Qonaq Kitabı
KÖRPƏ DUSTAQLAR...

Qala divarının üstündəki daş yolla yaşlı bir qadın qaça-qaça gəldi. Uzun qara tumanının ətəkləri ayaqlarına dolaşırdı. Başına yaylıq örtmüş, başqa bir ləçəyi alnından çəpəki keçirib yaylıqla bərabər bağlamışdı. O, Aləmşahbəyimlə İsmayıla çatdı. Gördü ki, Aləmşahbəyim ağlayır, əllərini quru sinəsinə çırpdı.

– Atam-anam niyə ağlayırsan? Canım sənə fəda olsun, bu nə göz yaşlarıdı?

Aləmşahbəyim qala dişləri arasından gözlərini uzaqlara zilləyib, yanağından axan yaşı sildi. Cavab vermədi.

– Heç mən də bilmirəm, anam niyə ağlayır. İsmayıl kişi kimi xidmətçi qadın Səkinəyə baxdı. Aləmşahbəyim uca, sərv qamətini düzəltdi:

– Səkinə, get süfrəni hazırla, uşaqları da çağır, biz də gəlirik, – dedi.

O, öz dərdini özü çəkməyi öyrənmişdi. Qapılarında Ülkər ayaqlarını yerə döyüb kişnəyənə qədər dərdini deməyə sirdaşı vardı. Həmin gündən isə qol-budağı qırıldı, ümid evi yıxıldı.

Səkinə getmirdi. Aləmşahbəyimi ovutmağa çalışırdı.

– Atam-anam, canım sənə fəda, niyə ağlayırsan?

– Səkinə, sənin əslin hardandı?

Səkinə öz taleyindən çox danışmışdı. İndi də soruşur. Yə’ni yadından çıxıb. Çıxar, unudar. Bu qədər dərdin içində adam öz adını da yadından çıxarır.

– Borçalı çökəyi adlı bir gözəl məmləkət vardı. Gəncədən o yana, Tiflisdən bu yana. Orada böyümüşəm. Kim daş deşiyindən çıxır ki. Kənddən qırx qız yığılıb gəzməyə çıxanda hər daşın dalında bir oğlan gizlənib bizə baxırdı. Bir gün bir od gəldi, bir alov qaladı. Kəndimizi yandırdılar. Atam-anam necə oldu bilmədim. Biz qırx qızı zəncirə vurub bazarlarda satdılar. Gəlin olacaqdım, kəniz oldum. Daha qocalmışam, saçlarım da ağarıb. Yaxşı ki, sizin kimi insanların arasına düşdüm. Yoxsa heç bilməzdim günüm necə olacaq.

İsmayıl bu söhbəti ilk dəfə eşidirdi.

– Bəs niyə evinizə getmirsən, Səkinə xala?

– Yollar qıfıllıdı, qurbanın olum.

Aləmşahbəyim əllərini oğlunun çiyinlərinə qoydu. İsmayıl qartal dimdiyinə oxşayan burnunu qaldırıb, aydın gözlərini anasına dikəndə o Səkinəyə deyirdi:

– Səni əsir gətirdilər, eləmi?

– Bəli, qadan ürəyimə.

– Mən də şah qızıyam.. Qardaşım taxtda oturub, amma körpə balalarımla dustağam. Sənin mənə köməyin dəyə bilər?

Səkinə onun dərdini yüngülləşdirmək üçün canıyananlıq eləyirdi. İndi Aləmşahbəyim öz vəziyyətini ona başa salanda Səkinə də ona qoşuldu, sel kimi göz yaşı tökməyə başladı. Ağlaya-ağlaya da çıxıb getdi.

İsmayıl qaladişinə söykənib anasına baxdı:

– Ana, mən balacayam. Hələ çox şeyi bilmirəm. Sən də mənə demirsən. Sultanəli də, İbrahim də məndən hər şeyi gizlədirlər. Amma mən görürəm ki, nəsə olub. Nə olub, onu bilmirəm. Sən ağlayırsan, Səkinə ağlayır, niyə ağlayır?

Aləmşahbəyim əlini oğlunun başına çəkib dedi:

– Böyüyəndə hər şeyi bilərsən.          

– Deyin, bilim, mən də tez böyüyüm.

Anası onu qucaqladı. İsmayıl isə dartınıb onun qolları arasından çıxdı. Divar üstündəki yolla qaçdı.

– Tut görüm.

Anası da onun dalınca qaçdı. İsmayıl özünü ciddi aparmaq istəyirdi. Amma uşaqlıq özünü göstərdi. Gülə-gülə qaçdı. Anası da onu qovmağa başladı. Amma çata bilmirdi. Onun cəmi-cümlətanı iyirmi səkkiz yaşı vardı. Gözəlliyi cilvələnib qızılgül kimi pardaxlanırdı. Bu yaşda o, al-əlvan geyinməliydi. Amma...

İsmayıl nəsə görüb dayandı. Heyrət içində gözlərini Savalana dikdi. Savalan nəhəng bir göz dağına dönmüşdü. Hər tərəf axşamın bənövşəyi göy rənginə bürünsə də, Savalan od tutub yanır. Günəşi elə bil özündə əks eləyirdi. İndi o, elə bil ikinci bir günəşə dönmüşdü. Zirvəsindəki buzlaqlar daha gözqamaşdırıcı idi, aşağı endikcə o, kürədəki polad rənginə düşürdü. İsmayıl bu mö’cüzə qarşısında mat-məəttəl qalmışdı.

– Ana, Savalan yanır?

– Yanır, bala, yanır. Sən onun üstünə çıxsaydın, gör nə olardı ey. Ona görə ağlıyırdım da.

– Yox, o məni yandırmaz.

– O yüksəkliyə qalxmaq istəyənlərin çoxu yanıb, oğul.

– Məni yandırmaz. Böyüyəndə çıxacam, görüm o niyə belə qırmızıdı.

Anası heyran-heyran oğluna baxdı. Yaxınlaşıb arxadan onu qucaqladı. Oğlunun saçları onun sinəsinə söykəndi, İsmayıl necə də böyümüşdü.

– Ana, Savalan yanırdı, artıq sönür. Mənə de görüm Savalana qədər belə gömgöy görünən o dağlar, dərələr, düzənlər ki, var, ora nədir?

– Ərdəbil mahalı.

– Yox.

– Bəs nədi?

– Vətən!

Ananın sinəsi alışdı. Oğlunu özündən araladı. Soyuq divara söykəndi. Amma döşlərinin arasında istilik gəzirdi. Bayaq oğlunun başını söykədiyi ürəyinə elə bil Savalanın közü düşmüşdü. Əri Heydərin sifətimi toxundu, onun təmasımı keçdi? Bədəni əsirdi, titrəyirdi. Qalanın dişini qucaqladı. Daşın üzü soyuq olar. Amma bu soyuqluq onun sinəsindəki közü söndürmək əvəzinə daha da istilətdi, alovunu külək kimi üfürüb artırdı, kül basmış közlərini qızartdı.

“İsmayıl bu yaşda atasına çəkib. Hələ onun qulağına babasının batin fikirləri pıçıldanmayıb. Atasının işlərindən ona heç kəs danışmayıb. Mən yalvarmışam. Sultanəliyə də, İbrahimə də demişəm ki, oğlanlarım, məni sevirsinizsə İsmayılı mənim əlimdən almayın. İkiniz atanızın yoluyla getsəniz bəsdir. İsmayılımı mənə verin. Sizin yolunuz qandır, qadadır, ölümdür. Mən yazığam, gözümü tikməyə bir qibləgahım olsun. Bu da hələ yeddi yaşı tamam olmamış körpəm”.             

– Ana, bəs niyə biz bu qaladan çıxıb getmirik? Mən o meşələri, qızılgüllü həyətimizi, evimizi görmək istəyirəm.

– Gedərik, oğul, gedərik.

Ülkər qapıda ayaqlarını yerə döyüb kişnəyirdi, az sonra Sultan Yaqubun fərraşları qızılgüllü həyətə doldular. Əbih Sultan saraydan fərmanla gəlmişdi. O, atının yüyənini dartıb saxlayanda Aləmşahbəyim eyvanda idi. Yas paltarı onun ağ sifətini, yaşlı mavi gözlərini, örpəyin altından görünən qızıl saçlarını daha da işıqlı göstərirdi. Əbih Sultan onu görəndə bir müddət danışa bilmədi. Aləmşahbəyim yaslı-yaslı da gözəl idi. İndi o daha duldu. Qardaşı yəqin ki, bundan sonra heç bir hökmdara, şahzadəyə verməz. Onda onun oğlanları taxt-tac davasına qalxmaq üçün imkan taparlar. Özündən çox aşağı bəylərə, əsilzadələrə, saray adamlarına verəcək. Yox, bu gözəldən heç keçmək olmaz. Şeyx Heydərdən qabaq onunla evlənə bilməmişdisə, ondan sonra evlənər.

Aləmşahbəyim səsini qaldırıb onun üstünə qışqırdı.

– Sənə kim icazə verib bu həyətə at üstündə girəsən? Şeyx Heydər yoxdusa da, Uzun Həsənin qızı hələ sağdır.

Əbih Sultan atdan endi.

– Hökmdar fərmanı gətirmişəm.

– O fərmanları çox görmüşük. Rəiyyət qapısına aparmamısan. Çıx həyətdən, fərmanı göndər.

Əbih Sultan atını həyətdən çıxarmalı oldu. Onun adamları evi mühasirəyə almışdı.

Fərmani-hümayunu göndərdi. Aləmşahbəyim onu alıb oxudu. Qardaşı ona başsağlığı verir və onun Təbrizə gəlməsini məsləhət bilirdi. Amma bu məsləhətdə bir hökm də vardı. Yazırdı ki, tə’ziyyə məclisi Nəsriyyə məscidində başlayıb. Şeyxin oğlanlarının və əyalının sarayda olmağı vacibdir.

Bu məktubdan sonra o yumşaldı. Ərinin təziyyə məclisinin Təbrizdə başlaması ona hörmət idi. Heydərdən sonra Ərdəbildə oturmağı da yaxşı düşməzdi. Elə fərman gələn gün o, oğlanlarını da götürüb Təbrizə yola düşdü.

“Səkkiz behişt” sarayında o qardaşı ilə üz-üzə gələndə kövrəldi. Gözləri doldu. Gözləyirdi ki, qardaşı ona başsağlığı verəcək, onun dərdini yüngülləşdirəcək. Amma Sultan Yaqub onun qara libasına kinayə ilə baxdı, gözlərinin dolmağı xoşuna gəlmədi. Qızıl kəmərindən asılan almas qaşlı xəncərini yarıya qədər çəkib təzədən sərt hərəkətlə qınına çırpdı.

– O dərviş övladından ötəri göz yaşı da tökürsən?

Bu sözdən sonra Aləmşahbəyim hər şeyi başa düşdü.

– Qardaş, bu sənin işindi? Heydəri sən öldürtdürmüsən?

– O, öz ölümünə tərəf atını dördnala çapırdı.

– Sən öldürtmüsən?

Sultan Yaqub bacısı ilə ikilikdə danışırdı.

– Sən mənim ana ayrı olsa da, ata bir bacımsan. Ər eldən gələr, övlad beldən gələr, bəs qardaş hardan gələr? Mən onun qanını ala bilərəm.Neçə yüz adam deyirsən boynunu vurdurum. Bütün ölkədə qırx gün tə’ziyyə məclisləri saxlatdırım, matəm e’lan eləyim. Amma qardaşını başa düş. Bu sufi-salik taxtıma göz dikmişdi. Qoşun yığırdı, tə’lim keçirdi. Əfşar, qacar, varsaq tayfalarını mənim üstümə qaldırırdı. Mən gec tərpənsəm, sən bir gün ərinlə mənim matəmimi saxlamaq barəsində danışacaqdın. Onda qardaşını oxşayıb ağlayacaqdın, indi ərinə ağlayırsan.

Aləmşahbəyim taqətdən düşdü. Çin ipəyindən tikilmiş üstü əjdahalı döşəyin üstünə çökdü. Bu, Sultan Yaqubun acığına gəldi.               

– Sən hökmdar qardaşının yanında oturursan?

Aləmşahbəyimin ayaq üstündə dayanmağa taqəti qalmamışdı.             

– Əvvəl məni öldürəydin.

– Sənə mə’lumdur ki, qız olanda ağzına yastıq qoymaq adəti də var. Bundan da heç kim kefini pozmayıb. Mənsə bacımı istəməsəydim, belə açıq-saçıq danışmazdım. Şeyx Səfi nəsli niyə sümüyünü gətirib bizim sümüyümüzə calayıb? Bir fikirləş. Nə üçün? Hökmdara yaxın olmaq, imkan düşən kimi onun başını bədənindən ayırıb, özü taxtı tutmaq üçün.

 

Aləmşahbəyim qardaşını eşidirdi. Amma öz ərini görürdü. Heydərin işıqlı aydın gözləri ona baxıb gülümsəyirdi. O, bu gözlərdə xəyanət axtardı. Tapa bilmədi. Yox, orada məhəbbətdən özgə heç nə yox idi.

Sultan Yaqub deyirdi:         

– Mən tərpənməsəm, o qılıncını mənim boynuma endirə – cəkdi.

O isə ərinin iri əllərini gördü. Sağ əli ilə belindən açdığı qılıncı divardan asdı, sonra bu əl qartal kimi göydə uçdu və onun qızılı, ənbər qoxulu saçlarına endi. Elə sığalladı ki, bu əlin sığalından bir tük də incimədi.

S

ultan Yaqub danışırdı:

– Ərin məni öldürəndən sonra meyitimin üstündə dayanıb deyəcəkdi ki, gəl bacısı, qardaşını cəhənnəmə vasil eləmişəm. Yol saçlarını.

Amma Aləmşahbəyim yenə ərinin dodaqlarını gördü. Həmin dodaqlar onun saçlarından öpdü. Sonra aşağı sürüşdü, arvadının alnını, gözlərini öpüşlərə qərq elədi. Sonra pıçıldadı.

– Gözümün nuru, başımın tacı...

Qardaşı onu inandıra bilmədi. O, qalxdı. Başını qaldırıb düz qardaşının gözlərinin içinə baxdı.

– O, tac hərisi deyildi. Onun başının tacı vardı. Ölübsə də yenə tac onundu.

– Tac? Hanı onun tacı?

– Qarşında dayanıb. Yaxşı bil ki, onun tacı həmişə hündürdü. Heç vaxt ayaq altına düşməyəcək.

Sultan Yaqub ucaboy, gövdəli cavan oğlan idi. Yeriyəndə yer titrəyirdi. Ağılda, tədbirdə olmasa da boy-buxunda atasına çəkmişdi. Bu nəsildə kişilər qüvvətli, qollu-qabırğalı yaranırdı. Sara xatundan başqa isə bütün qızlar zərif, incə, ucaboy idi. Ucaboy, heybətli, qorxunc Sultan Yaqub zərif, gözəl bacısının başı üstündə dayandı.

– Mənim düşmənlərimə tac olan bacım. Bacı kimi gözümün işığısan. Amma sənin nə ərin olub, nə uşaqların.

Aləmşahbəyim yenə aşağı çökdü. Qardaşının ayaqlarını qucaqladı.

– Qardaş, qurbanın olum, çıxar xəncərini, doğra məni. Ancaq uşaqlarıma toxunma.

– Qurd balası qurd olar.

– Bəs mən. Onlar mənim də övladlarımdır. Məni öldür, o körpələrə qıyma. Bu dünyada hökm versən də, o birisi dünyada cavab verməli olacaqsan. Atalarını öldürdün bəs deyilmi? Körpələr sənə nə eləyib? Axı sən onların dayısısan. Atamız Uzun Həsən nə vaxt belə bir qəddarlıq eləmişdi?

Sultan Yaqub ayaqlarını bacısının əllərindən qurtarıb xeyli gəzindi və fikirləşdi: “Onların atalarının qətlinə mən fərman vermişəm. Onlar böyüyəndə atalarının düşmənini axtaracaq. Bacım övladları dayılarına qəddar kəsiləcəklər. Gəlini gərdəkdə, küçüyü... Bəs o dünyada necə? Bacım da düz deyir. Cavab vermək lazım gələcək. İndi istədiyimiz hökmü veririk, onun cavabını fikrimizə də gətirmirik. Onlar hələ körpədi. Qan üstündə qan eləmək də... Qoy hələ yaşasınlar. Bir-bir böyüyüb ərsəyə çatdıqca onları götürmək çətin deyil”.

– Deyirsən atamız qəddar deyildi. Bəs qardaşımız Uğurlu Məhəmmədi niyə asdırdı?

– O düşmənimizə sığınıb atamızın üzünə qabarmışdı. Bu işdə atamızda heç bir günah görmürəm. O, hansı körpəni öldürmüşdü. Yox, qardaş heç atamıza oxşamaq istəmirsən.

– Uşaqlarına toxunmasam, atama oxşayarammı?

– Oxşayarsan. Yalvarıram, mənim balalarımla işin olmasın.

O dayanıb bacısına baxdı. Onların gözləri bir-birinə sataşdı. Qardaşı gözlərini yayındırdı. “Demək günahkar olduğunu başa düşür. Gözlərimin içinə düz baxa bilmədi. Yumşalıb”.

– Bacı, ərinə görə də belə yalvarardınmı?

– Yox.

– Niyə? – Sultan Yaqub bacısının cavabından xoşlanıb qımışdı.

– O kişiydi və istəməzdi ki, onun arvadı ərinə görə doğma qardaşına da yalvarsın. Amma bala şirindi.

– Yaxşı. Sən deyən olsun. Hökmümü dəyişirəm. Nə qədər ki, mən taxtdayam, onlar həbsdə olacaqlar.

Aləmşahbəyimin ümidi artdı, ürəyi arxayınlaşdı.

– Qardaş, onların ən böyüyünün hələ heç on dörd yaşı da yoxdur. Onlardan niyə belə ehtiyat eləyirsən? Əlləri qılınc tutmur.

– On dörd yaş da bu nəslin övladları üçün bəsdir. Böyük, on dörd yaşlı oğlun Sultanəli artıq Şeyxdi. Müridlər hamısı ona biyət eləyir. Bu qorxu deyil? Tək sənin xətrinə zindana gedəcəklər.

– Mən də balalarımla bir yerdə çürüyəcəyəm.

Bir neçə gündən sonra Aləmşahbəyimi də oğlanları ilə bərabər indi salındıqları qalaya gətirdilər.

Artıq dörd il idi ki, həbsdə idilər. Bu qaladan heç yerə çıxmamışdılar. Qalanın qapıları onlara ərzaq gətiriləndə açılırdı. Ən geniş yerləri bürcün üstündəki yol idi, çıxıb gəzirdilər. Tağların arasındakı meydan, su dolu hovuz, bu idi uşaqların dünyası.

Ana-bala bürcün üstündəki yolla gələndə İsmayıl göydə quş səsi eşitdi. Dayanıb əlini gözünün üstünə qoyaraq göyə baxdı. Haça səflə uçan quşlar oxuyurdular.

– Ana, o quşların adı nədi?

– Durnadı, oğlum.

– Onlar uçub hara gedirlər?

– Bağdada.

– Yorulanda hara qonacaqlar?

– Hara xoşlarına gəlsə.

– Qonsunlar da, bura.          

– Qaladan Allah da bezardı, bəndə də. Quşların qanadı var. Hara xoşlarına gəlirsə oraya da uçub gedirlər.

Durnalar uçub getdilər. Gözdən itməmiş səfləri pozuldu. Aramla oxunan durna nəğməsi bir-birinə qarışdı.

– Ana, onlara nə oldu?

– Oğul, kimsə yerdə daş çevirdi. Daşı döndərəndə durnalar yollarını itirir. Azırlar.

– Kim çevirdi daşı?

– Nə bilim, oğul. O qədər daş çevirənlər var. İndi fələyin çərxini çevirirlər. O da olsun durnanın nişan tutduğu daş ola.

İsmayıl canıyananlıqla durnalara baxır, onların səfinin düzəlməsini istəyirdi. Əlacı olsa, o çevrilən daşı düzəldər, durnanın qatarını səfə düzər, dəvə kimi ovsarlarından tutub aparardı. Lap Bağdada kimi. Çox eşitmişdi Bağdad barəsində. Gedib görərdi. Birdən durnaların mahnıları əvvəlki kimi aramla eşidilməyə başladı. Onlar da yollarına davam elədilər.

Hovuz olan meydana düşəndə İsmayıl yenə dayandı. Hovuzdan su axıb tökülür, harayasa axıb gedirdi. O, suyun səsinə qulaq asdı. Ona elə gəldi ki, bu səs durnalardan qalıb. Durna mahnısı qırılanda bir parçası bu bulağa düşüb. O, əllərini suyun altına tutdu. Bumbuz idi. Həm də o durna mahnısı kəsildi. Əlini çəkəndə mahnı yenə eşidildi. Gördü ki, bulaq suyu da durna qatarı kimidi. Səsi, mahnısı qalır, özü isə uçub, axıb gedir. İstədiyi yerə, istədiyi səmtə.

Səkinə onları səslədi:

– Atam-anam, süfrə hazırdı.

– Səkinə xala, nə bişirmisən?



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info