Qonaq Kitabı
UZUN HƏSƏN, GÖDƏK ƏHMƏD

Yolların toz-torpağı sifətində, bədənində tərə qarışıb əl qalınlığında palçıq əmələ gətirən çapar yaydan çıxan ox kimi Təbrizə tərəf süzürdü. Elə çapırdı ki, sanki arxadan onu canavar bölüyü qovurdu. Şad xəbər aparana oxşamırdı. İnsanın xilqəti belədir. Şad xəbəri tez çatdırmağa heç vaxt tələsmir, bəd xəbəri tez deməyə ürəyi atlanır. Ona görə də deyirlər: “Bəd xəbərin atı yüyrək olar”.

Təbrizin qala divarına çatanda atın dizləri qatlandı, çənəsi yerə dəydi, dal ayaqları göyə qalxdı, boynu altında qalıb xırçıltı ilə qırıldı. Çapar isə bir az kənarda üzü üstə yerə gəldi. Əlləri, sir-sifəti siyrildi. Ona bir şey olmasa da o qədər yorulmuşdu ki, heç yerindən qalxmaq istəmədi. Elə beləcə yatıb qalardı.

Qala divarından baxan fərraşlar qapını açıb ona tərəf gəldilər, biri onun qolundan tutub qaldırdı.

– Yaralanmamısan?

– Şükür Allaha, salamatam.

– Kimsən?

– Çaparam, məni saraya aparın, tez. Vacib xəbər var. At verin.

Baş fərraş qala divarının qapısının arxasındakı səkidə, tut ağacının kölgəsində oturub xumarlanırdı. Üz-gözünə xeyli milçək qonmuşdu. Fərraş çaparı içəri gətirib ona əhvalatı danışdı. O da gözünü açmadan əlini yellədi. Bilmək olmurdu milçəklərini qovur, ya da deyir ki, yola salın. Fərraş onu ikinci mə’nada başa düşdü. Çaparı başqa fərraşa tapşırıb darvazadan çölə çıxdı, boynu altında qalıb qırılmış çapar atının yəhər-yüyənini açmağa başladı. Lap köhnə yəhər idi. Deyəsən heç çaparın özününkü deyildi, hardasa öz atını çatladıb bunu alıb gəlmişdi. Elə bundan görünürdü ki, çox vacib və ağır xəbər gətirib. Turşumuş at iyini uda-uda tapqırları boşaldıb yəhəri götürdü, quşqunu atın quyruğundan çıxartdı. Atın tərkindəki köhnə xurcunu da götürüb ələk-vələk elədi. Orada qurumuş təndir çörəyinin arasında duzlu şordan başqa heç nə yox idi. Fərraş gördü ki, qəniməti elə gözə dəyən bir şey deyil, gözləri axtardı, atın göydə qalan ayaqlarında təptəzə nallar gördü. Xurcunu, yəhər-yüyəni götürüb içəri girdi. Tutun altında xumarlanan, üz-gözünə milçək qonan fərraşbaşı əli ilə işarə verdi ki, qənimətini gətirib onun yanına qoysun.

Fərraş da ürəyində deyinə-deyinə yəhər-yüyəni gətirib onun yanında yerə qoydu, kəlbətin götürüb nalları sökməyə getdi. “Neçə vaxtdı donluq vermirlər, ev-eşiyə bir xeyrimiz dəymir, dəyər ey, bu tiryəki köpəyoğlu qoysa. Bir dəfə gözünü də açmır, hər şeyi də görür. Qapıdan keçib bazara gedənlərdən az-çox alırıq, onu da bizə çox görür. Milçəklər bunu yeyib tərk eləsəydilər, canımız qurtarardı”.

Çapar artıq saraya çatmışdı. Onu sahib xəbər birbaş Əbih Sultanın yanına apardı. Çapar heç əl-üzünü də yumamışdı. Tər alnından axıb sifətindəki palçıqdan izlər açaraq aşağı gedirdi. Baş əydi. Sahib xəbər Əbih Sultana onun vacib xəbərlə gəldiyini demişdi.

– Hə, de görüm nə xəbərlə gəlmisən?!

Çaparın dodağı çatladı. Həmin çatdan al qırmızı qan axıb tərə, palçığa qarışdı. Bilirdi ki, Əbih Sultanın bəd xəbərdən xoşu gəlmir. Bir dəfə də çaparlardan birini belə bir xəbərin üstündə mal kimi şaqqalamışdı. Sahib xəbər əslində çaparın dediyini özü çatdırmalıydı, amma Əmir əl ümaranın bu xasiyyətinə görə öz yaxasını kənara çəkmək üçün çaparları dartıb saraya gətirirdi. Çünki son vaxtlar məmləkətin hər tərəfindən bəd xəbərlər alınırdı. Heç yaxşı xəbər gəlib çıxmırdı. Hər dəfə çapar gələndə, sahib xəbər elə bilirdi ki, o dünyaya gedib-gəlir.

Çaparın dili tutulmuşdu. Bir kəlmə danışa bilmirdi. Danışmaq istəyir, amma bacarmırdı. Desin, nə desin? Deməsə, aldatsa, onda işi lap pis olardı. Əmir əl ümara üzünü sahib xəbərə tutdu.

– Sənin bu çaparın laldı deyəsən.

– Yox, həzrəti əmir əl ümara, dili var, özünü itirib.

– Danış görək, nə xəbərlə gəlmisən?

Çapar özünü toplayıb danışdı, nə olar, olar:

– Mənə dedilər çatdırım ki, düşmən Təbrizin iki mənzilliyindədir.

– Düşmən? Hansı düşmən?

– Osmanlı qoşunu, əlahəzrət - çapar ikiqat əyildi.

– Çoxdu qoşun? Özün görmüsən?

 – Bəli, əlahəzrət, qarışqanın sayı var, qoşunun sayı yoxdu.

– Sərkərdələri kimdi?

– Sərkərdələri, şahzadə Əhməd.

– Sən çaparxananın çaparısan?

Sahib xəbər nə qədər çapara baxıb işarə vermək istədi ki, “bəli” desin, amma çapar “yox” dedi. Mən Urmiyyə tərəfdə Səməndər xanın çaparıyam. O göndərdi - xəbər verim.

Əmir əl ümara Əbih Sultan əllərini əllərinə vurdu.

Silahlı fərraş içəri girdi.        

– Sarayın fərraşbaşını buraya çağır.

O, “bəçeşm” deyib çıxdı. Bir azdan fərraşbaşı üç nəfər silahlı fərraşla içəri girdi. Əmir əl ümara Əbih Sultan xara kaftanını xışıldadaraq qolunu qaldırdı, şəhadət barmağını sahib xəbərə uzatdı.               

– Zindana. Əllərinə qandal, ayaqlarına kündə vurun. Özüm gəlib haqqına divan çəkəcəyəm. Mənim sahib xəbərimə bax. Düşmən gəlib çıxıb Təbrizə, biz indi xəbər tuturuq. Satqın. Səni osmanlılar satın alıb. O aldığın qızılları əridib boğazına tökəcəyəm.

Sahib xəbər qılınca əl atmaq istədi, onun qollarını burub yerə yıxdılar. Qollarını arxada qatlayıb sarıyanda, o, sifətini yerdə xalçaya sürtə-sürtə birtəhər başını döndərdi və qışqırdı.

– Mən satılmamışam. Mənim heç nədən xəbərim yoxdu. Heç kimdən heç nə almamışam.

– Xəbərin yoxdu? Bəs necə sahib xəbərsən? Fərraş, bazardakı zərgərlərdən birini çağır, bütün dəmdəstgahını götürüb gəlsin.

Sahib xəbəri sürüyə-sürüyə apardılar. Çapar isə dodağının qanını nə qədər sildisə, quruda bilmədi.

Əmir əl ümara Əbih Sultan fikrə getmişdi. Ona Rüstəm Mirzə əmirlər əmiri rütbəsi vermişdi və sarayın bütün açar-kilidi onun əlindəydi, bütün məsələləri də özü həll eləyirdi. İndi qoşun gəlməyi xəbərini ona verməyə tələsmədi.

Osmanlı qoşunları heç vaxt Azərbaycan sərhədlərini keçib Təbrizə ayaq basmamışdı. Bəs birdən-birə bu nə yürüşdü?

Uzun Həsən vaxtilə Avropanın ən qüdrətli dövləti olan Venedikt cümhuriyyəti ilə sazişə girib Fateh Sultan Məhəmmədə meydan oxumağa başlamışdı. O, hətta yeznəsi Murad Mirzəni İstanbula elçi kimi göndərmiş, özünün Teymur xələfi olduğunu, yə’ni gündoğan türk padşahlarının hökmdarı kimi, osmanlıların Əmir Teymur oğlu Şahruxa verdikləri xəracı tələb etmişdi. Avropadakı fəthləri ilə məşğul olan fateh Sultan Məhəmməd daha bir çətinlik qarşısında qalmışdı. Münasibətlərin gərginləşməsi iki, qüdrətli türk dövləti arasında müharibəyə gətirib çıxarmışdı. Hərbi səfərə Uzun Həsən başlamışdı. O, Malatyada türk ordusunu məğlub etmişdi. Lakin ən böyük zəfər elə bununla da qurtarmışdı. O vaxt bütün Avropa dövlətlərini titrədən fateh Sultan Məhəmmədin çox yaxşı tə’lim görmüş, top və tüfənglə silahlanmış ordusu vardı. Uzun Həsən isə özünün süvarilərinə arxalanırdı və ordusunda bir dənə də olsun odlu silah yox idi. Belə silahla vuruşmağı özünə ar bilirdi. Ərzincan və Tircan arasındakı Otluqbelli düzündəki meydan müharibəsində yüz doxsan minlik osmanlı ordusunu görəndə heyrətə düşüb demişdi. “Qəhbə osmanoğlu gör nə dərya yaradıb?!” və bu kəlam geniş yayılmışdı. Həmin döyüşün sonu da Uzun Həsənin faciə ifadə edən bir kəlamı ilə nəticələnmişdi. Qaramanlılara arxalanıb fatehin üstünə gələn Uzun Həsən məğlub olub ordunun çox hissəsini itirəndən sonra üzünü qaramanlı Piri Əhməd bəyə tutub demişdi: “Bihəya Qaramanoğlu, görüm sənin xanədanın xaraba qalsın, mənim bədnamlığımın səbəbi sənsən. Osmanlılarla mənim nə işim vardı, axı?”.

Bu döyüşdən xeyli sonra Uzun Həsənin oğlu Uğurlu Məhəmməd atasının üzünə ağ olub Şirazda qiyam qaldırmışdı. Atası onun üstünə qoşun yeritmiş, hələ qoşunlar üz-üzə gəlməmiş o, xəcalətindən baş götürüb qaçmışdı. Sonra anasını və ölkənin ən hörmətli adamlarını atasına minnətçi salmışdısa da, Uzun Həsən oğlu ilə barışmamış, o da baş götürüb İstanbula gedərək, atasının düşməni fateh Sultan Məhəmmədə sığınmışdı. Fateh onu böyük dəbdəbə ilə qarşılayaraq yeganə qızı Gövhərxan sultanı ona ərə vermiş, onu əvvəl bəylərbəyi, sonra isə “paşa” rütbəsinə qədər yüksəltmişdi.

Atasının taxtına göz dikən Uğurlu Məhəmməd üçün bu rütbələr çox kiçik paylar idi. O, Azərbaycan torpaqlarına qayıdıb vaxtilə sərkərdəlik məharəti (atasının ordusunda sağ cinah sərkərdəsi idi), qılınc gücünə qoruduğu torpağa basqınlar eləyir, talayır, çapır, geri dönürdü.

Atası çox güdəndən sonra belə basqınların birində onu əsir aldı, Təbrizə gətirib hamının gözü qabağında asdırdı.

İstanbulda isə onun fatehin qızından bir oğlu qalmışdı: Gödək Əhməd.

İndi Təbrizin yaxınlığında dayanan qoşunu Gödək Əhməd gətirmişdi. Uzun Həsənin taxtına Gödək Əhməd sahib durmağa gəlmişdi.

Əmir əl ümara başını qaldırdı və qarşısında hələ də dodağından qan axan, palçıq heykələ bənzəyən çaparı gördü:

– Sən hələ burdasan?

– Əmrinizə müntəzirəm, əlahəzrət.

O, xidmətçilərə göstəriş verdi ki, onu hamama aparsınlar, sonra yedirib içirsinlər və onun yanına gətirsinlər. Əlini atıb sandıqdan bir kisə pul çıxarıb ona atdı.

– Götür, halalın olsun. Atın varmı?

– At çatdadı, əlahəzrət.

– Atın da olacaq, yanıma gələrsən, səninlə işim olacaq. Çaparı aparandan sonra xəbər gəldi ki, bəs onun tapşırdığı zərgər bütün dəmdəstgahıyla hazırdı.

– Aparın sahib xəbər salınan zindana, mən də gəlirəm. – O sandıqdakı pul kisələrindən birini götürüb çin xarasından tikilmiş kaftanının cibinə qoydu, qalxıb “Səkkiz behişt” sarayının divanxanasına getdi. Oradan aşağı endi. Zərgərə yer düzəltdirdi, torbanın ağzını açıb qızılın yarısını onun əritmə qabına tökdü, yarısını özünə verdi.

– Ərit, – dedi.

Zərgər kiçik kürəsini işə saldı. Bir azdan qızıl pullar əriyib su kimi bir-birinə qarışdı. Əbih Sultan fərraşlara buyurdu ki, sahib xəbəri gətirsinlər. Qolları bağlı, ayaqları kündəli sahib xəbəri onun qabağında oturtdular.

– Boynunu geri qanırın bu satqının.

Sahib xəbər mal kimi böyürürdü. Söz deməyə imkan vermirdilər desin. O bağırır, gələcək əzabın verəcəyi ağrının qışqırıqları əvvəldən zindana yayılırdı.

Fərraşlar onun başını geri qanırıb, elə tutdular ki, ağzı yuxarıda dayansın, ərinmiş qızılı onun boğazına tökmək asan olsun.

– Ver bura görüm, – o özünü itirmiş zərgərə qışqırdı. Zərgər qızıl ərinmiş çömçəyə oxşar qabın qulpunu ona verdi. O özü götürüb sahib xəbərə yaxınlaşdı. Amma bədbəxt sahib xəbər artıq səsini kəsmişdi, dişlərini kilidləyib dodaqlarını yummuşdu. Fərraşbaşı dedi:

– Ağzını açmır.

– Eybi yoxdu, indi açar.

O, qabı əyib qızılı örtülü dodaqların üstündən tökəndə, o birdən bağırdı və ərinmiş qızılın hamısı onun boğazının yoluna axdı və o, bir neçə an çabalayıb boşaldı.

Əmir əl ümara Əbih Sultan qızıl ərinən qabı zərgərə qaytardı və dedi:

– Qayıt işinə, bazarda bu gördüyünü danış.

– Mənim nə işimə. Sarayın sözünü bazarda niyə danışım axı. 

– Yox, mənə qulaq as, danış, de ki, kim öz taxtına xain çıxır, onun boğazına qızıl əridib tökürlər. Bir də onu de ki, qızılı hər adamın boğazına tökmürlər. Qara camaatın boğazına qurğuşun tökdürəcəm, o ucuz başa gələr.

– Baş üstə!             

Fərraşlar qandalları açanda Əbih Sultan da heç bir şey olmamış kimi qayıdıb öz otağına getdi. O, çox qətllər eləmiş, çox qanlar tökmüşdü. Amma yadında qalan, yuxusuna girən iki ölüm vardı. Biri Aləmşahbəyimin ölümü idi ki, bu ölüm Əbih Sultanı alçaldıb heçə endirmişdi. Sanki zəhər içib onun cəngindən qurtarmaqla ona ölüm hökmü kəsmişdi, ikinci ölüm isə “A...a...a” deyə canını tapşıran İbrahimin qətliydi. Bu ölüm ona görə tez-tez yuxusuna girib onu diksindirirdi ki, onun da İbrahimə bənzəyən oğlu vardı. Bəzən dəhşətli yuxular görürdü. Görürdü Şeyx Heydər əlində kaman onun oğlunun yatdığı otağa girir və kamanın kirişini oğlunun boğazına söykəyib sıxır, uşağın gözləri çevrilir, rəngi qaralır, sonra kirişi çəkir, oğlu özünə gəlir, kirişi bir də sıxır. Hər kərə onu üç dəfə öldürüb ölümdən qaytarır, durub gedəndə deyir:

– Sən nə qədər sağsansa mən hər gün səni üç dəfə boğacam. Atanın intiqamını bundan başqa heç nə ilə almaq mümkün deyil.

Qalan qətllər isə onun heç yadına da düşmürdü. Həm də indi bir sahib xəbərə görə fikrini dağıtmayacaqdı ki...

Otağına döndü və Hüseyn Əlixaninin dalınca adam göndərdi. İki mənzili Gödək Əhmədin ordusu ən çoxu iki günə gələcəkdi. İki gündə isə ordu toplamaq, onun qabağına çıxmaq heç cür mümkün deyildi. Belə müharibəyə aylarla, illərlə hazırlıq tələb olunurdu. Təbriz çox mühasirəyə dözərdi, on beş, iyirmi gün. Ya Təbrizdən çıxıb qaçmaq, paytaxtı düşmənin ixtiyarına vermək, ya da ayrı bir çıxış yolu tapmaq lazım gəlirdi.

Rüstəm Mirzə taxta çıxandan eyş-işrətlə məşğul idi. Tac Rüstəm Mirzənin başındaydı, hakimiyyət, xəzinə, ordu, açar-kilid Əbih Sultanın. Onun kəsdiyi başın sorğu-sualı yox idi.

Hakimiyyəti əldə möhkəm saxlamaq üçün iti qılınclar lazımdı. Bu qılınclar isə ömrünü at belində keçirən Türkəmən (tərəkəmə) elatlarındaydı. O köçəri tayfaları, onların başçılarını əldə möhkəm saxlamaq lazım gəlirdi. Bunun üçün Rüstəm Mirzə əmirlərə, tayfa başçılarına syürqallar bağışlayırdı. Syürqallar - dağda yaylaq, aranda qışlaq idi. Birini razı salmaq üçün o birisini aradan çıxarmaq lazım gəlirdi. Çünki neçə ildi ki, heç yerdən bir qarış torpaq tutmaq mümkün olmamışdı. Ən yaxın qonşuları osmanlılar idi. Uzun Həsən öləndə vəsiyyət eləmişdi. “Osman oğulları ilə bir daha müharibə eləməyin”. Özü o müharibələrin acısını dadmış, başqalarının da özü kimi uduzmağını istəməmişdi, Ona görə də türklərdən torpaq qoparıb syürqal kimi bu əmirlərə paylamaq müşkül iş idi. Artıq tərəkəmə (türkəmən) əmirlərini syürqallar da razı salmırdı. Onlar kütləşən qılınclarını döyüşlərdə cilalamaq, loşlaşan atlarını diribaş eləmək, torpaqlar tutmaq, qənimətlər əldə etmək istəyirdilər.

Şəhər sənətkarlarının əksəriyyəti silah ustaları idi. Onların da bazarı bağlanmışdı. Bu kasadlıqdan can qurtarmaq üçün onlar da tərəkəmə əmirlərinin, bəylərinin səfərə çıxmaqlarına tərəfdar idi. Hamı ölkədə Rüstəm Mirzədən və onun əmirlər əmirindən narazı qalmışdı.

Çünki Rüstəm Mirzə Əbih Sultana hər şey – rütbə, ixtiyar, var-dövlət versə də, xalqa, tərəkəmə bəylərinə heç nə verməmişdi. Sarayın xərcləri də o qədər artmışdı ki, ölkədə yığılan qırx beş, qırx altı vergi belə onu ödəmirdi.

Əbih Sultan yenə “namaza” dayandı.

“Gödək Əhmədin qoşunu çoxdur, onun arxasında isə Bayazid dayanıb. O, Təbrizi çox asanlıqla alacaq, babasının səltənətində hökmdarlıq edəcək. Əvvəl Rüstəm Mirzənin başı vurulacaq, məni də ona qoşacaqlar. Bu çətin vəziyyətdən çıxış yolu tapmaq lazımdır.

Ey ulu tanrı, sən özün şahidsən ki, bu dünyada hər kəs öz canına dua eləyib, hərə hamıdan, lap öz övladlarından da qabaq öz dərdini çəkib. Mən də sənin köməyinlə özümə, nəslimə, övladlarıma çıxış yolu tapmalıyam. Mən Rüstəm Mirzəyə yox, o mənə borcludur. Onu taxta sənin köməyinlə mən çıxartmışam. Yoxsa hökmranlıq görməmiş e’dam ediləcəkdi. İndi ölsə hökmdar kimi öləcək. İndi onunla bir yerdə dar ağacına getmək istəmirəm. Mən əgər canımı qurtarıramsa, bu işdə məni günahkar görmə”.

Onun ağlına gəldi ki, yəqin ki, “Səkkiz behişt” sarayında tək o bu barədə fikirləşmir. Vəzir, vüzara, əmir-lər və sərkərdələr hamısı, bəlkə də bu saat Gödək Əhmədin tərəfinə keçmək üçün tədbir tökür. Onların arasında Rüstəm Mirzədən savayı onun qohumları da ola bilər. Vaxtilə Uğurlu Məhəmmədin asılmağına ürəkdən “əhsən” deyənlər indi nə qədər göz yaşı axıtdıqları zindanda gizlincə onunla görüşüb ürək-dirək verdikləri Uzun Həsənin hökmünü dəyişmək üçün nə qədər cəhd göstərdikləri barədə “nağıllar, əfsanələr” uydururlar.

Əbih Sultanı soyuq tər basdı. Öz gördüyü işə nə qədər peşman oldu birdən-birə. Axı o heç vaxt belə səhv addım atmazdı. Nə üçün o bədbəxt sahib xəbəri belə qəddarlıqla üstünə satqınlıq adı qoyub boğazına qızılları əridib tökdürdü. Onun ki, rüşvət aldığını sübuta yetirə bilməmişdi. İkincisi də lap o rüşvət alıb, qoşunun irəliləməyini xəbər verməyibsə, bunun üstündə boğazına qızıl əridib töküblərsə, həmin xəbəri də zərgər bazarda yayırsa, bu əhvalat onun öz əleyhinə hazırladığı ən böyük ittihamdı. Gödək Əhməd Təbrizə girən kimi saray əhli bunu əllərində dəstəvuz eləyib, Əbih Sultanı məşhər ayağına çəkəcəklər.

Nə qədər ki, onlar hərəkət eləməyib iş görmək lazımdır.

Bu vaxt sifətində saqqal bitməyən, əyninə monqol xalatı geymiş yaşlı bir kişi içəri girdi və onun qarşısında diz çökərək dedi:

– Ağam mənə muştuluq verəcək.

– Nə muştuluqdu o elə?

– İki muştuluq. – Barmaqlarını açdı, – iki muştuluq. Biri oğluna görə. Şahbikə xatunun oğlu oldu. İkincisi də sənə bir qız gətiriblər, bir qız gətiriblər, on dörd yaşında, öz əlimlə hamamda çimizdirdim, döşləri qızıl gül qönçələri, əllərimi gətirdim belinə, barmaqlarım bir-birinə çatdı, hələ bir az da artıq qaldı. – Sonra o, elə bil ki, əllərini onun belindən aşağı sürüşdürürdü. Qövs kimi tutduğu barmaqları getdikcə biri-birindən aralanırdı. Aralandıqca Əbih Sultanın gözünün qarşısında nazik belli qızın sağrısı canlanırdı. – Ah, ağa bir baldırları, bir baldırları var, Venedikt şüşəsi kimi parıldayır. Elə tarım dayanıb ki, elə bil partlayacaq. Sağ budunun üstündə bir xal var ki, Bağdad gecəsindən qaradır.

Əbih Sultanın bədənində bütün qanı oynağa getdi, kü-rəklərində o qanın şiddətini hiss elədi və xoşhallıqla gərnəşdi.

– Xacə, tez ol get o qızı hazırla, mən gəlirəm. Vaxtım çox azdı.

– Oğluna görə muştuluq vermirsən, ağa?

– Xacə, çərənləmə, mən bilmirəm başımı hara qoyum ki, canım salamat qalsın, sən deyirsən oğlun!

Xacə sırtıq bir gülüşlə hırıldadı.

– Başını qoyarsan o gözəlin qönçə məmələrinin üstünə.

– Get, əgər o nazənin sənəm xoşuma gəlsə, muştuluğun ikiqat olacaq.

Xacə sevinə-sevinə getdi. Bilirdi ki, Əbih Sultanın hərəmxanasında belə gözəl yoxdur və onun muştuluğu bol olacaq.

Xacə geri-geri, nazlı qızın yerişi ilə çıxanda birdən Əbih Sultanın yadına bayaqkı çapar düşdü və tez onu çağırtdırdı.

Çapar gələndə əvvəl onu tanımadı. Sir-sifətinin palçığı getmiş, o gözəlləşib qara saqqallı, qaragözlü, ağsifət bir adam olmuşdu.

– Mənə danışdığını heç kimə deməmisən?

– Yox, ağa.

– Onda get, səni aparsınlar, gözlərinin çimirini al, qaranlıq düşəndə sən mənə lazımsan. Bu barədə bir adama bir söz desən özündən küs. – Baş üstə.

– Yolları yaxşı tanıyırsanmı?

– Hansı?

– Gəldiyin yolları.

– Tanıyıram.

– Get.

Çaparı apardılar. O, qalxdı. Xacənin tə’riflədiyi qız gözlərinin qabağındaydı, ona görə də fürsəti əldən vermək fikri yoxdu. “Bilmək olmaz dünyanın işini, əlinə keçdi ye, qalsa düşmənə qismət olar, at tapdın min, yüyəni özgəsinə yetişər, var-dövlət gördün yığışdır, səndən başqa da həvəskarı çoxdur. Gözəl gördünsə, kefinlə məşğul ol, kamını al, yoxsa əğyarın ağuşuna girər”. Bu onun ömrü boyu izlədiyi, yerinə yetirdiyi məramı idi. “Bu həyat bir bazardı, orada ucuz alıb baha satmağı bacardınsa qazandın, bu dünya bir qadındır, onu sevməsən də ürəyini əlində saxlamalısan, o səni sevməli, o sənin dərdindən ölməlidir. Sən onun dalınca süründünsə, həmişə zəlil qalacaqsan”. Əbih Sultanın sevimli kəlamlarıydı bu kəlamlar.             

O, otağından çıxıb hərəmxanaya tələsdiyi bir vaxtda, özü boyda, özü biçimdə Əmir Hüseyn Əlixanı ilə qarşılaşdı.

Salamlaşdılar. Bir xeyli də bir-birilərinin üzünə baxdılar. Hər ikisi də eyni məqsədi güdürdü. Qarşıdakının fikrini başa düşmək, onu öyrənmək. Gözlər bir-birinə dikilmişdi. Amma ən çox baxan, dəyanətli çıxan Əbih Sultan oldu. Əmir Hüseyn Əlixanı gözlərini çəkəndən sonra Əbih Sultan soruşdu:             

– Nədi, sözlü adama oxşayırsan?

– Sahib xəbərin boğazına ərinmiş qızıl tökülməyini eşitdim, onun səbəbini öyrənməyə gəldim.

– Səbəbini bilmirsənmi?

– Bilirəm. Dedim görüm əmirlər əmri daha nə tədbir görür?

– Səltənətin sərkərdəsini axtarırdım. Düşmən qabağına çıxmağa qoşunu hazırdımı?

– Niyə?

– Qoşun saxlamağa xəzinə lazımdı. İki günə on min qoşun toplaya bilərəm. Ondan artığına gücüm çatmaz.

– Yaxşı, get tədbirlərini tök, məsləhətləşək.

Bu boş söhbət onların hər ikisinin də bir-birilərindən canını qurtardı. Nə Əbih Sultan qoşun yığmaq həvəsindəydi, nə də Əmir Hüseyn Əlixanı. Əbih Sultan hərəmxanaya gedirdi. Əmir Əlixanı isə var-dövlətini yerləşdirmək, bundan başqa da rustaqlarda qoşun yığmaq adı ilə xəzinəni boşaldıb aparmaq fikrindəydi.

Hərəmxananın haylı-küylü, xanım gülüşü, qeybəti, söyüşü və nifrini ilə dolu xanələrindən əlavə elə otağı da vardı ki, oradan heç yerə səs çıxmazdı. Əbih Sultan da həmin otağa girdi. Onun gəlişindən xəbər tutan hərəmlər də hərəsi bir tərəfə dağıldı. Hər biri öz otağına girib onun yolunu gözləyə-gözləyə özünə əlavə bəzək-düzək verməyə başladı. Amma bu saat onun yadına o xatunların heç biri düşmürdü. Heç təzə dünyaya gələn oğlunu da yadına salmadı. Çünki buradakı xatunların çoxusu hamiləydi və qarınları burunlarında olanlar da vardı. Uşaqlar doğulurdu, böyüyürdü, ölürdü. Onların hamısını sevməyə, oxşamağa, onlarla vaxt keçirməyə də imkan və həvəs yox idi.

Xacə hərəmxanaya təzəcə gətirdikləri xumargözlü, xurmayısaçlı gözəli hovuzda təzədən çimizdirir, gülab-layırdı. Qız əvvəl ondan utanmışdı. Sonra yengələr onu başa salmışdılar ki, xacə kişi deyil, onların hər biri kimidi, utanmasın, çünki həmin işin sahibi xacədir.

Otaqda yataq hazırlamışdılar. Əbih Sultan soyundu. Xacə də onun gəldiyindən xəbər tutmuşdu. İsti sudan çıxarıb gülabladığı, saçlarını ətirlədiyi qızı ipək örpəyə bürüyüb qolları üstündə buğlana-buğlana ağasının hüzuruna gətirdi. Bəli, bu ağ, təravətli, gözəl bədəndən buxar qalxırdı, gözəllik saçılırdı, qızılgül ətrinin iyi yayılırdı.

 – Buyur, mənim ağam.

Əbih Sultan qızı ondan alıb öz qolları üstünə götürdü: “Allah, necə gözəl məxluq yaratmısan, sənin qüdrətinə inanmayan kor olsun”. Qollarını yuxarı qaldırdı, ürkək, ürkək baxan iri xumar gözlərindən öpdü. Xacə geri gedib qapıda dayandı. Qız səsi ilə dedi:

– Ağa, lazım olsam, məni çağırın.

– Xacə, getmə. Yaxına gəl və gör pələng öz ovunu necə parçalayır. Ey bədbəxt. Dayan, gör kişilik dünyada necə böyük ne’mətdir!

Həmişə üzündə gülüş donub qalan xacə bu dəfə də eyni təbəssümlə baxdı və gördü ki, əlləri üstündə gətirdiyi gül ləçəkləri kimi təravətli gözəlin başına nə oyun gəlir və o necə solur. Sifəti dəyişdi. Özünün bədbəxtliyi tam şəkildə gözləri önünə gəldi və hər şeyə, hamıya nifrət eləməyə başladı.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info