Qonaq Kitabı
LAHİCANDA MƏRASİM

Üç yüzə qədər Ağqoyunlu atlısı dəmirağaç meşəsindən çıxıb Biyəpiş mahalının kiçik Lahican şəhərinə girdi. Bu şəhərin daş döşənmiş dar küçələri vardı. Küçənin hər iki tərəfindəki iri pəncərəli dükanlarda sənətkarlar işləyirdi. Misgərlər kürədən təzəcə çıxardıqları köz rəngli misi zindan üstünə qoyub hər tərəfdən çəkiclə döyür, yeddi-səkkiz adamın çəkici qalxıb-ensə də, hamısı bir nöqtəyə vursa da, heç biri o birisinə mane olmurdu. Qapıdan qalaylanmış plov qazanları, güyümlər, ortasında Quran ayələri həkk olunmuş sinilər, atlıların başındakı dəbilqələrə oxşayan aş sərpuşları asılmışdı və müştərilərini gözləyirdi. Onların yanında dulusçular dəzgahı fırlayıb səhəng, küp düzəldirdilər. Bir az aralıda zərgərlər, necə deyərlər, iynə ilə gor qazırdılar. Bütün şəhər ağ, sal daşlardan tikilmişdi. Hörgülərin aralarına isə palıd tirlər atılmışdı. Darvazalar küçəyə açılsa da, bir dənə də olsun pəncərə küçəyə baxmırdı.

Qarğıdalıya bənzər daş küçədə at ayaqlarının səsi eşidiləndə hamı işini-gücünü buraxıb onlara tamaşa eləməyə başladı.

Qabaqda, gümüş yəhərdə lovğa-lovğa oturan, zər-ziba geymiş Qasım bəy Pərnək heç kimə fikir vermirdi. Elə bil heç şəhərə girmirdilər. Meşə yolu ilə gedirdilər. Bir-birinə bənzəyən ağaclara baxmaqdan yorulmuşdu. Ondan sonra gələn atlının yəhərinin qaşından asılmış dəri torbaya bayrağın ağacını keçirmişdilər. Bu bayraq xeyli hündür idi və onun ipək parçası üstündə vurağan ağ qoçun şəkli təsvir edilmişdi.

Biyəpiş mahalı Ağqoyunlu torpağına tabe olmasa da, kiçik, zəif bir mahal idi ki, istəyən vaxt icazəsiz, filansız Ağqoyunlu atlıları onun baş şəhəri Lahicana girə bilərdi. Burada gilanlılar yaşayırdı. Özləri də əkinlə, biçinlə, sənətkarlıqla məşğul olub güzəranlarını keçirirdilər.           

Atlılar kiçik şəhərin biri-birinin yanında tikilmiş dörd məscid və dörd hamam olan meydanında dayandılar. Yaşı əllini haqlamış Qasım bəy bir ildən artıq idi ki, bütün ölkəni ələk-vələk eləmiş, Ərdəbildə “qeybə” çıxan Heydər oğlu İsmayılı tapa bilməmişdi. Bir dəfə onun sorağını Talış dağlarındakı Kirko kəndindən almışdı, dəstəsini aparmış, amma əlinə heç nə keçməmişdi. Günbatanda, Orta dənizin sahillərindəki Qaraman əmirliyindən xəbər çıxmışdı ki, İsmayıl ordadır. Xəfiyyələr, çuğullar, əyyarlar göndərmişdilər, amma xəbər yalan çıxmışdı. Bir sözlə, səkkiz yaşlı İsmayıl Ağqoyunlu səltənəti ilə gizlənpaç oynayırdı. Elə bil Rüstəm Mirzə, Əbih Sultan bərədə dayanıb gözlərini yummuşdular, onun, “burdayam” kəlməsini eşitmək istəyirdilər və bu kəlmə eşidilirdi. Gözlərini açıb səs gələn tərəfə gedəndə, səs bu dəfə tamam başqa bir istiqamətdən gəlirdi. Bu müddətdə Qasım bəy Pərnəyin üç yüz atlısı da əldən-ayaqdan düşmüşdü.

Bu dəfə əyyarlar səhih mə’lumat gətirmişdilər. İsmayıl Biyəpişdədi, onu qoca, gününü ibadətdə keçirən mahalın hökmdarı Mirzə Əli Karqiya gizləyib saxlayır. Qızılözən çayının günbatanında Biyəpas mahalı idi ki, əhalisi sünnü mənsəb, gündoğan tərəfdə Biyəpiş idi ki, əhalisi şiə mənsəb idi. Əyyarlar, çuğullar xəbər gətirmişdilər ki, İsmayılı Hüseyn Lələ bəy çıxarıb Biyəpişə gətirib. Əvvəla, Lələnin özü də bu tərəflərdəndi, ikincisi də Mirzə Əli Şeyx Heydərin, Səfəviyyə ocağının müridlərindən hesab olunurdu.

Qasım bəyə göstəriş vermişdilər. Əgər Mirzə Əli İsmayılı verməsə, onda Biyəpişi darmadağın eləsinlər, əkinlərə, meşələrə, evlərə od vursunlar.

Qasım bəy dəstəyə meydanda dayanmağı buyurub, özü bir neçə müridlə atını Mirzə Əlinin iqamətgahına sürdü. Onun iqamətgahı uzun, ağaclardan yonulub tikilmiş, yanlardan kərpiclə hörülüb, üstü kirəmidlə örtülmüş gilan və talış məscidlərinə bənzəyirdi. Atlılar binanın həyətində dayananda Mirzə Əli rəhilə qoyub vərəqlədiyi Qurandan yasin surəsini oxuyub qurtarmışdı. Səs-küy eşidib yanındakı çərçivədə yuxarıya-aşağıya hərəkət eləyən pəncərəni qaldırdı, altına çubuqdan dayaq vurdu və oradan həyətdə nökərlərin tutduğu gümüş yəhərli ata baxdı.

– Bu kimdi?

İçəri girən Qasım bəy baş əymədən, salam vermədən dedi:

– Mənəm. Ağqoyunlu taxtının minbaşısı Qasım bəy Pərnək.

– Xoş gəlmisən. Mənə görə Rüstəm Mirzənin qulluğu. – O, Quranı öpüb qızıl qabına qoydu, öpüb gözünün üstünə qoyandan sonra xidmətçiyə verdi.

– Xoş gəlməyimin bir səbəbi var. Aldığım tapşırıq belədi. Əgər Heydər oğlu İsmayılı mənə verməsən, onda Biyəpişin altı üstünə çevriləcək, onun yerinə sənin özünü Təbrizə aparacağıq.

Mirzə Əli görünür belə hədə-qorxuları çox eşitmişdi. Ona görə də halını pozmadı.

– Yenə deyirəm, xoş gəlmisən. Əvvəla, atlardan düşün, bir tikə Allah verən halal çörəyimizdən yeyin, sonra danışaq, yoxsa, belə iş getməz.

Qasım bəy ucaboy, iriburun, iriqulaq, yekəağız, heyvərənin biriydi və belə adamlar heç kimlə xoş, nəzakətlə danışmağı bacarmırlar. Onun bu dünyada bacardığı bir iş vardı. O da ən güclü dananın irtməyindən yapışıb, hərləyib-hərləyib irtməyi üzmək idi. Əbih Sultan da bilirdi kimə nə iş tapşırır. Yapışdımı, irtməyi üzməmiş əl çəkməyəcəkdi.

Mirzə Əli çox yaşlı, balacaboy, xırdagözlü, irialınlı, nazikçənəli bir adam idi. Hökmdardan daha çox əkinçiyə oxşayırdı. Taxılı səpməyi kəndlərdə əməli saleh, ən ürəyidüz, əlitəmiz və halal adamlara tapşırardılar. O da belə bir kişiydi. Balaca mahalı ağıl, məsləhət və məharətlə idarə eləyirdi.

– Yox, Mirzə Əli, yaxşısı budur İsmayılı xoşluqla ver, götürək gedək. Yəqin sənin də balaların var, onların da İsmayıl kimi didərgin düşməyinə razı olmazsan.

– İgid, əvvəla, mənim bu elin ağsaqqalı, başbiləni, hökmdarı olmağımı nəzərə alıb belə danışma. İkincisi də İsmayıl burada nə gəzir.

– Əlimizdə səhih xəbər var.

– Yəni o səhih xəbəri verən Biyəpişi məndən yaxşı tanıyır? Bu dünyada ara qarışdıran şeytan, böhtançı olmasaydı, nə olardı görəsən. Yox, əgər sənin hökmdarın bizi qovğaya, qalmaqala çəkirsə, bunu ayrı yolnan eləyə bilməzdimi? Yaxşı, adamlarına de, atlardan düşsünlər. Burada bir-birimizə qoşunkeşlik eləmirik, Allaha şükür. Bir tikə Allah verən ruzimizi yeyək, ac qarınla yox, tox qarınla söhbətimizi eləyək. Atlılarını götürüb mahalımızı talasan, bizi o qədər ağrıtmaz, nəinki çörəyimizi yeməyib getsən. Düşün. Sonra sənə o səhih xəbəri verəni salaq qabağımıza, mən də sizə qoşulum, o dediyi yerləri axtaraq. Taparıq, sizin baxtınıza, tapmarıq, daha mən nə deyim.

Qasım bəy yumşaldı, tapşırdı ki, atdan düşsünlər. Mirzə Əli göstəriş verdi, qəssablar işə başladılar. Qoyunları kəsdilər, qənarəyə keçirib soydular, aşbazlar manqalları, qazanları hazırladılar, aşbaz köməkçiləri su qızdırıb düyü seçdilər. Mehtərlər isə uzun axurlarda üç yüz atın qabağına arpa, beşinin qabağına kişmiş, xurma tökdülər.     

Mirzə Əli özü bu işlərin hamısı ilə maraqlanırdı. O, həmişə qəssabların qoyun kəsməyinə baxanda ürəyində şükür eləyirdi.

– Allah, səndən çox razıyam. Neçə ildi burada hökmdaramsa, qəssablarım qoyun kəsib, cəlladım olmayıb, onlar bir adamın boynunu vurmayıb. Bəs indi necə olacaq? Bəlkə elə bu atlıların hamısını zəhərləsinlər. Yox, onun Biyəpişində heç üç siçanı öldürməyə də ağu tapılmazdı. Bu atlıların əlindən mahalı necə qurtaracaqdı bəs? Axı İsmayıl buradadı. Lələ bəylə lap dağların başında, dəmirağaclı Kirkan meşəsindəki xırda kənddə gizlənmişdi.

Beş-on evlik kiçik kənddə libaslarını dəyişib yaşayırdılar. Həmin kənd isə onların keşiyini çəkirdi. Lələ İsmayılı biçənəklərə, ova, gəzintiyə aparır, özləri ilə gətirdikləri iki at yükü kitabları oxuyur, ona savad verirdi.

Mirzə Əli müridi olduğu səciviyyə təriqətinin son ümüdini qoruyub saxlamaq üçün öz canını da verərdi. Bundan da başqa Biyəpiş camaatının bir xüsusiyyəti vardı, onlar hamısı qurban gedərdilər, amma qonağı güdaza verməzdilər. Bu qonaqlığı bəhanə eləyib o fikirləşir, tədbir tökürdü. Qasım bəyin ağzını necə xama verəcəyini bilmirdi.

O, qayıdıb Qasım bəylə bərabər oturdu, bardaş qurdu. Bu nəhəngə, heyvərəyə yol axtardı.

 – Hörmətli Qasım bəy, bizim bu camaat çox sadədildi. Əvvəllər burada üç quldur camaatın mal-qarasını, var yoxunu soyub aparırmış. Bu hələ mənim babamın vaxtında olub. Babam da belə şeylərə dözən adam deyilmiş. Bir dəstə adam göndərir, quldurlar qaçıb böyürtkanlıqda gizlənir. Böyürtkan təzə yetişibmiş, bizim dildə böyürtkana bəğələ deyirlər. Nəsə quldurlardan birini oxla vururlar. Görürlər ki, bundan çox qara qan axır. Dəstə başçısı məəttəl qalır, deyir:

– Bunun qanı niyə belə qaradır?

O biri kolda gizlənən quldur səsini çıxarıb, bunlara qulluq göstərmək üçün deyir:

– Bə, bəğələ yeyib də.

Onu da vururlar. Vurmaqlarına da peşman olurlar. Dəstə başçısı deyir:

– Bədbəxt dinməsəydi, heç ölən də deyildi. Bu vaxt kolda gizlənən üçüncü quldur da səsini çıxardır:

– Gör heç mən dinirəm!

O da öz səfehliyinin yox, sadəliyinin güdazına gedir. Bir sözlə, bizim camaat belə ürəyi təmizdi. Əgər sən axtardığın adam burada olsaydı, onda çoxdan gəlib mənə xəbər verərdilər. Əgər mən bilməsəm, onu gedib Təbrizə çatdırmazlar. Görünür, bu sözü yayanın özü düz bəndə deyil ki, bu boyda adamlara zəhmət verib bura gətirib.

– Mirzə Əli, mən bura Rüstəm Mirzənin fərmanıynan gəlmişəm. Ya İsmayılı aparmalıyam, ya da...

– Tapmasaq necə?

– Mən bilmirəm. Padşah tapşırıb, mən də tapmalıyam.

Əbih Sultan şərt kəsmişdi ki, kim İsmayılı tapıb gətirsə ona əmirlik rütbəsi və ölkənin harasında istəsə beş kənddən ibarət syürqal veriləcək. Dananın irtməyini dartıb çıxardan Qasım bəy bu fürsəti əldən verərdi?

Ağsaqqal Mirzə Əli bu biədəb misaldan utandı, ağ saqqalının arasından görünən yanaqlarına qızartı çökdü. Hələ onun özündən bir yaş kiçiklər belə onunla aradan pərdəni götürüb belə açıq-saçıq söhbət eləməmişdi. Özünü ələ alıb söhbətin səmtini dəyişdi:

– Qasım bəy, bu üç yüz atlıyla axtardığın İsmayılın neçə yaşı var?

– Gərək ki, səkkiz yaşındadı.

– Səkkiz! – deyə Mirzə Əli gülümsədi. – Ağqoyunlu padşahlığı, maşallah, məqribdən məşriqə uzanır. Onun ordusunun qabağında dayana biləcək ordu yoxdu. İndi bu səkkiz yaşındakı uşaq nədi ki, onu belə əlimyandıyla axtarırsınız? O körpə tifilin qılınc vuran qolu yox, camaatı qaldırıb arxasınca aparası dili və cəsarəti yox.

Qasım bəy onun inamla dediyi bu sözləri fikirləşdi. Ağlına da batdı.Amma onun öz məqsədi vardı. O, əmirlik rütbəsindən keçə bilməzdi İsmayıla görə.

– Sən də düz deyirsən Mirzə Əli bəy. Axtarırlarsa, demək lazımdı. Bəlkə böyüyəndə bir iş qarışdıracaq. Düşməni gərək bələkdə boğasan.

– Bu da ağıllı sözdü, amma cavansan, mən qocanın bir məsləhətini də eşit. Deyirlər ki, uşaq sirdi, mö’cüzədi. Qeybə çəkilib. Onların ocaqlarına inanmayanlar sonradan peşman olub. Kim o nəslə sataşıbsa xeyir aparmayıb. Sultan Yaqub rəhmətlik onlara pislik elədi, anasının verdiyi zəhərdən öldü. Hansı ana oğluna zəhər içirdər? Heç biri. Bəs niyə içirtdi? Onu bu işə məcbur eləyən sirli bir qüvvə var da. İnanmayan kafirdi.

Qasım bəyi bu işdə Allahdan da, peyğəmbərdən də çox maraqlandıran rütbə və syürqal idi. Həm də belə söhbətlərdən də qorxurdu. Bir az da danışsa, onun ürəyində elə Allah xofu yaradardı ki, bu işdən tamam əl çəkərdi. Ona görə özündən çıxdı:

– Mirzə Əli, söbhəti ora-bura atma. İsmayılı tap ver. Aramızda narazılıq olmasın.

Mirzə Əli pərt oldu, həm də gördü ki, onu bu söz-söhbətlə aldada bilməyəcək.

– Yaxşı, Qasım bəy, Qurani-şərifə inamın var da?

Qasım bəy diksindi. Elə bil ona biz batırdılar. Səsinin yoğun yerinə saldı.

– Mənə bu sözü evində deməsəydin, onda cavabı qılıncla verərdim. Qurani-şərif yolunda balalarımın başını kəsərəm, “uf” da demərəm.

– Çox gözəl, çox pakizə. Qurana and içsəm ki, İsmayıl burada yoxdu, onda mənə inanarsan? Qasım bəy onun qarşısındakı rəhilə baxdı. Orada quran yox idi.

– Yaxşı, Qurani-şərifi gətir, and iç, inanım.

– Qurana and içmək belə yüngül, asan işdi? Oturub çörəyinizi yeyin, mən hamama gedim, yuyunub pak olum, kəfən geyim, bütün Lahican əhlini yığaq məscidə, axundların, üləmaların yanında sənə and içim, razısan?

Qasım bəy gördü ki, bu elə mərasimdi ki, orada kim yalan danışsa arabadan düşən boranı kimi parça-parça olar. Razılaşmalıdır.

– Mən razı.

– Belə olmaz. Sən də, yoldaşların da hamamda çimib pak olmalıdı. Namazımızı da qılmalıyıq.

– Yaxşı.   

Onlar razılığa gəldilər. Mirzə Əli qalxıb otaqdan çıxdı. İndidən onun vücudunu titrəmə tutmuşdu. İsmayılı özü gizlədib saxladığı yerdə dünyada ən çox əyildiyi, öpdüyü, kəramətinə inandığı Qur’ani-şərifə necə and içəcəkdi. Bu and İsmayılı da, Biyəpişi də xilas edə bilərdi. Mirzə Əlinin də başqa heç nəyə gümanı gəlmirdi. Arxa otaqların birində oğlunu yanına çağırdı. Hündürboy, qollu-qanadlı böyük oğlu gəlib ayaq üstündə dayandı.

– Oğul, çox böyük bir imtahan qabağındayam. Əgər ondan çıxa bildim, bildim, çıxa bilməsəm mənim yerimdə oturub camaatımızı atan kimi ağıl və təmkinlə idarə eləyərsən. Heç kimi heç kimin ayağına verməzsən. Ədalət sənin birinci məsləhətçin olmalıdı.

Oğlu bu sözləri eşidəndə kövrəldi, qəhərləndi.

– Nə imtahandı, atayi mehriban. Mən ölmüşəm ki, sən özünü çətinliyə salasan?

– Yox, ay oğul. Mən Qasım bəyə Qur’ana and içməliyəm ki, İsmayıl burada yoxdur. Bilirsən ki, mən heç vaxt yalan danışmamışam. İndi o yalanı deməyə məcburam. Həm də Qur’ani kəbri də şahid gətirməliyəm. Bilirəm ki, o and içməkdən sonra çox yaşamayacağam.

– And içmə, atayi mehriban.

– Ayrı çıxış yolum yoxdur.

– Atayi mehriban, peyğəmbərin nökəri həzrəti Məhəmmədi bir çuvala qoyub atdı kürəyinə, gəlib darvazadan çıxanda keşikçilər soruşdu ki, o çuvalda apardığın nədi? Dedi, peyğəmbərdi. Keşikçilər inanmadılar, gülüşüb onu buraxdılar. Şəhərdən uzaqlaşanda, Peyğəmbər soruşdu, ya Salman, mənim yerimi keşikçilərə bildirdin? Dedi ki, ya peyğəmbər, səndən ötrü yalan danışmalıydım? İndi İsmayıl kimi körpə bir uşaqdan ötəri yalan danışmaq fikrindəsən?     

– Bəli, oğul. İsmayıl elə bir pöhrədi ki, o böyüyüb qol-budaq atanda kölgəsi bütün ölkəni tutacaq.

Birdən Mirzə Əli çıxış yolu tapdı. Onun sifəti işıqlandı, gözləri nurladı. – Tapdım. Tez atını minib Lələ bəyin yanına.            

O, fikrini oğluna başa salandan sonra rahatca hamama yollandı.

Bütün Lahican əhli cümə məscidinə yığışmışdı. Minbərin qabağında burada saxlanan ən qədim Qur’anı gətirib rəhilə qoydular. Mirzə Əli əyninə ağ kəfən geymişdi. Ayaq üstündə dayanıb dodaqları arasında nəsə oxuyur, zikr eləyirdi. Amma gözləri fərş üstündə bardaş quran adamların başı üstündən qapıya zillənmişdi. Oğlunun qayıdıb gəlməyini gözləyirdi. Hələ ki, böyük oğlu qayıdıb gəlməmişdi, ona görə də oxuduğu duanı dəfələrlə təkrar edir, mərasimi uzadırdı.

Qasım bəy bardaş qurub üləmaların arasında oturmuşdu. Lahican hamamından çıxandan sonra rəngi xeyli dəyişmişdi. Sifətindəki kir, pasaq təmizlənmişdi. Mirzə Əlinin gecikməyini oxuduğu dualarla əlaqədar bilib darıxırdı.

Birdən Mirzə Əli cana gəldi. Oğlu qapıda göründü və gözləri ilə işarəsini verdi ki, atasının tapşırığını yerinə yetirib. Mirzə Əlinin canını bayaqdan çulğayan titrətmə keçdi, o namaz qılırmış kimi Quranın qabağında diz çökdü. Onu götürüb dodaqlarına yaxınlaşdırıb öpdü, sonra sağ əlinin beş barmağını da onun dəri cildinə basıb üzünü Qasım bəyə tutdu:           

– Qasım bəy, and olsun bu Qurani kəbirə, Qurani-şərifə ki, Şeyx Heydər oğlu İsmayıl Biyəpiş torpağında yoxdur. Bundan sonra o Quranı bir daha öpüb yerinə qoydu və ayağa qalxdı. Bu vaxt Lələ bəyin dəmirağacdan asdığı beşikdə uzanan İsmayıl dərin və şirii bir yuxuya getmişdi.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info