Qonaq Kitabı
UNUDULMAYAN AND

Meşələr saralırdı. Cır armud ağacları lalə kimi qızarmışdı. Həmərsinlər, zoğallar çılpaq ağaclardan mərcan dənələri kimi sallanıb qalmışdı. Suyu azalmış dağ çayı ilə xəzəl axırdı. Durğun yerlərdə xəzəllər suyun üzündə üst-üstə qalanmışdı. Havalar yaxşı keçdiyindən köçməyə tələsməyən quşların səsi meşəni başına götürmüşdü. Bu səsləri çayın yatağından sivri qalxan qaya daha da artırırdı. Qayanın sağ tərəfində itən yol aşağıda ağarırdı. Qayanın başında isə qalanın divarları bozarırdı.

Bu ağaran yol enib çayın üstündəki qırmızı kərpicdən hörülən iki tağlı körpünün yanında karvan yoluna qovuşurdu. Yollar qovuşan yerdə çaylar da qovuşurdu. Qala tərəfdən axan çay ensiz olsa da, gur idi. Büllur kimi şəffaf suyun yatağı qayanın davamı olan daş suvağı idi. Orada-burada sudan daş-qaya parçaları çıxmışdı.

Karvan yolunun üstündə, sağ tərəfdə xaraba dəyirman görünürdü. Yuxarıdan başlanıb gələn arx dəyirmanın çürüyüb tökülmüş novunda qurtarırdı. Bəlkə də bu dəyirman yüz il idi ki, un iyinə həsrət qalmışdı. Dəyirmanın yanındakı başqa bir tikilinin xarabalığında həmərsin, böyürtkən kolları bitmişdi. Böyürtkən salxımları qaralmış, çoxusu qurumuşdu. Qalaya qalxan yol bu xaraba binanın sağ tərəfindən keçirdi.

Karvan yolunun üstündə bir torba zoğal qoymuşdular. Torbanın ağzını səliqə ilə qatlamış, zoğalı təpə kimi qalamışdılar. Sanki xırdavatçı onu Ərdəbil bazarında açıb müştəri gözləyirdi.

Bu bir torba zoğal olmasa, bir də o qala görünməsə, elə bilmək olardı ki, bu yerlər quş və vəhşi heyvandan başqa heç nə görməyib, təbiətin bakirəliyini pozacaq heç nə yoxdur. Dəyirman, xaraba bina və körpü o qədər köhnəlmişdi ki, elə təbiətin özünə qarışmışdı.

Hardasa kollar şaqqıldadı, xəzəllər töküldü, paltarını indicə soyunan budaqlar arasında daha gözəl şaxəli budaqlar göründü. Maral buynuzları idi bu şaxələr. Cavan bir maral açıqlığa çıxdı, ot basmış karvan yolunu keçdi, çayın sahilində başını çevirib ətrafa baxdı və əyilib su içəndə hürküb başını qaldırdı. Onu hürküdən balıqlar quyruqlarını çalaraq çay yuxarı üzüb getdilər. Maral təhlükənin sovuşduğunu yəqinləşdirəndən sonra zərif dodaqlarını suya salıb içməyə başladı. Amma axıra qədər içə bilmədi. Diksinib yıxıldı, dal ayaqları üstünə çökdü, sonra bu ayaqlar onu irəli tulladı. Nal səsini eşitmişdi.

Bir azdan yolda şiş uclu polad dəbilqə parıldadı. Atın yanında uzun qılınc atılıb düşdü. Atlının polad qolçaqları işıldadı. Əynində dəmirdən toxunmuş köynək vardı.

Nal səsinə xaraba dəyirmandan cındırından cin hürkən bir məxluq çıxdı. Başı pırtlaşıq, ayaqları yalın, paltarı yamaqdan ibarət bu məxluq qaçıb zoğal torbasının yanında dayandı, üzünü atlıya tərəf tutub min bir oyun çıxarmağa başladı. At hürkdü, atlı bunu gözləmirdi. Özünü yığışdırana qədər gec oldu, yəhər çevrildi, o yerə gəldi, ayağının biri üzəngidən çıxmadı, atın dalınca süründü, qılıncı daşlara dəyib cingildədi, dəbilqəsi daşlara dəydi, diyirlənib çaya düşdü.

Cır-cındırlı məxluq özünü yetirdi, atın üzəngisini əlinə keçirmək istədi, amma heyvan daha da hürkdü və götürüldü. Atlının ayağı üzəngidən qopdu, o zərblə yuxarıdan atılan çul kimi yerə sərildi. At da maral gedən səmtə qaçdı.

Məxluq yetirib atlını qaldırmağa çalışdı. O, zarıyırdı. Qoltuqlarının altından yapışıb sürüyüb onu xaraba dəyirmana apardı. Dəyirmanın qurd yeyib deşik-deşik elədiyi palıd qapısı paslanıb yeyilmiş dəmirlərindən daha pis gündə idi. Qapını açıb atlını da ora sürüdü.

– Lələ, Lələ...

Unluğun dibindəki çürük taxtalar qalxdı. Oradan bir gözəl sima göründü. Bu Hüseyn Lələ bəyin sifəti idi.

– Salman, nədi bala, öldürmüsən?

– Yox, ay Lələ. Mən hələ heç toyuq da öldürməmişəm. Vəfalı dostu bunu bu günə saldı.

– Axtar ciblərini.

Salman zarıyan adamın ciblərini axtarmağa başladı. Ancaq qılıncı yaman mane olurdu. Əvvəl kəmərini açdı, qılıncı bir tərəfə qoyub, cibindən cingildəyən kisəsini tapıb çıxartdı. Qırmızı kisənin büzməsini açdı. Əlini salıb xeyli qurdalandı, axırda kisədəki pulları yerə tökdü. Kisəni də çevirdi.

– Heç nə yoxdur.

– Görürəm, – Hüseyn Lələ bəy arxayın olmaq üçün kisəyə özü də baxdı. Kisə təkqat parçadan tikilmişdi.

– Qoynunu-qoltuğunu gəz.

Axtardılar. Amma istədiklərini tapa bilmədilər. Hüseyn Lələ bəy əyilib qulağını onun sinəsinə qoydu.

– Ölənin nəfəsini güzgüylə öyrənirlər.              

– Bu güzgüyə layiq deyil.

Bunu deyib Lələ cibindən xırda qızıl bir kuzəcik çıxartdı, ağzını açdı, onun lopa bığlarını aralayıb burnuna tutdu.

– Bığı bir putdu, ürəyi bir misqal.

Mayenin iyi dəyən kimi onun bədəni çimçəşdi. Üz-gözünü büzüşdürdü. İri gözlərini açdı. İlk gördüyü qabağına çıxıb atını hürküdən Salman oldu.

– Atasından xəbərsiz ləvənd. İndi sənin başını bədənindən ayırım gör ləzzətini. Əlini belinə atdı, amma əlinə qılınc əvəzinə dəyirmanda bitən gicitkan kolu keçdi. Əlini daladı. – Bismillah, deyəsən cin yığıncağına düşmüşəm.

Salman baş barmaqlarını qulaqlarına qoyub, əllərini oynatdı. Özü də atılıb düşdü.

– Ya Zəlixə, ya Məlixə.

Yekəbığın huşu yenə getdi. Lələ bəy Salmana tərəf döndü.

– Oyunbazlıq yeri deyil. Sən çıx yola, mən onu danışdıracağam.

Yenə də kuzəciyi onun burnuna tutdu. Bu dəfə o gözünü açanda başının üstündə gözəl bir sima gördü. Bığının yarısı enində olan qaşlarının altından biri-birinin üstünə minən kirpiklərini qırpdı. Dili topuq vura-vura soruşdu:

– Sən cinsən, ya Ələddinsən?

– Ələddinəm.

– Məndən nə istəyirsən?

Lələ təmkinlə dilləndi:

– İstədiyimi deməsən cin gələcək ha.

– Gəlməsin, gəlməsin, deyərəm.

– Hanı məktub?

Çapar əlini başına atdı. Ancaq əli polad dəbilqəyə deyil, təmiz, ülgüclə qırxılan daz başına dəydi. Barmaqları qana bulaşdı.

– Hanı dəbilqəm?

Lələ dönüb təmkinlə dedi:

– Bunun dəbilqəsini tapıb gətirin.

Salman çayın sahilinə qaçdı. Dəbilqəni tapa bilmədi. Çayaşağı qaçdı. Gördü ki, dəbilqənin şiş ucu suyun içindən çıxıb. Özünü çaya vurub onu götürdü. Çevirib içərisinə baxdı. Orada bir araqçın da varmış. Araqçını çıxartdı, dəbilqəyə içəridən dördqat bükülüb keçirilmiş kağızı götürdü. Açdı, amma bir kəlmə də oxumaq mümkün deyildi.

Kağızı gətirib Lələyə verdi, dəbilqəni isə lazımsız bir şey kimi dəyirmanın küncünə atdı.

Lələ kağıza peşman-peşman baxdı. Məzəmmət dolu baxışlarını Salmanın üzündə saxladı. Salman dedi:

– Bu heyvərə papağını başında saxlaya bilmir, buna mən nə eləyim?

Lələ kağızı sərib üzünü çapara çevirdi:

– Məktubda nə yazılmışdı?

– Bilmirəm.

– Hara aparırdın?

– Qalabəyinə.

– Məzmunundan xəbərin yox idi?

– Ağa, çapar eşşək kimi bir şeydi. Sə’di deməli, eşşək nə bilsin yükü kitabdı, ya odun.

Lələ dönüb baxışı ilə Salmanı yanına çağırdı. Salman çatanda onun ətəyindən tutub cırdı, çaparın gözlərini bağladı.

– Ələddin, axı sən ədalətlisən, məni öldürmə. Mən heç, uşaqlarım yazıqdı! Üç arvaddan iyirmi dörd uşağım var, onun iyirmi biri qızdı. Hamısı da körpə-körpə.

– Kimə qulluq eləyirsən?

– Ağqoyunlu padşahlarına.

– Haralısan?

– Təkəli tayfasındanam, qurbanın olum.

– Dinin? Suallarıma tez cavab ver.

– Müsəlmanam.

– Hansı məzhəbə qulluq eləyirsən? – Lələnin səsi çaparın qulağında mis səsi kimi cingildədi. Bu sual çaparı çaşdırdı.

– La ilahə, illəllah, Məhəmmədin rəsul illah.

– Sünnüsən, şiyəsən?

– Ağa, qurbanın olum, öldür məni, ancaq məzhəbimi soruşma. Sən hansınnansansa mən də onnanam.

Çaparın zar-zar ağlamasına bir sual da bəs eləyərdi.

– Məktubda nə yazılmışdı? – Lələ çox tə’kidlə soruşdu.

– Vallah bilmirəm, billah bilmirəm. Bizim çaparbaşı çaparlığa elə adamı götürür ki, əlifbeyi bilməsin.

Lələ görürdü ki, doğrudan çaparın məktubun məzmunundan xəbəri yoxdur. Bəs onda necə öyrənmək olardı? Məktubun məzmunu isə ona hava-su kimi lazım idi.

– Bəs sənə nə tapşırmışdılar?

– Demişdilər ki, aparıb məktubu verərsən, gecə qalıb dincələrsən, səhər cavabını alıb yola düşərsən. Mənə verərsən, hökmdara aparacam.

“Hökmdar” kəlməsini eşidən kimi Lələ onun üstünə əyildi. Əl atıb yaxasından yapışdı.

– Elə belə dedi?

– Qoy fikirləşim, onsuz da çaparbaşı məktubları hökmdara aparır da, dədəsinə-anasına aparmayacaq ha. Düzdü, bir-iki dəfə məni uzaq yerlərə göndərib. Məktub aparıb cavab gətirmişəm. Deyib hökmdar əmridi. Sonra görmüşəm yox, burada hökmdarlıq işi yoxdu. Özünə arvad gətirirmiş. Bəlkə indi də belə bir işdi?

– Sicilləmə oxuma mənə!

‘“Yaxşı, hələ günortadı. Az bir vaxta çapar çatacaqdı qalaya, oradan cavabı alıb gətirəcəkdi. Gecə yarısı, ya səhər özünü yetirəcəkdi Ərdəbilə. Niyə gecə qalada qalmalıydı? Ona yazıqlarımı gəlib? Yox, burada nəsə xoşa gəlməyən bir məsələ var. Məktubda yazılan hökm icra olunmalıymış. İşin icrası üçün qalada qalmağa icazə veriblərmiş. Yoxsa ayrı cür ola bilməz”.

– Sən bu qalaya çoxmu gedib-gəlmisən?

– Beş, ya da altı dəfə.

– Nə var orada?

– Sirri mən sizə necə verim? Axı sonra məni dara çəkərlər. Heç siz də padşah çaparının satqın olmağına razılıq verməzsiniz.

Lələ qımışdı. Əlini onun şişmiş qarnına çırpdı.

– Bu piylə, bu peysərlə hamını aldatsan da, məni aldada bilməzsən. Sən satqınlığa həmişə hazır olmusan, çox sirləri də satmısan. Aldıqların səni belə piyləndirib. İidi də bildiklərini deyəcəksən. Belə deyil?

– Can şirin şeydi, Ələddin qardaş. Söz var, desəm öldürərlər, deməsəm ölləm. Hərə öz kefində, damağında, mənə nə gəlib. Dəvəni qatarla yeyirlər. O qədər əhli-əyalı saxlamaq elə bilirsən asandı? Səndən nə gizlədim, görürəm hal əhlisən. Vaxt olub məktubu bir dəfə oxumağa bir torba qızıl almışam. Nə olub ey, məktubdu da. Yemillər, içmillər. Oxuyurlar, qaytarıllar özümə, mən də qızılımı alıb balalarımı dolandırıram. İtin dişi, motalın dərisi, yırtsa nə yaxşı, yırtmasa nə yaxşı.

– Bu məktubu yolda bir adama oxutdurmusan?

– Yox, müştərisi olmayıb. Hər məktubun öz xiridarı olur. Bunun da xiridarı sizsiniz. Baxtınız yoxdu, neyləyək? Belə oldu da.

Çapar uzandığı yerdən tərpənmirdi. Yeri rahat, qısqısı güclü idi.

Lələ ayağa qalxıb gəzindi.

“Rəhmətlik Heydər düz deyirdi. Dağılır, tar-mar olur. Ağqoyunluların sonudur. Əgər bir ölkənin padşahından tutmuş çaparına qədər naqis işlərə qurşanıbsa, Allah özü də göydən ensə onu xilas eləyə bilməz”.

– Hə, çapar, de görək bu qalada nə gizlədiblər ki, hökmdarın özündən də möhkəm qoruyurlar?

– Bilmirsən? Hardan biləcəksən? Goru nurla dolsun, Uzun Həsənin əlinə güclü xəzinələr keçmişdi. O xəzinələrin hər biri yetmiş dəvədən ibarət yeddi karvanla daşıyıb gətirmişdi bu qalaya. Həmin xəzinəni gizlətməyə yetmiş usta gətirdilər. Hardasa onları gizlətdilər, üstünü hörüb suvadılar. Sonra ustaları da, dəvəçiləri də, lap dəvələrin özlərini də qayadan atdılar ki, sir batsın. Xəzinənin yerini, şəklini, açarını gətirib verdilər hökmdara. Sirri bilən yeddi adam qalmışdı, onları da o söz. İndi ağqoyunluların nəyi varsa, oradadı.

Çapar danışdıqca Lələ qımışa-qımışa gəzişirdi. Onun danışdığı əfsanəyə gülürdü.

– Uzun Həsən də həmin sirri tək sənə danışdı, hə? Sən o qədər də səfeh deyilmişsən. Burada məni barmağına dolayırsan. Mənə düzünü danışmasan, başını hansı arvadına göndərək? Ürəyi yananın yerini deyərsən, sənin bu boyda kəlləni qabağına qoyanda heç olmasa gözündən yaş gəlsin. Başını sənin kimi bığıburma bir kişi ilə göndərəcəm.

– Yox, başına dönüm. Atım istəkli arvadımı yaxşı tanıyır. Başını dünyanın o başından buraxsan, onun yanına gedir. – Birdən-birə dəyişdi. – Yox, yox. Mən sirrə görə baş verən kişilərdən deyiləm. Bir də ki, çapar bilməyən sirrə qurd düşər.

– Onda məktubu ver.

İsmayıl Səkinənin “Ruhani” havasını çaldığı vaxtdan fikirləşirdi. “Bəs niyə hava qoşublar, söz yoxdur. Havada o soyulan şairin dərdi, əziyyəti var. Ancaq elə bil dilini açıb bir kəlmə danışmaq istəməyib?” Bu sirri soruşub öyrənməyə məqam gözləyirdi. Amma hamı fikirli, hamı qayğılı, hamı dərdli idi. Uşaqlığı ilə o da başa düşürdü ki, bu qaladan kənarda qanlı-qadalı hadisələr baş verir, onların da hamısı bu hücrədəki üç qardaş, bir ana ilə bağlıdır. Onların öz dərdləri də elə “Ruhani” havasına oxşayırdı. Dərd, qəm, ələm vardı, amma onu uca səslə, hamının başa düşdüyü dildə deyən yox idi. Bəlkə də elə belə olmalıydı.

Aləmşahbəyim özünə paltar tikirdi. Əynindəki üzülmüşdü. Qara parçanı açıb biçəndə Sultanəli anasının üstünü kəsdi.

– Təzədən qara libasa bürünmək istəyirsən?

– Əynimdəki üzülüb, qadan alım.

– Sən o qatilə görə bu qaranı dəyişirsən? Atamıza görə geydiyin üzülüb düşdü, indi onun qatilinə yas saxlayırsan? Bir yası qurtarıb, o birisini başlayırsan?       

Aləmşahbəyim əldə dayanmayıb sürüşən, su kimi axan qara ipəyi bir tərəfə atdı. Qalxıb oğlunu qucaqladı, aparıb pəncərənin qabağında, yanında oturtdu. Başını sığalladı.          

– Başa düş, oğlum, mən qara libası heç vaxt soyunası deyiləm. Mənim əynimə biçilən baxtıma da biçilib. Köhnəldikcə təzəsini tikəcəm. Ürəkdəki dərd-kədər, yas köhnəlmir, ona dözməyən bu ipək parçadı.

Sultanəli anasının sözlərindan razı qalmadı. Qaş-qabağı yerlə gedirdi.

– Sən qara paltarı soyunmalısan!

– Niyə, ay oğul?

– Düşmənlərimizin gözü qabağında yaslı, dərdli ola bilmərik. Onsuz da mən də bilirəm, sən də bilirsən ki, taleyimiz tükdən asılıdır. Bizi dar ağacına aparanda da gərək onlara dağ çəkək, gözdağı verək. Atamın sözü yadındadı? Deyirdi bir il xırıldamaqdansa, bir göz qırpımında ölmək daha yaxşıdır.

İsmayıl da gəldi. Anası onu uzaqlaşdırmaq istədi.

Sultanəli qoymadı. Çəkib yanında oturtdu. Amma susdular.

İsmayıl pəncərədən baxırdı.              

– Qardaş, pəncərədən düşüb qaça bilmərik?

– Yox, bu mümkün deyil.

Pəncərəyə bir əlvan kəpənək qondu. Ağ qanadların ortasında yumru narıncı xalın dövrəsinə qara haşiyə çəkilmişdi. O, paslı dəmirin üstünə qonsa da o tərəf – bu tərəfə aşırdı. Mehin qarşısında düz, dik dayanmağa gücü yox idi. Oradan uçub hücrəyə girdi. İsmayıl qaçıb onu tutdu. Ovcunu açanda əllərində gümüş tozuna oxşar toz vardı. O, barmaqları arasında elə bil qabığı soyulmuş iydə tutmuşdu.

– Öldürmə, – deyə Sultanəli kəpənəyə baxdı. – İnsan xoşladığı canlıları tumarlayır. Amma kəpənək tumardan ölə bilər.

– Öldürmərəm, saxlayacam.

– Onda sən də bizi buraya salanlar kimi insafsız olarsan.

– Kəpənəkdən də dustaq olar?

– Saxlasan olar.

İsmayıl pəncərəyə yaxınlaşdı, ovcunu açdı, bu kiçik əlin ortasından kəpənək qanadlarını qoşaladı, açıb-yumdu, titrədi və uçdu. Kəklikotu ətri gələn qalaya tərəf uçub getdi. Ovcunda tozu, yumşaqlığının təması və ürək kimi döyünən bədəninin istiliyi qaldı.

Salman qanlı köynəyi atın boynuna bağladı. Dəbilqəni xurcuna atdılar, suda islanıb pozulmuş məktubu da dəbilqənin içərisindəki yerinə qoydular.

– Bəs qılıncı nə eləyək? – deyə Salman Hüseyn Lələ bəydən soruşdu.

– Onu saxla, lazım olar.

Ata bir qamçı vurdu, at götürüldü.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info