Qonaq Kitabı
ƏRCİVAN SƏFƏRİ

Ölkənin əhalisi iki tərəfə ümidlə baxmağa başlamışdı. O tərəflərdən biri Təbriz idi, Əhməd idi ki, vergiləri azaltmışdı, bu görünməmiş iş idi, kasıb-küsüb üzünü tutmuşdu Təbrizə və ona dualar tökürdü. Amma bu qanun Təbrizdən kənara çıxmamışdı. Çünki, Əhməd padşahın ətrafındakı osmanlı qoşunlarının əsas vəzifəsi Təbrizi əldə saxlamaq, cavan şahı qorumaq idi. Əyalətlərə göndərilən fərmanlar isə yenə də əmirlərin əlinə düşürdü. Təbriz sarayında o əmirlərə verilən syürqal yarlıqları, fərmanları e’tibarsızdır deyə yandırılan kimi, əyalətdəki əmirlər də şahın fərmanlarını boş kağız parçası kimi yandırır, qara camaatdan istədikləri vergiləri toplayır, bir az da qüvvətlənirdilər. Çünki onları topvergiyığanlar birbaşa əslində ixtiyardan salınmış əmirlərin anbarlarına yığırdı. Qara camaat şahın fərmanını eşitmişdi, ona görə də axın-axın kəndlərini, el-obalarını atıb Təbrizə axışırdılar. Birdən-birə Gün doğandan – Ərdəbildən bir səs ucaldı:

– Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim.

“Zamanın sahibi peyda oldu” xəbəri də hamıya çatdı. Əvvəl onları bir ümid yarıdırdısa, indi artıq ikinci ümid ortaya çıxmışdı. İndi hara üz tuqacaqlarını da bilmirdilər.

Ədalət gətirib onları ağır yükdən xilas eləməyə çalışan padşahın yanına, yoxsa yer üzündəki bütün ədalətsizlikləri məhv eləməyi, zülmkarları məşhər ayağına çəkməyi özünün əsas məqsədi e’lan eləyən zamanın sahibinin yanına... Hamı başını itirmişdi. Belə qarışıq, iki ümid arasında dayanıb çaş qalan vaxtda ən fərasətlilər, özlərinin bir məqsədi olanlar daha çox qazanc götürə bilərdi.

Camadarla dəllək Əbih Sultanın soyuq tərini isti buxarla müalicə edəndən sonra özünə gəlmiş, təzədən ondan isti tər açılmış və fikirləşmişdi ki, üçüncü soyuq tərə qədər onun ömrü var və bu müddətdə bildiyini etməlidir.

O, bu iki ümidin heç birindən yaxşılıq, xeyir gözləmirdi və onların hər ikisini məhv eləməyin planlarını tökməyə başladı. Yenə də “namaza” dayandı.

– Ya tanrı, məni heç vaxt naümid qoymamısan. İndi də mənə ağıl göndər. Elə bir ağıl ki, Əhməd padşahı da, zamanın sahibini də aradan götürməyə çatsın. Bilirəm ki, onların ikisi də güclüdür. Heç birinə qarşı qoşun çıxarmaq olmaz. Əvvəla mənim qoşunum yoxdur. Rüstəm Mirzənin xəzinəsindən başqa məndə heç nə qalmayıb. Əhməd padşahı qoşunla heç vaxt məğlub eləmək olmaz. Onun arxasında elə qüdrətli bir hökmdar dayanıb ki! Zamanın sahibinə qarşı da gedə bilmərəm. Bəs necə eləyim? Bu iki qüvvəni biri-birinə salmaq necə? Yox, o da alınmayacaq. Əhməd padşah Ərdəbil tərəfə qızılbaşların üstünə qoşun göndərməyəcək, çünki İsmayılı o güclü qüvvə hesab eləmir. Əyalət hakimlərinə tapşıracaq, onlar da qorxularından ona qarşı güc göstərməyəcək. Bəs kimə arxalanmaq olar? Ey ulu tanrım, mən səndən nə qədər də razıyam. Sənin köməyinlə tapdım. Şirvanşah Fərrux Yasar. Bu məqamda onnan başqa ikinci bir qüvvə bu iki axının qabağını almağa qadir deyil. Birincisi Fərrux Yasar Rum sultanının Təbrizi tutmağına yəqin ki, tez bir zamanda Şirvanın istilası və şirvanşahların aradan götürülməsi kimi baxır. İkinci tərəfdən Təbriz taxtı onun yaxın qohumlarının əlindən çıxıb. Təzədən Ağqoyunluların qanı yad qana qarışmamış şahzadələri, ya Əlvənd, ya Murad Mirzəni taxta çıxarmaq üçün əlindən gələni eləyə bilər. Bu işdə ona kömək lazımdır. Çünki onun yanında mənim qədər ağıllı siyasətçi yoxdur. Axı o bilir ki, Bəysunquru taxtdan mən salmışam, döyüşdə mən məğlub eləmişəm. Bunun əvəzini mənə qaytarmazmı? Yox, inanmıram. Nə Bəysunquru qaytarmaq olar, nə də Sultan Yaqubu. Bundan sonrakı işlərdə isə onun ən yaxın köməkçisi olan Əbih Sultan, onun qohumlarını Təbriz taxtına qaytarır. O, dünya görmüş qocadı.

O ki qaldı qızılbaşlara, onlar Fərrux Yasarın ən qəddar düşmənləridir. İsmayılın öldürülməyi üçün bütün xəzinəsindən keçər.

– Tapdım çıxış yolunu yenə. Ey ulu tanrı, sən mənim ağlımı həmişə belə kəsərli, qılıncımı iti, atımı yüyrək elə.

Payız yağışlarla başlamışdı. Pirsaat çayının iki tərəfində ovulmuş, min illərlə sellər-sularla yuyulmuş, yayılmış, o dənəvər torpağa çevrilmiş təpələrdə təzədən göy otlar cücərirdi. Yağış təzəcə dayanmış, qara yun əlçimi kimi uzanmış buludlar keçib aşağıya, Kür üstünə getmişdi. Bu təpələrdən indi yuyulmuş, təmizlənmiş, toz altından çıxmış yovşanın ətri gəlirdi. Atlı cilovu buraxıb sonsuz-bitkisiz təpələrin arasındakı cığırlardan aşağıya– Pirsaat çayının vadisinə enirdi.Baba dağından başlayıb Şamaxı yanından keçən çay burada torpağı neçə yerdən qılınc kimi kəsmiş, özünə yol açmışdı. Atlı dayandı, qarşısında, vadilə çayın sol sahilində uca minarə görünürdü. Əlini sifətinə çəkib salavat çevirdi. Bura Pirhüseyn Xanəgahı idi. Gün aşağılara əyilmişdi. Günün qızıl xəncərlərə oxşayan şüaları buludların arasından keçib yerə sancılmışdı. Qalan hər tərəf bulud idi və belə görünürdü ki, bu buludlar tezliklə çəkilib gedəcək.

Kürün Cavad bərəsindən adlayan atlı yolda narın yağışa düşüb sümüklərinə qədər islanmışdı və Xanəgahı görəndən sonra sevindi. Üst-başını qurudacaq, gecələyəcəkdi. Özü də möhkəm acmışdı.

At da elə bil yaşayış məskəni gördü və addımlarını yeyinlətdi. Yol kənarlarında cücərən yaşıl otlar o qədər kiçik idi ki, onları qırpa bilməmişdi.

Atlı xanəgahın həyətinə girəndə burada çoxlu dərviş, tacir, cürbəcür yol adamları gördü. Yəhərdən düşdü. O, rübənd salmışdı və gözlərindən başqa onun sifəti görünmürdü. Atı yedəyinə alıb hər iki tərəfi mavi kaşılarla bəzənmiş darvazadan içəri girdi, xanəgahın içərisinə girən kimi sağ tərəfdəki qapı minarəyə qalxırdı, sol tərəfdə hovuz vardı və onun yanında bir neçə at bağlanmışdı. O da atını bağladı, tərpənişlərindən xanəgah xidmətçilərinə oxşayanlara tapşırdı ki, atın qabağına arpa töksünlər. Özü də yemək üçün hara getməyi öyrəndi. Karvansaranın yanındakı hücrələrdə adamlar yeməklə məşğul idi. O da oturdu. Piti, plov yedi, sonra isə xanəgahın ibadətgahına girib buradakı qəbirləri ziyarət elədi. Ondan qabaqda dayanıb ibadət eləyən, eyni vaxtda namaz qılan ona tanış gəldi. Ancaq harada gördüyünü fikrinə gətirə bilmədi. Qara örtük çəkilmiş qəbrin üstündə yanan şamların titrək işığında bu adamın kürəyini və boynunun ardını görürdü. Bir də ki, bu dünyada o qədər adam görmüşdü ki, onlarla üz-üzə, göz-gözə gəlməmək üçün sifətini örtmüşdü.

Elə oldu ki, qabaqdakı adam namazını və ibadətini qılıb qurtarandan sonra çıxdı, o isə hələ də fikirləşirdi.

Tanıya bilməmişdi.              

– Necə eləyim? Buradan çıxıb Şamaxıya yol alımmı? Gecədir, yolları da tanımıram. Qaçaq-quldura rast düşərəm birdən.

O, ibadətxanadan çıxanda gördü ki, qarşısında həmin adam dayanıb.

– Axşamın xeyir, Əbih Sultan.

Bu Cibo Səfər idi və Əbih Sultanı gözlərindən tanımışdı. Əbih Sultan onu indi tanıdı və əvvəl boynundan atmaq istədi.

– Məni kiminləsə səhv salırsan.

– Yox. Neçə dəfə mənə pul vermisən. Demisən ki at al, libas al. Cibo Səfərəm də, Murad bəy gətirmişdi ha “Səkkiz behişt” sarayına.

– Hə, hə, indi tanıdım. Amma mənim kim olduğum barədə bir kəsə də bir kəlmə demə, oldu?

– Bu nə sözdü? Mən çox ağzıbütöv adamam. Soruşmaq ayıb olmasın, hara belə?

– Heç özüm də bilmirəm. Bəs sən hara?

– Mən də neçə illər yad ölkədə dolandım, indi görürəm, yox. “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”. Daha qocalmışam, istəyirəm qohum-əqrabanın yanında ölüm, onların çiynində gora gedim. Görürəm ki, yad danası tutanın axırda çatısı əlində qalır.

Əbih Sultan onun dediklərinə, yanmış, qaralmış sifətindəki xırda göy gözlərinə inandı. İnandı ki, onun qəlbi artıq qızılbaşlardan qırılıb,ümidlərini itirib, geri dönür.

Amma Cibo Səfər məqsədini ondan gizlədirdi. Hamıdan gizli saxlamalıydı o məramı. Çünki onu Şamaxıya Lələ göndərmişdi. Oradakı dərvişlərə qızılbaşların sözlərini çatdırmalıydı, “Zamanın sahibinin” gəlməyi xəbərini yaymalıydı. Budur, yenə də Əbih Sultanla qarşı-qarşıya gəldi. Onlar gəlib hücrədə oturdular. – İndi haradan gəlirsən?

– Haralarda olmadım ki? İsfahanda, Şirazda. Gördüm yox, əl vermir. Heç kimi tanımıram, heç kim də məni tanımır. Bir gün küçədə öləcəm, it kimi sürüyüb atacaqlar bir dərəyə, üstümü torpaqlayacaqlar.

Əbih Sultan cibindən bir kisə də pul çıxarıb onun cibinə qoydu.

– Götür. Mən sənə demişdim ki, qızılbaşlara uyma, onlar şiə, sən sünnü. Sənə sahib durmayacaqlar. Arada bir sözümdən çıxdın. İndi gəlirsən də mən deyənə.

– Düz deyirsən, başına dönüm. 

– Onda mənə Şamaxıya qədər yoldaşlıq eləyərsən?

– Niyə eləmirəm. Elə mən də yoldaş axtarırdım. –Cibo Səfər məmnuniyyətlə razı oldu.

– Mən İsfahan körpüsünü çox xoşlayıram.

– Hansı körpünü? 

Əbih Sultan indi başa düşdü ki, Cibo Səfər ona yalan deyir. Nə İsfahanda olub, nə də Şirazda. Üstünü vurmadı. Demək onu qızılbaşlar göndərib.

– Səfər, eşitmisən, sahibi zaman zühur eləyib.

Səfərin rəngi bir az dəyişdi.

– Rəngin niyə qaçdı?

– Sahibi zaman zühur eliyəndə adamın gərək qanı qaçsın. Rənginə nə var ki. Harada zühur eləyib?

– Ərdəbildə. İsmayıl zamanın sahibi kimi ortalığa çıxıb. Xəbərin var?

– Yox, eşitməmişəm. Sən onlara elə sitəm çəkdin ki, bir də özlərinə gələlər?!

Onların söhbəti xeyli çəkdi. İkisi də biri-birilərini başa düşdülər, amma üstünü vurmadılar və özlərini elə göstərdilər ki, guya heç nədən şübhələnmirlər. Sonra Səfər əsnədi, yatmaq bəhanəsilə çıxdı və onunla gələn, ancaq guya onu tanımayan dərvişlərdən birini darvazadan çölə çıxarıb başa saldı ki, o geriyə qayıdıb Əbih Sultanın Şamaxıya getdiyini xəbər versin.

Həmin gecə Əbih Sultan da yatmadı. Obaşdan yuxudan oyanan Cibo Səfər onu tapa bilmədi.

Qızılbaşların min beş yüz nəfərlik dəstəsi Ərdəbilin yanında düşərgə salmışdı. Lələ təzədən şəhər valisi Əli bəy Cəyirlinin yanına adam göndərdi, qızılbaşları şəhərə buraxmağı tələb elədi.

Əli bəy Cəyirli Rüstəm Mirzədən sonra yüksəlmişdi, Ərdəbil valisi olmuşdu. Onun bacarığına, çevikliyinə, igidliyinə görə arxayın olmuşdular. Həm də Ərdəbil elə bir yer idi ki, orada hər adam baş çıxara bilməzdi. Çünki Şeyx Səfiyyəddin piri ölkə içində ölkəydi və bu ölkə Ərdəbilin içərisinə düşmüşdü. Müridlər Rüstəm padşahın vaxtında da bura axışırdı. O müridlərin isə öhdəsindən gəlsə Əli bəy Cəyirli gələ bilərdi. Əli bəy bir tərəfdən də Ağqoyunlu şahzadəsi Əlvənd Mirzə ilə qohum olduğuna görə Əbih Sultanı saraydan uzaqlaşdırmışdı. Əlvənd Mirzəni Rüstəm Mirzənin yerinə keçirəcəyindən şübhələnmişdi. Ərdəbilə göndərməklə onun başını qarışdırmışdı.

Əli bəy də Əlvənd Mirzəni yanında saxlayır, məqam gözləyirdi. Rüstəm Mirzə öldürülüb yerinə Gödək Əhməd paşa keçəndən sonra onlar hər an fürsət axtarırdılar. Əlvənd Mirzə taxta çıxmalıydı. Onun bircə rəqibi var idi: Murad Mirzə. İndi kim tez tərpənsə, həmin şahzadə taxta oturacaqdı. Əhməd padşah isə hələlik taxtda oturmuşdu və öz islahatları ilə məşğul idi. Birdən-birə bu müridlər çıxdı meydana. Əli bəy məsələdən xəbər tutan kimi şəhərin darvazalarını bağladı. Onun kifayət qədər qoşunu da vardı, İsmayılın kiçik dəstəsinin üstünə gedə bilərdi. Qorxurdu. Bir ondan qorxurdu ki, sahib zamanın mö’cüzəsi onu daşa döndərər, ya başına başqa oyunlar açar, ikincisi də qorxurdu ki, döyüşçüləri şəhərdən çıxan kimi İsmayılın tərəfinə keçərlər, o isə Əlvənd Mirzə ilə tək-tənha qalar. Onları şəhərə buraxmağa da qorxurdu. Onu tutub yerində öz adamlarını oturdarlar, bütün var-yoxunu talan eləyərlər, Əlvənd Mirzənin burada olduğunu bilsələr onların hər ikisini götürüb apararlar.

Qapılar bağlanandan sonra şəhərin camaatı küçə və meydanlara, qala bürclərinin üstünə qalxıb uzaqdan da olsa, İsmayılı görmək istəyirlər. Əli bəy Cəyirlinin hərəkəti onların hamısını pərt eləmişdi. Şeyx Səfiyyəddin türbəsində gündə üç dəfə ehsan yeyən adamların heç biri şəhər hakimindən acgözlükdən başqa bir şey görməmişdi, istər-istəməz İsmayılın tərəfində idilər. Şəhərdə uğultu artırdı. Fərraşlar da görürdü ki, bu adamların qabağında heç bir qapı dayanmayacaq.

Bu vaxt dağın üstündəki çadırların yanında yüyəni və yəhəri alışıb-yanan bir ağ at göründü və bərkdən kişnədi. Bunu görən şəhər əhlindən bir “vaveyla”, “şaxsey-vaxsey” nidası qopdu ki, gəl görəsən. Hamı bilirdi ki, zamanın sahibi ağ atın belində “peyda” olacaq.

Amma Mehdi sahibi zaman üçün heç bir hasar, darvaza, sədd olmamalı idi. O hamısını keçməlidir. Bu isə elə atın üstündə dayanıb baxır.

– Canım sənə qurban, ey xilaskarımız.

– Çox özündən çıxma, sahib zaman hələ bir şəhərə sahib dura bilmir, - deyə kimsə dilləndi və yüz yerdən onun başına qapaz endi. Bir də gördülər ki, o sözü deyən ayaq altında pamal olub.

Əlvənd Mirzə Əli bəy Cəyirliyə dedi:

– Bəlkə qoşunu çıxarıb onları şil-küt eləyək?

– İnanmıram. Onlar o tərəfdən, qara camaat da bu tərəfdən başlasa işlər fəna olar.

Camaat darvazalara tərəf axışdı. Keşikçilər axını görüb qaçıb gizləndilər. Və qapıların arxasına keçirilən tirləri çıxarıb onları taybatay açdılar. Axın dağa tərəf getdi, yoxuşu çıxana qədər xeyli çəkdi. İsmayıl ağ atın üstündə oturub onlara baxırdı və birdən-birə Lələ başa düşdü ki, bu adamlar ehtirasdan atı da, İsmayılı da tikə-tikə eləyə bilər, özü qabağa çıxdı, əllərini yuxarı qaldırdı:

– Xamuş! -deyə qışqırdı.

Axın yoxuşu çıxanda yorulmuş, təngnəfəs olmuşdu. Hamı dayandı. Lələ onlara müraciətlə başladı.

– Ey əhli Ərdəbil, üzünüzə gün doğan gündür. Şeyx Səfiyyəddinin ocağından dünyaya gələn sahibi əz zamanı ilk dəfə siz görmüsünüz. O, sizin bütün günahlarınızı, o günahlar ki, o dünyada inkir-minkir dindirib hamısına görə sizdən cavab tələb edəcəkdi, onları bağışlayır. Özünüz gördünüz ki, sahibi zaman qarşısında qapılar özü-özünə taybatay açılır. Necə ki, Ərdəbil qapıları açıldı. İndi biz hamımız Şeyxin türbəsində namaz qılmağa gedirik və xoşbəxtlikdən pişnamazımız zamanın sahibi olacaq.

Minlərlə adam göz yaşını leysan kimi tökür, hönkürtü səsi qayalarda əks-səda verirdi.

– Xamuş, – deyə Lələ yenə onları sakitliyə də’vət elədi. Səslər kəsiləndən sonra o sözünü dedi. – Zamanın sahibi ilahinin bizə göndərdiyi paydı. O, o qədər pak və təmizdir ki, biz dünyanın bütün günahlarına batmış əllərimizi ona toxundursaq, o yenə də qeybə çəkilər və bütün ümidlərimiz alt-üst olar. Ona görə də hamını xəbərdar edirəm, heç kim üç qulacdan artıq sahibi zamana, onun atına yaxın gəlməsin.

Ey camaat, sahibi zamanın peyda olmasının şahidi mən olmuşam. Qarşınızda dayanan qızılbaş bəyləri olub. O bəylər ki, indi burada dayanıblar. – Lələdən arxada Dədə bəy, Bayram bəy və Rüstəm bəy Qaramanlılar, Xadim bəy Xulafa, Qara Piri bəy Qacar siyirmə qılıncla dayanmışdılar və indi onların hamısı qırmızıgöz Həzrət Abbas cildindəydilər. Onların arxa tərəfində ayaqlarını götürüb qoyan atın yəhərində oturan, Sultanəli kimi ağ libaslı, qızılbaş çalmalı və sifətinə rübənd salınmış İsmayılı tərpədirdi.

– Göydən vəh gəldi. O şe’r şəklində gələn vəhi eşitmisiniz. 

Yer yox ikən, göy yox ikən ta əzəldən var idim,

Gövhərin yekdanəsindən irəli pərgar idim.

 

Gövhəri ab eylədim, tutdu aləmi sərbəst,

Yeri, göyü, ərşi-kürşü yaradan Səttar idim.

Adamlar dərvişlərin dilindən eşitdikləri bu şe’ri dinlədikdən sonra təzədən “şaxsey-vaxsey”, “ya Hüseyn, va Hüseyn”-deyə qışqırır, əllərini dizlərinə və başlarına vururdular. Bu qapazların ritmik səsi dağı-daşı titrədirdi. Lələ əlini qaldırdı, hamı sakitləşdi.

– Sizə zamanın sahibinin peyda olmağından danışıram. Elə ki, bu vəh şe’r şəklində zamanın sahibinin dilindən qopdu, məni də, qızılbaş ağsaqqallarını da titrətmə tutdu. Başımızda tüklər qalxdı. Amma bu harasıdı. Bir də gördük ki, bir at kişnəyir. Elə bir dəli kişnərti var ki, olmayan kimi. Hamımız məəttəl qaldıq. Zamanın sahibi gülümsədi və bizi öz arxasınca evdən eyvana çıxartdı. Hardansa peyda olan ağ at ki, indi onu görürsünüz, çapa-çapa bizə tərəf gəldi. Zamanın sahibini görən kimi sağ qolunu qatlayıb yeri eşdi, başını əyib qul kimi dayandı. Hamıya mə’lumdur ki, sahibi zamanı gözləyən millətimiz hər yerdə ağ atlar alıb yəhərli-yüyənli saxlayırdılar. Bunu görən dünya malına hərislər cəhənnəmin qır qazanında bişəcək. Vicdanını itirmiş vücudlar o atların qiymətini də qaldırmışdılar. Amma zamanın sahibinə bazardan alınan at lazım olmadı. Bu qızıl yəhərli, qızıl yüyənli köhlənin özünü xəlqüaləm göndərib. Harda yerə endiyi də mə’lumdur. Lahicanda qayalar var ki, orada heç keçi də gəzə bilmir. Kim getsə, o qayaların başında bu müqəddəs köhlənin ayaqlarının izini görər. İndi o qayalıqlar ziyarətgaha çevrilib.

Lələnin sözlərindən sonra şaxsey-vaxsey təzədən başladı. Haradansa bir dəstə ağ kəfənli peyda oldu. Deyəsən bunları Lələ özü ayırmışdı. Müridlər idi, ağ kəfən geymişdilər. Əllərindəki qılıncları yavaş-yavaş alınlarına endirdilər. Elə vururdular ki, o qılınc dərini kəsirdi, amma kəllə sümüyünə çatmırdı. Bir anda onların əyinlərindəki ağ kəfənlər qana bulandı.

İsmayıl Lələnin danışdıqlarına qulaq asır, onun məharətinə məəttəl və heyran qalırdı. Bu məharət sərkərdə hünərinə oxşayırdı. Qalaları, şəhərləri almaq istəyən sərkərdə öz əməlini həyata keçirmək üçün hər cür hiyləyə, yalana da əl atır. Amma istədiyinə çatır. Lələ də bu atın peyda olmasını elə danışır ki, bu an İsmayıl da ona inanmağa başlayırdı. Yəqin ki, nə vaxtsa özü də belə danışacaq. Yoxsa bu ümidi yığılan insanlara inandırmaq olmaz. Əgər desə ki, atı Lahicanda Mirzə Əlinin ilxısından seçib, özünə də xeyli tə’lim keçmişik, onda kimin qəlbində ümid qalar? O qığılcım sönüb gedər. Qara camaatın da, qızılbaşların da ümidləri alt-üst olar.

– Biz qeybdən gəlmiş köhlənə Qızılqanad adı vermişik. O, ayaqlarını yerə döydü. Bir anda bütün qızılbaşlar atlandı. Amma hara gedəcəyimizi bilmirdik. Çünki zamanın sahibinin divan edəcəyi-məzlumların haqqını tapdalayan, halalı harama çevirən, dünyanı cəhənnəmə döndərən məxluqlar hər yerdə var. Amma Qızılqanad bizi gözümüzü açıb yumana qədər Ərdəbilə çatdırdı. Bu üç-dörd mənzillik yol idi.

Zamanın sahibi buyurdu ki, onun böyük səfəri, ölkədə xeyiri şərdən, işığı zülmətdən, yaxşını pisdən, acını şirindən ayırmaq üçün başlayacağı səfər Ərdəbildən, Şeyx Səfi türbəsindən başlayacaq, ona görə də Qızılqanad oraya tələsir. Xamuş, sakit olun, zamanın sahibinin mübarək səsini eşidin.

Başlara dəyən qılınclar, sinəyə dəyən ağır zəncirlər, ağızlardan, burunlardan çıxan nəfəslər dayandı. Bütün güc qulaqlara keçdi. Onun hər sözünü eşitmək istəyirdilər. İsmayıl rübəndini qaldırmadı.Tülün arxasından dumanlı gördüyü insanlara üzünü tutdu.

– Ey aciz və fəqir insanlar!

Hamı onun sinəsində məlahət hiss elədi. O səsdəki məlahətdən də qat-qat artıq, əldə imkanları olsa bir-bir bu sözləri tutub sapa düzər, ürəklərinin başında gəzdirərdilər.

– Allah təala hamını eyni gözdə görüb. Hamıya iki göz verib görsün, iki qulaq verib eşitsin, hamıya iki əl verib işləsin, amma hamıya bir ürək verib, bir ağız verib yesin. Bunun əvəzində insanlar nə eləyir? O gözlər ki, görmək üçündü, onları döndəriblər mə’dəyə, o mə’də isə həmişə acdı. Acgözlük bir insanı başqasının varına, dövlətinə, canına qəsdə sövq eləyir. Qulaqlar eşidir. Amma o qulaqlar xoş xəbəri yox, pis xəbəri ürəklərə daha tez çatdırmağa öyrəşib. O əllər ki, Allah təalanın hədiyyəsidi, onunla yer əkmək, ağac bitirmək, dünyanı cənnətə çevirmək üçün ə’ta olunub, o qılınc götürür, qanlar tökür ki, həmişə göydə olmalı, göylərdən xoşbəxtlik və kərəm diləməlidir, haram mala uzanır, oğurluq eləyir, özgəsinin malına və canına qəsd eləyir. O ürək ki, özgəsinin dərdini duymağa görə verilib, məzlumun göz yaşından, yer üzünü tutan bədbəxtlikdən sıxılmır. Kif bağlayıb o ürəklər. Təmizləyin o ürəkləri.

Yuxuda babam Həzrət Əli gözlərimdən öpdü, mənə dedi ki, tanrı səni zamanın sahibi kimi yer üzünə göndərir, birinci o ürəkləri təmizlə. Əgər o ürəklərdə xılt, natəmizlik varsa, yenə də insanlar Allah göndərdiyi rüzunu yox, qurd kimi bir-birilərini yeyəcəklər.

Mən gəlmişəm o ürəklərdəki kifi, xıltı təmizləyəm. Hansı ürəkdə xəbislik, kin-küdurət, ləkə, naqislik var, o insanlar özlərindən küssünlər.

 Neçə nəfərin ürəyi gedib yıxılmışdı. Birinin ağzından köpük daşlanır, ağzı-gözü əyilirdi və heç kim ona fikir vermirdi. Çünki əvvəla ona fikir verməyə heç kimin vaxtı və imkanı yox idi, ikincisi də onu belə görənlər daş-qalaq eləyirdilər. Demək ürəyi naqisdir ki, zamanın sahibinin sözlərinə dözməyib, ürəyi keçib.

Əli bəy Cəyirli camaat çıxandan sonra darvazaları bağlatdırmışdı. Arvadlara da hay indi çatmışdı, onlar da qala bürclərinin üstündəydi, oradan enib “şaxsey-vaxsey” deyə-deyə darvazalara hücum çəkirdilər. Keşikçilər nə qədər qılınclarını şaqqıldatdısa da bir şey çıxmadı.

Ağ atın ətrafında o qədər adam vardı ki, nə ot, nə kol, nə daş, nə torpaq görünürdü. Birdən bu təpələr elə bil hərəkətə gəldi. Axın şəhərə tərəf tərpəndi və sonra onların arasından bir yol açıldı, həmin yolla üstündə İsmayıl oturmuş Qızılqanad Ərdəbilə tərəf gəlməyə başladı.

Rəngi kəfənə dönmüş Əli bəy nə edəcəyini bilmirdi. Nə darvazalar, nə silah, nə şəhər hakiminin hökmü kömək eləmirdi. O görürdü ki, bu elə qüvvədir ki, doğrudan da zamana sahiblik eləyə bilər. Qarşısında heç bir səd-filan dayanmır.

Əlvənd Mirzə də onunla bərabər qorxu içində canlarını hara qoyacaqlarını bilmirdilər. Bir azdan bu axın yerisə nəinki onları, sığındıqları bu evləri, eyvanları tikə-tikə, kərpic-kərpic qoparıb toza döndərərdi. Onlar bayaqdan eyvandan baxırdılar, adamlar tərpənəndə artıq dayana bilmədilər və geri çəkildilər. Əlvənd Əli bəyə dedi:

– Yaxşı ox atanların varsa çağır. Zamanın sahibini vursun.

– Zamanın sahibinə ox batar?          

– İnsan deyil?

– Bilmirəm.

Adamlar qala qapısına çatanda qıyya çəkən arvadlar fərraşların üz-gözlərini dırnaqları ilə al qana boyayıb darvazaları açdırdılar. Çöldəkilər də necə cumdularsa, bu ağır, dəmir, yoğun cəftəli qapıları dartıb cəftədən çıxartdılar, hay-küy, qışqırıq qopdu. Qapının altında qalıb əzilən, qol-qıçı sınan, ölən də vardı. Amma onlara heç kəs baxmırdı.

İsmayıl Qızılqanadın yüyənini çəkdi. Hamı dayandı.

– Qaldırın o qapıları, o fağırlara kömək eləyin, şəhidləri Darül İrşada gətirib imam övladları kimi dəfn eləyin.

Qapıları qaldırdılar. Ölənləri götürdülər. Çiyinlərində açıq qalmış qapıdan Darül İrşada tərəf aparmağa başladılar.

Artıq Əli bəy Cəyirlinin fərraşları da işi belə görüb camaata qoşuldular.

İnsanların fəryadları, fəci nidaları damlardan içəriyə torpaq tökürdü. Amma bu fəryadlar imam tə’ziyyəsindəki tük ürpədən ağlaşma deyildi. İndi hamı sevindiyindən ağlayırdı, sevincindən başını yarır, sevincindən yanaqlarını cırır, sevincindən saçlarını yolur, əyinlərindəki paltarlarını cırırdılar.

Birdən bu yüksəkliyin, ekstazın, müqəddəsliyin təzahürünün yanında xoşa gəlməyən bir iş oldu ki, o hər şeyi korlaya bilərdi. Lələnin dediyi kimi, qeybdən keçi çıxa bilməyən qayalara düşən, orada ayaq izləri qoyan, həmin ayaq izləri ziyarətə çevrilən Qızılqanad bütün atlar kimi yolda təsləməyə başladı.

Bütün müsəlman aləmində müqəddəsləri özgö cür tanıyıblar. Onların hətta çörək yeməyinə də inanmayıblar. Zamanın sahibinin mindiyi atın təsləməyi bu adamları onlara qarşı çevirsə, qızılbaşların birində bir salamat tikə qalmaz. Deməli, qızılbaşlar onları aldadıb, müqəddəs hisslərilə oynayıb.

Yaxşı ki, İsmayılı atla bərabər qızılbaş müridləri dövrəyə almışdı, hamının da fikri öz canının hayındaydı. Lələ bunu gördü, bir an fikirləşdi və tez kaftanının üstündən geydiyi əbanı çıxarıb atın tərkinə atdı. Nə üçün belə elədiyini də bəlkə heç kim bilmədi.

Əli bəy Cəyirlinin çağırdığı sərrast oxatan kamanı, oxu, oxqabı ilə gəlib çıxdı. Ucaboy, heyvərə bir adam idi. İri, uzanıb altına qapqara çirk dolmuş dırnaqlı əlini döşünə qoydu.

– Mən qulluğunuzda hazır, Əli bəy.

– Nədi sənin adın, igid?

– İsmim Nurquludu.             

– Nuru qulu, necə ox atırsan?

O, dönüb eyvandan baxdı, oradan meydan, adamlar, Şeyx Səfinin dəfn olunduğu Darül İrşad görünürdü. Darül İrşadın günbəzinə bir ağ göyərçin qonmuşdu.

– Ağa, o pirin üstündəki göyərçini görürsən?

Əli bəy əlini qaşına qoyub xeyli baxdı. Darül İrşadın günbəzi ona kölgə kimi görünürdü. Amma öz qəbahətini Nurquluya açmadı.

– Görürəm. Ağ göyərçindi , qara da gözləri var.

– Çox düzdü. Dimdiyinin üstündə buruna oxşayan deşiyi də görürsən? 

– Görürəm.

– Mən oxu onun burnunun deşiyindən də keçirərəm, gözündən də. Hansını istəyirsən?    

Əli bəy gördü ki, o doğrudan da öz işinin ustasıdır. Şübhə yeri qalmadı. Ona bircə ox lazım idi. Haradan atıldığı da bilinməsin. Yoxsa o adamlar onun tikəsini qulağından da kiçik eləyərlər.

– Zəhərli oxun varmı?

Nurqulu hırıldadı.

– Zəhərli oxu o adam gəzdirir ki, onun öz gözünə, əllərinə e’tibarı yoxdu. Haradan dəydi, dəydi. Ölümcül olmasa da oxdan yaralansa da, zəhərdən ölsün. Mən hələ o qədər qocalmamışam. Gözlərim görür,əllərim də əsmir.

– Çox yaxşı. Onda mənə de görüm günbəzdən aşağıda - yerdə nə görürsən?

– Çoxlu adam görürəm. Bütün Ərdəbil oradadı, nə yaxşı sən getməmisən, Əli bəy?

– O sənin işin deyil. Daha nə görürsən?

– Ağ at görürəm.

– Üstündəki ağ paltarlı adamı necə?

– Görürəm.

– O kimdi?              



 
[1] [2] [3] [4] [5] [6] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info