Qonaq Kitabı
MƏHBUS QADINLARIN MƏKTUBU

Mən mərsiyəxanın yanından qayıdandan sonra odada bir neçə kərə o tərəf-bu tərəfə dolaşdım. Sonra qapını açıb, məni həyətə buraxdılar. Mən dişarı çıxarkən qadınlar qayıtmaq üzrə idi. Açarçı qapını açırdı. Qadın məhbuslar onun dalınca düzülüb durmuşdular. Erməni qızı ən axırda durmuşdu. O, məni görərkən əzilmiş bir kağızı yerə buraxdı. Kağızı qaldırdım. Bayırdan qayıtdıqdan sonra onu oxumaq mümkün olmadı. Çünki açarçı prokurorun gəlməsini xəbər verdi. Prokuror (müddəyi-ümumi) içəri girdi. Mütərcim də qoltuğunda portfel ondan sonra daxil oldu. O, salam verdi. Mən bir söz demədim. Yalnız paltomu çıxarıb divardan asmaqla məşğul idim. Prokuror nəzərimi özünə cəlb etmək üçün bir kərə öskürdü və sonra:

-          Necə yaşayırsınız? - dedi.

Mən ona:

- Öz evimiz kimi yaşayıram, - deyə yenə də öz işimə məşğul oldum.

- Mənə söyləməli bir şikayətiniz varmı? - deyə müddəi-ümumi bir də soruşdu.

- Tutalım ki, vardır, nə edə bilərsiniz?

- Mən prokuroram. Şikayətinizi dinləmək və sərəncam vermək üçün gəlmişəm.

- Elə isə çox pakizə. Məni buradan buraxdıra bilərsinizmi?

- Xeyr! Bu mənim vəzifəmə daxil deyildir.

- Elə isə zəhmət çəkib bu yaxında olan qadın məhbusların odasına gedin, onların gecələr nədən ötrü ağlamalarının səbəbini soruşun, - dedikdə baş nəzarətçi qulaqlarına kimi qızardı.

Müddəi-ümumi isə mənə müraciətlə:

- Sizi dinləyirəm! - söylədi.

- Bəlkə, xəstəxanada dərman əvəzinə içirilən kötəklər haqqında təhqiqat apara bildiniz.

Müddəi-ümuminin:

- Qərardad edərəm! - deməsi üzərinə mən:

- Elə isə həbsxanaya bərbər yerinə molla və keşiş gəlməsi səbəblərini də aydın ediniz! - söylədim.

Müddəi-ümumi daha dayanmadı. Bir daha:

- Qərardad edərəm! - deyərək getdi.

Bu gündən etibarən vaxtı ilə mənə nifrət nəzəri ilə baxan, hətta odanı yoxlamaq üçün girdikdə salam belə verməyən baş nəzarətçi tez-tez gəlib saatlarla otururdu. Həyətə istədiyim vaxt çıxa bilirdim. Çünki baş nəzarətçi qapımın bağlanmaması üçün əmr vermişdi. Qapım fəqət gecələr yoxlamadan sonra bağlanırdı. Bu isə mənim həbsxanada bir çox işlərdən xəbərdar olmağıma və qadınlar haqqında lazımi məlumat əldə etməyimə imkan verirdi.

* * *

Qadın məhbusların məktubunu açdım. O məktub dəxi çay kağızında yazılmışdı. Məktubu erməni qızının yazdığı bəlli idi. Çünki çox savadsız halda rusca yazılmışdı. Məktub belə başlanırdı: “Qardaş, bağışla, namusumuz o qədər getmişdir ki, bir adama qardaş deməkdən də utanırıq. Sizi bu haramzada Əlidən soruşduq. Tərif etdi. Elə özümüz də sizə birtəhər öz dərdimizi bildirmək istəyirdik. Hərgah allah varsa, bir vəsilə salsın ki, biz hamımız burada əhv olaq. Bilsəniz ki, gecələr bizim başımıza nə iş gətirirlər, başınızdan tükləriniz qalxar. Gecələr bizə polis paltarı geyindirib kef məclislərinə aparırlar. Elə gecə olur ki, bizi keflədib həbsxanaya ikinci gecə qaytarırlar. Həbsxana müdiri xanların dostudur. Biz gecədə bir kefli xanın məhəlləsindəyik. Yazıq Mələknisə burada doğdu. Həmin gün bu həyasız Əli uşağı aparıb haradasa boğub atdı. Bunların hamısını eləyən çünki Əlidir. Görün, bəlkə, bir çarə tapa bildiniz”.

Məktubu oxuduqdan sonra özümü hiss edə bilmirdim . Bu zavallı qadınların başına gələn həqarət ürəyimi sağalmaz bir halda yaraladı. İndi o ağlayışlar, Mələknisənin məhzun siması qulaqlarımda və nəzərimdədir.

Cüngu Əlinin qapıdan girdiyini, naharı masanın üzərinə qoyduğunu belə hiss etməmişdim. Cüngu Əli məni dümsəklədi:

-          Nə fikrə getmisən? Bura həbsxanadır. Özünü nə üçün boğursan?

Bu həyasızı görmək istəmirdim. Onun yalançı göz yaşlarının hər damcısını xatırladıqca, sanki bunlar bir qurğuşun olub ürəyimə girirdi. Bu alçaq “millətpərəst”in gözlərinə tüpürmək dərəcəsinə qədər acıqlanmışdım. Lakin nə deyə bilərdim?! Burası həbsxanadır. Burada ölümə getmək, zəhərlənmək də mümkündür. Onun üzünə müstəar bir surətdə gülərək:

-          Ev yadıma düşmüşdü , - deyərək onu şübhədən çıxartdım.

Nahar Abbas İsmayılovun evindən göndərilmişdi. Plov və sair yeməklərdən ibarət idi. Əli durmuşdu. Getmədi. Nahardan yemək xəyalında olduğunu bilirdim. Otarmasını təklif etdim. Əli bir az fikrə getdikdən sonra:

- Baş nəzarətçidən icazə alıb gələrəm! - deyə getdı. Az sonra gəldi. Baş nəzarətçi də dişlərini ağarda-ağarda içəri girdi. Oturmağa kürsü yox idi. Kürsü gətirdilər. Oturub nahar yedilər. Məndə isə nahar yemək halı yox idi. Onlara vəziyyəti bildirmək və ac qalmamaq üçün yeməyə məcbur idim. Nahar vaxtı baş nəzarətçi bir neçə dəfə:

- Yemək masası həm kəsifdir, həm də xırdadır - deyə təkrar etdi.

Nahar bitdi. Əli gedib qaynar su gətirdi. Yaxşı çay dəmlədi. Bir neçə stəkan şirin çay da içdilər. Şəkər çox idi. Yedilər, mənim üçün axşam yeməyinə də bir şey saxladılar. Əli qabları yığışdırdı. Baş nəzarətçi də qalxıb əl verdı. Mənə razılıq etdi. Bayıra çıxdılar. Əli qapını bağlamaq istədikdə baş nəzarətçi:

- Qapamaq lazım deyil, açıq burax! - deyə ona əmr etdi. Bu gündən sonra mən olduğum odanın qapısı daha bağlanmadı. Mən birinci kərə müəyyən vaxtdan xaric olaraq dəhlizə çıxdım. Qadınların olduğu odanın qapısından keçıb xəstəxanaya baxdım. Qadınlardan Mələknisə ilə erməni qızı əlləri qoltuğunda dolaşır, birisi nə isə yamayır, ikisi də başları dizlərində oturmuşdu. Onlar məni bayırda görüb qapıya yüyürdülər. Mən daha durmadım. Keçib öz odama gırdim. Əldə fürsət var ikən onların məktubuna cavab yazmaq istədim. 

“Mən sizin vəziyyətiniz haqqında həbsxanaya gələn gunün səhəri məlumat almışdım. Lakin bu həqarətin Əlinin əli ilə baş verdiyini bilmirdim. Siz doğru demiş olsaydınız, bu həqarətin heç birisi baş verməzdi. Sizi incidərdilər, döyərdilər, lakin öldürə bilməzdilər. Əlbəttə, mən sizi təqsirləndirmək istəmirəm. Siz köməksiz bir qadın olduğunuzdan, şübhəsiz ki, müqavimət göstərməkdən qorxmuşsunuz. Siz onu bilin ki, mən bu həyasızlığa sakit oturmayacağam. Bunu qubernatora qədər yetirəcəyəm. Mən həbsxanaya, girdikdən sonra çar hökumətinin həbsxana qanunları barəsində belə bir qərara gəldim: burada hər bir şey ola bilər, bura əziyyət çəkmək və həqarət görmək üçündür. Siz öz dərdinizi mənə yazın. Hər nə ehtiyacınız olsa, düzəldərəm. Siz heç də “qohum-qardaş üzünə çıxa bilmərik” sözünü təkrar etməyin. Çünki burada insanın düçar olduğu əxlaqsızlıq özünüzdən asılı deyildir.”

Məktubu bitirib saxladım. Sonra həbsxana həyatını və gündəlik xatıratımı yazmaqla məşğul oldum. Baş nəzarətçi gəlib gördü. Mən çəkindim. O:

- Eybi yoxdur, yazıçı dinc otura bilməz. Lakin yazdığınızdan bizə məzəmmət gəlməməsinə diqqət verin, - dedikdə mən :

- Gündəlik həyatımı yazıram, - deyə onu sakit etdim. Baş nəzarətçi oturub danışırdı. O, söhbəti prokuror (müddəi-ümumi) ilə olan söhbətimizdən başladı:

- Bilirsinizmi, bura həbsxanadır. Bura birisinin evi qədər rahat olursa, daha heç kəs ziyanından, cahillikdən əl çəkməz. Buna görə də bizə dəstürül-əməl verilmişdir. Bir çoxları bu əziyyət və həqarətin səbəbini bizdə görürlər. Əlbəttə, həyasızlıqlar da olur. Bunda müddəi-ümumi və sairələri müqəssir deyildir.

Şübhəsizdir ki, o məni lazımi qədər öyrənmək istəyirdi. Çünki, hər nə olursa-olsun polis idi. Baş nəzarətçi gedib mənim üçün təmiz və böyük bir yemək masası gətirdi. Yatacaq şeylərini də dəyişdirdi.

Axşam idi. Bayıra çıxdım. Kağızı qadın məhbuslar olan odanın qapısından içəri buraxdım.

***

 Gecəni çox rahatsız idim. Hərgünkü adətimin əleyhinə olaraq, bu gün yerimdən tez qalxmağa tələsirdim. Bunu çünki Əli də hiss edirdi. Ara-sıra gəlib: -“Nə üçün yatmırsan?” - deyə soruşurdu. Nəhayət, səhər saat 6 oldu. Ağaclar dəmir pəncərələrə vuruldu. Hamı kimi mən də tələsik qalxdım. Saat 6-dan beş dəqiqə sonra bütün qapılar açıldı və məhbuslar dişarı buraxıldı. Mən olduğum odanın qapısını da açdılar. Lakin bayıra çıxmadım. Çünki Əli içəri girdi, kefimi soruşdu. Ona İsmayılovun yanına getməyi tapşırdım. Çünki bu gün saat 9 qatarı ilə Raya Culfadan Naxçıvana gələcəkdi. Çünki Əliyə borclu idim. Məşədi Ələkbər çayçıya məktub yazıb ona 10 manat verməsini tapşırdım. O, məktubu alıb sevindi:

- Daha nə xidmətiniz varsa, buyurun! - deyə 10 manat paranın hökmünü bir daha təsdiq etmiş oldu.

Bu gün bayıra təxirlə çıxdım. Hər kəs çəkilib öz odasına getmişdi. Mən bayıra çıxdıqda açarçılardan başqa dəhlizdə kimsə yox idi. Qadınlar odasının yanından keçdikdə erməni qızının dəmir pəncərənin qarşısında gördüm. O mənə bir məktub buraxdı. Qadınların məktubuma nə cavab verəcəkləri ilə bir gündən bəri maraqlanırdım. Erməni qızının Qazancı kəndindən olub Bakıda doğulduğunu, Estər namında bir qız olduğunu Cüngu Əlidən xəbər almışdım. Qız atası tərəfindən ərə verildikdə getmək istəməmiş və ərə almaq istəyən zatın qətlində iştirak etdiyi üçün üç il həbsə məhkum olmuşdu. İstər Estər, istərsə Mələknisə birinci məktubda nə öz adlarını, nə də öz təqsirlərini yazmışdılar .

Məktubu açıb oxumağa başladım. Bu məktub bir az diqqətli və savadlı yazılmışdı. Məktubun əvvəlində adımı hörmətlə xatırlamış və məni tanıdıqlarını qeyd etmişdilər: “Qardaş, məktubda bizi məzəmmət edirsiniz. Ona görə də sizə işi necə başlayıbsa elə də yazıram. Biz heç vaxt belə bir həyasızlığı xəyalımıza da gətirməzdik. Cüngu Əli hər gün odamızı yoxlamağa gəldikdə ağlayır və bizə ürəyi ağrıdığını təkrar edirdi. O, xüsusən Mələknisənin halına çox yanırdı. O daima “Yazıq gəlin!” - deyərək onun xilası üçün çalışacağını söyləyirdi. Günün birində Əli sevinərək gəldi. Mələknisəyə müjdə verdi: - Naçalniklə danışmışam. O sənin halını bilmirdi. Bu gecə gəlib özü səni danışdıracaqdır. Doğrudan, biz də şadlandıq. Gecə saat 12-dən sonra Əli gəlib qapını açdı və dedi: -Ağa Mələknisəni danışdırmağa gəlir. Siz bayıra çıxın. Mələknisə qaldı. Bizi kontora apardılar. Biz gecə saat 3-ə qədər kontorda oturduq. Bundan özümüz də şübhəyə düşdük. Bizi odamıza qaytardıqda Mələknisəni tükləri dağıdılmış və ağlar bir halda gördük. O özünü öldürürdü. Əli isə ona: - Adam qaraçılıq etməz. Biz sənin yaxşılığın üçün çalışırıq, - deyirdi. Mələknisənin bədbəxtliyi belə başladı. Bu hadisədən neçə gün sonra Əli gecə saat 1-də içəri girib məni kontora çağırdı. Burada bir nəfər rus qulluqçusu var idi. Kontorda mənə xəbər verdilər ki, sudya səni yanına çağırıbdır. Mən sevindim. Çünki ona ərizə vermişdim. Mənim yanıma bir dəst həbsxana qulluqçusu paltarı qoyub geyinməyimi əmr etdilər. Mən bundan şübhələndim. Onlar: - Gecə olduğu üçün belə lazımdır, - dedilər. Razı olmağa məcbur idim. Biz bayıra çıxdıq. Bazara qədər piyada getdik. Orada fayton durmuşdu. Düz doğru faytona yanaşdıq. Məni bir xırda bağın yanından keçirib, bır evə gətirdilər. İçəri girdikdə həbsxana müdirini və bir neçə başqalarını gördüm. Birinci qədəmdə qızılığımın bərbad olduğunu yəqin etdim. Məclisdə olanlar xanlar idi. Məni süfrəyə oturtdular. Heç kəs bir söz demirdi. Ancaq məni içməyə məcbur edirdilər. Çox içirtdilər. Mən özümü hiss etmirdim. Yuxudan ayıldıqda ev qaranlıq idi. Bütün vücudum ağrıyırdı. Haqqımda nə qədər həqarət icra olunduğunu hiss edərək ağlayırdım. Bir nəfər içəri girib durmağımı əmr etdi. Durub geyindim. Məni qaranlıq otaqlardan keçirib bayıra çıxartdılar, faytonla həbsxanaya gətirdilər. Yenə də kontorda soyundum öz paltarlarımı geyindim. Odaya girdikdə oradakı qadınlar getdiyimin ikinci günü olduğunu dedilər.

 

Bizim bədbəxtliyimiz belə başladı. Nə edə bilərdik yenə həmin hərəkət davam edir. İndi hər nə olursa, həmin odada olur. Həyamız, namusumuz qalmamışdır…”.

Hər iki məktubun üzünü lazımınca yazıb dişarı göndərmək lazım idi. Bu işi çaydan sonraya buraxdım. Çünki dəhlizdə şiddətli get-gəl başlamışdı. Çayı içdim. Məktubları ağartmaq üçün kağız yox idi. Cüngu Əlini gözləmək lazım idi.

***

Cüngu Əli qayıdıb gəldi. Rayanın məktubunu gətirmişdi. Raya vaxtında gəlmişdi. Cüngu Əli yenə də bir parça kağız və başqa şeylər qoyub getmək istədikdə onu dayandırıb yenə kağız lazım olduğunu söylədim. O, kontora gedib bir neçə parça kağız gətirdi və: Məktubun cavabını tez yaz ver. Axşam gedəcəkdir, - dedi və getdi. Qabaqca Rayanın məktubunu oxumaq lazım idi. Məktubun əvvəlində taleyindən şikayət və sevincindən məhrumiyyət sözləri yazılmışdı. Bunlardan sonra isə belə yazırdı: “Polkovnikin və onun yoldaşının işi çox yaxşıdtr!1 Burada heç kəs yoxdur. İrandan Culfaya çəkilmiş ordu hissələri tamamilə İrana qayıtdı. Evlər tamamilə dağılıbdır. Küçələrdə saatlarla kimsəni görmək olmur. Sən oturduğun evdə nə qapı, nə də aqoşqa qalmışdır. Hələ indiyə qədər nə xoruz, nə də balaca Tumbul2 həyətdən çıxıb getməmişdir. Onlara hər gün ağlaya-ağlaya yemək aparıram. Onlar məni tanıyırlar. Culfada sən tanıyan kimsə qalmamışdır. Sənə yeni alt paltarları göndərdim. Əsgiləri göndərin. Yuyub gələn həftə gətirərəm. Culfada yaşaya bilmirəm. Sənin Naxçıvandan aparılmağını gözləyirəm. Culfada bir gün də qalmayacağam. Kimin üçün də qalmalıyam?! Səni hara aparsalar, gələcəyəm. Gərək səni taleyinin nə ilə qurtaracağını görməyə çalışam, sdn səmimi yoldaşsan. O duygu məndə yenə də vardır. Bunu mənim ürəyimdən heç kəs çıxara bilməz. Yüz manat para almağım üçün göndərdiyin kağızı da özünə qaytardım. Çünki pulum vardır. Məktubun cavabını göndər. Axşam qayıdacağam. Raya”.

Cavabını yazdım: “Raya yoldaş! Nəsrulla Şeyxovun hansı tərəfə göndərildiyini İsmayılov vasitəsi ilə öyrənib, ona məktub yazar və mənim Saristın şəhərinə göndərildiyimi xəbər verərsən. Ayıq ol. Haqqında şübhə oyandıra biləcək işlərə imkan vermə. Sənə yazdığım müddətdən məni buradan aparacaqlar. Əbəs yerə paltar göndərmə. Hər şey vardır. Dəsmalları özün hazırladığın üçün bir yadigardır. Konfet, lumu, şokoladlar yetişdi. Zəhmət çəkmə. Pullarını xərcləmə! Yoldaşlardan gördüklərin adamlara salam söylə. Salamat qal!.

Bu gün mənə məktub məktub üstündən gəlirdi. Zəncirli məhbuslardan bir məktub aldım: “Hörmətli Ordubadi, sizdən təvəqqe edirik ki, bu gün nahara bizə qonaq olasınız. Bu gün sizə naharı biz göndərəcəyik”.

Məktub qısa idi. İndi mən düşünürəm. Əcaba, bunlar məni nəyə qonaq edəcəkdilər? Hər halda çox uzun müddət gözləmək lazım deyildi. Nahar vaxtı yaxınlaşırdı.

Qapıdan açarçı girdi. Əlindəki podnosu masanın üzərinə qoydu. Nimçədə bir dənə bişmiş göyərçin, bir dənə də lavaş çörəyi idi. Bu vaxt Cüngu Əli də dişarıdan nahar gətirdi. Əhvalatı bildi və gülərək dedi:

- Sizdən para almaq istəyirlər. Hərgah mümkünsə, bir şey verməyin eybi yoxdur.

- Bəs bu göyərçini haradan almışlar?

- Pəncərədən tələ qurub tuturlar. Çaynikə qoyub növbə ilə lampanın üstünə o qədər tuturlar ki, bişir. Peşələri göyərçin əti yeməkdir.

Həmin bu günün özündə başqa məhbuslardan məktub və yazılmış stəkan daha aldım. Stəkanda uca bir qala şəkli idi. Qaladan bir quş çıxıb dişarıdakı ağaca qonmuşdu. Şübhəsiz ki, bu şəkil həbsxanadan azad olunmuş bir adamı ifadə edirdi. Əvvəlkilərə 10 manat, ikincilərə isə 5 kirvəngəlik şəkər, çay və papiros göndərirdim.

Başqa günlərdə də bəzi şeylər göndərirdilər. Təsbeh, quş, maral və başqa şəkillər gəlirdi. Bunları ümidsiz buraxmaq və bir şey verməmək mümkün deyildi.

Bir gün səhər yanıma bir nəfər məhbus gətirdilər. Məhbus çöhrə və qiyafəcə həqiqi bir almana bənzəyirdi. Çox sevindim. Bir arkadaşa ehtiyacım var idi. Yalnızlıq olduqca məni pozmuşdu. Bir neçə dəqiqə biri digərimizlə qonuşmadıq. Onun Türkiyə ermənilərindən olduğunu bildikdə türkcə kefini soruşdum. O da mənim türk olduğumdan şadlandı. Məhbusun adını soruşdum.

-          Petros Həkimyans, - deyə əlini uzatdı.

Tanış olduq. Çay içdik. Yemək yedik. Onun heç bir şeyi yox idi. Dəyişik paltarları, hətta alt paltarları da götürməmişdi. Yatdı rahat oldu. Mən onun həbs olunması səbəblərini soruşmağa cürət etmirdim. Bəzən elələri olurdu ki, həbs səbəblərini deməkdən utanır. Həkimyansın özü sözə başladı:

-            İndi ki, tanış olduq, madam ki, biz bu odada bir çox günlər yaşamalıyıq, onda kim olduğumuzu və bu arkadaşlığa səbəb olan cəhətlər haqqında da biri digərimizi xəbərdar etməliyik. Əvvəlcə mən öz başıma gələnlərdən danışım. Mən Van şəhərindənəm. Təbriz şəhərində fransız Reji kompaniyasının papiroslarını satırdım. Türklərin Təbrizi işğal etməkləri nagahan bir surətdə baş verdi. Rusları və rus təəbələrini elə bir dəhşət əhatə etmişdi ki, dükanlarını və evlərini açıq qoyub qaçırdılar. Mən dükanı qapadım. Evə gedib hazırlıq görməkdən qorxdum. Qaçqınlar qafiləsinə qoşulub Culfaya qaçdım. Bütün İran Azərbaycanında olan ordu və rusofillər tamamilə açıq havada yaşayırdılar. Mən Tiflisə bilet almaq üçün 5 tümən İran pulu rüşvət verdim. Tiflisdə bir neçə gün qaldıqdan sonra türklərin Təbrizdən çəkildiyini eşitdim. Qayıdıb Culfaya gəldim. Orada jandarm idarəsi məni alman casusu deyib yoxladı. Urmiya keşişi, Assuri keşişi, hətta Naxçıvan erməni keşişi və bir çox Van qaçqınları mənim vanlı Həkimyans olduğuma şəhadət verdilərsə də, qəbula keçmədi. Türk ermənisi olduğuma baxmayaraq, hazırda Tambov quberniyasına alman casusu kimi sürgün edilirəm, - dedi və gözləri yaşardı.

Ona təskinlik verdim. Lakin bu təskinliklər ona heç bir qənaət vermirdi. Çünki ailəsinin necə olduğundan xəbəri yox idi.

Həkimyans ədib bir zat idi. Türkcə çox gözəl şeir oxuyurdu. O, həbsxanada qaldığımız vaxt Viktor Hüqonun bir çox əsərlərini hətta “Səfillər” kimi böyük bir əsəri oxudu. İtaliya, Almaniya ədiblərindən də bir çox şeirlər oxuyurdu. O, türk şairlərindən Rəmzi baba, Əşrəf və başqaları haqqında böyük məlumata malik idi. Ara-sıra özü də şeir yazırdı. Lakin yazdıqlarının hamısı həcv idi. Hamısı da Nikolaya və ailəsinə ithaf olunurdu. Onun söhbətləri mənə bir çox mövzular vermişdi. Naxçıvanda həbsxanada “Məşhur dolandırıcılar” adlı bir roman dəxi yazmağa başlamışdım. Parça kağızlar üzərinə yazılan bu romanı çox əziyyətlə həbsxanadan dişarı çıxartdım. Lakin dünya müharibəsindən sonra dünyanın xəritəsi və yaşadığımız mühit tamamilə dəyişdikdə romanı təb etdirə bilmədim.

Hər halda biz Həkimyans ilə yaxşı həyat keçirirdik. Ona alt paltarları da təklif etdim. Qəbul etmədi. Dişarıdan başqa şeylərlə təmin olunurduq. Həkimyans gələn günün səhəri həbsxana dəhlizində heç kəs yox idi. Mənim odamın qapısı da açılmadı. Halbuki qapı 6-dan axşam saat 7-yə qədər açıq olurdu. Çay vaxtı keçirdi. Heç kəsi nə çaya, nə su başına getməyə buraxmırdılar. Çaydan sonra Cüngu Əli qapını açıb içəri girdi:

-  Hələ qapı açılmayacaqdır. Hadisə baş veribdir. Naçalnik və prokuroru gözləyirik, - dedi.

Mən:

-  Nə hadisə vardır? - deyə sual verdim.

-  Gecə Mələknisə özünü pəncərənin dəmirindən asıb öldürmüşdür, - dedikdə gecə qadınlar odasından gələn bağırtı və ağlamaq səslərini xatırladım.

Saat 4 radələrində hər gecə olduğundan daha şiddətli ağlamaq səsləri eşitdik. Mən yenə polislərin gəldiyini zənn etdim.

Saat 11-də Zançenko, sudya və prokuror gəldı. Protokol düzəldi. Qadının ölüsünü harasa apardılar. Qapımızı açdılar. Qadınları ağlayan gördüm. Erməni qızına həqiqəti yazmasına işarət etdim.

Gəzmək vaxtı həyətdə gürcü tanışım Nikolaya rast gəldim. O, qadının hamilə olduğunu və bunun üçün özünü asdığını söylədi. Lakin məsələ belə olmamalıdır. Mən qızın məktubunu almamış heç bir qərara gələ bilməzdim. Odaya qayıtdıqdan sonra Cüngu Əlini çağırdım. Qadın haqqında doktorun nə bəyanət verdiyini soruşdum. Cüngu Əli:

-  Görünür, Mələknisə dəli imiş. Doktor dəli olduğunu təsdiq etdi. Yanında olan qadın məhbuslar da onun dəli olduğunu söyləyib qol qoydular, - dedi.

Mən heç bir söz demədim. Çünki məsələnin başqa cürə olduğunu zənn edirdim. Hər halda yazıq qadının asılması özünün azad olması demək idi.

***

Erməni qızının məktubunu aldım. Mələknisənin asılmasına dair müfəssəl surətdə yazırdı: “Doğrudur, bizə də qol çəkdirdilər ki, Mələknisə dəli idi, amma o, heç dəli deyildi. Hətta mən bədbəxt olduğumun ikinci gecəsi çox ağladım. Gecə yarısından sonra stəkanı sındırıb onunla intihar etmək istədikdə Mələknisə məni tutub qoymadı. Nəsihət etdi. Şüşəni alıb özündə saxladı. O, heç vaxt ölmək istəmirdi. Doğrudur, doğandan və Cüngu Əli uşağı boğmağa aparandan sonra o, çox həyəcanlı idi. Lakin yenə də ona dəli demək olmazdı. Çox ağıllı, fikirli qadın idi. Dünən gecə iş belə oldu: mən baş nəzarətçinin odasına çağırıldım. Orada məni yenə də keflənməyə məcbur etdilər. Məndən sonra başqalarını da kontora salıblar. Odada Mələknisə qalıbdır. Onun yanına kim gəlibsə, nə olubsa - bilmirik. Ancaq mən gecə saat 4-də gəlib gördüm Mələknisə asılıbdır. Qışqırdım. Gəlib ağzımı tutdular. Qadınları da gətirdilər. Çox çığır-bağır saldıq. Baş nəzarətçi “Yatın!” - deyə qışqırdı. Bizi ölümlə hədələdi. Öz-özünü asa bilməzdi. Döşək üzünü kəsib kəndir kimi eşiblər. Çox yaxşı sabunlayıblar. Ondan sonra Mələknisəni asıblar. Çünki təklikdə Mələknisə bunu bacarmazdı”.

Məktubu oxuduqdan sonra çar həbsxanasının bu həyasızlığını da yazdım. Çar müddəi-ümumisinin, çar həkiminin vicdanını bir daha təcrübədən keçirtdim. Bu hadisə mənə olduqca fəna təsir bağışladı. Bir neçə gün xəstələndim. Əsəbilik artdı. Hətta səbəbsiz yerə... Həkimyansla belə dalaşırdım. O heç bir söz demirdi. O dəxi çox mütəəssir olmuşdu. Daşnaqları daima nifrətlə xatırlayıb, “Görün alçaqlar nə kimi alçaq bir hökümətə arxalanırlar”, - deyirdi.

Fevralın 13-də Cüngu Məşədi Əli Rayanın məktubunu gətirdi. Raya gedəcəyimi bildiyindən yol üçün lazım olan hər bir şey gətirmişdi. Məktubda belə yazırdı:

“Culfaya həmişəlik vida etdim. Çıxan günü bir daha sən yaşayan evə getdim. Dağılmış kitabxananın vərəqləri hələ də dəhlizdə qalır. Bir parça əlyazını da tapdım. Yadigar götürdüm. Xoruz ilə Tumbul hələ də həyətdədir. Evin keçmişini xatırladıqca agladım.

Polkovnik məni buraxmaq istəmirdi. Gecə-gündüz agladığımı, rahatsız olduğumu görüb məcburən icazə verdi. Aglamağımın səbəbini soruşdu. Hər dəfə soruşanda “Rostovda nişanlıyam” - deyirdim. İndi sənə yazıram. Şəksizdir kı, səni Saritsına Rostov şəhərindən keçirib aparacaqlar. Buna görə də evimizin ünvanını yazıb göndərdim. Rostova gəlməzdən bir neçə gün əvvəl mənə gələcəyini yaz göndər. Evimiz stansiyanın yanındadır. Bilmirəm yol üçün sənə daha nə lazımdır. Əlbəttə, hər nə lazımsa, yaz, axşama qədər alıb həbsxanaya göndərim. “Dvores” otelində qalacağam. Özümü onlara tanış vermədim. Hələlik salamat qal. Sözümdə varam. Hara getsən, gələcəyəm. Qəlbim qadın qəlbidir. O, nə qədər nazik olsa da, bir yoldaşın səmimi məhəbbətini daşımaq üçün poladdan da möhkəmdir. Raya. 12 fevral”.

Məktuba çox qısa cavab verdim: Raya! Məktubunu aldım. Evinizə dönəcəyindən artıq dərəcədə şadlandım. Bu qədər şeyləri gətirməyə lüzum yox idi. Yol üçün Hacı Əbdüləli aga hər bir şey hazır etdirmişdir. Bəlkə də, sabah tezdən bizi apardılar. Bəlkə də, stansiyada görüşdük. Rostov şəhərinə  gəlməli  olursam,  vaxtikən sənə məktub göndərərəm. Raya sənə bir xoşbəxtlik üz verirsə, üzərindən atlama, özünün istiqbal hazırlıgına çalış. Bu kimi şeylər bizim səmimi olan yoldaşlıq əlaqəmizə zərrə qədər də zərbə vura bilməz”.

Cüngu Əli məktubun cavabını çox tez gətirdi. Çünki hər dəfəsində 2-3 manat para alırdı. Raya stansiyada görüşəcəyinə şadlanırdı. O, məktubunun axırındakı cümlələrə “ağlaya-ağlaya etiraz edirəm”, - deyə cavab vermışdi.

Naxçıvan həbsxanasında yatab ilə göndərilən 3 nəfər idi: mən, Petros Həkimyans, bir də Ələsgər adlı bır gənc. Biz bayıra çıxdıqda Hacı Əbdüləli və başqa tanışları gördük. Onlar fayton da gətirmişdilər. Bizi dörd soldat stansiyaya apardı. Onlar da faytonlara oturdular. Raya isə həbsxanadan bir az aşağı xaraba hamamın qarşısında dayanan faytonda imiş. Bizim faytonların səsi eşidildikdə ağ dəri yaxalığın içində oturmuş kazak qızının qızıl çöhrəsi göründü. Raya bizi görərkən çox sevindi. Fayton faytona yanaşdı. Əlini sıxdım. Ağlayacağını bilirdim. Ona görə də:

- Raya, ixtiyarını əlinə al! Kazak qızı olduğunu, unutma! - dedim.

Faytonlar yan-yana gedirdi. Soldatlar mane olmurdular. Gənc soldatlar qayət nəcib və ədəbli idilər. Soldatlar qızın həyəcanını hiss edərkən:

- Hələ qatarın gələcəyinə çox qalmışdır. Stansiyaya tez getməyə çalışma! - deyərək tövsiyə etdilər. Faytonlar çox yavaş gedirdi. Biz stansiyaya yetişdikdən beş dəqiqə sonra Qatar Culfadan gəldi. Məni yola salmaq üçün başqaları da gəlmişdi. Onlar da, Raya da ağladılar. Hacı Əbdüləli ağa da bunlara qarışmışdı. Çox təəccüblüdür ki, rus soldatları da ağladılar. Bizi yatab vaqonuna qəbul edəcək qaravul komandanı da bunlara tanış çıxdı. Soldatlar komandan ilə nə isə pıçıldaşıb məni nişan verdilər.

Yatab vaqonunda kimsə yox idi. Raya yanımızdan ayrılmırdı. Vaqon hərəkət edincəyə qədər Raya Culfadan söhbət edir və həbs olunanlar haqqında danışırdı. Soldatlar ayrılıb getdikdə yoldaşlar onlara beş manat papiros verdi. Ayrıldıqda gəlib vidalaşıb getdilər. Soldatlardan alınan xatirə çox qiymətli idi.

Qatar son islığı verdikə Raya dəxi vidalaşıb öz, vaqonuna getdi. Qatar gözdən itincəyə qədər baxırdım. Hələ Hacı Əbdüləli Culfadan gələn yoldaşların ağ dəsmallarını gözlərinin üzərində görürdüm. Naxçıvandan ayrıldıq. Çox xatirələrlə ayrıldıq. Bunların içərisində Mələknisə ilə Esterin həvatından aldığım xatirələr olduqca faciəli idi.

Yoldan qaravul komandanı bizə olduqca mərhəmət göstərirdi. Hər yerdə nəyə ehtiyacımız olduğunu soruşurdu. Kiçik stansiyalarda da qapıya çıxıb bayıra baxmağımıza icazə verirdi. Mötədil bahar havası Ulxanlı stansiyasına qədər davam etdi.

Qatarımız Ulxanlıda dayandı. Adət üzrə bu stansiyada həm Tiflis qatarı ilə Culfa-İrana gedənlər, həm də Culfadan Tiflis və s. yerlərə gedənlər nahar edirlər. Gozəl və təmiz stansiyanın bufeti də təmizliyi ilə məhşurdur. Vaqon nədənsə bir saat dayandı. Raya bizim üçün kotlet gətirdi. Soldatlar da qaynar su gətirdilər. Raya bizimlə yeməyə oturdu. Soldatlar da iştirak etdilər. Təntənəli nahar süfrəsi düzəltdik. Bu süfrə son süfrə idi ki, Raya ilə birlikdə ətrafında oturmuşduq. İkinci zəng verildi. Raya ilə vidalaşdım. Çünki onu Rostova qədər daha görməyəcəkdim.

Vaqon hərəkət etdi. Ətrafdakı üzüm bağları qara bürünmüşdü. Bizi küçələrlə həbsxanaya apardıqda hər yer palçıq idi Çox əziyyət çəkdik. İrəvan həbsxanasında iki saatdan artıq qalmadıq. Axşam qaranlıq düşəndə İrəvan stansiyasında idik. Hava çox soyuq idi. Hər kəsin nəyi varsa, üstünə çəkmişdi. Vaqonda qızışacağımızı zənn edirdik. Vaqon daha soyuq idi. Donmaq ərəfəsində idik. Soldatların dediyinə görə, Aleksandropol ilə İrəvan arasında işləyən bu vaqon həmişə soyuq olurdu. Çünki bunlarda peç yox idi. Qaravul soldatları da çox fəna rəftar edirdilər. Ayağa qalxmağa imkan vermirdilər. Dediklərinə görə, keçən həftə dustaq qaçırtdıqlarından bir neçə yoldaşlarına cəza verilibmiş. Qatarımız gündüz saat 2-də Aleksandropol stansiyasında durdu. Hər tərəf cəbbəxana, qoşun, top və s. ilə dolu idi. Yaralılar və hərbi əsırlərlə dolu olan yüzlərcə vaqon durmuşdu. Qoşun stansiyanı əhatə etmişdi. Şübhəsiz ki, örtülü yer olmadığında qonşular çadırda yaşayırdılar. Çünki çadırlara çox təsadüf edirdik. Həbsxana ilə stansiyanın arası, demək olar ki, dörd kilometrə qədər yoldur. Dizlərimizə qədər buzlu suyun, qarlı palçıqların içində aparılırıq. Ac, dalımızda ağır şələ, özü də palçıq suyu yarıb keçmək bizi ölüm halına gətirmişdi. Şəhərə girdiyimiz vaxt, uşaqlar bizi qar “gülləri” ilə vururdular. Onlardan birisi mənim burnuma, digəri isə Həkimyansın gözünə toxundu. Həkimyans acıqlanıb onları ermənicə söydü. Şalvar və paltarlarımız yarıya qədər buzlanmışdı. Biz bir-birimizə toxunduqda qaval kimi səslənirdik.

Həbsxanaya yetişdik. Həbsxananın qapısında bizi bir-bir sayıb içəri buraxdılar. Naçalnik durmuşdu. Müavinləri də yanında idi. Baş nəzarətçi qoyun kimi qolumuzdan tutub içəri buraxırdı. Hər kəsin boynundan bir yumruq vurub, o birisini tuturdu. İrəvandan bizə qoşulan bir assuri məhbusunu vurduqda yumruq üzünə dəydi və ağzından qayırma dişləri yerə töküldü. Naçalnik və başqaları güldülər. İvan dişlərini yerdən yığdıqda tüfəngin qundağı ilə boynunun dalından vurdular. O, üzü üstə döşəmənin üstünə yıxıldı. Burnu çapılıb qan tökülməyə başladı. Pəncərədən baxan məhbus ermənilər onları çirkin sözlərlə söyməyə başladılar. Bizi əvvəlcə mərkəzi həbsxanaya gətirmişdilər. Burada müvəqqəti qalacaqdıq. Sonra yatab həyətinə aparacaqdılar. Hələlik bizi yüz əlli nəfər məhbus yerləşən kəsafətli bir odaya buraxdılar. Məhbuslar türk, kürd ermənilərindən ibarət idi. Burada vaxtilə Ordubadda qaradovoy olmuş bir nəfər erməni açarçısına rast gəldim. Tanıdı. Gedib bir çaydan isti su gətirdi. Bizim vəziyyətimizə çox acıdı. İçi su ilə dolmuş botinkalar ayağımızda donub buz olmuşdu. Bir parça da çörək gətirdi. Sonra bizə tapşırdı:

-  Sizi bir-iki saatdan sonra aparacaqlar. Şeyləri oğurlatmayın, üstündə oturun.

Bunun üçün də biz ayağa qalxmadıq. Lakin çayı içdikdən sonra bir erməni məhbusu çaydanımıza baxmağa gəldi:

-  Bu mənim xoşuma gəlir. Əvəzinə öz çaydanımı verirəm, - deyib apardı.

Əvəzinə ağ dəmirdən, qulpu sınıq bir çaydan gətirdi. Nə yaxşı ki, bu halda həmin açarçı gəlib, çaydanı özümüzə qaytardı. Axşam qaranlıq düşəndə Aleksandropolda məni, bir də Həkimyans ilə Ələsgəri yatab evinə apardılar. Küçələr meydançalar tamamilə qoşun və hərbi arabalardan ibarət idi. Bizi istər küçədə, istər yatab həyətində rəhmsiz bir surətdə döydülər. Mən hissimi itirmək üzrə idim. Məhbuslar pəncərələrdən baxırdılar. Mən bir səs eşitdim:

-  İsrail,vurma! O, sən dediyin adamlardan deyil! - dedikdə İsrail cavab verdi:

-  Bağışlayın, tanışınız olduğunu bilməmişəm. Vəzifəmiz belə vəzifədir.

Bizi uzun və soyuq odaya buraxdılar. Oturmaq və yatmaq üçün hər iki tərəfdən taxta çəkmişdilər. Məhbus çox idi, bizə ancaq qapı ağzında söz oldu. Münasibətsiz və çox soyuq yer idi. Oturduq. Məni bir nəfər qucaqlayıb opdu:

- Ordubadi, sən hara, bura hara? - dedi.

Levon Zolayevi yanımda gördüm. Bu gənc İrəvanda natəmiz at, fayton saxlardı. Mən, Əkbər Əkbərov, bir də oxuyan Yusif daima bunun faytonu ilə İrəvanın yay əyləncə yerlərini gəzirdik. Levon son vaxtlar Aleksandropola köçmüş və faytonu adam basladığı üçün həbsə alınmışdır. İstər İrəvanda, istərsə Aleksandropolda ən hörmətlim və məşhur familya olduqlarından Levonun həbsxanada da hörməti saxlanırdı: Levon məni buradakı məhbuslarla tanış etdi. Məhbusların içində məhəlli daşnaq firqəsinin sabiq divan rəyasət üzvü Avadis Tarpinyan da var idi. İki nəfər də yezidi kürdlərdən - birisi Qəhrəman ağa, digəri isə Qafar ağa idi. Aleksandropol qəzası Pampili kəndindən olan bu iki kürd olduqca hörmətli və xoş söhbət adamlar idi.

Hava tamamilə qaranlıqlaşmışdı. Həbsxana müdiri gəldi. Biz qapının ağzında idik. Ayağa qalxdıq. Üstüm başım bulanmışdı. Müdir ayağımdan başıma qədər gözdən keçirdi. Sonra yanındakına dönərək:

-  Təzə gətirilən it balaları bunlardırmı?

Onlar hamısı birdən köpək kimi səsləndilər.

-  Bəli, cənab!

Müdir bir az da yaxınlaşdı. Sonra bir polis qəzəbi ilə üzümdən vurdu. Gəzib bayıra çıxdı. Onun olduqca zalım və əxlaqsız olduğu haqqında mənə bir çox cümlələr söylədilər.

Ermənilər axşam namazında durdular. Yezid kürdlər ermənilərlə bir namaz qıldı. Mahnı və ibadət cəhətcə müsəlmanlar ilə ermənilərin fərqi hiss edilməyəcək qədər yaxın olduğunu mən ancaq bir neçə gün Aleksandropol həbsxanasında qaldıqdan sonra bildim. Axşam ermənilər öz yeməklərindən bizə verdilər. Yemək yalnız qara çörək idi. Yatan vaxtı mən buzlu paltarları çıxartdım. Quru paltar geyindim. Botiləri çıxartmaq çox çətin idi. Levonda artıq yorğan var idi. Onu mənə verdi. Otaqda su donmağa başladığından küzələrdəki suları boşaltdılar. Canım birtəhər qızdı.

Səhər tezdən qalxdıq. Yenə də namaz qılındı. Çay üçün isti su gətirdilər. Soyumuşdu. Levonun sifarişi ilə böyük çaydanda qaynar su gətirdilər. Çayı bir yerdə içdik. Bir çox məhbus şəkərlə çay içməyi unutmuşdu. Şəkər payladıq. Bir ailə kimi çaydanın başına toplandıq. Burada müsbət cəhətlərdən birisi budur ki, hər kəs istədiyi vaxt taraş oluna bilərmiş. Mən məhbuslara verilən bu müsbət imtiyazın səbəbini öyrənmək üçün çox maraqlanırdım. Axırda məlum oldu ki, baş nəzarətçinin özü bərbər olduğundan para qazanmaq üçün bu imtiyazı vermişdir. Taraş olmağa getdim. Üzümü bir neçə tərəfdən doğradı. Taraş parası 20 qəpik idi. Mən ona 3 manat verdim. O tərəf-bu tərəfə baxıb, “Xırdam yoxdur”, - dedi. Mən də sizdə qalsın, yenə də taraş olunacağam”, - dedikdə o, dörd dəfə “Çox sağ olun!” - dedi. O, mənə çox hörmətlə yanaşırdı. Məni daha qar təmizləməyə aparmırdı.

Şəhərdə şiddətli tif xəstəliyi var idi. Qış olduğuna baxmayaraq, qoşun arasında vəba əlamətləri də görünmüşdü. Bu münasibətlə bayırdan məhbuslara heç bir şey buraxılmırdı. İçəridə tam mənası ilə aclıq hökm sürürdü. Verilən çörək yarım girvənkədən bir az artıq olardı. Mən börkümün içərisində olan kağız paralardan çıxarıb xərc etməyə qərar verdim. Baş nəzarətçiyə hər gün 3 manat verib ağ çörək, yağ, pendir gətirməsini tapşırırdım. O, bundan boyun qaçırmırdı. Çünki ermənilərin hesabına görə, o, gündə bir manatdan az oğurlamırdı. Bununla bərabər, yeməklə təmin olunurduq. Baş nəzarətçi Naxçıvandakı Cüngu Əliyə nisbətən o qədər də insafsız deyildi. Cüngu Əli bayırdakı dostlarımdan aldığı rüşvətdən başqa, mənim özümdən də əlli manat almışdı. Buradakı nəzarətçi isə məndən doqquz günün müddətində on bir manat para çala bilmişdir.

***

Bu gecə adəti üzrə yenə də şiddətli qar yağmışdı. Tezdən qapını açıb qarları təmizləmək üçün məhbusları dışarı çıxarmışdılar. Qəhrəman ağa, Qafar ağa da çıxarılmışdı. Nahar gətirmək üçün də adam göndərilmişdi. Naharı gətirib həyətə qoydular. Nahar qırmızı lobyanın suyu idi. Lobya isə təsadüf olaraq qaşığa çıxırdı. Nahar həyətdə soyudu. Heç kəsi buraxmadılar. Həyətdə böyük həyəcan var idi. Hər kəs bir hadisə üz verdiyini yəqin etmişdı. Nə baş verdiyini və hadisənin nədən ibarət olduğunu bilən yox idi. Az sonra məlum oldu ki, qar təmizləməyə çıxarılanlardan Tomas adlı bir məhbus qaçmışdır. Məhbusu şəhər içində təqib edib güllə ilə öldürmüşdülər. Bəratül-qövl yazıldıqdan sonra ölünü təşrih olunmaq üçün xəstəxanaya apardılar. Səhər tezdən İsrail adlı açarçı Levona belə bir məlumat verdi: “Doktorlar Toması yardıqda qarnında yemək naminə heç bır şey olmadığından həbsxana müdirinə məzəmmət verilmişdir”.

Bizi fevral ayının 24-də Aleksandropol yatab həyətindən çıxarıb, stansiyaya yola salırdılar. Yatab ilə aparılan məhbuslara çörək vermək adət olmadığından biz dörd kilometr yolu dalımızda şələ olaraq, ac getməli idik. Erməni məhbusları öz çörəklərini bizə verdilər. Halbuki özləri bir gün, bir gecə ac qalmalı idilər. Onlar bizdən xəcalətli qaldıqlarını, lazımınca xidmət edə bilmədiklərini söyləyərək üzr istədilər. Vidalaşdıq. Onlardan unudulmaz bir xatirə ilə ayrıldıq. Yenə də 9 gündən bəri buzu açılmamış paltarları geyindik. Çünki yenə də islanacaq, yenə də palçıqları yarıb keçməyə məcbur olacaqdıq.

Stansiyaya yetişincəyə qədər bizdə taqət qalmadı. Palçıq əlindən gedə bilmirdik. Yıxılıb qalxırdıq. Qalxa bilməyənləri və təxirlə qalxanları tüfəng qundağı ilə qaldırırdılar. Canı, başı, sifəti qaralmayan adam yox idi. Stansiyaya yetişdik. Boş və dolu vaqonların həddi-hesabı yox idi. Ərzurum üzərinə hücum başlandığı üçün Qars cəbhəsinə yeni qoşun hissələri gedirdi. Cəbhədən qatarlar dolusu yaralılar, donmus əsgərlər gətirilib Tiflisə və Rusiya içərilərinə göndərilirdi. Biz saxlanılan yerdə türk əsgərləri üə doldurulmuş qatarlar da durmuşdu. Vaqonlar at vaqonları idi, açrq yə soyuq vaqonlar idi. Əsirlər əllərində dəmir konserv qutularını tutub qar istəyir və susuz olduqlarını deyib yalvarırdılar. Az sonra yatab vaqonunu axtarmaq üçün gedən soldat qayıdıb gəldi.

- Vaqon gəlməmiş, məhbusları həbsxanaya göndərmək lazım olacaq, - dedikdə hamımız məhv olduğumuzu gözə aldıq. Taqətimiz kəsildi. Palçığın və qarın üstünə döşəndik. Biz uzun yolu qayıda bilməyəcəkdik. Bunun üçün də belə bir qərara gəldik: “Yolda qəsdən qaçmaq istəyərik. Soldatlar vurarlar, yaxamız zəhmətdən qurtarar”. Beş dəqiqədən sonra başqa bir soldat gəldı:

- Vaqonu tapdım. Qalxın! - dedikdə hamı şadlandı. Məlum olduğuna görə yatab vaqonu olan qatar türk əsirləri yerləşən vaqonların arxasında imiş. Hamı yeni bir ruh ilə ayağa qalxdı. Bizi sayıb təhvil götürən qaravul komandanı çox mülayim surətdə dedi:

- Nə qədər ki, hərəkət etməmişik, yerinizdə oturun. Sonra yolda nə istəyərsinizsə, söz yoxdur. Vaqon olduqca rahat və isti idi. İki peç yanırdı. Çaydanlar qaynayırdı. Hər kəs islanmış paltarlarını çrxarıb qurutmağa başladı. Botinkalar peçlərin yanına düzülmüşdü. Quru və təmiz paltarları  gətirmişdik.

Qaravul soldatlar da gəldilər. Çayı bir yerdə içdik. Onlara şəkər verdik. 3 manat pul verdik. Onlar ag çörək və ət alıb gətirdilər. Əti təmizləyib peçin üstünə qoyduq. Neçə gündü yeyə bilmədiyim xörəyi ancaq bu gecə yeyə bildim. Vaqon çox isti idi. Gecə üstümüzə qalın şey salmaq lazım deyildi. Mən həmin gecə yuxudan aldığım ləzzəti heç vaxt almamışdım. Özümüzü Tiflisə qədər rahat hiss etdik.

Biz Tiflis stansiyasına səhər saat 11-də yetişdik. Qaravul komandanı şeylərimizi yığmaq üçün araba tələb etmişdi. Şeylərimizi yığıb rahat oturmuşduq. Komandanın özü Tiflisi gəzməyə maraqlanırdı. Ona görə də bizi Mixaylovski küçəsindən keçirib Qalavin küçəsinə çıxartdı. İrəvan meydançasından meydana, müsəlman bazarına keçdik. Orda Tiflis türk aktyorlarından Əşrəf Yüzbaşıyevə rast gəldik. Salamlaşdıq. Çox yavaş-yavaş gedirdik. Az adam idi. Onun üçün də qaravullar kimsənin qaçmasından qorxmurdular. Bunun üçün də gəzdirir və bəzi küçələrin adını soruşurdular. Saat 1-ə yaxın onlar da, biz də gəzməkdən yorulmuşduq. Ona görə də həbsxanaya getməyə başladıq.



1 Polkovnikin yoldaşı pristav Yeşşoltdur. “İşlərinm yaxşı olması” sözünə gəldikdə, çox həbslər yapmasından ibarətdir. (Müəllifin qeydi). 

2 Tumbul balaca itdir. (Müəllif qeydi).

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info