Qonaq Kitabı
ÇAR CASUSLARI

Biz naharı yeyib qurtarmışdıq. Hamı həyətdə idi. Məhbusların bəziləri üstünü təmizləyir, bəziləri paltarlarını yamayır, yaxud isti su tapıb paltarlarını yuyurdu. Əksər məhbuslar günəşin altında oturub başlarına gələnləri danışmaqla məşğul idilər.

Bu vaxt iki yeni məhbus gətirdilər. Həyətdə bir həyəcan, bir pıçıltı başladı. Gürcülər, ermənilər Məşədi Hüseynin ətrafına toplaşıb danışmaqda idilər. Mənim heç bir şeydən xəbərim yox idi. Təzə məhbusların paltar və başqa şeyləri yox idi. Mən onlarla tanış oldum. Onlardan birisi Əziz, digəri isə Əsədulla idi. Dediklərinə görə, qarslıdırlar. Müharibə olduğu üçün öz ailələrini Vladiqafqaza köçürmüşdülər. Qayıtdıqda pasportları olmadığından yolda tutulmuşdular. İndi isə yatab ilə Qarsa göndərilirdilər. Əziz bunları mənə nəql etdikdən sonra çar hökumətini söyməyə və tənqid etməyə başladı. Bu vaxt ətrafımızda bir çox məhbus yığılmışdı. Əlbəttə, bunların dediklərindən hər kəsdə bir şübhə oyanırdı. Çünki onların ailələrini Vladiqafaza köçürməyə lüzum yox idi. Artıq türk ordusunun hücumunun qorxusu qalmamışdı. Ərzurum alınmışdı. Rus ordusu Anadolu içərisinə soxulmaqda idı.

Vano mənə və Məşədi Hüseynə yanaşdı:

-  Çar hökumətinin bu cür fırıldaqları çox olur. Ara-sıra polisləri həbs edirlər. Onlar məhbusların kimlər və nə fikirdə olduğunu öyrənirlər. Həmin bu iki qardaş məşhur casuslardandır. Bunları Batumda, Qarsda, Sarıqamış və Ərdahanda tanımayan yoxdur. Bunlar paltarlarını dəyişmişlər. Özləri polis süvarisidirlər. Bunları lazımınca cəzalandırmalıyıq. Sizin fikrinizə başqa şey gəlməsin. Bunları casus olduqları üçün döyəcəyik, - dedi.

Biz isə:

-  Bizə fərqi yoxdur. Casus hansı millətdən olursa-olsun, casusdur, - dedik.

Axşam yatmaq vaxtı bunlara cərgədə yer verən olmadı. Hər ikisi məhbusların ayaqları altında uzanıb yatdılar. Səhər tezdən Vano qalxdı. Qapı açılana qədər lazımı adamlar ilə danışdı. Qapı açıldı. Boçkanı bayıra aparıb boşaltmaq lazım idi. Əziz və qardaşı Əsədulla hələ yerlərindən qalxmamışdılar. Vano onlara yanaşıb ayaq barmaqları ilə Əzizi dümsüklədi: “Dur, boçkanı boşalt!” - dedikdə Əziz bir tərəfi üstündən o biri tərəfi üstə yatmaq istədi. Vano bu dəfə ona ciddi surətdə bir təpik vurdu: “Dur deyirəm”. Əziz sərasimə qalxdı. Vanonu vurmaq istədikdə Baqrat və sairləri hücum etdi, bu iki qardaşı burunları dağılana və əndamları göyərənə qədər döydülər. Qaravulda duran polis xəbərə getdi. Naçalnik müavinləri ilə gəldi:

-  Bunları kim döydü? - soruşduqda hamı bir səslə:

-  Hamımız döydük, - dedi.

Naçalnik yalnız bir kərə “İt balaları”, - deyərək onların başqa odaya salınmasını əmr etdi. Hər iki qardaşı çıxarıb apardılar. Vano barmaq yazısı ilə o biri odaya sözlərini anlatdı. Orada casusları lazımi qədər döydülər. Onlar yatana qədər bütün odaları gəzdilər, hamısında da döyüldülər. Nəhayət, müdirin odasında yatdıqlarını sonradan eşitdik.

***

Bu gün axşamdan siyahını oxudular. Sabah tezdən Bakıya göndərilən məhbusların hazır olmalarını bildirdilər. Həmin gecəni heç kəs yatmadı. Həbsxanada belə bir adət mövcuddur. Yatab çıxan vaxt hər kəs ayıq olmalıdır. Çünki qalanların yatab gedənlərin şeylərini oğurlaması adətdir. Bunun üçün də hər kəs yatab çıxana qədər öz şeylərini gözdən kənara qoymamalıdır. Hətta aylardan bəri bir süfrədə çörək yeyənlər belə, bir-birlərinin şeylərini oğurlamağa çalışırlar. Gecəni hər kəs ayıq idi. Uşaqlar da yatab ilə gedəcəkdi. Volodya, Jorka da gedəcəkdi. Bu gecə həyasızlıq həddindən artıq idi. Şadlananlar da, ağlayanlar da var idi. Məşədi Hüseynin kefi çox xarab idi. Çünki Volodyadan ayrılırdı. Volodya da ağlayırdı. Məşədi Hüseynə öz ünvanını verib, Təbrizdən ona məktub yazmağını rica edirdi. Məşədi Hüseyn ona pul göndərəcəyini, Təbrizə aparacağını söyləyirdi.

Mart ayının 25-də səhər vaxtı aparılanları qəfildən səslədilər. Petros Həkimyans isti su gətirməyə getdiyindən onunla vidalaşa bilmədim... Ona çay, şəkər və başqa şeylər verməyə də imkan olmadı.

Biz Tiflisdən Bakıya bir günə gəldik. Mart ayının 26-da axşam vaxtı Bakı stansiyasında idik.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info