Qonaq Kitabı
PETROVSKİ - TEYMURXANŞURA

Petrovskidə paraxodumuzu qızıl bayraqla qarşıladılar. Bizdə də qızıl bayraqlar var idi. Bütün şəhər körpüdə idi. Molla Zeynalabdin Səfərov bizimlə Həştərxandan tanış idi. Petrovskidə ticarət edirdi. Bolşeviklərin bir çoxunu mənzilində qonaq saxladı. Petrovskiyə Bakıdan da yoldaşlar gəlmişdi. Hümmət təşkilatının Kommunist təşkilatı ilə əvəz edilməsi məsələsi burada həll olundu. 4 gündən sonra Teymurxanşuraya getmək qərarı çıxarıldı. Biz hamımız Teymurxanşuraya köçdük. Səfərov mənə kağız verib Hacı Ələsgərin evində mənzil etməyimizi tapşırmışdı. Düz-doğru onun evinə gəldik. Orada bir otaqda yerləşdik. Mənə bir neçə vəzifə tapşırmışdılar. Mən əvvəlcə orada olan mətbəələri götürməyə başlamışdım. Məhəmməd Mirzə Mavriyevin mətbəəsi böyük mətbəə idi. Böyük kitab anbarları var idi. Kitablar tamamilə Quran və dua kitablarından ibarət idi. Bir yəhudinin də kiçik mətbəəsi var idi. Onu da götürüb birləşdirdim. Teymurxanşurada daşpoliqraf təşkil etdim. Bundan əlavə ölkə komitəsi məni “Qırmızı Dağıstan” qəzetinin məsul müdiri də təyin etdi. Qəzet üçün bina tapdım. Başqa şeylərini hazırladım. Qəzetin başlığını da düzəltdirdim. Aprelin 29-da Teymurxanşura küçələrində dalğalanan qızıl bayraqlar Bakının alınmasını xəbər verdi. Mən inqilab komitəsinə gəldim. Bakıya gəlmək üçün icazə istədim. Samorski məni buraxmaq istəmirdi. Lakin Cəlal Qorxmazov:

-  İndi ki, bizimlə birlikdə çalışmaq istəmir, qoyun getsin. Ora da, bura da birdir, - dedi və yol müsafiri buraxılmasına əmr etdi. Vaqonun hərəkətinə yarım saat qalırdı. Evə gəldim. Yoldaşım nahara plov bişirmişdi. Qazançanı karzinkaya qoyub vaqona gətirdim.

May ayının 2-də yoldaşımı Bakı stansiyasında şeylərin yanında qoyub mənzil hazırlamaq üçün şəhəri dolaşdım. Vahabovun evlərində iki otaqdan ibarət mənzil tapdım. O günlər “Əxbar” qəzeti çıxırdı. Mən Bakıya gələndən iki gün sonra həmin qəzetə müdir müavini təyin olundum.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info