Qonaq Kitabı
BOŞ ORDUGAH

Gödək Əhməd Rüstəm Mirzə ilə vuruşmamış Təbrizə girmək istəmirdi. O, Ağqoyunlu taxtının gələcək sahibi kimi xalqın yanında özünün ləyaqətini saxlamaq üçün belə bir qərar vermişdi. Bununla da öz gücünü göstərmək, o taxta ləyaqəti olduğunu sübuta yetirmək istəyirdi.

Əmir Əlixanı artıq onun qılığına girmiş, qaçıb Gödək Əhmədin ordugahına pənah gətirənlər də buna kömək göstərmişdi. Artıq şahzadə ona e’tibar eləyir, bir çox məsələlərdə məsləhətləşirdi də. Amma Əmir Hüseyn Əlixanının açıq qalan yolla birbaşa Təbriz taxtına irəliləməsi fikrini bəyənmirdi.          

– Yahu, ben oğru deyilim. Tebriz şehrinin açarlarını, bir də Rüstəm Mirzənin kafasını hüzuruma getirmeseler, ben o şehara girmem, – deyib dururdu.

– Şahzadə, Əbih Sultan bizim başımızın altına yastıq qoyub. Ona inanmısan, o isə aldatdı. Onun dilindən çıxan sözə yox, heç dilinin özünə də inanmaq lazım deyil.

Bir neçə dəfə çaparlar göndərib Rüstəm Mirzəni döyüşə çağırmışdılar. Və onun bir fikri də vardı.Özü ilə çoxlu top, tüfəng, barıt gətirsə də, bu döyüşdə onlardan istifadə eləmək istəmirdi. Düzdür, güc göstərib əhalidə öz qüdrətinə inam yaratmaq naminə bu bəlkə də lazım idi. Lakin Rüstəm Mirzəni onun öz silahı ilə məğlub eləməyə qərar vermişdi. Bu döyüşdə özünün qələbəsinə zərrə qədər də şübhəsi yoxdu.

Bir səhər Gödək Əhməd çadırından çıxanda qarşı təpələrin üstündə saysız-hesabsız alabəzək çadır gördü. Onun əhvalı dəyişdi. İnandı ki, onu aldadıblar. Bir belə qoşunu üç-dörd günə toplayan Rüstəm Mirzə ona asanca təslim olmayacaq. Bu işdən məğlubiyyət iyi də gələ bilər. O, Əlixanını yanına çağırtdırdı.

– Yahu, Rüstəm Mirzəni bene aciz söylüyürdünüz. Bəs bu ne? Əmir Hüseyn Əlixanı də özünü itirdi.

– Ola bilməz. Mən onun sərkərdəsi olmuşamsa, bir belə qoşun yığa bilməmişəm. Yəqin bütün Təbriz silah götürüb. Əgər təbrizliləri silahlandırıb gətiriblərsə də, bunun onlara heç bir xeyri yoxdu. Ağqoyunluların əsas qüvvəsi həmişə tərəkəmə atlıları olub.

Gödək Əhməd əsəbiləşmişdi. Dağların başını da duman almışdı. Günəş duman arxasında halələnmiş aya bənzəyirdi. Küləyin qovduğu boz buludlar aşağıdan ötüb gedirdi. Şahzadə münəccimbaşını çağırdı. Uzun, üstü ulduzlu əbasının ətəkləri, burnu yuxarıya qalxıb qənarə kimi əyilmiş başmaqlarının üstünə çatan münəccimbaşı gəldi. Ondan uğurlu günmü seçdiyini soruşdular. O da and-aman elədi ki, ən uğurlu gün seçib.

Bundan sonra şahzadə Gödək Əhməd işarə verdi, döyüşə çağırış nidaları səsləndi. O tərəfdən də qara zurnalarda oynaq oyun havaları çalındı. Ən maraqlısı sancaqlar (bayraqlar) idi. Hər iki ordugahda ağ rəngli, üstündə qoç başı çəkilmiş sancaqlar qaldırılmışdı (“Sancaq” kəlməsi “qələbə” kəlməsi ilə həmahənk səslənirdi. Çünki ordunun sancaqları onu düşmən çadırının yerində sancmalı idi). Deməli, Ağqoyunlu qoşunu Ağqoyunlu qoşununa qarşı dayanmışdı. Eyni bayraqlar üz-üzə gəlmişdi.

Şahzadə Gödək Əhməd atını minib xəncər boyda qılıncını çıxarıb döyüşə getmək istəyirdi, amma onu qoymadılar. Elə ilk süvari onu iki yerə bölərdi. Atın üstündə oturub döyüşə başlamağa işarə verdi. Süvari axını Rüstəm Mirzənin ordugahına doğru axına başladı.

Qarşı tərəfdə isə Rüstəm Mirzənin özü at belinə qalxıb qılıncını siyirdi, atını meydana vurdu. Bir azdan at ayaqlarının səsi polad cingiltisinə qarışdı. Süvarilərin: “Vur ha! Vur ha!” nidaları təpələrin arasındakı düzdə bütün səsləri batırdı.

Rüstəm Mirzənin sağında Əbih Sultan, solunda Qasım bəy Pərnak vuruşmalıydı. Qoşunlar biri-birinə qarışanda onların heç birini görmədi. Sağ və sol cinah yox idi. Rüstəm Mirzə məngənəyə düşmüşdü. Əbih Sultan geri qayıdıb onun ətrafındakı, ona sədaqətli olanları arxadan, Əhməd şahzadənin süvariləri isə qabaqdan doğrayırdı. Rüstəm Mirzə nə qədər qılınc çalırdısa, xeyri yox idi. Arxadan kimsə qışqırırdı:

– Qibleyi aləm, meydandan çıx, xəyanət.

Meydandan çıxmaq isə mümkün deyildi. Hər tərəf at, insan cəsədi, qılınc, qalxan, nizə idi. Nə özününkünü tanımaq mümkün idi, nə düşməni. Sağa, sola qılınc çalıb özünə darısqal bir yol açmışdı ki, qolu birdən qalxmadı. Kəmənd qollarını bədəninə sarımışdı. Əbih Sultan kəməndi çox ustalıqla atmışdı və atını sürüb Rüstəm Mirzəni yəhərdən saldı, dalınca sürüyüb apardı. O düz Gödək Əhmədin çadırına tərəf sürürdü. Çadıra çatmamış pişik cəldliyi ilə düşüb hələ özünə gəlməmiş Rüstəm Mirzənin sinəsinə çökdü. Gözlərinin içinə baxmağa cəsarət eləməyib çənəsini yuxarı qaldıraraq iti qəməsini onun hülqumuna çəkdi. Bədən yerdə çabalaya-çabalaya qaldı. Xırıldayan, dodaqları hələ də tərpənən başı gətirib Gödək Əhmədin ayaqları altına atdı.

– Buyur, həşəmətli hökmdar, Rüstəm Mirzənin başını gətirmişəm. Əbih Sultan verdiyi sözə əməl eləyən adamdı.

Hökmdarın aparıldığını görənlər təslim olur, bə’ziləri qaçırdı. Təpələrdəki ordugahın alabəzək çadırlarına isə heç kəs toxunmurdu. Rüstəm Mirzə bu yüzlərlə boş çadırları bir gecədə qurdurmuşdu ki, düşmənini qorxutsun. Amma onun hiyləsi baş tutmamışdı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info