Qonaq Kitabı
“MÖCÜZƏ”

Lahicanda, Mirzə Əlinin geniş, üstü kirəmidli, pəncərələri şəbəkəli evində üç nəfər iri mitəkkələrə dirsəklənib oturmuşdu: – Mirzə Əli, Lələ, bir də İsmayıl. Hər üçü pərt idi. Gödək Əhmədin Təbriz taxtına çıxması xəbərini təzəcə almışdılar. Amma heç biri dinib danışmırdı.

Mirzə Əli titrəyən barmaqları ilə Qur’anın vərəqlərini çevirib dodaqaltı oxuyurdu. Onun əlləri də, dodaqları da, bədəni də, barmağı ilə bir tərəfindən tutub qaldırdığı vərəq kimi əsirdi. Onun oxumağından hiss olunurdu ki, özünü ələ almaq, səbrini basmaq üçün vird eləyir, amma heç cür sakitləşə bilmir. Axırda özünü saxlaya bilməyib vərəqi ehtiyatsızlıq, bir az da özünə xas olmayan kobudluqla qatlayıb dilləndi:

– Satdılar səltənəti, hərraca qoydular. Ölkə neçə vaxtdı düşmən ixtiyarındaydı, indi lap yağıların əlinə keçdi. Uzun Həsənə olan acıqlarını bütün ölkədən çıxacaqlar.

– Əbih Sultandan bundan artıq heç nə gözləmək olmazdı, – deyə Hüseyn Lələ söhbətə qarışdı. – Həsən padşahın Rum sultanı ilə vuruşub qan tökməyinin demək olar ki, bir qara quruş da qiyməti yoxmuş. Satqınlar ölkənin açarını öz əllərilə aparıb verdilər Rum sultanına. Bu gündən şiələrin ən çətin günləri başlayır.

İsmayıl bu söhbətlərə qulaq asırdı. Onları dinlədikdən sonra diz üstə oturub öz fikirlərini izah eləməyə başladı:

– Sizin fikirlərinizlə mən də razıyam. Düzdür, məmləkəti satdılar. Ancaq qızılbaşlar üçün bundan yaxşı fürsət olmaz. Məmləkət əhlinin onları – rumluları görməyə gözü yoxdu. Həm də Ağqoyunlu əmirləri özlərini hamının gözündən saldılar. İndi hərc-mərclik başlayacaq. Məmləkətdə ağız deyəni qulaq eşitməyəcək. Bizim işə başlayacağımız gün yetişib. Müridləri toplayıb silahlandırmaq məqamıdır.

Mirzə Əli İsmayılın yetkin söhbətinə, yaşına yaraşmayan ağlına, dərrakəsinə, onun məntiqinə heyran qaldı.

– Şeyx, sən bəlkə də çox doğru buyurursan. Ancaq bir şeyi yadında saxla ki, Gödək Əhmədin arxasında Bəyazid dayanıb. – Sonra o üzünü Lələyə çevirdi. – Ay hələ on üç günlükdür. Qoy heç olmasa on dörd günlük olsun, işığı bir az da artsın, bədrlənsin.

İsmayıl on üç yaşın içindəydi və başa düşdü ki, Mirzə Əli ay söhbətində bunu nəzərdə tutur, Lələni gözləməyib özü cavab verdi:

– On dörd günlük olmamış bəlkə də o ayın üzünü buludlar aldı, onda necə? On üç günlük ay işıq saça bilirsə, demək aydı. Bir gün tələsmək, bəlkə də bir gün gecikməkdən daha xeyirlidir. Dövran qarışıqdı, günahkarlar günahsızlardan qat-qat çoxdur. Qatillər, müftəxorlar taxtda oturub, torpaq becərənin isə təknədə çörəyi yoxdu. Eşitdiyimə görə yollar, şəhərlər, bazarlar dilənçilərlə doludur. Bu zəmanəyə bir sahib çıxmalıdır.

Mirzə Əli İsmayılın bu sözlərindən sonra başını qaldırıb ona bu dəfə heyrət yox, təəccüblə baxdı. On üç yaşlı uşağın ağlı onu qorxuya saldı. Bu görünməmiş bir yetkinlik, ağıl, idrak idi.

– Ya Şeyx, sənin şirin dəhanından qopan sözlər, on üç günlük ayın günəş kimi parlaqlığından xəbər verir. Amma bir işdə mənim məsləhətimə də qulaq assan pis olmaz. Yollardakı, şəhər və bazarlardakı dilənçilərdən heç kimə arxa olmaz. Əlini açıb sədəqə istəyən dilənçiyə imkan versən tamah ucundan hər şeyi satar, ən müqəddəs amalı da. Yer əkən rəncbərlə də işin olmasın. Onun taleyini Allah-təala belə yaradıb. O, arı kimi şirə toplamalıdır. Həmin şirənin hamısını arıya hazır versən cırlaşar, dönüb it arısı olar və yoldan ötənin hamısını çalar. Sən ətrafına öz adına, nəcabətinə uyğun adamları topla.

Mirzə Əlinin sözləri ilə İsmayıl razılaşmadı.

– Atam Şeyx Heydərin qoşunundakı müridlərin çoxusu rəncbər deyildimi? Onun hər buyruğunu can-başla yerinə yetirirdilər. Əmirlər, naiblər, vəzirlər isə Rüstəm Mirzəni satıb Gödək Əhmədin tərəfinə keçdilər. Lələ, zühur etmək məqamı yetişib. Carçılar göndərək, müridləri yığaq.

Lələ İsmayılın gətirdiyi dəlillərlə qəlbində razılaşmışdı. Görürdü ki, bu uşaq vəziyyəti onların ikisindən də daha düzgün qiymətləndirir. Bütün ölkənin başı indi Gödək Əhmədə qarışıb. Rumlulardan narazı şiələr də, bu istiladan razı qalmayanlar da mütləq onların tərəfinə keçəcək.

Onlar razılaşdılar ki, ən e’tibarlı dostlarının dalınca adamlar göndərsinlər.

Bir neçə gündən sonra Dədə bəy gəlib çıxdı. Yanında özü kimi qollu-qabırğalı, qızılı bığları sallanıb çənəsinə çatan pəhləvan görkəmli bir adam vardı. 

– Xadim bəy Xulafa, – deyə İsmayıla təqdim elədi. İsmayılın ovcu onun ovcunda itdi. İri, qara barmaqlar qarmaq kimi əyildi. Dədə bəyin gəlib çıxması onların hamısının ürəyindən olmuşdu. Beş il ərzində onun saçları xeyli ağarmışdı. İsmayıl onu qucaqladı.

– Dədə bəy, gəl, təzədən sərkərdəlik məharətini göstər.

– Baş üstə, canımı bu yolda qurban demişəm.

Həmin gün çeşt vaxtı Bayram bəy Qaramanlı qardaşı Rüstəm bəylə gəlib çıxdı. Qaraman elinin çox hissəsi Qaradağa və Qarabağa, Xudafərin körpüsünün hər iki tərəfinə köçmüşdü. Bayram bəy də oradan gəlirdi. İsmayılla görüşdü, onun əlindən öpdü.               

– Camaat deyir ki, “Söndü Qaramanın çırağı”. Düzdü, Qaraman torpağının çırağı söndü, amma Qaraman camaatının başıpapaqlıları Səfiyyəddin ocağının çırağından çıraqlarını yandırıb yaşayırlar. Mürşüdümüzün hər bir fərmanına müntəzirik.

Axşam Qara Piri bəy də özünü yetirdi. Hərəsi kiçik, yaxşı silahlanmış, e’tibarlı adamlardan ibarət dəstələrlə gəlmişdi.

Yaşlı, ağsaqqal, başbilən qızılbaşlar gecə Mirzə Əlinin evinə yığıldılar. Bir çox məsələlər vardı ki, onları ölçüb-biçməliydilər. Sözə başda oturan İsmayıl başladı.

– Ey igid, başı bəlalı qızılbaş ağsaqqalları, gizləndiyimiz, laməkan olduğumuz bəsdir. Çıxırıq gün işığına. Zəfər sancaqlarını, ələmlərini, bayraqlarını qaldırarıq. Kimin ürəyində əqidəmizə məhəbbət qalıbsa yığılsın bu sancaqların altına, Şirvan üstünə yeriyəcəyik.

Lələ əlini xalçanın qoç buynuzuna oxşar naxışlarına sürtürdü. Sanki orada döyüşən qoçları yola gətirmək istəyirdi. Özü də yumşaq, mülayim səslə, bir az da günahkar ahənglə dilləndi:

– Ya Şeyx, biz hələ azıq. İndidən hay-küy salsaq, düşmənləri üstümüzə qaldırarıq. Hələ işə başlamamış məhv olarıq.

O, gözlərini qaldırıb oturanların sifətinə baxdı. Gördü ki, oturanların hamısı onun fikri ilə şərikdi. Amma bu fikrə şərik çıxmayan İsmayıl oldu.

– Biz gizləndiyimiz yerdən çıxmasaq heç kim bizə inanmaz. Qorxaq adamın tərəfində isə heç kim dayanmaz. Biz çağırış tə’bili çalıb, sancağımızı qaldırmalıyıq. Bizi cəsarətli bilməsələr, dostlarımız da bizə qoşulmazlar. Mən təklif eləyirəm ki, buradan birbaşa Ərdəbilə gedək. Babam Şeyx Səfiyyəddini yuxumda görmüşəm. O mənə yuxuda xeyir-dua verib, başıma qızılbaş çalması qoyub. Onun qəbrini ziyarət eləyib bir daha xeyir-dua alandan sonra qışlamaq üçün bir yer seçməliyik. Yaza qədər həmin düşərgədə öz qoşunlarımızı toplamalıyıq.

Dədə bəyin gözləri dolmuşdu. İsmayılın belə dilavərliyi, hökmü, cəsarəti onu kövrəltmişdi. Mirzə Əlinin isə gözlərindən sevinc yaşları axırdı.

– Bu işin öhdəsindən gələ biləcəksənmi? Özünə xəta toxunmayacaq ki?..

İsmayıl ayağa qalxdı. 0 yas libası geymişdi. Başındakı Qızılbaş tacından başqa hər şey qara rəngdəydi.

– Mirzə Əli, mən anadan olandan dünyaya yox, xətalar içinə düşmüşəm. Bunu hamı bilir. Amma həmişə mənə bir hikmətli səs deyir ki, bu xətaların hamısından çıxacaqsan. O xəta sözü taleyimdə yox, gələcək ləqəbimdə qalacaq. İndiyə qədər çəkdiyim əzabların, düşdüyüm xətaların əvəzində tanrım mənə bundan sonra gözəl tale bəxş eləyib. Şairlik də o ilahi bəxşişlərdən biridir. Elə bilirsiniz ki, məni tanıyırsınız. Yox, tanımırsınız. İndi qulaq asın, görün mən kiməm.

İsmayıl aramla, aydın, inamlı səslə oxumağa başladı:

Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim, Gövhərin yekdanəsindən irəli pərgar idim.

 

Gövhəri ab eylədim, tutdu cahanı sərbəsər,

Yeri-göyü, ərşi-kürşü yaradan Səttar idim.

 

Gah Hüseynlən belə pustumu soydu qazilər,

Gah o Mənsur donuna girdim, “ənəlhəqdar” idim

 

Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi,

Mən bu beytullah içində ta əzəldən var idim.

 

On səkkiz min aləmə mən gərdiş ilə gəlmişəm,

Ol səbəbdən haqq ilə sirdar idim, sərdar idim.

 

Dünyasından mən onun sirrin bilirdim, ol mənim,

Dəryanın altındakı sac qızdıran əngar idim.

 

Mən Xətaiəm haqqı haqq tanımışam bigüman,

Onun üçün ol yaratdı, mən ona dərgar idim.

 

– İndi bildiniz mən kiməm?

Otağa elə heyrətli bir sükut çökmüşdü ki, İsmayılı ta körpəlikdən tanıyan Lələnin də dili-dodağı qurumuşdu. “Yox, bu tanıdığımız İsmayıl deyil. Allah elə bil onu dəyişib. Bu ilahi bir varlıqdı. Bəlkə də onu göydən mələklər göndərib”.

Mirzə Əli qollarını göyə qaldırdı və elə bil o qollar bir az da uzandı və sanki o qollar baca olsa, o bacadan çölə çıxacaqdı.

– Ey ilahi, sənin kərəminə min şükür. Məni bu gün, bu dünyada da cənnətə çatdırdın, daha o dünyamdan bədgüman deyiləm. Biz bilirdik ki, sənin kəramətinlə zamananın sahibi gələcək. Nə vaxt gələcək, necə gələcək, hara gələcək, bilmirdik. Onu mənim məmləkətimə, mənim evimə göndərib bu fəqir bəndəni şərafətli etdiyinə görə qulunam, qulunam, qulunam, qulunam. – O salavat çevirdi, nəsə oxudu, diz üstə sürünüb İsmayılın ətəyindən öpdü. O, ətəyi gözlərinin üstünə qoydu. Sonra üzünü heyrətdən özünü itirənlərə tutub dedi:

– Nə xoşbəxt adamlarsınız. Bu gül camallı şəxs zamanın sahibidi, bizim gözlərimiz qabağında zühur elədi. Qalibiyyət sizindi. Bu müqəddəs şəxsin yolunda qan tökmək, candan keçmək ən böyük savab və xoşbəxtlikdir.

O, bir daha İsmayılın ətəyindən öpdü.            

– Canım sənə fəda olsun. Kaş mən də cavan olaydım, silah götürüb qoşulaydım sənin müridlərinə.

Dədə bəy də, Bayram bəy və Rüstəm bəy qaramanlılar da, Xulafa bəy, Qara Piri bəy də, Lələ də ona səcdəyə başladılar.

İsmayıl onların səcdəsinin sonunu gözləyib üzünü Mirzə Əliyə tutdu:

– İndi mənim dediklərimə şərik olursanmı?

– Sənə şəkk gətirən kafirdi. Sən hələ uşaq olanda mən səni gizlətmək üçün Qur’ani-şərifə and içməli oldum. Bilirdim ki, böyük günaha batıram. Amma qəlbimdə bir səs qalxmışdı ki, sən and iç, Qur’ana əl bas, bu günah deyil, savabdı. O vaxt Allahın müqəddəs kəlamı sənin köməyində dayandı. Demək dünya elə belə deyilmiş. Dünyaya zamanın sahibi gələcəkmiş.

İsmayıl keçib yerində oturanda onların hamısı aşağı tərəfə keçdilər və gözlərini onun dodaqlarına dikdilər. İsmayıl da məmnun-məmnun qızılbaş ağsaqqallarına baxdı. Vəziyyətin belə dəyişməyi onun keyfini durultdu və inandı ki, doğrudan da zamana sahiblik edə biləcək və onun qarşısında heç kim dayana bilməyəcək.

– Taromda müridlərimizin dəstələrinə baxış keçirdərik.

İstər-istəməz Dədə bəyin dilindən çıxdı:

– Tarom Hüsaməddinin ixtiyarındadır, o isə bizim qatı düşmənimizdir.

İsmayıl ona mə’nalı-mə’nalı baxdı.

– Düşmənin bizə gücü çatmayacaq. İşimizi Hüsaməddinin gözü qabağında görəcəyik, o isə bizə heç nə edə bilməyəcək. Oradan keçəcəyik Ərdəbilə, Şeyxin qəbrini ziyarət eləyəcəyik. Sonra oradan qayıdacağıq dəniz kənarındakı Ərcivan kəndinə. Ərcivanda babamın yaxın dostu və qayınatası Zahid Gilaninin türbəsi var, onu yad eləmək bizim borcumuzdur. Həm da qış vaxtı ocaqlığımız olacaq Ərcivan kəndi. Lələ, Şirvana dərvişlər göndərmək lazımdı. Qoy onlar Şamaxıda zamanın sahibinin peyda olduğunu danışsınlar. Lələ dilləndi:

– Bizimlə vuruşmaq üçün hazırlığa başlamazmı?

İsmayıl artıq dediyi sözün dəyərini bilirdi və onu müdafiə eləməyə əvvəldən hazır idi.

– Çingiz xanın, Əmir Teymurun gəlişini biləndə vuruşa hazırlaşardılar. Lap onun gücünə bələd olsalar da belə. Amma Sahibi əz Zaman Mehdi peyda olubsa, bilirlər ki, ona qarşı heç bir silah işlətmək olmaz. Onda əlləri-ayaqları soyuyacaq. Günahlarını özləri yaxşı bilirlər. O günahlar bağışlanılmaz günahlardır. Elə bilirdilər həmin günahları özləri ilə gora aparacaqlar, orada necə olar, olar. Amma indi görəcəklər ki, yox, həmin günahlara görə bu dünyada da cəza var.

Dədə bəy ayağa qalxdı, üzünü oturanlara tutub dedi:

– And içirəm Qur’ani kəbirə, and içirəm Türk pirinin müqəddəs qəbrinə, and içirəm dostumuz Şeyx Heydərin üz qoyduğu torpağa, zamanın sahibinin bir sözü bizim yanımızda iki olmayacaq, onun bütün dediklərini canımız bahasına olsa da yerinə yetirəcəyik.  

İsmayıl onlara baxdı və gördü ki, atasının yaxın dostları olan bu qoca qızılbaşlar necə sidq ürəklə, təmiz qəlblə Dədə bəyin dediklərini təkrar edirlər. Yaşı az olsa da çox oxumuş və çox görmüşdü. Tez bir zamanda biri-birini əvəz edən dərd və sevinc onu böyütmüşdü, yetişdirmişdi.

O, dərk eləmişdi ki, zəif şəxsiyyətlər tarixdə heç bir iş görə bilməyib, başqasının kölgəsində gəlib, kölgədə yaşayıb, qəbir daşının kölgəsində əbədi yatıb. O kölgədən çıxmayan, öz kölgəsini bir adamın, bir tayfanın, bir ölkənin üstünə salmağı bacaranlar isə həmişə yaşayıb. Onlarda da günəşə bənzəyən bir xüsusiyyət var, belələri tək qol, qılınc yox, həm də ağılın, idrakın gücünə arxalanıb.

Düzdür, Şeyx Heydərin dostları çoxdur, sağlığında da daha çox olub. Bəs onda niyə yenilib, həlak olub. İstəyinə çata bilməyib. Babək kimi hamını bir gözdə görüb, toxum əkən rəncbəri, yollardakı dilənçiləri əmirlərlə, əsilzadələr, bəylərlə eyni gözdə görüb. Həmin adamlar da canlarından keçib, lakin yenə də məğlubiyyətə rast gəlib, qalibiyyətə yox. Baxmayaraq ki, o, babasının əqidəsini xürrəmilik ilə qarışdırıb bir yerə yoğurmuşdu.

Bəs haqqın yolu hardadır?

Çingiz xanın orduları ölkəni elə xarabazara çevirdi ki, əlli il sonra da kəndləri, şəhərləri bərpa eləmək mümkün olmadı. Arxlar uçurulduğundan əkinlər, bağ-bağçalar qanqallığa, səhraya çevrildi.    

Müharibələr, ölkə daxilindəki qiyamlar, çəkişmələr, quraqlıq, aclıq, vəba xəstəlikləri, əhalidən yığılan 45– 46 cür vergi hamını cana gətirmişdi. Xışı bir tərəfə atıb yolları kəsən əkinçi, özündən azacıq imkanı olanı soyurdu. Ölkəyə əmin-amanlıq, var dövlət və’d eləyən vəzirlər və şahlar rüşvət toplayırdılar.Ona görə də vicdansızlıq, zülm, vəhşilik, yalan mücəssiməsinə çevrilən taxtlara və orada oturmaq üçün biri-birini al qana boyayan hökmdarlara heç kim ümidini bağlamırdı. İl-ildən, gün-gündən, ruzgardan, şah şahdan daha pis gəlirdi.

Aclıq çəkən, evində-eşiyində sakit otura bilməyən adamların əlləri göydə qalmışdı. Amma o minlər və milyonlarla əllər də göydən onlara lazım olanı – Allahın rəhm və mürvətini, ədalətini torpağa endirə bilmirdi. Ədalət göydə Allahda, yerdə əjdahanın, şirin ağzındaydı, nə ona əl yetirdi, nə buna güc çatırdı.

Allahdan da əllər üzüləndən sonra ümidlərini nə vaxtsa qeybə çəkilmiş on ikinci imam Mehdi sahib zamana tikmişdilər. İnanırdılar ki, gələcək, mütləq peyda olacaq və məşhər ayağına, öz ölümünə yaxınlaşan insanlığı xilas eləyəcək, yer üzündəki zorakılığı, hərc-mərcliyi, zülmü ərşə qaldıranları bir qılınc qüvvəsi ilə məhv eləyəcək.

Müsəlmanın bədbəxtliyi ondadır ki, öz gücündən çox qeybdən, yoxdan “gələcək” qüvvəyə inanıb ki, onun arxasınca getsin və bütün iqtidarını göstərsin. Yoxsa şəxsiyyətini tanıdıqları, gördükləri adamdan heç nə gözləmirlər. Belələrini çox qaldırıb gətirib başları üstündəki taxtda oturdublar, o da qayıdıb onu qaldıranları at kimi minib, istədiyi səmtə sürüb, keyfi istəyəndə qamçılayıb, keyfi istəyəndə arpa samanını kəsib, keyfi istəyəndə də bazara çəkib, kim daha baha qiymət deyibsə, ona satıb.

Artıq hamının bir ümidgahı var. O da Mehdi sahibi zamandır. Onun zühuru hər şeyi həll eləyə bilər. Adamlar onun gəlişinə o qədər inanırdılar ki, kəndlərdə həmişə bəslənmiş yəhərli-yüyənli ağ at saxlayırdılar. Yalnız ağ at. Çünki ağ at ağ günün timsalıdır. Bazarlarda ağ atın qiyməti də buna görə qalxmışdı. Artıq ümidgahlarının da adından istifadə eləyib pul qazanmağa başlamışdılar.

Ərdəbil qazısı Əhməd Kakulinin İsmayılı sahibi zaman adlandırdığını eşitmişdilər. Bu söz-söhbət camaat arasında yayılmışdı. Amma həmin hadisədən beş il keçmişdi və ümidlər də yavaş-yavaş itmişdi, inamlar qırılmışdı. İnsanların iztirablardan xilas olmaq üçün beş il gözləməyə taqətləri hardaydı. Onlar İsmayılın da Mehdi sahibi zaman kimi yoxa çıxdığını görüb əllərini birdəfəlik üzmüşdülər.

Zamanın sahibi nəinki taxtın, ölkənin, xəzinənin və qoşunun sahibi olmalıydı, o, həm də zamana sahib çıxıb onu dəyişməyi bacarmalıydı.

İsmayıl bu barədə çox fikirləşir, həmin adla üzə çıxmağı çox götür-qoy eləyir, bu sirri heç Lələyə də açmırdı. Onu narahat eləyən bir fikir vardı. O da ondan ibarət idi ki, insanlar ona inanmalıdır. İnanmasalar hər şey təzədən alt-üst olardı. Birdən-birə ona təbi, ilhamı köməyə gəlmişdi. Şe’r onu daha da yüksəklərə qaldırmışdı. Budur, həmin şe’rdən sonra qızılbaş ağsaqqalları belə əfsunlanıb. Gözləri qabağında böyüyən İsmayılda ilahi bir qüvvənin cəm olduğuna şəkk gətirmədilər. Demək heç kəs şəkk gətirməyəcək.

Yaxşı, tutaq ki, ona hamı bu gözlə baxacaq. O da insanları öz arxasınca apardı, düşmənləri basdı, ölkəni aldı, taxta çıxdı. Bəs ondan sonra? Yer üzündəki haqsızlıqları aradan götürə biləcəkmi? Zamanı dəyişməyi bacaracaqmı?

O, dərin fikrə getdi.

Amma artıq ilk addım atılmışdı.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info