Qonaq Kitabı
TİFLİS HƏBSXANASINDA

Bizi saat 1-də Tiflis həbsxanasına gətirdilər. Axtarana qədər çox uzun çəkdi. Bu vaxt Batumdan da yatab göndərilmişdi. Bizimlə yan-yana bir dəstə dustaqları da soyundurub axtarırdılar. Bunların içərisində acar müsəlmanlarından Məhəmməd bəy Abaşidze də var idi. O, alt paltarlarını çıxartmamaq üçün həbsxana xidmətçilərinə yalvarırdı. Lakin mümkiin olmadı. Onu ümumi qayda üzrə soyundurub qamətini əydilər. Bir həyətə buraxdılar. Məhbusların hamısı həyətdə idi. Biz şeyləri odada qoyub üstündə oturduq. Odadakı məhbuslar gürcülər, ermənilər, iranlılar və bir də gürcü müsəlmanlarından ibarət idi. İranlı məhbusların içərisində məni tanıyanlar çox idi. İranlılardan yalnız iki nəfərin bu odada hörməti var idi. Onlardan birisi İsgəndər, ikincisi Məşədi Hüseyn idi. Gürcülər, ermənilər bunların fikri ilə hesablaşırdılar. Yeməkləri, çayları da bir yerdə idi.

Axşam zəng vuruldu. Hamı içəri qayıtdı. Məhbəsin müdiri gəldi. Hamı səf çəkib durmuşdu. O, salam verdi. Bütün məhbuslar bir səslə əsgəri salam verdilər. Sonra o getdi. Nəzarətçi gəlib hamını saydı və qapını bağlayıb dişarı çıxdı. Saat 9 idi. Bizə yatmaq üçün yer yox idi. Məhbuslar bunu hiss etdilər. Yerləri geniş olanlar biri digərinin yanına sıxıldı. Hamıya yer oldu. Sonra bir nəfər gürcü məhbusu taxta çarpayının üstündən düşürüb yerini mənə vermək istədilər. Mən qəbul etmədim. Onun özü şeylərimi çarpayının üstünə qoydu. “Sən qonaqsan, rahat ol!” - dedikdən sonra bu təklifi qəbul etdim. O gecəni yatdıq. Məşədi və İsgəndər mənim qulağıma bəzi sözlər pıçıldadılar. Burda bir az ehtiyatlı olmağı tövsiyə etdilər. Mənim yanımda olan az paramı yanımdakı Baqrat adlı məhbusun döşəməsinin altına qoyub, tezdən kimsənin xəbəri olmadan yenə də götürürdüm. Beləliklə də, həbsxanada mənim heç şeyimi aparan olmadı. Lakin assuri yoldaşımın şalvarına tikdiyi on manatı çıxarıb yerinə kağız tikmişdilər.

Mən birinci gün səhər çox tezdən ayıldım. Oteldə ağlamaq səsləri eşitdim. Qalxıb oturmağa ixtiyar olmadığından uzanmış halda ətrafı seyr etməyə başladım. Burada gənc rus uşaqlarının bir məhbusun qoynundan ağlaya-ağlaya başqa bir məhbusun qucağına atıldığını gördüm. Səhər oldu. Qalxdıq. Mən bu vəziyyət haqqında Məşədi Hüseyn ilə danışdım və bu uşaqların haradan gəlib bu fəlakətə düşdüklərini xəbər aldım.

***

32 nəfər rus balaları müxtəlif şəhərlərdən rus-türk cəbhəsinə gəlmiş, orada oğurluq və başqa işlərlə məşğul olduqlarından həbsə alınmışlar. Çünki idareyi-ülfiyə elan olunmuş şəhərlərdə işsiz və şübhəli adamların yaşamasına imkan vermirdi. Uşaqları yatab ilə öz yerlərinə göndərmək üçün Tiflis həbsxanasına gətirmişdilər. Bunları ayrı bir odada saxlamayıb 95 nəfərin içərisinə buraxmışdılar. Uşaqlar olduqca sağlam, olduqca gözəl idilər. İçərilərində 18 yaşından 20 yaşına qədər uşaqlar var idi. Çoxdan bəri qadından və azad həyatdan ayrılmış, müsəlman əxlaqsızlıqlarından təşkil edilmiş bu həyasız kütlə bədbəxt uşaqların üzərində olmazın həyasızlığı yapırdılar. Hər bir uşaq gecədə heç olmasa 6-7 nəfər caninin şəhvətini soyutmağa məcbur olurdu. Qoyulan qaydaya görə, hər bir uşaq bu gecə kimin yanında yatacağını vaxt ikən düzəlmiş şifahi cədvəl üzrə bilirdi. Şəhvətçilərin arasında heç bir ixtilaf çıxacağını görmədim. Qorxudan heç bir söz demək olmurdu. Çünki danışan və ixtilaf çıxaran məhbuslardan bir neçəsinin yaralandığı, birinin boğulub nəcis boçkası ilə çölə atılması hər kəsi qorxutmuşdu. Qapıda duran polislər də, bunu bilməmiş deyildi. Çünki gecə saat 12-dən sonra zavallı uşaqların iniltisini eşikdə olanların da eşitməsi mümkün idi. Uşaqlar gündən-günə solur, saralırdı. Bir çoxları otura da bilmirdilər. Qorxularından şikayət edə bilmirdilər. Bunların içərisində ən gözəli Jorka ilə Volodya idi. Bunlara həbsxananın qoluzorbalıları sahiblənmişdi. Volodyanı iranlı Məşədi Hüseyn, Jorkanı isə Baqrat saxlayırdı. Həbsxanada yazıq çocuqlara Məşədi Hüseynin və Boqratın qadınları deyib gülürdülər. İstər Məşədi Hüseyn, istərsə Baqrat bu uşaqlara bir qadın kimi xidmət edib onların nazlarını çəkirdilər. Həbsxana qoluzorbalıları bu uşaqları lazımınca yedirirdilər. Oğurladıqları və dişarıdan aldıqları para və yeməkləri tamamilə bu iki uşağa sərf edirdilər. Bu iki uşaq artıq əxlaqsızlığa alışmışdı. Bunlar başqa uşaqlara qarşı məğrur davranır, özlərinin gözəl və sevimli olmaları ilə iftixar edirdilər. Bu kimi söhbətləri onlar yalnızlıqda deyil, camaat içərisində danışırdılar. İstər Məşədi Hüseyn, istərsə Baqrat bu uşaqları çox təmiz saxlayırdı. Onlar iki gün ara çimdirilir və hər gün alt paltarlarını dəyişirdilər. Çay içmək üçün gətirilən isti sular bəzən Volodya ilə Jorkanın vannalarına sərf olunurdu. Bunların çiməcək yerləri ubornıdan ibarət idi. Son günlər Volodyanı pudra və ətir vuranda da gördüm. Onu bu işə Məşədi Hüseyn məcbur edirdi. Günlərin birində qəribə hadisə oldu. Vano adlı bir gürcü məhbusu Məşədi Hüseynin saxladığı Volodyanı öpmək istəmişdi. Volodya bunu ağlaya-ağlaya Məşədi Hüseynə xəbər verdikdə, o, Vanoya hücum etdi. Mən bu hadisəni büsbütün başqa cür düşünürdüm. Mənim zənnimcə, Məşədi Hüseyn yalnız olduğundan gürcülər onu lazımi qədər döyəcək idi. Lakin iş bunun əksinə çıxdı. Məşədi Hüseyn Vanoya bir sillə vuran kimi bütün gürcülər və ermənilər Vanonu döyməyə başladı. Məşədi Hüseyn buna mane oldu. “Bəsdir” - deyə onların əlindən aldı. Vano isə Məşədi Hüseyndən üzr istəyib barışdı. Çox təəccüblü işlərdən birisi də Volodyanın Məşədi Hüseyni başqa cocuqlara qısqanmasından ibarət idi.

Ərzurum şəhəri ruslar tərəfindən işğal olunan gün necə ki, bütün şəhər, elə də həbsxananı bəzəmişdilər. Bu gün hava dəxi çox gözəl idi. Naharı həyətdə yeyirdik. Yaxşı süfrə açılmışdı. Bayırdan Vanoya və Məşədi Hüseynə yemək gətirilmişdi. Volodya süfrəyə oturmamışdı. Məşədi Hüseyn və Vanonun təkrar-təkrar dəvətinə baxmayaraq gəlib nahar yemədi. Sonra mən bunun səbəbini Məşədi Hüseynin özündən soruşdum. “Mən Solovyev ilə danışdığım üçün Volodya - məni sevmirsən - deyə məndən küsmüşdür, - dedi.

Məşədi Hüseynin ərizə yazdığını və Volodyanın ona imza qoyduğunu gördüm. Əlbəttə, soruşmaq qanundan kənar idi. Lakin az keçmədən Məşədi Hüseyn ərizəni mənə göstərdi. Volodya canişin Vorontsov - Daşkova ərizə verirdi. O yazırdı ki, mənim Voronejdə heç kəsim yoxdur. Hərgah bir kəsim olsaydı, bu yaşımda Qafqaza gəlməzdim. Buna görə rica edirəm ki, mənim fağırlığımı nəzərə alıb İrana göndərilməyimə icazə verəsiniz. Ərizədə bir çox cümlələr yazılmışdı. O cümlədən Məşədi Hüseynin onu oğulluğa qəbul etdiyi də yazılmışdı. Çünki Məşədi Hüseyni yatab ilə Təbrizə göndərəcəkdilər. Uşaqların içində ən sağlam vücudlusu Vasil idi. Onu Vasya səsləyirdilər. Məhbuslar hər gün bir neçə dəfə onu döyürdülər. Heç kəs ona tərəfdar dura bilmirdi. Mən bu barədə Məşədi Hüseyn və Baqrat ilə danışdım. Onlar indiyə qədər Vasilin təslim olmadığını söylədilər. Vasyanı baykot etmişdilər. Ona heç bir şey vermirdilər. Naharı paylayanda belə ona öz normasını vermirdilər. Onu çox ağır işlərə göndərirdilər. Heç növbəsi olmadan odanı təmizlədir və boçkanı boşaltmağa məcbur edirdilər. O, böyük bir inadla bunların hamısına davam gətirir və təslim olmurdu. Onu döyəndə daima köksünü gərərək: “Vurun nə qədər istəyirsiniz! - deyib heç yalvarmır və ağlamırdı. Bunların hamısını həbsxana müdirləri görürdü. Mən ara-sıra tək düşdükdə Vasilə ürək verirdim, onun əxlaqını təqdir edirdim, heç kəs bilmədən ona bir neçə parça şəkər də verirdim. Lakin o, çay içərkən şəkəri əlində gördülər. Şəkərin kimin tərəfindən verildiyini öyrənmək üçün çox çalışdılar. Tapa bilmədilər, Məşədi Hüseyn və Baqrat bu barədə bir kərə mənə yanaşıb, Vasilə yardım etməməyi və bununla da məhbusların nifrətini qazanmamağı tövsiyə etdilər.

***

Son günlər uşaqlardan ikisi - Mitya və Aleksey tamamilə xəstələndilər, büsbütün ayaqdan düşdülər. Daha oturmağı bacarmırdılar. Bununla belə, vəhşi məhbuslar yenə də onları incidir və istifadə edirdilər.

Səhər qapı açılanda məhbusların hamısı bayıra çıxmışdı. Nəzarətçi gəlib odanı yoxlarkən uşaqların uzandığını və qalxa bilmədiyini gördü. Adlarını yazıb getdi. Məhbuslar cocuqların xəstəxanaya aparılmalarından qorxuya düşdülər. Nəzarətçi getdikdən sonra onları hədələyib həyətə çıxmağa məcbur etdilər. Lakin taqətdən düşmüş cocuqlar qalxıb yenə də yıxıldılar. Yarım saatdan sonra xəstəxana qulluqçuları gəlib cocuqları apardılar. Mən cocuqların aparılmasına çox sevindim. Həkimlərin bu həyasızlığın üstünü açacağını zənn edirdim. Bəlkə, bunun üstü açıldıqdan sonra başqa uşaqlar da bu fəlakətdən qurtaracaqdır - deyə düşünürdüm. Bir gün, iki gün, bir həftə gözlədik. Xəbər çıxmadı. Çar məmurları, çar hakimləri buna əhəmiyyət vermirdilər. Uşaqların xəstəxanada öldüklərini eşitdik. Həyasızlıq isə yenə də davam edirdi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info