Qonaq Kitabı
BEŞİNCİ FƏSİL

İlk zamanlar Fridun gözləyirdi ki, Kürd Əhməd gəlib ona bir iş düzəldəcək, bir yol göstərəcəkdir. Lakin günlər keçir. Kürd Əhməddən heç bir xəbər çıxmırdı. İki dəfə də həmin ünvana getmiş, hələ Kürd Əhmədin qayıtmadığını öyrənmişdi. Nəhayət, “xalqın boğazına suvaşmaq nəyə gərəkdir” deyib, öz-özünə bir çarə düşünməyə başladı. Darülfünunda hələ dərslərin başlanmasına iki ay qalırdı. Ora daxil ola bilsə belə yenə əlini bir işə çatdırmalı idi. İşsiz nə yaşamaq, nə də oxumaq mümkün idi. Tezliklə özünə bir iş tapmasa saatdan aldığı pul da qurtaracaqdı. O zaman istər-istəməz Sərxangilin boynuna düşəcəkdi. Əlbəttə, buna yol vermək olmazdı. Bir gün belə onların hesabına yaşadığını təsəvvür etdikdə öz-özünə artıq və yaramaz bir şey kimi görünürdü. Lakin Tehranda o özünə necə bir iş tapa bilərdi? Təbrizdə olduğu kimi, ibtidai məktəbdə müəllimlik yeri alsa çox yaxşı olardı. Lakin buna ümid az idi. Tehranda ali təhsilli adamların belə işsiz gəzdiyini bilirdi. Halbuki onun məlumatı orta təhsil həcmində idi. Buna baxmayaraq evdən çıxdıqda birinci olaraq maarif vəzarətinə getdi və vəzarətin qapılarında oturub söhbət edən, gəzişən, tez-tez girib-çıxan çoxlu müəllim gördü. Onların qeydkeş simaları, bir-birilə olan qırıq-kəsik söhbətləri iş dalınca gəldiklərini göstərirdi. Fridun içərisindəki həyəcanı boğaraq, sakit bir görkəm almağa çalışıb, cavan bir müəllimə yaxınlaşdı, yeni təyinat almaq üçün kimə müraciət etmək lazım gəldiyini soruşdu, müəllim başdan-ayağa onu süzüb:

- Təhsilin nədir?  - deyə soruşdu.

Fridun orta müəllimlik məktəbini qurtardığını söylədi. Bu sözdən onun üzündə xəfif bir istehza əmələ gəldiyni gördü.

- Haralısan?

Fridun “Azərbaycandanam” dedikdə o, acı bir gülüşlə:

- Əzizim, - dedi, - heç kəsə müraciət etmə. Get özünə başqa bir iş tap. Bir idarədə, bir kontorda kargüzar götürsələr papağını göyə at. Mənim ali təhsilim var, özüm də giləkəm, bir aydır gəlib-gedirəm, hələ “ruzifərda”* dan başqa bir şey eşitməmişəm.

Fridun bu sözlərə əhəmiyyət vermədi, vəzarətə girdi. Katibin yanına getdi. Katib çeşməkli, uzunboylu bir oğlan idi. Başını yağlayıb, səliqə ilə daramışdı. İşıldayan tükləri qapqara görünürdü. Onun qabağında bir neçə adam durmuşdu. O, eyni zamanda bu adamların hamısı ilə danışır və heç birisinə diqqətlə qulaq asmırdı. Hərəsinə nə isə yarımçıq bir söz deyir və o birisinə dönürdü. Onların başı üstündən kənarda durub Friduna muraciət etdi:

- Ağa, fərmayişin nədir?

Fridun iş üçün gəldiyini söylədi. Katib maarif vəzarətinin qapısındakı cavan müəllimin suallarına oxşar suallar verdi. Aldığı cavablar nə isə ona gülməli göründü. Dodaqları qaçdı.

- Ağa, siz gedin özünüzə başqa bir yerdə iş axtarın, -  və bir daha Friduna baxmadan onun başı üstündən yeni gəlmiş adamlara boylandı:

- Ağa, fərmayişin nədir?

Fridun yorğun və ümidsiz bir fikirlə maarif vəzarətindən çıxdı. Hara getdiyini bilmədən yeriyirdi. Şəhərdə bazar həyatı qızışdığından səs-küy artmaqda idi. İki küçənin birləşdiyi bir tində, adamlar qaynaşan bir yerdə kim isə “ağa, əla Amerika malıdır!” deyib bir dəstə corabı gözünün qabağında hərlədi. Fridun fikir verməyib keçdi. Gözünü açdığı gündən ona tanış olan haylı-küylü, arasıkəsilməz əndişələrlə dolu bazar həyatının bu səhnələri ona adi görünürdü. Bununla belə, ilk dəfə olaraq, bu həyat ürəyində gizli bir vahimə oyadırdı. Məbədi pul, allahı pul olan bu həyat sanki insanın astarını üzünə çevirirdi. Amansız bir girdab kimi onu qoynuida çalxalayıb əzirdi: gah göyə qaldırır, gah yerin təkinə vurur və yalnız ölüsünü sakit sahilə atırdı. Burada da, girdaba düşənlər kimi, hər kəs öz hayında idi. Əlini, qolunu atır, kimi yoldaşının boğazından, kimi qonşusunun qıçından tutaraq dartır, yalnız özünü xilas etməyə çalışırdı. Bu dəhşətli, amansız bir həyat idi. Budur, Fridun indi bu həyatın astanasında dayanmışdı. Burada minlərlə xırda, iri alverçi dükanlar, heç bir işi-peşəsi olmayan adamlar bir-birinə qarışmışdır, məqsədsiz, arzusuz bir həyat onları qucağına alaraq, sürükləyib aparırdı. Onlar hay-küydən yorulurdular. O bu axına düşsəydi sanki öz kökündən qopacaqdı. Günəşdən yanmış yüz minlərlə Musa kişilər, əli qabarlı Sərxanlardan ayrılacaqdı. Onların həyatı Friduna boş səhraların ortasında sakit axan nəhəng bir çayı xatırlatdı.

Lakin onun bu hərəkətsiz və sakit görünüşü dalında nə qədər böyük bir qüvvə gizlənirdi! Bu böyük qüvvəni hərəkətə gətirən, onu təşkil edən “bax, gör sən nəyə qadirsən!” deyə onun əzəmətini özünə göstərən olacaqdımı?..

Qapısının üstündə ingiliscə və farsca “İngilis İran neft şirkəti” yazılmış bir bina nəzərini cəlb etdi. Azca durub, fikrə getdi. Bu şirkətin vətən xaini və satqınlar tərbiyə etdiyi, işi pul gücünə aranlıların əxlaqını pozduğu haqqında sadə camaat arasında danışılan sözlər və əhvalatlar yadına düşdü. Düşündükcə xəyalında bir bina məmləkətin bədəninə sarınmış bir zəli şəkli almaqda idi: onun iyrəndirici əzələləri tərpənməkdə və amansız bir hərisliklə vətənin qanını sormaqda idi... “Yox, acından ölsəm də mən burada işləyə bilmərəm” deyib, bir ikrah hissilə oradan uzaqlaşdı. Lakin iş, iş tapmaq lazım idi. Ağlına gəldi ki, bəlkə ticarət və sənaye vəzarəti xəttilə bir yerdə işləmək mümkün ola. Bu məqsədlə həmin vəzarətə getdi. Xidmətçi acıqlı-acıqlı onu süzdü.

- Kimin yanına gedəcəksəi?..

O, qapı qulluqçularının təbiətini bilirdi... Qorxanı içəri buraxmazdılar. Odur ki, cəsarətlə:

- Ağayi vəzirin!

- Yoxdur.

- Onda ağayi müavini-vəziri görərəm, - deyib dalına baxmadan, pilləkənlərlə yuxarıya, uzun bir salona çıxdı. Burada xidmətçi onu katibin yanına göndərdi. O:

- İcazə varmı? - deyib, qapını açdı, içəri girdikdə üstü kağızlarla dolu böyük stolun başında oturmuş enlikürək, azca çopur və ortaboylu katib ötəri olaraq ona baxdı və etinasız bir halda başını aşağı dikdi, kağızlara baxdı. Fridun gəlib onun qabağında durdu. Katib qarşısında heç kəs yox imiş kimi, bir etinasızlıqla kağızlara baxmaqda idi. Fridun onun ya çox laqeyd, ya da mütəkəbbir bir adam olduğunu düşündü. Səsinə yüngül bir sərtlik verdi:

- Ağa, məni sizin yanınıza göndəriblər.

Katib yenə başını qaldırmadı. Sanki heç bir söz eşitmədi. Heç tərpənmədi də. Fridun özlüyündə, bəlkə bu ağır eşidir - deyib bir az ucadan:

- Ağa, məni sizin yanınıza göndəriblər, - dedi.

Katib yenə heç şey eşitmirmiş kimi, durub fit çaldı. Friduna baxmadan, bir dəstə kağızı ayırıb, qovluğa yığdı və aparıb, divar dibindəki aynalı şkafa, başqa qovluqların yanına qoydu. Fridun bir az da ucadan:

- Ağa, məni sizin yanınıza göndəriblər! - dedi.

Katib birdən döndü, gəlib Fridunun qabağında durdu.

- Ağa, mən nə karam, nə kor. Görürəm, eşidirəm, - dedi və qayıdıb, yerində oturdu. Tələsmədən stol üstündəki kağızları da yığıb, siyirməyə qoydu və əllərini çarpazlayıb, Friduna baxdı:

- Ağanın fərmayişi nədir?

Əvvəlcə Fridun bərk acıqlanmışdı. Az qala katibi kobudcasına təhqir edəcəkdi. Özünü bu hərəkətdən saxladıqdan sonra, gəldiyinə təəssüf etdi. İndi isə katibin bütün bu ədəbazlıqları ona çox gülünc görünürdü. Dodaqlarında xəfif bir təbəssümlə nə üçün gəldiyini söylədi və onu vəzir müavininin yanına aparmasını rica etdi. Katib ayağa durdu:

- Ağa, belə əhəmiyyətsiz bir iş üçün müavini-vəziri narahat etmək olmaz. Zəhmət çəkin gedin özünüzə bir iş tapın. Bir az sərmayə düzəldib, bir dükan açın, - dedi və otaqdan çıxmaq istəyirmiş kimi, qapıya tərəf yeridi. Fridun istehza ilə:

- Təşəkkür edirəm, yaxşı məsləhət verdiniz, - dedi və küçəyə çıxdı. Tehranda iş tapmaq və yaşamaq çətinliyinin yaratdığı vahimə getdikcə daha artıq qəlbinə dolurdu.

 

***

Günlər gəlib keçir, Fridun iş tapa bilmirdi. Vəzarətxanalara getmiş, bir neçə böyük şirkətə müraciət etmişdi. Heç yerdə iş verməmişdilər. Şirkətlərin birində yaşlı bir kişi onu diqqətlə dinləyib, başını bulamış, açıq demişdi:

- Oğul, çətin işdir. Yaxşı bir dalında duran olmasa heç yerdə sənə iş verməzlər.

Buna baxmayaraq, o naümid olmur, şirkətləri, idarələri gəzirdi. Bu axtarış onu “Süheyli qardaşlarının tütün şirkəti”nə gətirib çıxartdı. O, kontora girəndə nahar zamanı idi. Üç adam bir stolun başında oturub çilov yeyirdi. O bunu gördükdə qayıtmaq istədi. Lakin onlardan biri onu bir dükandar, yaxud xırda tacir zənn edərək, ayağa durdu, qabağına yeridi.

- Ağa, buyurun əyləşin, bizimlə çörək yeyin.

 O qızardı, pörtmüş halda təşəkkür etdi. Yağlı barmaqarını cibindən çıxartdığı qıraqları göy haşiyəli dəsmal ilə silən adam:

- Ağanın bir əmri varsa, buyursun qulluq edək. Nə lazımdır? Əla Kürdüstan tütünümüz var...

Fridun:

- Mən tacir deyiləm... Dükanım da yoxdur - dedi və çıxmaq istədi. Yavaşca əlavə etdi: - Bir iş axtarıram…

Süheyli maraqlandı:

- Nə iş?

- Dəftər işi... yazı-pozu.

Süheyli fikrə getdi:

- Haralısan, bala?

Fridun elə bircə kəlmə ilə rədd cavabı alacağını düşünüb, qapıya tərəf dönərək - azərbaycanlı - dedi.

Süheyli çörək yeyən qardaşlarına sarı getdi. Onlar nə isə pıçıldaşdılar.

- Farsını kamil bilirsənmi?

- Bəli.

Üç qardaş yenə məsləhətləşdi:

- Amma iş çox olacaq, gərək hər şey dəftərlərdə yerində olsun.

- Ona söz yox ki.

- Nə qədər hüquq istəyəcəksən?..

Fridun heç bu barədə fikirləşməmişdi:

- Bilmirəm, nə verəcəksiniz?..

Üç qardaş yenə pıçıldaşdı:

- Ayda iyirmi tümən. Baxarıq, yaxşı işləsən, gələcəkdə artırarıq.

- Fridun “Ağa on beş tümən mənim ancaq ev xərcimdir” demək istədi, lakin bundan da əli çıxar deyə susdu və razılıq verdi. O, Süheyli qardaşlarının şirkətində işə başladı. Şirkətin tütün aldığı əsas yerlər Azərbaycan, Kürdüstan idi. Çox zaman onlar, arada vasitəçi olan tacirləri keçərək, bilavasitə kəndlərlə əlaqə saxlayır, tütünü birə-iki ucuz alırdılar. Bu vəziyyət onlarda Azərbaycan dilini bilən bir adama ehtiyac yaratmışdı. Fridunu işə götürməklərinə də səbəb bu idi. Əgər o özünü yaxşı göstərsə, bacarıqlı adam olsa yavaş-yavaş tütün kontrakta işləri üçün Azərbaycan və Kürdüstana göndərə bilərdilər. Beləliklə, Süheylilərin Fridun haqqında uzaqlara gedən bir planı vardı. Fridun isə uzun zəhmətdən sonra bir iş tapdığına sevinir və bunu Tehranda əsaslanmaq üçün bir başlanğıc hesab edirdi. O, Süheylilərin kontoruna hamıdan əvvəl gəlir, hamıdan sonra gedirdi. Səhər gün çıxandan axşam gün batana qədər bütün günü burada keçirdi. Tapşırılan işi səliqə və qayda ilə yerinə yetirir, xoş və diqqətli rəftarı ilə Süheylilərin əlaqə saxladığı tacirlər və müştərilərin hörmətlərini qazanırdı. Bu da Süheyliləri razı salırdı. Lakin Süheylilərin dolaşıq ticarət işlərində Friduna qəribə və sirli görünən bir çox şeylər vardı. Onlar dövlət tütün fabrikini xammalla təmin edirdilər. Lakin bu fabrik ilə əlaqələri də Friduna anlaşılmaz və dolaşıq görünürdü. Bu əlaqədə də söhbət həmişə on min tümənlərlə qazanc və bəhşiºdən gedirdi. Hətta məclis vəkillərindən birisi belə Süheylilərin tütün alış-verişində möhkəm iştirak edirdi. Onun əsas gəlir mənbəyi bu olduğunu Süheylilər açıq deyirdilər. Lakin Friduna bütün bunlardan daha təəccüblü görünən Süheylilərin elə birinci gündən - haqq-hesabı üçün iki böyük dəftər ayırması idi. Bu dəftərlərin biri rəsmi dəftər idi ki, bura bütün mədaxil birə-beş azaldılaraq yazılırdı. O dəftər həmişə Süheylinin başı üstündəki divardan asılı durardı. İkinci dəftərdə isə bütün haqq-hesab olduğu kimi yazılardı. Bu dəftəri Süheylilər üçü də hər gün diqqətlə yoxlar və çox gizli saxlardılar. Bir neçə dəfə Fridun bu sirrin səbəbini qardaşlardan soruşmaq istəmiş, lakin burada nə isə onları əsəbiləşdirən bir hal olduğunu duyub susmuşdu.

Kürd Əhməd bu sirləri öyrənməkdə ona nə qədər kömək edə bilərdi. Kürd Əhmədlə görüşmək üçün növbəti bazar günü Süheylilərdən iki saat işə gec gəlməyə icazə aldı. Yenə həmin yerə getdi. Oradakı qulluqçu artıq onu tanıyırdı. Uzaqdan görən kimi:

 - Hələ Ağayi Kürd Əhməd gəlməyiblər, - dedi.

Bu adamın nəzərini cəlb etməsi Friduna xatalı görünürdü. Hər həftə buraya baş çəkməyin artıq olduğunu düşündü. Günlərini Süheylilərin soyumaq bilməyən ticarət işlərinə verdi. Axşamlar isə Sərxan evdə olanda onunla söhbət edir, olmayanda ananın sadə, lakin ibrətamiz hekayələrini dinləyirdi...

 

* * *

Fridun axşam gün batandan sonra evə qayıtdığı zaman Fəridəni və ananı həyəcanlı gördü. Xüsusən Fəridə adi halında deyildi. Yenə onun danışığında, hərəkətlərində nəyə qarşı isə bir üsyankarlıq, bir etiraz vardı. O, Fridunun sualını gözləmədən bunun səbəbini danışmağa başladı:

- Ay Fridun qardaş, - dedi, - dünyada nə yaman işlər var imiş!.. Adam bir parça daş yaransa bundan yaxşıdır. Ürəyin yanır, kömək eləmək istəyirsən, əlindən də bir şey gəlmir.

Fəridənin danışığı da, işi də, hərəkətləri də odlu  və ehtiraslı olardı. Onun sözünü kəsmək istəsən daha da qızışardı. Bunu bildiyi üçün Fridun susaraq nağılına qulaq asırdı. O, hörmət etdiyi və bunu heç kəsdən gizlətmədi mühacir qızının faciəsini danışırdı. Fridun bu qızı bir dəfə də görməmişdi. Lakin Fəridənin söhbətlərindən onun haqqında müəyyən bir təsəvvürü vardı və bir neçə ev aralı yaşadığını bilirdi. Onlar 1930-cu ildə Bakıdan gəlmişdilər. Ailəsi atasından, anasından və özündən kiçik qardaşından ibarət idi. Qız Bakıda diş həkimi məktəbini qurtarmışdı. İrana gəldikdən sonra bütün mühacirlər kimi həmişə nəzarət altında yaşayırdılar. Hər həftədə bir dəfə polis nahiyəsinə getməli, şəhərdə olduqlarını bildirməli idilər. Hətta qız neçə dəfə onları nəzmiyyəyə çəkib, “sizi bura niyə göndəriblər, bolşeviklər nə tapşırıblar” deyə incitdiklərini də Fəridəyə danışmış və ağlamışdı. Fəridə onların həyatını nağıl edəndə gözləri yaşardı. Bu gün də birdən-birə gəlib, onları köç-külfətlə yığıb, nahiyəyə aparıblar. Hara isə Ərəbistana* göndərəcəklərmiş. Şeylərini çölə atanda ah-nalələrinə bütün qonşular yığışıbdır. Fəridə də dayana bilməyib, oraya gedib. Mühacir qızı göz-göz eləyib, bir anlığa xəlvətcə onunla görüşmüş, qucaqlayıb öpüşmüşdür.

- Çox mehriban qızdır!.. Çox, yaxşı ürəyi var. Məni elə bağrına basdı ki, elə bil doğma bacısından ayrılırdı.

Fəridə özünü saxlaya bilməyib qəhərləndi:

- Bu kitabları da o verdi. Dedi saxla, qismət olsa qayıtsam mənə verərsən... Deyir ki, həmişə gizlədərmiş... Torpaq altında qalmaqdan kağızı saralıb.

O, cildləri əzilmiş, küncləri cırılmış və nəm iyi tutmuş dörd kitabı Friduna verdi. Fridun kitabları varaqladı. Dördü də Bakıda ərəb əlifbası ilə çap olunan kitablardandı. İkisi təbabətə aid idi. Üçüncü qalın kitab Covanyolinin “Spartak” romanı idi. Dördüncü, ondan bir azca balaca, kitabın birinci səhifəsinin yuxarısında “Maksim Qorki”, tam ortasında “Ana” yazılmışdı. Fridun Maksim Qorki haqqında çox eşitmişdi. Onun əsərlərinin İranda oxunmasına yol verilmədiyini bilirdi. Onun varlığını xalqdan gizlətmək isə mümkün olmurdu. Ondan danışırdılar. Bu danışıqlar rəsmi dairələrdə və mətbuatda tənqid və təhinlə dolu olurdu. Lakin tənqid sahiblərinin ədası, ahənki bildirirdi ki, onların tənqidi nə isə qüdrətli, heybətli, yıxılmaz bir şeyə qarşı çevrilmişdir. Onlar ona nifrət edirlər, amma opu rədd etməkdən acizdirlər. Qorki Fridun üçün açılmamış, lakin yer kürəsinin harasında isə, okeanların arasında sirli, mübhəm bnr həyatla yaşayan böyük, nəhayətsiz bir çəzirə idi. O hansı bir qəzetdə isə oxumuşdu ki, Qorki dinsizdir, allahsızdır. O qədər allahsızdır ki, yeni bir din, yeni bir allah icad etmişdir. Onun çağırdığı din bütpərəstliyi də, xristianlığı da, müsəlmanlığı da danır. Onun allahı amansızdır, insanların bu vaxta qədər müqəddəs sandığı nə varsa rədd edir. Əxlaq və təsəvvürlərini uçurur. İnsanı hara isə qanunsuz, qaydasız və qarışıq bir aləmə çəkib aparır. Bu sözlər adamı üşüdüb, canına mübhəm bir qorxu salsa da, qəribə bir maraq da oyadırdı. Bu cəsarət sahibini, yeni bir allah yaradanın kim olduğunu bilmək istəyirsən. Bir dəfə də olsa onun üzünə baxmaq istəyirsən, sözlərini eşitmək istəyirsən. Qorki haqqında yalnız mənfi rəylər eşitdiyi ilk zamanlarda qəlbində belə bir maraq oyanmışdı. Sonralar başqa adamlardan başqa sözlər eşitdikdə bu maraq daha da artdı. Bu adamlar Qorkinin xariqüladə bir şey olduğunu deyirdilər. Onlar deyirdilər ki, Qorkinin kəşf etdiyi həqiqətləri ona qədər gələn heç bir yazıçı nə görmüş, nə də yazmışdır. “Ana” kitabı, Friduna özü haqqında bu qədər bir-birinə zidd fikirlər yaradan bir adamla tanış olmaq imkanı verirdi. Qəribədir! O hələ kitabı açmamış bir istilik, bir mehribanlıq duydu. Ana!... İnsanın nə böyük, nə mehribai ürəyi olmalıdır ki, anaya dastan yazsın!..

O, tez birinci üç kitabı Fəridəyə qaytardı.

-  Bərk gizlət. Bu isə məndə qalsın, verərəm.

Kitab birinci səhifəsindən onu özünə çəkdi. Oxuduqca ona elə gəldi ki, bütün bunlar tanımadığı bir işçi qəsəbəsinin harada isə uzaqlarda yaşamış naməlum adamların təsviri deyil, canlı həyatdır. Nə isə yaxın, tanış bir aləmin şəklidir. Budur, ağır zəhmətdən yorulmuş, ruhən əzgin, həyatları kədərlə dolu adamların güzəranı!.. Onlar evə qayıdarkən arvadları ilə dalaşırlar. Əllərini işə salır, onları döyürdülər. O bunların nağıl və hekayə olmadığını görürdü. Onlara harada rast gəlmişdir. Sətir-sətir oxuduqca hiss olunmadan kitab bir dərya kimi onu qoynuna alırdı. Bəzən sözlər ona anlaşılmaz görünürdü. Ona görə yox ki, bu sözləri o birinci dəfə eşidirdi. Yox, bu sözlər ona ana laylasından daha çox tanış idi. Lakin onlar burada nə isə adi mənalarından daha əhəmiyyətli, daha dərin məna alırdılar. O bu mənanı dərk etməyə çalışırdı. Hər fikrin üzərində düşünürdü, bəzi cümlələri bir də, iki də oxuyurdu. Sanki kim isə əlindən tutub, onu küçələrdə gəzdirir, evlərə aparır, “bax gör düzdürmü, gör oxşayırmı”, deyə həyatın səhnələrini, insanların ürəyini açıb, ona göstərirdi. Bunları təsəvvürünə gətirdikcə Mixail Vlasovun yaşadığını görürdü. O, Sərxanların mənasız kobudluq və acığının əsl səbəbini anlamağa başlayırdı. Qorki yazırdı ki, “çirkli olmaqda hamı özü günahkar deyildir”. Bəs günah kimdədir ki, insanlar bu qədər bir-birinə pislik edir. Bir-birini əzir, döyür, təhqir edir. Bir-birinin mənliyini, namusunu ayaq altına atır, həyatına zəhər qatır. Kimdir günahkar? Ana ilə söhbətində zarafatcıl Fyodor Mazin deyirdi:

“Əsas günahkarlar və xalqı sancan ən zəhərli həşərat boynuyoğun adamcıqlardır. Fransızlar onlara yaxşı ad qoymuşlar: burjua... Yadınızda saxlayın, nənə can, burjua... Onlar bizi çeynəyir, çeynəyir və əzib qanımızı sorurlar.

Ana:

- Deməli varlılar - deyə səsləndi.

- Bəli, varlılar!..

Günahkar hər yerdə eyni şeydir. Boynuyoğun adamcıqlar, varlılar!..”.

Bunları rədd etmək üçün insanları başa salmaq, öyrətmək lazımdır. Onlara həyatı dəyişməyin, həm də birdəfəlik əbədi yaxşılıq üçün dəyişməyin mümkün olduğunu başa salmaq lazımdır. Adamların isə çoxu biganə, əzgin, ruhsuz və müti idi. Qorki bunun səbəbini izah edirdi: “İnsanlar öyrənmişlər ki, həyat həmişə onları eyni qüvvə ilə əzsin, onlar heç bir dəyişikliyin həyatı yaxşılaşdıracağına inanmadıqlarından, bütün dəyişikliklərin ancaq zülmü daha da artıpacağını güman edirlər”.

Yox, bu həyatı dəyişmək lazımdır!.. “Ana”nın Fridunun qəlbində oyatdığı, hərəkətə gəlmək istəyən ilk hissiyyat bu idi. Sanki burada son aylar, onu narahat edən bütün anlaşılmaz, dumanlı, qarışıq suallara cavab tapırdı. Bu vaxta qədər həyatda o, kor-koranə, gözübağlı bir duyğu ilə hərəkət etmişdi. İndi isə əlinə hər tərəfə işıq salan bir məşəl düşmüşdü. Bu məşəl Həyatın qaranlıq kunc-bucaqlarını işıqlandırır, yaşayışın üzərindən dumanlı və aldadıcı pərdələri qaldıraraq, çox sirlərin üstünü açırdı. Hikmət İsfahanilər, mübaşir Məmmədlər, Əli əmniyyəbaşıları bu işığın altında olduğu kimi görünürdü. Bu məşəl Musa kişilərin, Sərxanların, Həsənalıların, bütün varlığı ilə munis, kədərli və müti olan anaların - Səriyyələrin, Mədinələrin həyatını daha aydın göstərirdi. Fridunun nəzərlərində, açıq şəkildə bütün dünyanın iki barışmaz cəbhəyə bölündüyü mənzərəsi açılırdı: bu cəbhənin birində milyonlarla zəhmət ordusu, əli qabarlılar, həyatın bütün nemətlərini yaradanlar durmuşdu. Dininə, dilinə, adət və etiqadına baxmayaraq, zəhmət onları birləşdirir, aralarında qan qohumluğundan da güclü bir qohumluq yaradırdı. Dünyanın hər yerində onların həyatları bir, arzuları bir, məqsədləri bir idi. Xoxolun sözləri, Fridunun həyəcanlarını ifadə edir, fikrinə istiqamət verirdi.

- “Bizim üçün millətlər yoxdur, irqlər yoxdur, yalnız yoldaşlar yalnız düşmənlər var. Bütün fəhlələr bizə yoldaşdır. Bütün varlılar, bütün hakimlər bizə düşməndir. Xoş nəzərlə dünyanı seyr etdikdə bizlərin, yəni fəhlələrin yer üzündə nə qədər çox olduğunu, nə qədər güclü olduğunu gördükdə - ürək şadlıqla dolur, sinədə böyük bir bayram yaranır. Nənə can, fransız da, alman da həyata nəzər saldıqda bu cür hiss edir. İtalyan da beləcə sevinir. Biz hamımız, bir ananın övladıyıq. Bu ana - bütün yer üzü məmləkətlərində yaşayan zəhmətkeş xalqın sarsılmaz qardaşlıq fikridir. Bir fikir məğlubedilməzdir, bizi isidən anadır. Ədalət göylərinin günəşi odur. Bu göy isə zəhmətkeşlərin qəlbindədir”.

Bunlar Fridun üçün tamamilə yeni fikirlər idi. O, həmişə yer üzündə insanın azad və yaxşı yaşamasını arzu etmişdir. Lakin belə bir həyatın necə yaranacağını bilmirdi. Qorki ona bu yolu göstərirdi. Belə bir həyatı yaratmağa qadir olan əzəmətli bir qüvvəni ona tanıdırdı. Bu yol Pavel Vlasovun yolu idi. O, əzablı, qorxulu bir yoldu. Bu yolda məhbəslər, məhkəmələr, məhrumiyyətlər vardı. Lakin o azadlığın, qurtuluşun yolu - mübarizə və döyüş yolu idi. Fridun mühacir qızının Fəridəyə danışdığı hekayələrlə bu kitab arasında bir bağlılıq gördü. Orada, sərhədin şimalındakı o azad dünyanı ancaq bu yoldan keçərək yaratmışlar. Bu yolda getməyi bacarmayanlar, bu işi təşkil edə bilməyənlər köhnə dünyanın zülmü altında əzilirlər... Lakin by yol cəsarətli adamların yoludur, inamlı və qorxmaz igidlərin yoludur. Onların şüarı budur:

 - “Həqiqətin gücünə inanmayanlar bizdən kənara çəkilsinlər!.. Həqiqət yolunda ölənə qədər vuruşmağa cəsarəti olmayanlar çəkilsinlər. Özünə inanmayanlar və əzablardan qorxanlar çəkilsinlər!...”.

Belə igidlər onun vətənində yox idimi? Vardı... Xalq yolunda, azadlıq yolunda ölümdən qorxmayanlar burada vardı. Amma vətən zülm altında, Musa kişilər, Səriyyə xalalar, Sərxanlar hüquqsuz bir qul halında yaşayırlar. Onların acıq və qəzəbi coşur və öz içlərini yeyirdi. Çünki onların qüvvəsini birləşdirən yolu göstərərək “ayağa qalxın!” deyən yox idi. Pavel Vlasov kimi bir adam lazım idi ki, cəsarətlə azadlıq bayrağını əlinə alıb, qabağa keçsin və qışqırsın:

- “Yaşasın sosial-demokrat fəhlə partiyası, bizim partiyamız, yoldaşlar, bizim mənəvi vətənimiz!..”.

Yox, İranda da Pavel Vlasovlar çox idi... Lakin onlara ruh verən, gələcək ümidi verən təşkilat yox idi... “Mənəvi vətən” yox idi... Fridun getdikcə fikrində bir aydınlıq əmələ gəldiyini görürdü. Qəti bir qərar doğur və bütün varlığına bir müvazinət verirdi. Nə vaxta qədər qorxa-qorxa oğru kimi, qanunlardan gizlənə-gizlənə yaşayacaqdı... Yox, bu qanunları uçurmaq, yeni qanunlar yaratmaq lazım idi. Yavaş-yavaş başına adamlar yığmağı düşündü. O, seçəcək, vətənin ən namuslu övladlarından, zəhmət və tər içində yaşayanlardan qüdrətli bir dəstə düzəldəcəkdi. Bu dəstə bir gün xalqın qabağına çıxıb deyəcəkdi:

“Qalxın, istibdadı məhv edin! Əməyin əbədi və pozulmaz ağalığını yaradın!.”.

Yalnız o zaman Fridun başını dik tutub, gəzə bilərdi. O zaman iftixarla deyərdi ki, “bizim də təşkilatımız var, mənəvi vətənimiz var!” O zaman xalqın qabağında durub, Nikolay kimi qorxmadan deyərdi:

- Yoldaşlar, biz yeni ideal yolunda ayağa qalxmışıq. Bu ideal işıq və həqiqət idealıdır, şuur və xeyir idealıdır!..

Demək qəzetlər səhv etməmişdir, Qorki, doğrudan da, qorxuludur, yeni bir ideal yolunda zəhmətkeşləri üsyana çağırırdı. Bu idealın yer üzündəki təntənəsi yolunda ölmək səadətdir!.. Çünki bütün güclülər, Hikmət İsfahani və mister Haroldlar ondan, bu yeni idealdan qorxurdu.



*  Sabah-sabaha salmaq.

 

* İranın cənubunda  ərəblər yaşayan yer. Camaat arasında bura Ərəbistan deyilir.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info