Qonaq Kitabı
ƏLİNCƏ QALASINDA

Əlincənin qapıları açıldı. Əbih Sultap dönüb Hüseyn Lələyə baxdı. Demək burada hələ də onun hökmü işləyir. Əvvəl o atını sürdü. Bu onun Bəysunqura hədiyyə apardığı qara monqol madyanı deyildi. Dədə bəy ilxılarını yəhərlətdirmiş, müridlər atlara süvar olub Əlincəyə gəlmişdilər. Dədə bəy özü də burada idi. Hər əmri o verməli idi. Əgər Əbih Sultanda satqınlıq görsələr, özü qılıncı onun başına endirəcəkdi.

Atın ayaqları daş döşənmiş qala meydanında çaqqıltı salaraq yeridi. Dədə bəy də onun yanında. Qalabəyi onları qarşılayırdı. Yeriyib Əbih Sultana baş əydi:

– Ya əmir, müntəzirəm hökmünə.

Qalabəyi yaşlı, ağ saçları dəbilqəsinin altından çıxan cəngavər idi. Qara sifəti vardı, iri, çevrilmiş dodaqları sifətindən də qara idi, O, Əbih Sultanın hökmünə, hikkəsinə çoxdan bələd olmuşdu. İndi uzatdığı möhürlü fərmanı açıb baxmadı.

– Rüstəm Mirzəni aparmağa gəlmişəm. Bu da fərmani hümayun.          

– Atlardan düşün, ya əmirül-ümara, yol gəlib yorulmusunuz.

– Qayıtmalıyam. Bir qurtum su içməyə də vaxt yoxdu.

O, Əlincə qalasına qalxmağa ürək eləməmişdi. Qaladan adam çıxmasını gözləmişdilər. Təbrizə gedən atlını saxlayıb sorğu-suala tutmuş, atdan salıb əl-qolunu bağlamış, öyrənmişdilər ki, Əbih Sultan barəsində Təbrizdən hələlik heç bir xəbər gəlməyib. Görünür nə Bəysunqur, nə Süleyman Bicanoğlunun ağlına gəlməmişdi ki, Əbih Sultan Əlincəyə gələ bilər. Ona görə də onun şah qəzəbinə gəlməsi barədə heç bir fərman, sərəncam gəlməmişdi. Əbih Sultanın da qorxduğu bir bu idi. Əgər Əlincə qalabəyisi bilsə, o qalaya girə bilməyəcək, Rüstəm Mirzəni də xilas etmək mümkün olmayacaqdı. Belə olduqda başqa bir tədbir fikirləşmişdi. Üç min nəfərlik mürid qoşunu Təbrizin üstünə yeriyib Bəysunquru tutmalı, e’dam etməli idi. Amma bu fikrini nə Dədə bəyə, nə də Hüseyn Lələ bəyə demişdi. Desə, bəlkə də razı olmayacaqdılar. Onda Əbih Sultanın boynu qılınc ağzında olacaqdı.

– Tez olun, əlli tərpənin.

Onlar burada olan müddətdə Təbrizdən çapar gəlsə, yenə də hər şey alt-üst ola bilərdi.

Rüstəm Mirzəni gətirdilər. Qollarında zəncir, ayaqlarında kündə vardı. Kündələr o addım atdıqca, daş üstündə sürünür, ət ürpədən səs çıxarırdı. Qollarını qaldırıb qaşlarının üstünə qoydu. Günəş işığından az qalmışdı kor olsun.

– Asmağa aparırsan? – Rüstəm Mirzə kinayə ilə soruşdu.

– Mən buyruq quluyam. Hökmdar istəyib, mən də aparıram. Fərman belədir ki, Təbrizə qədər başından bir tük əskik olmasın.

– Təbrizdə hər tükümdən intiqam alacaqlar, eləmi?

– Onu Sultan bilər, sən bilərsən. – Açın əllərini, ayaqlarını, ata mindirin.

Əbih Sultanın əmrini yerinə yetirdilər. Murad Rüstəm Mirzənin mindiyi atın yüyənini öz əlinə aldı.

– Bağlayın gözlərimi! – Günəş işığına baxandan sonra elə bil gözlərinə qum dolmuşdu. – Sonra da əlavə elədi:– Lazım deyil, bağlamayın. Bəlkə də Təbrizdə gözlərimdən birdəfəlik məhrum oldum, heç olmasa yollara axırıncı dəfə baxaram. Nə görsəm qənimətdi.

– Narahat olma, Rüstəm Mirzə.

Bu səsdən sonra Rüstəm Mirzə susdu. Elə bil qaranlıq mağaraya düşmüşdü. Göz-gözü görməyən yerdə əllərini sürtüb özünə kömək axtaranda əlləri yumşaq bir bədənə toxunmuşdu. Soyuq və yumşaq bu bədənin ilan olduğunu birdən-birə bilmişdi.

– Məni kim aparır?

– Əbih Sultandı, – deyə o səsinə mülayimlik verdi ki, Rüstəm Mirzə e’tirazını bildirməsin. Rüstəm Mirzə sürüşüb yəhərdən düşdü.

– Getmirəm. Qoy məni gəlib buradan Bəysunqurun cəlladı aparsın. Ona razıyam. Əbih Sultan aparmasın. Əbih Sultan, yadında saxla, mən taxta çıxacam. Başıma tac qoyduğum birinci gün sənin ananı mən ağlar qoyacam.

Dədə bəy təəccüblə Hüseyn Lələnin üzünə baxdı. Onun razılığını istəyirdi. Rüstəm Mirzəni götürüb aradan çıxarmaq üçün onun gözləri ilə razılığını bildirmək bəs edərdi. Lələ qılıncının qəbzəsini bərk-bərk sıxıb dayanmışdı. Him-cimlə Dədə bəyə başa saldı ki, özünü ələ alsın.

Əbih Sultan əhvalatın gedişinin belə dönməsini gözləmirdisə bir anlığa özünü itirdi. Qalabəyinin yanında ona öz fikrini başa sala bilməzdi. Üstünə hirslənmək, ona kobudluq da göstərmək istəmirdi. Onsuz da onun yanında günahı çox idi. Sabah taxta çıxarsa ixtiyar Rüstəm Mirzənin əlində olacaq. Hökmdar nəsli də dəvə kimi kinli olur. Barmağının onunu da şama çevirsən belə yaxşılığı yadlarında saxlamırlar.

Rüstəm Mirzə qalanın meydançasında dayanıb var kücü ilə bağırırdı.

– Qaytar məni zindana, çal köpəkoğlu. Rüstəm Mirzənin ölüm hökmü gəlməyinə baxma, taxta çıxacam. Onda sənin də o ağ saçlarını qana bulamaq mənə borc olsun. Hələ gözlərimə mil çəkməyiblər, hələ boğazıma kəndir salıb dar ağacına qaldırmayıblar. Qaytar məni zindana.

Rüstəm Mirzə son iki gündə zəncirləndiyi divarda qarşısındakı hürufi ilə çox danışırdı. Elə özü deyir, özü də eşidirdi. Pirani qoca isə ona cavab vermək istəmir, bir kəlmə də cavab qaytarmırdı. Dünən keşikçi içəri girəndə görmüşdü ki, qocanın son nəfəsidir. Zəncirdən azad eləyib samanın üstündə uzatmışdı. Qocanın saqqalının və bığlarının arasında görünən dodaqları tərpənib son sözlərini pıçıldamışdı:

– Mən hələ çox yaşayacaqdım. Bu nadanın sözləri məni öldürdü.

 Rüstəm Mirzə yenidən zindana qayıtmışdı. Qalabəyi isə sual dolu baxışlarını Əbih Sultana dikmişdi, yə’ni nə eləyək? Əbih Sultan da ona baxdı, işarə verdi ki, gətirsinlər. Qalabəyi baş əyib dedi: – Ya əmir, səni başa düşdüm – deyib içəriyə getdi.

Birdən onun fikrindən nə keçdisə qalabəyinin dalınca zindana qaçdı. Qapıları bir-bir itələdi. Heç biri açılmadı. Pillələrlə aşağı endi. Burada da qapılar bağlı idi. “Necə fürsəti əldən verirəm. Allahın mənə göndərdiyi bu imkan əldən çıxsa, get qəbrini qaz, Əbih Sultan. Amma o qəbirdə basdırılmağa sənin bir sağ tikən də tapılmayaçaq”  

O, zirzəminin dar dəhlizində o tərəf, bu tərəfə qaçıb qalabəyini səsləyirdi. Bu vaxt qapılardan biri açıldı. Qoca qalabəyi qan-tərin içində, gülümsəyə-gülümsəyə çıxdı.

– Hazırdı.

– Nə hazırdı?

– Rüstəm Mirzəni deyirəm.

– Getməyə razılıq verdi?

– Verdi.

Əbih Sultan gördü ki, qalabəyi özündə deyil. Onun yaxasından yapışdı. Sövqi-təbii hiss eləmişdi ki, nəsə bir əhvalat baş verib. Həmin əhvalat isə onun ümidlərini alt-üst eləyib.

– Nə iş tutmusan?

– Heç nə. Boğdum Rüstəm Mirzəni.

– Neynədin? Boğdun?

O, qalabəyini divara necə vurdusa başı daşa dəydi, gözləri süzüldü, dizləri qatlandı, tir-tap döşəməyə uzandı. Əbih Sultan içəri girdi. Əvvəl Rüstəm Mirzənin məstlərinin altını gördü. Əynindəki paltar parça-parça olmuşdu, sir-sifəti dırnaq yerlərində qanlı xətlərlə örtülmüşdü. Əyilib qulağını onun ürəyinə qoydu, nəbzini tutdu. Onun bədəni hələ soyumamışdı. O dəhlizə qaçıb qışqırdı:

– Su gətirin.

Onun səsinə qalabəyi gözlərini açdı. Amma nə baş verdiyini dərk eləyə bilmədi, təəccüb dolu baxışlarını Əbih Sultana dikib qışqırıqdan bir şey anlamağa çalışdı. Fərraş əlində bir cürdək qaça-qaça gəldi. O suyu qalabəyinin sifətinə çiləyəndə, Əbih Sultan cürdəyi aldı, Rüstəm Mirzənin yanına qayıtdı. Suyu ovcuna töküb onun sifətinə çilədi, yanaqlarına vurub çağırmağa başladı:

– Rüstəm Mirzə, Rüstəm Mirzə.

Sonra qollarını qaldırıb qatladı. Ona ümid verən bu idi ki, hələ onun bədəni nə qurumuş, nə də soyumuşdu. O ayağa qalxanda qalabəyini.yanında gördü.

– Bilirsən öz başına nə müsibət açmısan? Əmr eləmişdilər Rüstəm Mirzəni sağ-salamat aparaq.

– Mən də padşahımızı tanıyıram. Onun başını aparsan daha yaxşıdır. – Belindəki xəncəri çıxarıb dizini yerə vurdu. Rüstəm Mirzənin çənəsini qaldırdı ki, xəncəri rahatca onun hulqumuna çəksin.

Əbih Sultan onun biləyindən tutub burdu, xəncəri aldı.

– Ağzımda bir quranlıq söz danışıram, sən də öz bildiyini eləyirsən. Sənə kim deyib onu öldürəsən?

– Him-cim elədin, mən də səni belə başa düşdüm. Diri getmək istəməyənin başını aparırlar, bu olur salamatlıq.

– Axı sən nə bilirsən onu e’dam eləməyə aparırlar? Bəlkə bir məmləkət bağışlayacaqlar.

– Bəysunqur ona bir kor pişik də peşkəş eləməz.

Əbih Sultana xəncər vursan bir damcı qanı düşməzdi. Bədənindən vic-vicələr keçirdi. Xoşbəxtliyə çatdığı yerdə gör necə bədbəxtliyə rast gəlmişdi. Birdən-birə o dəli kimi qışqırdı:

– Salamatdı.

Doğrudan da Rüstəm Mirzə tərpəndi. Əlini gətirib boğazına sürtdü. Zarıdı. Əbih Sultan onun üzünə su çiləyəndən sonra soruşdu!

– Mən haradayam?

Əbih Sultan qalabəyinə dedi:

– Anan namaz üstəymiş, ölməyib.

Qalabəyi uzun, qara dırnaqlarının arasına çirk dolmuş barmaqlarına baxdı.

– Demək qocalmışam. Bu barmaqlar məngənə kimiydi. Hələ onlardan bir adamın boğazı salamat qurtarmayıb.

Əbih Sultan Rüstəm Mirzənin qoluna girib qaldırdı. Qapıya tərəf apardı. Daha getməyinə də e’tiraz eləmirdi. Dayçaları beləcə boğandan sonra belinə yəhər qoyub minirlər.

Arazı keçib xeyli gedəndən sonra yoldan çıxdılar. Qayaların arasına gəldilər. Bura əsl ordugaha oxşayırdı. Bir neçə min silahlı adam vardı. Rüstəm Mirzə bu məsələdən heç nə başa düşmədi.

Onu görəndə adamların heyrət nidalarını eşitdi. Amma Rüstəm Mirzə başını qaldırıb heç kimə baxmırdı. Bilirdi ki, onu Bəysənqurun yanına e’dama gətiriblər. Bu heyrət də elə ona görədir. Ordugahdan keçib başda qurulan çadırın qabağına qədər gəlib atdan düşdülər və onu da düşürdülər.

– Çadıra buyurun, Rüstəm Mirzə.

Əbih Sultanın bu təklifinə Rüstəm Mirzə əhəmiyyət vermədi. Dayandığı yerdən tərpənmədi, ona bir daha yol göstərəndə dedi:

– Mən Bəysunqurun ayağına getmirəm.

– Bəysunqur yoxdu.

– Necə yoxdu. Bəs mənim e’damıma baxmaq istəmir o südəmər küçük? Qoy çıxsın görsün ki, kişi kimi necə ölürlər. Qanımı qaba tutub verin, ac köpək kimi yalasın.

– Hər şey tərsinə olacaq, keçin çadıra, hər şeyi sənə danışacağam.

Rüstəm Mirzə heç nə başa düşmürdü. Bu sözlərdən sonra çadıra girdi. İçəridə heç kim yox idi: Əbih Sultanla bərabər Hüseyn Lələ bəy və Dədə bəy də çadıra girdilər. Əbih Sultan ona başda yer göstərdi. O, biləklərindəki zəncir yerlərini ovuşdura-ovuşdura oturdu. Əbih Sultan dedi:

– Məni Əlincə qalasına Bəysunqur göndərməmişdi. Mən özüm də onun qəzəbinə gəlmişəm. O, dayısı Fərrux Yasarın çaldığını oynayır. Məsləhətçisi də qoca tülkü Süleyman Bicanoğludur. Səni onun yerinə Təbrizə taxta çıxartmaq üçün xilas eləmişik. Uzun Həsənin taxtında oturmağa layiq olan bir şəxs varsa, o da Rüstəm Mirzədi.

Rüstəm Mirzə elə bil ayıldı. Əlincə qalasından buraya qədər fikrindən keçən bu idi ki, qılıncı onun boynuna endirəcəklər. Həmin qılınc da Əbih Sultanın əlindədir. İndi o əl enir, o əldəki qılınc deyil, tacdır.

– Bu şəxsləri mən tanımıram, – deyə Hüseyn Lələ ilə Dədə bəyi göstərdi.

– Hüseyn Lələ rəhmətlik Şeyx Heydərin dostudur. Dədə bəy də həmçinin.           

– Şeyx Heydərin?

– Bəli, Şeyx Heydərin, – deyə Hüseyn Lələ bəy təkrar elədi.

– Başa düşmürəm. – Rüstəm Mirzə Əbih Sultana baxdı.

– Bəysunqur hələlik Təbrizdə taxtda oturub. Qoşunları Ərdəbil tərəfdədi. Səni Əlincədən çıxarıb taxta oturtmaq istəyən bu qoşun Şeyx Heydərin müridləridir.

– Onlar ki, bizim səltənətimizə həmişə düşmən olublar.

– Düşmənliyimiz bu hərəkətimizdən görünürmü?        

Rüstəm Mirzə Lələ bəyin sözündə acılığı elə bil istiot kimi yeyib dilinin üstündə hiss elədi.

– Nə şərt qoyubsan?

– Bir şərtimiz var. Şeyx Heydərin övladlarını zindandan çıxarıb verin bizə.

Rüstəm Mirzə qarşısında şərt qoyulmasını narazılıqla qarşıladı.

– O uşaqları sənə verməsək onda necə?

– Onda başqa daha asan yol var, biz də həmin yolnan gedərik. – Hüseyn Lələ bəy kükrəyib özündən çıxmağa hazır olan Dədə bəyin dizini basdı.

– Hansıdı o yol?

– Rüstəm Mirzəni də, Əbih Sultanı da Bəysunqura verib əvəzində uşaqları alarıq. Çünki bu iki düşmən ondan ötəri, Şeyxin uşaqlarından daha qorxulu düşməndi. Müridləri Təbrizə yeridib qan tökməkdən də canımız azad olar.

Əbih Sultan Hüseyn Lələ bəyin bu fikrinin daha inandırıcı olduğunu görüb onu bu fikirdən daşındırmaq üçün əl-ayağa düşdü. Əl atıb cibindən Hüseyn Lələ bəy ilə yazıb möhürlədikləri müqavilənaməni çıxartdı. Əvvəl onu Hüseyn Lələ bəyə göstərmək, verdiyi sözü yadına salmaq istəyirdi. Amma fikrindən tez daşınıb Rüstəm Mirzəyə göstərdi.

– Bu mənim Hüseyn Lələ bəy ilə bağladığım əhd-peymandı. Burada yazılıb ki, Rüstəm Mirzəni taxta çıxarandan sonra o, Şeyxin uşaqlarını azad eləyəcək.

Rüstəm Mirzə hirsləndi:

– Mən səni vəkil eləmişdim?

– Yox.

– Bəs bu nə işdi mənim adımdan danışırsan?

Əbih Sultan da pərt oldu, kağızı qatlayıb cibinə qoydu.

Hüseyn Lələ bəyə baxıb çiyinlərini çəkdi. Yə’ni daha mənim heç bir sözüm yoxdur.

– Belə olan yerdə bizim müqaviləmiz pozulur. – Hüseyn Lələ bəy cəld Əbih Sultanın belindəki qılıncı çəkib çıxartdı. Dədə bəy onu sarıdı.

Rüstəm Mirzə isə şah kimi oturmuşdu. Yerindən tərpənmirdi. Əbih Sultanın silahının alınıb qollarının bədəninə sarınması onun vəziyyətini ona başa saldı.

– Əhdinizi nə tez pozdunuz, – deyə lovğa-lovğa dilləndi.

– Bu tək əhd pozmaq deyil, Bəysunqurun təzədən Ərdəbil müridləri üstünə yeriməyidi. Köhnə düşmənçilik təzələnir, Şeyxin övladlarını da ölüm gözləyir.

– Bəs məni niyə sarımırsan?

– Səni sarımaq çox asan işdi. Onsuz da buradan heç yana qaça bilməzsən.

Dədə bəyin gur səsi eşidildi:

– Rüstəm Mirzə, yaxşı-yaxşı fikirləş, ya onlar deyənə qulaq asmalısan, ya da Bəysunqurun cəlladlarının qabağında dayanacaqsan.

– Mən şərti elə qəbul eləyə bilmərəm. Şeyx Heydərin uşaqları müridlərdən yeddi köynək mənə yaxındı. Taxta çıxan kimi onları zindandan birbaşa saraya gətirəcəm.

Əbih Sultan rahat nəfəs aldı.

– O saraydan onlar heç bir xeyir görməyiblər. Bizim şərtimiz qətidir. Ərdəbil neçə qərinədi ki, Şeyx Səfiyyəddin övladlarının mülküdür. O mülk qayıtmalı, Şeyx Sultanəli Ərdəbildə oturmalıdır.

Əbih Sultan da Rüstəm Mirzəni sakitləşdirməyə çalışırdı.

– Rüstəm Mirzə, Bəysunqur gedəndən sonra Şirvanşah sənə düşmən kəsiləcək. Onun da qabağında Sultanəli dayana bilər. Çünki qan düşmənidilər. Hüseyn Lələ bəyin şərti sənə də xeyirdi.

– Demək Sultanəli belə böyüyüb?

– İndi o, həddi-büluğa çatmış oğlandı. Darül İrşadın işləriylə məşğul olacaq. Onu sarayda saxlamaq istəsən də, qalmaz. – Hüseyn Lələ cavab verdi.

Rüstəm Mirzə dəlillərin qarşısında təslim oldu.

– Yaxşı, mən razı.

– Onda müqavilənamə təzədən yazılmalıdır, – deyə Hüseyn Lələ fikrini bildirdi.

– Müqavilənamə?! Mən sözümün ağasıyam. Həm də hökmdar hökmdarla müqavilənamə bağlayar?!

– Hələ hökmdarlığa var.

Rüstəm Mirzə tələsirdi. Elə bilirdi ki, artıq taxta oturub. Amma söhbətlər onu indiki vəziyyətinə qaytarırdı.

Hüseyn Lələ bəy qələm-davat istədi. Gətirdilar. Oturub yazdı. Hər bəndi Rüstəm Mirzə ilə razılaşdırdı. Sonra onlar möhür basdılar. Rüstəm Mirzənin möhürü yox idi. Barmağını basdı. Bundan sonra Rüstəm Mirzəyə hökmdara layiq libas, silah gətirdilər. Özləri çıxdı, o geyindi.

Əbih Sultan çadıra girəndə gördü ki, Rüstəm Mirzə iki balışı üst-üstə qoyub, dizinin kündəsi balışları basıb aşağı. Artıq qızıldan olmasa da, qaz tükündən özünə taxt düzəldib. Hamıdan heç olmasa bir barmaq yuxarıda oturmaq istəyir.

– Əmir İbrahim, – deyə Əbih Sultana müraciət elədi. – Anan namaz üstəymiş. Mənim köməyimə çatmasaydın, özüm taxta çıxanda and içmişdim birinci səni Təbriz qalasından asdırım.

Əbih Sultan onun bu xam xəyalına ürəyində güldü. Həm də sevindi. Sevindi ki, Rüstəm Mirzə çox yola yaxın adamdı. Sarayda, o hökmdarın ən yaxın adamı olacaq, kəsdiyi başların sorğu-sualı olmayacaq.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info