Qonaq Kitabı
DƏDƏ BƏYİN QONAQLARI

Dağın quzeyi meşəlik idi. Güneyində isə otlaqlar başlayırdı. Gah bu dikdirdə, gah da o birində hündür tayalar vurulmuşdu. Bu döşlər dərələrlə doğranmışdı. O dərələr yuxarı qalxdıqca bir yerdə düyünlənirdi. Bu düyün isə dağın başındakı hündür qaya, qayanın ətrafında geniş çınqıllıq idi.

Qayanın dibindən bir neçə dəyirmanı işlədən bulaqlar qaynayırdı. Gur bulağın başından qalxan cığır yastanadakı alaçıqların yanına qalxırdı. Dörd alaçıq qara keçədən, iki alaçıq ağ keçədən qurulmuşdu. Ağ alaçığın qara naxışları, qara alaçığın ağ naxışları vardı. Böyük bir alaçıq isə onlardan yuxarıdakı yastananı tutmuşdu. Həm də keçədən deyil, xalça-palazdan idi. Uzaqdan bəzədilmiş gəlinə oxşayırdı. Qırmızı, abı, yaşıl naxışlar payız nəfəsi dəyən, otu quruyub bozaran, sarı rəngindən xəfif bir fona çevrilən təbiətin döşündə gecikmiş gül dəstəsini xatırladırdı.

Alaçığın qabağında sərilən iri xalçanın üstündə dirsəklənən Dədə bəy fikrə getmişdi. Aşağıdakı boş arxaclar dəvə yunu rəngindəydi. Yamacda isə qoyun sürüləri ağarırdı. Dərələrlə axan sular parıldayır, yerə düşən güzgü qırığı kimi işığı əks eləyirdi. İri qayanın yanına yığılan ilxının atları istidən başlarını yelləyir, mal-qara isə düzəndəki çəməndə otlayırdı.

Dədə bəyin yanında dörd-beş nəfər də dizlərini yerə vurub oturmuşdular. Dədə bəy dinib-danışmır, heç kim də bir söz deməyə cəsarət eləmirdi. Bu həmin Dədə bəy idi ki, Uzun Həsənin dar günündə Şeyx Heydərlə köməyə gəlmiş, igidliyinə körə Uzun Həsən fərman yazıb bu yaylağı, Araz qırağında Tək saqqız qışlağını ona vermişdi. Əbu Səidin xəzinəsini ələ keçirib gətirəndə hökmdar ona həmin xəzinədən çoxlu var-dövlət bağışlamışdı. Kasıb bir mürid dönüb var-dövlət sahibi, bəy olmuşdu. Dağıstana səfərlərdə də Şeyx Heydərin yaxın köməkçisinə dönmüşdü. Qızılı, var-dövləti verib ilxılar, sürülər, naxırlar almış, dağdan arana, arandan dağa köçməyə başlamışdı.

Oturanların arasındakı cavan, nazik qara bığları uzanıb yanaqlarındakı batıqlara çatan, nədənsə Dədə bəyə oxşayan oğlan dilləndi.

– Dədə, heç fikir eləmə. Alapaçanı da tapıb gətirəcəm, onu qaçıranın obasını da talıyacam. Dost, düşmən içində sən özünü sındırma.

Amma onun qaş-qabağı açılmadı. Əlli yaşını haqlasa da, yanaqlarından qan damırdı, iri bəbəkləri piyalə kimi dərin göz çökəyində qara quş gözləri kimi alışıb yanırdı. Bu var-dövləti toplayandan onun bir yetim quzusunu, naxırlarından bir əzvay danasını, ilxılarından bir çöpüklü qulununu nə oğru aparmış, nə qurd-quş dağıtmışdı.

– Deməli, qocalmışam. Deyərlər ki, qurd qocalanda burnunun ucuna kəpənək qonar.

– Sənin haran qocadı, ay Dədə bəy?

– Yox, belədir, mən hiss eləyirəm.

Dünən gözünün qabağında onun Alapaçasını aparmışdılar. Aparan da öz qonağıydı. Axşam gəlib yer istəmişdi. Kişinin çörəyini yemişdi, şirin-şirin söhbət eləmişdi. Gecə yarısı Dədə bəy alaçığın yanında hənirti eşidib qalxmışdı. Geyinib çıxana kimi görmüşdü ki, onun Alapaçasını kimsə minib dərəyə endirir... Həmişə Alapaçanı alaçığın yanında saxlayırdı. Gecələr obalara dəyər, ilxıçılara, çobanlara baş çəkərdi. “Sərvaxt olun” – deyərdi.

Alapaça dərəni keçib kişnəyə-kişnəyə obadan çıxanda özünü alaçıqlara çatdırıb görmüşdü ki, mıxa bir at bağlanıb. Açıb minmişdi, səslənmişdi ki, Alapaçanı apardılar. Bu obada Alapaçanın tozuna çatan at yox idi. Amma mindiyi madyanı döyə-döyə Alapaçanın izinə salmışdı. Ay işığında Alapaçanın nalı parıldayırdı.

– Namərd, gör sənə nə edəcəyəm!

Alapaça onun səsini eşitmişdi, başını döndərib kişnəmişdi. Amma yəhərdəki onu insafsız-insafsız qamçılayırdı.

– Ay namərd, adam o ata qamçı vurar?

Alapaça da Əbu Səidin düşdüyü Tək saqqız vuruşmasından yadigar idi. Sultanın atı onun əlinə keçmişdi. Əlindən almamışdılar. Alapaça da onun balası idi. Onun mindiyi madyan da pis getmirdi. Alapaçanı haqlamışdı. Amma burun pərələri o qədər şişmişdi ki, bir az da belə getsə çatlayardı. Alapaçanın bir xasiyyəti də vardı ki, arxadan at hənirtisi duydumu, yerlə-göylə əlləşib onları yaxına buraxmırdı. İndi də özünü yeyib-tökür, üstündəki adam onu qamçılayır, amma uzaqlaşa bilmirdi.

Dədə bəy başa düşmüşdü ki, tapqırlardan biri açılıb atın ayağına dolaşıb, qaçmağa qoymur.

Madyan Alapaçaya yaxınlaşdıqda Dədə bəyin ürəyi partlamaq dərəcəsinə gəlirdi ki, Alapaçaya bax ki, ona madyan da çatır. Onun yəhərində oğru oturub qaçırırdı. Dədə bəy onu tutub qaytarana bir ilxı bağışlayardı. Amma madyanla o cür şöhrətli ata çatmağı adına-sanına əskiklik sayırdı.

– Ay namərd, görmürsən tapqır ayağına dolaşıb? İnsafsız oğlu, insafsız!

Atın yəhərindəki xəncərini siyirib, tapqırı kəsib bir göz qırpımında uzaqlaşmışdı.

Dədə bəy həm sevindi, həm də qəmə batdı. Kor-peşman qayıdanda obanın kişilərinin atlanıb gəldiyini gördü. – Qayıdın, bu yabıların heç biri ona çata bilməz.

Səhərdən bəri ətraf obalara adamlar getmiş, heç biri xeyir xəbər kətirməmişdi. Axşamdan elə bil hamı yasa batmışdı. Qohum-qardaşı Dədə bəyə ürək-dirək verməyə yığılmışdı. Uşaqları alaçıqlardan bayıra buraxmırdılar. Oynayıb-güləndə Dədə bəyin xətrinə dəyə bilərdi. Atları sürüb ilxıya qatmışdılar. Biri atlı getsə onun yadına Alapaçanı salardı.

Dilavər oğlanların neçəsi yaraqlanıb-yasaqlanıb daha uzaq obalara sürmüşdülər. Amma onu Alapaçanın qaçırılmağı nə qədər incidirdisə, bunun sonrası bir o qədər düşündürürdü. Əvvəla, yaxşı igidin atını aparmaq onu el içində xar eləmək idi. Papağını aparmaq, arvadını qaçırmaq kimi bir məsələydi. Bu iş söz yox ki, oğru işindən çox, düşmən əməlinə oxşayırdı. Alapaçanın yalını, quyruğunu qırxıb kecənin birində gətirib obaya buraxsalar, onda gərək Dədə bəy xəncərini siyirib öz ürəyinin başına saplayaydı.

O, nə qədər fikirləşirdisə də bu daşın onun bostanına haradan atıldığını ağlına gətirə bilmirdi. Oturanlardan biri dedi:

– Dədə bəy, bir at nədi ki, ondan ötəri bu qədər dərd çəkirsən?

Bunu deyən Dədə bəyin qardaşı idi.

– Heç bilirsən nə danışırsan? Ad, san, namus, qeyrət bəyəm ilxıyla, var-dövlətlə ölçülür?

Kişi susdu. Bir azdan yenə o dilləndi:

– Adam da yıxılıb ölür. Bir at nədir ki, özünü üzürsən.

– O da düşmən işiydi. Oğru aparsa sevinərəm.

Onun iri, eşmə, təzə-təzə dən düşən bığları səyriyirdi.

– And olsun dədəmin üz qoyduğu torpağa, düşmənçiliklə aparsalar, o nəsildə bir adam qoymayacam.

Bu vaxt qarşı təpədə bir dəstə atlı göründü. Alaçıqların yanından qalxan iri çoban itləri gələnlərə tərəf götürüldülər. Dədə bəy qalxdı.

– Qonaq gəlir. Bənək, geri qayıt, – itlər dayandılar, şöngüyüb kəsik-kəsik hürdülər. Onun çox gur səsi vardı. Bərkdən danışanda aşağılarda qoyun otaran çobanlar eşidirdi. Uzaqdan gələnləri tanımasa da itlərin qalxmasından onların yad adam olduqlarını başa düşdü.

– Qalxın, qonaqları qarşılayın. Sürüdən qara şişəklər gətirin.

Dədə bəyin qardaşı deyindi:

– Alapaçanı elə qonaq aparmayıb?

– Bəsdi. O qonaq yox, düşmən olub. Tərpənin. Tez!

O, gələnləri saydı. Yeddi atlı idi. Amma səkkiz at vardı. O atlardan biri kişnədi. Dədə bəyin elə bil çiçəyi çırtladı.

– Alapaçadı. – Şübhəsini dağıtmaq üçün təkrar elədi.

– Alapaçadı. Bəli, obaya çatanda bu kişnəyən Alapaça idi. Atlılar çatıb onun yanında dayandılar. Ağ saqqalı sinəsinə tökülən, yüz yaşı haqlamış gümrah, yanaqları alma kimi qırmızı qoca dedi:

– Salamin əleyküm. Dədə bəy, Allah qonağı istəyirsən?

– Allaha da qurban, qonağına da.

Qoca da, yanında gələnlər də atdan düşdülər.

– Ay uşaq, o yüyəni mənə verin.

Alapaçanın yüyənini gətirib qocaya verdilər. Qoca da gətirib Dədə bəyə tapşırdı.

– Dədə bəy, bu at sənə yaraşandı. Onu səndən özgə heç kim minə bilməz.

O, heyrət içində qalmışdı. Bunlar kim idi, atı niyə qaçırmışdılar, niyə da qaytarıblar. Alapaçaya fikir verdi, sonra bir-bir adamlara baxdı. Heç birini tanıya bilmədi. Oğlunu çağırdı.

– Apar hörüklə.

“Yox, yalı da, quyruğu da yerindədir. Belə ata bir ilxı verərlər. Onu həmişə şah, vəzir, əmir, bəylərbəyi gözündən gizlətmişəm. Yoxsa müştəri düşəcəkdilər ki, bu elə hökmdara yaraşan atdı. Sözü yerə salsa gərək bu yerlərdən köçüb gedəydi”.

Üzünü qocaya çevirdi:

– Bu nə sirdi?

– Danışaram, darıxma.

O, qonaqları alaçığa çağırdı. Divar boyu buta güllü Şamaxı ipəyindən döşəkcələr düzülmüşdü. Hərəsinin də yanında iri, qotazlı bir mitəkkə qoyulmuşdu. Ağsaqqalı farmaşın üstündə yığılan yükün qabağına, məclisin başına, öz yanına keçirdi. Oturandan sonra söhbəti özü açdı. Artıq Dədə bəyin iri, qırmızı yanaqlarının yanında sərt cizgilər yox idi.

– Xoş gəlib, səfa gətirmisiniz. Amma tanımaq üçün gərək soruşaq da. Hansı tayfadansınız?

– Biz təkəli tayfasındanıq. Keçəldağ tərəfdə düşmüşük. Bizim ata yurdumuz qalıb Ağ dənizin kənarında, Qaramanda. Çox vaxt bazarlığa Hələbə gedərdik. Rəhmətlik Həsən padşahın vaxtında gəlib düşmüşük. İndi deyir, bir naxırın adını bir dana korlayar. Üzü qara olsun bizim üzümüzü sənin yanında qara eləyənin. Alapaçanı nə vaxtsa görübmüş. İstəyirmiş onun dölünü tutsun. Gəlib, şah kimi qarşılayıb çörək vermisən, gecə də durub sənə xain çıxıb, çörəyə xain çıxıb.

– Hanı özü?

– Özünün tənbehini eləmişik. Yorğan-döşəkdədi, bel-buxununa yaxı salıblar. Səhər gördüm bir at kişnəyir. Alaqaranlıqdan idi. Durdum gördüm gətirib. Dedim bu at hardandı? Məndən söz daldalaya bilməzlər. Danışdı, dedi döl tutub qaytaracam. Sonra da danışdı ki, necə tapqırı demisən, kəsib canını qurtarıb. Uşaqların hamısını yığdım. Namərdin cəzasını verdim. Onu salmışıq yorğan-döşəyə, demişəm sənin kimi kişinin o atın dölündən əmələ gələn kəhərə minməyinə hələ min il var, götürüb gəlmişik. Arada düşmənçilik olmasın. O ata da layiq bir yəhərimiz vardı, onu da gətirmişəm. Qaşı qızıldı, özü gümüş yəhərdi. Babamızdan qalıb. O, yəhərə layiq atımız olmayıb. At gəldi, yəhəri gətirdi.

Cavanlardan biri qalxıb, alaçığın qapısına qoyduqları bükülü yəhəri, yüyəni açdı. Gümüşü, qızılı bərq vurdu. Sədəf, mina işləmələr göz oxşadı.

Dəd

ə bəy ona nə deyəcəyini, nə edəcəyini bilmirdi. Nazik bığlı oğlunu çağırıb qulağına nəsə pıçıldadı. Oğlu razılığını bildirib alaçıqdan çıxdı. O, üzünü qocaya tutub dedi:

– Mənim atımı qaytarıb gətirmisiniz, buna sevinmirəm, atı aparanın düşmən olmadığı da məni o qədər sevindirmir. Mənim ürəyimi dağ boyda eləyən ağsaqqalın müdrikliyidir. Məmləkətdə sənin kimi beş-on ağsaqqal olsa qurd qoyunla otlayar.

– Atalarımızdan belə görmüşük, övladlarımız da bizdən belə görməlidir. Mərdliyə gərək mərdliklə cavab verəsən. Onsuz da dünya özü namərd dünyadı.

Obada hamı ayağa qalxmışdı. Qoyunlar kəsilir, düyü seçilir, qazanlar asılırdı. Dədə bəyin oğlu ilxıdan yeddi at ayırıb gətirib qonaqların atlarının yanına bağladı. İşini qurtaranda başını qaldırıb gördü ki, obaya tərəf iki nəfər gəlir, yedəklərində də bir yabı, yabının da üstündə palaza bükülü bir şey var. Dədə bəyin oğlu Mustafa onların qabağına çıxdı.

Sifəti mis rənginə çalan, qırmızı çalmalı adam ondan soruşdu:

– Dədə bəyin obası buradı?

– Bəli. Düz gəlmisiniz.

– Dədə bəy qul alveri eləyir?

– Deyəsən artıq-əskik danışırsınız axı. Görmürsən, onun ilxılarının, sürülərinin, sənin kimi elə əlli-altmış çobanı var.

– Onda, heç! – deyə yekəpər dilləndi.

Mustafa bu sözdən şübhələndi.

– Bəs deyirlər o, seyidləri satın alır. – O biri yoldaşı dindi.

– Yaxşı, onda gözləyin. – Özü tez alaçığa girib atasının qulağına pıçıldadı. Dədə bəy üzr istəyib çıxdı. Yabının yükünə, iki yolkəsənə baxıb dedi:

– Seyid kimdi?

– Mənəm, – deyə səs eşidildi. Palazın arasından gəlirdi o səs.

– Kimdi?

Qırmızı çalmalı yabının üstündəki yükü götürüb yerə qoydu. Diyirləyib açdı. Oradan Hüseyn Lələ bəy çıxdı. Dədə bəy gözlərinə inanmadı.

– Ay Lələ, bu nə şəbihdi? – Sonra dönüb o iki nəfərin çiyinlərinə döydü. – Bərəkallah, fərasətli uşaqlarsınız.

Qırmızı çalmalı yoldaşının üzünə baxdı, göz vurdu.

– Malımızı satası olmadıq.

Dədə bəy heç nə başa düşmədi.

– Lələ, sənin nə zarafatcıl adamların var.

– Dədə bəy, məni doğrudan satmağa gətiriblər. Nə qədər verərsən?

Hüseyn Lələ bəyin qollarını da bədəninə sarımışdılar.

– Mən bu kişilərin əsiriyəm. Öldürmək istəyirdilər, dedim öldürməyin, satın, burada seyid alan var.

Dədə bəy işi indi başa düşdü. Əl atıb alaçığın yanındakı odun parçasını götürməyi ilə qırmızı çalmalının başına endirməyi bir oldu. İkinci zərbə oxunu kamana qoymaq istəyəni onun yanına sərdi. Onlar özlərinə gələnə qədər o Hüseyn Lələ bəyi sarıdıqları kəndiri açıb onları sarıdı.

– Ədə, yolkəsən sizsiniz? Çaqqaldan canavar olar? Mənim həndəvərimdə bunların gördükləri işə bax, özü də gör kimi tutublar.

O, Hüseyn Lələ bəyi qucaqladı. Xeyli vaxtdı görüşmürdülər.

– Ay e’tibarsız qardaş, sən hardasan? Nə səsin var, nə sorağın. Nə iş görürsən, bu nə qiyafədi?

– Belədi də. Başımıza çox işlər gəlib. Hərə bir tərəfə düşdü. Təzəcə sənin yerini öyrənmişəm.

– De görüm, Şeyx Heydərin uşaqlarından xəbərin varmı?

– Var, yerlərini öyrənmişəm, onlar da müsibətdədir.

– Gəl, gəl, ayaq üstündə dayanma.

Alaçığa girdilər. Dədə bəy onu ağsaqqala göstərdi.

– Qonaq qonaq gətirər. Ayağın çox yüngüldü. Neçə ildi xəbər tuta bilmədiyim dostum özü öz ayağıyla gəlib çıxıb. Gəlib deyəndə ki, quldurlar tutub gətiriblər ki, seyid satırıq.

Bayaqdan deyib-gülən ağsaqqal tutuldu.

– Seyid?

– Seyid olmağına seyid deyil. Bu libası geyib ki, yolda dəyib-dolaşan olmasın. Ağsaqqal soruşdu:

– Siz sünnüsünüz, ya şiəsiniz?

– Şiəyik.

Bunu eşidən ağsaqqal qalxdı, onun adamları da durdular.

– Ay ağsaqqal, bu nə hərəkətdi? Hara durursunuz? Siz mənim əziz qonaqlarımsınız.

– Yox, Dədə bəy, mən sizin şiə olmağınızı bilməmişəm.

Lələ də bu sözdən pərt oldu. Qızarıb pörtdü.

– Ağsaqqal, – deyə Dədə bəy ona baxdı. – Bunun oturub çörək yeməyimizə bir maneçiliyi var? Məni təhqir eləyirsiniz?

Amma onlar dayanmadı. Alaçıqdan çıxdılar. Atlarına tərəf gedəndə Dədə bəy onların qabağını kəsdi.

– Mən hərənizə bir at bağışlamışam.

Ağsaqqal bikef-bikef dedi:

– Yox, lazım deyil. Salamat qalın.

Onlar atlarına süvar olub tərpəndilər. Dədə bəy Lələnin üzünə baxdı.

– Gördün? Dilimiz bir, adətimiz bir, özləri də çox mərd adamlar. Amma şiə söhbətinə görə durub getdilər.

– Getsin də, vaxt gələr, qaytararıq.

– Necə?

– Dədə bəy, mətləblər var ki, onları sənə incələmək lazımdı. Bayaq üz-üzə oturduğun adamlar, səni şiə bilən kimi çörəyini kəsmədilər. Sənə təəccüblü gəlir bu iş. Elə deyilmi? Dilimiz də birdi, qanımız da, bircə dini əqidəmiz ayrıdı. Elə bu bəla üzündən Şirvan bir tərəfə çəkir, Qarabağ ayrı tərəfə, Qaradağ, Gilan, nə bilim fars, İraqi Əcəm, İraqi Ərəb ayrı yana. Neçə əsrlərdir ki, onlar bir səltənətə tabe olsalar da, hamısı əlbir deyil. Onları ayrı salan da bu dini təriqətlərdir. Osmanlı dövləti niyə birləşdi, möhkəmləndi? Ona görə ki, orada yaşayanların əksəriyyətinin təriqəti sünnü-hənəfi təriqətidir. Şiələri də var. Ancaq onlara baş qaldırmağa imkan vermirlər. Biz nə qədər ki, bir təriqətə qulluq eləmirik, birlik olmayacaq.

Dədə bəy onun bu sözlərinə diqqətlə qulaq assa da, dərinliyinə qədər başa düşə bilmədi.

– Məni başa sal görüm, Peyğəmbər sünnülərin tərəfindəydi, şiələrin?

– Heç birinin. Peyğəmbərin vaxtında bu məsələlər yox idi.

– Onda bəs niyə belə oldu?

– Bu uzun söhbətdi. İndi mən dediyim ayrı məsələdir. Bütün ölkənin əhalisi şiəliyi qəbul eləməsə, birlik olmayacaq. Bunu da həyata keçirən elə bir şəxs lazımdı ki, ölkə onun arxasınca gedə bilsin. Həmin şəxs də Şeyx Heydərin oğlanlarıdır ki, dayıları zindanda saxlayır.

– Zindanda?

– Bəli. Bu yaxınlarda qala var. Oradadırlar.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info