Qonaq Kitabı
ALTINCI FƏSİL

Tehran düzündə qeyri-adi bir külək oynayırdı... Birdən qalxaraq, göy üzünə bir neçə boz bulud gətirmiş bu külək şəhərin üstünu toz ilə örtmüşdü... Azca saralmış və dumanlı kimi görünən günəş öz qaydasilə hər tərəfi yandırıb yaxırdı. Ala-tala buludlar ondan çox aralı hərəkət edib gedir, kölgələrini şəhərin üstünə yox, Zərgəndə və Şimrana salırdı. Külək şəhərin küçələrində, evlərin tinində, dalanlarda dolanır, isti və kəsif havaya quru və acı toz-torpaq qataraq, insanların üzünə, gözünə, başına çırpırdı. Otaqların pəncərəsini örtdükdə istidən nəfəs almaq olmur, açdıqda isə dərhal toz qazmağı ilə örtülməyən bir künc-bucaq qalmırdı.

-  Şərq belədir, həm dişlərini qıcıyır, həm gülümsəyir, - deyə fon Valter otağın pəncərələrini örtdü, üç tərəfdən künclərə qoyulmuş elektrik ventilyatorlarını işə saldı və adəti üzrə divardan asılmış balaca, dairəvi aynaya baxaraq, başının tüklərini yana sığallamağa başladı. Aynada daz başının dərisi daha da işıldayırdı. Saç naminə yalnız başının yanlarında, qulaqlarının üstündə bir qədər tük qalmışdı. Bir müddət o bu tükləri hər iki tərəfdən yuxarıya doğru darayaraq, səliqə ilə ortalığa yatırır, nə isə ürəyinə bir qüssə gətirən dazlığın üstünü örtməyə çalışırdı. Lakin zaman keçdikcə onlar o qədər qısaldılar ki, heç cür gəlib ortalığı örtə bilmədilər. Fon Valter bu tüklərdən əl çəkməyib, yatarına daramağa başladı. Seyrək çayırlıqda düşmüş yol kimi alnından boynunun ardına qədər uzanan dazlığı isə birdəfəlik görməməyi qərara aldı. Yanlarda qalmış seyrək tükləri sığallamaq bir əyləncəyə, bir adətə çevrilmişdi. Kefinin saz vaxtında ayna qabağında durub, fit çala-çala uzun müddət bu tükləri darar, sığallardı. Müsahibə zamanı müvəffəqiyyətli bir söz desə, ya xoşuna gələn bir söz eşitsə boğuq bir səslə gülüb, əlini bu tüklərə çəkərdi... Onun gülməyinə də gülmək demək olmazdı. Nə isə bir “xi, xi, xi” eşidilərdi. Sanki boğazında qalmış bir şey onu boğur. Tanıyanları deyərdilər ki, fon Valter gülməyi bacarmır, o özü də buna etiraz etməzdi. Lakin müsahiblərin, kənardan müşahidə edənlərin gözü onun əllərində olardı. Elə ki, bu əllər başına doğru qalxdı, o saat bilərdilər ki, bəli, deməli, söz fon Valterə təsir etmişdir: təsir yaxşı olanda əllərilə seyrək tükləri yavaş-yavaş, səliqə ilə tumarlardı. Pis olanda əllərini tez-tez bu tüklərə çəkərdi. Fon Valterin balaca və yumru boynuna nisbətən başı çox yekə görünürdü. Aliı elə bil yumruq kimi qabağa çıxmışdı. Sarı qaşları tərpənəndə gözlərinin üstünü örtürdü. Onları dərinlərdə gizlədirdi. Bilmək olmurdu ki, gözləri çox batıqdır, yoxsa qaşları çox çıxıq... Buna münasib də qalın və sallaq dodaqları vardı. Bu simada yalnız, nazik, düz və hamar burun başqa bir bədəndən gəlmə, yabançı bir təsir bağışlayırdı.

O, səfirlə birlikdə Rza şahın görüşündən yenicə qayıtmışdı. Bu görüş Ribbentropun imzasilə fürerin adından danışan teleqrama əsasən təşkil edilmişdi. Ribbentrop şahla böyük nəzakət və incəliklə danışmağı, lətifələr və yeri gəldikdə komplimentlər işlətməyi, hətta üzlərində daima mehriban bir gülüş saxlamağı onlara yazmışdı. Görüş İranla Almaniya arasında ticarətin daha da genişləndirilməsi, Almaniyanın İrana yeni mütəxəssislər göndərməsi və İran ordusuna kömək məsələləri haqqında fikir mübadiləsi xasiyyəti daşımalı idi.

Rza şah onları mərmər sarayda, öz torpağında qəbul etdi. Yalnız saray vəziri həkimülmülkdən başqa kimsə bu görüşdə iştirak etmirdi. Bu da şahın görüşə çox əhəmiyyət verdiyini və onun mündəricəsini gizlin saxlamaq istədiyini göstərirdi. Şah onları xəritənin qabağında durub, fikrə getmiş halda qarşıladı. İki addım irəli yeriyib, səfirin, sonra fon Valterin əlini sıxdı. Fon Valter, şahı aşağıdan yuxarı süzdü. Ayağında işıldayan çəkmələr, əynində yanı yaşıl qaytanlı şaldan tikilmnş şalvar və çiyni zər poqonlu kitel-pencək vardı. Boyu uzun, əlləri tüklü və qara, siması ciddi və qəzəbli idi. Yalnız gözlərində təbəssüm əlaməti olan süni bir mülayimlik vardı ki, o da qaranlıq otaqda lap indicə sönəcək zəif bir kibrit işığına oxşayırdı. Səfir, fürerin və fon Ribbentropun salamını şaha yetirdi.

- Əlahəzrətin tərzi-təfəkkürü, hərəkət və əməlləri Almaniya ilə İranı mənən birləşdirir, ruhi rabitə yaradır, - dedi. - İki dövlət arasında fikirlər və ideoloji eyniyyət üstündə yaranan dostluq etibarlı dostluqdur.

Şah təşəkkürdən sonra fürer və cənab xariciyyə vəzirinə onun salamını yazmağı səfirdən xahiş etdi.

-  Cənab Hitlerin qəti hərəkətləri bizə xoş gəlir. Beynəlxalq münasibətlərdə qırılmalı qaydalar çoxdur. Köhnə müqavilələr cırılmalıdır. Almaniya - Avropa, İran - Şərqdə yenə də öz keçmiş əzəmətinə malik olmalıdır! 

Fon Valter sözə qarışdı:

- Bizim də istədiyimiz odur, - dedi və xəritəyə yaxınlaşıb, əlini Almaniyanın üstünə qoydu:

- Biz nəfəs ala bilmirik. Dar coğrafi bir dairədə boğuluruq.

Nəyi isə qapar kimi əlini Şərq məmləkətləri üzərində gəzdirdi:

- Bizə torpaq lazımdır, həyat sahəsi lazımdır!

Rza şah üstdən-aşağı ona baxıb, əlini çiyninə qoydu:

- Biz sizi yaxşı başa düşürük - dedi, - Almaniyanın bu arzularına bizim rəğbətimiz var. Dünya yeni qaydalara möhtacdır.

Səfir, Rza şahın onlardan nə gözlədiyini anlayırdı:

- Əlahəzrət düz buyururlar, - dedi, - fürer bütün dünyada yeni qayda yaradacaqdır. O bunu Avropadan başlayıb, sonra şərqə dönəcəkdir. İran öz keçmiş əzəmətini bərpa edəcəkdir...

Hələ də gözü xəritədə olan fon Valter əlini Orta Asiya torpaqlarında gəzdirərək, Xəzər dənizindən keçirtdi və dənizə doğru qabarmış Bakının üstündə saxladı:

- Almaniya və İranın mənafeyi birdir, - dedi, - sizə də, bizə də torpaq lazımdır. Biz şərqə tərəf enməliyik, siz şimala tərəf qalxmalısınız. Yolumuzu kəsən düşmən birdir. O düşmənin adı bolşevizmdir! Ona qarşı müqəddəs səlib müharibəsi açmaq lazımdır.. Fürer bunu edəcəkdir.

Rza xanın gözləri işıldadı:

- Bu yolda, fürer bizi özünə sadiq müttəfiq saya bilər. İyirmi ildir, biz şərqdə bolşevizm selinin qabağını kəsmiş bir sədd olmuşuq. İndi də Sovetlərə qarşı çıxan hər kəs bizim dostumuzdur və bizdən hər cür köməyi görəcəkdir.

Şah danışdıqca gülümsəyən və təsdiq edən səfir:

- Almaniya öz dostlarını tanıyır, - dedi, - biz şahənşah həzrətlərinin Sovetlərə olan münasibətini çox yüksək tuturuq. Bizi birləşdirən yalnız iqtisadi mənafe deyil, həm də əqidə və məqsədlərdir.

Onlar Rza şahın yanından bir saat sonra çıxdılar. Saray vəziri Həkimülmülk bütün söhbət əsnasında heç bir rəy söyləmədən onlara baxıb, başı ilə təsdiq edir, Rza şaha “Bəli, qurban, bəli qurban” deyib dururdu. O, nə isə bikef idi. Fon Valter bunun səbəbini təyin edə bilmirdi.

Hələ aynanın qabağından çəkilməmişdi. Burnuna qaşlarına baxır, dodaqlarını aralayıb, dişlərini yoxlayır və daima əllərini başındakı seyrək tüklərin ustündə gəzdirərək, fit çalırdı... Bütün bu hərəkətlər sanki fikrinin yaxşı işləməsinə kömək edirdi. Fikri isə hələ də, Rza şahla olan görüşdə idi. Şah onların təkliflərini qəbul edəcək bir mehribanlıq göstərmişdi. Bəzi məsələlər isə artıq qəti olaraq həll edilmişdi: Zəncan mis mədənlərini istismar etməyə şah razılıq vermişdi. Həmçinin maliyyə, sənaye və ticarət, poçt və teleqraf və daxiliyyə vəzarətlərində əlavə otuz alman mütəxəssisi və müşavirlərinin yerləşdirilməsi də razılaşdırılmışdı. Ticarət məsələləri ətrafında xüsusç nümayəndələrin işləməsi məsləhət görülmüşdü. İran ordusunu silahlandırmaq və onda döyüş intizamı tərbiyə etmək təklifini şah şərtsiz və qeydsiz qəbul etmişdi. Fon Valter səfirlə birlikdə Ribbentropa görüşün məzmunu və nəticələri haqqında müfəssəl şifr-teleqram yazdıqdan sonra öz otağına qayıtmışdı. Yorulub tərlədiyi üçün səfarətxana hamamında soyuq duşda yuyunmağı da unutmamışdı.

Nəhayət, ayna qabağından çəkilib, yerinə gəldi və vəzarətlərə göndəriləcək adamların siyahısını qabağına qoydu... Kimin harada daha əlverişli olacağını bir də düşünməyə başlamışdı ki, qapı açıldı:

- İcazə varmı? - deyə, fon Zalkind, vətəndaş paltarında olsa da, hərbi qaydada salam verib, içəri girdi.

O, vəzarəti-kişvərdə, baş alman müşaviri idi. Fon Valter ona yer göstərdi:

- Sərtib Səlimi də buradadırmı?

Zalkind günahkar kimi ona baxdı.

 Fon Valter:

- Gəlmək istədi, eləmi? - dedi, - mən belə olacağını bilirdim.

Zalkind, fon Valterin onu bacarıqsızlıqda ittiham etmədiyini gördükdə yüngül nəfəs aldı:

- Tərs və anlaşılmaz adamdır, - dedi və fon Valterin əllərini tez-tez başına çəkdiyini görüb susdu. Fon Valter onu təshih etdi:

- Düşməndir!

- Kim hara təklif edirsə rədd edir, sərhəngin də əl-ayağına dolaşır... Yoldan götürülsə yaxşıdır.

Fon Valter mənalı-mənalı Zalkindi süzdü:

- Ələ keçirsək kara gələr, özü kimi zabitlər və ziyalılar arasında hörməti çoxdur. Yaxşı, siz gedin. Mən özüm axşam onun yanına gedəcəyəm.

Zalkind otaqdan yenicə çıxmışdı ki, komendant zəng etdi:

- Mister Hüseyn Məhbusi sizi görmək istəyir.

- Buraxın gəlsin.

Məhbusi iti, lakin səssiz addımlarla içəri girdi. Oğrun və soyuq baxışlarla fon Valteri süzdü. Fon Valter başını kağızlardan qaldırıb, gözucu baxdı və əllərini başına çəkdi.

Şərq ölkələrində on beş illik fəaliyyəti dövründə o, Məhbusi kimi adamlara az rast gəlməmişdi. Daha doğrusu, onun sənəti bu cür adamlar tərbiyə etmək idi. Əxlaqı pozğun, mənəviyyatı çürük, vətənini satan bu adamlar, onun hər şeyi görən gözləri, eşidən qulaqları, gizlində vuran əlləri idi. Fon Valterin gücü bu adamlarda idi. Yabançı bir məmləkətdə ümumi xalq nifrəti şəraitində bu adamlar onun torpağa atdığı ilk rişələr idi. Lakin onların həyasızlığı da fon Valterə məlum idi. Özbaşına buraxsan yabançı mənbələrə gedib çıxacaq, şirə verdikləri bədəni çürüdəcəkdilər. Buna görə də onlarla həmişə ehtiyatla rəftar edər, mütləq əlini cibindəki tapançanın üstünə qoyub danışardı.

Məhbusinin salamını alıb, ayağa durdu. Qabağında dayandı:

- Deməli sərtiblə əlaqə düzəldə bilmədin...

Məhbusi yavaş və boğuq səslə:

- Yox, - dedi, - əvvəldən ki, əyri gəlmişik, yaxına buraxmır.

Fon Valter qaşlarını gözünün üstünə endirdi:

- Yadında saxla, sən etiraz və mübahisə üçün deyilsən. Sənsiz də şahpərəstliyi müdafiə edə biləcək təşviqatçılar tapılar.

Məhbusi özünü doğrultmaq üçün dəlillər gətirməyə çalışdı. Onsuz da az şey öyrənmədiyini söyləyib, Təbriz hadisələri, Həmid Həmidi haqqında neçə gün əvvəl dediklərini təkrar etdi. Fon Valter onun bu uzun nağılına qulaq asıb, yeni bir fikir tapmadıqda sözünü kəsdi:

- Tapşırıqlarımı eləmisənmi?

Məhbusi sevincək cavab verdi:

- Bəli, hər şey hazırdır. Bu, dediyiniz evin ünvanı -  Sahibi Qəmərbanudur. Bir adı da Səadət xanımdır. Danışmışam. Bizim əlimizdədir. Şəhərdə mötəbər adamların gəlib-getdiyi ev buradır. Bu da ərbab Yavərinin ünvanıdır. Zirəkdir. Hər tapşırığa yarar... Desən get ananın başını...

Fon Valter əllərilə başını tumarlayıb, yenə onun sözünü kəsdi:

- Qəmərbanu ilə əlaqə saxla. Xanımların hamısını öyrən, üç günə siyahısını mənə gətir. Həmçinin ora gəlib-gedən adamların siyahısını, ərbab Yavərini isə sabah gecə saat on ikidə yanıma göndər. Xudahafiz...

Məhbusi getdi...

Fon Valteri elə stolun dalında qəribə bir xəyal apardı. Bu xəyal içində Rza şah, Həkimülmülk, Hikmət İsfahani və Məhbusilərin siması canlanırdı... Onların “əzəmətli keçmişi”, “yeni qaydalar”, “yeni torpaqlar”, “böyük dövlət” kimi sözləri yadına düşdükdə qeyri-iradi gülümsədi:

- Əbləhlər! Əbləhlər!..

Birdən şəkillər dəyişdi. Rza şahlar, Həkimülmülklər, Hikmət İsfahanilər ani olaraq uzağa çəkildilər. Sehrkar bir əl dünyanın yeni xəritəsini divardan asdı. Burada “Alman imperiyası” yazılmış hərflər La-Manş sahillərindən başlanır. İran körfəzindən keçərək, hind dəryasında qurtarırdı. Yenə şəkil dəyişdi. Yenə başqa bir mənzərə açıldı. Fon Valter böyük imperiyanın İran valisidir... Paltarını dəyişmiş, başqa nişanlar taxmış Rza şahlar, Həkimülmülklər bellərini azca əyərək, onun qabağında durub, yerli idarə qaydaları haqqında göstəriş alır. Yavaşca, lap Məhbusi kimi otaqdan çıxırlar.

Telefon zəngi onu bu xəyalat dünyasından ayırdı. Danışan səfir idi. O, tacirlərlə görüşü tez təşkil etməyi lazım bilirdi.

Fon Valter:

Bu gün başlayıram, - deyib dəstəyi asdı və İsfahani ilə görüşəcəyini xatırlayıb, saatına baxdı. Vaxt yaxınlaşırdı. Zəng edib, maşını çağırdı. Nazik yun maldan tikilmiş boz rəngli pencəyini asılqandan götürüb geydi. Həmin rəngdə şlyapanı çırpıb, başına qoydu. Dairəvi güzgüdə bir də özünə baxıb, qara eynəkləri taxdı və otaqdan çıxdı.

 

***

Hikmət İsfahani fon Valteri gülə-gülə, rəngi açıq, kefi saz qapıya qədər ötürdü. Hətta astanada durub, bir az dalınca da baxdı. Qayıdıb yerində oturdu. Yumşaq təbəssüm çöhrəsini tərk etdikdə, cəld xidmətçini çağırdı:

-  Qəlyan gətir, ağayi Kürd Əhmədi də çağır... Sofi İranpərəsti də.

Kürd Əhməd Bəsrədən iki həftə olardı ki, qayıtmışdı. Hər bazar günü Fridunu gözləmiş, onun gəlmədiyini gördükdə qəlbində bir nigarançılıq baş qaldırmışdı. Neçə dəfə anbar müdirindən soruşmaq istəmişdi. Lakin ehtiyat ucundan susmuşdu. Anbar müdiri də ona bir söz deməmişdi, çünki hər gün beş-altı tanımadığı adam ondan Kürd Əhmədi soruşardı. Bu adamların içində Fridun da onun xatirindən çıxmışdı.

Kürd Əhməd Fridun haqqında müxtəlif təzadlı şeylər düşünürdü. Bəlkə o peşman olub, geri çəkilmişdir, xırmandakı hərəkəti də təsadüfi bir qızğınlıq nəticəsidir! Ani bir ehtirasla hər cür qəhrəmanlığa hazır olan, lakin soyuduqda geri çəkilib süstləşən adamlar azdırmı? Belə adamların hərəkətləri sabitlik sevməyən bir hissiyyat üstündə qurulur. Bu hərəkətlərin səbəbi əqli və idrakı dəlillər və əqidələr olmadığı üçün etibarsız və məntiqsiz olur. Fridun haqqında qəlbən o belə bir şübhəyə yol vermək istəyirdi. Bəlkə Fridun ona inana bilmir, ehtiyat edir. Lakin Kürd Əhmədi bunların hamısından çox narahat edən daha qorxulu bir fikir vardı: bəlkə də o tutulub, ələ keçmişdir? Belə bir hadisə vaqe olsaydı, sərhəng Səfai mütləq biləcəkdi, o da Hikmət İsfahaniyə danışmamış olmazdı. Hikmət İsfahaninin də bu barədə susmağı Kürd Əhmədin başında yeni şübhələr oyadırdı... Bütün bu fikirlər son günlər özü də hiss etmədən onun simasında qeyri-adi kədər yaratmışdı.

O içəri girəndə Sofi İranpərəst ağanın qabağında oturmuş, adəti vəchlə yaltaqlıq maskasını yenə üzünə keçirmişdi.

Hikmət İsfahani Kürd Əhmədi mehriban qarşıladı. Halını soruşdu, “gözümə bir cür dəyirsən, naxoş-zad deyilsən ki?” deyib üzünə baxdı. O, təşəkkür edib, ağanın bu mərhəmətinin səbəbini düşünməyə başladı. Hikmət İsfahani bir yoldaş, bir həmdərdlə məsləhətləşir kimi yumşaq səslə:

- Ağayi mən, - dedi - sizi çağırmaqda məqsədim kömək istəməkdir. Bərkə düşmüşəm. Ağıl istəyir ki, tədbir tökə...

Kürd Əhməd təəccüblə ona baxdı. Sofi İranpərəst də yerində qımışdı. İsfahani onu özünün, doğrudan da, ağır vəziyyətdə olduğuna inandırmaq üçün bir az da səsini yumşaltdı. Süni bir kədərlə dedi:

- Heç belə çətinliyə düşdüyüm olmayıb. Ya gərək əqidəmi, insafı büküb qoyam bir tərəfə, ya da iflas eləyib ac-lüt qalam. Birincini ki, eliyə bilmərəm. Kişi də əqidəsini, insafını dünya malına satar?! Ey tövbə, əgər mən məsləkimi ticarətə qurban verəm. O biri tərəfdən iflas etmək də olmaz. Mən iflasdan, ac qalmaqdan qorxuramsa, heç kişi deyiləm. Bu, başımdakı papaq deyil, arvad ləçəyidir. Yox, mənim qorxum çörək qorxusu deyil, namus qorxusudur. İflas etsəm bu Bədr, Nikipur, Manuk Martinlər* irzimi, namusumu ayaq altında aparacaqlar. Torpağımı xəlbirnən daşıtdıracaqlar. Nə eləyim, qardaş, sən bir məsləhət ver, bir yol göstər!

Kürd Əhməd ağzını açıb, “heç şey anlamıram, bir deyin görək nə olub” demək istədi. Lakin Hikmət İsfahani ona macal vermədi:

- İş bu yerdədir, bəradəri-mən, - dedi, - ağayi fon Valter indicə qulağıma pıçıldadı ki, bu Bədr, Nikipur, Manuk Martin köpək oğlu, alman və ingilis ticarətxanəsilə gizlicə danışıblar ki, hazırda bazarda xaricdən gəlmə qənddir, çitdir, parçadır nə mal var yığsınlar, ixrac olunacaq nə qədər yun, dəri, yağ, xəz malları var töksünlər bazara.

Başa duşürsən bu nə biinsaflıqdır. Pambıq ilə xalqın boğazını kəsməkdir.

Kürd Əhməd bunun bazarda necə böhran yaradacağını, yüz minlərlə kəndliləri, xırda alverçi və yoxsulları dilənçi halına salacağını təsəvvür edib qəzəblə:

- Ağa, buna yol vermək olmaz, - dedi, - kəndlinik indi yunu, dərini, xəzi gətirib satan vaxtıdır. Bizlər də bu tərəfdən bu malları töksək bazara, qiymət birə üç sınacaq. Heç qoyulan zəhmətin ondan birini çıxarmayacaq. O yandan da xarici malı bazardan anbarlara yığmaqla qiymətini eyni dərəcədə qalxızmış olacağıq. Ehtikar başlanacaq. İflas yoxsulluq, aclıq baş verəcək. Çünki malik* onsuz da burda bazarda itirdiyini kənddə kəndlinin dərisindən çıxaracaq....

Kürd Əhməd danışdıqca gözlərini yumub, qəlyanı xortuldadan Hikmət İsfahani birdən bərk ah çəkdi:

- Belədir, qardaş, belədir. Bunlarda nə insaf var, nə vicdan... Bəs biz neyləyək?

Kürd Əhməd həyəcanla:

- Dünyada bazar qurtarmayıb ki, alman almır, ingilis almır, başqasına satmaq lazımdır. Bizə mal verib, mal alan tapılar.

Hikmət İsfahani əlini-əlinə vurub, “bəh-bəh” edə-edə otaqda gəzindi.

- Kişi, mal satıb-alan niyə tapılmır. Biri elə o şimal qonşumuz. Mənim nə borcuma bolşevikdir, sosialistdir, nədir. Mən ona, qardaş, məslək satıb-almıram ki! Bolşevikdir öz evində. Qoy mənim kişmişimi, yunumu, dərimi alsın. Mənə qənd versin, çit versin, maşın versin. Aləm də bilir ki, Rusiyanın çitinə, qəndinə mal çatmaz. Di gəl ki, bizim bu ağalar deyir bolşeviklərnən ticarətimiz tutmaz. Görmədin necə kontraktı pozdular? Hə, indi qal yana-yana görüm. Bolşevikə satmazsan ingilis, alman gələr, iki ayağını soxar bir başmağa, onu da qoyar sənin boğazına. Xırılda görüm nə qədər xırıldayacaqsan.

Hikmət İsfahaninin 1938-ci ildə İranın Sovetlərlə ticarət müqaviləsini pozmasına işarə edən bu sözləri Kürd Əhmədi düşündürdü. Onlar ona qeyri-səmimi və şübhəli göründüyündən söhbət dəyişdi:

-  İndi, ağanın əmri nədir?

Hikmət İsfahani yenə qəlyanı sümürüb, gözlərini yumdu:

- Nə bilim, əzizi mən. Sən de görək neyləyək?

Lakin onun cavabını gözləməyib əlavə etdi:

- Yaxşı, deyir ki, tələ qurana gərək tələ qurasan. Dur get Bəsrədən nə gətirmisən ağzını bağla, yığ anbarlara! Orta, xırda tacirdə də nə var, al. Dərini, yunu, xəzi, yağı da tök bazara. - Kürd Əhməd etiraz etmək istədi. Hikmət İsfahani onu danışmağa qoymadı.

-  Bir ərzimə mültəfit ol. Sənə dedim ki, mən insafımı satmayaçağam. Bir siyasətin dalına bax. Elə ki, ağayi Bədr və Nikipur gördülər ki, biz də malı tökmüşük bazara, daha anbarda bir tikə də vətən malı saxlamayacaqlar, yerini xarici mallarla dolduracaqlar. Onda biz dostumuz fon Valterin vasitəsilə onların anbarlarındakından on dəfə artıq həmin mallardan alıb, tökərik bazara və xarici malın qiyməti birə-beş düşər. Kəndli, yoxsul, qoy istədiyi qədər alsın. Bu andan da bazarda olan bütün dəri, xəz, yun - nə varsa yığıb verərik alman ticarətxanasına. Əlbəttə ki, köhnə qiymətə... Kəndli qoy gətirsin, nə qədər varıdır satsın. O da varlansın, xırda tacir və alverçi də. Qoy onda bilsinlər ki, xalq başsız deyil, onun da fikrini çəkənlər var...

Kürd Əhməd bütün bunların necə olacağını düşünə-düşünə çıxdı. Hikmət İsfahani bütün danışıq zamanı gah onu, gah Kürd Əhmədi təsdiq etdiyinə baxmayaraq, varlığı tamamilə yaddan çıxmış Sofi İranpərəstə döndü:

- Hə, ağa, sən nə dönüb üzümə baxırsan? Dur get, yaz ruznaməyə, görürsən ki, vətənpərəstlik, azadixahlıq üçün ürəyimin yağını əridib içirəm, get, bu gördüyünün heç olmazsa onda birini yaz, qoy xalq bilsin.



* Böyük tacirlər İkinci dünya müharibəsi dövründə faşist siyasətini İranda yaymışlar.

 

*  Mülkədar.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info