Qonaq Kitabı
DÜŞMƏNLƏR VƏ DOSTLAR

Yüklü dəvələr karvansarayın qabağında dayandı. Sarvan qabaqdakı dəvənin ovsarından yapışıb çubuqla dizinə vurdu, “hıx” deyən kimi qara, qoca nər ayaqlarını yığıb aşağı yatdı, o biri dəvələri də yatırtdılar. Ortayaşlı, qara saqqallı tacir işlərin gedişinə göz qoyub karvansarayın qapısında atdan düşdü. Daş döşəməyə dəvə qığı, at təsi tökülmüşdü, daşlardan turşumuş iy qalxırdı.

Karvansarayın qapısı açıldı, əli təsbehli, uzun əbalı, qırmızı saqqallı kişi çıxdı. Atdan düşən tacirlə görüşdü, əlini onun əlindən çəkəndən sonra dodağına aparıb öpdü.

– Yorulmayasan, Hacı Həşim, – dedi.

– Sağ ol, Kərbəlayi. Hə, nədi, gedirsən həccə? Qurban bayramına Məkkəyə çatarıq.         

– Mənə niyyət düşmür, Hacı. İndi də böyük oğlum azarlayıb. Bir yönlük eləyim, görüm necə olacaq.

– Allah şəfa versin. Amma nə qədər ki, həccə gedib borcunnan çıxmamısan, xəlluqaləm hələ səni çox sınayacaq.

Onlar hal-əhval tutub həsb-hal eləyirdilər. Karvanın adamları dəvələrin cihazlarındakı yükləri yerbəyer eləyirdilər.

Karvansarayın darvazasından içəridə kiçik bir həyət vardı. Bu həyətdə səkkizkünclü daş hovuza daş novdan su tökülürdü. Cibo Səfər həmin novdan mis aftafanı doldurdu. Dəstəmaz alıb axşam namazına başlayacaqdı.

O, bu yaxın vaxtlarda karvansaraya düşmüşdü. Ona bazarda dükan almışdılar. Kürəsi vardı, palçıqdan çıraq düzəltməyə başlamışdı. İşləri də yaxşı gedirdi. İki gün əvvəl onun hücrəsiylə yanaşı hücrəyə iki müsafir düşmüşdü. Öyrənmişdi ki, ziyarətə gəliblər. Amma bu iki gündə hələlik Darül İrşada baş çəkməmişdilər. Elə bil nəyisə gözləyirdilər. Bığları qoç buynuzuna oxşayan adam həyət-bacada daha tez görünürdü, Cibo Səfərlə də bu iki gündə ülfət bağlamışdı. Səfəri bazara da göndərmişdi. Hücrələri də yanaşı idi.

İndi Cibo Səfər aftafasını doldurub aparanda onunla üz-üzə gəldi.

– Axşamın xeyir, – dedi.

– Hər vaxtın xeyir.

Bu Murad idi. Birdən-birə o başını qaldırdı, tacir karvansarayının həyətində, hovuzun kənarında dayanıb ona baxırdı. Murada bu sifət tanış gəldi. Paltarından tacir olduğunu gördü. Tacir diqqətlə baxırdı. Rəngi də əməlli-başlı ağarmışdı. Murad vaxt itirə bilməzdi. Karvan adamları gəlsə işlər korlana bilərdi.

Bir sıçrayışla özünü tacirə yetirdi.

– Tərpən!

O elə hökmlə dedi ki, tacir belindəki xəncərini də yadından çıxarıb, silahsız Muradın qabağına düşüb yeridi. Murad taciri öz hücrələrinə yox, Cibo Səfərin hücrəsinə apardı, Səfər hələ namaz qılmağa təzə hazırlaşırdı. Muradın yad adamla içəri girməsi onu duruxmağa məcbur elədi. Murad ona heç nə deməyib tacirin qolunu burdu, hücrənin küncündə yıxıb Cibo Səfərin yerə sərdiyi canamazı götürüb onun ağzına tıxadı, əllərini və ayaqlarını bağladı.

– Nə iş görürsən, a kişi?

– Bəri gəl. Qapını bağla, tez. Sonra bilərsən.

O, Cibo Səfərin qolundan tutub hücrədən çıxardı. Muradın iri barmaqları arasında onun nazik qolu çöp kimi idi və bərk sıxsa ovxarlanıb tökülərdi. Onlar qonşu hücrəyə girdilər. Xalçanın üstündə uzanıb əllərini başının altına qoyub sağ dizini qaldıran Əbih Sultan onlara baxırdı. Muradı təlaşlı görüb soruşdu.

– Nə var?

– Dedim karvansaraya düşməyək də. Düşmənlərimiz hamısı bura gələcək, görüb tanıyacaqlar.

Əbih Sultan yerindən qalxıb oturdu.

– Düşmənimiz budu?

– A başına dönüm, mən sizi heç tanımıram? Mən düşmən olsam sizə nə eləyəsiyəm?

Murad onun qolunu dartdı. Yə’ni “sən sus”: – Tacir gəlib. Məni də yaxşı tanıdı. Adamları da çoxdu. Tərpən, qan tökməmiş buradan çıxaq.

Onlar keçən gündə Şeyxin müridlərindən heç kimi tapa bilməmiş, əlləri Hüseyn Lələyə çatmamışdı. İndi də bu hoqqa çıxıb. Murad gec tərpənsə bəlkə də artıq karvansarayın həyətində qılınc qırğını başlamışdı.

– Hara gedək? – Əbih Sultan sanki öz-özündən soruşdu, amma bu kəlməni hündürdən dedi.

– Mən bilirəm, – Cibo Səfər qorxa-qorxa dilləndn

– Sən nəyi bilirsən? – Murad hələ də onun qolunu buraxmamışdı.

– Gizlənməyə yer. Allahdan başqa orada sizin xətrinizə bir kimsə toxuna bilməz.

Onlar silahlarını qurşadılar. Həyətə çıxanda karvan adamları yükləri yerbəyer eləyirdilər. Deyəsən hələ tacirin başına gələndən heç kimin xəbəri yox idi. Onu axtarmırdılar. Əbih Sultan üzünə qara niqab çəkmişdi, gözlərindən isə onu burada heç kim tanımayacaqdı. Murad isə sir-sifətini gizlətmək niyyətində deyildi.

– Uzaqdı, yaxındı?

– Yaxındı.

Onlar karvansaranın həyətindən çıxdılar. Atları götürmədilər. Bu, vaxt aparardı və hər şey məhv olardı. Onlar tayları daşıyan karvan adamlarının yanından keçəndə tayın bir tərəfindən tutan kişi dayandı, tay əlindən yerə düşdü, əlinin dalı ilə alnının tərini sildi. Gözləri Muradda qaldı. Murad da ona baxdı. Elə baxdı ki, onun əli-qolu boşaldı. Tayın o biri tərəfindən tutan adam bu baxışlara fikir verəndən sonra qışqırdı.

– Qaçaq Murad, Qaçaq Murad.

Amma heç biri onun üstünə gəlməyə cəsarət eləmədi. Hamısı yükü qoyub karvansarayın həyətinə, tacirin yanına qaçdılar. Tərini silib hələ də nə edəcəyini bilməyənin yaxasını əlinə keçirən Murad dar küçəyə, evlərin arasına çəkdi.

– Mənim dalımca gəlsəniz, salamat qurtaran deyilsiniz. Bu sözlərdən sonra o bir anda yığıldı, üz-gözü əyildi. Murad onun yaxasını buraxanda tir-tap yerə düşdü.

– Buna nə oldu?

– Heç, – deyə Əbih Sultan xəncəri qara əbasının altında qına saldı. – Tərpən. Murad heyfsilənsə də heç bir şey demədi. Onlar Cibo Səfərin dalınca dar küçələri keçib başqa bir küçəyə döndülər. Karvansara tərəfdən hay-küy eşidiləndə onları Cibo Səfər – artıq Darül İrşada, Şeyx Səfiyyəddin türbəsinə çatdırmışdı.

– Buyurun.

Onlar qapıda dayanıb başmaq cütləyən adamın yanında, ayaqqabılarını çıxarıb çəkələk geydilər və həyətə girdilər.

– Bizi hara gətirdin?

– Buradan yüz il çıxmasanız heç kim sizə barmaq toxundura bilməz. Hələ Əmir Teymur bu ibadətgaha on kənd alıb bağışlayanda belə bir qayda qoymuşdu ki, kim buraya pənah gətirsə onu oradan çıxarmağa heç bir hökmdarın ixtiyarı yoxdur.

Murad buranı ziyarət eləmişdi. İndi burada qalmağı ağlına sığışdırmadı. Ürəyi darıxacaqdı.

– Əbih Sultan, indi oturub burada gözləyək ki, gəlib bizim keşiyimizi çəksinlər.

Əbih Sultan Cibo Səfərə dedi.

– Sən bura deyəsən məhrəm adamsan?

– Bir az. Necə?

– Onda bizi Hüseyn Lələ bəyin yanına apar.

– Hüseyn Lələnin? Qoy öyrənim görüm burdadı? O, uzaqlaşdı, kaşılarla işlənmiş dəbilqə şəkilli qapıdan içəri girdi. Amma gəlib çıxmaq bilmirdi. Əbih Sultanla Murad tut ağacının saralıb tökülmüş xəzəllərinin üstündə gəzişdilər, darıxdılar, ancaq Cibo Səfər gəlmədi ki, gəlmədi.

– Bizi aldadıb tələyə saldılar, Murad.

– Yox, bu fağır adamdı, aldatmaz.

– Onda Hüseyn Lələ bəy buradadı. Burdadısa işlər düzəldi.     

Bir azdan dörd nəfər qara paltarlı, qırmızı börkülü adam gəldi. Aralarındakı ən yaşlısı pəltəkləyə-pəltəkləyə soruşdu.

– Ziyarətə gəlib ağalar?

– Bəli, – deyə Əbih Sultan dilləndi.

– Onda silahları verin. Çıxanda qaytarallar. İmam övladının qəbri üstünə heç kim silah gətirməyib.

Əbih Sultan bu kəlmələrlə Cibo Səfər arasında bir əlaqə gördü. Geri çəkilmədi. Bu işin sonuna qədər getmək fikrinə gəldi. Belindən xəncərini, qılıncını açıb verdi.

Murad da qılıncını açdı.

– Qayıdanda bu silahları bizə verəcəklər?

– Bəli, ağa.

Onlardan biri silahları götürdü. Pəltək qabağa düşdü, iki nəfər arxada onları müşayiət elədi. Səfər girdiyi qapıdan içəri girdilər, sağa döndülər. Qaranlıq bir dəhlizə ayaq qoyan kimi Muradın da, Əbih Sultanın da başına qara örtük atdılar. Hərəni bir neçə adam sarıdı və götürüb harayasa apardılar.

Karvanın adamları karvansarayın həyətində nə qədər axtardılarsa tacir Hacı Həşimi tapa bilmədilər. Karvansaray sahibi də məəttəl qalmışdı.

– Nökərlər hücrəni təmizləyirdi. Bu necə ola bilər.

– Ağanı öldürdülər. Qaçaq Muradı mən özüm gördüm,– deyə bayaq qışqıran nökər ağlayırdı.

– Kim öldürəcək?

– Qaçaq Murad.

– O kimdi? Qaçağın, quldurun mənim karvansarayımda nə ölümü var?

– Öz gözlərimnən gördüm, ağa. Belə iri bığları var.

Kərbəlayi qabağa düşüb hücrələrə baxmağa başladı.

– Yekə bığlı... Elə hamı yekə bığlıdı da. Hə, dediyin Hacı Nəsib ağadı. İki nəfərdilər, bu hücrəyə düşmüşdülər. Ziyarətə gəliblər.

Kərbəlayi qapını itələyib açdı. Qaranlıq hücrədə heç nə görmədi.

– Şam gətirin, – deyə səsləndi. Şamı gətirdilər. Hücrədə qalxan, əmud vardı, bir küncdə iki qiymətli yəhər görünürdü.

– Yoxdular.

Bu vaxt karvan adamlarından biri başılovlu gəldi.

– Öldürüblər.

– Kimi?

– Xəncəri lap ürəyinə soxublar.

– Kimin?

– Nökər Niyazın.

– Cəhənnəmə soxsunlar. Ürəyim düşmüşdü, dedim bəs Hacı Həşim ağanı deyirsən. – O, hücrədən çıxdı. Cəftəsi keçirilən hücrəni göstərib dedi:

– Burada da bir çıraxçı olur. Şamaxılı Səfər. O da sakit adamdı. Heç sərçə də öldürə bilməz. İndi yəqin namaz qılmağa gedib.

– Aç hücrəni.

Kərbəlayı cəftəni qaldırıb qapını açdı. İçəridə səs eşitdi. İniltiyə bənzəyirdi. Çırağı başının üstünə qaldıranda qolu-qıçı bağlı bir adam gördü. Qorxub çəkildi.

– Balam bu nə müsibətdi. Görün kimdi.

Nökərlər içəri girib tacir Hacı Həşim ağanın ağzından canamazı çıxartdılar. Canamazı onun dodaqları arasına möhürqarışıq tıxamışdılar. Əl-qolunu açıb ayağa durğuzdular.

 – Ay uşaq, kişiyə bir qurtum su verin, qorxub. Şükür, sağ-salamatdı.

Karvansaray sahibi şəhər valisinin yanına getdi. Əhvalatı danışdı. Öyrəndi ki, elə bu gün Süleyman Bicanoğlu qoşunla Ərdəbilə gəlib. Onunla bərabər şəhər valisi karvansaraya gəldi, taciri danışdırdılar, şahidləri dindirdilər, Muradla Əbih Sultanın əşyalarını da, yəhərləri, atları apardılar. Onları axtarmaq üçün şəhərə adamlar saldılar. Şəhər valisi qiymətli yəhəri Muradın atının belinə qoymuşdu, monqol madyanını isə yəhərsiz gətirtdirmişdi. İmkan tapan kimi öz ilxılarının içinə göndərmək fikrindəydi. Süleyman Bicanoğlu monqol atını görüb elə bil axtardığını tapdı.

– Bu madyanın sahibi hanı?

– Yoxa çıxıb, ya əmir.

– Yerin altından olsa çıxart gətir mənim yanıma. Dirisini. Qoşun sənin ixtiyarında, nə qədər istəyirsən, götür.

Qoşundan ayırıb şəhərin ətrafında gözətçilər qoydular. Gəlib-gedənləri saxlayır, sorğu-suala tuturdular. Amma səhər işığına qədər bir nəticə hasil olmamışdı.

Əbih Sultanın başından qara örtüyü götürəndə onun rəngi boğulmuş, nəfəsi qıncıxmışdı. Gözləri işığa öyrəşəndə çıraq hisinin iyini duydu və nəm divarlar arasında olduğunu gördü. Sifətini qara bir kölgə kimi gördüyü adam deyirdi:

– Əbih Sultan, sən bizim qan düşmənimizsən. Cəzanı özün de. Asaq, kəsək, ya...

– Kimdi məni danışdıran? Mənim bu dünyada düşmənim çoxdu. Hansıdı məni İmam övladının ziyarətində yaxalayan?

– Şeyx Heydərin yaxın dostları. Dərbənd yanında sən də vardın. Sənin də əlin Şeyxin qanına bulanıb. Cəzanı özün kəs.

– Düzdü. Mən günahkaram. Ancaq ziyarətə gələn düşməndən heyf almazlar. Mən onun babasının qəbrinə pənah gətirmişdim. İmam övladı məni kölgəsində saxlaya bilmədi?

– Ziyarətlə sənin günahın bağışlanası günah deyil.

Səsin sərtliyindən, Əbih Sultan başa düşdü ki, onun sonu çatıb. Amma ümid işığı görürdü. O özü elə bu adamları axtarırdı. Tapıb...

– Mən günahımı yuyaram

– Nəylə?

– Şeyxin övladlarını verərəm.

– Aldada bilməzsən. Sənin özünü Süleyman Bicanoğlu axtarır. Daha əlində ixtiyarın qalmayıb.

Əbih Sultanın başını açsalar da, onun qolları bədəninə sarınmışdı. Kötük kimi yanı üstə yıxmışdılar. Onsuz da indi ona qolları lazım deyildi. Qolları açıq olsa, əlində qılınc olsa belə buradan özünü xilas eləyə bilməyəcəkdi. Ona dil lazım idi. Dilini də işə salmışdı.

– Mən kimnən danışıram? Hüseyn Lələ bəylə?

– Tutaq ki, Şeyx Heydərin uşaqlarını bizə necə verərsən?

– Mənə kömək eləsən, adam versən, onların xilası əlimdə olacaq.

– Necə?

– Rüstəm Mirzə Əlincədədi. Onu qurtarıb taxta çıxarmaq lazımdı.

– Tutaq ki, onu qurtardıq, taxta çıxartdıq. Sonra uşaqları bizə verməsə necə?

– Verər. Onun gücü yoxdu. Onu taxta sənin adamların çıxarandan sonra hər şeyə razı olar. Bu fikir Hüseyn Lələnin ağlına batdı.

– Sözlərinə inana bilmirik.

– Siyasətin nə olduğunu bilməmiş deyilsən. Dünən qanını içdiyin adama bu gün qurban getməyə razı olursan. Ağqoyunlu sarayı üçün nələr eləmişəm, bunu bütün məmləkət bilir. İndi heç bir günahım olmasa da həyatım bir tükdən asılıdır. Rüstəm Mirzəni taxta çıxarmaq üçün səni görməyə gəlmişəm. Əslində mən Şeyxin övladlarından çox, özümü fikirləşirəm. Əbih Sultan elə-belə, səssiz-küysüz, rüsvayçılıqla həyatdan gedə bilməz. Əvvəlki mərtəbəyə qayıtmağım üçün hökmdar dəyişməlidir. Qurana əl basıb söz verirəm ki, Rüstəm Mirzə taxta çıxan kimi Sultanəli Ərdəbil padşahı olacaq.

– Onda şərtlərimizi yazaq, möhür basaq.

Əbih Sultan fikrə getdi.        

Bəlkə onlar bu yazını alandan sonra Bəysunqurla əlaqə yaradacaqlar, şeyxin övladları üçün onu verəcəklər. Yox. Bəysunqur bu alış-verişə getməz. Onsuz da Əbih Sultan artıq onun üçün yoxdur.

– Yaman fikrə getdin Əmir İbrahim? – Əbih Sultanın bir adı da Əmir İbrahim idi.

– Yox, mən razı. Yazaq.

Onlar şərtlərini yazdılar. Bundan sonra hər ikisi barmaqlarındakı üzükləri çıxardılar. Müridin gətirdiyi davada batırıb kağıza basdılar.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info