Qonaq Kitabı
ŞİRVAN SƏFƏRİ

Qızılbaş qoşunu qayaların arasından çıxanda qarşılarında Araz çayı göründü. Payızın durulmuş, mavi suları üstündən qırmızı, qurumuş qan rəngində bişmiş kərpicdən körpü bu taydan o birisi taya uzanırdı. İsmayıl körpünü görəndə üzündəki niqabı qaldırdı. Onun gözlərinin giləsinə diqqətlə baxan olsaydı, orada Xudafərin körpüsünün yüz dəfələrlə kiçildilmiş əksini görə bilərdi. O, körpünün tağlarını saydı.

– Bir, iki, üç... On üç.

Bəli, onun öz yaşı da on üç idi. Amma heç kim ona bu yaşı verməzdi. O, xeyli böyük görünürdü. Əlləri də irəlmişdi, sifətindəki ifadə də yaşlanmışdı.

Bu tağlar mənim yaşım qədərdi. Görünür bu yaxşı əlamətdi. Qoy bu körpünün ustadına afərin deyən xuda da mənə afərin desin. Həmişə başımın üstündə dayansın. Məni ömrüm bu çaya oxşayan burulğanlardan sağ-salamat keçirsin. İlk dəfədir ki, Xudafərindən keçirəm. Bu yol həmişə açıq olsun. Qaradağ Qarabağa, Qarabağ Şirvana qarışsın. Mən bütün qapıları açmağı özümə məqsəd seçmişəmsə, Xudafərin körpüsü də açıq olar, inşallah. Onun üstündən keçən dəvə karvanları Gəncəyə, Şamaxıya, Dərbəndə, oradan isə uzaq-uzaq ölkələrə gedər.

Məndən qərinə-qərinə böyük olan körpü, allah sənə bundan sonra da qərinələrlə ömür versin, qonaqlı-qaralı olasan. Üstündən keçənlər əskik olmasın”.

O soruşub öyrənmişdi ki, Arazdan da böyük Kür çayında körpü yoxdur. Şirvanşahlar onu həmişə özlərinə keçilməz sədd seçiblər. Üstündən körpü sallayıblar. Muğanda, Cavad kəndində bir bərə varmış. Gəlib-gedənlər həmin bərəylə keçirmiş. İndi o bərəni də söküb atıblar. “Heçim ayrı, köçüm ayrı” deyiblar. Hərə üzünü bir tərəfə tutub. Oğuz eli gör neçə yerə bölünüb. Hərə bir dərədə bəydi. Qaradağlının qarabağlıdan, gəncəlinin şirvanlıdan, şamaxılının təbrizlidən xoşu gəlmir. Axı tarix başlayanda onlar bir ata-ananın övladları olublar. Sonra hər dərənin bəyi özünü hamıdan üstün tutub. Bir ocaqdan çıxan qardaşlar düşmən kəsilib, hərə evinin üzünü bir səmtə tikib. İndi o qardaşları yenə ata evinə yığmaq lazımdır. Bu çox çətin işdir. Ağır məramdı. Neçə dərə bəyini aradan götürmək, neçə-neçə tayfaları sakitləşdirmək, nə qədər qanlar tökmək lazım gələcək. Buna görə qar-daş qardaşın qanını tökməli olacaq. Amma bütün bunlara baxmadan kimsə belə bir müqəddəs işə girişməlidir. Oğlanları düşmən, asi kəsilən ata evdən çölə çıxmağa xəcalət çəkir. Bəs evləri dağılan başbilənlər nə fikirləşiblər? Axı bu ən böyük şərəfsizlik, namussuzluqdur. Çingiz xan gəlib buranı öz ölkəsinə qatıb. Əmir Teymur gəlib belə eləyib.Təkcə Uzun Həsən o birliyə çalışıb. Ondan sonra gələnlər isə dağıdıb töküb, ölkəni mahal-mahal, şəhər-şəhər, kənd-kənd, ev-ev, adamları bir-birinə düşmən eləyib. Hamısı da İran-İran deyib. Bəs mənim doğulduğum, dilində danışdığım, şe’r söylədiyim millət necə olub? O birdimi? Yox, o yox kimidi. Hələ ki, tayfalardı. Ustaclıdı, qacardı, əfşardı, bəydillidi, nə bilim nə qədər dili bir, qanı bir tayfa var. Hələ ki, bir adımız da yoxdu. Onların hamısı birləşib bir olmalıdı. Azərbaycan olmalıdı. Düzdür, bu tayfabazlıq hələ çox çəkəcək. Amma o birliyin başlanğıcını bu gün qoyuram. Mən başlayıram. Bu Xudafərin körpüsündən, bu Araz çayından. Bacararam, dünyanın ən xoşbəxt bəndəsiyəm. Bacarmaram, heç. Ya allah, səndən mədəd.

O, atını birinci olaraq körpüyə sürdü. Yəhərdən sulara baxırdı. Dalğalar onun baxışlarını alıb özü ilə aparır, o yenə baxışlarını bir az yuxarıya qaldırırdı. Elə bil suyun axınına qarşı axan üzgüçüydü. Su ondan güclüydü, o sudan. Araz onun baxışlarını axıtmağa nə qədər can atsa da təslim olmurdu. Onun başı yüngülcə hərlənirdi və o özündə sərməstlik hiss eləyirdi. Arxadan səs eşitdi. Lələ dedi:

– Suya çox baxma, mürşüdüm.

İsmayıl başını qaldırdı və Xudafərindən bir az yuxarıda uçuqları qalmış möhtəşəm körpüyə baxdı. Onu görünür bundan da xeyli əvvəl tikmişdilər. Bu çay üstündən demək əvvəllər də körpü salanlar olub. Amma zaman da, çərxi-fələk də dəhşətlidir. Heç bir şeylə hesablaşmır. Sökür, dağıdır, götürüb aparır. Ən yaxşı niyyətlər, işlər də körpü kimi kərpic-kərpic daş-daş uçurulub. Tikən, quran, davam elətdirən isə olmayıb.

Yox, zaman dağıdırsa, təzə nəsillər də gəlir. O nəsillər dağılanları düzəltməli, yenilərini tikməli, bərpa eləməli, işə elə başlamalıdı ki, çərxi-fələk özü aciz qalsın. Bir adama, bir nəslə, bir tayfaya gücü çatar. Bütün insanlığa isə çətin. Bir şərtlə ki, o insanlıq getdikcə kamilləşsin, nurlaşsın, öz nuru ilə zülmətdən yarananları belə işığa çevirsin.

İndi Şirvanşah Fərrux Yasarın üstünə gedirik. Bu yeddi minlik süvari qazilərin fikrində bir şey var. Hamısı elə bilir mən atamın qanını almağa gedirəm. Bunun üçün canlarını verməyə hazırdı. Onların çoxusu bir daha bu körpüdən geriyə keçməyəcək. Babam Cüneyd kimi doğulduğu yerdən uzaqlarda dəfn olunacaq. Nə olar, vətən hamımızın beşiyi və hamımızın da məzarıdır. Onu qanımızla sulayıb, sümüyümüzlə bərkitməsək heç vaxt möhkəm və barlı-bəhərli olmaz. Amma bu adamlara desəm yox, mən atamın qan intiqamını almaq yox, hamını bir yerə yığmaq istəyirəm, onda çoxusu könüldən düşəcək, yarı yoldan geri qayıdacaq. İnsan xilqəti belədir də. Xırda, kiçik məqsəd yolunda ölümə gedir, böyük məqsədi isə başa düşmür.

Mən babam Şeyx Səfiyyəddinin batin əqidəsini açsam bu özünü ölümə verənlər məni daşqalaq eləyər, hamısı üz döndərər. Baxmayaraq o əqidə daha gözəl, insanlar üçün daha vacibdi. Bu qədər tayfaların fikrini bir eləmək naminə gərək onları bir təriqətdə birləşdirək. Ya hamı şiə olmalıdı, ya da sünnü. Sünnü olmağa mən heç cür razılaşa bilmərəm. Günbatanda Bəyazid onda bizi öz içində əridər. Əksər əhali şiə olduğuna görə sünnüləri də şiəliyə çağırmalıyam. Özgə heç bir yol görmürəm. Şirvan isə sünnülərdi. Onlar da bu təriqətdən əl çəkməyəcəklər. Bir evdə isə bir adət, bir ən’ənə olmalıdır. Olmasa onda ağız deyəni qulaq eşitməyəcək.

Qızılbaş qoşunu Qarabağa keçəndən sonra onlar bələdçilərin məsləhəti ilə Araz qırağı ilə Kürün Arazla qovuşduğu yerə tərəf irəlilədilər. Kürü yalnız burada keçmək mümkün idi. Quraqlıq keçən yaydan sonra payızda su azalmalıydı. Kürdə isə Qoyun ölümü adlı yer vardı. Nə vaxtsa sürünü buradan keçirmək istəmiş, lal axan Kür onların hamısını aparmışdı. Amma buradan atlı qoşunlar çox keçmişdi. İndi də ən əlverişli yer elə bura idi.

Bayram bəy Qaramanlını Şeyx İsmayıl əvvəlcə göndərmişdi. Tapşırmışdı ki, çayı keçib düşərgə salsınlar. Yəqin ki, onun Şirvan üstünə getməyindən Fərrux Yasarın xəbəri vardı və Kürün sahilinə qoşun göndərmişdi. Geciksə də, tezliklə göndərə bilərdi. Kürü keçəndən sonra onların gəlməyi o qədər də təhlükəli deyildi.

İsmayıl ətrafındakılarla bərabər Qoyun ölümünə yetişdi. Qazilər namaza dayanmışdı, Bayram bəy isə atını Kürün sahilində saxlayıb sulara baxırdı. Gömgöy payız suları sakit bir axınla elə axırdı ki, onun axdığını da hiss eləmək mümkün deyildi.

“Suyun lal axanı, adamın yerə baxanı”-deyə o fikrindən keçirir, atını sulara vurmaq istəmirdi. Qazilər isə buraya çatandan namaz qılırdılar. Allahdan, onun yerdəki rəsulundan bu sudan, Kürdən keçməkdə kömək istəyirdilər. Bayram bəyi xəcalət təri basmışdı. O, Mürşüdün tapşırığını yerinə yetirməmişdi. Qorxmuşdu. Öz canından qorxmuşdu.

İsmayıl çatdı, ağ Qızılqanadını onun yanında saxladı. Niqabın altından onun səsi eşidildi:

– Bayram bəy, sən bir qaşıq qanından ötəri bir qaşıq sudan qorxdun. Bəs daş qalaları necə alacaqsan?

– Günahkaram, mürşüdüm.

– Eyb eləməz, sənin günahını mən yuyaram.

O, heç kimlə məsləhətləşmədi. Bir az sulara baxdı. Baxdı görsün burulğanlar yoxdurmu? Düzdür, o burulğanlardan çox çıxmışdı. İndi odun içindən salamat çıxan suda boğulmayacaqdı ki... “Kürün bu yerindən babam Cüneyd də adlayıb, atam Heydər də dəfələrlə keçib. Mən də keçməliyəm. Mən keçməsəm, heç kim keçməyəcək”.

O, Qızılqanadın yalını tumarladı. Ürəyində dedi: “Qoy bu çayın üstündən salınacaq gələcək “Xudafərin körpüsü” əvvəl sən ol. O körpüdən isə əvvəl mən keçim. Ya Allah, səndən mədəd”.

İsmayıl Qızılqanadı Kürə sürdü. Bütün qoşun dayanıb ona baxırdı. Lələ də nə edəcəyini bilmirdi. Nə onu geri qaytarmağa, nə də onunla getməyə ürəyi gəlirdi. Lələ ilk dəfə qorxub çəkinirdi. O, qışqırsa, İsmayılı dayandırmaq istəsə qazilərin ürəyindəki inama xal düşərdi. Özü isə hələ belə dərin çaylar keçməmişdi. O, fikirdə ikən Qara Piri bəy, Dədə bəy də atlarını İsmayılın dalınca sürdülər. Lələ də atını tərpətməli oldu və özünü elə danladı ki, “nədən qorxdun, niyə çəkildin, niyə özünü itirdin? Axı sən qılıncdan, nizədən, zəhərdən, qurulan torlardan qorxmamısan”.

Qızılqanadın təkcə yəhəri və yəhərdə möhkəm və inamla oturmuş İsmayıl görünürdü. Atın yuxarıya qaldırdığı başı suyu yarıb keçir, burun pərələrindən çıxan hava suyu ətrafa çiləyirdi.

Lələ də atını suya vurdu. O görürdü ki, Qara Piri bəyin atı Qızılqanaddan aşağıda, Dədə bəyin Alapaçası isə yuxarıda üzür. Onun da kəhəri çaya girdi və Lələ hiss elədi ki, atının ayaqları torpaqdan üzüldü, amma heyvan özünü itirmədi, suda üzməyə başladı. O, çayın ortasına çatanda artıq Qızılqanad qarşı sahildə dayanmışdı. İsmayıl üzünü Kürün o biri sahilindəki qoşuna tərəf tutub əli ilə işarə verirdi ki, qorxmasınlar, özlərini suya vursunlar.

İsmayılın bu qorxmaz hərəkəti bütün qoşunu Arandan Şirvana keçirdi. Qoşunun dalınca gələn kəl qoşulmuş arabaları da, içindəki sursatı da keçirmək lazım idi.

Bir anda yovşan iyi bürümüş Kür qırağı düzənlikdə, Kür qırağındakı Toğay meşəliyində çadırlar quruldu. Zamanın sahibi sərkərdələrini ətrafına yığıb məsləhətə başladı. Onun bədənində yüngül bir titrəyiş vardı. İlk dəfə Şirvan torpağına ayaq basmışdı. Bütün tale burada həll olunmalıydı. Bu titrətmə qorxu deyildi, namə’lumluqla qarşılaşmaq idi. Atasının qanı tökülən bu torpaqla ilk görüş idi.

– Sursatı keçirmək üçün Mahmudabada bir dəstə göndərmək lazımdı. Qoy gəmiçilərin hamısını bura gətirsinlər. Ağqoyunlu sarayının keçmiş vəziri Zəkəriyyə Keçəçini də mənim hüzuruma.

– O, bizə vaxtında yaxşı qulluq göstərib, – deyə Lələ dilləndi.

– Ərcivanda olarkən Şirvanşahın adamlarının Talış xanının yanına getməyi xəbərini o göndərmişdi.

Zamanın sahibinin isə öz fikirləri, öz ölçü-biçisi vardı. Əvvəla, Şirvanda məğlub olmayacağına tam əmindi. Yəqin eləmişdi ki, onun cəsədi də burada, ata və babalarının gömüldüyü torpağa basdırılmayacaq. Bundan ötəri onun dəlili vardı – Təbrizdən Fərrux Yasara heç bir kömək göndərilməyəcəkdi. Artıq Süleyman Bicanoğlu yoxdu. Əlvənd Mirzə özünü – laxlayan taxtını qorumağa çalışır, həm də atalar üçəcən deyib. Bu isə üçüncü yürüşdü. Əgər o Şirvanşahı məğlub eləsə Təbriz üstünə yeriyə biləcək. Zamana sahib olmaq üçün bundan yaxşı imkan ola bilməz. Ona görə də indidən dövlət işlərini qaydaya salmaq üçün bacarıqlı, bilikli, təcrübəli adamlar lazımdı. Onun ətrafındakıların heç biri isə vəzirliyə yaramır.            

– Lələ, mən belə başa düşürəm ki, Şirvanın sünnüməzhəb camaatını şiəliyə də’vət eləyib, razı olmasalar qan tökmək, bu Fərrux Yasarın qüvvələrini artırar. Biz hələ dözməliyik. Necə baxırsan bu işə?

– Mürşüdümüz çox düz buyurur. Şamaxı böyük şəhərdi. Oraya adamlarımızı göndərib başa salmalıyıq. Deməliyik bizim düşmənimiz camaat yox, Şirvanşahdı. Belə bir təklif onların çoxunu bizim tərəfə keçirər.

Axşam buludlar qızaranda, günəş qırmızı kürə kimi Muğan düzünün üstündə üfüqdə solğunlaşanda bir dəstə atlı düşərgəyə qayıtdı. Bunlar Şirvan düzündə yolları yoxlayan, kəşfiyyat aparan atlılar idi və onlar başında təsək, əyni cır-cındır içində dərvişə oxşayan bir adam tutub gətirmişdilər. Onun əlində iri bir torba vardı. Onu Lələnin yanına apardılar.

– Sən kimsən?

– Mən Şirvanşahın ilan tutanıyam.

– İlantutanı?

– Bəli.

– Neynirsən ilanı?

– Satıram, hörmətli ali zat.

– Neçəyə satırsan?

– İndiyə qədər ucuz satırdım. İndi baha satacağam. İllərdən bəri gəzdiyim əjdahalaşmış gürzəni tutmuşam. – İlantutanın əllərində, ayaqlarında neçə çapıq vardı.

Lələ təəçcüb elədi:

– Şirvanşah özü ilan ola-ola, o ilanları neynəyir?

– Əstəğfürulla, əstəğfürulla. Yavaş de bu sözü, səni də o ilanın yanına atar.

Lələnin qanı qurudu, əlinin üstündəki tüklər dümdüz dayandı. İlanla qarşı qarşıya gəlmək həmişə onun bədəninə üşütmə gətirirdi.

– Hanı bəs o əjdahalaşan gürzə?

– Bu torbadadı. – O torbanın ağzını açmaq istədi.

– Dayan. Bəs o gürzə səni çalmaz?

– Məni o qədər çalıblar ha, indi çalanda ləzzət alıram. Tiryək çəkmiş kimi sərxoş oluram. Sonra da hər ləzzət ötüb keçir.

Lələnin ondan zəhləsi getdi. Elə bu da ilan kimi bir şey idi.

– İlan səni çalsa elə ilanın özü ölər. Şirvanşah bu ilanı nə eləyir, məni bir əməlli-başlı başa sal.

Rəngi hindlilər kimi qara olan bu seyrəksaqqal adam kirli barmaqlarını uzadıb təsəyin altında keçəl, təzə tüklənən ördək balası dərisinə oxşayan başını qaşıdı.

– Şirvanşah ən qatı düşmənlərini belə ilanların yanına saldırır. Bundan yaxşı cəza? Bu gürzənin sorağını ona çatdırmışdım. Deyirdi onu tutub gətirsən sənə yüz tümən verəcəm. Deyir bu yanda, Ərdəbil tərəfdə onun çox qatı bir düşməni var. Ondan ötəri axtarırdı bu əjdahalaşan gürzəni. Bilirsən necə gözəl heyvandı, bu gürzə?

– Lap ceyran kimi, hə? – deyə Lələ kinayə ilə soruşdu.

– Ceyran nədi, canım. Bu ceyrandan min dəfə gözəldi. Bu da o qədər qalıb buynuz çıxardıb, o buynuzların arasında qapqara tük əmələ gəlib. Beləsinin dişi çatmağı ilə dəvənin süd kimi çürüməyi bir olur. Dəvənin əti, dərisi piltə-piltə olub tökülür. Belə zəhəri heç yerdə tapmaq olmaz.

– Aparın, bunu rədd eləyin. İlantutanı dartıb apardılar.

Lələ torbaya baxdı. Orada yatan ilanın iriliyi elə torbadan bilinirdi.        

– Bunu isə torbadan çıxarmamış yer qazıb basdırın.

Bütün bunlardan sonra o, Fərrux Yasarın İsmayıla hazırladığı ölümün dəhşətini dərk elədi, bədəninə soyuq tər gəldi.

Gecə Mahmudabaddan qayıdan dəstə ilə gəlmiş Zəkəriyyə Keçəçini səhər tezdən İsmayılın yanına apardılar. O, sarayda olan vaxt geydiyi paltarını geymiş, başına çalma bağlamışdı. Çadırdan girən kimi gənc İsmayılın qarşısında əyilib torpağı öpdü. Namaz qıldığı möhürü öpən kimi.

– Qalx, ey müdrik insan. Ağqoyunlular sənə nə deyirdilər, desinlər, mən sənə bir ad verəcəm: Azərbaycanın açarı.

Sonra onlar xeyli söhbət elədilər. Dövlətin quruluşundan, vergilərdən, maliyyədən, xəzinədən, qoşunun saxlanmasından, ölkənin abadlaşdırılmasından. Axırda Zəkəriyyə Keçəçi dedi:

– Ağacı içindən o qədər qurd yeyib ha, üfürsən yıxılar. Onun yerində təzə tingi əkilməsə bardan-bəhərdən əlinizi üzün. O ting isə zamanın sahibidir. And içirəm Allah təalanın birliyinə, o daş qoyduğu yerə, mən baş qoyacam.

Günortaya yaxın gəmiçilər, qayıqçılar da gəlib yetişdi. Sursatı daşımağa başladılar.

Alınan xəbərlərə görə Fərrux Yasar Şamaxıda yox idi, qoşun toplamaq üçün Qəbələ qalasına getmişdi. Onun qayıdacağı günə qədər elə bir döyüş meydanı seçmək lazım idi ki, orada yeddi min qazi Şirvanşahın yəqin onlardan qat-qat çox olan qüvvələrinin qabağında dayana bilsin, onu əzib pərən-pərən salsın. Pirsaat çayının yanı ilə gah dağlara, gah çay sahilinə enən yolla Şamaxıya qədər gəlib çatdı. Əvvəlcə şəhərə göndərilən dəstə adamları sakitləşdirmək istəmiş, amma burada çox az adam tapmışdı. Qızılbaş qoşunu bir qılınc çalmadan, bir ox atmadan, qədim Şamaxı şəhərinə girdi. İsmayıl atını bir-başa Cümə məscidinə sürdü və burda ilk dəfə namazda Həzrət Əlinin adını çəkdi. Namaz qurtarandan sonra o, sərkərdələrinin müşayiəti ilə şəhəri gəzməyə çıxdı. Bazarda bir inni-cinni yox idi. Arakəsmələr üstündə iri qırmızı qabıq gülöyşə narlar qalaqlanıb qalmış, bazar küp sınıqları, qab-qacaq, tərəzi gözləri, çəki daşları, mer-meyvə ilə dolmuşdu. Görünür camaat onların gəlişini eşidəndə hər şeyi atıb dağlara qaçmışdı. Təkcə karvansarayda qapıları bağlayıb qorxularından tir-tir əsən slavyan, Xarzəm, hind, ərəb və Təbriz tacirləri qalmışdı. İsmayıl onlara “aman” e’lan elədi, mallarını almaq üçün göstəriş verdi.

Onlardan biri qorxa-qorxa irəli yeriyib vacib bir məsələni demək istədiyini bildirdi.

– Buyurun, – deyə Lələ onu dinlədi.

– Bu karvansaraya yaxın yerdə bir zindan var, orada dustaqları saxlayırdılar, apara bilməyiblər. Üç gündü onlara mer-meyvəni, yeməyi bacadan mən atıram.

Onun göstərdiyi yerdəki zindanın qapılarını sındırıb məhbusları çıxartdılar. Bu vaxt seyrək saqqalının uzanan təkəm-seyrək tükləri sinəsinə çatan bir arıq adam özünü Lələnin üstünə atıb onun ayaqlarını qucaqladı.

– Qurbanın olum, ay Lələ. Nə yerdə dadıma çatmısan. Lələ xeyli baxandan sonra Səfəri tanıdı.

– Bu sənsən?

– Mənəm, başına dönüm.  

Lələ də onu qucaqladı.

– Səni bəs kim tutub bura salıb?

– Əbih Sultan. Məni tutdurandan sonra özü qaçdı.

Dərvişlər də buradadı. Biri ömrünü sənə bağışladı. Qalanları da budu.

Lələ də Cibo Səfərin tapılmağına sevindi. Həm canı qurtarmışdı, həm də onların Şamaxını yaxşı tanıyan öz adamları vardı.

Qarşıda iki dağ dayanmışdı. Hər ikisi qızılı rəngdə idi. Otlar, kollar... Ağaclar saralmışdı. Bu dağlardan biri qala divarının bürcündə dayanan İsmayıla daha yaxın idi. Ona Pirdirəyi deyirdilər. Döşündən dolanan cığır yuxarıya, üstündə ağ bir tikili görünən yerə qalxırdı, həm də düyünlənə-düyünlənə, əyilə-əyilə qalxırdı. O cığır nəhəng, bədheybət pəhləvanın atdığı kəmənd kimi ağ tikiliyə-pirə ilişmişdi və aşağı sallanmışdı. Pəhləvanın o kəməndi çəkməyə artıq taqəti qalmamışdı.

Pirdirəyinin günbatan tərəfində isə onun yarısı enində, onunla bir hündürlükdə Qız qalası dağı yüksəlmişdi. Onları biri-birindən dar bir dərə ayırırdı. Dərənin başı üstündə qayalar qartal dimdiyi kimi yaxınlaşmışdı, amma toxunmamışdı. Qız qalası dağının zirvəsində əzəmətli qala ucalırdı. O, Şirvanşahların indiyə qədər heç bir düşmən tərəfindən alınmayan Gülüstan qalası idi. İsmayıla elə gəldi ki, o ağ bürclər kinayə ilə güldüyündən Fərrux Yasarın açıq qalmış dişləridir.

Ona bir əfsanə də danışmışdılar. Həmin əfsanəyə görə Gülüstan qalasından Şirvanşahlardan hansınınsa oğlu kəmənd atıb, gecələr o kəmənddən tuta-tuta Pirdirəyinə keçir və orada vəzirin qızı ilə görüşürmüş. İndi Pirdirəyindən qalaya kəmənd atıb qoşunu ora keçirmək olmazmı? Yox, bu mümkün deyil. Gülüstan doğrudan da alınmaz qaladır. Yaxşı ki, Fərrux Yasar orada yoxdur. Qoşunu da Pirqulu dağındakı Nağaraxanada, bir də Qız meydanındadır. Onları açıq döyüşə çağırmaq lazımdır. Yoxsa heç bir şey hasil olmayacaq. Fərrux Yasar orada gizlənsə onu heç cür o daş yuvadan çıxarmaq mümkün olmayacaq.

İsmayıl döndü və gördü ki... Yox, gördüklərinə inanmadı. Bu ola bilməzdi. O birisi bürcdə, ondan on beş, iyirmi addım kənarda onun elə özü dayanmışdı. İkinci bir İsmayıl. Bu nədir? Onu qaramı basır? Hamını sehrlədiyi yerdə özü sehrəmi düşüb? Əynindəki paltar da, üzündəki niqab da, belindəki kəmər də eynidir. Olmaya bu ruhdur, qaraçuxadır, nədir? İsmayıl yaxınlaşdı. Öz əksinə yaxınlaşdı. Elə bil güzgüdə görürdü. Yox, bu boyda güzgü ola bilməzdi. Bir də axı güzgüdəki əks adamın düz gözlərinin içinə baxır. Bu isə üzünü döndərib.

– Ey şəxs, sən kimsən?        

O dönüb baxdı və heç nə demədi.

– Səninləyəm, mənə cavab ver.

– Mən İsmayılam.

Bu ola bilməz. O yuxuda deyil və hər şeyi aydın görür. Odur, qala divarının qotur daşı ilə bir balaca kərtənkələ qaçdı. Gülüstan qalasının üstündə isə, dağlarda topa, ağ buludlar görünür. Bir dəstə göyərçin uçub Cümə məscidinə tərəf keçdi. Bunlar hamısı həqiqətdi, hamısı ayıqlıqdı. Yuxu ola bilməz, heç ola bilməz.

– Bəs mən kiməm?

– Sən də İsmayılsan. Biz ikimiz də bir adamıq. Heydər oğlu İsmayıl.

– Bu necə ola bilər?

– Elə belə. Burada təəccüblü heç nə yoxdur.

Lələ İsmayıla bir üz alma kimi oxşayan Xızıra elə dərs vermişdi, onu elə öyrətmişdi, elə təlqin etmişdi ki, o artıq öz adını unutmuşdu və özünə İsmayıl demişdi. Düzdür, onda hökmdarlıq, şeyxlik ruhunu, əqidəsini qüvvətləndirməmişdi. Bunun ziyanı xeyrindən çox ola bilərdi.

Lələ bu oxşarlıqdan daha bir məqsəd üçün istifadə etməyi lazım bilirdi. Şair İsmayılın qəlbində kin və küdurət yox idi. O, ölüm hökmlərini verməyəcəkdi. O hökmlər lazım olan yerdə Lələ ikinci İsmayıldan-Xızırdan istifadə edəcəkdi. Lələ İsmayılın dalınca qala divarının üstünə çıxanda onları yanaşı gördü və sirrin açılmağı onu çıxılmaz vəziyyətdə qoydu. Artıq İsmayılla Xızır üz-üzə dayanıb söhbət edirdilər. Lələdən başqa onları biri-birindən çox az adam ayıra bilirdi. O, tez Xızırın qolundan tutub çadıra apardı.

– Soyun bu libası. Sənə kim icazə verib ki, çadırdan çıxasan?

– Özüm istədim.

– Özün çox şey istəyirsən. Bizi elə pis günə salarsan ki, sonra özümüzü düzəldə bilmərik. Mən dediyim kimi.

Geri qayıdıb əsl İsmayılla üz-üzə dayandı. Heydər oğlu İsmayıl Lələdən soruşdu:

– Bu nə mö’cüzədi, Lələ?

– Soruşma, mürşüdüm.

– Yox, mən bilməliyəm.

Lələ ona sirri açmağa məcbur oldu. O, İsmayılın qəzəblənəcəyini gözləyirdi, amma qəzəb yox, onda mülayim bir əhvali-ruhiyyə əmələ gəldi.

– Sən nə tədbirlisən, Lələ? – dedi.

– Ayrı əlacımız yoxdu.

Bu vaxt bir mürid içəri girdi və Lələyə dedi:   

– Lələ bəy, Şirvanşah Qəbələdən qayıdıb, Qaleyi Buğurdla Gülüstanın arasında – Cəngi meşəsindədi.

– Qoşunu çoxdu?

– Bəli, bizdən çoxdu.

– Qorxma, şir ürəkli müridimiz. Hər müridin qəlbində aslan yatıb, o aslan əqidəmizdi. Bu söhbəti də heç yerdə yayma.

– Oldu!

– Sən mürəxxəssən.

O, İsmayılla bir fikrə gəlməliydi. Şamaxı onların əlindəydi. Şəhərdə qalıb Fərrux Yasarın hücumunu, mühasirəsini gözləmək onlar üçün ölüm demək idi. Şəhərdə heç bir azuqə yox idi. Suyun yolunu da onlardan yaxşı bilirdilər. Çatan kimi o suyu qurudacaqdılar. Tezliklə Şamaxıdan çıxmalı, döyüş üçün əlverişli yer seçməliydilər. Bu yeri isə o tapmışdı. Pirsaat çayının sağ sahilində, Pirquludan başlayıb uzanan dağ silsiləsi Cəbani kəndi yanında qurtarır, təpəliyə çevrilirdi. Cəbaninin üstündə geniş düzənlik vardı. Oradan Nağaraxanaya, Qız meydanına, aşağıdakı Şamaxıya yol vardı. Haradan qoşun gəlsə bu düzə qalxmaq üçün dağa dırmaşmalıydı. Belə bir vəziyyətdə onlar üstünlük əldə edəcəkdilər. O, bu fikirlərini İsmayıla danışdı və onun gözəl sifətindəki ifadə razı olduğunu söyləyirdi.

– Yaxşı fikirləşmisən. Bəs Fərrux Yasar qalada gizlənməyəcəkmi?

– Bu qədər qoşunu o qalada gizlətmək üçünmü gətirib? Gizlənməz. O bizim də qüvvəmizdən xəbərdardır yəqin. Ona görə meydan müharibəsinə çıxacaq. Qalada gizlənsə, Şirvan əhlinin gözündən düşər.

– Bu da düzgün fikirdi. Nə vaxt tərpənməliyik?

– Qaranlıq düşən kimi.

Qızılbaş sərkərdələri – Dədə bəy də, Qara Piri bəy də, Bayram bəy də, İlyas bəy də, Xadim bəy də, Əbdi bəy də onun fikri ilə razılaşdılar, hava qaralan kimi, qızılbaş qoşunu şəhərin gündoğan darvazalarından çıxıb Cəbaniyə yol aldı.

Cəbani düzündə payızın qızılı rənglərini yazda olduğu kimi yenə də qırmızı rəng əvəz elədi. Elə bil lalələr açmışdı. Qızılbaş qoşununun on iki ləçəkli atlas çalmaları lalələrə bənzəyirdi və bir azdan bu lalələrin çoxusu solacaqdı, amma qırmızı rəng daha da artacaq, taxılı biçilmiş bu düz al qırmızı boyanacaqdı və yəqin ki, hələ neçə illər bundan sonra da orada xışla torpağı çevirib dən səpməyəcəkdilər.

Qədim qəbiristanlıqla üz-üzə dayanan təpədə ağ çadır qurulmuşdu və orada qırmızı qızılbaş bayrağı dalğalanırdı. İsmayıl burada idi. Aşağıdakı düzdə isə qoşunun ehtiyat hissələri düzülmüşdü. Yuxarıda isə ön dəstələr səf çəkmişdi. Lələ bəy sərkərdələrlə yanaşı dayanmışdı. Onlar sağ tərəfdəki Qız meydanında göründülər. Ora Şirvan qoşunlarının məşq yeri idi. Qarşıda Pirqulu dağı görünürdü, oradakı Nağaraxanada Şirvanşahın qoşunu cəm olmuşdu və hərdən bir əsən meh o qoşunun yanında çalınan qara zurna və nağaranın sədalarını gətirib çıxarırdı. Bu sədalar döyüşə çağırış demək idi.

Cəbani düzündə qızılbaş qoşunu dayanmışdı. Ortada Dədə bəyin varsağı tayfası, sağ cinahda Qara Piri bəyin sərkərdəliyi ilə qacar tayfası, Solda Əbdi bəyin Ərzincandan, Ağbabadan gətirdiyi rumlu, şamlı, Ağbaba igidləri düzülmüşdü. Bayram bəy Qaramanlının Qaraman igidləri ikinci cərgədə, Məhəmməd bəy Ustaclının tərəkəmələri ilə yanaşıydı. Bir sözlə bütün yeddi tayfa ilk dəfə burada birləşib eyni məqsəd ilə qanlarını tökməyə hazır idi.

Xadim bəy Xulafanın Talış və Biyəpiş atlıları təpənin arxasında pusquda dayanmışdı.

Döyüşdən qabaq söz aşıqların idi. Qopuzlarını, sazlarını sinələrinə sıxan aşıqlar qoşunun qabağında gəzişib oxuyurdular. Onlardan birinin səsi daha gur, zənguləli idi. O varsaq igidləri qarşısında varsağı oxuyurdu. 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info