Qonaq Kitabı
SƏKKİZİNCİ FƏSİL

- Anacan, bir çit idi, bir çit idi, rənginə baxanda adamın ağlı gedirdi. Xırda narıncı gülləri vardı. Az qalmışdı, pulların hamısını verib, özümə paltarlıq alam - deyə bazardan yenicə qayıtmış Fəridə qoptuğuna vurduğu cəhrəni və darağı yerə qoydu. Kağıza büküb, yaxasında gizlətdiyi milləri çıxartdı.

Ana kiçik gözlərini qıydı:

- Eybi yoxdur, qızım, allah kərimdir, pul yığarıq, alarsan. Ondan da yaxşısını alarsan.

Fəridə bazarda eşitdiklərini ez düşüncələrinə qataraq, tələsə-tələsə danışdı:

- Haradan alacağam, ay ana, mal indi beş ay qabaqkından üç dəfə baha olub, deyirlər ki, getdikcə lap bahalanacaq.

 O, səsini yavaşıtdı. Nə isə bir təlaşla anaya tərəf əyildi.

- Deyirlər ki, dava olacaq, yollar bağlanacaq... Mal-zad gəlməyəcək...

Darağın dişlərini yoxlayıb, cəhrənin o yan-bu yanına baxan ana, əl saxladı:

- Nə danışırsan, ay qız, allah eləməsin dava ola... Xalq ayaq altında qırılar. Kasıb-kusub acından ölər.

- Nə bilim, vallah, camaat danışır... Deyirlər ki, bir dava olacaq ki, qan dizə çıxacaq. Deyirlər nemsə torpaq istəyir, rus da deyir verməyəcəyəm, bu çanağı çatlamış ingilis də araya giribdir, amma barışdırmaq yerinə hər ikisini fitdiyir.

- Vay, vay ingilis demə, o ki, araya girdi, iş qurtardı, gərək dava düşə. Keçən davada, torpağı sanı yaşayasan, mənim qaynanam öldü. Mən də onda sən yaşda ancaq olardım. Amma çox avam idim. Heç şeydən başım çıxmazdı. Yadımdadır ki, rəhmətlik qaynanam deyirdi, davanı salan ingilis olub. Amma bir aclıq oldu, bir aclıq oldu, adam, adam əti yeyirdi. Allah heç kafərə göstərməsin...

Ana cəhrəni bir kənara qoydu və durmaq istədi:

- Ay qız, gəlsənə nə qədər gün batmayıb, gedim bir fal açdırım. Bəlkə nahaq yerə camaatın ürəyini dərdə salırlar.

Fəridə onu saxladı:

- Gəl Fridundan soruşaq, o oxumuş adamdır, hökumətlərin işindən başı çıxar, - dedi və yavaşca ara qapını açdı.

- Olar, Fridun qardaş?

Fridun pəncərədə durub, yenə işdən qayıdan pinəçi şagirdlərinə baxır və ürək ağrısı ilə onların naməlum gələcəyini düşünürdü. Fəridənin səsini eşidib döndü:

- Buyur, Fəridə.

Fəridə cəld və təlaşla eşitdiklərini danışdı.

- Necə baxırsan, Fridun qardaş?

Fridun sadə sözlərlə dünyanın vəziyyətini onlara anlatmağa çalışdı və:

- Qorxmayın, - dedi, - dava olsa da keçən davaya bənzəməyəcək. Keçən davada dünyanın məzlumları köməksiz idi. İndi onların Şura hökuməti kimi bir köməyi var. O çalışır ki, dava olmasın... Əgər olsa da çalışaçaq ki, zəhmətkeşlərin xeyrinə qurtarsın.

Ana:

- Allah onun bayrağını uca eləsin, - dedi, ancaq tamam arxayınlıq üçün ayağa durdu:

- Ay qız, indicə qayıdıram. Qoy bir falçıya baş vurum, görum nə deyir.

Ananın bu hərəkəti Fridunu həm güldürdü, həm də təəssüfünə səbəb oldu. O, evdə gözünə birinci dəfə dəyən cəhrədarağı göstərdi:

- Bu nədir, Fəridə?

Fridunun Sərxana təsirindən sonra Fəridə öz aləmində onu bütün insanlardan yüksək tuturdu. Nəzərində onu adamların heç birisinə oxşada bilmirdi. O hamıdan təmiz, nəcib və yaxşı idi. Özü də hiss etmədən ona xoş gəlməyə çalışırdı. Bir qadın həssaslığı ilə və heç kəsə hiss etdirmədən onun hərəkətlərinə göz qoyur, nəyi bəyənib-bəyənmədiyini öyrənməyə çalışırdı. Fridun “Ana” romanını onlara oxumağa başladıqdan sonra bu hiss daha da artmışdı. Bu hadisə keçən cümə günü Sərxan evdə olanda baş vermişdi. Axşam şamdan sonra yenə samovarın qırağında oturub, ordan-burdan danışırdılar. Ana cinlərdən, köhnə əhvalatlardan, deyirdi, Sərxan dəmiryolundan şikayət edirdi. Fəridə qonşulardan eşitdiklərini danışırdı. Fridun birdən bu söhbətləri kəsmiş – “gəlin sizə kitab oxuyum” deyib, mühacir qızının verdiyi kitabı oxumağa başlamışdı. O, sakit və yumşaq bir səslə oxuyurdu. Onun ağzından çıxan sözlər nə isə qeyri-adi, ayrı-ayrı sözləri və cümlələri izah edirdi. Fəridə hiss edirdi ki, o nə isə özündən kitabda olmayan şeylər də danışır. Bir cəhət Fəridənin diqqətini xüsusi cəlb etmişdi: kitabın Sofyanı göstərən səhifələrini oxuyarkən Fridun bir yerdə dayanmışdı:

- Qadın belə olar, - demişdi.

Bu qeyri-ixtiyari deyilmiş sözlər sanki onun bütün qəlbini, bütün arzularını ifadə etmişdi. Bundan sonra Fəridə dumanlı şəkildə də olsa onun bəyənə biləcəyi qızın surətini xəyalında yaratmağa başlamışdı. O, qəti olaraq kəsdirmişdi ki, bu qız hər şeydən qabaq nə isə bir iş görməli, bir sənət sahibi olmalıdır. İşsiz və avara bir qızın Friduna xoş gələ biləcəyini o heç cür təsəvvür edə bilmirdi. Bu fikir bir çıraq kimi birdən-birə öz həyatını işıqladıb, ona göstərmişdi: “bəs mən nə edirəm?” sualı onu Sərxandan gizlin, çaydan-çörəkdən, qəpik-qəpik kəsib yığdığı pulları götürüb bazara çıxmağa məcbur etmişdi. Özünə paltarlıq üçün yığdığı pulları cəhrə, daraq və ipə vermişdi.

- Fridun qardaş, adam nə qədər evdə işsiz oturar, qonşuların qiybətinə qulaq asar, küçədən gəlib-gedəni sayar?.. Bundan sonra corab, əlcək, köynək toxuyacağam. Həm əlim işə öyrənər, həm də Sərxana bir kömək olar.

Fridun bu qızın daxilində gizlənmiş, boğulmuş, şillə və yumruq altında əzilmiş yaradıcı qüvvənin həyatiliyinə heyran qaldı. İnsan hüquqlarından məhrum olan İran qadınları içərisində Fəridə kimilər yüz minlərlə idi. Onlara azca bir imkan verilsə nələr etməzdilər?.. Eyni zamanda Fəridənin bu hərəkəti onu sevindirirdi:

- Sağ ol, Fəridə - dedi, - sən nə böyük bir hörmətə layiqsən...

Şamdan sonra Sərxan Fridunla təklikdə danışmaq istədiyini dedikdə, ana və Fəridə yavaşca o biri otağa keçdilər... Fridun işdən qayıdanda Sərxanın fikirli olduğunu gördü:

- Nə var, Sərxan, fikirlisən?

- Sənin o kitabın mənim başımı xarab eləyib... Fars deyir ki “nə midanəm, rahəti-canəm”*... Bilmirdim dinc idim. İndi hər yerdə bir zülm görürəm. Rahatlığım qaçıb. Bir şeyin pis olduğunu bilmək azdır. Gərək pisi yaxşıynan əvəz eliyəsən. Yoxsa pisi görüb, göz yummaq insaniyyətdən kənar hərəkətdir. İlanı görüb eldürməyənə lənət deyərlər. Bəs indi nə etməli?..

Bu “nə etməli” sualı Fridunu Sərxandan artıq narahat edirdi. O, saatlarla, günlərlə düşünmüş və öz aləmində qəti qərar vermişdi: biz də öz “mənəvi vətənimizi” yaratmalıyıq! Bütün sualların cavabı burada idi:

- Heç yaxşı, etibarlı tanışların var?.. Yoxsa tək əldən səs çıxmaz...

- Niyə yoxdur, yoldaşsız ki, adam olmaz. Lap cana dəyən oğullar var.

- Çox yaxşı, gələn cümə onlardan bir-ikisini çağır evə, tanış olaq.

Sərxan yoldaşlarını bir-bir fikrindən keçirib, birinci çağırış üçün adam seçirdi. Fridun onu fikirdən ayırdı:

- Ancaq belə söhbəti Fəridənin də yanında etmək olardı.

Sərxan yarızarafatla güldü:

- Arvaddır, hülqumsuz yaranıb. Etibar yoxdur.

Fridun ciddi etiraz etdi:

- Yox, dostum, haqsızsan. Bu fikri başından çıxart. Onlar bizdən artıq əzilirlər, daha yaxşı işləməyi bacararlar, - dedi və Fəridənin son hərəkətini nəql etdi:

- O çox böyük məhəbbətə layiqdir... Çox!..

Arvadının bu hərəkəti ürəyində incə duyğular oyatdı. Fəridə kələ-kötür həyat yolunda boynundan asılmış bir yükdən çevrilib, əlindən tutan bir köməkçi olurdu. Bu vaxta qədər onu mənasız, ağır yük edən nə idi? Buna min səbəb tapırdı. Gözünü açanda belə görmüşdü. Hər yerdə belə idi. Qonşuda da, qohumda da! Arvadla başqa cür rəftar fikrinə də gəlmirdi. İndi bu oğlan qadınla kişi arasında tamamilə başqa bir münasibətin şəklini yaradırdı. Fridun bu adi və ağır həyatı yaxşılatmaq mümkün olduğunu göstərirdi. Bu düşüncələrlə yanaşı, dumanlı bir fikir Sərxanın özünun də günahkar olduğunu deyirdi. Bu fikir sanki onu məhkəmə qabağına çəkirdi, Fəridə ilə olan amansız rəftarının pis səhnələrini bir-bir gözlərində canlandırıb, “sən cinayətkarsan, tövbə et!” deyə hökm verirdi. O, xəcalət çəkib, başını aşağı salsa da, Fəridəni çağırıb, Fridunun qabağında uzr istəməyi öz kişi mənliyinə sığışdıra bilmirdi.

 ***

Hikmət İsfahani, əyalətlərdən tutmuş Tehrana qədər hər yerdə iqtisadi vəziyyətin xarablaşması ilə əlaqədar olaraq, əhali arasında açıq narazılıqlar əmələ gəldiyini eşidir və görürdü. Narazı olan yalnız kəndlilər və şəhərin yoxsulları deyildi, bunları yatırmaq və aldatmaq Hikmət İsfahaniyə o qədər də çətin gəlmirdi. Ona çətin görünən maliklərin və orta tacirlərin arasındakı narazılıq idi. Bunlar suyun bulandığı gözə yaxın olduqlarından daha çox görürdülər. O, qorxurdu ki, onlar cana gələrlər. Alman və ingilis ticarətxanaları ilə əlbir olub, bu vəziyyəti yaradanların özünü aşkara çıxararlar... Bu onun “vətənpərvər”, “azadixah” və demokrat” adına kölgə sala bilərdi. Buna görə də vaxt ikən cəld sola burulub Nikipur, Bədr, Manux Martinlərdən ayrılmaq lazım idi: onsuz da yığılan mal yığılmış, satılan satılmışdı. Bazarda istənilən qiymət və vəziyyət yaradılmışdı. Lakin Nikipurlardan ayrılmaq az idi. Əvvəla, xalqa “yaxınlaşmaq” və ikinci də, orta tacir maliklərin dostluğunu qazanmaq lazım idi. Hiss olunası addımlar atmadan xalqı  Sofi İranpərəstin  “Səda” qəzetində yazdıqlarına inandırmaq olmazdı.

Beləliklə, qəlyanı sümürə-sümürə, onun ahəngdar xorultusu və ağ dumanı altında hər şeyi düşünüb, hər tədbiri tökdükdən sonra Kürd Əhmədi yanına çağırmağı pişxidmətə tapşırdı. Kürd Əhmədi o çoxdan tanıyırdı. Onun qəlbən özünə tamamilə zidd bir adam olduğunu bilirdi. Bilirdi ki, Kürd Əhməd əqidəsi etibarilə demokrat, xalqı və vətəni sevəndir. Ürəyi təmiz və insaflı adamdır. Elə buna görə də başqa bir adamı yox, məhz onu yanında saxlayırdı, bütün işlərdə ona etibar edirdi. Əvvəla, bunu görən xalq deyəcəkdi ki, ağayi Hikmət İsfahani yaxşı adamları başına yığır. Bu özü balaca söhbət deyildi. İkinci də, o heç bir şahının da dərdini çəkmədən gecələr rahat yatırdı. Çünki qızılı səp küçəyə, Kürd Əhməd gözünün ucu ilə əyri baxan deyildi. Onun həqiqi demokratik əqidələrinə gəldikdə isə, Rza Pəhləvi elə bir şərait yaratmamışdı ki, bu kimi əqidələr qorxulu şəkil alalar. Bütün bunlardan əlavə iki xırda mülahizə də Hikmət İsfahanini Kürd Əhməddən bərk tutmağa məcbur edirdi. Birinci: Kürd Əhmədin Kürdüstan və Azərbaycanda dostları və tanışları çox olduğu kimi, nüfuzu da çox idi. Lap pis ayaqda Kürd Əhməd nə desə onun məsləhətindən nə kürdlər, nə azərbaycanlılar boyun qaçırmırdı. İkinci: “demokratlıq” və “vətənpərvərlik” Hikmət İsfahani üçün bir əyləncə, bir növ nərd oyunu olmuşdu. Bu oyunda da Kürd Əhmədi özü üçün ən yaxşı yoldaş, müsahib hesab edirdi.

Kürd Əhməd içəri girdi, salam verib oturdu.

Hikmət İsfahani acıqlı-acıqlı ona baxdı:

- Qardaş, saqqalım yoxdur, sözüm ötmür, - dedi, gördün bu insafsızlar xalqın başına nə oyun açdılar. Bazarın halını görmürsən?.. Əla Buxara dərisinin qiyməti gəlib düşüb 60 riyala. Üçcə ay əvvəl doxsan riyal idi. Hələ bir il bundan qabağı demirəm. Yıxdılar millətin evini, allah bunların evini yıxsın. Bütün məmləkətin iqtisadiyyatını pozdular.

Kürd Əhməd qabağında bir oyunbaz oturduğunu görürdü. Onun bu dəfə nə kələk işlətmək istədiyini bilmək çətin deyildi. O bu adamın nərdi necə oynadığını bildiyi kimi, şəraitə görə bütün fikrinin istiqamətini də əvvəlcədən müəyyən edə bilirdi. Hər şey göstərirdi ki, ağanın “sola” burulmaq vaxtı gəlib çatmışdır.

- Vəziyyət çox pisdir, - deyib onun sözünün dalını gözlədi.

- Pisdir, dedin qaldı... Müsibətdir. Müsibət!.. Xalqın halına baxanda mənim yadıma bir məsəl düşür. Bəlkə eşitmiş olasan, deyir ki, bir ərbab nökərini də götürüb kənddən şəhərə yola çıxdı. Yol uzaq olduğundan, axşam gəlib şəhərə çata bilmədilər. Gecə kövşənin bir yerində ərbab atdan düşüb, şam elədi. Yəhəri də başının altına qoyub yatdı. Atı da nökərə tapşırıb, ötürdü çəmənə otlasın. Çün nökərə çox etibarı yox idi, fikri qalmışdı atın yanında, huşa gedib, tez ayılırdı, nökəri çağırırdı:

- Əli, bala!

Nökəri ondan qabaq huş aparmışdı. Bu səsdən ayılcaq tez gözlərini ovub, ata tərəf baxdı, gördü at otlayır, rahat cavab verdi:

- Bəli, ağa...

- Nə eləyirsən, bala?..

- Ulduzları sayıram, ağa...

- Say, bala, say... Çox böyük iş görürsən, say... At ordadırmı?

- Bəli, ağa, burdadır.

Ərbab yenə huşa getdi. Bir azdan sonra yenə yuxudan hərəsan qalxıb qışqırdı:

- Əli, bala!

Nökər tez gözlərini ovdu, ata baxdı. At otlayırdı.

- Bəli, ağa!

- Bala, nə eləyirsən?

- Ağa, fikir eləyirəm ki, görəsən bu bostanda qovun-qarpız çoxdur, yoxsa göydə ulduz.

- Fikir elə, bala, fikir elə. Yaxşı fikirdir. At ordadırmı?

- Bəli, ordadır.

Ərbab üçüncü dəfə oyanıb, nökəri çağırdı, nökər gözlərini ovub, ata tərəf baxdı. At yox idi. Onu çodarlar götürüb getmişdi. Nökərin səsi yavaş çıxdı.

- Bəli, ağa...

- Nə edirsən, bala?

- Ağa, fikir eləyirəm ki, at getdi cəhənnəmə, bəs indi bu yəhəri kimin belinə qoyacağıq.

- Oğul, indi mən də fikir eləyirəm ki, bu ağayi Nikipurların cibi doldu, cəhənnəmə, bəs bu fağır-füğaranın qarnı necə olacaq, üst-başı necə olacaq...

Kürd Əhməd onun yavaş-yavaş mətləb üstünə gəldiyini görüb:

- Onların da dərdini yəqin yenə sizin kimi ağalar çəkəcək, - dedi.

- Əlacım nədir, millətimdir, gərək dərdini çəkəm. Get, bala, əlli min tümən ayır, əldən düşmüş orta və xırda tacirlərə borc ver. De ki, bir köpük də faiz istəmirəm. İyirmi min tümən də ayır Tehran, Təbriz, Mehabad və Məşhəd yoxsulları üçün. Ver paylasınlar. Lat-lütə kömək eləsinlər.

Kürd Əhməd çıxmaq istədi. Hikmət İsfahani onu saxladı: 

- Xahiş edirəm, ağa, şəxsən özün məşğul ol. Qoy bu pul yetim-yesirə çatsın, bələdiyyə oğrularının cibinə dolmasın.

 ***

Sovetlərlə ticarət müqaviləsinin bağlanmasını tələb edən səslər ucalmaqda idi. Bu səs yalnız xalq kütlələrinin yox, İranın milli iqtisadiyyat və mənafeyini az-çox əziz tutan bütün demokratik qrupların və təbəqələrin səsi idi. Ayrı-ayrı tacirlər, sənaye və təsərrüfat idarələri sahibləri orada-burada bu məsələ barədə öz fikrini deməyə başlayırdı. Kürd Əhməd belə bir zamanda həqiqəti xalqa söyləyən bir yazının böyük əhəmiyyətini düşünürdü. Bu fikir onda “Səda” qəzetindəki yalanları oxuduqdan sonra oyanmağa başlamış və getdikcə güclənərək, qəti qərar halını almışdı:

- Salam, ağayi Kürd Əhməd, - deyən tanış bir səs eşitdi. Fridunu gördükdə, qucaqlayıb öpmək istədi. Lakin özünü saxlayıb, bərk-bərk əlini sıxdı, anbarın böyründəki dördkünclü balaca otağa keçirtdi, qapını örtdü. İngilis qıfılının dilini buraxdı:

- Harda qaldın, əzizi-mən? - dedi, otur danış görək başına nələr gəldi.

Fridun Tehrana necə gəlib çıxdığını, özünə necə yer axtardığıiı və harada qaldığını nağıl etdi:

- Özümə bir neçə yoldaş da tapmışam, - deyib Sərxandan, Fəridədən, dəmiryolunda yoldəyişən vəzifəsində işləyən Rüstəmdən məlumat verdi.

- Gözəl insanlardır, ürəkləri təmiz, fikirləri birdir. Mən indi hiss edirəm ki, cəmiyyətimizdə belə adamlar çoxdur. Onların hamısı yaxşı bir günü həsrətlə gözləyirlər. Lakin sən orda narazı, mən burda narazı olmaqla o gün yaranmayacaq. Birlik lazımdır. Minlərlə insanların iradəsini, fikrini birləşdirən bir qüvvə lazımdır!

Kürd Əhməd onun bu fikirlərinə qulaq asdıqca gözləri gülürdü. Yeni yoldaşının canlı bir ürək, rahatlıq bilməyən bir fikir sahibi olduğunu görür və sevinirdi. Friduna isə elə gəlirdi ki, bütün dedikləri azdır. Onlar xəyalından keçənlərin həqiqi düşüncələrinin yüzdən birini belə ifadə etmir, ona görə də daha kəskin ifadə tapmağa çalışırdı.

- Bizə mənəvi vətən lazımdır, siyasi təşkilat lazımdır! - deyib stola dirsəkləndi, nəyə isə hücum edirmiş kimi, sinəsini qabağa verdi.

Kürd Əhməd eyni hərəkətlə sinəsini irəli verdi və Fridunun gözlərinə baxdı:

- Sən bilirsənmi ki, bu yol dar ağacları, rütubətli zindanlar, sürgünlər yoludur?

Fridun bu sözlərdəki şübhədən daha da qızışdı.

- Bilirəm, lakin gərək biri canından keçə ki, o birilər azadlıq görələr.

Nikolayın, Pavelin fikirləri yadına düşdü. Daha doğrusu, onların heç bir fikrini olduğu kimi xatırlaya bilmirdi. Lakin onların qanı qəribə bir şəkildə, sanki öz qanına qarışmışdı və onun hərəkətini artıraraq, qəlbinin damarlarını yeni bir ehtirasla yandırırdı.

- Mən azadlıq yolunu işıqlandırmaq üçün ürəyimi mənşəl kimi yandırmağa hazıram! Bu yolda dalımca gələnlər saysız-hesabsız olacaq. Dayan səbr elə, görərsən. Həm də nəinki yalnız Sərxanlar, Musa kişilər, Rüstəmlər gələcəklər, bir tikə çörəyə möhtac olanlar gələcək, yox, çox böyüklərdən də, cismən bolluq içində yaşayanlardan da gələnlər olacaq!.. Çünki bu cəmiyyət yalnız insanın mədəsini deyil, onun ruhunu da, qəlbini də doydurmaqdan acizdir. Onun böyük dərdi ruhi aclıqdır!     

Fridun bu sözləri deyərkən xəyalından sərtib gəlib keçirdi.

Kürd Əhməd onun qollarından yapışıb sıxdı:

- Nə gözəl fikirlərin var, dostum! - dedi, - gedək, sənin üçün münasib bir otaq da hazırlamışam.

Küçəyə çıxıb, faytona oturdular. Kürd Əhməd gedəcəkləri ünvanı faytonçuya söylədi və günəşdən gizlənmək bəhanəsilə faytonun üstünü saldırdı. Faytonçu qırmancı havada yellədikdə, boynu qırmızı qotazlı və zınqırovlu atlar hərəkət etdi. Faytonçu tez-tez rast gələn xırda alverçilərin, yük daşıyan araba və faytonların yanından ötüb keçir, mütəmadiyən:

- Ha, ha, ho-ho, - deyə gah adamları, gah atları haylayır, qırmancını havada oynadırdı...

Kürd Əhməd Fridunun Süheylilərin yanında işlədiyini eşitdikdə narazı qaldı.  

- Pis adamlardır, aldıqları nəfəs də yalandır.

Fridun iki dəftər məsələsini danışıb, səbəbini soruşdu.

Kürd Əhməd onun ticarət işlərindəki xamlığına güldü:

- Belə fırıldaqlar ticarət aləmində, çoxdur. Həqiqi gəliri gizlədirlər ki, vergilərdən boyun qaçırsınlar. Tezliklə gərək sənə başqa bir iş tapaq. Orada baş çıxara bilməzsən. Dolaşdırarlar. Çünki Süheylilər içlərinə buraxdıqları adamı ya gərək cinayətə iştirakçı etsinlər, ya da axırına çıxsınlar.

Fridun, yadına düşdükcə bütün gördüklərini, arvadı ilə hər səhər dalaşıb axşam barışan ev sahibini, əyyaş gəncləri, ananın çini kasasını bir-bir Kürd Əhmədə danışır, onlara bəzən gülməli bir şəkil verirdi. Kürd Əhməd qulaq asıb gülür, yeri gəldikcə müşahibəti olan hekayətlər nağıl edirdi. Bu söhbətlər içində Fridun sərtibi xatırladı, onun İrandakı millətlər və yuxarılardakı satqınlıqlar haqqında dediyi sözləri Kürd Əhmədə danışdı:

- Çox əqidəli və qeyrətli adama oxşayır.

Kürd Əhməd xeyli fikirdən sonra:

- Tanıyıram, - dedi, - çox maraqlı şəxsiyyətdir. Namuslu bir adamdır. Lakin bədbəxtdir. Aşağıların gücünə inanmır, yuxarılara nifrət edir. Etiqadı bir şahdır ki, o da bunu əbədi şübhə altında saxlayır. Düşmənləri də çoxdur: bizim ağayi Hikmət İsfahani, sərhəng Səfai və sairə... Ən qorxulusu bu axırıncıdır. Çünki ayağının altından yavaş-yavaş səbirlə eşməkdədir.

- Aralarında ədavətmi var?..

- Bəli, həm ictimai, həm şəxsi. Sərtib təmiz adamdır, sərhəng çirkin. Sərtib insaf sahibidir, sərhəng vicdansız. Sərtib millətini sevəndir, sərhəng şöhrət və mənsəbpərəst. Bundan əlavə, hər ikisi də ağanın qızı Şəmsiyyənin aşiqidir. Lakin qız ümidini Şahpura* bağladığından heç birinə etina etmir. Sərhəng isə Şahpurun əyləncələrinin uzun sürməyəcəyini bildiyi üçün sərtibi özünə qorxulu rəqib hesab  edir. Çünki xanım Şahpurdan əl üzüb, bunların ikisindən birini seçməli olsa, mütləq sərtibi götürəcəkdir.

Fayton İstambul xiyabanının dalında, xırda bir döngədə dayandı. Kürd Əhməd faytonçunu yola salıb, dalandan keçərək, balaca bir qapının zəngini çaldı. Qoca ev sahibəsi qapını açıb, onları içəri buraxdı.

Onlar qapıdan girən kimi, yuxarıdan astanaya qədər dik uzanıb gələn kərpic pilləkənin ayağında durdular. Burada sərin, lakin rütubətli bir hava vardı.

Kürd Əhməd Fridunu ev sahibəsinə təqdim etdi:

- Sizə qonaq və oğul olacaqdır. Analıq edəcəyinizə əminəm.

- Xoş gəlib, gözüm üstə yeri var.

Pillələri aşağı enən ortaboylu və həmişə fiziki işdə çalışan adamlara məxsus yoğun əzələli bir gəncin gurultulu səsi onların danışığını kəsdi. O, uzaqdan Kürd Əhmədi səsləyib:

- Salam, ağayi-mən, - dedi, xoş gördük!

Kürd Əhməd onun əlini sıxıb, Friduna döndü:



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info