Qonaq Kitabı
BİRİNCİ FƏSİL

“O gün gələcək!.. O gün ki, bütün ölkələrin fəhlələri başlarını qaldırıb, qəti səslə deyəcəklər: daha bəsdir!... Artıq biz belə həyatı istəmirik! O zaman güclülərin həris ağalığı dağılacaq, torpaq ayaqlarının altından qaçacaqdır, onlar söykənməyə bir şey tapa bilməyəcəklər...”

 

MAKSİM QORKİ – “ANA”

 

BİRİNCİ FƏSİL

 

Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı. Onun şüalarını əks edən üfüqlərə yatmış ala-tala buludlar pul kimi qızarmış ocaq daşlarını xatırladırdı. Yavaş-yavaş onlar soyuyan təndir kimi qaralmağa başlayır və qara ərəb çadırlarına oxşayan, bir cənub qaranlığı kəndi bürüyürdü. Bu qaranlıqla bərabər mavi boşluqlardan yerə xoş bir sərinlik də enirdi. Başı qarlı Savalan dağından əsən meh gecənin ayaz olacağını xəbər verirdi.

Fridun xırmanın qırağında, hələ döyülməmiş buğda tayasının yanında uzanmışdı. O, isti gün və ağır zəhmətdən sonra gözünü mavi boşluqlara dikib düşünürdü. Dumduru bir dənizi andıran göy tabağı, orada parlayan ilk ulduzlar, uzaq Savalandan əsən həzin meh gəncin yorğun, əzgin vücuduna dinclik gətirir, xəyalını uzaq və xoş bir aləmə uçururdu. Səadət həsrəti və şirin arzuların yaratdığı bu xəyali aləmdə hər şey əbədi və pozulmaz bir ahənglə qəlbini oxşayır, hər, şey füsunkar bir gözəlliklə ona baxıb gülümsəyirdi. Bəlkə də bu bir təsəvvür deyil, bir röya idi. Bəlkə də bütün bunları o, yuxuda görürdü: azad və xoş bir dünya! İnsan bütün varlığın ağasıdır, hakimidir. Üzlər səadət işığı ilə parlayır. Hər kəs sönməz bir həvəslə yaşamaq və yaratmaq istəyir! Nə aclıq, nə ehtiyac, nə də ümidsizlikdən qaralmış batıq gözlər var!

Nagahani bir səs onu bu xəyaldan ayırdı:

- Oğlan, şananı mənə ver...

Bu, qonşu xırmanın sahibi Həsənalı idi. Fridun qalxıb şananı ona verdi və qayıdıb yerində uzandı. Yenə əvvəlki şirin xəyallara dalmaq istədi. Lakin bacarmadı. Külək qamış eli uçurub dörd tərəfə səpələdiyi kimi onlar dağılmışdı. O xəyalları yenidən bir yerə yığmaq mümkün deyildi. Artıq Fridunun gözlərində həyatın ağır və əzablı səhnələri canlanırdı. Uşaqlığı... Ata və anasının ölümü... Tehran həyatı... Sonra Təbriz... - Bu xatirələr içərisində nədənsə, Tehranın əsl bir cəhənnəmi andıran isti günləri və boğucu axşamları xəyalından çəkilmirdi. Fridun orada həmişə özünü qəfəsdəki quş kimi hiss edərdi. Bu xatirə qarşısında ona Azərbaycanın ağaclı və sulu kəndləri, yazda, yaşıl xalı döşənmiş kimi, səfalı çəmənləri və dağları həqiqi bir cənnət kimi görünürdü. O, çaxmaq qığılcımı kimi ani olaraq qəlbində baş qaldıran bir məhəbbətlə təzəcə biçilmiş, taxıl qoxusu verən yumşaq və doğma torpağı qucaqladı, üzünü ona sürtdü. Gözlərindən iki damcı yaş süzülərək yerə düşdü.

Fridun 1915-ci ildə, Təbrizin qərbində, Səhənd dağının ətəklərində düşmüş bağ-bağatı və dadlı meyvələri ilə məşhur Azərşəhrdə anadan olmuşdu. Bir tərəfdən Urmi gölü, o biri tərəfdən daima başıqarlı Səhənd dağı silsiləsi ilə əhatə olunmuş Azərşəhr təbiətin gözəl və səfalı guşələrindən biridir. Dağlardan süzülüb gələn dumduru bulaqlar və çaylar burada həm insan yaşayışı, həm də bağçılıq üçün müstəsna bir şərait yaradır. Yayda bura Təbriz mülkədar və tacirlərinin istirahət yeridir.

Fridunun atası Təbriz tacirlərindən birinin Azərşəhrdəki malikanəsində bağbanlıq edərdi. Onun atası da, babası da, babasının babası da bu malikanədə bağban olmuşdu. Malikanə bir mülkədardan o birinin əlinə keçmişdi, bir tacir o birinə satmışdı, lakin Fridunun dədə və babaları yerindən tərpənməmişdi, torpağın üstündə bitmiş ağac kimi torpaqla birlikdə yeni ərbabın ixtiyarına keçmişdi. Bağbanlıq sanki yer üzündə onların yeganə qisməti, anadangəlmə sənət və vərdişləri idi. Gözlərini açdıqları gündən ağacların arasında, daima yumşaq və yaş torpağın üstündə böyümüş və ağsaqqal dədələrindən ağacları becərmək, ətirli güllər bəsləmək, cürbəcür dadlı meyvələr yetişdirmək yollarını öyrənmişdilər. Beləliklə, ata qocalıb ölənə qədər öz təcrübəsini boy atıb yetişən oğluna verirdi, oğul onun yerini tutur, belini, bıçaq və qayçısını yerə düşməyə qoymurdu. Bu qayda ilə nəsilbənəsil bağbanlıq onların sənəti olmuşdu. Azərşəhrdə onlar haqqında danışanda “anadangəlmə bağbandırlar” deyərdilər. İşi çətinə düşən, yaxşı bir meyvə cinsi yetirmək istəyən, məhsuldarlığı qaldırmağa çalışan hər kəs məsləhət üçün onların yanına gələrdi. Onlar da kömək əllərini heç kəsdən əsirgəməzdilər. Qapılarına kələn hər kəsi hörmətlə, səylə və istəyini ödəməklə yola salardılar. Buna görə də bütün kəndlilər onları sevər və xətirlərini əziz tutardılar.

Fridun xırda bir daxmada dünyaya gəlmişdi. Bu, hündür divarla hasarlanmış, göz işlədikcə uzanan bağın darvazaları yanındakı ikigözlü palçıq daxma idi. Fridunun atası da, babası da burada doğulmuşdu. Anası hər il mart ayında novruz bayramı qabağı daxmanı qapı tərəfdən çöl divarlarını ağardar, içəridəki yırtıq kilim və yorğan-döşəyi çırpıb təmizlərdi. Belə yoxsul yaşasalar da onlar özlərini xoşbəxt hesab edərdilər: bir tikə çörək üçün hələ onların nəslindən heç kəs başqasına əl açmamışdı. Pis, yaxşı hər il qışı yaza çıxarar və beləliklə aclıq nə olduğunu bilməzdilər. Onların dünya malından başqa bir həvəsləri yox idi. Fridunun doqquz yaşı olana qədər belə davam etdi. Bu yaşda artıq Fridun atasının əlinin altında işləyir, meynələrin dibini boşaldır, ağacları peyvənd edə bilir və başqa bu cür işlər görürdü. Yay ayları Azərşəhrə gələn ərbab uşaqlarından o, əlifbanı da öyrənə bilmişdi. Atası onun vərəqləri cırılmış birinci sinif kitabındakı hekayələri höccələyərək oxuduğunu gördükdə alnından öpmüş və iftixarla: “Bu uşaqdan bir şey çıxacaq” – demişdi. Hətta o, bir qədər pul yığıb Fridunu Təbrizə və ya Tehrana oxumağa göndərmək fikrinə də düşmüşdü.

Lakin tezliklə bu xəyalından əl çəkməli oldu. Tehrana köçən köhnə tacir Azərşəhrdəki malikanəsini satdı. Yeni ərbab çox qəribə bir xasiyyətə malik idi. Onun hərəkət və danışıqlarında, insanlara münasibətində möhkəm və sabit heç bir şey yox idi. O, gah qarşısına çıxan hər şeyi vurub dağıdacaq qızğın bir dəli, gah da hər şeyə laqeyd münasibət bəsləyən sadəlövh bir sarsaq kimi hərəkət edirdi. On iki yaşlı oğlu isə atasının tərsinə olaraq, çox aydın xasiyyətə malik idi: bu bütün günü dalaşan, vurub sındıran, hay basıb ağlayan, qəhqəhə çəkib gülən zırrama bir dəli idi. Ərköyünlük və kütlüyün bir nümunəsi olan bu uşaqda ağıl və düşüncənin əlaməti belə yox idi. Dörd il məktəbə getdiyinə baxmayaraq, o hələ də əlifbanı öyrənə bilməmişdi. Əlinə gələn şeyi vurub sındırar, istədiyi adamın başına çırpar, üzünə tüpürərdi. Heç kəs ona söz deyə bilməzdi. Bağa köçdüklərinin üçüncü günü o, Fridunu gizlənpaç oynamağa çağırmışdı. Beşcə dəqiqə keçməmiş dəcəlliyə başlayıb, əlinə keçən bir kötüyü Fridunun başına endirmək istəmişdi. Fridun kötüyü onun əlindən alaraq kənara atmış və qarnına bir təpik vurub yerə sərmişdi. O, motal kimi yıxıldığı yerdə düşüb qalmışdı. Nəriltisinə həyətə qaçışan adamların içində ərbab da vardı. Ərbab gözü qızmış dəvə kimi özünü Fridunun üstünə atmışdı. Lakin Fridun cəld arxın o tayına atıldıqda ərbab da üzü üstə yerə dəymişdi.

- Ay uşaq, tutun bu vələdüzinanı!

Nökərlər Fridunun dalınca tökülmüşdülər. Fridun ağacdan-ağaca yel kimi uçaraq, hasarı o taya aşmışdı. Bu zaman yerindən durub ətəyini çırpan ərbab Fridunun atasını yanına çağırmışdı:

 Ay kişi, sənin gözündən xəyanət tökülür!

Fridunun atası pambıq kimi ağarmışdı:

 - Ağa, yüz ildir bu torpaqda qulluq edirik, on sənin kimi ərbab yola salmışıq, heç biri də bizdən xəyanət görməyib!

- Yox, sən xain adamsan, şələ-şüləni yığışdır, buralarda izini-tozunu görməyim.

Fridunun atası başqa bir yerdə işləmək istəmişdi. Lakin əvvəla bir ərbabın qovduğu adama başqa ərbablar iş vermək istəməmişdilər. İkinci də həmin ərbab Azərşəhrdən çıxmasa işin uzun sürəcəyini kişinin qulağına çatdırmışdı. Elə o günücə Fridungil doğma torpağı tərk etmişdilər. Əvvəlcə Təbrizə gəlmişdilər. Təbrizdə bir iş tapmaq mümkün olmadığını gördükdə Ərdəbilə, Fridunun anasının qohumları yaşayan kəndə getmişdilər. Kənddə də əsaslanmaq çətin olduğundan Fridunun atası ailəsilə birlikdə iş axtara-axtara Tehrana gəlib çıxmışdı.

Azərşəhrdən ayrıldıqları gündən Fridun ata və anasının üzündə dərin bir kədər görürdü. Onlar çox fikirli idilər. Zahirən təmkinli və mülayim olmağa çalışsalar da gizlin iztirab və əndişələrini gizlədə bilmirdilər. Fridun xüsusən anasının çox sıxıldığını hiss edirdi: arvad torpaqdan qoparılmış bənövşə kimi hər an, hər dəqiqə şikayət etmədən sakitcə saralıb solurdu. Bir gecə uzun yoldan sonra hansı bir karvansaradasa şirin yatdıqları zaman laylaya oxşar bir ağlama səsinə Fridun yuxudan ayılmışdı: anası onun başını dizi üstə alaraq oturmuşdu. Fridun dərhal anasının boynuna sarılaraq, bərk yatmış atasını oyatmamaq üçün yavaşcadan:

- Ana can, ağlama! Sən allah ağlama! - demişdi.

O gündən anası bir daha ağlamamışdı. Lakin hər gün bir az da çox solmağa-saralmağa başlamışdı: qüssə onun içini yeyirdi. Tehrana atıldıqlarının üçüncü ayı elə beləcə sakit yanıb qurtaran bir şam kimi arvad sönüb getdi. Bu, Fridunun həyatında ən ağır xatirələrdən biri idi.

Tehranda onlar bir ay çox çətinlik çəkdilər. Bir neçə gün bazar ayağında qaldılar, sonra kiçik bir otaq kirayə etdilər. Atası iş tapa bilmədiyi üçün getdikcə əndişələri artırdı. Lakin xoşbəxtlikdən o, xudmani bir bağı və həyəti olan yaxşı bir adama rast gəldi: bu, ata-baba tehranlı olan, təqribən altmış beş-yetmiş yaşlı qoça bir müəllim idi. Fridunun atası bir ilin ərzində bağın səliqəsini dəyişdi. Yeni ağaclar saldı, yaxşı güllüklər düzəltdi, cürbəcür peyvənd etdi. Müəllim ondan çox razı qaldı. Birinci aylar Fridun atasına kömək edərdi. Müəllim onun kitab oxuduğunu görəndə yanına çəkdi. Söhbət etdi, fərasətli və çalışqan bir uşaq olduğunu anladı və birinci il boş vaxtlarında özü ona dərs verməyə başladı. Bir ilin ərzində Fridun iki sinif həcmində bilik ala bildi. İkinci il müəllim onu öz işlədiyi orta məktəbin üçüncü sinfinə düzəltdi. Fridun yaxşı oxuyur və atasına kömək edirdi. Kişi taleyilə tamam barışmasa da, hər halda belə yaxşı bir adama rast gəldiyindən gecə-gündüz şükr edib dururdu. İlk aylar hərdənbir Fridunu da götürüb şəhərə çıxırdı. Lakin tezcə geri qayıdardı: şəhərin başaçılmaz səs-küyü, aclıq və yoxsulluğun pis maneələri kişini də, Fridunu da darıxdırar, qorxudar, vahimə içində geri qayıtmağa məcbur edərdi. Qoca müəllimin sakit bağçasında belə o, uzun zaman rahat olmaz, Tehranın ağır həyatından danışar, acları və yoxsulları, polis və ajanları, zindan və məhbəsləri haqqında eşitdiklərindən nağıl edərdi. Hər dəfə də: “yaman cəhənnəmdir!” - deyib fikrə gedərdi.

Bununla belə o özünü xoşbəxt hiss edirdi: əlinin işi, yeməyə bir tikə çörəyi, yatmağa örtülü bir yeri var, uşağı da oxuyur, bu səadət deyilmi?

Lakin bu səadət uzun sürmədi. Tehrana gəldiklərinin üçüncü yayında kişi qarın yatalağı ilə naxoşladı və naxoşluğun yeddinci günü xəstəxanada vəfat etdi. Fridun tək qaldı. Təbiətən və tərbiyəsinə görə insanpərvər olan qoca müəllim onu küçələrə atmadı, oxutdu. Şəhərdə minlərlə yetim və başsız uşaqları görən Fridunun qəlbi bu müəllimə qarşı ömrü boyu unutmayacağı bir minnətdarlıqla dolu idi.

Ögey qardaşı uşaqlarından başqa heç bir kəsi olmayan bu müəllim xəyalpərvər bir adam idi. O, dünyadakı bütün fəlakətlərin səbəbini cəhalətdə görürdü. Axşamları böyük qovaq ağacının altında oturub, əlindəki əsaya söykənərək, Friduna deyərdi:

- Oxu, oğlum, dünyanı cəhalətdən qurtaran ancaq elmin ziyası olacaqdır. Oxu və uşaqları oxut! Səadət ancaq elmdədir!

Müəllimin bu sözləri özünün bütün mülayim ahəngi ilə, bütün mənalı ifadəsi ilə birlikdə bir vəsiyyət kimi, pozulmaz bir and kimi Fridunun xəyalına yapışardı. Bu dəqiqələrdə, doğrudan da, Fridun xəyali bir aləmlə yaşar kimi özünü unudardı. Buna görə də orta təhsil aldıqdan sonra həmin xeyirxah qoca onu tanışları vasitəsilə Təbrizdə ibtidai məktəbdə müəllimliyə düzəltdikdə Fridun şadlıqla buna razı oldu: artıq o, başqalarının gözünü açacaqdı!

Fridun bir il Təbrizdə işlədi. İkinci ili bu qərara gəldi ki, başqalarının gözünü açmaq üçün hələ daha artıq bir biliyə möhtacdır. Buna görə də darülfünuna daxil olmaq fikri ilə Tehrana qayıtdı. İlk əvvəl ona atalıq etmiş qocanın yanına getməyi özünə borc bildi. Böyük həyətin taxta qapısındakı dəmiri döydü. Tezliklə qapı açıldı və qabağına tanımadığı bir adam çıxdı. Üst-başından nökərə oxşayan bu adam Fridunun həyəcanlı suallarına qarşı laqeyd və adi bir səslə müəllimin altı ay qabaq öldüyünü və mülkünə qardaşı uşaqlarının sahib olduğunu bildirdi. Bir anda sanki böyük bir şəhər Friduna tamamən yabançı və düşmən göründü. Qoca müəllimin, ata və anasının qəbrini ziyarət etdikdən sonra Təbrizə qayıtmaq istədi, lakin tezliklə bu fikrindən əl çəkdi. Yayda Təbrizdə nə edə bilərdi? Kəndə, dayısı Musa kişinin yanına getməyi qərara aldı. Yayı orada işlər və payız üçün bir şey düzəldib Tehrana qayıdardı...

Kənd məscidinin alçaq minarəsindən müəzzinin “allaÒ»ü-əkbər” səsləri müsəlmanları axşam namazına çağırmağa başladı.

Müəzzin, cansıxıcı və özünü də təngə gətirmiş bir maÒ»nı təkrar edir kimi, tənbəl-tənbəl oxuyurdu. Onun səsində bir yorğunluq vardı. Eyni zamanda bu səs sanki bütün kəndə, bütün ətrafa gizli bir qorxu, anlaşılmaz bir sirr yayırdı. Bu səsi eşidən möminlər ayaq saxlayır, sözünü kəsir, işini yarımçıq qoyur, salavat çevirib dəstəmaz alır və ibadətlə məşğul olurdular. Fridun isə yerindən tərpənmək istəmirdi. Elə beləcə uzanaraq, nəÒ»ayətsiz göylərə və bu göylər qarşısında ürəyi naməlum bir xofla titrəyən möminlərə tamaşa etmək istəyirdi. Lakin Musa kişinin səsi onu ayağa durmağa məcbur etdi:

- Fridun, zəÒ»mət çək, bir az sovuruq at, mən namazımı qılım, - dedi və şananı ona uzatdı.

Fridun tələsmədən ayağa durdu. Şananı alıb, beş gün bundan qabaq döyülmüş və meÒ» əsmədiyindən sovurulmamış taxılı sovurmağa başladı.

Musa kişi onu istiraÒ»ətdən ayırdığı üçün üzr istədi:

- Bilirsən dadaş, bu meÒ» ələ düşən deyil, sovur. Bu axşam sovuruğu qurtaraq ki, sabaÒ» da qalanını döyə bilək.

Fridun sovuruq ata-ata Musa kişinin günəşdən tunc kimi qaralmış üzünə baxdı və Ò»eç bir söz demədi. Yadına azca əvvəl şana verdiyi Həsənalı düşdü. Bütün kənd, uşaqdan böyüyə bütün adamlar ona beləcə qaralmış və istidən susuz torpaq kimi yanmış göründü. Dönüb bir də Musa kişini süzdü. Musa kişi qollarını dirsəkdən yuxarı çirməyib əyilərək dərzlərin arasındakı balaca su kuzəsini götürdü. O parçadan tikilib nazik iplə kuzənin qulpuna bağlanmış tıxacı çıxartdı. Kuzənin belini sol ayağına söykəyib, başıaşağı əydi və sağ əlini onun ağzına tutdu. Su gəlmədi. O, kuzəni qaldırıb çalxaladı və:

Vay, evin tikilsin, Fridun, - dedi, - bir damcı da su qoymamısan qalsın.

Fridun şananı yerə atdı və kuzənin qulpundan yapışdı:

- Ver, qaçım bulağa doldurum gətirim. 

-  Yox gecdir. Sən gedib-gəlincə namazın vaxtı keçər. İşimiz tökülüb qalar. Yaxşısı budur                                                          təyammüm eləyim, - dedi və dərÒ»al üzünü yana, xırmanın ətəyini süpürməkdə olan 17-18 yaşlı qıza tutdu:

 Qızım, Gülnaz, kuzəni al, get bulağa. Şama su lazım olar...

Qız süpürgəni vəlin üstünə qoyub, belini düzəltdi. Kuzəni atasından alıb, yorğun bir hərəkətlə çiyninə atdı və yola düşdü.

Fridun qayıdıb şananı götürdü. Samandan təzəcə ayrılmış kəhrəba kimi işıldayan saf və ətirli sarı buğdaya baxdı və ürəyinin fərəhlə dolduğunu hiss etdi. Yeni bir qüvvə və həvəslə sovurmağa başladı. Onun hərəkətlərini təqib edən Musa kişi arınmış buğdanı ovuclayaraq, əlinin içində ovxalayıb:

- Maşallah, bərəkətlidir, dirilikdir, - dedi və qayıdıb torpaqla təyəmmüm etdikdən sonra cibindən çirkli və köhnə bir canamaz çıxartdı. Üzünü qibləyə tutub canamazı açdı və ibadətə başladı.

- Allahü-əkbər!

Fridun adət etdiyi müəzzinin naləsinə və xırmanlardan ucalan “allahü-əkbər” səslərinə fikir vermədən işləyirdi. O, döyülmüş taxılı şana ilə sovurduqca buğda dənələri müstəqim istiqamətdə yerə tökülür, samanı isə meh azca qabağa atırdı.

Saman azca yığılan kimi, Musa kişinin yeddi yaşlı oğlu Ayaz onu kənara kürüyürdü. Buğdaya yaxın olan hissəsini isə xüsusi ayıraraq, böyük bir səylə burdaca xəlbirləyir və bir dənə də buğdanın itməsinə yol vermirdi. O, yaşına uyğun gəlməyən bir ciddiyyətlə, özündən iki yaş kiçik qardaşı Niyaza əmrlər verirdi:

- Niyaz çanağı gətir, bu buğdanı doldur, samana qarışmasın. Balaca xəlbiri də mənə ver. Buğdaya deyəsən torpaq qarışıb...          

Onun göstərişlərini diqqətlə yerinə yetirən Niyaz xəlbiri tayanın dibindən alıb ona verdi. Sonra qaçaraq çanağı götürüb gəldi. Xəlbirlənmiş buğdanı doldurdu. Hıqqana-hıqqana ikiəlli qaldırıb apardı. Buğda komasının üstünə töküb qayıtdı. Kəndə tərəf baxdı.

 Ayaz, bəs anam niyə gəlmədi? - deyə soruşdu.

 Çox acmısan, hə?.. Bir az da gözlə, indi gələr.

Onlar səhər açılandan bu vaxta kimi, böyüklərlə birlikdə xırmanda çalışırdılar. İsti gün, ağır zəhmət onları əldən salmışdı. Onlara baxdıqca Fridunun ürəyinə ağır bir kədər yol tapırdı. Tayanın dibindən qopan ağlamaq səsi bu kədəri daha da artırdı. Ağlayan - Musa kişinin üç yaşı təzəcə tamam olmuş son uşağı Almaz idi. Balaca Niyaz işi buraxıb getdi və onu ovutmağa çalışaraq:

Hə, hə, niyə ağlayırsan... Ağlama. Bax, odur ey, anan gəlir, - deyə kəndi nişan verdi. Lakin körpənin getdikcə daha da səbirsizliklə və bərkdən ağladığını gördükdə özü də dayana bilməyib ona qoşuldu və ağladı. Ayaz tez xəlbiri yerə atıb, onların yanına qaçdı və hər ikisinin başını qucaqlayıb oxşadı:

 Ağlamayın. İndicə gələr...

O, birtəhər körpələri sakit etdi. Almazı yenə Niyaza tapşırıb qayıtdı və xəlbirləməklə məşğul oldu. Fridun isə ürəyində baş qaldıran hisslərinin ağırlığındanmı, yoxsa kimə isə, nəyə isə oyanan qəzəbindənmi heç bir söz deməyib, indi daha şiddətlə sovuruq atırdı. Kəndin yan-yana düzülmüş bütün xırmanlarında da indi beləcə sovuruq atırdılar. Hər tərəfdə uzun zəhmətin və əməyin məhsulu olan sarı buğda samandan ayrılır, koma-koma yığılırdı. Fridun bu komalara baxır, kəndlilər arasındakı fərəh və sevincin səbəbini anlamağa başlayırdı. Bu il məhsul çox gözəl idi. Bol məhsul kəndlilərin hərəsində bir fikir, bir xəyal oyatmışdı. Çoxları bu payızda oğlunun toyunu eləmək, qızına cehiz almaq, inəyini ikiləmək həsrətilə yaşayırdı. Onlar bu il öz arzularına çata biləcəklərinə şübhə etmirdilər. Çünki məhsul yaxşı idi. Ərbabın da haqqını, mollanın da, məscidin də, fəqir-füqəranın da payını vermək və öz güzəranını da bir qaydaya salmaq mümkün olacaqdı. Kəndin əksəriyyəti belə xəyal edir və sevinirdi. Xoş bir ümid onların rəngini də açmışdı. Hamı gülür, hamı bir-birini sevinc və məhəbbətlə qarşılayırdı. Fridun da bu il götürəcəkləri məhsuldan bir az pul düzəldib Tehrana gedəcəyini, darülfünuna daxil olub, dərs ilinin axırına qədər bir tikə çörəyə möhtac qalmayacağını düşünür və daxilində bir şadlıq duyurdu.

Musa kişi namazını qurtarıb, dizi üstə oturub dua oxuyurdu. Bu zaman, bütün günü xırmanda çalışaraq ikicə saat əvvəl kəndə getmiş Səriyyə xala geri qayıtdı. Onun qoltuğunda yamaqlı bir boğça vardı. Bu şam yeməyi idi. Onların ac olduğunu bilən arvad tayanın dibinə keçdi, boğçanı açaraq süfrə kimi sərdi, qalayı getmiş mis kasanı ortalığa qoydu. Çörəyin biri ilə onun ağzını örtüb, qalanlarını yanına düzdü. Yeməyin hazır olduğunu duyan Musa kişi duasını qurtarıb canamazı yığışdırdı. Səliqə ilə büküb öpdü və cibinə qoyaraq ayağa durdu:

- Gəl, oğlan, Fridun, gəl, bir tikə çörək yeyək, - dedi və üzünü, çiynində kuzə bulaqdan qayıdan Gülnaza tutdu:

 - Qızım, sən də acsan, gəl bir tikə çörək ye.

Fridun şananı hələ döyülməmiş dərzlərə söykəyib, süfrəyə yaxın gəldi. Səriyyə xalaya baxdı və onun dövrəsində fırlanan uşaqların başını sığalladı. Musa kişi ilə üz-üzə dizi üstə oturdu. Gülnaz da gəlib anasının yanında əyləşdi. Onlar çörəyi tikə-tikə kəsərək, mis kasadakı ət suyuna batırır, iştahla yeyirdilər. Uşaqlar tez paylarını yeyib qurtardılar. Ayaz və Niyaz gəlib Musa kişinin sağında və solunda oturaraq, gah Friduna, gah atalarına baxır, səslərini çıxarmırdılar. Almaz Səriyyə xalanın dizinə söykənmişdi. Fridun həm məhəbbət, həm də mərhəmət andıran bir hisslə bu uşaqlara baxırdı. Onların çılpaq və yazıq görkəmi, yaşlarına müvafiq gəlməyən sakit və müti vəziyyəti ürəyində baş qaldırmış dərd və qüssəni artırdığından, başını yana çevirdi. Gözləri, bir-iki tikə çörək yeyərək ayaq üstə, əmrə hazır durmuş Gülnaza sataşdı. Qızın iri, ala gözlərilə buralarda az-az rast gəlinən ağ bənizi arasında qəribə bir ahəng vardı. Qara saçları altında ağ boynu və sinəsi gözəl görünürdü. Nazik beli və azca girdə çiyinləri vardı. Ayaqyalın gəzməkdən çatdaq-çatdaq olmuş dabanları onun təravət və gözəlliyini poza bilmirdi. O gah duz gətirir, gah soğan doğrayırdı. İşi olmadıqda da qulluğa hazır duraraq, gözaltı onları izləyirdi. Əynində, çiynindən dizinə qədər düşən boz qədəkdən tikilmiş köynək vardı. Qalan uşaqlar çıl-çılpaq idi. Onların əynindəki cırıq-cırıq olmuş köynək yanlarını belə örtmürdü, o qədər dağılmışdı ki, yamanmalı yeri də qalmamışdı. Uşaqların dizləri, qıçları, yanları, qolları açıq idi. Fridunun ürəyini daha artıq sıxan da onların bu halı idi. Nədənsə indi bu hal ona olduqca acınacaqlı və dəhşətli göründü. Sanki yediyi zəhər oldu, tikə boğazında ilişib, aşağı getmədi. Kəndli həssaslığı ilə gözaltı hər şeyi görən Musa kişi:

- Bu il, inşallah taxılımız bol olar. Uşaqların qış ruzusunu ayırıb, qalanını Ərdəbildə sataram. Uşaqlara əyin-baş düzəldərəm, - dedi. - Çörəyini ye, fikir eləmə, allah kərimdir.

Fridun “şükür, doydum” deyib çəkildi. Bunu görən Gülnaz ləyən və su gətirdi. Fridunun əlinə tökdü. Fridun adətə müvafiq, əllərini yuyub, dodaqlarına çəkdi və süfrədən azca kənara çəkildi. Musa kişi mis kasanı əlinə alıb, çörəyin son tikəsi ilə onun içini təmizlədi. Tikəni ağzına qoydu, eyni qayda ilə əlini yudu.

 İlahi, dərgahına min şükür, - dedi, - biz yedik doyduq, acları da sən doyur.

Səriyyə xala qab-qacağı yığışdırdı, boğçaya büküb bağladı.

Musa kişi:

- Arvad sən uşaqları da götür, get, hələ bizim işimiz çoxdur, - dedi. - Bəlkə gecəni də xırmanda yatdıq. Gülnaz, qızım, sən də get! Əldən düşdünüz, yatın dincəlin!

Səriyyə xala “sağ olun” deyib, boğçanı qoltuğuna vurdu. Alması qucağına almaq istədi, Gülnaz ondan qabaq uşağı yerdən qapdı.

- Mən apararam, - dedi və boynuna sarılmış uşağın üzündən öpdü. Kəndə tərəf yola düşərkən dönüb Friduna baxdı. Fridun, qəlbinə bir od salan bu baxışlardan qaçmağa çalışırdı. Lakin hər dəfə onunla göz-gözə gəlməkdən özünü ala bilmirdi. Artıq onlar xırmandan uzaqlaşmışdılar. Səriyyə xala və Gülnaz yanaşı gedirdilər. Uşaqlar civildəşərək, anasının dalınca qaçan körpə cücələr kimi, bir-birinə toxuna-toxuna onların yanında yeriyirdilər.

Musa kişi qıyıq gözlərini Fridunun fikirli simasından çəkib, uşaqların dalınca baxdı və köksünü ötürdü:

- Allah kasıblığın üzünü qara eləsin, - dedi. - Adamın övlad yanında, arvad yanında, qonum-qonşu yanında başını aşağı eləyir. Mən bayaq fikir verirdim, sən uşaqlara baxanda tikə boğazından aşağı getmədi. Elə bilmə ki, kəndliyik, heç şey qanmırıq. Biz də qanırıq. Amma neyləyək ki, əl boş, üz qaradır. Mən özüm onlara baxanda az qalır ki, dərd ürəyimi dağıtsın. Nə əyinlərinin paltarını yetirə bilirəm, nə də çörəklərini... Yemək istəyirlər, geymək istəyirlər, heç birisi də ki, yox.

Musa kişi susaraq, ani bir fikrə getdi. Sonra dəruni bir həsrətlə əlavə etdi:

- Allahdan bircə arzum var: bunları böyüdüb, başa çatdırmaq. Oxutmaq, sənətdən hərəsinə bir şey öyrədib, bir tikə çörək sahibi etmək! Sonra rahatca ölüb gedərdim.

Fridun ona təsəlli verdi:

- Dərd çəkmə, Musa dayı, dünya həmişə belə qalmayacaq. Bir gün sənin də dövranın gələr. Uşaqların doyunca çörək yeyər, paltar geyərlər. Bir gün bu kənddə məktəb açılar, uşaqları oxudarsan. Böyük adam olarlar. Fikir eləmə...

Musa kişinin görünür ki, uşaqların dərdindən ağır bir fikri yox idi. Onların gələcəyi, həyat və taleyi kişinin bütün varlığını məşğul edirdi. Ona görə də Fridunun ümid dolu gözləri onun yarasının közünü qoparan kimi oldu:

- Eh, oğul, - dedi, - gecə-gündüz fikrim-zikrim o uşaqlardır. Məni qocaldan da elə onların dərdidir. Hələ sinnim qırx olmayıb, amma həştad yaşında qocadan pis gündəyəm. Saç-saqqal ağarıb, az qalıb bel də bükülsün, bircə o uşaqların dərdini çəkməkdən. Gecə-gündüz əlləşirəm ki, birtəhər qarınlarını doyuram. Əyinlərinə bir şey düzəldəm. Mümkün olmur ki, olmur. Elə bir tərəfi əyridir ki, əyridir.

Musa kişi özü yonub hazırladığı çubuğa tənbəki doldurdu. Çaxmaq daşına qov qoyub çəkdi. Çubuğu sümürüb, tüstülətdi və bir ovuc torpaq götürüb, ovcunda övkələdi, həyəcanlı səslə:

- Bunu görürsən, - dedi, - bizi acından öldürən budur! Belimizi sındıran budur! Uşaqlarımızın yanında üzüqara eləyən bu zəhrimardır! Bunu da ki, allah verib ərbabın ixtiyarına, kasıb dəridən də çıxsa bir çərək ələ keçirə bilmir. Kimin ki torpağı var, güzəranı var. Torpaqsız kəndlinin günü it günündən pisdir!..

O, dərin bir kədər içərisində gözlərini yerə dikdi. Fridun onun baxışlarında çıxılmaz bir fəlakət qarşısında qalmış adamın ümidsizliyini gördü. Təsəlli və ümid oyadacaq bir söz demək istədi, lakin bacarmadı. Nə deyə bilərdi! Ona yalandan təsəlli vermək özünə də iyrənc göründü. Musa kişi köksünü ötürdü:

- Görək axırı nə olacaq, oğul, - dedi və ayağa qalxdı. - Dur, dur işimizi qurtaraq!

Fridun durub, şananı götürdü. Hələ də fikirlərindən ayrıla bilməyən Musa kişi öz-özünə danışırmış kimi əlavə etdi:

- Bəlkə bu il bəxtimiz açıldı... Ərbabın su pulunu verdim, uşaqlara əyin-baş düzəldib, bir çərək torpaq ala bildim. Çox yox, bircə çərək!

İki yandan sovuruq atmağa başladılar. Bu zaman qonşu xırmandan yad və amiranə bir səs eşidildi:

- Gədə, buğdanın ayağını düzəlt, dəci mənə ver!

Fridun əl saxlayıb, yad səsə qulaq asdı.

Musa kişi:

- Ərbabın adamıdır, mübaşir Məmməddir, gəlib buğdaları dəcləsin, - dedi. Fridunun təəccüblə baxdığını görərək, anlatmağa başladı:

- Kəndin hekayəti uzundur, oğul, xırmanda hazırlanmış taxıla kəndlinin əl vurmağa haqqı yoxdur. O gərək dəclənsin. Bir neçə gün sonra mübaşir gəlib böləcək. Ya iki pay kəndliyə verəcək, üç pay ərbaba götürəcək, ya da bir pay kəndliyə verəcək, dörd pay ərbaba götürəcək. O da baxır şərtinə, hansı şərtlə əkin əkiblər, o şərtlə də böləcəklər. Nə qədər ki, mübaşir gəlməyib, dəci pozmaq olmaz.

Fridun heyrətlə:

- Birdən külək oldu, ya heyvan gəldi dəci pozdu. Bəs onda? - deyə soruşdu.

 - Ərbab allahdan elə bir fürsət axtarır. Dəci pozmusan, taxılı oğurlamısan deyib, bütün məhsulu çəkib aparır. Allah eləməsin adamın başına elə müsibət gəlsin. - Bu fikirdən qorxmuş kimi təkrar etdi:

 - Allah heç kafirin də başına elə iş gətirməsin!

İkisi də susdu. Sürətlə sovuruq ataraq, bu pis fikri başlarından qovmağa çalışırdılar. Mübaşir onlara yaxınlaşdı. Sovuruğu yoxladı və “bir azdan sonra gəlib dəclərəm” deyib getdi.

Gecədən xeyli keçmiş, süd kimi ay işığında onlar, sovuruğu qurtardılar. Samanı bir yana, buğdanı bir yana yığdılar. Mübaşir Məmməd fənərlə tövşüyə-tövşüyə gəlib, samana baxdı:

- Dən qalmayıb ki? - deyə soruşdu.

Musa kişi tez cavab verdi:

- Xeyr, ağa, samanı iki dəfə sovurmuşam.

Mübaşir Məmməd xırmanın o yan-bu yanını gəzdi. Taxtadan qayrılmış dəci əlinə aldı. Dəc malaya oxşayırdı. Balaca müstəqim şəklində idi. Altı diş-diş, üstündə isə eynən malanınkı kimi bir dəstəyi vardı. Döyülmüş, sovrulub təmizlənmiş sarı buğda böyük bir piramida şəklində xırmanın kənarına yığılmışdı. Mübaşir əlində dəc bu piramidaya yaxınlaşdı. “Bismillah” deyib, dəci piramidanın - buğdanın dik başına basdı. Dəcin dişləri orada, kağız üzərinə basılmış möhür kimi iz buraxdı. Sonra mübaşir yavaş-yavaş, qayda ilə piramidanı dövrə dolana-dolana üzüaşağı bütün buğdanı bu cür dəclədi. Dəc basıldıqca yatıb-enlənmiş piramidanın - buğdanın ətəklərini yığışdırdı və oranı da dövrə dolana-dolana dəclədi. Sanki çəkilmiş bir şəkil haşiyə içinə alındı. Bundan sonra mübaşir xırmanı tərk etdi. Musa kişi üzünü Friduna tutdu:

- Oğul, keç bir az yat, yorulmusan, səhər də tezdən duracaqsan.

O, cavab gözləmədən başını dərzin üstə qoyaraq uzandı, Fridun da dərzin birinə söykənərək, arxası üstə yatıb, ayın parlaq işığı içində sayrışan ulduzlara və mavi göylərə tamaşa etməyə başladı. Yorğun olduğuna baxmayaraq, uzun müddət onu yuxu aparmadı.

Bir azdan sonra Musa kişinin xorultusu xırmana yayıldı. Fridun xəyal içində, mavi və nəhayətsiz göy mənzərəsinə tamaşa etdiyi yerdə mürgüləməyə başladı. Bu zaman uzaqdan, lap uzaqdan bir bayatı səsi qalxdı. Fridun bu səsi yuxudamı, ayıqlıqdamı eşitdiyini seçə bilmirdi. Ona şirin bir ana laylası qədər, xoş gələn bu səs bir xəyal kimi mavi boşluqlara axıb gedirdi.

 

Təbriz üstü Marağa,

Zülfün gəlməz darağa.

Gecə-gündüz dalınca

Gəzdim soraq-sorağa.

 

Bu səsə qulaq asa-asa nə vaxt yuxuya getdiyini bilmədi.

 

  ***

Gecə öz pərdəsini yığıb gedir, dan yeri sökülürdü. Fridun Musa dayının “allahü əkbər” səsinə yuxudan ayıldı. Hava sakit idi. Axşamdan əsən meh gecəyarısı kəsilmişdi. Buna baxmayaraq, çöllərdən, təpələrdən, hələ biçilib qurtarmamış və başını aşağı dikmiş zəmilərdən yüngül və sərin bir hava otların iyini, sünbüllərin qoxusunu xırmana gətirirdi.

Nə üfüqlərdə, nə də göy üzündə bir tikə bulud yox idi. Mavi boşluqlar göz işlədikcə uzanıb gedirdi. Gündüz çox isti olacaqdı.

Fridun qalxıb, üst-başını təmizlədi, gecənin ayazında buz kimi olmuş kuzənin suyu ilə əl-üzünü yudu. Sanki ona yeni bir həyat gəldi. Balaca ot tayasının yanında gövşəyən öküzləri gətirib, vələ qoşdu, özü də vəlin üstünə çıxdı. İlk dəfə Musa kişidən eşitdikdə ləzzətdən qəhqəhə çəkib güldüyü sözlərlə öküzləri səslədi:

 Ha, ha, dədəm sənə qurban, ha...

Öküzlər tərpəndi. Vəl gecədən xırmana döşənmiş küləşin üstündə oynamağa başladı. Hələ vəl yerini yumşaltmadığından atılıb-düşür, o yana-bu yana qaçırdı. Fridun zorla özünü onun üstündə saxlayaraq, öküzlərin ipini çəkir və haylayırdı. Xırmanı beş-altı dəfə dolandıqdan sonra vəl öz yerini yumşaltdı. Buz üstündə hərəkət edən kirşə kimi sürüşüb getməyə başladı. Fridun gah öküzləri səsləyir, gah çiyni üstündən dönərək, vəlin sünbülləri yumşaltdığına, əzib bir-birinə qatdığına baxırdı. İri buğda dənələri samanın arasında saralırdı. Ayların ağır zəhmətinin məhsulunu görən Fridun qəlbində təbii bir sevinc duyurdu. Səhərin ilk nəfəsi yenicə çırtlamağa başlayan şərq üfüqündəki qızartılar bu sevinci artırırdı. Keyfinin belə duru vaxtında o dodaqaltı zümzüməyə başladı. Oxuduğu Saib Təbrizinin:

 

“Nə ehtiyac ki, saqi verə şərab sənə,

Ki verdi badəsini çünki afitab sənə” 

 



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info