Qonaq Kitabı
DÖRDÜNCÜ FƏSİL

Fridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı vəziyyəti bu qədər ağır olmazdı. O, özünü mudafiə edərdi, ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu bütün bu mühakimələri rədd edir, ona bəraət qazandırırdı: orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?

Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.

Bu yolda dərdləşə biləcəyi ancaq bircə adam var idi. O da Kürd Əhməd idi. Tehrana gələn həftənin birinci bazar günü səhər tezdən o, Kürd Əhməd verən ünvana getmişdi. Bura, doğrudan da, mal anbarı idi. Arası kəsilmədən adamlar gəlib gedir və malları maşınlara yükləyərək aparırdılar. Lakin Kürd Əhməd orada yox idi. Gəlib gedənləri yola salan adam nəhayət ona müraciət etdi:

- Ağaya nə mal lazımdır?

- Mən ağayi-Kürd Əhmədi görmək istərdim.

- Ağa, Bəsrəyə getmişlər. Malımız orada ilişib qalıb, ərbab onu göndərməyi lazım gördü. Nə vaxt gələcəyi məlum deyil.

İndi Fridun Tehranda, çirkli və tozlu küçələri yarı xaraba və dağınıq evlərlə dolu olan yoxsullar məhəlləsində oturub, saatları, günləri sayırdı. Bu, Tehrana gəldiyi müddətdə yaşadığı üçüncü yer idi. Birinci dəfə böyük bir həyəti olan evdə bir otaq vermişdilər. Lakin orada ikicə gün yaşaya bilmişdi: ev sahibinin oğlu pozğun və əxlaqsız bir adam idi. Özü kimi bir necə adamla içir, tiryək çəkir, gecə səhər qədər iş qalmırdı çıxarmasın. Hətta onlar gecə Fridunun qapısını döyüb, onu da məclisdə iştirak etməyə çağırmışdılar. Fridun ciddi etiraz etdikdə söyüb getmişdilər. Elə səhərisi Fridun oranı tərk etmişdi. İkinci qaldığı yer oradan sakit olsa da, şəraiti çox pis idi: otaq, kərpic döşəməli yarı zirzəmi, rütubətli bir yer idi. Bundan başqa bir-birindən xırda altı uşağı olan ev sahibi hər gün arvadının qolundan tutub, küçəyə salır ki, səni boşayacağam. Uşaqlar bir-birinə qarışırdı. Qonşular yığışıb, birtəhər onları barışdırırdılar. Lakin sabah səhər tezdən eyni hadisə təkrar edilirdi. Üçuncü dəfə kirayə etdiyi bu otaq o birilərin hamısından sakit idi.

Gözlərini küncü nəm çəkmiş tavana, sonra ləmədəki qablara dikdi. Onların içində çini boşqab da, saxsı lampa da, mis kasa da vardı. Böyründə Nəsrəddin şahın şəkli olan gullü-bəzəkli çini kasa nəzərini cəlb etdi. Götürüb, o tərəf-bu tərəfinə baxdı. Ləmədəki qabların içərisində və bütün otaqda ən qiymətli bir şey bu kasa idi.

Beli bir qədər əyilmiş, danışanda xırdaca gözlərini qıyan arvad içəri girib, kasanı onun əlində gördükdə səsi titrədi:

- Baxırsan, oğlum, bax, dünyaya dəyər... Gözlə sınmasın.

Bu sözü o, ehtiyatla və sanki qeyri-ixtiyari dedi. Fridun kasanı yerinə qoydu:

- Qorxma, ana sındırmaram.

Arvad rahat nəfəs aldı:

- Doğrusu, ay bala, dünya malı bir şey deyil. Puç olub gedəcək. Amma yenə də şirindir. Divin canı şüşədə olan kimi, mənim də canım bu kasadadır. Bir gündə bu evə daxil olmuşuq. Mən təzə gəlin gələndə qayınanamın birinci yadigarı bu olubdur. Mən qocalmışam, o elə hamandır ki, var. Elə bilirəm indi sınsa, indi öləcəyəm.

Alçaq pəncərədən tozlu küçənin səsləri içəri doldu. Balaca pinəçi şagirdləri işdən qayıdırdılar. Fridun onları hər gün səhər tezdən bu pəncərədə durub yola salır, axşam bu pəncərədə durub qarşılayırdı. Demək saat yeddidir. İndi Sərxanın da gələn vaxtıdır. Həftənin cümə axşamları o bu saatlarda evə gəlir. Qarı, taxtın üstündəki mütəkkəni düzəltdi. Mərhəmət dolu gözlərini Friduna tərəf qıydı:

- Deyirdim, nəvəm olar, kasanı tapşıraram ona... Rahat gedərəm. Gəlinin də beli quruyub, kağız-dua qalmayıb eləmişəm. Allahın yolu kəsilib, gedib çatmır.

- Olar, ana, olar... Hələ Sərxan da, gəlin də cavandır, olar...

- Bəs nə vaxt. Gözləməkdən gözümün kökü saraldı. Qorxuram öləm, kasa...

- Arvad, sən yenə kasadan danışırsan? – deyə uzun boylu rəngi tunca çalan Sərxan içəri girdi. Friduna əl uzatdı:

- Salam, - dedi, - anamın bu kasa söhbətini eşidəndə ürəyim qısılır. Külli məmləkətin adamlarına yazığım gəlir. Hərə canını bir şeyə bağlayıb: biri qızıla, biri mala, biri mülkə, biri dövlətə... İnsan ürəyini tapşırıb əlinin zəhməti ilə qayırdığı şeylərə, eliyib özünü qul, nökər. Mal dərdi can çıxardır. Allah kəssin belə yaşayışı!..

Fridun müvəqqəti olaraq yaşadığı evin sahibi, Tehran dəmiryol maşinisti Sərxanı çox zaman qaşqabaqlı, nədənsə narazı və acıqlı görərdi. O, evə gələndə sanki özü ilə bir ağırlıq, bir gərginlik gətirərdi. Anasının mülayim siması ciddi və qeydkeş bir vəziyyət alar, arvadı Fəridənin üzünə xəfif bir sarılıq qonar, qara bəbəkləri bir əndişə və vahimə ilə tez-tez hərəkət edərdi. Onlardan ikisi də tələsik, əlüzyuyanın dolu olub-olmadığını yoxlar, Sərxanın sürütmələrini qapının ağzına qoyar, tez samovara od salardılar. Hiss olunardı ki, onlar Sərxanın əsəbiləşməsi və acıqlanmasına səbəb olacaq hər şeydən çəkinir və qorxurlar. Bununla belə Fridun hiss etmişdi ki, onların ikisinin də qorxusu eyni xasiyyətdə deyildir. Ananın qorxusuna nə isə həssas bir məhəbbət və nəvazişlə lal bir itaətkarlıq qarışmışdısa, Fəridənin qorxusunda gizlin bir acıq, tabe olmaq istəməyən bir inadkarlıq vardı. Sərxan həmişə yorğun və acıqlı olan gözləri ilə hərdənbir qapı altından ananı süzərdi. Lakin heç vaxt Fəridəyə tərəf baxmazdı. Fəridənin də gözləri həmişə yerdə olardı.

Fridun bu evə gəldiyinin üçuncü günü idi. Sərxan işdən qayıdıb, bütün axşamı heç bir söz demədən əl-üzünü yumuş, şam etmiş və stolun başında oturaraq, Fridunla çay içmişdi. O, çayı çox sevərdi. Bir oturumda altı-yeddi stəkan çay içməmiş ayağa durmazdı. Beşinci stəkanı içib, altıncısını gözləyirdi. Fridun da bir stəkan çaydan sonra qəzet oxuyurdu. Ərinə nisbətən balaca görünən, lakin zirək və sürətli tərpənən Fəridə yeddinci stəkanı gətirib, Sərxanın qabağına qoydu. Birdən-birə elə bil ki, onun başına bir qab qaynar su töküldü. Fəridənin qolundan tutub saxladı:

- Apar bunu atanın goruna tök. Mən bozbaş suyu istəmirəm! - dedi və yumruğunu nəlbəkiqarışıq stəkana çırpdı. Çay dağılıb, əlini yandırdı, stəkan divara dəyərək, parça-parça oldu, nəlbəki yerə düşüb sındı, bu onu daha da acıqlandırdı. Yanmış əlini qaldırdı, kinli və qiyam dolu nəzərlərlə ona baxan Fəridənin üzünə vurdu:

- Cəhənnəm ol gözümdən!

Fəridə yerindən tərpənmədi. Dolmuş gözlərilə ona baxdı. O, əlini qaldırdı:

- Cəhənnəm ol, deyirəm, vurram ölərsən! - dedi.

Fəridə o biri üzunü qabağa, onun havaya qalxmış əlinə tərəf verdi:

- Vur, nə qədər bacarırsan, vur!..

Bu səsdəki kin onu haldan çıxartdı. Əlini havada yelləyib, Fəridənin üzünə endirmək istərkən Fridun aralığa girdi, onun qolundan tutdu:

- Kişisən, - dedi - bu nə vəhşilikdir!

Fəridənin gözlərindən yanaqlarına doğru iki gilə iri yaş damlası süzüldü. Lakin o ağlamadı, hıçqırmadı, sınmaq istəməyən bir ağac kimi özünü saxladı, Sərxan, Fridunun yaxasından itələmək istədi:

- Çəkil!

Fridun onun iki qolunu da qatlayıb, döşünə qoydu və qətiyyət dolu gözlərini acıqlı Sərxana dikdi.

- Yaxşı olmaz, əlini saxla, yerində otur!..

Bu zaman ana qapıda göründü. Titrək bir səslə:

- Bu nədir, oğul, adam da evində qonağnan dalaşar! - dedi və Fəridəyə döndü:

- Keç, qızım, keç o biri otağa.

Fəridə bir kin və qürur mücəssəməsi kimi çəkilib getdi. Ana stəkan və nəlbəkinin qırıqlarını yığışdırmağa başladı. Sərxan qapını çırparaq, evdən çıxdı...

Ana, Fridundan üzr istər kimi:

- Onda günah yoxdur, yorulur, əldən düşür. İş deyil, nə gecəsi var, nə gündüzü. Yerindən duran da başına vurur, dədəsinə söyür. Biri pul istəyir, biri peşkəş istəyir, verməyəndə qorxudurlar. Verəndə də özü ac, arvadı lüt qalır. Onda günah yoxdur. Yenə görəsən işdə nə olub ki, acığını bu yazığa tökdü.

Fridun susub, anaya qulaq asırdı. Ana isə ürəyini boşaltmağa adam tapmış kimi şövqlə danışırdı.

- Eh, bala, arvadın günü it günü. Rəhmətlik atası da belə idi, elə ki iş düz gətirmədi, gələrdi, ya çay, ya çörəyi bəhanə eləyib, düşərdi üstümə. Səndən də ayıb olmasın, əzilməmiş qabırğam qalmayıb. Bu da lap ona çəkib. Elə hamı kasıblar belədir. Dövlətliləri görməmişəm, amma kasıb arvadının döyülmədiyi gün yoxdur. Bilmirəm dünyada bir xoş gün görən arvad varmı? Mən ki eşitməmişəm. Kimi görmüşəm başı qapazlı, gözüyaşlı görmüşəm.

Fridun o biri otaqdan Fəridənin səsini eşitdi:

- Günah özümüzdədir. Bizim ətimizi şişə çəksələr yenə azdır. Çünki özümüzü satınalma qul eləyib, vermişik bunların əlinə.

Ana, tənəli və nəsihətamiz bir səslə:

- Elə demə, qızım, allahdan sonra arvadın böyüyü ərdir - dedi, - istər öldürər, istər saxlar. Bir sən deyilsən ki, elə hər yerdə belədir.

Fəridə qapı dalından ona cavab verdi:

- Yox, belə deyil. Bu bədbəxtlik elə bir bizim başımızdadır. Odur ey, dünən o mühacir qızı danışırdı, Bakıda, cəmi Rusiyada bir adamın haqqı yoxdur arvada ağır söz desin, nəinki üstünə əl qaldırsın. Atanın da, ərin də... Ərdir, getsin ərliyinə, mənə can verməyib ki, canımı da alsın... İdarə ilə davası var, getsin onu döysün, niyə mənim üstümə düşür...

- Sən mühacir qızının sözünə qulaq asma, bala. Rusun bir qanunu var, sənin bir qanunun.

- Allah kəssin mənim qanunumu. Bir dəfə baş götürüb qaçacağam!..

Ana cavab verməyib, o biri otağa keçdi və ara qapını örtdü. Fridun uzun müddət onların nə isə yavaş-yavaş danışdığını eşitdi. Yalnız gecədən xeyli keçmiş Sərxan qayıdıb gəldikdə yenə evə ağır bir sükut çökdü. Bu ailə, Fəridənin üsyan dolu sözləri Fridunun başında yeni fikirlər doğururdu. Qeyri-ixtiyari olaraq, ürəyində bu qadına bir hörmət duydu. Deməli, nə isə yeni nəsil gəlməkdədir. Bu nəslnn ürəyində insan kimi yaşamaq arzusu oyanmaqdadır. Sərxan səhərisi dinməz-söyləməz durub, işə getdi və dörd gündən sonra evə qayıtdı. O, yenə acıqlı və əzgin idi. Axşam qaşqabaqlı rəftardan başqa hərəkət baş vermədi.

Gecə ara qapıdan Fəridənin səsi Fridunun qulağına dəydi:

- Sərxan, Sərxan, yatmısan? Bir bu yana dön, sözüm var.

- Nə sözün var, de görüm.

- Sözüm odur ki, bir mənə de görüm, mən bu evdə nəçiyəm, kiməm?

Sərxan yerində qurcundu:

- Sənin başına hava gəlib.

Fəridə sakit, lakin inadla:

- Yox, - dedi, - hava, zad gəlməyib. Dön, danışaq. Axı bu cür yaşamaq olmaz. Axı biz səninlə bir yasdığa baş qoyuruq. Mən bir daş olsam yenə sənə xeyrim dəyər. Mən görürəm ki, sənin işin ağırdır, evin dərdi sənin boynuna düşüb. Niyə sən dərdini açıb mənə demək istəmirsən? Niyə istəmirsən ki, yükün bir azı da mənim çiynimə düşsün. Mən ki sənə pis bir təklif etmirəm. Niyə dinmirsən, Sərxan?

- Az danış, yat... Sənin çiynin belə yükə dözməz.  

- Nə vaxt qoydun dözmədi? Sən bir yoxla, sonra yox de... 

- Arvad, sənin sözündən başqa iy gəlir. Bu havanı mən təzə eşidirəm.

- Yox təzə deyil, köhnə havadır, çoxdan ürəyimdədir Ancaq deyə bilmirəm. İndi bıçaq sümüyə dayanıb.

- Yaxşı, indi nə deyirsən?

- Deyirəm ki, mən də adamam, ömürlük səninlə bir yerdə yaşamağa razı olmuşam. O şey ki, ikimizə də aiddir, qoy  mən də bilim. Mən də sənə kömək edim. Axşam gələndən qaşqabağını tökmüsən, fikir, fikir. Bir mənə də de, bəlkə bir köməyim dəydi. Dəyməsə də dərdinə şərik olaram.

Fridun, Sərxanın hərəkət etdiyini və qalxıb oturduğunu eşitdi.

- Yaxşı, zəhləmi tökmə, qoy deyim: rəis oğluna toy eliyir, gərək hərəmiz əlli tümən qoyub, peşkəş alaq. Olmasa işdən qovacaq. İndi buyur, əlli tümən demirəm, iyirmi beş tümən tap görüm, yükün yarısını bölüşdür görüm. Nə oldu, səsin çıxmır?..

Fəridə ah çəkdi:

- Yaxşı, nə olar, bunları mənə də desən günah olmaz ki? Heç olmasa bilərəm ki, niyə qaşqabaqlısan...

- Qoy yatım sən allah, başımı ağrıtma. Guya sən biləndə mənim dərdim azalacaq....

Sərxan bir daha səsini çıxartmadı. Fəridə isə xeyli danışdı, ona təsəlli verdi, özünün də bəlkə bir işə yarayacağını söylədi. Lakin o heç bir söz deməyib yuxuladı və səhər dinməz-söyləməz durub, yola düşdü. Ondan sonra Fridun bazara çıxdı. Qol saatını açıb bir saatsaza yaxınlaşdı:

- Neçə verərsən?.. 

Saatsaz bir Friduna, bir də saata baxdı. Alıb oyan-bu yanını yoxladı.

- Yaxşı qalıb, təzədir, - dedi, doxsan tümən...

İran bazarının qaydalarını bilsə də, çənə-boğazdan zəhləsi gedən və bunu bir alçaqlıq bilən Fridun etiraz etmədi.

- Götür...

Saatsaz təəccüblə ona baxdı və çıxarıb doxsan tümən saydı. Fridun pulu alıb, evə qayıtdı və Sərxanın anasını yanına çağırdı. Otuz tümənini ona verdi.

- Ala, ana, - dedi, - iki aylıq kirayə xərcini əvvəlcədən vermək istəyirəm. Deyəsən Sərxana pul lazımdır.

Arvad qəti etiraz etdi:

- Yox, oğul, mən səndən pul ala bilmərəm, Sərxan dərimi boğazımdan çıxarar.

Fridun təkid etdi. Lakin arvad götürmədi.

- Sərxan gəlsin, özü ilə danış.

Yenə dörd gün sonra, Sərxan evə gəldikdə çay zamanı Fridun onunla danışmaq üçün bir bəhanə axtarırdı ki, özü sözə başladı:

- Ağayi Fridun, - dedi, - məni bağışla. O gün bir az qəbahət etdim... Çox peşimançılıq çəkirəm. Ev sözsüz, gor əzabsız olmaz, bağışla.

Onun səsində qeyri-adi bir yumşaqlıq vardı. Gözləri də nə isə mehriban idi. Fridun tez onun sözünü kəsdi:

- Bağışlayıram, - dedi. - Lakin gərək Fəridədən üzr istəyəsiniz.

Sərxan heyrətlə və ciddi nəzərlərlə ona baxdı. Fridun onun içərisində qaynayan etirazın üzə çıxmasına yol vermədi:

- Bəli, Fəridədən mütləq üzr istəmək lazımdır. Mən ki elə edərdim. Ümumən sizdən bir xahişim var: bir daha onunla elə rəftar etməyin. Onu da, özünüzü də alçaltmayın. Mən bilirəm, sizin həyatınız da, işiniz də ağırdı. Lakin bu ağır həyatı bir az da ağırlaşdırmaq nəyə lazımdır? O, sizin həyatınıza heç olmasa balaca bir səadət gətirə bilər. Niyə bu səadəti də özünüz pozursunuz. Onsuz da sizin həyatınızı korlayanlar çoxdur. Söz verirsinizmi?

Bu sözlərdəki səmimiyyət və təmizlik Sərxanı Friduna kobud cavab verməyə qoymurdu. O, azca pörtmüşdü, lakin səssizcə ona qulaq asırdı.

- İndi sizdən ikinci xahişim var. Bu otuz tüməni alın. İki aylıq ev kirayəsidir, qabaqcadan verirəm, bilirəm lazımınızdır. Təəccüb etməyin və məni bağışlayın. O gün Fəridə ilə danışarkən bilmədən və istəmədən sizə qulaq asmışam. Sabahısı bu pulları anaya vermək istədim. Lakin nə qədər elədim almadı, sizin gözəl ailəniz var. Rəftarınız dəyişsə, həyatın yükü boynunuzu o qədər əyməz, nə qədər ki, indi əyir.

Sərxan nəzərində eşitmədiyi bir ailə yaşayışı, nə isə xoş, munis bir həyat mənzərəsi açan bu sözlərdən yumşalar, yüngülləşər kimi oldu. Sanki onlar ürəyinə bir istilik verirdi, qəribə, anlaşılmaz bir şadlıq və müvazinət gətirirdi. Qalxıb Fridunu öpdü:

- Qardaş olaq, - dedi, - mən hələ sizin kimi adam görməmişəm, qardaş olaq...

***

Fridun səhər tezdən ayıldı. Hələ durub geyinməmiş Sərxanın səsini eşitdi:

-  Fəridə, qalx yeri qığışdır. İndi Fridun oyanar... Sıxılmasın.

Fridun bunun nə demək olduğunu bilirdi. O, həyətə çıxmaq üçün Sərxangil yatan otaqdan keçməli idi. Daha doğrusu onların üstündən tullanmalı idi. Çünki onlar on kvadrat metrlik yataq otaqlarını ona verdikdən sonra yeddi-səkkiz kvadrat metr olan bu otağa yığışmışdılar. Əvvəllər burada yalnız ana qalardı. Bu, qaranlıq və gün görmədiyindən nəm iyi verən qəfəsə oxşar bir şey idi. Fridun elə ilk gündən hiss etmişdi ki, yalnız ehtiyac ucundan onlar otağın birini kirayə verib, belə bir sıxıntıya dözürlər. Sərxan öz zəhmət haqqı ilə həm öz ailəsini, həm də qardaşının dul arvadı üç yetimini dolandırmağa məcbur idi. Lakin onların getdikcə mehribanlaşan rəftarı göstərirdi ki, Friduna adi bir kirayənişin kimi yox, yaxşı bir adam kimi baxır onunla ünsiyyət bağlayırlar.

Sərxanın səsinə ayıldıqdan sonra Fridun bnr daha yuxuya gedə bilmədi. Yastığın altında kitab gizlətdiyini xatırlayıb, əlini ora atdı. Bu kitabı bazara çıxanda köhnə bir kitabfüruşun iprənmiş kitabları arasından seçmişdi. Bu, Şeyx Məhəmməd Xiyabaninin nitqləri idi. O, Xiyabani haqqında, xüsusən, Təbrizdə olarkən çox eşitmişdi. Lakin heç bir şey oxumamışdı. Bu nitqlər 1920-ci ildə Xiyabani Təbrizdə demokratik dövlət yaratdığı zaman müxtəlif yığıncaqlarda söyləmnş və müasirləri tərəfindən eynən yazılaraq saxlanmış, sonralar çap olunmuşdu. Oxuduqca oradakı azadlıq səsi, Tehranın zülm və istibdadı əleyhinə çağırış onun ürəyinə işləyirdi. Onlarda nə isə yeni bir həyatdan, hərəkət və tərəqqidən danışılırdı. Ancaq bu həyat nədir, onu necə qurmaq lazımdır suallarına cavab yox idi. Gələcəyə və tərəqqiyə olan çağırış da çox xəyali və anlaşılmaz idi. Nə qədər oxuduğunu bilmədi. Lakin Sərxanın yavaşca qapını tıqqıldadıb araladığını və oradan başını içəri saldığını gördükdə gec olduğunu anladı. «Buyur, ağayi Sərxan” – dedi. Sərxan içəri girib, salam verdi:

- Kişi, mən də deyirəm, bu qonaq niyə bu, qədər yatdı.  -  Demə durub, kitab oxuyur. Qalx, qalx ayağa, qardaş. Mənim bu qədər ac qalmağa halım yoxdur. Çay içək, sonra nə oxuyursan oxu.

Fridun kitabı büküb, pəncərəyə qoydu. Fikri oxuduqlarında olduğundan qeyri-müəyyən nəzərlərlə Sərxana baxdı. Sərxan bunu hiss etdi:

-  Görünür maraqlı kitabdır. Geyinin, çay içək. Sonra mənə də danışarsınız, - dedi və o biri otağa keçdi.

Fridun geyindi, əl-üzünü yumaq üçün balaca həyətə çıxdı. Ana və Fəridə gəlib, otağı yığışdırdılar, çay içdilər, cümə günü olduğundan Fridun Sərxanın işə getməyəcəyini bilib, kitabı əlinə aldı.

- Bir qulaq as gör nə yazır: “Qalx, ey xalq! Silkin, üstünə qonmuş əsrlərin ətalət, cəhalət tozunu təmizlə. Zülm və istibdad zəncirlərini qır! Azadlıq və demokrasi yolunu tut! Özün öz ixtiyarının sahibi ol. Öz həyatını elə qur ki, tərəqqi və səadətin qapılarını övladlarının üzünə açasan!...”.

Sərxan diqqətlə qulaq asırdı. Çox vaxt mənasını aydın başa düşmədiyi sözlərin nə isə işıqlı, xoş bir gələcəyə çağırdığını duyurdu. Qapının arasından Fəridəni səslədi:

- Fəridə, gəl sən də qulaq as.

Fəridə gəlib onun yanında oturdu. Fridun oxuduqlarını, oradakı gizli və açıq mənaları başa düşdüyü kimi, öz həyəcan və arzularını da onlara qataraq, nəql etdi və oxudu: “Kiçik qüvvə mütəşəkkil olanda və haqq yolunda ayağa qalxanda çox böyük qüvvəni dalınca apara bilər. Rusiyada Leninin başçılığı ilə bolşeviklərin on yeddinci ildəki böyük işi buna aydın sübutdur...”.

Sərxan, nə isə qəlbinin böyük arzularını ifadə edər kimi - Lenin!.. Rusiyada! - deyib köksünu ötürdü.

Fridun yalnız bu sözlərdə aydın bir çağırış gördü. “Mütəşəkkil az qüvvə... Lenin... bolşeviklər...” Bu söz ona Azərbaycanı, xırman üstündə hikmət İsfahanini xatırlatdı:

- Bolşevikdir!.. Xalis bolşevik!

Nə üçün Hikmət İsfahanilər bu sözdən bu qədər qorxurlar? Niyə qanunun ağır cəzalarına layiq olmaq üçün bircə bu söz kifayətdir? Çünki bu sözün ifadə etdiyi “haqq yolunda ayağa qalxmış” mütəşəkkil bir qüvvəni yaradan Lenin idi. O Lenin ki, varlılar belə onun böyüklüyünü dana bilmirlər... Musa kişilər isə onu peyğəmbər deyə tanıyırlar. Bəs nə üçün onun yaratdığı bir qüvvənin, ölməz bir övladın adı gələndə elə bil ki, Hikmət İsfahaniləri ilan çalır. Sanki Sərxanı da eyni suallar məşğul edirdi.

- Fridun, - dedi, - niyə görəsən bizim bu dövlət Rusiyanın adına xoş bir söz deyənin dilini boğazından çıxarır? Bir adamın başını kəsmək üçün elə bircə kəlmə “bolşevik” sözü bəsdir bizim ağalara qulaq asanda, elə bilirsən ki, Rusiya gərək çoxdan dağılaydı, bolşeviklərin gərək indiyə qədər sümüyü də çürüyə idi. Amma gələnlər deyir, camaat danışır ki, Rusiya gündən-günə qabağa gedir. Niyə bizim bu ağalar açıq yalan deməkdən utanmırlar?..

Fridun danışmamış, Fəridə cavab verdi:

- Ağa da qələt eləyir, onun böyüyü də. Odur ey, görənlərin hansından soruşursan ağızdolusu danışmaqdan yorulmur. Əlbəttə, ağalığı əlindən çıxan deməyəcək ki, yaxşıdır. Amma sənin, mənim kimi əlinin zəhməti ilə yaşayanın hamısı bir Rusiya deyir, bir dilini yalayır. Belə deyil, Fridun qardaş?..

Həyatın gündəlik ehtiyacı içərisində əzilən, xırdalanan, tənhalaşan bu adamların ürəyindəki yüksək duyğular Fridunu sevindirirdi. Məhəbbətlə:  

- Elədir, Fəridə, - dedi, - görünür ki, oradakı həyat heç bizimkinə oxşamır. Deyirlər orada bir nəfər də işsiz tapılmır. Hamı istədiyi sənətin sahibi ola bilər. Çoxlu məktəblər, sənət ocaqları var ki, millətin balalarını tərbiyə edir. Vəzirdən tutmuş, vəkilə və adi bir kəndliyə qədər, hamının hüququ birdir. Bir adam o birisinə töhmət edə bilməz, nəinki şillələmək, çubuq altına salmaq. Bu növ hərəkət kimin tərəfindən olsa, qəbahət sayılır və belə əməl sahibinin işinə məhkəmədə baxırlar. Rüşvət, mənsəbindən istifadə kimi hərəkətlər, bilmərrə aradan götürülmüşdür...

Fridun danışdıqca Sərxan və Fəridə bir-birinə qısılaraq, qulaq asırdılar. Bu sözlər sanki bir nağıl kimi onları xoş, xəyali bir dünyaya aparıb çıxarırdı. Onun sözlərindən doymur, çoxlu danışmasını istəyirdilər.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info