Qonaq Kitabı
BABA UZUN HƏSƏN, NƏNƏ SARA XATUN, ATA HEYDƏR SƏFƏVİ...

Gün qüruba əyilmişdi. Kirs dağının üstünə toplaşan qara buludlar biri-biri ilə vuruşan əjdahalara oxşayırdı. Amma o əjdahalarda güc, taqət qalmamışdı. Tökülən qanları özlərini və səmanı qan rənginə boyamışdı. İndi daha yavaş-yavaş, halsız-halsız biri-birlərinə ağız atır, quyruqlarını, qanadlarını uzadıb çəkir, elə bil can verirdilər. Onların arxasında isə nəhəng bir kürədən çıxan, məcməyiyə oxşayan günəş elə bil bu qanlı döyüşdən qorxub Kirs dağının dalında gizlənib yaxasını qurtarmağa çalışırdı.

Uzun Həsən, Govur arxının yanındakı təpədə, çadırının yanında dayanıb bu “döyüşə” baxırdı. O qədər dərin fikrə getmişdi ki, anası Sara xatunun gəlib onun yanında dayan-masını bilməmişdi.

– Sabah yaxşıca yağış yağacaq, oğlum. Uzun Həsən dönüb dolu əndamlı, boy-buxunlu, yerişindən, duruşundan hökm və hikkə tökülən anasına baxdı. O, zərxaradan tuman geyinmişdi. Belində zümrüd qaşlı qızıl kəmər, əynində qanovuzdan köynək, onun üstündən pərəngli, qollarının ağzı və ətəkləri daş-qaşla bəzənmiş güləçə vardı: Yaylığının altından şah tacına oxşar, ondan ensiz, alnını tutan dingə qoymuşdu. Belinə vurduqu sağ əlinin şana barmaqlarında çoxlu üzük parlayırdı. Biləyində isə almasları bərq vuran bilərzik üfüqün qırmızı işığını əks elətdirirdi.

Uzun Həsən anasının geyinib-bəzənməsinə təəccüb elədi. Son iki ildə onu belə körməmişdi.

– Xeyir ola, ana?

– Xeyirdi, ağrın ürəyimə.

Uzun Həsən başını döndərib yenə də buludlara baxdı. “Əjdahalar” artıq əriyir, bozarır, göyərirdilər. Təpədən aşağıda ordugahın çadırları cərgə ilə düzülmüşdü. Amma bu ordugah ona çox kiçik görünürdü, az görünürdü. Arazın o biri tayında dayanmış Teymurləng nəvəsi Sultan Əbu Səidin qoşunundan çox az idi. Meydan müharibəsinə girsə, uduzardı. Amma bu müharibə olmalı idi. Qaraqoyunlu sultanı Cahan şah Həqiqini məğlub eləyib Ağqoyunlulara ölkənin sultanlıq taxtına yol açdığından iki il keçsə də, hələ də kifayət qədər qüvvə toplayıb təzədən babasının tutduğu yerlərə göz tikən Sultan Əbu Səidə qalib gəlmək iqtidarında deyildi.

Babası Fəxrəddin Qara Yuluk Osman bəy Diyarbəkrdə hök-mranlıq edəndə Teymurləngə sədaqət göstərmiş, İldırımla Teymurun Anqara meydan döyüşündə onun tərəfində olmuşdur. İndi üstündən altmış altı il keçəndən sonra nəvələr düşmən kimi üz-üzə dayanmışlar.

– Ana, deyirsən sabah yağış yağacaq?

– Deyəsən, görmədin gün batanda buludlar necə qaralmışdı.

Neçə vaxt idi ki, Qarabağa yağış düşmürdü. Düzənlərin otu qurumuşdu, heyvanlar, atlar otlamağa bir şey tapmırdı. Anası yağışı yad etməklə oğlunun ürəyinə çökən qara fikirləri dağıtmaq, ona yaz yağışı kimi sərinlik gətirmək istəyirdi.

– Ana, belə bəzənib, geyinmək də yağışa görədi? Ya toy var, mən xəbər tutmamışam?

Sara xatun qürurunu pozmadı.

– Ay oğul, ana sənə qurban, nə qədər ki, sən varsan, mən elə toyda, bayramdayam. Nə oldu, elçilər qayıtdı?

– Qayıtdı.

– Nə deyib?

– Deyib ki, tanımıram Uzun Həsəni. Düşmənəm onunla.

– Ay hay... Fərhad ölüb, külüngünün səsi gəlmir. Mən özüm gedəcəm danışığa. İnanmıram sənin göndərdiyin adamlara.

Uzun Həsən anasına tərəf döndü. Anası nə qədər hündürboy olsa da, oğlunun çiyninə də çatmırdı boyu. Üstü tüklü əlləri anasının əllərindən də xeyli böyük idi. Qızıl dəstəkli əyri qılıncının üstünə qoyduğu sol əlinin adsız barmağındakı almas qaşlı üzük də onun barmaqlarını nəcibləndirə bilməmişdi.

– Mən boyda oğulun anası düşmənlə danışığa getsin?

– Bəs Trabzonda Fateh Sultan Məhəmmədlə niyə danışığa getmişdim?

– Onda qohumlarımız dar ayaqda idi. Rəhmətlik imperator dördüncü İohannın qardaşı Davusu xilas eləmək istəyirdik. Goruna lə’nət. Necə ki, oldu. Əlinə dönüm o Fateh Məhəmmədin, yeddi oğlunun özüylə bərabər başını vurdurdu.

Sara xatun oğluna e’tiraz etdi.

– Hər necə olsa qayınatanın qardaşı, arvadın Dəspinə xatunun əmisiydi.

– Arvadımın əmisi olsa da düşmənim Cahan şahın qayınatasıydı.

Sara xatun dolub hirslənmiş oğlunu sakitləşdirmək üçün dedi:

– Onu Fateh Məhəmməd öldürdü, yeznəsini də sən. Keçi öldü, qoturluğu kəsildi. İndi mən Sultan Əbu Səidin yanına gedəcəm. Mənim sözümü yerə salmaz. Yerə salsa da vaxt qazanarıq.

Anasının təklifi oğlunun ağlına batdı. Vaxt qazanmaq. İndi bu vaxt ona hər şeydən irəli idi.

– Hazırlaş, sabah gedirsən. Kimi özünlə götürəcəksən?

– Şeyx Heydəri, sonrasına da baxarıq.

Hava qaralmışdı. Amma göy üzü hələ də açıq idi. Havada uçuşan gecə quşları görünürdü. Uzun Həsən dönüb çadırına girdi. Çadır alaçıq şəklində dəyirmi qurulmuşdu, çox böyük idi. Baş tərəfdə taxt qoyulmuş, çubuqlardan hörülüb üstünə keçə çəkilmiş divarın dibinə döşəkçələr düzülmüşdü. O, başını əyib içəri girsə də alaçığın qapısından asılan örtüyü salmamışdı. Şamların zəif işığı qapıda dayanan iki keşikçidən birinin sağ qoluna geydiyi qalxanın üstünə düşmüşdü. O birisinin silueti isə havanın fonunda aydın seçilirdi.

– Şeyx Heydəri yanıma çağırın.

Xidmətçilər Şeyx Heydərin dalınca gedəndə Sara xatun yanaşı qurulmuş üç çadırdan hansına girəcəyini fikirləşdi. Bu alaçıqlar gəlinlərinin çadırları idi. Birində Canbəyim xatun, ortadakı alaçıqda Səlcuqşahbəyim, üçüncüdə isə Dəspinə xatun yaşayırdı. Böyük gəlinin yanına getmədi. O, hərəmxananın böyük xatunu, şahzadə Uğurlu Məhəmmədin anası idi. Səlcuqşahbəyim xatun isə oğluna iki oğlan doğmuşdu. Sultan Xəlil və Sultan Yaqubu. Üçüncü gəlin Trabzon imperatorları olan Komnenoslardan IV İohannın qızı Feodara idi ki, bu ocağa gəlin gələndə adını dəyişib Dəspinə xatun qoymuşdular.

Sara xatun bir an ayaq saxladı.

“Dəspinə tərsa qızıdır. Onun yanına birinci getməyim yaxşı olar. Özü də qız anasıdır. Bu dünyaya e’tibar yoxdur, bilmək olmaz”.

Sara xatun alaçığa girəndə onu lətif bir ətir iyi vurdu. Yox, bu Şiraz ətri deyildi. Görünür onun Trabzondan qızlıq vaxtı gətirdiyi ətirlərdən idi. Bu axşam saçlarını onunla sirab eləyib ərini gözləyirdi. Amma qayınanasını gördü. Zəriflikdə, qızılı saçlarda, mavi gözlərdə özünə oxşayan qızı Aləmşahbəyimin başını dizinin üstündən götürdü və ayağa qalxdı. Aləmşahbəyim də ayağa durdu və irəli yeriyib nənəsinin əlindən öpdü. Nənəsi də onun alnından öpəndən sonra Bizans ipəyindən tikilmiş pərdənin arxasına keçdi. Sara xatun dayanıb Dəspinə xatuna baxdı. O, başdan ayağa ağ geyimdə idi. Döşləri səmərqənd kağızı kimi ağ tülün altından qızıl gül qönçələri kimi irəli çıxmışdı. Əyninə kip, Bizans üsulunda tikilən donu beldən nazilir, sonra yanlara qalxıb qövs cızaraq aşağıya xalçanın üstünə enirdi. Qulağının üstündən almaslar parıldaşan telbasanla qızılı saçlarını yığmış, o saçların bir hörüyü çiynindən sallanıb budlarına qədər uzanmışdı.

– Sara xatun heyranlıqla ona baxırdı.

– Allah təala sənin bu gözəlliyini mənim oğluma çox görməsin.

– Sağ ol, ana.

Sara xatun o birisi gəlinlər kimi Dəspinə xatunun onun əlindən öpməsinə icazə vermirdi. Bilirdi ki, o imperator qızıdır. O, heç kimə əyilməz. Özü də onu əymək istəməmişdi. Yaxınlaşıb onun da alnından öpdü. Yumşaq, ipək üzlü pərqu döşəkçənin üstündə oturdu.

– Əyləş, qızım. – dedi. Amma onun gözəlliyinə hələ də heyran-heyran baxmaqda idi. “O birisi gəlinlər oğlumdan narazı qalarlar da. Belə gözəldən kim ayrılar.”

Dəspinə xatun da oturdu.   

– Sən imperator qızısan. İndi də olursan imperator zövcəsi. Amma qızım, hökmdar zövcəsi gərək hər bəd xəbərə dözümlü olsun.

– Nə olub?

– Heç nə olmayıb. Ola bilər.

– Nə?

– Biz həqiqətin gözünə dik baxmalıyıq. Sirr həmişə bizdə olmalıdır. Onu özgələri bilməyə də bilər. Taleyin hökmü sabah oxunacaq. Ya biz olacayıq, ya da... Teymur nəvəsi Sultan Əbu Səid ərini ölüm-dirimə çağırır. Allah kimə verə, verə. Güc onun tərəfindədir. Sabah oğlum döyüşdə uduzsa biz hamımız əsir oluruq.

– Yox, ana, mən əsir olan deyiləm.

– Sağ ol, qızım. Çingizlə Xərəzmşah Sultan Cəlaləddin vuruşanda, Cəlaləddin bundan da ağır bir gündəydi. Qarşısında Çingiz ordusu, arxasında da Hind çayının sıldırım sahilləri. Hərəmləri ələ düşməsin deyə hamısını özü çaya atdı. Özü da atla tullandı. Özünün əcəli çatmayıbmış, at üzüb çıxdı. Hərəmləri suya qərq oldu. Bura Qarabağdı, Hərami düzüdür. Burada çay Arazdı, o da bir az aralıdı.

Sara xatun barmağından bir üzük çıxarıb Dəspinə xatuna verdi.

– Qapı açılır. Görsək ki, düşmən güc gəlir, onda bu qaşın içindəki süleymaniyyə zəhəri köməyimizə çatar. Ölüm haqdı. Döyüşdə ər ölürsə, o qəhrəmandı. Arvadı da onunla bərabər ölürsə, o da namus qəhrəmanıdır.

Dəspinə xatun üzüyü aldı, qaşına baxdı.

– Ana, bu üzükləri çoxdan saxlayırsan?

– Çoxdan. Fateh Sultan Məhəmmədlə danışığa gedəndə də biri barmağımdaydı. Gəlinlərim artdıqca da düzəltdirmişəm.

– Gecən xeyrə qalsın, qızım. Deyir axşamın xeyrindən səhərin şəri yaxşıdır.

Sara xatun əlini yerə dayaq verib qalxana qədər çinar boylu Dəspinə xatun ayaq üstündə idi. Sara xatun əllərini göyə qaldırdı.               

– Ey bu axşamın sahibi, oğlumu sənə tapşırıram. Sən onun ağlını qılıncı, qılıncını ağlı kimi iti, baxtını atı kimi yüyrək, taleyini göylər çırağı kimi işıqlı elə.

– Amin, - deyə Dəspinə xatun ona səs verdi. Amma bu “amin“də” duadakından daha böyük bir kədər, yalvarış və titrəyiş vardı.

Uzun Həsən anasının “Şeyx Heydərlə gedəcəyəm” deməyinin mə’nasını tez almışdı. O, xəbər tutmuşdu ki, Sultan Əbu Səid babası Teymur kimi Ərdəbildəki Şeyx Səfiyyəddin pirində ziyarət etmiş, oraya böyük nəzir-niyaz vermişdi. Hazırda həmin pirin şeyxi Şeyx Heydərdi. Heydərin atası Cüneyd də onların kürəkəni idi. Uzun Həsənin bacısı Xədicə Bəyimlə evlənmiş, onlardan Heydər dünyaya gəlmişdi. Cüneydi Şirvanşahlar öldürəndən sonra Heydəri dayısı Uzun Həsən böyütmüşdü.

Alaçığa ruhanilər kimi uzun əba geyib başına ağ çalma qoymuş Şeyx Heydər girdi. Dayısına tə’zim eləyib:

– Cəddim Museyi Kazım köməyində dursun, dayı, – dedi. – Sizin çağırışınızla gəlmişəm, dediyinizə müntəzirəm.

Heydər o zaman on dörd, on beş yaşında olardı, ya olmazdı. Bu ağsifət, zərif oğlan kamil təhsil almışdı. Dayısının əməl etdiyi sünni-hənəfi təriqətinin bütün incəliklərini öyrənsə də atası Cüneydin üzünü görməsə belə onun yolu ilə getmiş, şiəliyi, səfəvilərin batin elmini də öyrənmişdi.

– Gəl otur.

O, dayısının göstərdiyi yerdə bardaş qurub oturdu. İri ağıllı gözlərini dayısına dikdi.

– Eşidirəm.

– Məsələdən yəqin ki, xəbərdarsan?!               

– Bəli.

– İndi bizə vaxt qazanmaq, Sultan Əbu Səidə nə vasitə ilə olur-olsun tə’sir köstərmək lazımdır. Sabah tezdən, Allah qoysa sübh namazından sonra nənən Sara xatunla Əbu Səidin ordugahına gedirsən. Sənin getməyin çox vacibdi. Əmir Teymur sizin ocağa bağlı olub. Əbu Səid sənə e’tinasızlıq göstərə bilməz. Ortada sülh yaratmaq vacibdir. Elə bilmə ki, dayın qorxur. Yox, bir gün yaranan, bir gün ölməlidir. Nuha, Süleymana, İldırıma, Teymura qalmayan dünya bizə də qalmayacaq. Ağılsızlıq ucundan ölənlər bu saydıqlarımın heç biri olmur. Biz Sultandan gücsüzük. Ondan bir qışı Qarabağda qalmağa rüsxət alsaq, Allah qoysa yazda qoşun toplayıb öhdəsindən gələrik. Elə belə də deyərsiniz. Deyərsiniz, qışı Qarabağda qalaq, yazda köçüb ata-baba yurdumuz Diyarbəkrə, Amidə gedərik. İndi tərpənsək, yolda mal-heyvanımız qırılar. Fikrim sənə aydın oldu, bacıoğlu?

– Bəli, gün kimi, hələ bir çox mətləblər var ki, onları da mən əşyayi-sübut kimi gətirib Sultanın fikrini döndərməyə çalışaram, inşallah.

Onlar söhbət elədikləri müddətdə Sara xatun böyük hərəm Canbəyim xatuna da üzüyü verib Səlcuqəşahbəyim xatunun çadırına girmişdi.

Səlcuqəşahbəyim xatun uzanıb yorğanı da başına çəkmişdi. Sara xatun gələndə kəniz onu oyatdı. O, qalxdı, saçları pırtlaşmışdı, çox yatdığından gözlərinin altı da şişmişdi.

“Ya oğlanlarına arxayındı, ya da oğlumdan əlini üzüb, onu gözləmir. Axşamnan yatıb heç nədən də xəbəri yoxdur”

Səlcuqəşahbəyim iri döşləri, ətli əndamı, ağbəniz çöhrəsi olan gəlin idi. Amma Sara xatun onu həmişə qaraqabaq görərdi. İndi də onunla heç bir zarafat eləmədi, xoş söz demədi.

Səlcuqəşahbəyim qalxıb gecə köynəyində qayınanasına yaxınlaşdı, onun əlindən öpdü. O, oturandan sonra özü də oturdu. Sara xatun dinməmiş özü başladı:

– Ana, bir şirin yuxu görürdüm. Görürdüm ki, göydə Günəşlə Ay yaxınlaşıb, bunlardan biri oğlum Xəlilə, o birisi Yaquba oxşayır. Bir də görmüşəm ki, rəmmal gəlib, buna rəml atdırıram. Deyir o Günəş ki var, tacdı...

Sara xatun əlini dodaqlarına qoydu.

– Sus! Hələ bu ölkənin günəşi batmayıb ki, burnu selikli oğlunun başına tac qoyasan.

– Mən elə demədim, yuxumu danışdım. Ay ana, vaxt keçəcək, ay keçib illər ötəcək, qərinə dəyişəcək, biz hamımız gedəcəyik, Allah eləməsin sahibimizin başından bir tük əskik olsun. Olur da, yə’ni mənim bu gül balalarımın başına...

– Ayıbdı, Səlcuqəşahbəyim. Mənim oğlumun düşməni elə onun evinin içindəymiş ki. Al bu üzüyü, qaşında zəhər var.

– Mənə zəhər verirsən? Bir səhvdi elədim, ağlım kəsmədi. Səlcuqəşahbəyim Sara xatuna tərəf dizin-dizin süründü.

– Sal, barmağında saxla, mən içəndə sən də içəcəksən.

Sara xatun hirslə dönüb ağır-ağır alaçıqdan çıxdı.

Torağaylar millənib göyün üzündə oxuyurdular. At belində oturan Sara xatun başını qaldırıb baxdısa da, onu görə bilmədi. Onunla yanaşı at sürən Şeyx Heydərə döndü:

– Bu torağay oxumağı xeyirliyədi, ya ziyanadır?

– Xeyirliyə olar, nənə.

Hava işıqlaşar-işıqlaşmaz yola düşmüşdülər. Qaradonlu yanında Arazı bərəylə keçmiş, Əbu Səidin Qızıltəpə yanında dayanan ordugahına yan almışdılar. Bir az da gedəndən sonra Əbu Səid döyüşçüləri onların qarşısına çıxdı.

– Kimsiniz, hara gedirsiniz?

– Elçiyik. Sultanın yanına gedirik.

Sara xatun qara çin xarasından çarşaf örtmüşdü. O, belə səfərə çıxanda mütləq çadra örtərdi. Özgə vaxt çadra nə olduğunu bilməzdi.

– Bu zənən xaylağı da elçidir? – Dəstə başçısının ki-nayəsinə Şeyx Heydər cavab verdi:

– O zənən Uzun Həsənin anasıdır. Ona baş əyməlisən, ağayi başçı.

Başçı əlini döşünə basıb tə’zim elədi. Sonra da başını qaldırıb qadına baxdı. Sara xatun barəsində çox eşitmişdi. Onunla Fateh Sultan Məhəmmədin danışıqlarından da xəbəri vardı. İndi elə bil çadralı qadına yox, atlı, çadralı, yanındakı çalmalı gənclə bərabər göydən enən məleykəyə baxırdı.

Sara xatunun da, Şeyx Heydərin də atları dayanmışdı. Çünki onların qabağını beş nəfərlik bir dəstə kəsmişdi. Hamısı da quruyub qalmışdı. Nə edəcəklərini bilmirdilər.

Sara xatun sifətini açıb onlara baxdı və dedi:

– Kişi qadının yolunu kəsməz. Mən Sultanla danışığa gedən hökmdar anasıyam.

Onlar tez yoldan çəkildilər və onları müşayiət eləməyə başladılar.

Uzaqdan Qızıltəpə görünəndə başçı onlardan yavaş-yavaş gəlməyi rica edib özü atını ordugaha çapdı.

Qızıltəpə ətrafı su dolu çuxurla əhatə olunmuş bir hündür, bir də alçaq təpədən ibarət idi ki, monqollar bu kiçik qalanı dağıdıb yerlə yeksan etmişdilər. Təpənin üstündə keşikçilər qaralırdı. Amma ordugah aşağıda salınmışdı və göz işlədikcə çadırlar düzülmüşdü. At kişnərtisi düzləri başına götürmüşdü. Hardansa qalxana dəyən qılınc səsi gəlirdi. Görünür məşq keçirdilər. Sara xatun görürdü ki, sultanın qoşunu oğlununkundan xeyli çoxdur.

Bir dəstə atlı ordugahdan çıxıb onlara tərəf çapırdı.

Yolun sağında onlardan az aralıda iri, nəhəng Hindistan fili dayanıb xortumunu yellədir, at kimi elə bil milçəyini qovurdu.

– Fili görürsənmi, ay nənə?

– Görmüşəm, ay bala. Teymur Anqaraya bunlardan düz otuz səkizini gətiribmiş. Rəhmətlik anam danışardı. Mən fili sonralar gördüm.

– İndi də Əbu Səid bizim üstümüzə fillə gəlib.

– Özünü qorxuzma. Allah kərimdi.

Dəstə çatdı, onları salamladılar. Özləri atdan düşdülər. Hökmdar sarayına bir ox mənzili qalmış atdan düşüb piyada getmək adət idi. Şeyx Heydər atdan düşüb nənəsinə də kömək eləmək istədi, amma geyim-kecimindən, bəzək-düzəyindən sarayın böyük adamına oxşayan razı olmadı.

– Sara xatun atdan düşməyəcək.

Sara xatunun atının yüyənindən tutub Sultan çadırının yanına qədər apardılar. Orada üzəngini basdılar, bu yaşlı, kök qadın çox yüngüllüklə atdan düşdü, çadrasını düzəltdi, bayaqkı adama baxdı.

– Buyurun, Sultan səni elə indi qəbul eləyir.

Ə’yan onlardan əvvəl çadıra girib diz çöküb tə’zim elədi, torpağı öpəndən sonra başını qaldırıb Sara xatunun gəldiyini xəbər verdi.

– Buyursun. Kişilər qorxularından gizlənib, arvadları qabağa veriblər... Bu sözü yavaş dedi ki, eşitməsinlər

Əyan qayıdıb onları içəri çağırdı. Şeyx Heydərə tapşırdı ki, əyilib torpağı öpsün. Heydər ona narazılıqla baxdı. Ə’yan bu baxışı gördü.

– Mən deyənə bax.

Heydər dinmədi.

Sara xatun başını əyib çadıra girdi. Bu çadır onun oğlunun alaçığına oxşayırdı. Dirəkləri də, tənəflərinin mıxları da qızıldan idi. Bu ağ çadırın çöldən görünən qübbəsi də məscid günbəzi kimi qızıldan idi. İçəri də çox zəngin idi. Sultanın səfər taxtına iki göz lazım idi tamaşa eləsin. Sultan Əbu Səid özü sadə geyinmişdi. Amma belə deyilmiş. O, altdan zireh qurşamış, üstündən xələt geymişdi. Xələti zirehin üstündən geyirdilər ki, günəş zirehi qızdırıb yayın istisində yeddi-səkkiz saatlıq vuruşmada onlara əziyyət verməsin.

Sara xatun çadırın ağzında dayanmışdı. Sultanın əynində zirehi görəndə azacıq başı gicəldi, sonra da yüngülcə ağrı başladı. Demək o artıq döyüşə hazırdır. Şəxsən özü qılınc çalmağa hazırdır. Amma yox, bu təkbətək onun oğlu Uzun Həsənlə döyüşsə çox dözə bilməz. Bunun qoşunu və var-dövləti çoxdur. Çox olar da! Teymur Hindistanın almasına, lə’l-cəvahiratına, qızılına, Osmanlıların neçə yüz il yığdıqları xəzinəsinə sahib olmadımı?

Sultan Əbu Səid Sara xatunun çadırın ağzında dayandığını görüb ixtiyarsız yerindən qalxdı. Yavaş-yavaş ona tərəf gəlməyə başladı. Sara xatun möhtəşəm qadın və ana heykəli kimi dayanmışdı. Örpəyinin altından çıxmış ağ birçəkləri onu daha da nuraniləşdirmişdir. Sultan Əbu Səid ilk dəfə qadın elçi ilə üz-üzə dayanmışdı. Nə edəcəyini bilmirdi. Kişi elçilər onun təbəələri kimi əyilib yeri, yaxud onun ətəyini öpməliydi. Bu isə qadındır, anadır...

– Xoş gəlmisən. Məni bir sirdən hali elə. Fateh Sultan Məhəmməd səni necə qarşılamışdı?

– Necə lazımdı. Anası kimi əlimdən öpdü. Özümə də “ana” dedi.           

Sultan Əbu Səid Fateh Sultan Məhəmmədi kiçildən söz demək istədi. Amma sözlərini uddu.

– Xatunların elçi getməyi sizinlə başlayıb. O necə qarşılayıbsa biz də elə etməliyik. Çünki adət artıq yaranıb. O, Sara xatunun əlindən öpdü.

– Buyur əyləş, ana...



 
[1] [2] [3] [4] [5] [6] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info