Qonaq Kitabı
SİRR AÇILIR

Ərdəbil bayram eləyirdi. Bu şəhər hələ belə pişvaz görməmişdi. Əmir Teymur da şəhərə girəndə onu belə təmtəraqla, ən başlıcası isə sevinclə qarşılamamışdılar.

Şəhər küçələrinin divarları görünmürdü. Hər iki tərəf adamlardı, onların sifətindəki sevinc idi, xoşbəxtlik idi. Elə bil divarı sevincdən tikmişdilər. Evlərin damı, hasarların üstü, ağacların budaqları, məscidlərin minarə və günbəzləri elə bil adam gətirmişdi.

Küçələrin yanlarındakı arxlarla qan axırdı. Qurbanlıq qoyunların qanı. Hər tərəfdən çalanların, oxuyub oynayanların xoş nidaları eşidilirdi.

Qabaqdakı ağ atın üstündə ağ libasda, başına on iki dilimli qırmızı tac-çalma qoyan Sultanəli gedirdi. Ancaq o tək gedə bilməzdi. Atının ayaqlarını qucaqlayan, qabağında qurban kimi başını gətirib yerə qoyan adamların əlindən keçib getməyi çətin idi. Amma bir dəstə ona yol açırdı. Ondan arxada Hüseyn Lələ bəy atını sürürdü. Kəcavədə isə Aləmşahbəyim oğulları İsmayıl və İbrahimlə oturmuşdu. Dədə bəyin süvariləri, yolların toz-torpağına batmış qara geyimli, yorğun və xoşbəxt müridlər yeriyirdi. Onlardan sonra gələnlərin ardı-arası kəsilmirdi. Birdə gördülər ki, gələnlər şəhərin öz camaatından da çoxdur. Təbrizdən Ərdəbilə qədər bütün şəhərlərin, kəndlərin, qəsəbələrin başıpapaqlıları da onlara qoşulmuşdu.

Zindanda qaldıqları müddətdə onlara olan məhəbbət ölməyibmiş, əksinə, daha da coşub-daşıbmış.

Sultanəli şəhər meydanında atını saxladı, əlini yuxarı qaldırdı. Hamı susdu.

– Salam olsun, ey camaat.

– Salam olsun! – Elə bir gurultu qopdu ki, göydə uçan quşlar da hürkdü.

– Heydəri Kərarın özünə çəkib!

– Gün parçasına bənzəyir maşallah!

– Şeyxin özünə oxşayır da!

– İgidlikdə də ona oxşasın!

Sultanəli ağ atı dikdirə çıxartdı ki, hamı onu görsün. Yenə əlini yuxarı qaldırdı.

– Ey camaat! Şeyx Heydər övladlarının kökünü kəsə bilmədi düşmənlər. Çünki Allah həmişə başımızın üstündə olub. Ulu babamız Həzrət Əlinin övladları kimi, babam Cüneyd, atam Heydər də bu müqəddəs yolda şəhid oldular. Lazım gəlsə onun övladları da şəhid olacaq, ancaq atalarının yolundan geri dönməyəcəklər.

Minlərlə mürid bir ağızdan qışqırdı.

– Qurban olduğum, sadağa olduğum, pirim, mürşidim, Sultanəli!

İsmayıl anasına baxırdı. Gözləri gülən Aləmşahbəyimin gözlərindən yaş axırdı.

– Ana, bu qədər adam bilirdi biz zindandayıq?

– Bəli, oğlum, bilirdilər.

– Bəs niyə gəlib bizi qurtarmırdılar?

– Gücləri çatmırdı.

Bunlar lap o qalanı götürüb bura gələrdi.

– Bu qədər adamın gücü o keşikçilərə çatmırdı? Çatardı!

Anası əlini onun çiyninə qoyub özünə tərəf sıxdı.

– Onda hamı bizim dərdimizi çəkirdi.

– İndi niyə belə qışqırırlar?

– Sevinirlər, ona görə. Axı biz azad olmuşuq.

İsmayıl suallarına ara vermirdi.

– Bu qədər adamın hamısı Sultanəlini tanıyır?

– Tanıyır, oğlum, tanıyır.

– Məni də tanıyırlar?

– Bəli, səni də tanıyırlar.

– Harada görüblər məni?

Anası söz tapmadı.

– Yuxuda.

– Yox, ana. Onlar atamızı tanıyırmış. Bizi də atamıza görə tanıyırlar.

Anasının gül yarpağı rəngli dodaqları onun alnına toxundu.    

– Ağıllı balamsan. Siz də atanızın adını həmişə uca tutun.

Ərdəbil Sultanəlinin paytaxtı olandan sonra hər tərəfdən yenə də səfəviyyə müridləri axışıb buraya gəlirdi. Şəhər, Şeyx Səfiyyəddin türbəsi beş il əvvəlki gur geyimli-kecimli həyatını yaşayırdı. Amma iş təkcə bu müridlərin sayının çoxalması, onların arasında şiə məzhəbinin yayılması ilə bitmirdi.

Sultanəlinin, Hüseyn Lələ bəyin bir məqsədləri vardı. O məqsədi həyata keçirmədən rahat nəfəs ala bilməyəcəkdilər. Şeyx Cüneyd də, oğlu Şeyx Heydər də Şirvanşahlar tərəfindən öldürülmüşdü. Sultanəlinin Ərdəbil padşahlığını yaratması Şirvanşahlar sarayında təşviş əmələ gətirmişdi. Əgər bu padşahlıq güclənsə onların oxunun birinci hədəfi Şirvan olacaqdı. Otuz ilə yaxın Şirvan taxtında oturan Fərrux Yasar hər vasitə ilə Şeyx Heydər oğlanlarını aradan qaldırmaq üçün vasitələr axtaracaqdı. Təzə yaradılan padşahlığın isə Şirvana heç vaxt gücü çata bilməzdi. Amma hər gün, hər saat o gücü, qüvvəni toplamağa çalışırdılar. Məsciddə oxunan xütbələr Fərrux Yasarın adı Yazid və Müaviyyə ilə yanaşı çəkilir. Adamlar biri-birini söyəndə “Yasar oğlu Yasar” deyirdilər.

Hər gün axışıb gələn müridləri toplayır, onların döyüşə yararlı olanlarına məşq keçir, kəmənd tullamağı, ox atmağı, at çapmağı öyrədirdilər. Hüseyn Lələ bəy padşahlığın ordusunu yaratmaq hazırlığı görürdü. Amma ən böyük bir çətinlikləri vardı. Xəzinə boş idi. Ordunu silahlandırmaq üçün qurxana yaratmaq lazım gəlirdi. Vaxtilə Şeyx Heydərin belə bir qurxanası vardı və bir dəfəyə iyirmi min qoşunu silahlandırırdı. Tək Şeyxin pirində yığılan nəzir-niyazla ordu yaratmaq mümkün deyildi. Onsuz da Ağqoyunluların soyub var-yoxdan çıxardığı Ərdəbil əhalisindən çoxlu vergi almaq onları tez bir vaxtda dilə gətirə bilərdi. Şeyx Heydər belə vaxtlarda hərbi səfərlərə çıxır, ələ keçirdiyi qənimətlə ordunu saxlayırdı. İndi isə belə bir qəniməti əldə eləmək üçün nə ordu, nə də imkan vardı. Hüseyn Lələ bəyə görə ən birinci səfər edəcəkləri bir yer vardısa, o da Şirvan olmalı idi. Bütün kin-küdurətin hamısı Fərrux Yasara doğru yönəlmişdi. Həm də belə bir səfər üçün Rüstəm Mirzə də onlara kömək göstərərdi. Çünki Bəysunqur Mirzə Şamaxıdaydı. Təbriz taxtından qaçıb belə bir siyasətçi, qocaman hökmdarın yanında oturmuş keçmiş hökmdar ən böyük təhlükə idi. Hər vaxt böyük qoşun düzəldib Bəysunqur Mirzənin başçılığı ilə Kürü keçib taxt-tac üstündə müharibəyə başlaya bilərdi. Rüstəm Mirzə məğlub edilsə, onda Ərdəbillə haqq-hesab çəkmək onlar üçün lap asan olacaqdı. Bütün bu incəlikləri duyan Hüseyn Lələ bəy gecə-gündüz fikirləşir, çıxış yolu axtarırdı.

Bir gün o, Sultanəli ilə oturub məsləhətləşirdi.

– Ya Şeyx, – deyə o, Sultanəliyə müraciət elədi. – Səni təriqətimizin yalnız bu mərtəbəyə çatan adamlarına agah olmalı sirləri ilə hali etməyin vaxtı artıq yetişib. Atanız həmin sirləri mənə açmışdı ki, sizin üçün qoruyub saxlayım.

Sultanəli dikəldi. Ona elə göründü ki, çoxdan gözlədiyi saat yetişib. Lələsi qoşunu silahlandırmaq üçün gizlətdikləri xəzinənin yerini deyəcək.

– Xəzinənin yerini deyəcəksən, Lələ?

– Bəli, xəzinənin. Bu elə bir xəzinədir ki, onun cəvahiratının qiyməti heç bir xəzinədə yoxdur.

– Haradadır?

Bu sualdan sonra Hüseyn Lələ bəy onun fikrini dürüst anladı. Bir an tutuldu. Düzdür, o Sultanəlidən də çox bu fikri çəkirdi. Amma əsl sirr xəzinəsini o hər şeydən üstün hesab eləyirdi.

– Səni dünya varı düşündürməsin, Şeyx. Mən açacağım sirrə vaqif olan hökmdar, o biri xəzinələrin açarını daha tez tapar.

Sultanəli çox ciddi bir görkəm aldı. Yumruğunu təzəcə tərləyən çənəsinə söykədi.

– Eşidirəm.

– Mən elə sözlər deyəcəyəm ki, onların hamısına üsyan eləyə bilərsən. Amma səbrin olsun. Axıra qədər qulaq as. Hər sözün əsl mahiyyətinə get. Əvvəla nəsabnamə məsələsindən danışaq. Hamı bilir ki, nəslinizin kökü gedib imam Museyi Kazıma yetişir.

– Bəli, düzdür.

– Eşit məni, Şeyx. Bu, Şeyx Səfiyyəddinin müəyyən məqsəd üçün düzəltdiyi təcərrəyə görə düzdür, amma əslində belə deyil.

Sultanəli az qaldı ki, əlini qılıncına atsın, amma özünü saxladı. Yanaqlarında və gicgahlarında qanın necə sür’ətlə vurduğunu hiss elədi. Ucaboy, qarasaqqal, iri alınlı Lələ bəy onun gözündə dəyişməyə başladı. İnsan şəkli itdi, o şeytan cildində göründü.

Sultanəli özünü güclə saxlayıb sərt səslə dedi:

– Sonra?  

– İnanmırsan. Bu mənə aydındır. Belə də olmalıdır. Amma bu barədə məndə Şeyx Səfi həzrətlərinin yalnız nəslində Şeyxliyə çatan adamların görə biləcəyi kitabı var. Nəsəbi peyğəmbərə çatmayan bir ailədən çıxan şəxslərin ali mərtəbələrə yetişməyinin necə müşgül iş olduğunu yəqin ki, bilirsən. Şeyx Səfi də bunu nəzərdə tutub. Bu bir. İkinci bir tərəfdən Şeyx Səfi həzrətləri əvvəllər təriqət cəhətdən sünnülüyə qail olsalar da, sonradan şiəliyi seçib. Şiəməzhəblər sayca az olsalar da, Peyğəmbər əleyhisalama qohumdurlar, daha yaxındırlar. Bütün bunların isə çox böyük və mühüm bir səbəbi var.

Bilirik ki, İranda, Azərbaycanda, Arranda, Xorasanda yaşayan şiələrin bir tərəfdən gündoğan türk xaqanlığı, bir yandan da osmanlı türk sultanlığı araya alıb ki, onların gücləri bizimkindən yüz qat çox olmaqla yanaşı, özləri sünnü məzhəbdirlər. Belə olanda biz qalırıq iki məngənə arasında. Əgər bu iki qüvvənin arasında başı salamat yaşamaq istəsən onda gərək biz də sünnü məzhəbinə keçməliyik. Amma Şeyx Səfiyyəddin tərsinə eləyib. Mən bu hərəkətini böyük babamızın səhvi yox, uzaqgörənliyi, böyüklüyü kimi qiymətləndirirəm. Bildiyimiz kimi şiəlik müsəlmanlığın ən qatı, dönməz, barışmaz məzhəbidir. Şeyx Səfi də bundan faydalanıb İran və Azərbaycanda onu təbliğ eləyib yaymaqla bizi sıxan məngənəni kənara atmaq, ölkəni sərbəstliyə çıxarmaq fikrini irəli sürüb. Belə böyük məqsəd üçün bəzən yalan deməyin özü də çox vacib və bəlkə də lazımdır. O vaxt bu torpaqda qüdrətli, güclü dövlət yaratmaq mümkün olar.

Atanız Şeyx Heydərin ətrafına toplaşan müridlər onu görəndə namazlarını, oruclarını, ibadətlərini də yaddan çıxarardılar. O, müridləri arasında Babəkin ehkamlarını təbliğ edərdi. Buna mən özüm şahidəm. Özünü onların heç birindən ayırmaz, onlarla bir qabdan xörək yeyər, su içərdi. Bəlkə də elə bu işlərinə görə onu çox istəyirdilər.

Söz bu yerə çatanda Sultanəli əlini qılıncının qəbzəsinə qoyub hövlnak yerindən qalxdı.

– Bu da həqiqətdi?

– Bəli. Mən rəhmətlik Şeyx Heydərin siğə qardaşıyam. Şeyx Səfinin dostu və qayınatası Tacəddin Gilaninin nəslindənəm. Atanızın vəsiyyətlərini də sənə olduğu kimi çatdırmalıyam. Hövsələli ol və sözümü kəsmə.

Aylarla əzab-əziyyətli yol keçib Məkkəyə ziyarətə gedənlərin heç birisi orada müridə çevrilmir, qayıdıb öz yerinə-yurduna gəlir. Bəs nə üçün Şeyx Səfiyyəddin türbəsinə gələnlərin əksəriyyəti müridə çevrilir? Çünki bu pirin şeyxləri insanları arzularına tərəf, həyati istəklərinə doğru aparıblar. Bu yer tək ziyarətgah deyil, həm də insanların sabahı üçün inam məkanıdır. Belə yolun zəvvarının arxasınca isə minlərlə adam gəlir.

Atan Şeyx Heydər belə adam idi. Dərdini də, sevincini də onların hamısı ilə bərabər bölürdü. Bəs Babəkin ehkamı nə idi? Mən onun dinsizliyindən danışmıram. Babək hamını bərabər görmək istəyirdi. Görmək ayrı şeydi, onu həyata keçirmək, adamları bərabər eləmək ayrıdır. Babəkin də, atanın da ətrafında həmişə iyirmi-otuz min özünü ölümə atan adam olub.

Bərabərlik deyirik. Şeyx Səfiyyəddinin bir əqidəsi var həmin bərabərlik barəsində. O nədir? Baban yazır ki, dünya zərrələrdən yaranıb. Günəş də, torpaq da, ağac da, insan da, sünbül də eyni zərrədəndir. Nurdan. Günəş nuru olmasaydı, dünya da olmazdı. Həmin nur insanı da yaradıb. Əgər o Günəşlə eyni zərrədirsə, o niyə də bərabər olmamalıdır.

– Bəs o bərabərliyi necə həyata keçirmək olardı?

– Şeyx Heydər onu öz əlləriylə yaratmaq fikrindəydi. Bunun üçün şərait, vaxt və məkan lazım idi. O, bu iş üçün Şirvan torpağını seçmişdi. Çünki bir tərəfi dəmir qapı Dərbəndə söykənən bu torpaqda Şirvanşahlar heç vaxt güclü qoşun toplaya bilməyiblər. Teymura xərac verməklə özlərini qoruyub saxlaya biliblər. Oranı ələ keçirməyə baban da, atan da cəhd elədilər.

– Burada o bərabərliyi qurmaq olmazdı?

– Yox. Yol əlverişsizdi. Hər tərəfdən qoşunların üzünə açıqdı. Bir neçə dövlətin üzünə açıqdı.

Hüseyn Lələ bəy susdu. Sultanəli də fikrə getdi və birdən– birə dilləndi:

– Biz də Şirvanşah Fərrux Yasarı özümüzə düşmən bilirik.

– Bəli. O bizim qan düşmənimizdir. Belə düşmənçilik isə yaddan çıxmır. Sənin sözünün mə’nasını da izah edim. Bayaq dedim ki, bərabərlik, nurdan yaranmış, nurlu bir ölkə yaratmaq ümidi ilə getmişdi atan. Oranı zülmətə çevirib, xarabazara çevirmək üçün getsəydi, onda mən sənin kimi düşünərdim. Nur gətirənin çırağını söndürmək isə ən böyük cinayətdir. Həm də ki, orada əhali ilə hökmdarlar arasında uçurum var. Camaat türkdü, hökmdarlar isə kəsrani-fars. Neçə qərinələrdir ki, bu belə davam eləyir. O hiyləgər hökmdarlar olmasa Şirvan şahlığı çoxdan məhv olardı.

Onu da deyim ki, qurbanlarımız bu gün və sabah üçün bir ordunun əvəzidir. Çünki Şeyx Heydərə görə hər mürid bir şirə çevriləcək. Yadında saxla, kiçik bir torpaqda oturub böyük arzularla yaşamaq olmaz. Belə ölkənin dərdi də, düşməni də, fəlakəti də böyük olur. Sərhədlər genişlənməsə, xəzinə dolmasa, qüvvələr artmasa, heç nəyə arxalanmaq olmaz. Dayın Rüstəm Mirzəyə sən hələ lazımsan. O da çox müddətə görə yox. Onun da qüdrəti artan kimi Ərdəbil padşahlığını tanımayacaq və onu öz taxtının ayağı altına çəkməyə çalışacaq. Belə vaxtda hər addımımızı ölçüb-biçməli, hər tədbirimizi məqsədimizə tabe eləməliyik. Açığı budur ki, azadlığa çıxsaq da taleyimiz hələ də tükdən asılıdır.

Bayaq ona cin, şəyatin cildində görünən Hüseyn Lələ bəy el bil gözəlləşdi, özündən də gözəl oldu. Sultanəli onun şəxsində ən yaxın məsləhətçisini, ata kimi e’tibarlı, qayğıkeş adamını gördü. O, bayaq danışdığı nura çevrildi.

– Şirvana yürüşü nə vaxt məsləhət görürsən?

– Hələ tezdi. Bəysunqur mütləq qoşun yığıb Kürü keçəcək. Rüstəm Mirzə ilə onun arasında toqquşma olmalıdır. İndi sən bizim vəziyyətimizə bir bax, əgər Rüstəm Mirzənin tərəfində olub Bəysunquru darmadağın eləsək, onda düşmənimiz Rüstəm Mirzə olur, yox, Rüstəm Mirzə məğlub olsa, onda düşmən bütün qüvvəsini Ərdəbilə yeridəcək. Amma bizim əsas məqsədimiz bu olmalıdır ki, Bəysunqur məğlub olsun, hətta bu döyüş nə qədər uzansa, bir o qədər bizim xeyrimizə olar. Uzun müddət silahlı qoşun saxlamaq çox çətindi, xəzinəyə süpürgə çəkilir. Arada gərginlik olsa, qoşunları hazır saxlasalar hər iki xəzinə boşalar. Birdən fikirləşərsən ki, Lələ gör necə də hamının pisliyini istəyir. Yox, həmişə xeyirxah olmuşam. Amma dünya mənə çox dərslər verib. Yaxşını pisdən, ağı qaradan, acını şirindən seçmək üçün hər incəliyə baş vurmaq lazım gəlir.

Sultanəli alnına enən qızılı saçını ağ zərif barmaqları ilə çalmanın altına yığdı.

– İndi hansı tədbirləri görməliyik?

– Tədbirimiz çoxdur. Ən birinci tədbir tayfa başçıları ilə əlaqə yaratmaqdı. Vaysaqları, qacarları, əfşarları, ustaclıları öz tərəfimizə çəkməliyik. Çəksək, onda qüvvələrimiz birləşər, bundan əlavə Azərbaycan da bir olar. Yarımköçəri tayfalar bizim tərəfimizdə dayansa, onda əsas məqsədlərimizə çatmaq üçün çox iş görmüş oluruq. Əvvəl tayfalar gələcəkdə birləşib bir xalq olar, bu xalq isə hər bir düşmənə qarşı dayana bilər. Bizə ən yaxın belə tayfa başçısı Dədə bəydi. Sizi xilas etmək üçün əziyyətin çoxunu öz boynuna götürüb. Köçəri elləri arasında nüfuz sahibidi. Onu özünə sərkərdə götürsən, xeyrimizə olar.

Bu axırıncı təklif Sultanəlini o qədər də açmadı, fikrini də açıq dedi:

– Həmişə qoşuna atamın özü sərkərdəlik eləyərdi.

– Düzdür. Səninlə atan arasında bir fərq var. O yalnız Şeyx idi. Sən isə həm də padşahsan. Padşahın isə sərkərdələri olmalıdır. Onsuz da bütün səfəri humayunlarda o böyük məram sənin üzərinə düşəcək.

Həyətdə at kişnədi və ayaqlarını yerə döydü. Hüseyn Lələ bəy pəncərəyə yaxınlaşıb, şəbəkə arasından baxdı. Sultanəli də yaxınlaşıb baxdı. Çünki bu həyətdə ayağını yerə döyüb kişnəyən at bu evə faciə xəbəri gətirmişdi. Hüseyn Lələ bəy atı tanıdı. Dədə bəyin Alapaçasıydı. Lələ onun oğurlanması əhvalatını müxtəsərcə Sultanəliyə danışdı. Sultanəli də Dədə bəyi qarşılamaq üçün qapıya getmək istəyəndə Lələ ona mane oldu.

– Sən padşahsan və hamı sənin ayağına gəlməlidi.

Sultanəli mə’nalı-mə’nalı ona baxdı. Lələ də kipriklərini endirməklə fikrini təsdiq etdi və ona “bəli” dedi.

– Dədə bəy xilaskarımız, mənim də dostum olsa da, ağsaqqallığına baxmayıb onun qarşısında ayağa qalxmaq lazım deyil. Sarayda hamı öz həddini, yerini bilməsə sabah hökmdarın da üstünə ayaq alarlar. Burada söhbət Dədə bəydən getmir. Hər işin öz yolu, yolağası var. Hökmranlıq şirin şeydi. Hələ ondan heç kim öz xoşu ilə əl çəkməyib. Ayağını sarayın qapısından içəri basanların da çoxusunun niyyətində taxta oturmaq arzusu olub. Bunu yadında yaxşı saxla. İnsan xilqəti çox mürəkkəbdi.

Dədə bəy içəri girdi, irəli yeriyib tə’zim etdi, yerə qədər əyildi. Bundan sonra Sultanəli ayağa qalxdı, irəli yeriyib ona əl uzatdı. Dədə bəy onun ağ əlini tutdu və böyük minnətdarlıqla öpdü.

Dədə bəyin saçları gümüşü rəngdə idi və on iki dilimli qızılbaş çalmasının altından çıxmışdı. Cavan hökmdarın isə əynindəki libası bu saçlar kimi gümüşü rəngə çalırdı. Gümüş saplarla toxunan parçadan tikilən zərzibalı kaftan Sultanəliyə çox yaxşı yaraşır, anası kimi mavi gözləri, qızılı saçları, qırmızı yanaqları ilə birləşib qəribə bir rəng ahəngdarlığı yaradırdı.

– Ya hökmdar, ya Şeyx, hüzuruna minnətə gəlmişəm.

– Buyur, Dədə bəy. Bu sarayda sənin sözünü hamı eşitməyə hazırdı.

Dədə bəy əllərini göylərə qaldırdı:

– Şükür tanrının birliyinə, istəyimizə çatdıq. Pirimizin, mürşüdümüzün övladlarını zindanlardan xilas eləyib taxta çıxartdıq. Bundan belə asudəlik vaxtı çatıb. Rüsxət versəydin, qayıdardım elatın içinə. Soyuqlar düşür, elatı qışlağa köçürməyin vaxtı yetişir. Oğul-uşağı pis öyrətmişəm, mən deməsəm, qar da yağsa aşağılara enməyəcəklər.

Sultanəli şəhadət barmağını qatlayıb təzəcə bilinən bığlarının üstünə qoyub, gözlərini ona dikmişdi. Dədə bəy də gördü o dərin fikrə gedib, sözlü adama oxşayır dedi:

– Mən dediyim iş-küc ki var, tərəkəmə elatının işidi. Bəlkə də cavan padşahın yanında belə danışmaq qəbahətdi. Əgər günah işlətmişəmsə, keçin günahımdan. Mən dağda-daşda böyümüş adamam, heç vaxt sarayda, hökmdar yanında olmamışam.

– Yox, elə deyil, Dədə bəy, eşit gör Lələ bəy nə deyir.

– Buyursun, eşidirəm.

– Dədə bəy, hələ yorulmamısan? – deyə Lələ bəy qəribə bir sual verdi.

– Yorulmaq nədir? Bu işdən sonra elə bilirəm dağı, götürüb o birisinin üstünə qoyaram. Şükür, hələ ki, əllərim əsmir, altımdakı at büdrəmir, gözlərim beş ağaclıqdan hər şeyi seçir, hələ qolumun qüvvəsindən şikayətim olmayıb. Nəyə görə belə soruşursan, Hüseyn bəy?

– Allaha çox şükür. Sənin vuran qolun, görən gözün, yüyrək atın bizə çox lazımdır. Bu cavan Ərdəbil padşahlığını taleyin hökmünə tapşırıb sürü, naxır dalınca getməyi bizə heç kəs bağışlamaz. Özün bilirsən ki, hər tərəf düşməndi, hər tərəfdən üstümüzə qorxu gələ bilər. Ona görə də öz qoşunumuz olmalıdı. Belə qoşuna bir nəfər sərkərdə ola bilərsə, o da Dədə bəydi. Padşahımızın, şeyximizin iradəsi belədir. Tinglərimiz pöhrədir havadan da çovğun gözləmək olar. O tingləri küləyin qabağında qoymaqmı olar? Sənin elatlar içində hörmətin böyükdür. Ordunu da sən toplaya bilərsən.

Sultanəli söhbətə qoşuldu.

– Tək bir-iki elatla iş aşmaz. Qacar tayfasının başbiləni Qara Piri bəyə, İlyas bəyə, Təkəli elinə, Boyat elinə, Ustaclı elindən Ustaclı Məhəmməd bəyə çaparlar göndərin, yığılıb gəlsinlər.

Balaca İsmayıl taxtın arxa tərəfində dayanıb bu söhbətlərə qulaq asırdı. O görürdü ki, Dədə bəy sərkərdə olmaq təklifindən məmnun qaldı. Sultanəli də bundan sonra divardan asılmış qılınc-qalxanı gətirib Dədə bəyə verdi. Dedi ki, bu atamın qılınclarından biridir və Ərdəbil torpağını qoruyan, bizim gələcək əməllərimizin həyata keçməsinə çalışan Dədə bəy həmin qılıncla vuruşmalıdır. Qılınc Sultanəlinin əlində nə qədər ağır görünürdüsə Dədə bəy götürəndə xeyli yüngülləşdi.

Onların “qan-qada”, “düşmən”, “vuruş” sözlərindən sonra İsmayıl taxtın arxasından çəkilib açıq qapıdan o birisi otaqlara keçdi, axtarıb anasını tapmadı. Səkinəni gördü.

– Səkinə xala, xəbərin var, yenə dava olacaq ey.

– Bilmirəm, atam-anam. Dünya dava-şava üstündə qurulmayıbmı, qadan ürəyimə. Onu sənə kim dedi?

– Dedilər də. Dava olmalıdı. Özü də yaxşı dava. Atamın qanını alacağıq.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info