Qonaq Kitabı
SONUNCU GÜN

Əkil bəkil quş idi,

Divara qonmuş idi.

Getdim onu tutmağa,

O məni tutmuş idi.

Meydanın ağacları,

Bar gətirib ucları.

İsmayıl Səkinənin oxuduğu şe’rin qurtarmağını gözləyib dedi:

– Səkinə xala, niyə mən uşağam?

– Sənin ağıllı canına qurban olsun Səkinə xalan. Atam-anam, bəs, necə şe’r istəyirsən? Boyat tayfasının şe’rlərindən deyim?

– Hə, de.

Bu dağlar, ulu dağlar,

Çeşməli, sulu dağlar.

Burada bir qərib ölmüş,

Göy kişnər, bulud ağlar.

Göylər kişnəmirdi. Qara buludlar yox idi. Payızın günəşi hər tərəfi soyuq bir işığa qərq eləmişdi. Amma Səkinə elə deyirdi ki, elə bil ildırım da çaxırdı, bütün dünya qara libas geymişdi.

Kasa dolmaz,

Mərd əli kasad olmaz

Yüz namərdin çörəyini

Doğrasan, kasa dolmaz.

İsmayıl qonşu hücrədəki qocanın avazla qur’an oxumağını çox eşitmişdi. O avazda ağır, üzüntülü uzaq bir nida vardı. Dərd və ələm vardı. Amma onun oxuduqlarını başa düşmək mümkün deyildi. Səkinənin oxuduqlarında nə isə dərd-kədərlə bərabər aydınlıq da vardı.

Çay axdı, ada saldı.

Coşdu sel, səda saldı.

Allah bizi unutdu

Əzrayıl yada saldı.

– Bunları kim qoşub, Səkinə xala?

– Nə bilim, atam-anam. El-elat, çoban-çoluq. Dərd kimdə olar? Hərə öz dərdini deyib olub bayatı.

Sultanəli hücrəyə girdi. Kəsik-kəsik nəfəs alırdı. Rəngi ağarmışdı. Çox həyəcanlı idi. Divara söykənib İsmayılla Səkinəyə baxan anasına dedi:

– Gəlirlər.

– Kim gəlir? – Aləmşahbəyimin ağzında dili tikan-tikan oldu. Bütün bədənindən taqətsizlik adlı bir gizilti keçdi.

– Qalaya çox böyük dəstə qalxdı. Yəqin bizi aparmağa gəlirlər.              

İsmayıl qalxıb qardaşından soruşdu:

– Hara? Evimizə?

Sultanəli onunla açıq danışmaq istədi. Onun qarşısında çöməldi.

– Evimizə yox, mənim balaca qardaşım. Bu sonuncu günə oxşayır. Kişi kimi mərd mərdanə dayan, ölüm ayağında özünü sındırmamaq nəslimizin adətidir. Onlara yalvarmaq yox, üzlərinə tüpürmək lazımdır.  

Aləmşahbəyim quruyub qalmışdı. Dili söz tutar-tutmaz Səkinəyə dedi:

– Səkinə, mənim zümrüd qaşlı üzüyümü mücrüdən çıxar ver. – Sultanəli tərs-tərs anasına baxdı. Özünü saxlaya bilmədi.    

– Ölüm ayağında neynirsən bər-bəzəyi?

Aləmşahbəyim oğlunun sözünə fikir vermədi. Sultanəli də anasının fikrini başa düşüb dinmədi. Səkinə qorxu içində, titrəyə-titrəyə gedib mücrüdən zümrüd qaşlı üzüyü gətirdi. O üzüyü barmağına keçirtdi, sonra necə elədisə üzüyün qaşı qalxdı.

– Bunu nənəm Sara xatun bağışlayıb. Dar ağacından, qılıncdan irəlidir. Səkinə, o birisiləri də gətir. Amma Səkinə yerindən tərpənmək istəmirdi.

– Səkinə, – deyə yenə ona baxdı.     

– Əlim gəlmir, atam-anam.

– Yerini de, özüm götürüm.

– Sazın içindədi.

Səkinə cürə sazı divardan götürdü. Simləri dartan aşıqlardan birini çıxartdı. Aşığın içindən Səmərqənd kağızına bükülən kiçik həbləri götürdü. Aləmşahbəyim bu həblərdən birini ağzına atmaq istəyən Səkinənin biləyindən tutub saxladı.

– Neynirsən?          

– Bu günü görmək istəmirəm, atam-anam.

– Sənin günahın nədi, Səkinə. – Aləmşahbəyim onu qucaqladı. – Əlbət mənim axırıncı xahişimi eşidəcəklər. Onda deyəcəyəm səni öz ellərinə göndərsinlər.

– Bundan sonra bu dünyada yaşamaq istəmirəm, atam-anam.

İsmayıl mat-mat onlara baxır, sözlərinə qulaq asır, amma işin məğzini başa düşə bilmirdi. Sultanəlidən soruşdu:

– Nə olub?

Sultanəli onun qolundan tutub apardı.

– İsmayıl, biz kişiyik, axıra qədər də özümüzü kişi kimi aparmalıyıq. Atamızın düşmənləri bizi aparmağa gəlib. Onlar yəqin ki, bizi e’dam edəcəklər. O düşmənlərə əyilməməliyik. Onların üzlərinə tüpürək, ağır sözlər deyək. Atamız da belə kişi olub. Bu həbi qoy cibinə. Zəhərdi. Gördün ki, cəllad öz işini görməyə hazırlaşır, onda bu həbi udarsan. – Sultanəli üzünü döndərib arxasını çevirdi ki, kiçik qardaşı onun gözlərindəki yaşı görməsin. Sultanəli qorxmurdu. Özünü belə bir gün üçün hazırlamışdı. Amma çox istədiyi kiçik qardaşına zəhərli həb verəndə özünü saxlaya bilmədi. Gözünün yaşını siləndən sonra qardaşının aydın, qorxu-hürküdən uzaq sifətinə baxdı. Onu qucaqlayıb bağrına basdı.

– Sultanəli, atamız o gələn adamlardan qorxurdu?

– Yox!

– Onda biz niyə qorxaq ki?

– Əhsən, qardaşım!

Aləmşahbəyim oğlanlarının söhbətinə qulaq asanda özünü saxlaya bilmədi, qəşş eləyib yıxıldı. Səkinə qalxıb su gətirib onun sifətinə çilədi. Gözlərini açanda başının üstündə Sultanəlinin sifətini gördü.

– Sənə nə oldu, ana?            

– Heç.

– Düşmənlərimiz bizi belə görsə sevinər axı.

Aşağı qala ilə onların arasındakı qapının kilidinin səsi eşidildi. Sultanəlinin gözləri içəri girən adamlarda idi. Bu ucaboy, sifəti çox tanış gələn kişinin başında dilim-dilim qırmızı çalma vardı.

– Ana, qızılbaşlar!

– Hüseyn Lələ?!

Aləmşahbəyim sevincindən qışqırdı, səsi batdı. Bəli, gələn Hüseyn Lələ idi. Yetirən kimi o, Sultanəlini bağrına basdı. İsmayıl yeriyib onu itələdi. Qışqırdı:

– Burax qardaşımı, cəllad.

Hüseyn Lələ bəy dönüb ona baxdı. Onu qucağına götürüb başı üstünə qaldırdı.

– İsmayıl, gözümün işığı, maşallah, necə də böyümüsən.

– Sən bizi öldürməyə aparırsan?

Hüseyn Lələ onu sifətinə sıxdı və gözlərinin yaşını gizlətməyə çalışdı. Sultanəli dedi:

– İsmayıl, Hüseyn Lələ atamızın dostu, bizim lələmizdir. O, bizi xilas etməyə gəlib.

Hüseyn Lələ bəy İsmayılı yerə qoyub Aləmşahbəyimə baş əydi.

– Bacı, bu günə çox şükür.

Aləmşahbəyim yaşmaq çəkdi, başını aşağı əydi və soruşdu:

– Bizi bir hali elə görək işimiz necə oldu?

– Hər şey yaxşıdı. Bəysunqur Şamaxıdadı. Qızılbaşlar Rüstəm Mirzəni taxta çıxartdılar. O da fərman verib sizi azad elədi. İndi gəlmişik. Təbrizə gedirik.

– Təbrizə niyə? Ərdəbilə getsək salamatlıq olar.

– Rüstəm Mirzə uşaqları orada təntənə ilə qarşılamaq istəyir. Oradan da Ərdəbilə qayıdacağıq.

– Əmim oğlu Rüstəm qardaşımdan da zalimdi. Birdən bir şey olar?

– Heç nə olmaz. O özü qızılbaşların əlindədir.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info