Qonaq Kitabı
ÜÇÜNCÜ FƏSİL

Tehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Köbbelsin yeni nitqi” - deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəb bir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllü-çiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:

- Əyləşin, ağayi-mən, - dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!

Yerini rahatlayıb, ucadan oxudu: “İngiltərə və Fransa Almaniyanın müstəmləkə tələblərindən yaxa qurtara bilməyəcəklər. Almaniya, mərkəzi Avropa işlərinə İngiltərənin qarışmasına yol verməyəcəkdir. Çünki bura İngiltərə mənafeyi dairəsi deyildir!”

Gözlərini qəzetdən çəkib, Kürd Əhmədə dikdi:

- Necə baxırsınız, ağayi-mən, burdan qan iyi gəlir, ya yox?

Cavab gözləmədən davam etdi:

- Bəli, dünyanın abü-havasından qan iyi gəlir. İndi biz ayıq olmalıyıq!.. Ayıq olmalıyıq! İndi nə alıb, nə satdığını, anbara nə qoyub, bazara nə çıxartdığını bilməyən tacirin sabah ah-vayı göyə çıxar. Gətir görək işlər nə haldadır?

Kürd Əhməd ticarətin vəziyyətindən, Amerikadan və İngiltərədən gətirilmiş mallardan məlumat verdi. Bazarda yun və şal mala ehtiyac yaratdığını və iki yüz min tümənlik ingilis şalını bazara buraxmaq fikrində olduğunu söylədi. Hikmət İsfahani:

- Nəbadə, nəbadə! - deyib, onun sözünü kəsdi, - heç elə iş görmək lazım deyil. Əksinə, bazarda nə varsa alıb anbara yığmaq yaxşıdır. İki ildən sonra bu mal birə on faydalı olacaqdır. Müharibə şeyləri yox, pulları qiymətdən salır. Şey yığmaq, şey saxlamaq lazımdır!..

Kürd Əhməd bu adamın pul və dövlətdən doymayan həris gözlərinə baxıb susdu. Hikmət İsfahani xidmətçini çağırıb:

- Bir qəlyan! - deyə, əmr verdi və yenə qəzetləri vərəqləməyə başladı.

Kürd Əhməd, hələ birinci İran məşrutəsi zamanında meydana çıxmış və İran siyasəti aləmində həmişə görkəmli rol oynamış bu adama baxır və sanki onu daha yaxşı anlamaq üçün bütün həyatını fikrindən keçirirdi. O, bir neçə dəfə məclis vəkili olmuş, baş vəzir kürsüsünü tutmuşdu. O, son əsrdə İran taxt-tacı ətrafında gedən bütün oyunların fəal iştirakçılarından idi. O, Məmmədəli şahın taxtdan salınmasında, Əhməd şahın hakimiyyət başına gətirilməsi və qovulmasında iştirak etmiş, İran siyasətini növbə ilə gah ingilis, gah Amerika, gah alman və bəzən də eyni zamanda hər üç dövlətin mənafeyinə tabe edən simaların içərisində görkəmli yer tutmuşdu. Bununla belə o, ez fəaliyyəti ilə özünü “mötədil siyasət” tərəfdarı və “müvazinət sevən” bir adam kimi tanıtmışdı. Bu məfhumlar İran mürtəce siyasət adamlarının təsəvvüründə aydın bir mənanı ifadə edirdi... “Mötədil siyasət” və “müvazinət” - İranda rəqabət aparan dövlətləri hazırkı zamandakı qüdrət və təzyiqinə görə təmin etmək, razı salmaq siyasətidir. İranın tərəqqi və yüksəlişinin ziddinə olan bu siyasət, Hikmət İsfahanilərə həmişə geniş ticarət etmək, gəlirini artırmaq imkanı verməklə, daha xeyirli müştəri tapmaqda kömək edirdi. Hikmət İsfahani bütün bunlarla yanaşı bir də “Patriot”, “İranpərəst” və “İran dost” adını qazana bilmişdi. Bu ad ona siyasətin ağır və dolaşıq zamanlarında, məmləkətdə daxili həyat və ziddiyyətlərin gərginləşdiyi dövrlərdə lazım olurdu. Belə zamanlarda “Mötədil siyasət” tərəfdarı və böyuk ərbab Hikmət İsfahani deyil, “Mihənpərəst”, “İran dust” Hikmət İsfahani meydana çıxırdı. O, mürtəce dairələrlə “mübarizəyə” başlayır, onlarla “ixtilafa” girir, qəzetlərdə sol şüarlarla çıxış edir və ictimai tərəqqi üçün çalışan qüvvələrə yaxınlaşırdı. Hətta bu qüvvələrlə bir yerdə getməyə başlayıb, onların vasitəsilə bir tərəfdən öz həmcinsləri arasındakı rəqiblərini qorxudur, güzəştə getməyə məcbur edir, digər tərəfdən ictimai hərəkata rəxnə salır, onu içərisindən dağıdır, ya da vaxtı çatan kimi heyrətamiz bir xəyanət və imansızlıqla onu silah gücünə məhv edirdi. O, istər məmləkətin daxilində, istərsə xaricində nüfuzlu və qüdrətli təbəqə və adamlara istinad edirdi. London, Paris, Berlin və Nyu-Yorkdan tutmuş Avropanın az-çox görkəmli bütün şəhərlərində nümayəndələri və rabitə saxladığı görkəmli adamları vardı. İran daxilində, Rza xandan sonra o birinci böyük mülkədar və sahibkar idi. Təbriz, Rəşt və Mazəndəranda onun xalça və başqa toxucu fabrikləri işləyirdi. Bütün bunlar ona siyasət aləmində müstəsna bir mövqe yaratmışdı. Məclisdən hökumətə qədər dövlət maşınında onun əl apara bilməyəcəyi bir vint təsəvvür etmək çətindi. Hətta Rza xan Pəhləvi kimi xudbin və müstəbid təbiətli bir hökmdar belə bu adamın varlığına dözməyə məcbur qalmışdı.

Kürd Əhməd, zahirən nəcib və mülayim görünən bu adama baxıb, onun həyat yolunu xatırladıqca sanki gözündən bir pərdə götürülür, qarşısında iyrənc və vəhşi bir mahiyyət canlanırdı. Həyatın əsl məna və məqsədlərini unutmuş bu adamlar pul və qazanc hərisliyi üçün hər cür alçaqlığa razı olarlar! Onların dünyada yalnız bircə allahı, vahid bir idealı vardır: pul! Yenə pul!..

Xidmətçi qapını açaraq, şirazi qəlyanı gətirdi və hələ də qəzetləri eşələyən Hikmət İsfahaninin qabağına qoydu. O, başını qaldırdı, qəzetləri bir tərəfə itələdi, gərnəşdi, qəlyanın müştüyünü əlinə aldı və dodağına yapışdırıb xoruldatdı. Sonra dərindən nəfəs alaraq köksünü ötürdü.

-  Oxqay, can dərmanıdır! - dedi və yenə əvvəlki siyasi söhbətə qayıtdı:

- Dünyanın övzai gözümə çox dumanlı görünür. Almanlar torpaq istəyir, müstəmləkə tələb edirlər. Polşa və başqa Avropa dövlətləri sabahı düşünərək, bir məchuliyyət qarşısında titrəyirlər. İngilislər öz hakimiyyət və nüfuzlarını itirmək əndişəsi içərisində çırpınırlar. Bolşeviklər sakit otursalar da dünyaya ağır bir vahimə yayırlar. Yox, cahanın övzai dumanlıdır. Elə buna görə də indi bizim məmləkətimizə əmin-amanlıq lazımdır. Hər cür macəraçılar və başında zərərli fikirlər daşıyanlar susdurulmalıdır!..

Bu mülahizələr görünür ona Azərbaycanı xatırlatdı. Kənddə olan hadisəni yadına saldı:

- Ağayi-mən, o bolşevik nə oldu? - deyə soruşdu. - O ki xırmanda hay-küy salmışdı ha! Yadındadırmı o?.. Adı nə idi, de görüm, bir adı nə idi?

Kürd Əhməd bu gözlənilməz sualdan çaşdığını gizlətməyə çalışaraq, tez cavab verdi:

- Mənim də xatirimdən çıxmışdır. Özünü əmniyyələrə verib gəldim. Arxayın ola bilərsiniz. Əli əmniyyəbaşı yaman canazardır, onun əlindən əjdaha da diri qurtarmaz...

- Siz bir yenə Səfaiyə xəbər verin. Əmniyyənin nə böyüyünə, nə də kiçiyinə etibar yoxdur, bunlar yüzlüyün qulağını görən kimi, anasını da satar. Sərhəngə xəbər verin!

Hikmət İsfahani gözlərini yumaraq, qəlyanı bir də sümürdü. Fikrində bir əndişə və həyəcan duyan Kürd Əhməd:

- Baş üstə, - deyib, otaqdan çıxmaq istədi. Birdən yadına bir şey düşmüş kimi, Hikmət İsfahani qəlyanın müştüyü ağzında olduğu halda səsləndi:

- Ağa, ayaq saxla, işim var...

Kürd Əhməd könülsüz qayıdıb oturdu:

- Buyurun...

Hikmət İsfahani, qıçlarını bir az da uzadıb, kreslonun dərinliyinə yayıldı, yenə gözlərini yumub, qəlyanı sümurdu.

- Ağa, işimiz bir az çətinə düşüb. Teleqram almışam. İsveçdən aldığımız mallar gəlib tökülüb Bəsrəyə İraqın dələduzlarına da etibar yoxdur. Dünyanın qarışıqlığını görüb, malları ötürərlər içəri... Nə deyirsən?

Kürd Əhməd hələ də onun nə fikirdə olduğunu müəyyən edə bilmirdi. Mexaniki surətdə:

- Ağa icazə buyursalar, bir adam göndərərik, - dedi.

Hikmət İsfahani, bu söhbəti yadından çıxarmış kimi öz-özünə söylədi:

- Görürsən bu ağayi Göbbelsi, müstəmləkə istəyir ha... Bazar axtarır ha... Belədir, ağa?..

Kürd Əhməd özünü eşitməməzliyə qoydu. Dəsmalını çıxarıb, üzünü yellədi:

- Havalar çox isti keçir!

Hikmət İsfahani Gözaltı ona baxıb, yenə gözlərini yumdu:

- Bəsrəyə kim getsin, deyirsən, ağa?

- Ağayi Rəşidi necə olar? Zirəkdir...

- Qoy qalsın, gedər başı qızışar tiryəkə, bizi abırdan salar.

O, birdən qəlyanı bir yana itələdi, oturduğu yerində şaxlanıb, belini düzəltdi.

- Ağayi-mən, əziyyət olmasa özünüz zəhmət çəkin. Yüz min tümənlik maldır. Hər gələnə etibar etmək olmaz. Elə sabah yola düşün.

Kürd Əhmədin fikrindən etiraz etmək keçdi, bir bəhanə ilə bu işi boynundan atmaq istədi. Hikmət İsfahani qəti bir hərəkətlə ayağa qalxdı:

- Yaxşı yol, ağa, malların hamısını göndərməmiş qayıtmayın. Çətinlik olanda teleqram vurun. Mister Tomasdan xahiş etmişəm, ora bir kağız verəcək... İnşallah heç bir işkal* çıxmaz.

Kürd Əhməd Fridunu düşündü. Kağız yazıb qoymaq istədi. Lakin tez bu fikirdən əl çəkdi. Anbar müdirinə tapşırmağı düşündü, Bu da yaxşı olmazdı.

Nigarançılıq içində getməkdən başqa çarə yox idi.

Kürd Əhməd çıxdıqdan sonra Hikmət İsfahani qəlyanı sümürür, onun xorultusuna qulaq asaraq, dünya siyasətinin və ticarətinin gələcəyini düşünürdü. Qəlyan xoruldadıqca yuxuya bənzər qəribə bir ətalət onun bütün bədənini bürüyürdü. O, yavaş-yavaş mürgüləməyə başlayırdı. Lakin cır bir səs onu tamamilə yatmağa qoymadı: 

- Ağa, icazə buyururlar?

O, kirpiklərini qaldırıb, yarı açılmış qapıya baxdı və Sofi İranpərəstin içəri soxulmuş başını gördükdə birdən-birə qəhqəhə çəkib güldü:

- Kişi, sən yenə salamat gəlib çıxdın. Danış görüm nə gördün?

Sofi İranpərəst, onun mazağına uyğun, xoşuna galəcək min macəra uydurub danışdı, olmazın əziyyətlərə düşdüyünü və ağanın yolunda ölümə də hazır olduğunu deməklə sözünü qurtardı.

Hikmət İsfahani:

- Yaxşı olub, - dedi, - bundan sonra bilərsən ki, Təbriz ilə Culfa arasındakı məsafə neçə kilometrdir. Bilərsən, bilməzsən?

- Qiyamətə qədər yadımdan çıxmaz, ağa!

- Onda de görüm Təbriz və Culfa arasındakı yolun uzunluğu nə qədərdir?

- Üç yüz kilometrdir, ağa.

- Bir də de!

- Üç yüz kilometrdir, ağa!

- İndi dur get, ruznamədə də yaz, qoy ilələbəd yadından çıxmasın.

Sofi İranpərəst ağanın kefini açdığı üçün şad bir halda:

- Bəçeşm - deyib qapıdan çıxdı.

Hikmət İsfahani qəlyanı xoruldadıb, gözlərini yumdu...

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info