Qonaq Kitabı
ÇUXUR SƏƏD SƏFƏRİ

Başındakı sədəf rəngli buzlaqlar parlayan dağların əhatəsinə kainatın ən böyük zümrüdü düşmüşdü. Bu zümrüd yaz günəşinin altında parıldayırdı, qırçınlanırdı. O, zümrüd üzüklərdəki, taclardakı, qolbağ və bilərziklərdəki, xalxal və bazubəndlərdəki zümrüddən daha zərif rəngdəydi. Onun közəlliyini heç bir şeylə müqayisə eləmək mümkün deyildi. İsmayıl çadırın qabağında dayanıb bu gözəlliyə baxırdı. Ayağı altına isə təbiətin elə bir xalçası salınmışdı ki, onu ayaqlamağa insanın ürəyi gəlmirdi. Zümrüddən daha yaşıl otların arasında sarı çiçəklər bitmişdi. Beş ləçəkli bu qaymaq çiçəklərinin ləçəklərini təbiət-zərgər ən son həddə qədər cilalamışdı. Çox xırda, barmaqlar arasına götürmək mümkün olmayan, rəngi göylərdən mavi çiçəklər açmışdı.

Ağ çadırdan bir az yuxarıda qar xarlayıb qalmışdı. Və rəngi elə bu çadır kimi, İsmayılın mindiyi Qızıl qanad kimi ağappaq idi, ayrı-ayrı danələri parıldayırdı. O qar topasının aşağısında sarımtıl rəng vardı. Qar əridikcə damcı-damcı sular torpağa hopurdu və elə buradaca novruzgülü iki nov yarpağının arasından qalxıb boylanırdı.

Onun ürəyində misralar dolanmağa başladı.

Qış getdi, yenə bahar gəldi,

Gül bitdivü laləzar gəldi.

Elə gözəl bir gün, elə gözəl təbiət, elə gözəl əhvali-ruhiyyə vardı ki, insanın qəlbinə zərrə qədər də pis fikir gəlmirdi. Tale də yaddan çıxmışdı, düşdüyü xətalar da, başına gələn müsibətlər də, irəlidə onu gözləyən işlər də.

Həyatda, dünyada hər şey niyə belə gözəl və həmahənk deyil. Dünyanın bir tərəfinə belə gözəllik, o birisi tərəfinə səmum yelinin göylərə qaldırdığı qum tufanları düşür.

Lələ isə bu gözəlliyi görmürdü. Bu yaşıllıqdan, çiçəklərdən, bahardan xəbər tutmamış kimi qırmızı, üstündə mamır da bitməmiş qayanın dibindəki buğlanan, isti gölməçənin kənarında oturub fikrə getmişdi və hərdən bir yerdəki ağ, kövrək daşları suya salır, onların qaynamağına baxıb tullayırdı.

Yaz gələn kimi o məsləhət görmüşdü ki, Ərcivandan tərpənsinlər. Orada düşərgənin yerini hamı bilirdi və hər gün sui-qəsd gözləyirdilər. Həm də üz-üzdən utanır. Rumlu və şamlı tayfalarına özləri dəyib müridlərin sayını artırmalıydılar.

Ölkənin, səltənətin iki yerə bölünməsi nə qədər ağır və acı olsa da, onların məqsədə çatmağını asanlaşdırırdı. Əlvənd Mirzə güclü deyildi. Fərrux Yasar da təklənmişdi. Yenə də onların fikri ilk dəfə Şirvan üstünə yerimək idi. Bunun üçün də şərait yetişmişdi.

Ərcivandan tərpənməmişdən əvvəl o, müridlərin arasında sağ gözü titəlini axtarmış, bu nəm-nişanda səkkiz nəfər tapmışdı. Onların arasında isə Şirvanşahın göndərdiyini ayıra bilməmiş, əvvəl hamısını e’dam elətdirmək istəmiş, amma İsmayıl onların hamısına aman vermiş, müridlikdən çıxarmaqla kifayətlənmişdi.

Çox da böyük olmayan dəstələri artıq Göyçə gölünün kənarındaydı. Qarabağı adlamış, Tərtər çayının vadisi ilə isti sular qaynayan Dəlidağa gəlmiş, Sarı yer yaylağından Göyçə gölünün sahilinə çıxmışdılar. Buradan isə Cığın vadisi ilə Çüxur Səədə enəcək, Arazı keçib Ərzincana gedəcəkdilər.

Artıq Əyricə yaylağına köçlər düşmüş, alaçıqlar qurulmuşdu.

Lələ birdən bir məsələyə məəttəl qaldı. Onun suya saldığı yüngül, kövrək, ağ daşlar qayaya dəyəndə yapışıb orada qalırdı. Bu ki, mö’cüzədi. O, yenə də daşı isladıb baxdı. İsti su dəyən kimi ağ daşda köpük əmələ gəlirdi. Daşı qayaya tulladı. Bu da yapışıb qaldı. Daşı suya batırmamış atdı, qayaya yapışmadı.

Geri qayıdıb İsmayılın yanına gəldi. Onun yenə də şe’r aləminə cumduğunu görüb dinmədi. Arxada dayanıb qollarını qoynuna qoydu. Əyricə yaylaqlarına tərəf baxdı. Yaşıl təpələrin üstündən göyümtül dağ görünürdü və o dağın yamaclarında qar şırımları yuxarıya getdikcə nazilən ağ, iti dişlər kimi dayanmışdı. Aşağıdakı təpələrdə sürülər, ilxılar görünürdü. Düzənlikdə isə yaz yerdə işaran bulaqların qarışıb artırdığı ilan kimi əyri, gümüş kimi parıltılı bir çay axırdı, həmin çayın da hər iki tərəfində baldırğanlıqlar görünürdü. Buraya axşam çatmışdılar. Düşərgə qurmuş, yatıb dincəlmişdilər. Bu gün də atlarını yemləyib, dinclərini alandan sonra səhər yola düşəcəkdilər.

İsmayıl dönüb Lələni gördü.

– Lələ,

Qış getdi, yenə bahar gəldi,

Gül bitdivü laləzar gəldi.

– Bəli, mürşüdüm. Təbiətin bahar, günahsız vaxtıdır. Dünyanın ən acizi olan gül-çiçəklərin belə xətrinə toxunmur təbiət.      

– Gözəl yerlərdi. Bu hansı dəryadı?

– Bu Göyçə gölüdür. Suyunu bulaqlardan alır. Bu isə bal kimi şirindi. Onun Tirrix[1] balığı kimi dünyada dadlı balıq yoxdu. Ondan xeyli tutdurmuşam. Amma daha bir mö’cüzə də var.

– Nədir o möcüzə?

Lələ İsmayılı isti gölün kənarına gətirib daşın qayaya yapışmağını danışdı, göstərdi.

– Doğrudan da mö’cüzədir.

– Bu mö’cüzəni isə zamanın sahibinə Allah təala əta eləyib.

O, bu mö’cüzədən istifadə eləməyin yolunu öyrənmişdi. Uzun yolda yorulub deyinənlər, Şirvana yox, yolu özgə səmtə çevirəndə narazı qalanlar vardı ki, onları inandırmaq lazım gəlirdi. Bu fikrini İsmayıla danışandan sonra geri qayıtdılar. O, müridlərin arasında olan Dədə bəyi, Qara Piri bəy, Xadim bəy Xulafanı, Bayram bəy Qaramanlını çağırtdırdı. Hər on müriddən birini ayırmağı tapşırdı. Mö’cüzə baş verəcəyini dedi. Amma sirri onlara da açmadı.

Hər on nəfərdən biri ayrılıb isti gölün kənarına gələndən sonra, o üzünü bu adamlara tutub soruşdu:

– Daş-daşa yapışar?

– Yox, – deyə Dədə bəy cavab verdi.

– Düzdür, bir-birindan ayrılan daşların hələ yapışdığını heç kəs görməyib. Amma zamanın sahibi burada sizə möcüzə göstərmək istəyir. Daş qayaya yapışacaq. Mən ürəyimdə bir niyyət tutmuşam. Bu niyyət də ondan ibarətdir ki, əgər mənim götürüb o qayaya atdığım daş dəydiyi yerə yapışıb qalsa, onda bizim getdiyimiz niyyət baş tutacaq və bizim zəfər sancağımız hər yerdə dalğalanacaq.

Hamı təəccüblə ona baxırdı. Lələ əyilib yerdən bir ağ daş götürdü. Burada ağ daşdan qeyrisi də yox idi. Dua oxudu, onu suya salıb nələrsə dedi, sonra çıxaran kimi qayaya atdı və o daş yapışıb qayada qaldı. Heyrət nidaları eşidildi.       

– İndi o daşdan birini Dədə bəy atsın. Dədə bəyin atdığı daş da yapışdı.

Lələ dedi:

– O qayaya yapışanlar isə zamanın sahibinin atdığı daşlardı. Qara Piri bəy də, Xadim bəy də, Bayram bəy də daşlarını atsınlar, gedin hamıya danışın. Gətirib hamıya göstərin. Nəbadə ora daş atasınız.

– Baş üstə, baş üstə, – deyə səslər eşidildi. Müridlərdən biri dedi:

– Niyə atmayaq?

– Zamanın sahibi belə buyurub.

Onu yoldaşları dürtmələyib susdurdular. Hamısının kefi duruldu. Qızılbaş ağsaqqalları isə İsmayılın yanına qayıtdılar. Bu mö’cüzənin tə’sirindən danışdılar. Ona dualar elədilər.

Bu vaxt müridlər bir nəfəri sürüyə-sürüyə gətirdilər. Lələ soruşdu:

– Deyir ilxıları buraxıb otlaqlarımızı otarırsınız. Bilmir ki, bu kimin atlarıdı.

Lələ bəy əmr etdi ki, onunla işləri olmasın, onu mehribanlıqla dilə tutdu:

– Sən kimin adamısan?

– Mən?

– Bəli.

– Sultan Hüseyni tanıyırsan?            

– Yox tanımıram. – Lələ doğrudan belə adam tanımırdı.

– Necə? Göydən-zaddan gəlmisən? O kişi bu yerlərin ağasıdır.

– Elə göydən gələn kimiyik. Bu Sultan Hüseyn kimlərdəndi?

Qaraqoyunlu hökmdarı Cahan şah Həqiqi vardı ha, Allah ona min rəhmət eləsin, onun dost-doğma nəvəsidi.

– Biz də qonağıq, torpaq basdı haqqını verərik.

– Onun heç nəyə ehtiyacı yoxdu. Çəmənlərini tapdamısınız. Belə şeydən xoşu gəlmir.     

Lələ məsələnin ciddiliyini başa düşürdü. Cahan şahın nəvəsi indiyə qədər Ağqoyunluların əlindən qurtarıb qalıbsa güclü adamdır. Yəqin ki, köhnə kin-küdurət hələ də onun ürəyində qalıb. İndi də əlinə imkan düşəcək, düşmənçiliyini eləyəcək. Axı Şeyx Heydər də Cahan şah öldürüləndə iştirakçı olub. Bunu da bilməmiş deyil. Ona görə də buradan tez uzaqlaşmaq məqsədəuyğun olar. Lələ Sultan Hüseynin adamlarına pul verdi. Özünə də dedi:

– Gedərsən ağanın yanına, deyərsən burada köç salan zamanın sahibidi. Allah onu yer üzünə göndərib. Heç bir qüvvə onun qarşısında dayana bilmir. Vaxtı varsa onun ziyarətinə gəlsin. Yoxsa gec olar. Yaxşı, de görüm Sultan hüseynin mülkləri hardan haradı?

– Mülkləri çoxdu. Bu Cığın dərəsinin başında onun ata-baba kəndi var, Qaraqoyunlu. Oradan da o yana Çuxur Səədə qədər nə qədər kəndləri var, bu qədər də yaylaqları.

– Yaxşı, indi get, mən deyəni çatdır.

– Baş üstə.              

Demək onların keçəcəkləri yollar onun mülkləridir. Buna görə də işlər çətinləşirdi. Amma bilmək olmaz. Bəlkə də İsmayılın Ağqoyunlular əleyhinə olduğunu bilsə, fikrini dəyişər, ona kömək eləyər. Hər halda qazdan ayıq olmaq lazımdır.

– Ya mürşüdüm, mö’cüzə göstərdiyin yerə ad qoymalıyıq.

– Ad. Tut niyyəti, at daşı.   

– At daşı!

Onların qayaya daş atdıqları yerin adı “At daşı”[2]* qaldı.

Gün əyiləndə Sultan Hüseynin adamları gəldi. Onlar uzaqda atdan düşdülər. Piyada gəlib Lələnin qabağında baş əydilər.

– Biz Sultan Hüseynin adamlarıyıq. Onun yazdığı naməni sahibi əz zamana gətirmişik.

– Özü gələ bilmədimi?

– Özü tədarük görür.            

Lələ naməni almışdı. Diqqətlə onların sifətinə baxdı.

– Nə tədarük?

– Onun mülklərinə bu cür müqəddəs qonaq gəlib. Bir sürü qoç kəsdirir. Xörək hazırlatdırır. Axşama hamınızı qonaq çağırır. Bayram eləmək istəyir. Sultan Hüseynin bu gün qaşqabağı açılan gündür. Xəbəri eşidən kimi gülümsədi. Hələ onun gülümsəməyini heç kim görməyib.

“Onun qaşqabağı niyə tutqundu? Nə üçün qaraqabaqdı? Bunun səbəbi nədir?” Həyat Lələni elə imtahanlara çəkmişdi, elə sınaqlardan keçirmişdi ki, o artıq heç kimə, heç nəyə inanmırdı. Çox vaxt xoş təbəssümdən, ürəkdən qopan gülüşdən belə şübhələnirdi. Hələ sifətini görmədiyi Qaraqoyunlu hökmdarlarının qohumlarından da şübhələnməyə başlamışdı, qaraqabaq adamın gülməyi onu heç açmırdı.

O, elçiləri İsmayılın yanına aparmadı. Çadırın ağzında, keşikçilərin yanında gözlətdi. Özü girib naməni İsmayıla oxudu. Yavaş səslə oxuyurdu eşitməsinlər.

Sultan Hüseyn Pərani naməsində İsmayıla öz itaətini bildirir, onu zamanın sahibi kimi, əsl Təbriz taxtının padşahı kimi tanıdığını yazırdı. Çox böyük nəzakətlə onu öz obasına-Sultan yurduna[3] də’vət eləyirdi.

– Sənin məsləhətin nədir, – İsmayıl Lələdən soruşdu.

– Nə dostun, nə düşmənin al dilinə aldanmaq olmaz.

Qonaqlığa Piri bəylə, Bayram bəy getsinlər. Dədə bəy qalsın, mən də qalacam, Xadim bəy qalsın. Üzr istəyib deyərlər zamanın sahibi soyuqlayıb. Gələ bilmədi.    

Belə də elədilər. Çeşt vaxtı Piri bəy Qacarla Bayram bəy Qaramanlı yüzə qədər mürid götürüb Sultan Hüseyn Pəraniyə qonaq getdilər. 

Onların atlarını tutdular. Özlərini bu qonaqlıq üçün tikilmiş iri mağar evinə çağırdılar. Süfrədə quş südü də tapmaq mümkün idi. Baş tərəfdə sol ayağını qatlayıb, sağ dizini qaldıran, iri gözlərindən nə desən oxunan Sultan Hüseyn oturmuşdu. Deyəsən bu gözlər kimi isə hərisliklə axtarırdı. Amma istədiyini tapmadığına görə heç kimə marağı qalmamışdı. Laqeydliklə “xoş gəlmisiniz” dedi. Qonaqlar oturdu. Piri bəyi isə onun yanında oturtdular.

– Bəs mən zamanın sahibini görmürəm axı.

– Zamanın sahibi laməkandı. O həm burdadı, həm də burda deyil. O eyni vaxtda iki yerdə görünə bilir.

– Necə, necə?

– Bəli, bunu bütün ölkə bilir. Nə yaxşı xəbər tutmamısan? – Kötük kimi möhkəm, gur səsli Qara Piri bəy cavab verdi.

– Xəbər indi tutmuşam, indi də bizi saymadı.

– Ay Sultan Hüseyn, onun pişvazına hökmdarlar gəlib, görməyib geri qayıdırlar. Bu gün bir möcüzə göstərib. Bundan sonra o heç kəsə görünmür.

– Nə möcüzə?

– Daşı atır daşa, yapışır biri-birinə.

– Elə şey olmaz.

– Şahidi bizik, – müridlər də bir yerdə səslərini qaldırdılar.

– Yəni bu İsmayıl Şeyx Heydərin oğlu deyil?

– Bəli – deyə Bayram bəy başladı – Məhəmməd Əleyhəsalam

peyğəmbəriydi, atası peyğəmbər deyildi ha. Özünə də peyğəmbərlik nə az, nə çox, qırx yaşında əta olunmuşdu. Düzdü, ya düz deyil?

– Düzdü, – Sultan Hüseyni də belə tezlikdə inandırmaq çox çətin iş idi. O belə bir günü çoxdan axtarırdı. Babasını öldürmüş Uzun Həsənin nəvəsi gəlib onun torpağına çıxmışdı. Köhnə qan intiqamını almaq onun ən müqəddəs arzusu idi. Amma heç vaxt fikirləşməzdi ki, belə bir imkan düşəcək. Belə fürsəti isə heç cür əldən vermək fikrində deyildi.

– Yaxşı, indi zamanın sahibinin məqsədi nədi?            

Qara Piri bəyin gur səsi eşidildi.

– Onu biz bilmərik. Ona vəh yuxuda gəlir. O vəhdə nə buyurulubsa, o da elə hərəkət eləyir. Bircə onu bilirəm ki, üzünə bağlı qapı yoxdur. 

– Yaxşı, bismillah eləyin.    

Hamı “bismillah” deyib yeməyə girişdi. Sultan Hüseyn Pərani də uzun, iri, kök barmaqlarını sinidə təpə kimi qalanmış, qarlı dağa oxşar plova endirib bir tərəfini uçurdu, iri-iri tikələri əli qabdan ayrılmamış açılan yekə ağzına apardı. Bu yeməyi o İsmayılın ehsanı kimi ürəkdən, cani dildən və iştahla yeyirdi. “Eybi yoxdu, qoy o gəlməsin, səhərə yaxın onu öz çadırına büküb gətirmək mənə borc olsun. Qurban olum tanrının işlərinə heç kimi heç kimə borclu qoymur. Səbri çox genişdi. Hərləyir, fırlayır, gətirib məqamı yetişdirir”.

Onun ata babasını qaraqoyunlu sultanı Cahan şah öldürüb. Uzun Həsən taxta çıxanda o, Əmir Teymurun nəvəsi Sultan Əbu Səidin sayəsində taxta çıxmağa çalışsa da bacarmamış, nəhayət, onun yolu kəsilib əsgərləri xəstəlikdən və aclıqdan öləndə adamlarını yığıb aradan çıxmış, var-dövləti, xəzinəni yığıb Çuxur Səəd tərəfə qaçmışdı.

Göyçə gölü yaylaqlarından Ağrı dağının vadisinə enən çayın lap başlandığı yerdə kiçik bir kənd salıb adını da Qaraqoyunlu qoymuşdu. Vedidən buraya ensiz bir cığır qalxırdı. Kəndin ətrafında qala, istehkam qurulmamışdı. Nəhəng bir qayanın kölgəsinə sığınan kənd elə qala kimi möhkəm idi. Kənddən yuxarıya qalxanda isə dağların piyaləsində gözəl bir göl insanı heyran qoyurdu. Bu göl isə onların qətl yeriydi. Düşmənlərini diri-diri bu gölə atardı. Ona görə də gölün adı “Qanlı göl” qalmışdı.

Vedi çayının başlanğıcında Kolanlı tayfasına yer vermişdi, onlar kənd salmışdılar. Burada oturaq həyat keçirən köçəri tayfası Ağqoyunlulardan qaçaq düşən qoluydu. Yayda heyvanlarını yarım mənzillik yoldakı Əyircə yaylaqlarına qaldırar, qışda buraya endirərdilər.

Aşağılarda isə Camışbasan, Məngük, Dəhnəz, Qarabağlar adlı kiçik kəndlər vardı. Atla bir günorta yol sürəndə Ağrı dağının ətəyindəki Çuxur Səəd düzənliyi başlayırdı ki, burada da Vedi kəndi vardı. Amma onun ixtiyarı bu yerlərə çatmırdı. Vaxtilə Şərqin yarısını tutan Əmir Teymurla baş-başa gələn Qaraqoyunluların son nəsli kiçik bir çay vadisinə sığınmışdı.

Bütün bunları fikirləşəndən sonra Sultan Hüseyn öz-özünə dedi:

Fil ən böyük heyvandı. Siçan da dünyanın ən gücsüz məxluğudu. Ancaq fil onun əlində acizdi. Qulağına girib onun beynini didib dağıdır. Bu gün bayram günümüzdü. Babam Cahan şahın heyfini nəvəsi onun düşməni Uzun Həsənin nəvəsindən alacaq. O zamanın sahibini qanlı gölə atıb boğmaq mənim boynuma.

Gecə düşmüşdü. Qonaqlıq qurtaranda o qızılbaşları çıxıb özü yola saldı. Təpənin üstündən uzaqda iri tonqallar qalanmış İsmayılın düşərgəsinə baxdı.

“Eybi yoxdu, işığının sönməyinə çox qalmayıb”-dedi.

O bütün obalardakı əli silah tutan adamlarını yığmış, dərənin birində hazır olmağı tapşırmışdı. Səhərə yaxın, yuxunun şirin vaxtı atları çapıb çadırlarda yatanları qılıncdan keçirəcək, İsmayılı diri tutacaqdı.

– Həmin gecə Sultan Hüseyn yatmadı. Tonqalların sönməsini gözlədi. Tonqallar isə sönmək, öləzimək bilmirdi. Dan yeri sökülməyə başlayanda o atına süvar oldu.

– Ya Allah, səndən mədəd, – deyib atını sürdü.

Çadırlara çatanda onun adamları qıyya çəkə-çəkə çadırların tənəflərini doğramağa başladı. Tənəf kəsiləndə çadır yatır, içəridəkilər oradan çıxmağa macal tapmır. Özü isə İsmayılın ağ çadırına cumdu. Qılıncla çadırı doğrayıb özünə yol açdı. İçəriyə düşən tonqal işığında heç nə görmədi. Qurulu çadırların heç birində bir ins, bir cins yox idi.

Lələ hazırlığını çoxdan görmüşdü. Qonaq gedənlər qayıdan kimi çadırlar boyda qaladığı tonqallara təzədən odun atdırıb bələdçinin dalınca sakitcə Vedi çayının vadisinə enib sür’ətlərini artıraraq Çuxur Səədə tərəf çapmışdılar. Aldandığını görən Sultan Hüseyn bığlarını çeynəyir, qılıncla çadırın dirəyini doğrayırdı.

Çadırın qapısı açıq idi. Keşikçilərin arasından qəribə bir mənzərə görünürdü. Böyük bir çiçəklik idi. Elə çiçəklik ki, heç Göyçə gölü kənarından geri qalmırdı. Amma orada hər şey zümrüd rəngindəydi. Burada isə bütün düzənlik və təpələr qırmızı rəngdə lalədən başqa heç nə görünmürdü. Bu laləlikdə bir cəhlim düşmüşdü. Kimsə o laləliyi pozub onun dərinliyinə getmişdi.

Lələ görürdü ki, İsmayıl təbiətin gözəlliyindən cuşa gəlir. Ona görə də onun çadırını elə qurdururdu ki, yalnız təbiət gözəlliyi görünsün.

Kağızmandan, Ərzincandan keçib Sarıqaya yaylaqlarına gəlmişdilər. Bura elə bir yerdi ki, bütün Rum elinin qızılbaşları buraya yığılırdı. Artıq xeyli vaxtdı burada məskən salmışdılar. Bütün qızılbaşlar toy-bayram eləyirdilər. Tayfa başçıları onların yanına gəlir, qoşun toplayır, səfərə hazırlaşırdılar. Çadırın qabağındakı laləliyə isə heç kim toxunmamışdı. Bu gözəlliyi İsmayıl üçün qoruyub saxlayırdılar. Laləlik qurtaran yerdə isə haça qaya qalxmışdı, o qayanın haçasından isə şəlalə tökülürdü.

Bəs birdən-birə bu cəhlimi-laləlik arasında bu cığırı kim açdı? İsmayıl özünü saxlaya bilməyib çadırdan bayıra çıxdı. Lələ bəy onun yanında yox idi. Keşikçilər isə heç nə demədilər. İsmayıl laləliyin arasındakı cəhlimlə xeyli getdi. İri laləliyin qırçınlanan ləçəkləri arasında şeh piyalədəki bulaq suyu kimi dayanmışdı. Ləçəkləri düşən lalələrin iri xaşxaşları görünürdü. Lalələr o qədər hündür idi ki, onlar İsmayılın qırmızı qızılbaş çalması ilə bərabər dayanmışdı. O, yeriyir, cəhlimdə heç kimi görmürdü. Bu cəhlim çayın kənarına çatanda şəlalənin çaya dönüb axdığı dərə göründü! O dərəyə neçə yerdən bulaqlar qarışırdı. Bulağın birinin başında isə lalə içində itmiş bir məxluq oturmuşdu və İsmayıl onun kim olduğunu ayıra bilmədi. Yavaş-yavaş yaxınlaşdı.

Bulaq yerdən qaynayırdı. Suyun axını qum boyda qızıl danələrinin qumu, çınqılı qaldırıb onlarla oynayır, göllənir, axıb nilufərlərin arası ilə gedirdi. O suda lalədən libas geyinənin şəkli görünürdü. İsmayıl onun sifətini elə suda gördü. Ona iri qara gözlər baxırdı. O gözlərin üstündə qara qaşlar çatılmışdı. Yanaqlarına isə elə bil lalə yarpağı yapışdırmışdılar.

– Sən kimsən ay qız?

Qız başını qaldırıb suda əksini gördüyü gözəl oğlana baxdı və gülümsədi. Amma heç nə demədi.

– Mən sənin adını soruşuram. Eşitmirsən məni?

– Zamanın sahibi adımı bilmir?

Bu qız da elə İsmayıl yaşda idi.

– Mən zamanın sahibiyəm. Sənin adının sahibi deyiləm.

– Adım, Bəhruzədi.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info