Qonaq Kitabı
HƏŞTƏRXANDA

Həştərxan körpüsündə müsafirləri çox şiddətli bir surətdə axtarırdılar. Meşokçuları bir yerə yığmışdılar. Mənim də meşokumda yarım pud un olduğundan, meşokçular arasına düşmüşdüm. Axtardılar. Bizim unu da alıb bir tərəfə qoydular. Sonra çamadanı açıb gözdən keçirdilər. Əlyazmaları və vizit vərəqəmi götürüb baxdılar. Baxanların çoxu matroslar idi. İçərilərində tatarlar da var idi. Şeirlərimi oxudular, rus matroslarına qandırdılar. Məni çox ehtiramla buraxdılar. Mən yoldaşımı şeylərlə bərabər körpüdə qoyub müsəlman məscidinin yanına gəldim. Orada Ordubad mahalının Ustupu kəndlisi Pirquluya rast gəldim. O, hökumət dükanında çörək satırdı. Yüz qram ağırlığında çörək kəsib bağışladı. Zaqafqaziya işlərinə baxan komissarlığı mənə göstərdi. Oradan adam götürüb körpüyə yollandıq. Şeylərimizi yığışdırıb Molla Zeynalabdin Səfərovun mülkündə bir otağa gəldik. Olduğum otaq mənim səmimi dostum Hidayət bəy Əminbəylinin idi. O, həmin otağı mənim üçün hazırlamışdı. Həştərxana gedəcəyimi bilirdi. Lakin 1919-cu ilin mart ayının 12-də Həştərxanda ağların üsyanı başlarkən Hidayət bəy öldürüldüyündən onunla görüşmək mənə mümkün olmadı. Həştərxanda Hidayət bəyin yaşadığı Ağababaski küçəsinin adını Əminbəyli küçəsi qoydular və məscid həyətində dəfn edilən bu səmimi yoldaş üçün böyük bir abidə ucaltdılar. Abidənin üzərində 20 sətirlik şeiri də mən yazmışdım.

Mən ikinci gün “Hümmət” qəzetində işə başladımsa da, çox davam etdirə bilmədim. Ağır surətdə xəstələndim. Yoldaşım da tif ilə yatdı. Müalicə üçün Nərimanov gəlirdi. Nərimanov may aylarında Moskvaya çağırıldığından “Hümmət” qəzetinin müdir müavini vəzifəsini mən aparırdım. Eyni zamanda qaçqınların vəsiqə işlərini də mənə tapşırmışdılar.

Mən Həştərxana gəldikdən bir neçə gün sonra Bünyad Sərdarov və bir çox başqaları türkmən balıqçı gəmisində Zaqafqaziya səfərinə hazırlanırdı. Mən Sərdarov ilə Saritsında tanış olmuşdum. Əlicabbar İsmayılov, Bünyad Sərdarov əvvəlcə Saritsına gəlmişdilər. O vaxt Stalin də Saritsında idi. O, vaqonda yaşayırdı. Stalin onların Zaqafqaziyada işləməklərini və Bakı proletariatına rəhbərlik göstərməklərini tapşırmışdı.

Mən Həştərxanda bir neçə həftə qaldıqdan sonra “Hümmət” qəzetinin məsul müdiri təyin olundum. Mən Həştərxana gəldiyimin 10-cu günü Ağabababski küçəsində Məşədi bəy Əzizbəyovun adına təntənəli bir qiraətxana və kitabxana açıldı. Burada Nəriman Nərimanov danışdı.

Həştərxanda qış çox soyuq keçdi. Şəhər odundan korluq çəkirdi. Şəhərdə həddindən artıq taxta və şalban var idi. Bunları Bakıya vermək və əvəzinə neft almaq üçün Həştərxana toplamışdılar. Müsavat hökuməti neft verməyə razı olmadığından, Kirovun əmri ilə taxtalar odun əvəzinə əhaliyə paylanırdı. Ağ neft yox idi. Köhnə barjları əski ilə silib qablara sıxırdılar. Mən ayda 5 girvənkə neft alırdım. Bu ən qiymətli bir şey hesab olunurdu. Nefti mənə müntəzəm surətdə verirdilər. Biz gecələr gizli fəaliyyətə gedənlər üçün pasportlar hazırlayırdıq.

Baharın ilk günlərində Dağıstanın Qızıl Ordu tərəfindən alındığı xəbəri Həştərxan bolşevikləri arasında ruh yüksəkliyinə səbəb oldu. Biz Petrovskiyə getmək əmrini aldıq. Paraxodumuzu hərbi gəmilər müşayiət edirdi. Çünki düşmən gəmiləri hələ Kaspi dənizində idi. Dənizdə çox böyük fırtına var idi. Kaspi paraxodu 51 nəfər matrosla çeçen qabağında qərq olmuşdu. Bunun üçün də biz Reyddə 3 gün məəttəl olduq.

***

Mən “Hümmət” qəzetində işlədiyim zaman Saritsından Bakıda çıxan “Hümmət” qəzetinə göndərdiyim “Bolşevizm və aləmi-islam” sərlövhəli məqalələrimi tamamladım. Bu məqaləl6əri bir kitab şəklinə saldım. Əsəri 15 min nüsxə çap etdirib XI orduda olan tatar əsgərləri arasında payladıq. “Hümmət” ordu qəzeti olsa da, yerli müsəlmanlar, xüsusən iranlılar onunla çox maraqlanırdı. Buna görə də yerli həyata və beynəlmiləl məsələlərə xüsusi sütunlar ayırmışdıq. İranlıların həyatından da ara-sıra məqalələr və şeirlər buraxırdıq. Bu şeirimi “Hümmət”də yazmışdım:

 

Bir qəm sarayı möhnət imiş taxtigahi-Cəm.

Hər əski uyqusunda durur kişvəri-Əcəm.

Dövri-bərində parlar ikən nuri-inqilab,

Açmaz gözün, gözündə tülu qılsa afitab.

Məzlum əcəm, yanar ürəyim qəmli halına,

Mən ağlaram, sən ağlamayırsan zavalına.

Bir ingilis əsirisən, ey əski məmləkət,

Qəmli sükutuna de görüm, varmı bir cəhət?

İranlılar, qalırsa gər əski sifatınız,

Bir inqilab əlindədi qəti nicatınız!

Qorxma, batar o qəhr ilə düşmən siyasəti,

Hərbi-qiyamə başlasa İran cəmaəti.

Sanma böyükdü düşməniniz, iqtidarı var,

Bir səmtə daim əsməyəcəkdir bu ruzigar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info