Qonaq Kitabı
BAKININ BAYIL HƏBSXANASINDA

Axşam lampaları, su altında uyumuş sabah yeli şəhərin tərli çöhrəsinə işıq saçarkən biz Bakı bulvarının qarşısında idik. Yeni əkilmiş nazik ağacların titrək kölgəsində Bakı varlılarının qalın və nahamar kölgələri bir-birinə toxunurdu.

Biz həbsxanaya yetişdikdə artıq tamamilə qaranlıqlaşmışdı. Bizi sayıb içəri buraxdılar. Mən salındığım odada bir yəhudi, bir də rus var idi. Bunlar rus-yəhudi ixtilafı haqqında danışırdılar. Söhbətləri qızışmışdı. Mən şeylərimi qoyub oturmuşdum. Qalxmağa, hətta yıxanmağa taqətim yox idi. Çox yorğun idim. Stansiyadan Bayıl həbsxanasına qədər ağır şeylərimi daşımağa məcbur olmuşduq. Araba verməmişdilər. Odanın döşəməsi taxta idi. Yer də quru idi. Odadakıların söhbəti daha da qızışdı. Bunlar yüz ildən bəri çar Rusiyasında hökm sürmüş yəhudi məsələsini həbsxanada həll etməyə tələsirdilər. Onlar danışdıqca sözləri bir vuruşmaya qədər varıb çıxdıqda mənə müraciətlə: “Siz də doğrusunu deyiniz. Belə deyilmi?” - deyib soruşurdular. Mənim cavab verməyə vaxtım yox idi. Gözüm, qulağım onlarda olsa da, fikrim, düşüncəm tamamilə başqa tərəfdə idi. Bu söhbətdə qapının bacasından uzun bir papağın içəri soxulduğunu gördüm. Papaq bütün bacanı qapadığından səs sahibinin üzünü görmək mümkün deyildi. Səslədi:

-  Burada neçə müsəlman vardır?

Mən:

- Yalnız bircə nəfərdir, - deyə cavabını verdim. Papaq çəkildi. Odada söhbət edənlər yenə də sakit olmamışdılar. Az sonra həmin papaq sahibi əlində böyük bir padnos içəri girdi. Podnosu mənim yanımda yerə qoydu:

- Bunu sizin üçün Kəblə Ağakərim göndərdi, - dedikdə mən ona cavabla:

- Mənim hər bir şeyim vardır. Bu zəhmətə heç razı deyiləm, - dedim. Papaq sahibi qaş-qabağını turşudub mənə təəccüblə baxdı:

- Yox, elə etməyin. Qəbul etməsəniz Kəblə Ağakərim inciyər.

- Kəblə Ağakərim kimdir?

- Təəccübdür, bütün dünyada Qoçu Kəblə Ağakərim məşhur ola-ola, siz onu tanımırsınız?

Mən ona tanıdığımı söylədim. Çox razılıq etdim. O yenə də sözünə davam edərək:

- Kəblə Ağakərim buyurdu ki, yenə də hər nəyə ehtiyacı varsa, xəbər versin, - dedi.

 - Bu qədər kifayətdir. Tək adamam. Çox zəhmət çəkib. Məndən ona salam söylə.

Papaq sahibi getdi. Açarçı qapını bağladı. Yəhudi ilə rus Ağakərim qoçu ilə Teymur bəyi bir-birinə tərif etdilər. Mən iki məşhur Bakı qoçusunun həbsxanada olduğunu anladım. Taleyimin təsadüf yaratdığından təəccübləndim. Məni istər Əhməd bəy Ağayev, istərsə Haşım bəy Vəzirov qəzetdə işləmək üçün bir neçə kərə Bakıya dəvət etmişdilər. Fəqət, mən qoçuların qorxusundan Bakıya gəlməmişdim. İndi isə bunlarla bir damın altında yaşayıram.

Ac idim. Yeyib yatmalı idim. Ayağa qalxıb yıxanmaq istədikdə oda arkadaşlarım əlimə su tökmək üstündə bir-birinə macal vermirdilər. Yıxandım. Yerimi açdım. Adyal və balışım var idi. Şeylərimi balışın altına qoydum. Bu, həbsxananın ümumi adətlərindəndir. Padnosu aralığa çəkdim. Odadakılar çox həris və iştahlı bir surətdə padnosa və mənə baxırdılar. Onlara pay verib-verməyəcəyim barəsində bir şey öyrənmək istəyirdilər. Mən avvəlcə padnosu gözdən keçirdim. Üç dənə yağlı və qalın çörək, beş girvəngəhlik doğranmış şəkər, çay, üz dəsmalı, sabun, şit yağ, pendir, papiros, diş paraşoku və diş şotkası idi. Burada mənim üçün ən qiymətli şey bir çaynik isti çaydan ibarət idi. Sonra dönüb arkadaşlarıma baxdım. Onların ağzıma dikilmiş göz bəbəkləri titrəyirdi. Bir kərə:

-  Buyurun görək! - dedim.

Onlar inanmadılar. Bir də təklif etdim. Gəlin çay isti ikən için! - şad bir surətdə irəli gəldilər. Stəkan bir idi. Onların dəmir qabları var idi. Şəkər salıb, şirin çay qayırdılar. Şam yeməyi bitdi. Bir az da qaldı, Onlar: “Bu da səhər sizə yetər”, - deyə razılıq edib süfrədən çəkildilər. Padnosu aralıqdan təzə götürmüşdük. Mən yol paltarlarımı dəyişib, təmiz kostyum geyindim. Yaxalığımı da bağlamışdım. Odada dolaşırdım. Qapının pəncərəsinə bir nəfər yanaşdı. Arkadaşlarım bunu görən kimi birdən: “Kəblə Ağakərim!” - dedilər. Kəblə Ağakərim salam verdi. Kefimi, haradan gəldiyimi, hara göndərildiyimi təfsilən soruşdu. Mən də olduğu kimi söylədim. Nə iş sahibi olduğumu axırda xəbər aldı. O, bır az düşündü:

-  Eşitmişəm, qəzetlərdə də oxumuşam. Təəssüf edirəm ki, sizinlə həbsxanada görüşdük. Fikir etməyin, bu müharibə uzun çəkməz. Bizi də Teymur bəylə bir yerdə həbs etmişlər. Kefini pozma. Hələlik rahat ol. Sabah görüşəcəyik. Təfsilən söhbət eliyərik, - deyib getdi.

Mən onun dalınca çox təəccüblə baxdım. Öz-özümə: “Əcəba, bu qoçudurmu? - deyə düşündüm. Mən bunları öyrənmək üçün artıq dərəcədə maraqlanırdım. Yatmaq vaxtı idi. Arkadaşlarım da, mən də soyunduq. Hər kəs şalvarlarını ütüləmək üçün döşəməyə açıb yerini onun üstündən döşədi. Başqa şeyləri də meşoğa qoyub başının altında yerləşdirdim. Mənzil yoldaşlarımın heç birisi rahat ola bilmirdi. Çox rahat yatdım. Səhər tezdən ayıldım. Vaxtında qalxmağı gözləyirdim. Zəng vuruldu. Yəhudi hamıdan əvvəl paltarlarını geyindi. O tərəf bu tərəfə dolaşıb ağzını pəncərədən Kaspi dənizinə tutub bir kərə ucadan oxudu:

“Mərhəmət qıl mənim qiymətli dostum,

Mənim qaranlıq həyatıma işıq ver!”

Mahnının sözlərini rusca oxudu. Rus arkadaşlarım isə bunun cavabında: “Binyansın namazı bitdi!” - söyləyərək güldü. Onların hər ikisi gənc idi və hər ikisi də eşq məcərası nəticəsində həbs edilib öz yerlərinə sürgün edilirdilər. Yəhudi arkadaşlarım öz məcəralarını belə təsvir edirdi: “Daşkənddə yaşayırdım. Əndincanda böyük mülkədarlardan Hasan bəyin qızı Teyyibə ilə sevişmişdim. Qızın atası da izdivacımıza mane deyildi. Mən yəhudi olduğumu gizlətmişdim. Özümü Şimali Qafqazdan çərkəz Məhəmməd kimi təqdim etmişdim. Türküstanlılar ümumiyyətlə, Dağıstan müsəlmanlarına çox ehtiram bəsləyirdilər. Mən hörmətdən istifadə edirdim. Düşmənlərim mənə həsəd aparırdılar. Daşkənddə həbsə alındım. Hasan bəy məni xilas etmək üçün gəldi. Vəsiqələrimi yoxladıqda yəhudi olduğum meydana çıxdı. Hasan bəy çox acıqlandı. Sürgün edilməyimə o dəxi yardım etdi. Lakin bilirəm ki, yəhudi olduğum üçün Teyyibə mənə olan sevgisini heç vaxt dəyişməz”.

Yəhudi arkadaşım öz məcərasını bitirdi. Rus gənc isə çox uzun danışmadı: “Toyuma ikicə gün qalırdı, həbs edilmişəm. Kazlov quberniyasına göndərirlər”, - dedi.

Yenə də bizim üçün səhər yeməyi və çay gətirdilər. Yedik, içdik. Süfrə götürülmədən Türküstandan yeni yatab gəldi. Odamıza bir çox özbək məhbuslarla bir nəfər də cibkəsən və adamsoyan gətirdilər. Adma Knyaz deyirdilər. O, Binyansı (yəhudini) görən kimi tanıdı: “Zalımın gözəl əli vardır. Gözdən kipriyi oğurlar”, - deyə Binyansın məşhur cibkəsən olduğunu söylədi. Bir-iki saatdan sonra bir nəfər də qubalı qolçomaq gətirdilər. Qolçomağın qoyun itini qonşu kəndin qolçomağı öldürmüşdü. Bu isə itin əvəzində iki nəfər adam öldürmüşdü. O, bu işdə çox para sərf etdiyini və bunun əvəzində həbs cəzasından qurtardığını söyləyirdi. Vuruşmaya əl davası adını verib qatilin cəzasını yüngülləşdirmişdilər. Fəqət, qatili Qafqazdan bir neçə müddətə sürgün edirdilər. Qatil aşıq idi. Özündən şeirlər də oxuyurdu. Lakin xoşagələn təbi yox idi. Çox oxuyurdu. Nəhayət, cibkəsən Knyaz onun üstünə qışqırdı. Sakit olmasını tapşırdı. O yenicə susmuşdu ki, Ağakərim qapını açdırıb mənim görüşümə gəldi. Odanın darısqallığını görüb müdiri çağırdı. Məni öz yanlarına köçürməyi müdirə tapşırdı. Müdir gəldikdə o, bu gün olmasa da, sabah yatab gedəcəyimi və məni Rostov həbsxanasına yola salacağını xəbər verdi. Ağakərim yenə də təkrar olaraq ona tapşırdı: “Əgər sabah göndərilməzsə, bizim yanımıza gətirməlisən”. Müdir bu təklifi kamal-ehtiramla qəbul etdi. Mən Rostova getməyə tələsirdim. Çünki Rostovdan sonra Saritsına buraxılacaqdım. Bununla bərabər, qoçuların həyatını da öyrənməklə maraqlanırdım. Xüsusən onların həbsxana içərisindəki nüfuzu və həbsxana işçilərinin onlara bu qədər qorxa-qorxa yanaşması məni maraqlandıracaq işlərdən idi.

İkinci gün axşam vaxtı yatab gedəcəyi bəlli oldu. Şeylərimizi götürüb həyətdə düzüldük. Bir-bir səslədilər. Adları səslənən adamlar şeylərini götürüb bir tərəfə keçdilər. Hamınm adını oxuyub qurtardılar. Məni səsləyən olmadı. Polislər dəftərləri yığışdırıb getdikcə mən onlara yanaşaraq qalmağımın səbəbini soruşdum.

-  Rostov həbsxanasına məhbus qəbul etmirlər. Çünki orada tif xəstəliyi vardır, - dedilər. Məni yenə də odaya qaytardılar. Lampa da xarab olmuşdu. Çox qaranlıq idi. Burada nəfəsindən bir nəfər olduğunu bildim. Nə o danışırdı, nə də mən. Bir birimizin hansı millətdən olduğunu bilmirdik. Şeyləri qoyub oturmuşduq. Odada olan adam birdən ah çəkərək: “Ey gözəgörünməz tanrı!” - dedikdə onun türk olduğunu bildim. Həsən kişi adlı qoca bir türk idi. Türkiyənin Qara dəniz sahilində olan Rizə şəhərindən idi. Batumda çörəkci dükanı olduğundan, tutub Rusiyaya sürgün edirdilər. Bir-birimizin üzünü görmədən, oturub yemək yedik, uzandıq. Lakin yuxu aparmırdı. Gecə saat 3-ə qədər danışdıq. Səhər tezdən hələ çay içilməmişdi. Həbsxananın müdir müavini gəlib məni qoçular olan mənzilə köçürdü.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info