Qonaq Kitabı
BATDAĞ

 

Bir neçə dəfə qəzetlərdə oxudum ki, “Füyuzat”ın bağlanmasına səbəb “Axund Çəyirtkə” olubdur. Amma oxudum və çox təəccüb elədim; ondan ötrü ki, axund Çəyirtkə bir balaca məzlum, zəif və mülayim çəyirtkədir və bu çəyirtkəni biz çoxdan tanıyırıq. Bu bir qulluqçu çəyirtkədir və ixtiyarı özündə deyil: ağa buyurun “sür dərəyə – sür dərəyə!”, vəssəlam.

İndi görək niyə “Füyuzat” bağlandı.

 

Raviyani-əxbar vənaqilani-şirin göftar belə rəvayət edirlər ki, bir gün var idi, bir gün yox idi, yer üzündə allahdan başqa heç kəs yox idi; ancaq bir Osmanlı höku-məti var idi, bir də İran hökuməti. İran hökumətində məşrutə var idi, amma Osmanlı hökumətində yox idi. Osmanlı hökuməti baxıb gördü ki, İranın məşrutəsi camaatı bir az yoldan çıxardır; məsələn, imam cümələrin anbarlarını boşaldırlar, min illik xanları yerindən oynadırlar, Urmiyanın müctəhidi Hüccətül-islamı şəhər-dən qovurlar, padşahdan hesab-kitab istəyirlər və qoymurlar vəzirlər məmləkəti özbaşlarına satsınlar, – bu işləri görəndən sonra Osmanlı padşahı öz-özünə fikirləş-di və dedi ki, vallah, bunun heç çarəsi yoxdur, gərək qoymayam İranda məşrutiyyət başa gələ və bizim məmləkətə keçə.

Günlərin bir günü Osmanlı qoşunu naqafil, gecənin yarısı, xəlvətcə, hamıdan bixəbər, dinməz-söyləməz İran sərhəddini keçib, töküldü Urmiya vilayətinə və başladı yetim-yesir, ac-uc, lüt-üryan, zəif və məzlum və biçarə İran rəiyyətini qırmağa.

Mətləb qalsın burada, biz keçək Bakıya.

 

*  *  *

 

Bakı padşahı da, Osmanlı padşahı kimi, İran məşrutiyyətindən çoxdan bəri ürkürdü. Bəli, qorxurdu ki, İran məşrutiyyəti Bakıya sirayət edib, bunu da padşah-lıq taxtından sala yerə; elə ki, Osmanlı padşahının İrana hücum çəkdiyini eşitdi, dəxi bilmədi ki, şadlığından nə eləsin. Bir-iki gün fikirləşib, xas müşavirini çağırdı yanına, onunla məsləhətləşdikdən sonra quranı qoydu axund Çəyirtkənin başına və dedi:

-Durma, bu saat yetir bunu Osmanlı padşahına (çünki bilirdi sultanın yanında quran tapılmaz).

Axund Çəyirtgə baş əyib, götürdü quranı, çıxdı neft vışkasının başına, üzün çöndərdi Osmanlıya tərəf və “ya allah” – deyib, düz hoppandı, düşdü “Yıldız”ın üstünə və gətirdiyi quranı yetirdi sultanın hüzuruna və kimin tərəfindən gətirdiyini sultana ərz elədi. Sultan quranı alıb qoydu kənara və Çəyirtkəyə dedi:

-Buyur, əyləş.

Çəyirtkə əyləşdi. Sultan baş katib Təhsin paşaya dedi:

-Axund Çəyirtkəyə qəlyan gətir.

Axund Çəyirtkə məşğul oldu qəlyan çəkməyə və sultan başladı söhbətə və soruşdu:

-Ağa Çəyirtkə, Bakıda nə var, nə yox?

Çəyirtkə cavab verdi:

-Heç zad, sağlığın! – Sultan yenə soruşdu:

-Yenə azdan-çoxdan nə var, nə yox?

Çəyirtkə cavab verdi:

-Sultan sağ olsun, Bakıda çox neft var, qarpız var, qəssab var, yaxşı qəzetlər yazılır, yaxşı mollalar var...

Sultan qəzet adı eşidən kimi, əcələ dedi:

-Hələ dayan, dayan! Mənə de görüm, o “Füyuzat”ı çıxardan kimdir?

Molla Çəyirtkə cavab verdi ki, “Füyuzat” çıxardan həmin quranı göndərən Bakı padşahıdır. Sultan qeyzə gəlib çağırdı baş vəzirini və dedi:

-De Cəlal Ünsizadəyə, gətirsin o “Füzuyat”ın 11-ci nömrəsini.

Sultan “Füyuzat”ın 162-ci səhifəsini açıb, qoydu axund Çəyirtkənin qabağına ki, “oxu”. Axund Çəyirtkə gördü ki, həmin səhifədə bu sözlər yazılıb: “Rusiya inqila-bından sonra küreyi-ərzin ən müxtəlif cəhətlərində mütləqiyyətlər bir-bir məşrutiy-yətə münqəlib olmağa[i] başladı: Avropada Balkan şibh cəzirəsində balaca Qaradağ prinsi balaca millətinə qanuni-əsasi və hüriyyət verib, şurayi-milliyyə üçün məclisi-məbusan[ii] güşad etdi[iii]. Asiyada İran ölkəsində daraların darati-mütləqiyyətlərinə xatimə[iv] çəkilib, məclisi-şurayi-milli ilə İran millətinin səadətinə geniş yollar açıldı. Hindistanda gərək brəhmən və buddilər, gərək müsəlmanlar hüquqi-müqəddəseyi-bəşəriyyətlərinin tövsin[v] uğrunda ciddən mücahidəyə başla-yıb, hürriyyəti-istiqlallarını tələb etmək üzrədirlər. Afrikanın ötəki başında dünən müharibə nəticəsində istiqlallarını qaib edən burlar bu gün ingilis bayrağı altında yenidən hüriyyətə nail olub, məclisi-məbusan üsulu ilə idarə olunmağa başlayırlar. Afrikanın bəriki başında Misir əhalisi axirül-əmr hürriyyətin qədrini anlayıb, Misir üçün bir məclisi-məbusan güşadını tələb edirlər... Görülür ki, haman Türkiyədən başqa heç bir yerdə mütləqiyyət payidar olmayıb; çünki Rusiya hürriyyətinin zərbəsinə tab gətirməyorlar. Bu surətlər Türkiyənin üzərinə hər tərəfdən bir seyli-xüruşani-hürriyyət[vi] hücum edərək, onu mühib[vii] bir girdabın içinə düşürüyorlar ki, o girdabda kəştiyi-mütləqiyyətin[viii] qərq və nabud olması ilə naxudasının[ix] da böyük təhlükələrə düçar bulunması mühəqətdir...[x] Bunu sultan çox gözəl anlayor. İştə anladığı üçündür ki, Rusiya duması dağıdılarkən qurbanlar kəsdiriyor”.

Axund Çəyirtkə oxuyub qurtarandan sonra dedi:

-Sultan sağ olsun, and olsun sənin əziz başına ki, bizim Bakı padşahının bu söz-lərdən əsla və qətən xəbəri yoxdur. Çünki özü bisavad adamın biridir.

Sultan bir az hirsləndi, bir az atılıb düşdü, bir az qışqırdı, böyürdü, tüpürdü və bir qədər sakit olandan sonra götürdü qələmi, qoltuq cibindən bir tikə kağız çıxart-dı və eynəyini mübarək burnuna taxıb, başladı Bakı padşahına kağız yazmağa. Kağızı dörd qat büküb, verdi axund Çəyitkənin əlinə və dedi ki, “bu fərmanımı tez yetirəsən səni buraya göndərən Bakı padşahına”

Axund Çəyirtkə “hopp!” eləyib, oradan sıçradı Bakı vilayətinə (inşaallah mabədi var).

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  18 noyabr,  1907,  N 43.



[i]  Əvəz olunmağa.

[ii]  Nümayəndələr məclisi

[iii]  Açdı.

[iv]  Son, axır.

[v]  Genişlənməsi.

[vi]  Azadlığın coşqun seli, dalğalanan seli.

[vii]  Qorxunc.

[viii]  Mütləqiyyət gəmisinin

[ix]  Kapitanın

[x]  Labüddür, sözsüzdür, şübhəsizdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info