Qonaq Kitabı
SARİTSINDA

Biz Saritsın həbsxanasına axşam saat 6-da yetişdik. Soyundurub, o ki lazımdır, axtardılar. Sonra şeylərimizi yığışdırmağı əmr etdilər. Şeyləri sürətlə topladıq. Uzun dəhlizdə nizama durduq. 90 nəfər idik. Qaravul soldatlar bizi sayıb təhvil götürdülər. Bir saatdan sonra polis müdirinin idarəsində idik. Bütün bu 90 nəfər məhbusu 20 adam yerləşə biləcək qaranlıq bir odaya doldurdular. Orada iki saata qədər qaldıq. Susuzluqdan həlak dərəcəsinə gəlmişdik. Hava yox idi. İki saata qədər biri digəri üzərində qaldıq. Havanın soyuqluğuna baxmayaraq, tərləməyən adam yox idi. Qapını açdılar. Birər-birər çağırdılar. Hamı qurtardı. Yalnız mən qalmışdım. Qapının bağlanmağı məni heyrətə saldı. Əcəba, məni buraxmayacaqlarmı? Qapını şiddətli bir surətdə vurdum. Qaradavoy gəldi. Yoldaşım Şirəlini çağırmasını rica etdim. İki dəqiqədən sonra Şirəli gəldi. Məni içəridə görüb polis müdirinin yanına qayıtdı. Onun nə danışdığını bilmədim. On dəqiqədən sonra bir qaradavoy gəlib məni polis müdirinin kabinetinə apardı. Polis müdiri əlində böyük bir açarı oynadaraq, odanı o tərəf-bu tərəfə dolaşırdı. Bir neçə dəqiqə o mənə heç də əhəmiyyət vermədi. Axırda qarşımda durub aktyor kimi istehza ilə güldü:

-  Səni geri qaytarıram. Sənsiz də burada hökumət xainləri həddindən artıqdır.

Mən ona cavab vermədim. Qoca bir çinovnik başını qaldırıb üzümə baxdı, düşündü. Sonra polis müdirinə dönərək dedi:

-  Zənnimcə, bunu geri qaytarmış olsanız, yollarda məhv olacaqdır. Zəifdir, xəstələnmişdir. Yaxşısı budur ki, 4- cü rayon pristavının sərəncamına göndərəsiniz. Orada birtəhər yaşasın.

Polis müdiri bir az fikirləşdi:

-  Yaz göndər! - dedi. Yenə də evi dolaşmağa başladı.

Azdan sonra döndü və çinovnikə dedi:

-  Qardaşı göndərdiyi 25 manat paranı da pristavın sərəncamına göndərin. Orada özünə tapşırsınlar.

Lazımi kağızları yazdılar. İki nəfər qaradavoya tapşırdılar. Mən də, Şirəli də bayıra çıxdıq. Yağış çox şiddətlə yağırdı və alt köynəyimizə qədər islatmışdı. Qaradavoyların üstündə yağmurluq olduğundan çox yavaş-yavaş gedirdilər. Gecə saat 12-də 4-cü rayon pristavının idarəsinə yetişdik. Növbətçi müavin Şapoşnikov adlarımızı yazdı, 25 manatı qaradavoylardan qəbul edib cibinə qoydu və “Gedin” - deyə bizə müraciət etdi.

- Hara gedək? Gecə saat 1-dir. Yağış da yağır. Heç bir yeri tanımırıq. Cibimizdə paramız da yoxdur. Heç olmasa, bizim 25 manatı verin!

- Gərək pristav versin. Mənim verməyə ixtiyarım yoxdur, - deyib növbətçi bizi rədd etdi.

Burada qaradavoyların yanında qalmağa icazə verin, - deyə rica etdikdə adi polis söyüşü ilə bizi söydü. Əlacımız hər yerdən kəsildi. Növbətçi müavinə yanaşdı. Qulağına dedim:

- 8 manat verin, yarın 10 manat götürün! - dedikdə o, qollarını və çiyinlərini çəkərək cavab verdi:

- Nə etməli, sizi məəttəl qoya bilmərəm. 10 manata qəbz yaz ver!

Qəbzi yazıb səkkiz manat aldım. Biz bayıra çıxanda kimsə görünmürdü. Küçələrdən sel gedirdi. Axırıncı tramvaylar sürətlə yüyürüb parka tələsirdi. Yaxında olan mehmanxanaların qapısını açıb içəri girdikdə hamısından bizi rədd etdilər. Çünki adama oxşamırdıq; islanmışdıq, tük basmışdı. Yoldaşım Şirəlinin yekə papağı ilə uzun çuxası da qovulmağımızın birinci səbəbi idi. Hələ şeylərimizi kəsif bır meşoka yığıb dalımıza atmağımız da mehmanxanaya yaraşacaq bir adam olmadığımızı uzaqdan göstərirdi. Küçədə bir qədər durub düşündük. Mən yenə də pristav idarəsinə qayıtmağı məsləhət gördüm. Çünki oradan uzaqlaşdıqca tamamilə şaşırıb küçələrdə qalacaq idik. Polis idarəsinə qayıtdıq. Orada qaradavoy durmuşdu. Mən ona yaxınlaşdım:

- İndi bizi buradan buraxdılar. Sən bunu gördün ki? - deyə soruşdu.

Qaradavoy acıqlandı:

-  Mən sənin nökərin deyiləm ki, “Sən” deyə çağırırsan? - dedikdə mən səhvimi anladım.

-  Əfv edin. Siz bizim buradan çıxmağımızı gördünüz ki?

- Əvət, gördüm. Nə olsun?

- Bizi mehmanxnaya buraxmırlar. Burada da səhər etməyə qoymurlar.

- İndi mən nə edim ki?

- Siz bir iş görməlisiniz. Sizə bir manat para verəcəyəm. Bizi aparıb mehmanxanaların birinə düzəldəcəksiniz. Mümkündürmü?

O, bir az düşündü sonra:

-  Nə etməli? Qərib adamsınız. Yardım verməliyik, - dedi.

Bunu dedikdən sonra qabağımıza düşdü. Düz-doğru Kazakov otelinə gəlib qapını vurdu. Otel sahibini çağırdı. Qaradavoyun bizi orada nə cürə yerləşdirəcəyini təsəvvürə gətirə bilmirdim. O, sözə başladı:

-  Pristav əmr edir ki, bu iki nəfərə mehmanxanada yer versinlər. Pasportları oradadır. Yarın özlərinə veriləcəkdir.

Mehmanxana sahibi:

-  Etirazım yoxdur, - deyə bir nəfər işçi çağırdı. 41-ci otağı bizim üçün açmasını əmr etdi. Qaradovoyla vidalaşdıqda 1 manatı gizlicə verdim. O isə, qayırma manat olmasın deyə, paranı sement kərpicin üstünə salıb səsini yoxladı və cibinə saldı.

Otağı açdılar. Təmiz otaq idi. İki təmiz çarpayısı var idi. Zəngi vurduq. Qoca bir qadın gəldi. Yumurta və çay sifariş verdik. Aprel olduğuna baxmayaraq odadan dəmir sobanı götürməmişdilər. Peçin yandırılmasını rica etdik. Üst-başımızı qurutduq. Meşokdakı təmiz paltarlardan geyib rahat olduq.

Səhər tezdən dişarı çıxmaq lazım idı. Mehmanxanaya 12 manat verməli idik. Bizdə isə var-yox 7 manat para var idi. Mən Şirəlini orada qoyub para tapmaq üçün şəhərə çıxmaq istədim. O razı olmadı.

-  Məni burada qoyub gedərsən, daha qayıtmazsan! - dedi.

- Mən burada qalım, sən özün gedib para tap. Xüsusən sənin qardaşın da burada çalışır, - dedikdə o yenə də:

- Heç yerə gedə bilmərəm. Çünki tanımıram, - deyərək getmək istəmədi. Mən düşündüm. Axırda aşağı düşüb mehmanxana sahibinə məsələni anlatdım. O, şeylərimizi nömrədə qoyub getməyimizə razı oldu.

***

Şəhərə çıxdıq. Yoldaşım Şirəlinin çuxasını və börkünü görən rus balaları “Ada-ada” - deyə bizi səsləyirdilər. Qoqol küçəsi ilə keçib Aleksandrovski bağının yanında bir qədər dayandıq. Bir nəfər türk və ya erməni görmək üçün daima o yan-bu yana baxırdıq. Bir nəfər tatara rast gəldik. Ondan burada türklərin harada olmasını soruşduq. O, barmağını qarşıdakı xırda bir dükana tutub dedi:

-  Budur Seryojanın dükanı. Özü də persiyandır.

Biz təəccüb etdik. Persiyanın Seryoja adı daşımasını bir növ həll edə bilmirdik.

-  Bəlkə də ermənidir, - Şirəli dedi.

Biz dükana yaxınlaşdıqda Ordubadın Nüsnüs kəndindən olan Məşədi Həsən Vəlibəyovu burada gördük. O, bizi görən kimi:

-  Xoş gəlmişsiniz, həmşəhərlim! Siz hara bura hara? - deyib kefimi soruşdu.

Oturduq. Bizim üçün hazırladığı çaydan verdi. Yemək təklifində bulundu. Qəbul etməyə bilməzdik. Bir qədər danışdıqdan sonra onun qardaşı Məşədi Rzaqulu da gəldi. Bunun da adının “Konstantin” olduğu bəlli oldu. Bir neçə gün Saritsında qaldıqdan sonra burada olan müsəlmanların hamısının rus adı qəbul etdiyini anladıq. Məşədi Həsən yanımıza düşüb bizi meyvə satılan bazara gətirdi. Müsəlmanlar burada alış-veriş edirlər. Hamısı qafqazlı və iranlılardır. Biz Şirəlinin qardaşını tapdıq. Mənzil hazırladıq. Burada yaşamaq üçün planlarımızı düzdük.

Mən Saritsında heç bir kimsəni tanımırdım. Yalnız Ordubad mahalının 5-6 adamını tanıyırdım. Hər birinin dükanında bir neçə saat oturub vaxtımı keçirirdim. Günlərin birində Əli Haşımovun yaş meyvə satılan dükanında oturub çay içirdik. Bir nəfər iranlı hambal gəlib ərizə yazan axtarırdı. Farsca ərizə yazan tapa bilməmişdi. Mənim ona yazığım gəldi. Çağırıb ərizəsini yazdım. Ərizəni konsul naibi Əli xana verəcəkdi. Əli xan Həştərxandan gəlib iranlılardan bilet parası toplayırdı. Ərizə yazdıran iranlının adı Əliməhəmməd idi. O gedib yarım saatdan sonra qayıtdı:

 - Sizi ağa çağırır.

- Ağa kimdir?

- Konsul naibi Əli xandır.

- Haradadır?

- Balakişi əminin evindədir, - dedikdə mən əvvəlcə getmək istəmədim. Çünki mənim İran konsulu ilə heç bir əlaqəm ola bilməzdi. Axırda Əli Haşımov:

- Əli xan Balakişi əminin qonağıdır. Getməsən, onun da xatiri qalar, - deyərək məni getməyə razı saldı.

***

Balakişi böyük bir binada yaşayırdı. Onunla tanış olduq. Əli xan ilə də tanış olduq. Burada bir nəfər Ordubad kəndlisi ilə də tanış oldum. Adı Məşədi Hətəmoğlu idi. Rusca adı isə “Mitya İvanoviç” idi. Balakişi məni nə üçün çağırdığını və konsulun bu çağırışdan nə məqsəd daşıdığını xəbər verdi:

-  Burada savadlı adam yoxdur, - gülə-gülə dedi. Bizimkilərin hamısı hambaldır, səbzi satandır. Cənab Əli xan sizin yazdığınız ərizəni olduqca bəyənmişdir. Buna görə də istəyir ki, siz buraya İran konsulluğunun agenti vəzifəsini qəbul edəsiniz. Bilet faizləri ilə gözəl yaşaya bilərsiniz.

Mən sürgündə olduğumu söylədim, eyni zamanda bu işə meylim olmadığını da əlavə etdim. Mənim Balakişi ilə tanışlığım buradan başlandı. Bütün vaxtımı onun dükanında keçirirdim. Onun hər bir işində yardım göstərirdim. O, böyük bir tacir idi. Komisyon ilə də mal satırdı. 1914-cü ilin axırında bir milyon iki yüz min abarotu olmuşdu. Onun ticarət işi çox sadə qurulmuşdu. Hesabdarlıq işi üç böyük dəftərdən ibarət idi. Dəftərin birisinə alınan, digərinə isə satılan mallar yazılırdı. Üçüncü dəftər isə etibarla buraxılan malların siyahısı idi. Balakişi Karyagin mahalından idi. Onun əmisi oğlanları da öz ailələri ilə bərabər orada yaşayırdılar. Balakişidən başqa, hamısı adlarını dəyişmişdi. Balakişi köhnə müsəlman idi: namaz qılır, oruc tutardı. Rus qızlarına evlənənlərin kəbinini Balakişi kəsərdi. Azsavadlı olmağına baxmayaraq, ərəbcə siğə və nikah oxumağı öyrənmişdi. Lakin səhv etməmək üçün nikahı daima kağız üzərindən oxuyardı.

***

Mən hələ Rostov həbsxanasında ikən yoldaşlarımdan Nəsrullah Şeyxovun Poltova quberniyasına sürgün edildiyini eşitmişdim. Poltova polis idarəsinə ona verilmək üçün bir məktub göndərmişdim. Məktubda onun Saritsına gəlməyə çalışmasını rica etmişdim. Polis idarəsindən onun Kabilyak adlı bir qəsəbədə yaşadığını öyrənib məktubu ona göndərmişdim. Günlərin birində onun məni axtardığını eşidib şadlandım. Onu “Volqa” mehmanxanasında tapdım. Həmin gün Penzinski küçəsində üç otaqdan ibarət bir mənzil tutduq. 80 manatlıq da ev əşyası alıb evə daşındıq. Bizə pasport lazım idi. Pasportlarımız isə polis idarəsində idi. Pasport üçün getdikdə həmin qoca çinovniki gördüm. O, məni tanıdı. Tanış olduq. Onun adı Salamon idi. O, Polşa müsəlmanlarından idi. Biz ona pasport məsələsini dedik. 50 manat para ilə polis müdirini razı salacağına söz verdi. Özünə isə I qran hədiyyə etməyimizi tapşırdı. Pasportlarımızı aldıqdan sonra türk əsirlərindən bir qran alıb Salamona hədiyyə verdik. Mən pasportu alandan sonra Rostov şəhərinə düz-doğru Rayanın evinə gəldim. Anası həm şadlandı, həm də ağladı. Rayanı soruşdum.

-  Həbsxanada dəli oldu. Hazırda dəlixanadadır. Çox sakit dəlidir. Ancaq daima gülür və ağlayır.

Bunu dedikdən sonra qadın yenə də ağladı. Gecəni onların evində qaldım. Tezdən görüşünə getməli idik. Bazara çıxıb şirin çörəklər, konfet və şokolad aldım. Dəlixana işçiləri məni içəri buraxmaq istəmirdilər. 5 manat para müqabilində razı oldular. Biz geniş bir dəhlizdə durduq. Rayanı gətirdilər. Onun gənclik görünüşü sabiq gözəlliyini itirməmişdi. Hətta kökəlmişdi. Saçlarını bir hörükdə hörüb çiynindən atmışdı. O, məni görən kimi, gözlərinə inanmayaraq, təəccüblə baxdı. Sanki bir an fikri başına gəldi:

- Səid, səndəmi mənim yanıma gəldin? - deyərək əllərimi qüvvəti olduqca sıxdı. Yenə də əqlini şaşırdı və anasına tərəf dönərək.:

- Bu gün toyum idi. Paltarlarım hazır olmamışdı. Bunun üçün də təxirə saldılar, - dedi.

Raya bu sözlərdən sonra bir an güldü. Sonra şiddətlə ağlayaraq, anasının boynuna sarıldı. Anası onun başını tumarladıqdan sonra Raya dönüb mənə baxdı. Əlimdəki hədiyyələri alıb bir-bir baxdı:

-  Mən tapşırdığımı gətirməmisən? - deyərək üzümə baxdı, şiddətlə ağladı və bayıldı. Bayılmış halda götürüb apardılar. Mən bu qızın fəlakətinə səbəb olan çar jandarmına lənət oxuya-oxuya dişarı çıxdım.

İki gün məni saxladılar. Anası Rayaya verdiyim yadigarları mənə birər-birər göstərdi. Onların içində Təbrizdən Rayanın adına qayrılmış 4 gümüş fincan, ipək dəsmallar və s. şeylər var idi ki, bunları açdıqda içindən əlyazım da çıxdı. Əlyazısı həbsxanadan ona yazdığım məktublardan, bir də Culfada daşnaklar tərəfindən dağılmış kitabxanamdan tapdığı bir parça şeirdən ibarət idi. Yanımda olan yüz manat paranın 80 manatını Rayanın anasına verib vidalaşdım.

Mən Saritsından Rayanın görüşünə iki dəfə də getdim. O, hər görüşdə məni tanıyır və hiss edirdi. Bəzən keçmişlərdən də parçalar xatırlayırdı. O, mənim dəlixanada qalmağımı tələb edirdi. “Hövsələm darıxır”, - deyə özünün burada nə üçün saxlanıldığından şikayət edirdi. Buna baxmayaraq, yenə də hər bir görüşün axırında ağlayır və bayılırdı. Anasına tez-tez kağız yazırdım: bir ildən sonra yazdığım məktuba belə bir cavab aldım:

“Raya son vaxtlar tez bayılırdı. Zəifləmişdi, solmuşdu, xəstəliyi artmışdı. Daima vəhşətlənərək, “Budur, yenə də gəldilər” - deyə qışqırır və bağırırdı. Nəhayət, on gün bundan əvvəl son dəfə görüşünə getdik. O yenə də bayıldı. Daha o bayılmaqdan gözlərini açmadı. Əbədi olaraq yatdı. Yalvarıb ölüsünü aldıq, basdırdıq. Sən sağ ol, Raya daha yoxdur”.

Mən bu məktubu oxuyandan sonra xəstələndim. Nə edəcəyimi bilmədim. Qızın “Budur, yenə də gəldilər”, - deyə qışqırmağının mənasını bilirdim. Çünki Naxçıvan həbsxanasındakı qadınların başına gələn fəlakətlərdən Rostovda Rayanın da başına gəldiyini bilirdim. Hər halda qızın məndən ötrü məhv olduğu ruhumda böyük həyəcan yaratmışdı. Dörd gündən sonra Rostov şəhərinə getdim. Rayanın qəbri üstünə bir dəstə gül qoyub qayıtdım. İndi də o gül və bir yığın torpaqdan ibarət olan qəbir gözümün önündədir.

***

Mən zatən həbsxanada ikən xəstələnmişdim. Saritsında rahat olmadığımdan və ehtiyac içində yaşadığımdan xəstəliyimi sağalda bilmədim. Xəstə olduğum vaxt İranda gizlənmiş yoldaşım Məhəmmədhüseyn Hacıyevdən bir məktub aldım. O məktubda xəstə olduğunu yazaraq, daha görüşmək mümkün olmadığına təəssüf edirdi. Bu məktuba cavab olaraq, 1915-ci ilin axırlarında Hacıyevə aşağıdakı şeirimi göndərmişdim:

Məktubunuzu aldım, aya, piri-xirədmənd,

Sürtdüm gözümə, ağladım, ey munisi-dilbənd.

Bir qəryə ki, ordan çox uzaq gəlməyə ürfan,

Əfsus ki, bir eylə yer olmuş sənə zindan.

Şadam yenə zira ki, səlamətdi məzacın,

Qal, qalmalısan, yox buna bir başqa əlacın.

Dövran səni də, bizləri də qıldı fəramuş,

Bir guşədəyiz ki, yaşarız böyləcə xamuş.

Əfsus, haram oldu mənə feyzi-hüzurun,

Heyhat, olmam bir də sənin məzhəri-nurun.

Etdikcə biz eyb əhlini hər ləhzədə təyib,

Məyublar axırda bizi eylədi tədib.

Biz istərikən fikridə məsləkdən təcalla,

Əfsus ki, olmuş təcadla bizə mənza.

O zahe-pərişanımı təsvir edəməm mən,

Qorxum budur, Rusiya kəsilsin mənə mədfən.

Mən 1916-cı ilin yarısına qədər xəstə idim. Bu vaxtlar Bakıdan məktublar alırdım. Məktubları Cəfər Bünyadzadə, Əlabbas Müznib və Əzim Əzimzadə yazırdı. Bu məktublardan sonra “Babayi-Əmir”, “Tuti” məcmuələrində iştirak edirdim. Qəzetlərə yaza bilmirdim. Çünki onlar açıq imza ilə məqalələrimi dərc edə bilmirdilər. Saritsından yazdığım şeirlərin heç birisinə para ala bilmirdim. Həyat getdikcə ağırlaşırdı. Şeyxov da məndən ayrılmışdı. O, su satmaqla məşğul idi. Mənim heç bir şeyim yox idi. Balakişinin ətrafına dolanmırdım. Onun ailə vəziyvətində qarışıqlıq baş vermişdi. Evinə getmək və ona sürtüşmək istəmirdim. Axırda Rəştdən uşaq ikən Saritsın şəhərinə gəlmiş və orada qocalmış Məşədi Qulam Əliyev bir yeşik alma verdi. Mən almanı paraxodlara aparıb müsafirlərə satmaqla həyatımı keçirdim.

Günün birində Teymur adlı bir nəfər iranlı ölmüşdü. Onu basdırmağa apardıq. Ölünü tatar mollası Mürtəzin basdırırdı. Orada Mürtəzin ilə tanış olduq. Onun vasitəsilə mən tatar cəmiyyəti-xeyriyyəsinin işlərində iştirak etdim. Bu iş mənim üçün böyük məşğuliyyət oldu. Xüsusən, yerli tatarların arasında tanındım və hörmət qazandım. Məşədi Qulam Əliyev mənə inanırdı. Onun iki nəfər rus oğlu var idi. Nəvələri də rus idi. Məşədi Qulam Əliyev birinci adam idi ki, öz əski adında qalmışdı. O, çox dinçi idi. Novruz bayramı, Qurban bayramı və s. bayramları icra edərdi. Bütün Saritsında oruc tutan bir Qulam Əliyev, bir də Balakişi Rüstəmov idi. Çox qəribə burasıdır ki, Qulam Əliyev yığışıb İrana getdiyindən onun qadını Anyutka bu bayramları müntəzəm bir surətdə icra edərdi. Mən özüm həmin qadının məhərrəmlikdə iranlıların təkyəsinə qənd, çay alıb göndərdiyini və mollaya pul verməyini gördüm.

Saritsında rus dinini qəbul edən bir çox iranlılara da təsadüf etdim. Bunlardan ən məşhuru ərdəbilli Abdin kişi idi. Abdin kişi Saritsın ilə Kamışin arasında yerləşən Dubovka adlı kiçik bir şəhərdə rus dinini qəbul etmişdi. Adı Mixail idi. Volqa ruslarının arasında çox hörməti var idi. Böyük xaçını həmişə üstdən salardı. Bu da yeni ruslar arasında adət idi. Abdin kişinin əvvəlki qadını Ərdəbildə qalmışdı. Onun Həsənqulu adlı oğlu dalısınca gəlmişdi. Gələn kimi adını “Semyon Mixayloviç” qoyub rus olmuşdu. Nə özü, nə də atası müsəlmarlara yaxın gələrdi. Ərdəbil müsəlmanları bir neçə kərə onu döymüşdülər. Bunun üstündə yerli hökumət bir neçə müsəlmanı həbs etmişdi. Abdin kişi zatən çox şərarət bir adam idi. Dəfələrlə “Müsəlmanlar mənim xaçımı söydü”, - deyə hökumətə ərizə vermişdi. Abdin kişi Dubovkada evləndiyi və bundan ötrü rus dinini qəbul etdiyi qadınından da bir oğlu olmuşdu. Bunun adı İvan idi. Nədənsə, bu oğlan özünü hiss edən kimi atasından ayrılıb müsəlmanlara qoşulmuşdu. Son vaxtlar o, adını dəyişib Əli qoymuşdu. Pasportu İran pasportu idi.

Saritsın şəhəri işçi şəhərdir. Burada taxta zavodları, mıx zavodu, dəmirəridən zavod, yod zavodu, çuqun zavodu və s. vardır. Mən burada olduğum vaxt işçilərin həyatı ilə çox maraqlanırdım. İşçiləri yaxından görmək üçün fransuzski zavoda gedirdim. Bu zavod “Russki-fransuzski” adlı bir şirkətin idi. Top zavodu bundan bir az yuxarı idi. Bu iki zavodun ətrafında otuz minə qədər işçi ailəsi yaşayırdı. Bu ailələr çılım-çılpaq və dilənçi halında idilər. Ehtiyac bunları əxlaq pozğunluğunun ən yuxarı dərəcəsinə qədər vardırmışdı. Saritsın pasajında xəmirsatan Annışka adlı qadın ev qulluqçusu lazım olan adamlara həmin bu ailələrin qızlarından satardı. Ara-sıra ailə başçıları da gəlib öz qızlarını təklif edirdilər. Müharibə zamanı əxlaqsızlıq və səfalət daha artdı. Kəndli qızları da işçi qızlara və işçi qadınlara qoşuldu. Hökumət bu kimi işlərin qarşısını almır, əksinə, əxlaqsızlığı müntəzəm bir şəklə salmağa çalışırdı. Hamamların intizar salonlarında fahişəliyə gələn səfillər üçün tualet odaları açmışdılar. Kəndli və işçi qızlara kirayə ilə müvəqqəti paltar verən müəssisə də təşkil etmişdilər. Qızlar, qadınlar hər gün cındır paltarda hamamın içərisinə gəlir, orada yeni paltar geyinir, bəzənir, qiymətli tuflilər, şlyapalar taxır və özünü gələn qonaqların rəğbət edəcəyi bir şəklə salırdılar. Axşam hamamlar qapandıqda yenə də yeni paltarlarını töküb, cındır paltarlarla bayıra çıxırdılar. Nizamsızlıq baş verməsin deyə hamamların hər birisində qaradavoylar dururdu. Onlar ehtiyac üçün özlərini satanlardan çay parası alır və istifadə edirdi.

Fevral inqilabının gecəsi cəbhədən müvəqqəti olaraq Saritsına qayıtmış soldatların zabitləri fahişəxanalara hücum edib dağıtdıqda oradakı 950 nəfər qadını can köynəklərinə qədər soyub, soyuq havada küçələrə buraxmışdılar. Bunlar zavodlar ətrafında tamamilə acından inləyən ailələrin qızları və dul qadınlar idi. Kerenski hökuməti vaxtında bu səfalətin qarşısını almaq üçün qadın batalyonları düzəltdilər. Bu isə baş verməkdə olan aclıq nəticəsində artmağa başlayan səfillər dəstəsinin sayını azalda bilməzdi. Yersiz qadınların əlindən gecələr qapıları açıq qoymaq olmurdu. Dəstələrlə evə soxulurdular.

Bolşevizm hökuməti Saritsında başqa şəhərlərə nisbətən çox tez başladı. Menşeviklərin çıxışlarına cavab olaraq, bolşeviklər gecə ilə bütün idarələri tutdular. X ordunun 145-ci alayı bolşeviklərin tərəfində olduğundan menşeviklər əzildi və kütlələr Mininin ətrafında toplandı.

Adını yuxarıda yazdığım tatar mollası Mürtəzin bolşevik hərəkatına böyük xidmətlər göstərirdi. X orduda otuz minə qədər tatar əsgərləri mövcud olub və Mürtəzin bunlar arasında böyük hörmətə malik olduğundan X ordu tamamilə bolşevikləşdi. Mürtəzin X ordunun müsəlman hissəsinin siyasi şöbə rəisi təyin olundu. Mən Mürtəzin ilə çar vaxtında cəmiyyəti-xeyriyyədə işlədiyim vaxtlarda tanış olmuşdum. O məni siyasi şöbədə işləməyə dəvət etdi. Ədəbi işçi sifəti ilə siyasi şöbədə işə daxil oldum. Qəzet işlərini təşkil etmək istərkən Həştarxandan bir məktub aldım. Bu vaxtlar Bakıda mart hadisəsi baş vermişdi. Bakı kommunaları həbs edilib Türkistana aparıldıqdan sonra qalanları Həştərxana gəlmişdi. Həştarxanda Hümmət təşkilatının orqanı olan “Hümmət” qəzeti nəşr olunurdu. Bundan əlavə Zaqafqaziya komissariatı adlı bir idarə düzəlmişdi. Mən Həştərxandan aldığım məktub haqqında Mürtəzinə danışdım. O, icazə vermək istəmirdi. Saritsın hər tərəfdən mühasirə içində idi. Ağ generallar növbətlə öz gücünü Saritsının başında sınayırdı. Mən Saritsından çıxdığım vaxt bahar idi. 1919-cu ilin baharı vətəndaş müharibəsinin ən dəhşətli vaxtı idi. Saritsın ətrafında üç minə qədər at ölüsü düşmüşdü. İstilər başladığından bu cəmdəkləri basdırmaq lazım idi. Saritsından heç kəsi bayıra buraxmırdılar.

Mən Həştərxana getmək üçün siyasi şöbədən vəsiqə aldım. Yalnız həmin vəsiqələrlə paraxoda otura bilərdik. Körpüdə üç gün gözlədik. Paraxod gəlmədi. Yoldaşım xəstələndi. Xəstəliyi tif idi. Həştərxana 4-cü gün gəldik. Özümüzlə suxarı və yarım put da un götürmüşdük. Çünki Həştərxanda Saritsına nisbətən daha da qıtlıq idi.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info