Qonaq Kitabı
QOÇULAR ODASINDA

Mən içəri girəndə Ağakərim odanı dolaşır, Teymur bəy isə əlindəki ağ dəsmalı ilə eynəyinin şüşələrini təmizləyirdi. Ağakərim:

-  Xoş gəlmişsiniz, səfa gətiribsiniz. Kefiniz necədir? - deyə əlimi sıxdı.

Teymur bəy Aşşurbəyov isə eynəyini taxıb mənim boy-buxunuma diqqətlə baxdıqdan sonra qalxdı və əlimi sıxdı. Onların qulluqçusu Məhərrəm mənim şeylərimi gətirib odanın bir tərəfində qoydu. Teymur bəylə tanış olduq. Onlar hələ səhər çayını içməmişdilər. Məni gözləyirmişlər. Çayı içdik. Mən bunlarla söhbəti haradan başlayacağımı bir növ təyin edə bilmirdim. Ağakərim sözün başını tez-tez Ordubad, Naxçıvan tərəflərə çevirir və:

- Orada igid və ceyillər vardır, - deyirdi. Bununla da mən onlara öz tərəfimizdə olan qoçulardan danışmalı idim. Mən onlara ancaq bu sözləri deyirdim:

- Bizim tərəflərdə sizin adınız yaxşılıqla məşhurdur. Hətta bir çox igid adamlar sizi görməyin həsrətindədirlər.

Mən sözümü qurtararkən Teymur bəy özünü bir düzəltdi:

- Yeriniz böyük yerdirmi?

- O qədər də böyük deyildir. Fəqət, igid və varlı adamlar çoxdur, - dedim. O, fikrə getdi. Daha bir söz danışmadı.

Ağakərim Məhərrəmi çağırdı və tapşırdı:

-  Get müdirə xəbər ver ki, təzə qonaq üçün hamam hazır etdirsin.

Yarım saatdan sonra müdir müavini özü gəlib hamam hazır olduğunu xəbər verdi. Ağakərim mənə alt paltarları təklif etdi. Heç bir şey qəbul etmədim. Çünki hər bir şeyim var idi. Məhərrəm məni hamama yola saldı. Həbsxanada cansürtən və dəllək olduğunu xəbər verdi. Bakı qoçularının hökmü altında olan həbsxanada bu qədər isti və təmiz hamam olduğunu heç də zənn etmirdim. Mən hamamdan çıxdım. Məhərrəm məni tez geyinməyə tələsdirirdi. Çünki qoçular səhər yeməyi yeyəcəkdilər. Yemək bayırdan gətirilmişdi. Plov və kabab yedilər. Mən bilmədiyim səbəblərə görə onlar tez-tez Məhərrəmi çağırıb soruşurdular:

-  Hələ qəzetlər gəlmədimi?

Məhərrəm isə qorxa-qorxa:

-  Xeyr, hələ gətirməyiblər, - deyirdi.

Onlar qəzet haqqında hər gün bu qərarla tələsirdilər. Səhər yeməyi bitdikdən sonra bir stəkan çay içib bayıra çıxdıq. Bunları rus, müsəlman, erməni - hər kəs görürdüsə, ikiqat olub baş əyirdi. Onlar bəzilərinin kefini xəbər alırdılar. Bəzilərindən isə nəyə ehtiyacları olduğunu soruşurdular. Məhbuslardan bəziləri onlara yalvarıb, qohumlarının görüşə gəlməsinə icazə istəyirdilər. Onlar isə bu barədə həbsxana müdirinə əmr verirdilər. Mən bu iki qoçunun əlində alət olan çar məhbəsinin vəziyyətinə və çar polisinin qayət qorxaq və yaltaq olduğuna təəccüb edirdim. Biz həbsxana kilsəsinin həyətinə gəldik. Həyətdə məhbuslara gül və sair şeylər əkdırirdilər. Saat 3-ə qədər gəzib dolaşdıq. Ağakərim tez-tez o tərəf-bu tərəfə yüyürürdü. Dediyinə görə, doktorlar belə məsləhət görmüşdü. Çünki ürəyi getdikcə yağlanırmış. Biz odaya qayıtdıqda qəzetlər gəlmişdi. Qəzetləri götürüb baxdılar. Heç birisi yaxşı oxuya bilmirdi. Oxumağı mənə təklif etdilər. Onlar əvvəlcə Bakı xəbərlərini və hadisələrini oxumağı tapşırdılar. Oxudum. Teymur bəy çox acıqlı və çox da məyus bir surətdə Ağakərimə müraciət etdi:

- Sənə yüz dəfə demişəm ki, onların qeyrəti yoxdur. Onlar bizsiz bir pişiyi də vura bilməzlər. Onlar boş oğraşlardır, - dedi. Ağakərim isə:

- Teymur bəy, biz bu hasarın içində oturmuşuq. Eşiyin işindən xəbərimiz yoxdur. Uşaqları məzəmmət etmək olmaz. Bəlkə də, fürsət olmur.

Mən başa düşdüm ki, onlar kimləri isə öldürmək üçün öz adamlarına sifariş vermişlər. Bu söhbətlərdən sonra müharibə xəbərlərini oxumağı rica etdilər. Onlar bununla müharibənin nə vaxt bitdiyini və nə zaman azad olacaqlarını öyrənmək istəyirdilər. Qəzetin başqa yerlərini özüm üçün oxudum. Onların başqa şeylər eşitməyə həvəsləri olmadığını bildim.

Saat dördün yarısında dişarıdan naharlar gəlməyə başladı. Teymur bəyin evindən plov, toyuq və kükü gətirmişdilər. Ağakərimin öz sifarişinə görə hazırlanmış güşbərəni həbsxananın mətbəxində bişirirdilər. Bundan əlavə, ona qatıq aşı da gətirilmişdi. Qoçu Ağababanın evindən qızarmış toyuqlar, yaxşı almalar və quru meyvə gətirilmişdi. Səfərəliyevlərdən plov və qızarmış quzu gətirmişdilər. Doqquz yerdən yemək gətirilmişdi. Teymur bəy və Ağakərim nahar gətirən adamların adlarını yazırdılar. Hərəsində böyük bir siyahı var idi. Bununla da, onlar öz dostlarını və özlərini xatırlayanları gözdən keçirmək istəyirdilər. Buna baxmayaraq, qoçuların hər ikisi özgə yerdən gətirilən naharlardan yemirdilər, zəhərlənəcəklərindən qorxurdular. Qabaqca güşbərədən, sonra plovdan və qatıq aşından yedik. Məhərrəm axşam üçün də yemək saxladı. Qalanlarını isə həbsxana müdirinə, müavinlərə, nəzarətçilərə və öz istədikləri məhbuslara göndərdilər. Yemək göndərilən məhbuslar xırda qoçulardan və küçə xuliqanlarından ibarət idi ki, mən bunların haqqında Məhərrəmdən soruşdum.

Mən Bakıya qədər həbsxana xatiratını yazmışdım. Bakı həbsxanasında tərtibə salmağa başladım. Qoçular bununla çox maraqlanırdılar. Mən onlara parça-parça oxuyurdum. Onlar hər gün nahardan sonra məni oxumağa məcbur edirdilər. Onlar Naxçıvan və Tiflis həbsxanasındakı xatiratı eşitdikdə mənim bu işlər ilə nə üçün maraqlandığımı soruşdular. Mən isə:

- Bir vaxt bu xatiratı kitab şəklində çap etdirəcəyəm. Bunu hər kəs oxuyub çar hökumətinin nə qədər həyasız və zalım bir hökumət olduğunu anlayacaqdır, - dedim. Ağakərim bir az düşündü:

- Hərgah bu cür şeyləri çap etdirməyə qoymasalar, necə olacaq? - dedi.

- İndi qoymasalar da, bir vaxt buna imkan tapılar - dedim. Teymur bəy güldü:

- Mirzə! Demək, bizim də adımız kitaba düşəcəkdir, - deyərək əlini çiynimə vurdu.

- Əlbəttə, düşəcəkdir. Sizin mənə qarşı olan hörmətinizi unutmuş olsam, xəyanət etmiş olaram, - söylədim. Bunu təsdiq etmək üçün Ağakərim:

- Bir yaxşılıq, bir də yamanlıq yaddan çıxmaz, - deməklə biz söhbəti dəyişdik.

Mənə dişarıdan təmiz yatacaq gətirdilər. Bunu Ağakərim sifariş vermişdi. Məxmər döşək, ipək üzlü yorğan, balış və mələfələr. Odada çox qiymətli xalçalar döşənmişdi. Başqa odalarda yemək masası və kürsülər olmadığına baxmayaraq, burada var idi. Ancaq çarpayı olmadığından yerdə yatırdıq. Biz başqa məhbuslar kimi axşam saat 9-dan yatmağa məcbur deyildik. Bəzən gecəni birə qədər otururduq. Qoçular keçən vuruşmalardan danışırdılar. Öz aralarında baş verən vuruşmalardan danışmırdılar.

***

Səhər saat 9-da yuxudan durduq. Mən çox tez ayılmışdım. Lakin qoçular yatdığı üçün qabaqca qalxa bilmədim. Halbuki məhbuslar saat 6-dan yerlərindən durmuşdu. Biz yatdığımız vaxt odanın qapısının qabağından keçən məmurlar, ayaqlarının səsi qoçuları oyatmasın deyə çox yavaş-yavaş hərəkət edirdilər. Bununla da, mən qoçuların həbsxanaya deyil, istirahət evinə göndərildiklərini zənn edirdim. Bu gün biz dişarıdan qayıdıb səhər çayı içməyə gəldiyimiz zaman odanın qapısında böyük bir növbə düzüldüyünü gördük. Teymur bəy gəlib qapının yanında qoyulmuş kürsüdə oturdu. Növbəyə duranların əlində çirklı dəsmal, yaxud qəzet parçası görürdüm. Bu vaxt Məhərrəm içəridən böyük bir qutu gətirdi. Qutuda tütün və papiros var idi. Teymur bəy növbəyə duranlara tütün və papiros paylamağa başladı. Birinə tütün, digərinə papiros, o birisinə isə maxorka verirdı. Teymur bəy hər kəsin üzünə baxıb payını verirdi. Bununla da daha bir şeyi öyrəndim. Maxorka ruslara, papiros tütünü ermənilərə, hazır papiros isə müsəlmanlara verilirdi. Bu təcrübəni mən bir Qazan tatarının danışığından aldım. Ona maxorka verdikdə o “Tükümü sarı görüb maxorka vermə, Qazan tatarıyam, ömrümdə maxorka çəkməmişəm”, - dedikdən sonra Teymur bəy ona papiros verdi. Payını alanlar baş endirib gedirdi. Bundan sonra qoçuların hər ikisi məhbusların şikayətlərini eşitməyə başladılar və hamısına ümidlər verdilər. Bütün bu şikayətlər həbsxana daxilindəki işlərə dair idi.

Hər şey qurtardı. İçəri girdik. Çay içdik. Nədənsə bu gün səhər yeməyini də çay ilə birlikdə yedik. Hələ balaca samovar qaynayırdı. Ağakərim Məhərrəmi çağırıb böyük samovarın salınmasını əmr etdi. Mən bunun səbəbini cəsarət edib soruşdum. Ağakərim cavabında: “Bu gün cümə günüdür. Aşna-dost görüşə gələcəkdir, oturub bir stəkan da onlar ilə çay içərik”, - dedi. Çox qəribə burasıdır ki, cümə günü olduğundan və qoçuların görüşünə varlıların, qoçuların gələcəyindən ötrü həbsxananın baş məmurları da hazırlıq görürdülər.

Saat 11-də görüş başladı. Gələnlərin hamısı qoçular ilə öpüşürdülər. Ağakərim görüşə gələnlərlə məni də tanış edirdi. Tanış etdikdə dəxi iki qısa cümləni ifadə eləyirdi: “Neft quyuları vardır. Çox əliaçıq, mərd, işə gələn adamdır”. Yaxud: “Yuxarı məhəllədə çox sayılan, sözü keçən və qanı isti ceyildir” - deyirdi. Görüş saat 4-ün yarısına qədər davam etdi. Gələnlər çox idi. Həbsxana müdirləri qapıda qaradavoy kimi quruyub durmuşdular. Mən bu görüşü öz yerimizdə Xorasandan, Kərbəla və Məkkədən gələnlərin görüşü ilə müqayisə edirdim. Hər halda bu görüşlər daha da təntənəli idi. Sanki cümə olduğu üçün dişarıdan yemək də çox gətirilmişdi. Gələnlərin hamısı görüşüb bayıra çıxdıqda: “Heç darıxmayın, çalışırıq. Qubernator və polis müdiri söz vermişdir. Nə sözünüz olsa, deyin. Evdən nigaran qalmayın, hər bir işləri öz yerindədir”, yaxud: “Qorxmayın, biz ölməmişik. Hələ patronumuz vardır. Ölümə desəniz gedəcəyiz!” - deyirdilər. Qoçular dəxi: “Sağlıq olsun, çıxandan sonra bu yaxşılıqların hamısının əvəzini eləyərik”, - cavabını verirdilər. Görüşə gələnlərdən 9 nəfəri süfrəyə oturdu. Qoçular ilə bir yerdə nahar etdilər. Bakı varlılarının qoçulara verdikləri əhəmiyyət həddindən artıq idi. Sanki onlar qoçu saxlamadan öz sərvətlərini saxlaya bilməyəcəklərmiş. Görüşə gələn varlılar getdikdən sonra qoçuların ikisi də bunların dallarınca söyürdülər. Ağakərim və Teymur bəyin, qoçuluqdan başqa, müəyyən bir əqidə daşımaması işinə olduqca diqqət verir və bir şeyi öyrənmək istəyirdi. Teymur bəy olduqca acıqlı təbiətə malik idi. O, həbsxanada çox darıxırdı. Bu isə adam öldürə bilmədiyi və aydan bəri qan tökmədiyi üçün idi. Onun insan qanına susadığı nə intiqam, nə də müəyyən bir məqsəd üçün idi. O, hər kəs olursa-olsun, öldürmək, qəzəbini soyutmaq, bununla da xalqı qorxudub üstün gəlməyi düşünürdü. O, dost yolunda canından keçdiyini hər zaman söyləyirdi. Lakin bütün dostlarını xatırlayır, sonra “O da oğraşdır”, - deyirdi. O, pulu da sevmirdi. Hərgah pulu sevirdisə də, öz qatil fikrini həyata keçirmək üçün sevirdi.

Ağakərim tamamilə bambaşqa bir qoçu idi. O, iki iş üçün qoçu idi: intiqam almaq, pul almaq. Bu iki şey onun həqiqi məsləki və yolu idi. O, ara-sıra millətpərəst, hətta həqiqi millətpərəst olduğunu iddia edirdi. Bu tamamilə yalan idi. Çünki, onun öldürdüyü ancaq öz milləti idi. Ağakərim bütün düşüncələrini fövqündə olaraq bir dinçi idi. İmamlardan, peyğəmbərlərdən etdiyi söhbətlərində həddindən artıq savadlı idi. Kim bilir, bəlkə, bu da qoçuluğun detallarını ikmal etmək üçün bir vasitə imiş. Teymur bəyə nisbətən Ağakərim qəzet və mətbuatı da sevirdi. Bunların hər ikisini birlikdə götürəndə o qədər də axmaq və sadə cinayətkar deyildilər. Burjuaziya dövrünün bu qoçuları hər bir işlərini xalqa etdikləri bir xidmət şəklinə salmağa çalışırdılar. Bunların hər ikisi “Bakıda biz olmasaq, varlılar fağır-füqəranın qabığını soyar”, - sözləri ilə özlərini xalq və yoxsul tərəfdarı kimi göstərirdilər. Mən günün birində Ağakərim ilə birlikdə kilsənin həyətində oturarkən ona bir sual verdm:

-  Ağakərim, yəqin sizi Bakıda tutduğunuz vəziyyət yormuşdur. Belə deyilmi?

O mənim üzümə çox diqqətlə baxdı və:

-  Mirzə, sən Bakını tanımırsan, burada başqa sinif adam yaşaya bilməz. Burada ya varlı olmalısan, yainki qoçu. Çünki varlı pul verib yaşaya bilir, qoçu isə tapançası və qolunun gücünə başını dolandırır, - dedi. Yenə də qalxıb arıqlamaq üçün həyəti sürətlə dolanmağa başladı.

Teymur bəylə Ağakərimin arasında hiss etdiyim böyük bir fərqi burada qeyd etməliyəm. Teymur bəyin ağzı söyüşsüz qala bilmirdi. O hər kəsi söyür və təhqir edirdi. Həbsxana xidmətçiləri bu söyüşdən çox alırdılar. Lakin Teymur bəyə “Həyəcan göstərməyin, bağışlayın, hər şey düzələr”, - deyirdilər. Teymur bəy bu söyüşlərdən sonra Ağakərimdən və məndən üzr istəyirdi. Ağakərim belə deyildi. Onun ağzından bir kərə də olsa, söyüş eşitmədim. Çünki vüqarlı, təmkinli, qoçuluğunu bildirməyən düşüncəli bir adam idi. Ağakərim sevmədiyi və çəkə bilmədiyi bir adamın da üstünə gülürdü. Buna baxmayaraq onun yalançı gülüşlərlə oynamağa başlayan göz bəbəklərində müəyyən bir cinayətin təşkil olunduğu düşünülürdü.

***

Biz kilsə həyətində oturmuşduq. Teymur bəy çox rahatsız idi. Qəzetlər yenə də onun gözlədiyini verməmişdi. O, dişarıya sifariş göndərib müəyyən adamları həbsxanaya çağırmışdı. Adamlardan birisi gəldi. Uzun, kök, üzü qırxılmış, nazik bığlarını eşib yuxarı qaldırmış ağ çöhrəli bir gənc Teymur bəyin qarşısında odun kimi quruyub durmuşdu. Teymur bəy əvvəlcə o tərəf-bu tərəfə gedib bir aktyor kimi çiyninin üstündən dönüb ona baxırdı. Sonra hər iki əlini belinə vurub:

- Ədə, doğrusunu de görüm, sən kişisənmi? - dedikdə gənc udqunaraq:

- Teymur dadaş, sən bilirsən ki, mənim canım da sənin yolunda özümün deyildir, - dedi.

Teymur bəy acıqlı bir gülümsündü. Sanki o, bir cinayət ərəfəsində durmuşdu.

- Sal aşağı o bığlarını! Sal deyirəm, mən ölüm sal! O bığı kişilər daşımalıdır! - deyə Teymur bəy acığından dodaqlarını çeynəyib qanını axıtdı. Gənc iki barmağını uzadıb bığlarını aşağı saldı:

- Sən mənə ölüm desən ölümə də gedərəm. Bu bığları kəsib ata da bilərəm, - deyib qızardı.

Onun üzündəki bu qırmızılıq öz dediyi sözlərdən razı qalmadığını və mümkün olsaydı, Teymur bəyi həmin yerdə öldürəcəyini elan edirdi. Teymur bəy yenə də bir neçə kərə güləşən adamlar kimi qollarını ata-ata o tərəf-bu tərəfə getdikdən sonra gəncin yanına qayıtdı:

- Necə oldu? Sizə nə tapşırmışdım? Ağgöz oğraşlar. Bir sürüsünüz, əlinizdən isə bir qəpiklik iş gəlməz, - dedikdən sonra gənc o tərəf-bu tərəfinə baxaraq:

- Hamısı düzələcəkdir. Fürsət ələ düşməmişdir.

- Get! Dua eləyin ki, bayıra çıxmayım. Əməyim gözünüzdən tökülsün.

Gənc getdi. Kim olduğunu soruşmağa cəsarət etmədim. Çox təəccüblü burasıdır ki, Teymur bəy gənc qoçuya acıqlandıqca Ağakərim heç də müdaxilə etmədi. O ancaq məni söhbətə tutub onların danışmasını qapamaq və mənə eşitdirməmək istəyirdi. Qayıdıb içəri gəldik. Nahar yeyəcəkdik. Teymur bəyin kefi çox xarab idi. İçəri girdikdə qayət təmiz geyinmiş bir yəhudinin otaqda oturduğunu gördük. Əl çamadanını bir tərəfə qoyub, kürsünün üstündə əyləşmişdi. Teymur bəy ona tərs-tərs baxdı və Məhərrəmi çağırdı:

-  Ədə, Məhərrəm, bu kimdir? Tanıyırsanmı?

Məhərrəm bu adama baxıb gülümsündü və:

-  Vağzalda və körpüdə bununla çox işləmişik, çox qabil əli vardır. Nə üçün tutulduğuna təəccüb edirəm, - dedikdə mən Məhərrəmin də cibkəsən olduğunu bildim.

Teymur bəy həmin adama heç bir söz demədi. Məhərrəmi müdirin, yainki müavinlərdən birinin dalınca göndərdi. Müavin gəlincəyə qədər adam, heç olmasa, beş kərə oturub qalxdı. Titrəyirdi. Nə edəcəyini bilmirdi. Müavin gəldi. Teymur bəyin nə deyəcəyini bilmirdim. Teymur bəy birdən barıt kimi partladı:

-  İt balaları, axırda bizi cibkəsənlərə taymı sayırsınız? - deyə çar polisinin üstünə qışqırdı.

Xalqın qabığını qamçıları altında çıxaran, hətta xəstə məhbusları özünü itirincəyə qədər döyən polis köpəyi qorxdu və çox mülayim bir surətdə dedi:

- Yer yox idi, yalnız səhərə qədər burada qalmasına icazə vermişdim.

- Eyb etməz, səhər gəlib ölüsünü apararsınız, - deyə Teymir bəy daha heç bir söz demədi.

Müdir müavini daha danışmadan həmin adama getmək işarəsini verdi. Onlar getdikdən sonra Ağakərim mənə müraciətlə:

-  Adamı haldan çıxarırlar. Belə olmadan yaşamaq mümkün deyildir. Mən bilirəm ki, qoçuyam. Amma Sallaq Dadaş və Nəcəfqulu kimi qoçu deyiləm. Bunu Teymur bəy də bilir, - söylədi.

Yenə də dişarıdan çoxlu yeməklər gətirmişdilər. Naharı yedik. Hələ nahar bitmədən müdir gəlib 3 gündən sonra Rostova göndəriləcəyimi xəbər verdi. Ağakərim və Teymur bəy buna çox təəssüf etdilər. Müharibə bitdikdən sonra Bakıya qayıtmağımı rica etdilər. Mən nahardan sonra Rostova Rayanın adresinə bir məktub yazdım. 3 gündən sonra yola çıxacağımı xəbər verdim.

***

Axşam saat 6-nın yarısında bizi həbsxanadan çıxartdılar. Qoçular və Məhərrəm məni yola saldılar. Yenə də Bakıya qayıdıb onlara qonaq olmağımı rica etdilər. Vidalaşmaq saat 6-da bitdi.

Qaraşəhərin elektrik işıqları Xəzər dənizinin ləpələrində çimdiyi zaman biz Bayıl yoxuşundan volumuza davam edərək, Sahil küçəsinə gəldik. Bakı stansiyasında vaqona oturana qədər çox əziyyət çəkdik. Tam saat 9-da vaqona əyləşdik. Vaqonda məhbuslar üçün dəmir qəfəslər var idi. Mən belə məhbus vaqonunu birinci kərə görürdüm. Biz bu vaqonda 3 gün yol getməli idik. Biz olan qatarda türk əsirləri də var idi. Qafqazski stansiyasında kazaklar vaqona hücum edib türk əsirlərini qırmaq istədilər. Qaravullar mane oldular. İxtiyar kazaklar və qadınlar da mane olurdular: “Bunlara əl vurmaym. Bizim uşaqlar da bunların yerində əsirdir”, - deyirdilər. Txaretski stansiyasında çalışan iranlı hamballar bizə  bulki, papiros və lumu gətirdilər. Qaradovoylar da mane olmadılar. Bu vaqonlar olduqca yorucu idi. Uzanmaq, rahat olmaq heç də mümkün olmurdu. Soyuq da bir tərəfdən amanımızı kəsirdi. Biz üçüncü gün axşam qaranlığında Rostovun Don nəhri üstündən çəkilmiş körpüsünü keçdik. Qatarımız Rostov stansiyasına çox təxirlə yanaşırdı, hər kilometrdə dururdu. Stansiyaya yetişdik. Sərnişinlər qabaqca buraxıldı. Bizi olduqca təxirlə buraxdılar. Stansiyada heç bir kəs qalmamışdı. Bir çoxları deyirdi ki, bəlkə də, bizi vaqondan düşürmədilər, bəlkə də, birbaş Novoçerkassk stansiyasına göndərdilər. Biz bundan çox həyəcana düşdük. Çünki vaqon bizi yormuşdu. Heç kəsdə soyuqdan taqət qalmamışdı. Bahar olduğuna baxmayaraq, qış qədər soyuq var idi. Vaqondan düşdük. Ətrafda qadın və kişilər də var idi. Bir səs eşitdim:

-  Odur, özüdür, uzunboylu, qabaqda dördüncü məhbus.

Rayanın burada olduğuna heç də inanmırdım. Gözlərim ətrafı gəzirdi. Hara getdiyimi, ayağımı hara qoyduğumu heç də bilmirdim. Raya anası, bir də kiçik qardaşı ilə dalımızca gəlirdi. Sadovı küçəsinə keçdikdə o məni səslədi:

-  Kefin necədir, xəstə olmamısan ki?

Başımla yox işarəsi verdim. Onlar yatab həyətinə qədər dalımca gəldilər.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info