Qonaq Kitabı
İKİNCİ FƏSİL

Tehrandan şimala, Azərbaycana doğru uzanıb gələn və çöllərdən, çoxlu kəndlərdən keçən daş yolun qırağındakı çayxanada qeyri-adi bir canlılıq vardı. Çayçı qollarını çırmayıb, yenicə kəsdiyi toyuqları pöşləyərək, tükünü yolur, tüstüləyən ocağa odun atır, on üç-on dörd yaşlı oğlan uşağına “samovarın odunu artır, əlimə bir stəkan su tök” kimi əmrlər verirdi. Ocağın üstündə sədri düyüsüylə dolu, yanları his bağlamış böyük bir qazan qaynayırdı. Qazanın ağzından çıxan buğ və düyü iyi ətrafa yayılırdı. Ay qaranlığı başlamışdı. Kələ-kötür ocaq daşlarının arasından siyrilən qırmızı dilli alov gecənin qaranlığını yararaq, nəhayətsiz səhrada itirdi. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüaya rast gələrək sınırdı. Bu zaman ocaqdan əlli-altmış addım aralıda bir cüt göz ani olaraq müstəsna bir parlaqlıqla işıldayaraq, yenə qaranlıqda qeyb olurdu. Bu, ət iyi duyaraq çayxananın dalında, yolun kənarında vurnuxan çaqqal gözləri idi. Əllərinə heç bir şey keçməyən çaqqallar hərdənbir ulaşırdılar. Buralarda səhraların əbədi görünən sükutunu pozacaq başqa bir səs, başqa bir hərəkət yox idi. Səhraların bu əsrarəngiz sükutuna adət etmiş çayçı heç şeyə fikir vermir, böyük bir səylə qonaqlara çay və xörək hazırlayırdı. O, nə başının üstündəki mavi göylərə səpələnmiş parlaq ulduzlara, nə ucsuz-bucaqsız çöllərə, nə də təlaşla o yan-bu yana qaçan çaqqallara baxırdı. O, çayxananın yeknəsəq sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. Qəlbində də insanla ünsiyyətdən doğmuş bir sevinc vardı. Çünki hər gün, ilk axşamdan başlayaraq, buralarda həyat ölərdi. Nə bir gələn, nə bir gedən olardı. Nüdrətən keçən maşınlar da burada dayanmazdılar. Gün batıb, qaranlıq qovuşan kimi o, çayxananın qapısını bağlayıb, mitil yorğanına bürünərək yatardı. Ya çaqqalların ulaşmasına qulaq asardı, ya da mövcudiyyətinə inandığı gözəgörünməz qorxunc ruhları təsəvvürlərində canlandıraraq, yuxuya gedərdi. Yalnız səhər erkən karvanlar buraya gəlib çatanda o, vahiməli və qorxunc yuxulardan ayılar, samovara od salar, çayxananın ətrafını süpürər, sarbanlara çay verərdi. Gün batana qədər adi və yeknəsəq bir həyat davam edərdi. Gün batdıqdan sonra isə bütün əbədi sükut və hərəkətsizlik içərisində qərq olub gedərdi. Heç şeydə həyat və yaşayış əlaməti qalmazdı. O, yenə mitil yorğanına bürünüb yatar, yenə çaqqalların səsinə qulaq asar, yenə qorxunc ruhları təsəvvüründə canlandıraraq, ağır yuxulara dalardı. Hər gün beləcə!..

Bu gün isə qeyri-adi gün idi. Bu gün axşamdan çox keçməmiş dörd nəfər müsafir qara bir maşında buraya gəlmişdi. Gecə qalacaqlarını deyib, yaxşıca yemək hazırlamağı əmr etmişdilər. Onlardan biri nizami paltarda idi. Yoldaşları ona ağayi sərtib* deyə müraciət edirdilər. Sərtib çayçıya:

 Gözün yolda olsun. Maşın dayanan kimi mənə xəbər ver, - demişdi.

 Çayçı “bəçeşm” deyib, onları süzmüş, hərəkət və görkəmlərindən etibarlı adamlara oxşatmışdı. Bu da onun qəlbində bir rahatlıq yaratmış və ilk dəqiqələrdə baş qaldıran qorxu və nigarançılıq hissini öldürmüşdü. Xoşbəxtlikdən onlardan yarım saat sonra üç kəndli də çayxanaya gəlmişdi. Kəndlilər Ərdəbildən qayıdırdılar. Kəndə gedib çıxa bilməmiş və burada gecələməyə məcbur olmuşdular.

Onlar bir stəkan çay içdikdən sonra torpaq döşəmədəki həsirin üstündə uzanaraq xoruldayır və öz xorultuları ilə çayçının ürəyindəki arxayınçılığı daha da möhkəmləndirirdilər. Maşınla gəlmiş müsafirlər, pis adam olsalar belə, kəndlilər ona hay çıxa bilərdilər. Belə bir rahatlıq içində çayçı plova yağ vuraraq dəmə qoymuşdu. Balaca tavada toyuq əti qızarırdı. O, əlində kəfkir, gah plov qazanına baxır, gah tavaya nəzər yetirirdi.

Sərtib yanaqlarından qan daman, nazik qara bığlı, sağlam vücudlu zabitlə çölə çıxdı:

- Nə sakit gecədir, yavər, - dedi, - həm də sərindir. İndi başa düşürəm ki, nə üçün qədim zamandan karvanlar gecə yol gedib, gündüz dincəlirlərmiş.

Yavər Əzimi:

- Belə bir gecədə yol getsəydik yaxşı olmazdımı, sərtib niyə burada qaldınız? - deyib soruşdu.

- Əvvəla, yoldaşları yolda qoyub getmək yaxşı deyil, bəlkə maşınları xarab oldu, ya başlarına bir iş gəldi. İkinci də, Tehrana bütün heyətlə bir yerdə girmək məsləhətdir, ixtilafi rəy əmələ gəlməmək üçün bir də bizim evə yığışıb, qəti qərara gələrək, bunu komisyon üzvləri sərhənglə görüşməmiş etmək lazımdır. Sonra çətin olar.

- Həmid Həmidi mənə çox biqərəz və cəsarətli adam göründü.

- Köhnə məşrutəçi və namuslu bir adamdır. Əks halda belə bir hərəkətə əl atmazdı. Şəhərin mötəbər adamlarından imza toplayıb, kəndli və ərbab arasındakı münasibətlərə toxunan qanunların dəyişməsini tələb etmək sənə zarafatmı gəlir?.. Buna sən necə baxırsan?

- Məsələnin mahiyyəti mənə də aydındır. Lakin güman edirəm ki, şəkilcə risqə yol verilmişdir. Kəndlərdən, hətta Urmi və Ərdəbildən adamlar çağırıb, evlərdə məsləhət, məşvərət düzəltmək, yığıncaq etmək yaxşı olmayıb. Ümumən çox hay-küy düşüb və dövlətdən narazı olan adamlar da fürsət tapıb, aranı qızışdırıblar.

- Səhv edirsən, oğlan! Sən də nəzmiyyə rəisi kimi mühakimə yürüdürsən. Halbuki, azad bir məmləkətdə belə şeylər təbii və qanuni şeydir. Vətəndaşların ictimai təşəbbüskarlığını boğmaq yox, ona yol vermək lazımdır ki, vətən abad və rövşən olsun...

Sərtib bu ətrafda geniş danışdı, cəmiyyətdə fikir azadlığının tərəqqi üçün böyük şərt olduğunu və Həmidinin bu hərəkətlərində vətənə zidd heç bir şey görmədiyini söylədi:

- Təbriz nəzmiyyə rəisi və valisi isə bişərəf adamlardır, həm də cahildirlər. Tərəqqi nədir, azad fikir nədir bilmirlər. Həmidinin əhali arasındakı nüfuzu da onların kefinə toxunmuşdur. Odur ki, bu məsələləri şişirdiblər.

O dayandı. Bir qədər açıq havada gəzdikdən sonra:

- Sən cavansan, məndən sənə məsləhət, öz mühakimə və hərəkətlərində həmişə vətənin xeyrini nəzərə al! - deyib onun qolundan yapışdı:

- Gedək, deyəsən plovun iyi çıxmağa başlayır.

Onlar içəri girdilər. Çöllərin sakitliyi içərisində çaqqallar getdikcə daha ucadan ulaşırdılar. Lakin qorxularından ocağa yaxın dura bilmirdilər. Birdən-birə onların səsi kəsildi. Qaranlıq içərisində bir hənirti duyuldu. Çayçı gözlərini qıyıb, sonsuz səhraları bürümüş qaranlığa baxdı. Kim isə çöldən ocağa doğru gəlirdi. Çayçı diqqətlə qulaq asdı. Gecənin bu vaxtında kim ola? Gözəgörünməz ruhlar və əcinnələr xəyalından keçdi. Titrək bir səslə ucadan “bismillah” dedi. Ayaq səsləri ona yaxınlaşdı. Çayçı, tək olmadığını bildirmək üçün şagirdini çağırdı və artıq siluet kimi görünən adama səs verdi:

 - Gələn, kimsən?

Qonağam. İşıq gördüm, gəldim.

- Həmişə işığa çıxasan. Xoş gəlmisən!

İkigünlük ağır yoldan yorulmuş Fridun yaxınlaşdı. Ocağın işığında çayçı ona nəzər saldı. Ayağında tozlu-torpaqlı bir çarıq, başında cırıq bir pəhləvi, əynində nimdaş bir köynək və şalvar vardı. Adi bir kəndli kimi üz-gözünü tük və toz basmışdı.

-  Çox yorğunam, bir gecəlik yer istəyirəm. Səhər alaqaranlıqdan yola çıxacağam...

Çayçı onu şagirdə tapşırdı:

- Ağanı içəri apar, yer ver, rahat olsun, - dedi və ona döndü:

-  Bəlkə xörəyə meyliniz var?..

Fridun ani bir tərəddüd göstərdi.

-  Bir stəkan çay olsa təşəkkür edərəm.

Çayçı gülümsədi. Fridun hələ də yol üstündəki çayxanaya gəlib çıxdığını bilmirdi. Harada olduğunu ona andırmaq üçün:

- Bir stəkan da olar, iki stəkan da, - dedi.  - İşimiz sizin kimi qonaqlara xidmət etməkdir.

Fridun çayxanaya gəldiyini anlayıb ürəkləndi. Üst-başını çırpdı, su istəyib, əl-üzünü yudu. Çayxanaya daxil olaraq, gözaltı oranı nəzərdən keçirtdi. Çayxana uzun bir otaqdan ibarət idi. Qapının sol tərəfində, taxta məhəccərin dalında çay və xörək dəstgahı üçün xüsusi bir guşə ayrılmışdı. Orada balaca stəkanlar gözə dəyirdi. Samovar pıqqapıqla qaynayırdı. Üstündə iri güllü bir çaynik vardı. Bir az irəlidə kvadrat şəklində bir meydança açılırdı. Orada üzərinə ağ süfrə çəkilmiş üç stol qoyulmuşdu. Onlardan birinin başında dörd adam oturub yeyir, içir və söhbət edirdi. Adamların başı üstündə tirdən asılmış neft çırağı sönük işığını ətrafa yayırdı.

Fridun içəri girən kimi, oturanlar ani bir nəzərlə onu süzdülər və adi bir kəndliyə oxşadaraq, tam etinasızlıqla öz işlərinə məşğul oldular.

Fridun onlardan birini səsindən tanıdı. Bu xırmanda əlində quran allah adı ilə Musa kişini qorxudan Sofi İranpərəst idi. O, bir az nəşəli, əlində badə, arxası qapıya tərəf tost deyirdi. Fridun gözlərini qıyıb, o tərəfə baxdı. Sönük çıraq işığında o biriləri tanımağa çalışdı. Heç kəsi tanıya bilmədi. Hikmət İsfahani və mister Harold da burada yox idi.

Oturanlardan biri soyuq və oğrun gözlərlə ara-sıra ona baxırdı. Yoldaşları onu gah “Ağayi Məhbusi”, gah da “Ağayi Hüseyn” deyə çağırırdılar.

Tənhalıq və sakitlik axtaran Fridun tez başını yana çevirdi və divar dibinə döşənmiş həsirin üstündə xoruldayan kəndlilərə tərəf döndü. Özü üçün münasib bir yer seçməyə çalışdı. Çayçı şagirdinin gətirdiyi bir stəkan tünd çayı içib, üst köynəyini çıxartdı, büküb başının altına qoyaraq, həsirin üstünə uzandı.

Bu zaman kəndlilərdən biri uzun bir xorna çəkdi. Hüseyn Məhbusi:

- Bəh, bəh - dedi, - kefimiz var, zalım oğlunun burnu elə bil ki, şeypurdur.

Sofi İranpərəst:

- Türkə xərə, - deyib şit bir əda ilə güldü.

Hüseyn Məhbusi onun sözünə qüvvət verdi:

- Azərbaycana gələndə, - elə bil ki, cəhənnəmə düşürsən. Nə bir adam səni anlayır, nə sən bir adamı anlayırsan. Xalis cəhənnəmdir!..

Oturanlardan cavan zabit:

- Elə deməyin, Azərbaycan gözəl yerdir, - dedi, - behişt - əladır. Azərbaycanlılar olmasa, İranın yarısı acından ölər. Taxılımız, ətimiz, yağımız onlardandır. Şirin meyvələrimizi becərən onlardır...

İranpərəst gülüb, cavab verdi: 

- Əlbəttə, söz yox ki, yemək üçün Azərbaycandan yaxşı yer yoxdur. Gəlib Azərbaycanda yeyəsən, kökələsən, qarnını da, cibini də doldurasan, gedib Tehranda kef çəkəsən. Çox gözəl yerdir. Amma...

O, deyəcəyi sözün təsirilə gözləri yaşarana qədər qəhqəhə çəkib güldü. Yaylıqla gözlərini silib davam etdi.

- Amma əhalisi həmişə, bax, elə beləcə, quru yerdə, cırıq həsir üstündə yaşasa yaxşıdır. Çünki qanı isti camaatdır. Bir balaca ki, qızışdı, hər şeyi vurub dağıdacaq... Belə camaatın gərək gecə-gündüz boynundan düşməyəsən!.. Ha... ha... ha... Boynundan düşməyəsən!

Sərtib:

- Ağa dedi, - heç bir şərafət sahibi bir evin içində otura-otura ev sahibini təhqir etməz. Onun çörəyini yeyə-yeyə başını yarma, heysiyyəti millisinə toxunmaz.

Hüseyn, yarı ehtiram, yarı nifrət, yarı yaltaqlıq və yarı kin dolu bir səslə:

- Ağayi sərtib, bizim hamımızın bircə heysiyyəti-millimiz vardır - dedi. - İran, iranlılıq... Əlahəzrət Hümayunun təbəələri üçün özgə bir milliyyət, özgə bir heysiyyət və özgə bir dil olmasın gərək!

Sərtib acıqlandı:

- Ağa siz cavansınız!.. Mən sizə, tutuquşu kimi, siyasətin ehkamlarını əzbərləyən adamlardan olmağı məsləhət görmürəm. Çünki bu cür adamlar həmişə, hər yerdə ürək və vicdandan məhrum bir həşarət kimidir. Siz namuslu bir vətəndaş və insan olmağa çalışın! Qoy sizin öz fikriniz olsun. Qoy bu fikir həqiqət və vicdanın hökmündən doğsun. O zaman mən sizin dəlillərinizə qulaq asaram.

Bunu deyib, sərtib çayçıya döndü:

- Bir yola bax, gör işıq varmı, maşın gəlirmi?..

Hüseyn ürəkbulandırıcı bir şitliklə:

- Ağayi sərtib, - dedi, - şərafətimizə and içirəm ki, mən həmişə elə olmuşam. Məgər əlahəzrət Hümayunun dedikləri həqiqət və vicdanın hökmləri deyildir?.. Məgər onlar bütün İran gənclərinin müqəddəs etiqadı olmamalıdır?.. Mənim eşitdiyimə görə, əlahəzrət Humayun şahənşah-İran Rza şah Pəhləvi özləri Azərbaycan adının, Azərbaycan dilinin xəritədən, yer üzündən silinməsini istəyirlər. Arada özgə bir mətləb ki, ola bilməz.

Çayçı qayıdıb:

- Ağayi sərtib, heç şey görünmür, - dedi.

Sərtib qədəhi götürüb, bir qurtuma içindəki konyakı içdi və ağzını silərək, daha artıq bir qızğınlıqla:

- Oğlan, - dedi, - sənin, şit təbəssümlə şəhərli sözləri birləşdirən dodaqların mənə acı bir şərbəti xatırladır. Acıqlandığın nədir, gülməyin nədir? Kişi ol, kişi kimi söz de və kişi kimi də sözə qulaq as!

Hüseynin bütün simasında bir ciddiyyət əmələ gəldi:

- Ağayi sərtib, mən ki bir söz demədim. Əlahəzrətin fikirlərini şərt etdim.

Sərtib daha sərt onun sözünü kəsdi:

- Əlahəzrətin adını ləkələməyin. Mən inanıram ki, onun bu rəzalətlərdən xəbəri yoxdur. Bu fitnələri törədən aşağıdakı, yuxarıdakı xırda və alçaq adamlardır!..

- Bəs Azərbaycan necə?.. Mən o fikrinizə şübhə etdim...

Yavər Əzimi:   

-  Ağa, siz öz şübhəli fikirlərinizi qoyub, niyə bu aşkar şeylərə şübhə edirsiniz? - dedi.

- Mən azərbaycanlı deyiləm. Mən də sizin kimi farsam. Lakin mən yaxşı bilirəm ki, tiryək kimi bütün beyinləri dumanlatmış zəhərli bir fikir, alçaq və qeyri-əməli bir əqidə əvvəl-axır bizim bədbəxtliyimizə səbəb olacaqdır. Azərbaycan yağlı bir tikədir. Azərbaycan dadlı və ağız şirələndirən bir meyvədir. Onu udmaq bəlkə də asandır. Lakin onu həzm etmək müşküldür. O bizim mədəmizi və bağırsaqlarımızı doğrayıb, çölə tökə bilər. İranın azadlıq və səadəti qeyri millətləri əzməklə başa gələn deyil. Bu, intihar və bədbəxtlik yoludur. Yeddi-səkkiz milyonluq bir millətı, azərbaycanlılar, kürdlər, ermənilər və sairlərdən ibarət eyni nüfuza malik millətləri udub, həzm etdiyini güman etməkdən də əbləhanə bir fikir ola bilməz... 

Araya ağır bir sükut çökdü. Uzun zaman heç kəs heç nə danışmadı. Sərtib gəzinərək, kibrit çəkib siqarını yandıranda Fridun gözaltı diqqətlə ona baxdı. Onun qarabuğdayı rəngə çalan üzündə dərin bir qayğının, düz və iti baxan gözlərində bir intizarın ifadəsi vardı. Sərtibin orta boydan azca hündür və şax olan gövdəsindən bir məğrurluq tökülürdü. Sözü şax deyən bu adam Fridunun qəlbini xoş bir hisslə doldurdu. Üzünü divara çevirib, yuxuya getdi.

***

Çöldə çaqqalların ulaşması və cırcıramanın arasıkəsilməz nəğməsindən başqa heç bir şey çayxananın sükutunu pozmurdu. Nəhayət bu sükut, hələ də o baş-bu başa gəzinməkdə olan sərtibi darıxdırırdı:

- Niyə gəlib çıxmadılar? - deyə çayçıya müraciət etdi.

Çayçı hörmətlə baş əydi və tez cavab verdi:

- Darıxmayın, ağayi sərtib, inşallah, gələrlər.

Sərtib stola yaxınlaşdı, bir qədəh də konyak tökdü. Lakin içməyib, əlində saxladı. O biri əli ilə baxışlarını hara isə dikmiş Məhbusinin çənəsindən tutub silkələdi:

- Oğul, əgər sən namuslu adamsansa, get mənim bu sözlərimin üstündə düşün. Yox, əgər cəsussansa, allah məni sənə yaxşı rast gətirib. Heç yerdə bundan xeyirli bir şey eşidə bilməzsən. Get, yaz, ver. On tümən, on beş tümən al, qoy cibinə! O, cavab gözləmədən ayağa durdu, çayçını səslədi.

- Əmi can, bir saat dincəlməyə bir yerin olarmı?

Çayçı hörmətlə:

- Buyurun, ağayi sərtib! Buraya buyurun, - deyib, çayxananın dibində divardan asılmış balaca əkdəni qaldırdı, onun dalındakı qapını açıb, sərtibi içəri buraxdı.

- Sizin kimi əziz qonaqlar üçün saxlayıram. Yaxşı taxt və yorğan-döşəkdir. Soyunun, rahatca dincəlin. Tərtəmizdir.

Sərtib müsahiblərinə:

- Maşın gələn kimi məni oyadın, - dedi və ikinci otağa keçib, qapını örtdü.

Çayçı ayağa durmuş yavər Əzimiyə baxdı: 

- Bəlkə ağa da yatmaq istəyir?

Yavər Əzimi:

- Yox, yuxum gəlmir, havaya çıxacağam, - deyib qapıya yollandı.

O çölə çıxdıqdan sonra Sofi İranpərəst üzünü Məhbusiyə tutdu:

- Ağayi sərtib kimi gözləyir? - deyə soruşdu.

Hüseynin dodaqlarında acı bir gülüş göründü:

- Kimi gözləyir gözləsin! Heç kəs gəlməyəcək. Əcəldən başqa. Ona da sərhəng* deyərlər...

Onlar bir-birinə baxıb, uzun müddət heç bir şey danışmadılar. Yalnız o biri otaqdan sərtibin xorultusu eşidildikdə dilləri açıldı.

Sofi İranpərəst gözlərini qıyıb, dodaqlarını büzdü:

 - Bu sərtibin sözləri mənə xoş gəlmir!

Hüseyn:

- Can verənin sayıqlaması əmri-təbiidir, - deyib qədəhi başına çəkdi.

- Bu hansı Səlimidir? Kimlərdəndir?

- Bu həmin Səlimidir ki, atasını əlahəzrət hələ taxta çıxardığının birinci ilində məhbəsdə asdırıb öldürmüşdü. O zaman bu Avropada təhsil alırdı.

- Ahaaa!.. Deməli, bu o Səliminin oğludur... O kişi ki, məşrutə dövründən ruspərəstin biri idi.

- Özüdür ki var!.. Deyirlər rəhmətlik namaz qılanda da üzünü Rusiyaya tərəf tutarmış...

- Bilirəm, dadaş! Bizim ağayi Hikmət İsfahaninin köhnə düşmənlərindən biri idi. Tanıyıram.

- Əslinə baxsan, onu öldürən də elə sizin ağa qurumsaq oldu. İndi də deyirlər, qızını buna vermək istəyir. 

- Yox canım, boş sözdür. Ağanın ixtiyarı olsa bunun qanını içər. Şəmsiyyə xanımı belələrinə verməz.

- Zəhmət çəkmisən. Versə də qoymazlar. Buna da sərhəng deyərlər. Gör necə nəqşlər* işlədəcək. Hara getsə Şəmsiyyə xanımın axır yeri sərhəngin ağuşudur.

Onlar susdular. Hüseyn bir qədəh də içdi və nə isə, bərk köksünü ötürdü.

Sofi İranpərəst ona təskinlik verdi:

- Fikir eləmə, oğlan... Sərtibdi, acıqlandı, ixtiyarı var. Yadından çıxart getsin. Kefini şad elə, bir qədəh də iç. Birini də iç! O qədər iç ki, sümüklərin də oynasın.

O qədəhi başına çəkdi. Plovdan bir qaşıq yeyib, yenə qədəhi doldurdu və əlində tutub gəzindi:

- Oğlan, sən cavansan. Tez qızışıb, tez də soyuyarsan. Çünki dünyanın isti-soyuğunu görməmisən. Amma dünya görüb getmiş kişilər yaxşı vəsiyyətlər ediblər.

Dövrane-cəhan bi meyo saqi piçəst.

Bi zəmzəmeye-naye-əraqi hiçəst.

Hərçənd dər əhvale-cəhan minekərəm

Hasil həmə əşrətəsto baqi hiçəst**.

Sofi İranpərəst qədəhi boşaldıb, stola yaxınlaşdı. Əlini Hüseynin qadın üzü kimi tüksüz üzünə çəkdi. Bundan duyduğu zövqü gizləməyə çalışaraq dedi:

- Ürəyini aç, oğlan!.. Gül və kef çək, oğlan! Dünyada aparacağımız, ancaq budur. Yoxsa bir vaxt ayılacağıq ki, gecdir. Vaxt keçib, ömür qurtarıb. Onda başımıza döyəcəyik, əlimiz bir yerə çatmayacaq...

Zon piş ki, əz zəmanə təbi bexorim

Ba yekdekər emruz şərabi bexorim

Kin çərxe-fələk, bevəqte rəfqən mara

Çəndən nə behər əman ke, abi bexorim***



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info