Qonaq Kitabı
ŞƏMASƏ MÜSİBƏTİ

Ərdəbilə bir mənzillik yol qalmışdı. Yeddi yüz atlı yortma yerişlə keçib gedirdi. Birdən Sultanəli dedi:

– Dayanın!

Hamı atlarını saxladı. Gül çiçəkli dağın döşündə qəribə bir kənd vardı. Palçıq evləri elə bil qaranquşlar bir-bir dimdiklərində daşıyıb tikmişdilər. Evlərin də hamısı bir-birinə yapışmışdı. Arı pətəyinə oxşayırdı. Şırıltı ilə axan dağ çayı göyün yerə düşən bir parçasına oxşayan gölə tökülürdü. Göl o qədər duru idi ki, dağ da, kənd də onda əks eləyirdi. Elə bil burada biri-birinin eyni olan iki dağ və iki kənd var.

Sultanəli bu gözəlliyin qarşısında özünü saxlaya bilməyib atının cilovunu çəkmişdi.

– Bu hansı kənddir?

Lələ bəy dedi:

– Şəmasə kəndidir. Qurban olduğum pirin sürcalıdır. Onu Teymurləng anasının pulları ilə alıb pirə bağışlayıb. Bu dünya gözəlliyinin bütün ne’mətləri müridlərinizə, pirə pənah gətirən əlsiz-ayaqsızlara xərc olunur.

– Bəlkə bir az dincələk?

– Atlardan düşün, – deyə Lələ bəy əmr verdi. Onlar atlardan düşdülər. Təbrizdən çıxandan heç yerdə dayanmayıb at sürmüşdülər. Ona görə də hamı yorulmuşdu. Belə gözəl bir yerdə bir az dincəlmək pis olmazdı.

Sultanəli gölün sahilinə gəldi. Dumduru suyun dibində rəngbərəng daşlar görünürdü. Balıqlar tənbəl-tənbəl üzüb gedirdilər. Gül-çiçəyin, yarpızların ətri aləmi başına götürmüşdü. Quşlar elə həvəslə oxuyurdular, arılar elə arxayınlıqla vızıldaşırdılar ki... Bu təbiətə baxanda Sultanəli Təbrizdə onlara hörülən toru belə yaddan çıxartdı. Nə olaydı insanlar da belə təbiətin gözəlliyinə, duruluğuna, şirinliyinə oxşayaydılar.

Gölün qırağında çiçəklərin, otların arasından qara torpaq yumşalmışdı, oradan sısqa axınla su axırdı. Sultanəli qızıl kəmərinə keçirdiyi üstündə zümrüd qaşları olan qızıl işləməli qılıncını açıb yerə qoydu, əyilib torpağı təmizlədi. Su azacıq bulandı, durulanda gözünü təmizlədiyi bulaqdan dumduru su axmağa başladı. O, bulaq açmışdı. Əllərini yudu, bulağın qabağına xırda daşlar düzdü, su şişdi. Bundan sonra dizini torpağa qoyub əyildi, dodaqlarını söykəyib o sudan içdi.

– Sultanəli bulağı!

Bu səs Lələnin səsiydi.

O başını qaldırıb ona baxdı və gülümsədi. Bu gülüşdə bulaq kimi duru və sərin bir uşaq sadəlövhlüyü, təmizliyi vardı.

– Lələ, deyəsən bir yaxşı iş gördüm axı. Bir bulaq gözü açmaq, bir ağlayan uşağı kiritmək, ovundurmaq qədər savab işdi.

– Həm də hökmdarın öz əliylə açdığı bulaq. Bunu bilənlərin hamısı o kiçik bulaqdan su içəcək, bir də görəcəksən ki, bulaq böyüdü, genişləndi, gurlaşdı.

Sultanəli qalxıb kəmərini götürüb belinə qurşadı. Təbiətə heyranlıqla tamaşa eləməyə başladı.

– Lələ, buranın harası cənnət bağından əskikdi? Demək ulu tanrı o dünya yox, elə bu dünyada da cənnət yaradırmış.

– Bəli. Bunun da hamısı nurdandı. Bax, əsl nur elə budur, elə deyilmi?

– Nurdu, nur. – Sultanəli bura elə vurulmuşdu ki, qollarını geniş açmışdı. Uçmaqmı istəyirdi, ya bu gözəlliyi özü iləmi aparmaq istəyirdi, ya nədi, bir an gözünü buradan çəkmirdi. – Lələ, bu torpaqlar babamın türbəsinin soyurğalıdı, ona görə də burada yaşamaq üçün yaylaq evi tikdirmək olar.

– Baş üstə!

– Bilirsənmi harada?

– Harada?

– Bax, o qayanın üstündə. Oradan gölə pillələrlə enərik, göl kənarında cığırla gəlib bu bulaqdan su içərik. Bu çiçəklik, bu çəmənlik toxunulmaz qalar. O, qanadları qanovuz kəpənəklərin də xətrinə heç kim toxunmaz.

Hüseyn Lələ bəyin də xoşuna gəldi bu təklif. Qayalar buradan uzaqlaşırdı. Təbriz yolu onların dibi ilə dolanıb gedirdi. Amma qayalar çılpaq deyildi. Göldən ayrılıb axan çay palıdların, fısdıqların arasından keçib axırdı. Suyun kənarında hündür baldırğan kolları bitmişdi. Daşların, qayaların üstü, ağacların kötüklərini qalın mamır basmışdı. Bu yaşıl yarğanda xırda, ulduz-ulduz çiçəklər bitmişdi. Yol bu çəmənliyə, gölün kənarına qalxmırdı, aşağıdan keçib gedirdi. Qarşı tərəfdəki meşəli dağların üstündən qar şırımları nəhəng saqqala oxşayan Savalan gözə dəyirdi. Onun zirvəsi yenə də görünmürdü. Zirvənin taleyi belədir də, oradan heç vaxt duman əskik olmur. Haraya bir dərd-ələm, qayğı varsa bulud şəklində gəlib onun ətrafında yığılır.

Aşağıda, Təbriz yolundakı keşikçinin fit səsi eşidildi. Hamı gərginləşdi elə bil.

– Atları tutun. – deyə Dədə bəyin səsi eşidildi.

Bu vaxt bir atlı çapa-çapa gəlib Sultanəlinin yanına çatanda at yıxıldı, atlı isə yəhərdən tullanıb düşdü. At əvədidi, dal ayaqları göydə quruyub qaldı. Çapar isə nəfəsini güclə dərib udqundu. Lələ onu indi tanıdı. Bu Ağqoyunlu sarayının sahibi xəbəri Murad bəy idi. Lələ soruşdu:

– De görək nə olub?

– Əbih Sultanla Hüseyn bəy Əlixani beş min atlı ilə dalınızca gəlir. Bu yerə bir azdan çatacaqlar. Mən özümü güclə yetirdim, tədbir görün.

Sultanəli Dədə bəyi, tuncdan tökülən, cəng atan qədim heykələ oxşar kobud Qara Piri bəyi, qədd-qamətli İlyas bəyi yanına çağırdı.

– Fikrinizi deyin. Əbih Sultan beş min atlı ilə üstümüzə gəlir. Nə eləyək?

Lələ fikrini dedi:

 – Mənə elə gəlir ki, Ərdəbilə girib qapıları bağlayaq, ondan sonra onlarla vuruşmaq daha əlverişli olar.

– Lələ, qələbə ilə qayıdırıq. Ərdəbil bizi şadlıqla qarşılayacaq. Belə bir vaxtda əgər düşmən əlindən qaçıb şəhərə girib qapıları bağlasaq, camaat yanında hörmətimiz qalarmı? Mən belə başa düşürəm ki, qalmaz. Həm də qabağımıza çıxan camaata deyəcəyik siz dayanın, biz gizlənək?

Lələ bəy onun bu sözləri qarşısında dinmədi. Düzgün fikir idi. Amma beş min atlının qabağında yeddi yüz nəfər nə eləyə bilərdi? Onları sərçə kimi qırıb tökərdilər.

Dədə bəy dedi:

– Mən belə başa düşürəm ki, Lələ bəyin sözündə də həqiqət var, gənc hökmdarımız da doğru deyir. Amma bəxtimizi burada sınasaq, yaxşı olar. İşdi olmadı belə, oldu elə. Onda Ərdəbil Əbih Sultanın qarşısında aciz qalır. Bir tərəfdən də hökmdarımızın anası, qardaşları Ərdəbildədir, onların qayğısına qalmaq lazımdır. Məni eşitsəniz, Lələ bəy hökmdarla Ərdəbilə qayıdar, biz bacardığımız qədər onların qabağını saxlayarıq. Tez bir vaxtda şəhər camaatı silah götürər, əgər biz onların qabağını saxlaya bilməsək, orada hazır olarlar. Həm də Ərdəbil qalasına da e’tibar yoxdur, qalanın neçə bürcü uçub.

Bu təkliflə Qara Piri bəy də, İlyas bəy də razılaşdılar. Amma bir məsələ ilə Sultanəli razılaşmadı.

– Lələ bəy getməlidi. Bu çox vacibdi. Amma mən heç yerə getməyəcəm. Bu yeddi yüz atlı mənim getdiyimi görsə qolları boşalacaq, deyəcəklər hökmdarımız bizi düşmən qarşısında qoyub qaçdı.

Ona nə qədər yalvardılarsa, yenə də bir şey çıxmadı. Axırda Sultanəli qətiyyətlə dedi:

– Qulaq asın. Hökmdar fərmanından çıxan buradaca e’dam olunacaq. Məni fikrimdən heç nə döndərə bilməz.

Bundan sonra onlar döyüşə hazırlaşdılar. Atları meşəyə baldırğanlığın arasına çəkdilər. Dədə bəy düz deyirdi ki, onların atları susuzdur və bu göldən suvaracaqlar. Atlar su içəndə qəfildən onlara həmlə eləmək lazımdır. Onda üstünlük qazana bilərlər. Yoxsa açıq meydan döyüşündə uduzarlar.

Hüseyn Lələ bəy əlacsız qalıb, Allahdan onlara uğur diləyib Salmanı da götürərək Ərdəbilə tərəf çapdı. Dədə bəy göstəriş verdi, atların ağzını bağladılar, baldırğanlığı keçib meşəyə çəkildilər. Bütün göstərişləri Dədə bəy verməliydi.

Bir müddətdən sonra Əbih Sultanın qoşunu göründü. Sultanəli ürəyində deyirdi ki, kaş gölün yanına dönsünlər. Dönməsələr, dönüb Ərdəbil yoluna düşsələr işlər pozulacaq. Onda gərək arxadan onları izləsinlər. Söz yox ki, bir azdan qaranlıq düşəcək. Gecə düşərgə salanda onları haqlayıb qılıncdan keçirmək olardı.

Amma... Elə onlar istədiyi oldu. Əbih Sultan atını gölə tərəf döndərdi, bir an dayanıb baxdı, quşların səsinə qulaq asdı. Qəribədir bu dünya... Onu hamı sevir. Onun gözəlliyindən boynu vurulmaq üçün kötüyün yanına gətirilən, insanların xoşbəxtliyi naminə qurban gedən də, insanları ümidsiz qoyub qılıncı başa endirən də. Kəpənəklərin uçuşu, arıların vızıltısı, suyun şırıltısı Əbih Sultanın da xoşuna gəlirdi.

– Burada dincliyinizi alın. Ətrafa keşikçilər qoyun. Bir adamı Ərdəbilə tərəf buraxmayın. Belə gözəl yeri o dərviş nəvələrinə verməkmi olar!

Bu sözləri Sultanəli eşidirdi və yalnız indi Hüseyn Lələ bəyin sözündən çıxdığına görə özünü qınayırdı. O, doğrudan da zindandan kənarda yaşayan tanımadığı adamları mələk bilmişdi, özünü onların yanına atmaq istəmişdi. Amma gör bu adamların arasında necələri var? Əbih Sultan kimilər. Bir adamda neçə sifət, neçə ürək, neçə beyin olarmış.Axı nərd zərləri altı üzlüdür, amma hər üzün öz qiyməti var. Hər vaxt o qiymət artıb-azalmır. Əbih Sultan isə nifrət elədiyi adama məhəbbətini də izhar eləməyi bacarır. Sonra da o nifrəti elə yerdə üzə çıxarır ki, qarşıdakı hələ onun məhəbbətindən soyumayıb, düşmənini tanımağa belə macal tapmayıb.

“Səhv elədim, böyük, bağışlanmaz səhv. Lələnin sözünə baxıb gərək onları zindana göndərib torpağımızı böyüdəydim. Onda daha belə çətin vəziyyətə düşməz, ikiüzlülüyü görməzdim.” Ərdəbil padşahını izləyən beş min süvari atlardan endi, onları cidarlayıb arıların bayaq bal əmdiyi çəmənliyə buraxdılar. Ayğırlar madyanlara qarışdı, at kişnərtisi hər tərəfi başına götürdü. Nallı dırnaqlar təbiətin bakirəliyini viran qoydu. Əzdi, tapdaladı, torpağa qarışdı.     

Döyüşçülərin demək olar ki, hamısı silahlarını çıxarmış, ayaqlarını soyunmuş, dəbilqələrini yerə qoymuşdular. Yolun yorğunluğunu və tozunu hələ insan ayağı dəyməmiş bu duruluq mücəssəməsi olan gölün sularına tökürdülər. Artıq məqam yetişmişdi. Qızılbaşlar at belində oturub diqqətlə onları izləyirdilər. Hamı Sultanəlinin işarəsini gözləyirdi. Birdən o əllərini göylərə qaldırıb dua elədi. Hamı gərgin vəziyyət aldı. Duadan sonra onun işarəsi olmalıydı.

– Başlayın!

Yeddi yüz atlı bir anda pusqudan çıxdı. Hamısı bir ağızdan qışqırırdı:

– Qurban olduğum, sadağa olduğum, pirim, mürşidim!

Elə bir hay-küy qopdu ki, çəmənlikdəki atlar hürkdü, qabaqlarına çıxan sahiblərini ayaqları altına aldılar. Atlarla göldə yuyunan döyüşçülər arasında boşluq yarandı və qızılbaş seli bu boşluqda rahatca, sür’ətlə çıpıb suyun üstündən qalxanları qılıncla doğrayıb nizə ilə dəlik-deşik edib gölün kənarına yıxırdı. Yüzlərlə adam qorxudan özünü gölə atdı və o dumduru sulara batıb boğuldu.

Əbih Sultan ilk nidaları eşidəndə heç bir çıxış yolu görməyib aşağı yolda dayanan, silahlarını hələ də yerə qoymayan dəstəyə tərəf qaçdı. Onu çəməndəki at ilxısı ayaqları altına salıb döyəclədi, amma onun bəxtindən qabaqdakı ayğırın gözünəmi, başınamı yaxından atılan ox sancıldı, o vəhşi bir kişnərti ilə şahə qalxdı və beləliklə ilxının axınını döndərdi. Əbih Sultan çəmənlikdən aşağıdakı dərəyə enən enişdə özünü saxlaya bilməyib sürüşdü və gəlib yolun içində dayandı. Yoldakı keşik çəkən atlılar hələ nə olduğunu ayıra bilməmişdilər və bir neçə an Əbih Sultan da onlara heç bir şey başa sala bilmədi. Gücü ona çatdı ki, birini dartıb atdan saldı, özü yəhərə qalxdı, qılıncını siyirib hələ özü də bilmədiyi bir məqsədin dalınca atını çapdı. Bu vaxt aşağıdakı süvarilərin üstünə ox yağış kimi yağmağa başladı. Atından salınmış süvari Əbih Sultanın dalınca əl-qolunu ölçüb-biçirdi. Bu vaxt əli göydə qaldı, bir an sanki havadan asıldı. O üzü üstə yerə gələndə kürəyindən dəyib ürəyinin yanından çıxan oxun ucu daşa dəyib xırçıldadı.

Əbih Sultan bircə onu bacara bildi ki, qışqırıb sağ qalanları dalınca səsləyə bildi.

– Dalımca gəlin, dalımca!

 Atlarını tuta bilənlər, çəmənlikdə yox, aşağıda dayananlar və bir də qılınc əlindən canını qurtarmaq üçün əllərini dəbilqənin üstünə qoyub, dabanları yumşaq yerinə dəyə-dəyə qaçanlar Təbriz yoluna üz qoydular.

Qısa bir müddətdə beş minlik qoşunun çox hissəsi qılıncdan, nizədən keçirildi, oxa sancıldı. Dədə bəy böyük bir dəstə ilə əllərini dəbilqələrinə qoyub qaçanları, öz atlarına minə bilməyənləri doğradı. Əbih Sultan böyük bir dəstə ilə qayaların arasında yoxa çıxdı.

Dədə bəy daha onları izləmədi. Qüvvələri az idi, hamısı bir yerdə olmalıydı. Ona görə də geri qayıtdı. Sultanəli at üstündə oturub dik bir yerdən bütün bu mənzərəyə baxırdı.               

– Əlimizdən bu dəfə qaçıb qurtardı. Gələn dəfə haqq-hesabını çəkərik, – dedi.

– Əzəmətli padşahımız və Şeyxül əzəmimiz, bir həftədə qazandığın ikinci qələbə ilə səni təbrik eləyirəm. Hələ müharibələr tarixində görünməmiş bir iş idi. Yeddi yüz nəfər beş min nəfəri darmadağın elədi.

– Sağ olsun sərkərdələrimiz, igid müridlərimiz. Əbih Sultan da gücümüzə bələd oldu, daha bu tərəflərə üz tutmaz.

Müridlər atları tutur, gəbərmiş atların yəhərlərini, yüyənlərini çıxarır, silahları toplayır, özlərini saxlaya bilməyib ölənlərin əyinlərindən paltarları, ayaqlarından məstləri, ciblərindən pul kisələrini çıxarırdılar.

Şeyx Heydərdən sonra onlar iki yürüşə çıxmışdılar. Hər ikisində də qənimətlər bol olmuşdu. Neçə illərdi ki, döyüşə getməyən, qənimət ələ keçirməyən müridlər yoxsullaşmış, müflisləşmişdi. Belə bir fürsəti isə əldən qaçırmaq istəmirdilər. Sultanəli əvvəl onları bu işdən çəkindirmək fikrinə düşdüsə də, həmin fikrindən vaz keçdi. “Can qoyublar, qanlarını töküblər. Mən isə hələ onlara heç nə verməmişəm. Çünki verməyə bir şey də yoxdu. Düşməndən alınan qənimət onlarındır, qoy götürsünlər”

Əbih Sultanın atının yüyəni birinin, tapqırı o birisinin əlinə keçmişdi. Çünki bu yüyən də, yəhər də qiymətli idi. Yəhər sədəflə işlənmişdi. Tapqırın üstündə, üzəngidə qızıl, gümüş bəzəklər vardı.

Yüyəndən tutan dedi:

– Burax, atı mən tutmuşam.

– Yəhərdən də mən yapışmışam. Sən əlini çək, yoxsa sənə qan qusdurub, ananı ağlar qoyaram.

– Sən məni qorxudursan? Mən bu saat heç əzrayıldan da qorxmuram!

Cibo Səfər onların bu mübahisələrinə qarışmaq istədi:

– Gör nədən ötəri qızılbaş adını korlamaq istəyirsiz. Dünyada qalacaq dünya malından ötəri. Yəhərdən tutan qışqırdı:

– Sən də get ağlına dua yazdır. Mən can qoymuşam. Qoşunun ən qorxulu yerinə mən idim özümü vuran.

Cibo Səfər susub geri çəkildi. Bu vaxt qışqırıq eşitdi. Mübahisə eləyənlərin hər ikisi qılınclarını bir-birinin çiyninə endirmişdilər. Biri ölmüşdü, o birisi hələ can verirdi, gözləri irilib hədəqəsindən çıxmışdı və onlardan yaş axırdı.

– Bədbəxtlər, – deyən Cibo Səfər yaxınlaşdı, yüyəni ölənin indi-indi soyuyan barmaqlarının arasından çıxarıb atı çəkib apardı.

Bir talan, bir qarət başlamışdı ki... Heç kəs heç kəsi tanımırdı. Qardaş-qardaşa güzəştə getmirdi. Soyduqları paltarları, tapdıqları əşyaları tutduqları atlara yükləyirdilər. Elə adam vardı, beş at tutmuşdu, eləsi vardı heç birini də tutmamışdı və öz atı da talan olunanlara qoşulmuşdu, tapdıqlarını şələ kimi bağlayır, qışqırırdı:

– Atımı verməsəniz, hökmdara deyəcəm. Gözlər elə qızmışdı ki, indi heç hökmdarı da saymazdılar.

Müridlərdən biri yerdəki yaralının ayağından məstinin bir tayını çıxartmışdı. O birisi tayını dartıb çıxara bilmirdi. Yaralının ayağı şişmişdi, məstin içinə qan dolmuşdu. Qırmızı rəngli məst isə müridin çox xoşuna gəlmişdi, necə olursa-olsun, onu çıxarmaq istəyirdi.

Yaralı isə ona yalvarırdı.

– Qurban olum, ay müsəlman qardaş, səni and verirəm Allahın birliyinə, arxalığımı götür, papağımı götür, məstə dəymə, qonşudan əlborcu almışam.

– Sənin qonşunun... – Yeddi mərtəbə söyüş yağdırdı. Bu dəfə də əlinə tüpürdü, əl atıb məsti dartanda yaralı qışqırdı.

– Öldüm axı, ay insafsız!

– Hələ ölməmisən. O xəncərini çəkib onun sinəsinə sancdı. Bədbəxt bircə dəfə çimçəşdi və canını tapşırdı. Mürid bir dəfə də məstə əl atanda onun başına bir qılınc endi. Dönüb baxa da bilmədi. Polad tiyə baş qapağını parçalayıb beyinə işləmişdi. Qılıncı vuran Dədə bəy idi. Bu əhvalatı bayaqdan izləyirdi və adını mürid qoyan vəhşinin insafsızlığına dözməmişdi. O, gur səslə müridləri intizama çağırır, heç kimin qulağı eşitmirdi.

Əbih Sultan dünyanın bütün naqis işlərindən xəbərdar idi.O, dünyanın ən bic tülküsünü toyuq hininə salıb, oradan ac çıxarırdı. Müharibələri də çox görmüşdü. Qalibiyyət də dadmışdı, məğlubiyyət də. Qaliblərin bir zəif cəhətini hamıdan yaxşı bilirdi. Döyüşdən sonra qənimət toplamağı. Ona görə də qaçıb oradan çıxandan sonra uzağa getmədi. Nə qədər qüvvəsi vardısa bir yerə yığdı, onları sakitləşdirdi, dilə tutub geri qaytardı. Aralıdan mənzərəni görürdü və qızılbaşlara lap yaxınlaşmışdı. Çünki artıq onların keşikçiləri də yox idi. Keşikçi boş-boşuna dayanacaq, o biriləri yüklərini tutacaqdılar? Ay dayandı ha.

Qızılbaşlara lap yaxınlaşdılar və birdən-birə dördnala çaparaq, silahını ağır yük bilib atan, soxa yığışdıran müridləri biçməyə başladılar. Bayaqkı Qızılbaş uğuru tərsinə çevrilmişdi.

Dədə bəy bir neçə adamla onların bir cinahının qabağını saxlamışdı. Qara Piri bəy şir kimi vuruşur, hər dəfə qılıncını çalanda yerə baş, qol, ayaq düşürdü.

Əbih Sultan onların heç birini görmürdü. Onun qırmızı gözləri Sultanəlini axtarırdı. Sultanəli isə hələ hər şeydən xəbərsiz idi. Gölün o birisi başında, qayanın üstündə dayanıb gözlərini suya zilləmişdi, arxayın-arxayın üzən qızıl balıqlara baxırdı. Əbih Sultanın ona tərəf çapdığını görən Murad atını onun qabağına sürdü. Əbih Sultan təəccüblə ondan soruşdu:

– Sahib xəbər,sən də burdasan?

– Bəli, vicdan sahibi, bütün dünyanın əclaf işlərinin mayası, mən buradayam. Al gəldi. – Əbih Sultan qalxanını onun qılıncının qabağına verdi, qılınc qalxana dəyib sürüşdü və yana getdi. Murad özünü itirmədi. Onun yanındakılarla vuruşmağa başladı, birinin çiyin qarışıq sol qolunu qopartdı, qılıncı o birisinin qarnına soxub yəhərdən saldı, ücüncüsünün atının boynuna endirdi, qılıncı və həmin adam atla bərabər yerə gəldi.

Əbih Sultanı Muraddan da çox Sultanəli maraqlandırırdı. Ona görə özünü Sultanəliyə tərəf atdı. Murad qışqırdı.

– Hökmdar, özünü gözlə.

Səs deyəsən Sultanəliyə çatdı. Amma Murad vuruşa-vuruşa gözünün ucu ilə gördü ki, Sultanəli qıvrılır. Hirsindən qabağındakıları ağına-bozuna baxmadan doğrayıb tökdü, dönəndə gördü ki, artıq Sultanəli yoxdur və gölün üzündə halqalar yayılır.

O, işi belə görəndən sonra atın başını buraxdı. Bu bakirə, təmiz, duru gölün üzündəki halqavari dalğalar durulanda su altında yatmış şahzadə göründü. O, arxası üstə uzanmışdı, başından dəbilqəsi düşmüşdü. Qızılı saçları su yosunları kimi axarda da dalğalanırdı. Ağ libasının sinəsində, kürəyinə sancılan oxun ucunda isə elə bil məxməri Təbriz qızılgülü açmışdı. Qızıl xallı balıqlar onun qızıl kəmərinin, qızıl düymələrinin üstündən arxayın-arxayın o tərəf, bu tərəfə üzürdülər.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info