- Görürəm, xainlər məmləkəti bürüyüb, siz də mənim başımın altına yastıq qoyursunuz, yaxşı sədaqətdir!..

- Əlahəzrət, biz xainlərin kökünü kəsirik... Təbrizdə Həmid Həmidinin şahlıq düşməni olduğunu aşkar etmişik. Burada da sərtib Səlimini göz altında saxlayırıq.

Səliminin adını eşidən kimi Rza xan qışqırığını kəsdi. Sakitcə, lakin qəzəblə Həkimülmülkə:

- Onun islahat nəqşəsini ağalar bilirmi? - deyə soruşdu:

Həkimülmülk baş əydi:

- Xeyr, əlahəzrət, elə əmr olmamışdı.

- Əmr lazım deyil. Vəzirləri də, böyük tacir və ərbabları da yığ. Qoy oxusunlar, görsünlər ki, mən olmasam papaqlarını başlarında saxlaya bilərlər, ya yox? 

- Bəçeşm, əlahəzrət, yığaram.

Rza xan sərhəngə tərəf döndü:

- Yuxarıdan aşağı bütün dövləti rüşvətxorluqda, vətən furuşluqda ittiham edir. Yazır ki, gərək əncümənlər yaransın və onlara bələdiyyələrin işini yoxlamaq ixtiyarı verilsin. Torpaq islahatı tələbatı irəli sürür. Orada bircə kolxozdan başqa hər şey var. Bunun xəyanətinin kökləri dərindir...

Sərhəng Rza xanın soyuduğunu, hirsinin başqa səmtə yönəldiyini duyaraq cəsarətləndi, Həmid Həmidinin Təbrizdə dövlətə xəyanət hazırladığını və Səlimi haqqında aldığı məlumatları istədiyi qədər şişirdərək nağıl etdi.

- Bu işi doktor Ərani eşidəndə böyük iş olacaq? - deyib sözünü qurtardı.

Rza xan doktor Ərani adını eşitdikdə:

- Köklərini kəsmək lazımdır, köklərini! - deyib bağırdı və azca fikirdən sonra əlavə etdi:

- Sərtib Səlimini nəzarəti-kişvərdən qovdularmı?

Rəngi açılmış sərhəng təzim etdi:

- Bəli, əlahəzrət, bəli. Əmri-əlahəzrəti-hümayunu vəzir o saat yerinə yetirdi.

Rza xan yenə ağır əlini tərpətdi. Ona çıxmaq icazəsi verdi. Sərhəng təzim edərək, dalı-dalı çəkilib getdikdən sonra da Həkimülmülk eyni qurumuş halda yerində durmuşdu.

Şah təəssüfü andıran bnr səslə:

- Görürsənmi, vəzir, - dedi, - görürsənmi? Mən İranda güclü bir dövlət yaratmaq istərkən, necə eşşəklərə rast gəlirəm. Lakin döyə-döyə, şallaq və şillə gücünə sizi işlədəcəyəm.

Nədənsə, şah başını qaldırıb, vəzirin qorxu və mənasızlıqdan başqa bir şey ifadə etməyən gözlərinə baxdı və yəqin ki, bu gözlərdə nə isə bir etiraz, bir üsyan oxumuş olduğundan onun üstünə qışqırdı:

- Bəli, işlədəcəyəm!. Necə keçə papaqlarınızı, əmmamələrinizi çıxarıb, o keçəl başlarınıza silindr keçirtdim, necə çığırda-çığırda arvadlarınızın çadralarını əllərindən aldım, elə də sizi işləməyə, dediklərimi yerinə yetirməyə məcbur edəcəyəm.

Həkimülmülkün səsi cırıldadı:

- İxtiyarınız var, əlahəzrət, - deyə bildi.

Şah yarıistehza, yarıkin və zəhər dolu bir səslə vəzirin sözlərini təkrar etdi:

- İxx... tiyarınız var... Ah, tülkülər... tülkülər!..

Qıcanmış dişlərinin arasından hər səsi böyük bir nifrətlə çıxan şah, bu sözləri deyə-deyə Həkimülmülkə tərəf hərəkət etdi. Bunu görən vəzirin dizləri titrəməyə başladı. Maliyyə vəzirinə dəyən şillə yadına düşdü. Rza xanın şalban kimi qoluna baxıb, zərbinə dözə bilməyəcəyini düşündü və kağız kimi ağardı. Ürəyində “bu xarabaya bir gələn də yoxdur, bir zəng edən də yoxdur ki, yaxam qurtarsın” deyə gözlərini lap bəbəyinin içinə zillədi.

- De görüm, gündə neçə dəfə şah olmaq iddiasına düşursən? Düzünü de!

Həkimülmülk zorla nəfəs ala-ala:

- Qurban, sadiq bəndələrinizik,  - dedi.  

- Sadiq bəndələr!.. De görüm bu qırx ilin ərzində neçə mənim kimi şaha sadiq bəndə olmusan? Hə, susursan? Deməli məni eşşək yerinə qoymusan? Eyb etməz. Mən elə bu eşşəkliyimlə sizin dədənizi dalınıza sarıyacağam. Şahı yenə gülmək tutdu. Eşşək sözü yenə ona məşhur beytləri xatırlatdı. Yenə Həkimülmülkə müraciət etdi:  - Şair necə deyib?

Azca rəngi özünə gəlmiş Həkimülmülk beyti təkrar etdi. Şah güldü. Həkimülmülkün rəngi bir az da açıldı. Fikirləri özünə qayıtdı. Saray həyatı və ruhuna, şahların daxili aləminə sərhəng Səfaidən daha artıq və bütün incəliklərinə qədər bələd olan bu adam artıq fırtınanın sovuşduğunu hiss etdi. İndi istədiyini deyə bilərdi: Şah bütün qəzəbini töküb yüngülləşmişdi. İki gündən bəri onu narahat edən xəbəri demək fürsəti gəlib çatmışdı .

- Qurban, dövləti-şahənşahi-İrana və zinəti-in sərzəmi-ni-pakü müqəddəs əlahəzrəti-hümayun Rza şah Pəhləviyə öz sədaqət və məhəbbətimi sübuta yetirdiyimi, nəzəri-alidə heç  bir günaha mürtəkib olmadığımı güman edərək, Pəhləvi sülaləsinin gələcəyi üçün xətərli olan bəzi şeyləri hüzuri mübarəkə ərz etməyə cəsarət edirəm.

Rza xan diqqət və kəskinliyi ifadə edən bir nəzərlə vəzirə baxdı. Vəzir onun üzündə kölgə və qaranlığın qatılaşdığını gördü. Lakin ürəyi titrəsə də, özünü toplayaraq, Şahpurla xanım Şəmsiyyə arasında baş verən əhvalatları və bu ətrafdakı söhbətləri Rza xana bildirdi. Vəzir bu eşq macəraları və əhvalatlarının dalında başqa mənalar gizləndiyini uzaq bir siyasətin nəqşələri oynadığını da əlavə etdi. Dərbar adamları və dövlət xadimləri arasında bütün bunların siyasətdə mahir olan, on il bundan sonranın xalını indi vuran ağayi Hikmət İsfahaninin tədbirləri kimi tələqqi olunduğunu söylədi. Rza xan ayağa qalxıb, əllərini dalına qoyaraq gəzindi. Qayıdıb vəzirin qarşısında durdu. Əvvəlcə vəzir, Rza xanın onu şillələyəcəyini güman edərək, başını əydi. Lakin Rza xan, adətinin xilafına olaraq, sakitcə ona baxırdı. Şah, Səliminin Hikmət İsfahani ilə qohumluğunun hər cəhətdən əlverişli olacağını düşünürdü. Bir yandan onu Hikmət İsfahani kimi mütləqiyyət və irtica dayağı olan bir adamın əbədi təsiri və nəzarəti altına vermək, digər tərəfdən Şəmsiyyəni başdan eləmək mümkün idi. 

– Vəzir,  ağayi sərtib Səlimidən tamam qət-ümid olmağa necə baxırsan? Bəlkə Hikmət İsfahani onu haqqın yoluna qaytardı.

Vəzir dərhal Rza xanın nə üçün sərtib Səlimini soruşduğunu anladı. Bu işin mümkün olub-olmayacağını düşündü.  

- Əlahəzrət, fikriniz gözəl fikirdir. Lakin indi sərtib Səlimi xanım Şəmsiyyə ilə izdivaca razı olmaz...

 Rza xan təəccüblə vəzirə baxdı:

- Niyə razı olmur? Beş ay bundan qabaq belə bir arzusu yox idimi? 

- Cəsarət edirəm, əlahəzrət, indi sərtib Səlimi xanım Şəmsiyyə ilə...

Rza xan, Həkimülmülkün nəyə işarə etdiyini anladı. Yenə onun üstünə qışqırdı:

- Bilaetiraz! Tezliklə xanım Şəmsiyyə ilə sərtib Səliminin izdivacı qurtarmalıdır!

- Bəçeşm, əlahəzrət!

Rza xan, vəzirdən daha nələr olduğunu soruşdu.

Vəzir portfelini açıb, oradan balaca bir kitab çıxartdı:

- Əlahəzrət - dedi, - şəhərdə belə bir kitabın paylandığı müəyyən edilmişdir. “İş, çörək və azadlıq istəyirik!” Başdan-başa iftizah və iftiradır.       

Rza xan acıqla kitabı vəzirin əlindən dartıb aldı. İlk səhifəsinə baxdı və qaytarıb vəzirə verdi:

- Oxu!..

Həkimülmülkü vahimə basdı. Çarəsiz qalıb, yavaşdan oxudu: “Ey İranın yazıq və zəhmətkeş əhalisi ey doğulduğu gündən qəbirə gedən günə qədər bir tikə çörəyə həsrət qalan bədbəxtlər! Biz sizə müraciət edirik... Burada bir güzgü kimi sizin həyatınızı sizə göstərmək istəyirik. Bizim məqsədimiz sizin gözünüzü açmaq, Pəhləvinin zülm və istibdad üstündə qurulmuş qanlı rejiminin İrana daha nə kimi fəlakətlər hazırladığını sizə nağıl etməkdir”.

Rza xan kitabı alıb, onun üzünə çırpdı və dəli kimi bağırdı:

- Mənə bu kitabı yox, bunu yazanların edam hökmünü gətirməli idin. Kim yazıbdır?

- Əlahəzrət, burada yəqin rusların əli vardır. Rus səfarətxanası...

 Rza xan onun sözünü kəsdi:

- Rusların əli olduğunu bilirəm. Mən səndən soruşuram ki, kim yazmışdır? Bəlkə sən yazmısan?

Birdən-birə deyilmiş bu sözdən vəzirin boğazı qurudu ayaqları yerə yapışan kimi oldu. Sanki boğazı sabunlanmış bir kəndirə keçdi. Zorla nəfəs ala-ala nə dediyini bilmədən danışdı:

- Qurban, rus səfarətxanasına gedib-gələn adamların hamısının siyahısı götürülmüşdür. Heç birisini tutmaq üçün əldə dəstavüz yoxdur.  



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info