Qonaq Kitabı
ŞƏRUR SƏFƏRİ

Qızılbaşlar Cəbanidə Şirvan qoşununu darmadağın etsə də, Bakı qalasını alsa da, nə Şamaxının üstündəki Gülüstan qalası, nə də Ağsu çayı vadisindəki Buğurd qalası təslim olmamışdı. Bakıdan qoşun yenidən Şamaxıya qayıtdı və Xınıslı kəndində düşərgə salıb Qız qalası və Pirdirəyi dağları arasındakı dərəni kəsdi, bir də Qız qalası dağı üstündən Gülüstanı mühasirəyə aldı.

Günlər ötür, həftələr keçir, amma Gülüstan qalasının təslim olacağı gün görünmürdü. Onun divarlarının yanına qalxmaq belə mümkün deyildi. Oradakıları yalnız və yalnız aclıq hesabına təslim eləmək olardı, o da hələlik mümkün deyildi. Hər səhər, hər günorta, hər axşam qala bürcünə qalxan carçı gur səslə qızılbaşları söyür, bürclərdən qala müdafiəçilərinin süfrələrindən artıq qalan yeməkləri aşağı tökürdülər.

İsmayıl da ümidini üzmüşdü. Bir gün o vəziri - “Azərbaycanın açarı” Zəkəriyyə Keçəçini və Lələ bəyi götürüb ova çıxdı. Kəklikotu ətri bürümüş qayalıqlarda kəklik ovlamaq həvəsinə düşmüşdü. Onlar hündür qayanın üstünə qalxdılar. Yaxında haradasa kəklik oxuyurdu. Amma İsmayıl onu vurmaq üçün tələsmədi. Göstəriş verdi, süfrə saldılar. Hər üçü süfrə başında oturdu. İndi Zəkəriyyə Keçəçi də, Lələ də gördü ki, onun fikri özgədir. Ova yox, onlarla məsləhətə gəlib. Çörək kəsdi, dürmək eləmək istədi, amma dayanıb birdən-birə Keçəçinin sifətinə baxdı.

– Sənə “Azərbaycanın açarı” ləqəbini vermişəm. Göstər öz ləqəbinə layiq olduğunu, Azərbaycan bağlı kiliddi. Onu necə açım?

Keçəçi sağ əlini saqqalında gəzdirib dedi:

– Mənim fikrim hazırdı.

– Buyur görüm.     

– Əlvənd Mirzə ən yaxın dostunu, həmkarını itirdi. Ona Murad kömək durmayacaq. Şirvanı fəth eləmisən.

– Hanı fəth eləmişəm. Bu Gülüstan bizə cəhənnəm zəbanəsi verir. Paslanıb qalmışıq burada.

– Düzdür. İndi bizə Gülüstan qalası lazımdırmı? Şirvanşahmı olmaq istəyir böyük mürşüdümüz? Əlvəndin üstünə yeriməliyik. Vaxtı, fürsəti düşmənə veririk. Əlvənd çürük qozdur. Onu dişimizə salsaq, dişimiz yox, o sınacaq.

Lələ bəy dedi:

– Mürşüdüm, bura gəlməmişdən qabaq xəbər gəldi, Əlvənd Naxçıvanda qoşun toplayır.

– Bəs niyə mənə demədin?

– Ovdan qabaq mübarək fikrini yayındırmaq istəmədim.

– Sərkərdəsi kimdi?

– Məhəmməd Qorçu bəy.

– Yengəsi Gülüm olanın gözünə külüm olar. – İsmayıl güldü. Amma Zəkəriyyə Keçəçi gülmədi.

– Qorçu bəy igid sərkərdədi. Onun gücünü gözümüzdən qaçırmayaq gərək.

Onlar xeyli məsləhətləşəndən sonra geri qayıtdılar. Axşamı yatdılar, səhər açılan kimi İsmayıl sərkərdələrini yanına çağırdı. Sərkərdələr gəlib bir-bir oturdular. İsmayıl bir-bir onlara baxdı. Nazik tül pərdənin arxasından o çox yaxşı görürdü. Onu isə görmürdülər. İki qalibiyyət onları daha da qürurlu eləmişdi. Hamısı da yanıb qaralmışdı. Daha da yaşlaşmış, müdrikləşmişdilər. Hamısı sevincli, gülərüz idi, təkcə Dədə bəydən başqa.

– Dədə bəy çox fikirlidir, görünür elatın fikrini çəkir.

– Yox, şahım, mürşidim. Heyfimizi aldıq, dostum Şeyx Heydərin intiqamını aldıq. Amma əlimdən bir xəta çıxıb.

– O nə xətadır?

– Murad bəyi tanıyırdınız? Şəmasə müsibətindən qabaq bizə xəbər çatdıran Murad bəyi deyirəm. Tanımayıb nizəni kürəyinə sancdım!

– Əbih Sultanı gətirən?

– Bəli.

– Allah rəhmət eləsin, goru nurla dolsun. Xəta, bəli, böyük xətadı.

Bir an fikrə getdilər.

– Hər il ona ehsan verəcəm, heç kimi yox idi.

– Yaxşı, bu boyda qələbə qurbansız olmazdı, ruhu şad olsun. Mən sizi buraya bir məqsəd üçün çağırmışam. Gecə babam cənabi Əmir yuxuma girmişdi.

Onlar hamısı salavat çevirdi.

– Mübarək olsun, mübarək olsun.

– Həzrət Mürtəza Əli, yaranmışların ən gözəli dedi ki, ya zamanın sahibi, niyə oturub bu Gülüstan qalasının yanında qalmısan. Təbriz taxtı səni gözləyir. İndi mən sizdən soruşuram: bizə hara lazımdı? Gülüstan, ya Azərbaycan?

– Azərbaycan, – deyə hamı bir ağızdan dilləndi.

Şamaxıdan çıxanda Qızılbaş qoşunu tək bir əsir aparırdı. – Əbih Sultanı. Zamanın sahibi əsir düşən şirvanlıları pulla alıb azad eləmişdi. Bu qədim adət idi. Döyüşdə əsir düşənləri kənar adamlar da savab qazanmaq üçün alıb buraxırdılar. Amma bu dəfə İsmayıl heç kimə bu icazəni verməmiş, hamını özü azad etmişdi. Pullar isə qızılbaş qoşunlarına çatmışdı. Azad edilən qulların xeyir-duasından əlavə camaat arasında hörmət qazanmaq üçün bu böyük xeyirxahlıq sayılırdı. Əbih Sultanı isə hələ də aparırdılar. Vaxtında yemək-içməyini verir, amma əllərindən, ayaqlarından kündələri açmırdılar.   

Qoşun Naxçıvana çatmışdı. Şəhərə daxil olmadılar. Əlvənd Mirzənin ordugahının günbatan tərəfdə, Şərur düzündə, Arpa çayın kənarında salındığı xəbərini alan kimi sür’ətlə buraya yola düşdülər. Bütün yol boyu qoşundan qabaq Qara Piri bəyin atlıları gedir, onların qaldırdığı toz qızılbaşlara nişangah olurdu. Ona görə də İsmayıl Qara Piri bəyə “Tozqoparan” ləqəbi vermişdi.

Qızılqanadın yəhərində oturan İsmayıl qəribə fikirlərə dalmışdı. “Elə bilirdim bəs Şirvanşahı bassam, atamın intiqamını alsam, məndən xoşbəxt adam yoxdur. İndi elə bil heç nə etməmişəm. İstəyirəm Təbrizi tutam, taxtı ələ keçirəm. Bundan sonra nə olacaq? Acgözlük eləmirəm görəsən? Yox, bu acgözlük deyil, tayfaları birləşdirmək, möhkəm ölkə yaratmaq üçün hələ nə qədər işlər görmək lazım gələcək”.

Onlar dərədən qalxdılar. Dikin üstünə çıxanda başı qarlı, nəhəng, bir az da qozbel görünən Ağrı dağı onun gözləri qarşısında dayandı. Göyçə gölünün yanından enəndə görməmişdi, qayıdanda Ağrı dağı dumanda olmuşdu. İndi onu apaydın görürdü. Zirvədən yuxarıda bir dilim ay, başı üstündə günəş vardı.

– Lələ, bu əlamətlərə fikir verirsənmi? Günəş mənim başımın üstündə dayanıb, ay isə Əlvənd Mirzədən də o tərəfdə.

– Bəli. Bu gözəl əlamətdi. Əlvənd Mirzə də heç özünə yaxşı yer seçməyib. O görünən Ağrı dağıdı, bu yerə Şərurdan başqa Şəril də deyirlər. Yəqin ki, Şər el deməkdi. Quzeydəki dağlar Əyircə yaylaqlarıdı. Ağrı, şər, əyricə...           

– Hələ Arpa çayını demirsən. Arpanın aşan-daşan, qan-qan deyən vaxtları keçib. Qızılbaş qoşunu Əlvəndi süpürüb Araza tökəcək.

Qabaqda bir-birinə söykənən səkkiz dairədən ibarət türbə, türbənin qarşısındakı iki uca minarə göründü. Türbənin kaşı naxışları uzaqdan oxunurdu. Orada “Allah” yazılmışdı. Minarələrin birinin üstündə isə leyləklər yuva qurmuşdu. O quşlar qoşunu da görüb uçub getmədilər. Biri dimdiyini şaqqıldadırdı.

– Bu hansı kənddir?             

– Qarabağlar. Görünür bu türbədə yatan kimdisə onun ruhunu əziz tutub kənd əhli həmişə qara geyinib, qara bağlayıb. Kəndin də adı belə qalıb.

Uzaqdan toz qalxdı. Atlılar çapa-çapa gəlirdilər.

– Tozqoparan gəlir.

Doğrudan da gələn Qara Piri bəyin özü idi.

– Şahım, mürşüdüm, gürcü bəyləri öz qoşunları ilə Çuxur Səəddə dayanıb, sənin mübarək qədəmlərini Şərur torpağına basmağını gözləyirlər.

İsmayıl Şirvandan tərpənəndə Axalsxa knyazı Gorquram bəyə (Kvarkvareyə), Axalkala knyazı İsgəndər bəyə (Aleksandr bəyə), bir də Mirzə bəyə məktub göndərib yazmışdı ki, əgər Əlvəndlə vuruşmada mənim tərəfimdə olsanız, onda padşah keçəndən sonra sizi vergilərdən azad edəcəyəm.

O, hələ Ərzincandan qayıdanda o knyazlara öz gücünü göstərmişdi, amma köməyə gələcəklərinə ümidi yox idi. Budur gəliblər. Demək bu knyazlar Əlvənd Mirzədən çox onun uğuruna inanırlar.

– Qüvvələri nə qədərdir?

– Hər biri üç min atlı ilə gəlib.

– Lələ bəy, eşidirsənmi?

Lələ bəy bütün məsələlərə ehtiyatla yanaşırdı. Bu doqquz min atlı döyüşdə böyük bir qüvvəyə çevriləcəkdir. Amma bilmək olmaz. Hazırda hakimiyyət Əlvənd Mirzənin əlindədir. Əgər o, bu knyazlara məktub göndərib İsmayıl kimi təklif etsə, vergiləri almayacağını desə, onlar öz fikirlərindən dönməzlərmi? Bəlkə də artıq Əlvənd Mirzə öz işini görüb, bu bir hiylədir. Doqquz min atlı yeddi mindən az qızılbaş müridinə qarışandan sonra onları qılıncdan keçirməzmi. Alınan mə’lumata görə Əlvənd Mirzənin yaxşı silahlanmış otuz minə yaxın qoşunu vardı. Ona qalib gəlmək bir o qədər də asan iş deyildi.

Lələ bəy o qoşunun içərisinə əvvəldən öz adamlarını göndərmişdi. Silahlı müridlər qoşun arasında İsmayılın Allah tərəfindən göndərilməsindən, onun mö’cüzələrindən danışır, çoxlarının ürəyinə qorxu salırdılar.

Əlvənd Mirzə isə Əli bəy Cəyirlinin məsləhətlərinə qulaq asıb Məhəmməd Qorçu bəydən şübhələnmişdi. Onun İsmayıl tərəfinə keçməsindən qorxurdu. Ona görə də bu igid sərkərdəyə əl-qol açmağa imkan vermirdi. Qoşunla bərabər buraya yüzlərlə dəvə gətirmişdilər. Bütün Şərurdakı dəvələri də toplamış, qoşunun gündoğan tərəfindən bu dəvələri düzdürüb onları zəncirlə bir-birinə bənd etdirmişdi. Qoşunun günbatan tərəfində Arpa çayının hündür sahili, arxasında isə Araz çayı dayanmışdı.

Döyüşdən əvvəl Qorçu bəy Əlvənd Mirzəyə yalvarırdı:

– Mənə inan hökmdar. Qəfəsə salınan qoşundan qalibiyyət gözləmə. Düşmən yuxarıdan gəlir, biz isə aşağıdayıq. İzin ver qoşunu öz bildiyim kimi düzüm.

– Öz bildiyini evində, hərəmxananda eləyərsən. Burada mən deyən olacaq. Yeddi min Ərdəbil səfili nədir ki, ondan qorxasan. Elə buradaca işlərini bitirərik.

– Onlar da ağılsız adamlar deyillər. Süvarilərin tərpənməyinə yer qalmayıb. Dəvələri götürək.

– Dəvələri götürsəm, sənin satqın süvarilərin hərəsi bir tərəfə qaçacaqlar.

Qorçu bəy onun sözündən çıxa bilmədi, döyüşün də taleyini bu sıxlıq, qoşunun qəfəsə salınması həll etdi.

Tozqoparan Piri bəy Qacar dağ seli kimi igidlərini yerindən tərpənməyən qoşuna çatdıranda Əlvənd Mirzənin qəfəsə salınmış ordusu can verən əjdaha kimi çabalamağa başladı. Qılınclar qalxanlara dəyəndə dəvələr anqırır, yanlarındakı adamlara, atlara ağız atırdı. Qorxuya düşən qoşun özünü dəvələrin arasına vurub zəncirləri yarıb keçmək istədi. Bir piyada zəncirə dolaşdı. Ürkən dəvələr dartıb onu zəncir arasında əzdilər. Bir sözlə, qoşuna bir çaxnaşma düşdü ki, onun qabağını heç nə ilə almaq mümkün olmadı. Əlvənd Mirzə otuz minlik qoşununu pərən-pərən düşən görüb Əli bəy Cəyirli ilə bərabər atlarına minib aradan çıxdılar.         

Təbrizin Nəsriyyə məscidinin hündür minarəsində əzançı işini qurtarıb yerini carçıya verdi. Carçı aşağıdakı meydana yığılanlara üzünü tutub uca səslə deyirdi:

– Səfəvilərin ən qəddar düşməni, zamanın sahibi, cənnətməkan Şah İsmayıl Xətainin qardaşlarının qatili, atasının ölümünə fitva verən, ölkəni qurd kimi parçalayan, dağıdan Əbih Sultan indi e’dam olunacaq. Bu e’damı ölkənin əhalisi çoxdan gözləyir. Onun dağ çəkmədiyi sinə qalmayıb. Şah İsmayıl Xətai həzrətləri buyurub ki, cəzası bu müqəddəs, yüksək minarədən günahkar torpağa atılmaqdır. Ona bundan yaxşı cəza tapmaq mümkün deyil.

Carçı səsini kəsdi. İki mürid əl-ayağı bağlı Əbih Sultanı minarənin eyvanına çıxartdılar. Onu soyuq tər basmışdı və görürdü ki, bu daha onun sonudur. Buradan onu heç bir qüvvə xilas eləyə bilməz. “Namərd dünya, məni belə namərdliklə öldürürsən, nə olar, bu heyif yerdə qalmaz”. Bu sözlər onun sayıqlamaları idi. Bilirdi ki, ölkədə bir nəfər də onun tərəfdarı qalmayıb. Hamı ona nifrət eləyir. Odur, buradan düşəcəyi yerə adamlar daş diyirləyib gətirib. “Mən də çox daş düzmüşəm. İntiqamımı sağlığımda almışam...”

Müridlərdən biri onun çiynindən, o birisi ayaqlarından tutub yellədilər, minarədən aşağı atdılar. Ömrünün son anlarını o bağırdı, bədəni daşlara dəyib yastılanandan sonra birdəfəlik səsi kəsildi.

Səhərisi gün Şah İsmayıl Xətai taxta çıxacaq. Artıq zərbxanalarda onun adı ilə pullar kəsilir, məscidlərdə ona xütbələr oxunurdu.                

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info