Qonaq Kitabı
YATAB EVİ

Rostov şəhərinin yatab evi başqalarına nisbətən daha kəsif, daha da rütubətlidir. Bizim salındığımız odanın taxta döşəməsi yox idi. Məhbuslar sementin üstündə yatırdılar. Birinci gecə çox susuz idik. Hər kəs yalvarıb su istəyirdi. Lakin su vermədilər. O gecəni susuz keçirdik. Səhər tezdən qapı açıldı. Aparılacaq məhbusları orada saxladılar, qalanlarını yuxarı mərtəbəyə çıxartdılar. Biz qalacaqdıq. Saritsın şəhərinə məhbus buraxılmırdı. Yuxarı mərtəbəyə çıxdım. Məhbuslar ətrafımı sardı. Orada Ordubadın Yayçı kəndindən Şirəli adlı bir oğlana rast gəldim. O mənim haqqımda məhbuslarla danışdı. Məni Pyotr adlı gənc bir məhbus yanına çağırıb oturmağı təklif etdi. Şirəli də onun digər tərəfində yatırdı. Azdan qapı açıldı. Məni çağırdılar. Bayırda bır nəfər həbsxana qulluqçusu mənə yanaşdı. Əlindəki bir butulka südü, 4 bulkunu, bir az da şit yağı verdi:

-  Bunları sənə Raya göndərmişdir. Burada qalmalısan. Paltarlarını yumaq üçün ver aparım. Raya mənim bacım qızıdır.

-  Xeyr, paltarlarımı Bakıda təmizlətdirmişəm. Üz dəsmallarımı apara bilərsiniz.

Ondan ailənin yaşayışı haqqında soruşdum:

-  Yaxşıdır, inəkləri var idi. Raya gələndən sonra bir at da almışlar.

- Rayanın özü bir yerdə çalışırmı?

- İş vardır, özü getmir. Sizin işinizin nə yerdə qurtaracağını gözləyir.

- Məndən Rayaya salam söylə. Yaxında azad olacağam. Onun yaxşılıqlarının əvəzini edərəm.

O, üz dəsmallarını götürüb getdi.

***

Mən birinci gün Pyotr ilə tamş olduğumdan odadakı oğlanlar üst-başımı gəzməkdən vaz keçdilər. Zatən mən özüm də buna imkan vermədim. Qəndim, çayım yox idi. Orada olanların hamısına iki parça şəkər verdim. Siyasi məhbus olduğum üçün də ehtiram bəsləyirdilər. Oldugumuz odada 80-90 yaşında məhbuslar da var idi. Bunlar bitlənmişdilər. Paltarlarından bitləri süpürgə ilə süpürürdülər. Başlarının tükləri qarışqa yuvası kimi idi. Ərizə verdik. Qayçı və maşın verdilər. Bunları təmizlədik. Paltarlarını yanmağa verdik. Bununla bərabər, yenə də gecə onlar yatan yerə kül ilə hasar çəkdik. Çünki heyvanlar küldən keçə bilmirdilər. Burada yemək də çətin idi. Yeməklər ümumi taxta qablarda verilirdi. Bığları bit basmış məhbuslar şorbanı içdikdə cücülərin qaşıqlara düşdüyünü görürdiik. Ona görə də adam verilən yarım girvənkə çörək və isti su ilə yaşayırdı.

Odanın içində şiddətli tif xəstəliyinə tutulanlar var idi. Kəsafətin qarşısı alınmadığından hər gün xəstəlik hadisələri var idi. Nədənsə, əsir götürülmüş ərdahanlı türklər hamıdan tez tif xəstəliyinə tutulurdular. Üç oğlu ilə bərabər Rusiyaya sürgün edilən ərdahanlı iki oğlu ilə qızdırmaya tutulmuşdu. Bunları götürüb apardılar. Bir gün sonra mərkəzi xəstəxanaya qaynar su gətirməyə getdikdə hər üçünün ölüsünü həyətdə gördük. Xəstələnməmiş balaca oğlana rus məhbusları olduqca məhəbbət göstərir, yedirir və xəstələnməsinə imkan vermirdilər. Biz olduğumuz odada yaşayan 130 adamdan hər gün, heç olmasa, 5-6 nəfər xəstələnirdi. Aparılanlara dərman verib öldürürdülər. Burada bədən, qol- qılça xəstəliyi xəstəlik sayılmırdı. Hər gün boçka ilə suyu taxta döşəməyə töküb təmizləyirdilər. Səhərlər yerdən qalxmaq mümkün olmurdu. İnsanlara bir pişikcə qiymət qoyulmurdu. Xəstələri heyvan ölüsü kimi arabaya atıb aparırdılar. Mən Pyotr ilə o yan-bu yandan söhbətə başladım. O, illərdən bəri həbsxanada və yatabda qaldığından çox şikayət edirdi. Doğrudan da, sağlam bədənli bu gənc tamamilə çılpaq idi. Bir köynək, bir tumandan başqa heç bir şeyi yox idi. Bir cüt köhnə qaloşunu başı altına qoyub yatırdı. Öz dediyinə görə, Pyotr sosial-demokrat firqəsindən idi. Lakin danışığından tam mənası ilə bir anarxist idi. Mən Pyotr ilə birlikdə yemək yedim. Ona maxorka da aldırdım. Pyotr papirosu cəkməyə başladıqda onun qarşısında növbəyə düzüldülər:

- Bir az mənim üçün saxla!

- Qurtaranda yerə atma! - deyənlər çox idi.

Nəhayət, ixtiyar bir kazak Pyotra yanaşıb yalvardı:

- Tüstüsünü mənim ağzıma püflə, - dedi.

Bir nəfər saqqalı ağarmış rus oturub sakit baxırdı. Pyotr bir papiros qayırıb yandırdı, həmin rusa verdi və mənimlə tanış etdi. Bu adam 28 yaşında Fyodr Rismonov adlı bir rus idi. Kiyev darülfünunun hüquq şöbəsinin tələbəsi imiş. Özünün 8 ildən bəri yatabda gəzdiyini söyləyirdi.

-  Hər yerdə ki, təbid edirlər, oranın polis müdiri qəbul etməyərək dala qaytarır. Yenə də başqa tərəfə göndərirlər. Göndərilən yerlərdə yenə də buraxmayıb gəldiyim yerə göndərirlər. Hərgah rüşvət verməyə yüzcə manat param olsaydı, çoxdan bəri buraxılmışdım.

Doğrudan da, mən Fyodorun 28 yaşı olduğuna inanmadım. Çünki beli əyildiyi kimi, saqqalında və başında, bir dənə də olsa, qara tük yox idi.

Pyotra çox hörmət edirdilər. O, papiros doldurub yandırdı, gənc bir yəhudiyə verdi. Bu yəhudi çox gülməli adam idi. Məhbusları cərgə ilə düzüb tüstünü onların ağzına buraxırdı. IV gün yanımıza qoca bir assuri gətirdilər. Məndən bir adam aralı yatmışdı. Pyotr onun məşhur spekulyant və oğru olduğunu mənə söylədi və tapşırdı:

-  Bunu gecə soyacaqlar, səsini çıxarma. Həbsxana qanunu belədir. Danışmaq lazım deyil.

Gecə nə olduğunu bilmədim. Səhər assuri ağlayırdı. Baş nəzarətçini çağırıb şikayət edirdi. Öz dediyinə görə, səkkiz qızıl, altı dənə də bir karatlıq brilliyantını çıxartmışdılar. Bunların hamısı botilərinin dabanında imiş. Mən Pyotrdan soruşdum:

- İndi burada axtarış olsa, nə baş verəcəkdir? Bəlkə, birisindən tapıldı. Onda nə cəza veriləcəkdir?

O güldü:

-  Əvvəla, heç axtarış olmaz. Olsa da, tapılmaz. Çünki axtaranların özləri də oğrularla şərikdir. Mallar çoxdan dişarı göndərilmişdir, - dedi.

Doğurdan da axtarış olmadı. Həmin gündən başlayaraq, dişarıdan çox gözəl yeməklər gətirirdilər. Hər kəs tox idi.

***

Mən həbsxana içərisindəki bütün işlərdən azad olunmuşdum. Bu işlərdə mənim yerimə başqaları çalışırdı. Əvəzində papiros və şəkər verirdim. Lakin məni dişarıda növbədən xaric olaraq çox işlədirdilər. Hər gün səhər qapı açıldıqda məni və Şirəlini səsləyirdilər. Hər gün mənə yemək şeyləri gəlirdi. Rayanın özü ilə tez-tez rast gəlib görüşürdük. O, mənim bayıra işə çıxarılan vaxtımı bilirdi, həmişə mərkəzi həbsxanaya getdikdə mənə küçədə rast gəlirdi. O, mənim həyatımı öyrənir və öz həyatı haqqında da məlumat verirdi:

-  Atam-anam səni çox bəyənmişdir. Səndən onlara çox danışmışam, hətta gecələr sənin haqqında danışdıqlarımı məndən təkrar olaraq soruşurlar. Xüsusən, qadınlara nə qədər hörmət bəslədiyin onların sənə qarşı məhəbbətinə səbəb olmuşdur.

Raya hər gün bu cür söhbətlərdən danışır və mənim üçün yaşadığını təkrar edirdi. Rayanın səmimi hərəkətləri məndə də silinməz təsirlər buraxırdı.

***

Səhər idi. İşə aparılacaq məhbusları çıxarıb bir tərəfə yığırdılar. Mən isə hara və nə kimi işə aparılacağımı bilmirdim. Qapı açıldı. Bir nəfər içəri girdi (ləzgi və çeçen olduğu məlum deyildi). Buna işçi lazım idi. Bunlar mərkəzi həbsxanada qaravulda duran ləzgilər, çeçenlər və osetinlər idi. Mənzilləri yatab həyətində idi. O, məni göstərib həbsxana nəzarətçisinə söylədi:

-  Bunu həmişəlik bizim mənzildə işləmək üçün verin.

Mən artıq mükəddər oldum. Onsuz da məni ağır işlərdə çox istismar edirdilər. Şeylərimi həmişəki kimi Pyotra tapşırıb çıxdım. Qaravulların mənzilinə gəldim. Uzun bir otaq idi. 9 sadə çarpayı qoyulmuşdu. Ocaq yanırdı. Üstündə bir qazançada ət qaynayırdı. Samovar da hazır idi. Bunların hamısı çarpayıları üstündə oturub xəncərini və berdan tüfəngini təmizləyirdi. Mən ayaq üstə əmr gözləyirdim. “Otur” - dedilər. Oturdum. Məni çağırıb gətirənin adı Əli idi. Ağ çörək və yağ gətirdi. Çay içdik. Sonra mən onlara müraciətlə:

-  Nə iş görəcəyəmsə göstərin, - dedikdə onlar güldülər.

Əli:

-  Biz birinci gündən sizə göz qoymuşuq, sizi çox işlədirdilər. Bunun üçün də sizi burada rahat olmağınız üçün çağırdım. Hər gün tezdən bura gəlib, yeyib içib istirahət edərsiniz. Axşam yatmaq vaxtı həbsxanaya gedərsiniz, - dedikdə mən çox razılıq etdim.

Burada bir neçə gün yaşadım. Mənə olmazın hörmət göstərirdilər. Lakin burada yaşamaqdan qorxurdum. Mənzil qayət kəsif, havası daha da xarab idi. Gün heç vaxt düşmürdü. İsti havada peç gecə-gündüz yanırdı. Xüsusən yatab həyətində tif xəstəliyi daha da şiddət etmişdi. Bundan əlavə, burada olduğum vaxt Raya ilə görüşə bilmirdim.

Bir gün axşam odaya qayıtdıqda Pyotr bayırda işlədilmək üçün məhbuslardan dəstə düzəldiyini mənə xəbər verdi. Nəzarətçini görüb mən də özümü yazdırdım. Əvvəlcə bizi bir neçə məhbusla vağzaldan mərkəzi həbsxanaya daş kömür daşımağa təyin etdilər. Raya ilə gündə heç olmasa on kərə görüşürdük. Raya mənimlə həbsxanaya qədər danışa-danışa gəlir, yenə də stansiyaya qayıdırdı. Anası, atası onun vəziyyətinə gülür və əylənirdilər. Təmiz havada heç də yorğunluq hiss etmirdim. Gündüz işindən sonra Sadovı küçəsində döşəmə üçün daş daşıyırdıq. Həbsxana döşəməçidən bizim maaşı alırdı. Bir neçə gün döşəmə işində də çalışdım. Burada çox işlədim. Gündəlik söhbətlərimizdə Rayanın da Saritsın şəhərinə gələcəyini, orada həmişəlik həyatın əsasını qoyacağımızı qərara aldıq. Lakin bu fikirlər tamamilə hədər idi.

***

Mən 3 gündən bəri idi ki, Rayanı görmürdüm. Necə işlədiyimi və nə iş gördüyümü bilmirdim. 3 gündən sonra Rayanın anası ağlaya-ağlaya yanaşdı. Onun jandarm idarəsi tərəfindən həbsə alındığını xəbər verdi. Raya qısa bir məktub da göndərmişdi. “Həbs olundum. Bir günahım yox. Mənə nə olubsa, polkovnik Ştraubedən olubdur. Çünki o alçaq məni sevirdi. Mən isə onunla yaşamaq istəmədim. Onun razılığı olmadan çıxıb gəldim. Salamat qal. Anama kağız yazarsan. Sənin Rayan”.

Bu xəbərdən çox mütəəssir oldum. Həbsxana əziyyətini tamamilə unutdum. Kədərimdən çıldırmaq istəyirdim. Çar polisinin bu həyasızlığı məni təbii halımdan çıxardı. Yazıq qadın bu vəziyyətimi hiss etdi:

- Səbr et, yazıqsan. Sənin də anan vardır, - deyib gözünün yaşını axıtdı. Gedən zaman:

- Yenə də gələrəm, Rayadan sənə xəbər gətirərəm, - söylədi.

Axşam mən həbsxanaya necə qayıtdığımı bilmədim. Pyotra əhvalatı xəbər verdiın. Çox təəssüf etdi. Zavallı Rayanın mənə görə bədbəxt olması ruhumu əzirdi. Bu fikirlər həbsxanada mənim üçün başqa bir həbsxana təşkil etmişdi. Bu hadisədən sonra mən küçədə 4 gün də işlədim. Gözüm daima stansiyadan gələn tramvay vaqonlarında idi. Düşənləri bir-bir gözdən keçirirdim. Lakin Raya yox idi. Bir gün onun anası da gəlmədi. Qalan üç günü yazıq qadın gəlir, mən işləyən yerdə oturub ağlayır, axşam həbsxanaya qayıtdıqda evinə gedirdi. Rayanın yanına heç kəsi buraxmırlarmış.

***

Küçədə iş qurtarıb. Bir gün heç yerə getmədim. Lakin içəridə qalmaq mənim üçün daha ağır idi. İkinci gün həbsxana müdirinin müavini Aleksandr Vasilyeviç məni həmişəlik öz evinə iş üçün göndərdi. Bu polis başqa polislərə nisbətən o qədər acıqlı və hərzə deyildi. Ara-sıra mənə təsəlli verir və tezliklə azad buraxılacağımı söyləyirdi. Buna baxmayaraq, ailəsindən də əxlaqsız bir ailə hələ indiyə qədər təsadüf etməmişdim. Ailə bir qadın, iki qız, bir də kiçik oğlan uşağından ibarət idi. Böyük qızı Susannanın nişanlısı naməlum səbəblərə görə yox olmuşdu. Kiçik qızı Lyuba gimnaziyanı hələ bitirməmişdi. Bunların anaları Serrafima ucaboy, qarasaç, kök bir kazak qadını idi.

Mən birinci gün həyəti süpürdüm, ubornıları yudum, balkonu silib təmizlədim. Qızlar və anaları mənim işləməyimə göz qoymuşdular. İşimi qurtardıqdan sonra qadın məni yuxarı çağırdı:

- Nə üçün siz iş paltarı geyinmirsiniz? Əyninizdəki kostyum bahalıdır. Buralarda bu parçalardan tapılmaz. Yəqin xaricdən almısınız, - dedi.

- Bəli, İrandan almışam. Nə etməli, geyinməyə başqa paltarım yoxdur, - dedikdə onlar maraqlandılar.

- Otur, - dedilər.

- Xeyr, oturmaq istəmirəm.

- Nə üçün?

- Aleksandr Vasilyeviç gəlib görər, acıqlanar.

- Nə deyirsiniz, nə deyirsiniz! Əcəba, bizim atamız bu qədərmi nəzakətsizmiş? - dedi.

Sonra anası:

O həbsxanada Aleksandr Vasilyeviçdir. Buranın sahibi isə mənəm. Rica edirəm, oturun! - deyərək ev qulluqçusu Mariyanı səslədi:

- Qonağa bir qəhvə gətir!

Oturdum. Mariya bir fincan qəhvə, bir neçə şəkər çörəyi gətirdi. Bu mənim üçün çox ağır idi. Nədənsə, bu ailədən heç də xoşlanmırdım. Bir halda ki, özləri çox gözəl, çox təmiz geyinmişdilər, birinci gün olduğu üçün əxlaqlarından da xəbərim yox idi. Qəhvəni içdim. Qalxmaq istədikdə oturtdular. Yenə də oturdum. Onlar mənim tərcümeyi-halım haqqında qısa suallar verdilər. Haralı olduğumu, anamın sag olduğunu, ailəsiz olduğumu, nə iş sahibi bulunduğumu öyrənirdilər. Yazıçı və şair olduğumu eşitdikdə heyrətləndilər. Buna inanmadılar. Vizit vərəqəmi onlara göstərdim. İnandılar. Zəng vuruldu. Aleksandr Vasilyeviçin olduğu bəlli idi. Mən qalxıb ayaq üstündə durdum. O, balkona çıxdı. Kıçık qız və oğlan onu qarşıladılar. Əllərini yudu. Gəlib yemək masasının başında oturarkən:

- Hə, yorulmadın ki? - deyə soruşdu. Mən isə:

- Xeyr! Burada insanı yoracaq heç bir şey yoxdur.

Susanna qayət təəssüfedici bir vəziyyətlə atasına dedi:

- Papa, bu məhbus az təsadüf ediləcək bir məhbusdur. Nəcib təbiətli bir adam imiş, özü də şair və yazıçıdır.

- Hamısı doğrudur. Sözüm yoxdur. Lakin məhbusdur, həm də siyasi məhbusdur.

Susanna təəccüblü bir surətdə baxdı:

-  Əcəba, cani, oğru ki deyildir.

Aleksandr Vasilyeviç güldü. Əlini Sussannnın başına çəkdi.

-  Oğru və cani olsaydı, təqsiri daha yüngül olardı. Bununla bərabər özü də bilir ki, mən həmişə onun hörmətini saxlamışam. Hərgah saxlamasaydım, öz evimə göndərməzdim, - dedi.

Mən icazə alıb getmək istədikdə Aleksandr Vasilyeviç “Durun!” - deyə məni dayandırdı:

-  Get orada otur! Həbsxanada nahar yeyilmişdir. Hər gün naharını burda yeyərsən, - deyə məni oturmağa məcbur etdi.

Naharı yedilər. Mən çox az yedim. Bunun sözləri mənə çox fəna təsir bağışladı. İkinci gün məni nə həyət, nə də ubornı təmizləməyə buraxdılar. Bu gün şkaflarda olan qabları, bəzi fiqurları silib təmizlədım. Kitabları sildim. Şkafda olanları şöbələrə ayırdım. Şöbələrin üstündə onların nəyə dair olduğunu yazıb yapışdırdım. Qəzetləri ayırıb nizama saldım. Nahar vaxtına qədər bununla məşğul oldum. Aleksandr Vasilyeviç gəldi. Susanna ona kitabxananı göstərdi. O məni ayağımdan başıma qədər süzərək:

-  İranlısan, amma vağzaldakılardan deyilsən. Çox razıyam, - dedi.

Onlar bizə, haralı olsaq, yenə də persiyalı (persiyanin) deyirlər. “Vağzaldakılar” sözü dəxi orada hamballıq edən iranlılara işarə idi. Buna görə də:

-  Cənab! Mən iranlı deyiləm. Qafqaz türklərindənəm. Fəqət, iranlıların da hamısı hammal deyildir. Orada da ziyalılar, mədəni adamlar vardır, - deyə fars ilə türkün nə olduğu haqqında ona məlumat verdim.

Aleksandr Vasilyeviç Sədidən, Hafizdən və Xəyyamdan soruşdu. Onların tərcümeyi-hallarını qısa olaraq söylədim. O, bu barədə məni yoxlamaq üçün xırdaca bir qamus gətirib vərəqlədi. Hafizi, Sədini, Xəyyamı tapdı. Dediklərimin düzgün olduğunu təsdiq etdi. Mən Sədidən, Hafizdən bəzi şeirlər oxudum. Ömər Xəyyamdan oxuduğum aşağıdakı rübailərdən çox məmnun qaldı. Onun məzmunca deyil, quruluşca qərb şairlərinin şeirlərinə bənzədiyini təsdiq elədi.

Ey çərxi-fələk xarabi əz guşeyi-tost

Bidadigəri pişeyi-dirine tost

Vey xak əgər sineyi-tu beşikafənd

Bəs göhəri qiyməti-ke dər sineyi-tost.1

Ümumiyyətlə, onlar şeirin məzmun və quruluşundan artıq oxunuşu və ahəngi ilə maraqlanırdılar.

Son günlər Aleksandr Vasilyeviç mənə çox inanmışdı. Mən ona çox cəsarətlə yanaşıb, Rostovda tanışım olduğunu və onunla görüşmək istədiyimi dedim. Mən bu sözləri dedikdə o, çay içirdi. Bu gün məni də həmin masada oturtmuşdular. Bu günə qədər başqa masada çay içir və yemək yeyirdim. Bu sözü dedikdən sonra Aleksandr Vasilyeviç bir az da düşündü. Çaydan bir qədər içib yerə qoydu:

-  Şübhə yoxdur ki, siz bu sözləri mənə əvvəlinci günlər deyə bilməzdiniz. Sizin bu sözü demək üçün hazırlanmış zəminə imkan verən biz özümüz olduq. Madam ki, belədir, sizə yox deməyə və mənfi cavab verməyə haqqımız yoxdur. Get, lakin mənim sizə qarşı olan etimadımı xəyanətlə qarşılama. Ən açığı ailəmin bədbəxtliyinə imkan vermə, - dedi.

Ailə üzvləri də mənim xəyanət etməyəcəyimə inandıqlarmı söylədilər. Onun qadını və qızı: “Get, yenə də nahar vaxtına qayıdıb gəl”, - dedilər. Cibimdə azca param var idi. Vağzala getmək üçün tramvay yolundan başqa yol tanımırdım. Ona görə faytona minmək lazım gəlirdi. Tramvay yolu ilə getdikdə həbsxana xidmətçilərinə təsadüf edəcəyim şübhəsiz idi. Fayton ilə Rayanın evinə gəldim. Onlar çox təəccüb etdilər, azad olduğumu zənn etdilər. Rayanın mərkəzi həbsxanaya göndərildiyini anası göz yaşları ilə söylədi. Görüşünə getməyə hazırlanırdılar. Rayaya bəzi sifarişlər göndərdim. Saritsında buraxıldıqdan sonra Rostova gələcəyimi və onun qurtarması uğrunda çalışacağımı söylədim. Bir saat oturdum. Yemək və çay var idi. Heç bir şeyə əlimi vurmadım. Odanın hər bir şeyində Rayanı hiss edirdim. Ancaq özü orada yox idi. Yenə də gələcəyimi bildirib, dişarı çıxdım.

***

Nahar üçün yenə də Aleksandr Vasilyeviçin evinə qayıtdım. Ailəsi çox şadlandı. Kiçik qız, kiçik oğlan evdə yox idi. Hələ nahar vaxtına çox qalırdı. Serafima xanım məni otağa çağırdı. Böyük qız ev qulluqçusu Mariya ilə həyətdə oturub krujeva toxumaq öyrənirdi. Mən mebelləri təmizləyən ağ parçanı götürüb içəri girdim. Xanım salonda yox idi. Mən dayandım. İçəridən səsləndi:

-  Nə üçün durdunuz? İçəri girin!

Mən onların yataq odasına heç girməmişdim. Birinci kərə idi. İçəri girdikdə Serafima xanımın çöhrəsində bir həyəcan hiss etdim. Mən ona baxarkən o, əllərini bir-birinə sürtüb nə deyəcəyini unudan və sözünü evin bucaqlarından axtaran bir adama bənzəyirdi. Əynində yalnız bir kapot var idi. O:

- Yataq odamızı bəyənirsənmi? - deyə soruşdu, Mən ona qarşı:

- Çox təmiz və zəngindir, - söylədikdə o, qolumdan tutub divardakı çılpaq qadın şəkilləri haqqında izahat verməyə başladı. Bir çox həyasız fiqurları, hətta masa üzərindəki ədəbsiz hərəkətli şəkilləri göstərdikdən sonra mənə belə bir sual verdi:     

- İndi deyin görüm, siz bunların birisini sevirsiniz?

- Bundan başqa görməli bir iş varsa, göstərin. Bunlarla məşğul olacaq halım yoxdur. Əfv edin məni! - dedikdə o güldü:

- Heç bir iş yoxdur, Sizi əyləndirmək üçün çağırdım. Məncə, şərqlilər ucaboylu, qarasaçlı, pəmbə yanaqlı qadını çox sevərlər.

-  Çox razıyam, - deyıb bayıra çıxdıqda onun böyük qızı Susannanın bizi təqib etdiyini gördüm.

  Balkonu təmizləməklə məşğul oldum. Aleksandr Vasilyeviç nahara gəldi. Xanım “xəstələnmişəm”, - deyə nahar masası başına gəlmədi. Nahardan sonra yenə də lazımi işlərimi görüb həbsxanaya qayıtmaq istədikdə, Susanna məni dayandırıb dedi:

- Yarın tezdən gələrsən. Atama söyləmişəm. Naxçıvana iş üçün gedəcəyəm. Sizin də getməyiniz lazımdır.

Mən özüm də Rostovu və Naxçıvanı görməkdən maraqlanırdım.

 ***

Səhər saat 9 olmamışdı. Həbsxanadan çıxdım. Lakin bayıra çıxmaq daha məni maraqlandırmırdı. Çünki ürəyimdə olan acı duyğular bayıra çıxdıqda daha da coşurdu. Xüsusən içərisinə düşdüyüm bu polis ailəsindən zəhləm gedirdi. Mən yalnız qadının deyil, böyük qız Susannanın da əxlaqsız olduğu barədə məlumat əldə etmişdim. Aleksandr Vasilyeviç nə qədər alçaq bir polis olsa da, mənə etimad göstərir, bayıra buraxırdı. Buna görə də onun ailəsindəki bu xəyanətdə iştirak etməkdən iyrənirdım.

Mən evə gəldikdə çayları hələ içilməmişdi. Salam verdim. Aleksandr Vasilyeviç, qızları, hətta kiçik oglu salamımı aldılar. Xanım Serafima etina etmədi: “Başım çox ağrıyır” - deyə ailənin nəzərinə bu etinasızlıqdan başqa tərəfə çevirməyə çalışdı. Məni Susanna bacısı, atası yenə də həmin masada oturmağa məcbur etdilər. Samovar, daima olduğu kimi yenə də xanımın qabağında idi. Çayı o boşaldırdı. O, mənə çay verməməyi bacarmadı. Çünki burada bir səbəb olacağı haqqında əri şübhələnəcəkdi. Bir stəkan çay töküb qabağıma qoydu. Qoyan vaxt üzünü başqa tərəfə çevirmişdi. Susanna bunu hiss etməmiş deyildi, çünki dünənki hadisəni görmüşdü. O, yeməkləri, yağı, pendiri, yumurtanı mənə təqdim etdikdə xanım Serafimanın çöhrəsi tez-tez dəyişirdi. Susanna getməyə tələsirdi. Qalxdıq. Balaca əl çamadanı mən götürdüm. O dəxi çətirini və nazik paltosunu götürüb çıxdı. Onun birinci söhbəti bundan ibarət idi:

- Qadınları öyrənmək çox çətindir.

Mən ona cavabla:

- Fəlsəfəmi söyləmək istəyirsiniz? - dedim.

- Xeyr, doğrudan da, qadın anlaşılmaz bir müəmmadır. Məsələn, mənim öz anamı götürəndə adamın çıldırmağı gəlir.

- Nə üçün? - deyə soruşdum.

- O, çox tələsir, kişinin zövqünü anlamadan özünü ona təqdim edir. Bunun üçün də çox vaxt müvəffəqiyyətsizliyə rast gəlir. Hələ özünü lazımınca aparmadığı və düşündüyü xəyanəti yazıq atama bildirməsi də onun əfv olunmaz xətalarındandır, - deyib çiynimdə olan tozu sildi və sözünə davam etdi:

- Lakin mən şəxsən belə deyiləm. Mən kişiləri lazımınca öyrənməmiş tənəzzül etmərəm. Birinci gün bizə gəldikdə sizin nəcib bir ailədən olduğunuzu anladım. Rəhmətlik nişanlımın da belə qara tükləri var idi, - deyərək əlini başıma çəkdi. Mən əlimi uzadıb onun əlini rədd etmək istədikdə, əlimi tutdu, daha buraxmadı. Əlim əlində olaraq sözünə davam elədi:

- Onun boyu da sənin boyuna bənzəyirdi. Onun qara və düşüncəli gözləri var idi. Alnının qırışıqları da səninkinə bənzəyirdi. Onun alnından qayət ciddi və səmimi bir adam olduğu bəlli idi.

Mən ona təsəlli verir və deyirdim:

- Kiçik xanım, taleyiniz belə imiş. Dünya müharibəsi yalnız sizi deyil, milyonlarca sevgiləri pozmuşdur. Yenə də gəncsiniz. Daha da sevimli gənclərə təsadüf edər və onları sevərsiniz.

- Yox, bu kimi cansız sözlər məni heç vaxt təskin edə bilməz.

Naxçıvana yetişənə qədər o bu kimi söhbətləri təkrar-təkrar deyirdi. Naxçıvanda məni bir erməni ailəsinə apardı. Bura onun ölmüş nişanlısının evi idi. Ailə başçısı Dağlıq Qarabağdan - Hadrud ermənilərindən idi. Susanna nişanlısı Simonun divardan asılmış şəklini mənə göstərdi. Doğrudan da, gözəl və unudulmayacaq bir gənc idi.

Nahar yedik. Çay içdik. Saat 2-də vidalaşıb çıxdıq. Yol uzunu xanımın söhbətləri yenə də həmin sevgi söhbətləri idi. Evə bir az qalmış o:

- Hərgah siz razı olsanız, mən atama deyərəm. Sizi istədiyiniz qədər Rostovda saxlar. Yatab vaxtında sizi siyahıya salmaz. Burada qalarsınız. Zənnimcə, bizim ailədə sizin üçün fəna keçməz, - dedi. Mən isə cavabını qısaca verdim:

- Yox qala bilmərəm, əfv edin.

***

Rostovdan çıxmağıma bir gün qaldıqda bir daha Rayanın anası ilə görüşməyə getdim. Qadının halı çox fəna idi. O, Rayanın sifarişlərini verdi. Yazıq qız həbsxanada olan həqarətlərə davam edə bilməyəcəyini və buradan salamat xilas ola bilməyəcəyini mənə sifariş etmişdi. Mən bu sifarişdən Rayanın nə dediyini bilirdim. Mən Naxçıvan həbsxanasında qadınlara qarşı edilən həqarətləri görürdüm. Yazıq Rayanın da Mələknisələrin təsadüf etdikləri həqarətlərə düşəcəyini bilirdim. Vidalaşıb çıxdım. Çıxarkən yenə də Rayaya sifarişlər verdim. Tezliklə Rostova qayıdacağımı təkrar yazdım.

Bir gün sonra Rostov həbsxanasından bizi Novoçerkassk həbsxanasına göndərdilər. Bir çox xatirlələr aldığım Rostovdan acı duyğularla çıxdım. Çünki mən son və qiymətli sevgimin Rostov həbsxanasında gömüləcəyini bilirdim. Novoçerkassk həbsxanasında 2-3 gecə qaldım. Həbsxana müdiri Eynəddin adlı bir tatar idi. Müsəlman olduğum üçün gecə saat 12-də bir çaynik çay, bir parça da ağ çörək göndərmişdi. Həbsxana odası zirzəmi şəklində idi. Çox kəsif havası var idi. Burada gənc məhbuslara göstərilən həqarət Tiflis həbsxanasında olanlardan daha fəna idi. Bizim yatabda 4 nəfər gənc var idi. Birisi Bakıdan, 3 nəfəri isə Rostov həbsxanasından idi. Bu gəncləri əldə etmək üçün məhbuslar bir-biri ilə vuruşurdular. Bunları hər kəs öz yanına çəkmək istəyirdi. Vuruşmada 60 yaşında məhbuslar da iştirak edirdi. Gənclər isə bir tərəfdə durub baxırdı. Axırda məhbuslar razılaşdı. Aylar uzunu bu həqarəti görən uşaqlar heç bir etiraz etmədən təslim olurdular.

Mən aşağıdakı şeirimi həmin həbsxanada çay kağızına yazdım:

Bitməzmi cəfa, axıra yetməzmi kəşakəş,

Axırda yaxar zatını yaxdıqların atəş!

Səndənmidir hər külbədə, kaşanədə matəm.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info