Qonaq Kitabı
MƏLƏKNİSƏ

Biz içəri qayıtdıqda qadın məhbuslarını dişarı çıxarırdılar. Mən Cüngu Əlidən soruşdum:

- Mələknisə bunların hansı birisidir?

- O, ucaboylu, gözəl və bədbəxt gəlindir, - dedi.

Doğrudan da, mən o günə qədər şəhərlərdə Mələknisə kimi gözəl və münasib əndamlı bir qadına təsadüf etməmişdim. Qara və uzunsaçlı gəlin bizi gördükdə ayaqlarına baxmağa başladı. Qara kipriklərini ağ və solğun çöhrəsinə səpdi. O, məhbus qadınların ən gəncidi. Qara kiprikləri onun göz dairələrini nə qədər pərdələsə də, göz dairəsindəki qara həlqələrdən çar polisinin bu bədbəxt gəlin haqqında rəva gördükləri vəhşiliyi tamamilə oxunurdu. Onun hər bir yerişi nə qədər təhqir edildiyini, vəhşi qucaqlardan yorulduğunu göstərirdi. Bir az da durub baxdım. Qadınlar da baxdığımı hiss etdilər. Nə isə bir-birilərilə danışırdılar. Mən onların həyatını öyrənmək üçün həmin dəqiqədən maraqlanmağa başladım.

Cüngu Əli məni odaya ötürüb qapını bağladı. Nə edəcəyimi bilmirdim. Başımda tüklərim qabarmışdı. Mən bu dəmir qəfəsin içərisindəki həyasızlığın bu qədər də böyük olduğunu düşünmürdüm. Qəzet yox, kitab yox, yazmağa qələm yox, kağız yox. Odada dəlicəsinə dolaşırdım. Qısa və dar odada çox tez-tez o tərəf bu tərəfə dönürdüm. Bunun üçün yazı ilə dolu olan divarı tez-tez gözdən keçirirdim. Həbsxanada hər məhbusun divarda “yadigar” yazdığını bildiyim üçün o qədər də əhəmiyyət vermirdim. Çox gəzdikdən sonra gəlib qayət kəsafətli və çirkin olan yemək masasının başında oturdum. Hər tərəfə baxırdım. Lakin nə üçün baxdığımı bilmirdim. Masanın başında bir yazı gördüm. Oxudum: “Mən siyasi məhbus deyiləm. 18 dəfə xırda oğurluq üstündə həbs edilmişəm. Həbsxanada bir çox böyük və təcrübəli oğrularla da tanış olmuşam. Bunun üçün də hər dəfə həbsimi qurtarıb azad olduğumda dışarı yeni tədbir və yeni təcrübələrlə çıxmışam. Son oğurluğum çox böyük idi. Lakin tədbirsizlik etmişdim. Çünki oğurluğu bir neçə nəfərlə etmişdim. Axırda malları bölmək üstündə arkadaşlarım döyüşdülər. İş açıldı. Məni də həbs etdilər. Səkkiz ay iş kəsdilər. Məni daha ümumi odaya buraxmadılar. Həmin bu odada saxladılar.

Atam çox zəngindir. Heç bir şeyə ehtiyacım yoxdur. Lakin oğurluqdan gələn hər bir qəpik mənim üçün atamın dövlətindən də artıq şirindir. 

Əlyar Behbud oğlu”

Bu məktubu oxuduqdan sonra çar məhbəsinin daha bir cinayətini öyrəndim və buranın insanları islah üçün deyil, biləks, onları incitməkdən və daha da böyük cinayətlərə alışdırmaqdan ötrü bina edildiyini təsdiq etdim. Bu yazının altında digər bir yazı da oxudum: “Dövlətli bir adam idim. 45 yaşımın yarısını dost-aşna ilə keçirmişəm. Yalnız süfrədə oturmaq mənim üçün çox ağır idi. Bir qadından başqa, heç kəsim yox idi. Bir-birimizi sevirdik. Dostlarımın, çörək kəsdiyim adamların qadınımda gözləri olduğunu bilmirdim. Axırda onlar məni məhv etmək üçün evimə saxta pul qoydular. Mən həbs olundum. Heç kəsə inandıra bilmədim. Hökumət də mənim sözümü eşitmədi. Camaat da mənə kömək etmədi. Çünki mənə “dinsiz” deyirdilər. Beş il iş verdilər. Sibirə göndərdilər. Bu gün aldığım xəbərə görə, qayınatam qadınımı mənim düşmənlərimə getməyə məcbur edir. Bu yazını yazıb qələmi bucaqda divarın deşiyinə taxıb üstünü çörək ilə xəmirləmişəm. O qələmi götürənlər öz başlarına gələnləri burada yazsınlar.

Mirzə Abdulla Əbdülhəsən oğlu”

 

Qələmi axtarıb tapdım. Heç bir şey yazmağı bacarmadım. Qapı açıldı. Cüngu Əli bir məktub verdi:

- Bu kağızı Məşədi Abbas İsmayılov verdi. Cavabını yaz, aparacağam, - deyərək bir parça kağız və qələmi qoyub bayıra çıxdı.

Məktub Rayanın məktubu idi. “Həbs olunduğuna dair heç bir söz yazmayacağam. Çünki bunu sizin özünüz də gözləyirdiniz. Mən Naxçıvanda qala bilmədim. Məktubu sənin tanışın İsmayılova verdim. Həftə başına qədər sənə yemək parası da verdim. Qəbul etmədi. Sənin kiminsə yanında para qoyduğunu söylədi. Mən altı gündən sonra yenə də gələcəyəm. Məktubun cavabını yazıb İsmayılova göndərərsən. Məktubda sənin Naxçıvandan nə vaxt aparıldığını da yazarsan. Mən də Culfada qalmayacağam. Fikir etmə! Səni tək buraxmaram. Evə yazıb getməyimi tələb etmişəm. Sənin haqqında bütün əhvalatı evə yazmışam. Özünü çox da bədbəxt hesab etmə! Sənin başına gələn bütün bədbəxtlik mənim taleyimlə də əlaqədardır. Raya, 14 yanvar”.

Məktubun cavabını yazdım: “Gözəl yoldaşım Raya! Məhbəsdə birinci məktubu səndən aldım. Bu da bizim həyatımızda tarixi bir hadisədir. Raya! Mənim rahat olmağım üçün sənin mütəhəmmil olmaq istədiyin hər bir əziyyətin nəticəsiz qalacağını sənin özün də bilirsən. Saritsın şəhərinə yetişənə qədər kim bilir nə qədər həbsxanalarda bulunacağam. Yollarda neçə ay qalacağımı indidən təyin etmək mümkün deyildir. Mənim üçün şəhərdən şəhərə gəlmək əziyyəti qadınlardan tələb ediləcək bir əziyyət deyildir. Sən Culfada qal, işinə davam et. Saritsından yazışarıq. Bəlkə də, görüşməyimiz bir daha mümkün oldu. Məni buradan aparmaq vaxtına gəldikdə, söyləmək mümkün olmasa da fevral ayının 14-də aparılmağıma ehtimal var. Zənnimcə, o vaxta qədər yenə də yazışa biləcəyik. Raya, mənə heç bir şey lazım deyil. Heç kəsə para və başqa şeylər vermə. Mənə hər şey gətirirlər. Hacı Əbdüləli Şeyxovun yanında altı yüz manat para qoymuşam. Evə getməli olsan, ondan 100 manat alarsan. Məktubla sənə bir məktub daha göndərirəm. Onu Hacı Əbdüləliyə göstərib, yüz manat alarsan. Hər şeydən qiymətli bir şey varsa, sənin məktubundur. Məni yaxşılıqla xatırlayacağınıza əminəm. Səmimi yoldaşın Səid. 16 yanvar”.

Cüngu Məşədi Əli gəlib məktubu apardı. “Qələmi gizlət, yenə də lazım olar”, - deyərək getdi. Nə edəcəyimi bilmirdim. Mənim dışarıdan nigaran qalmağıma heç bir səbəb yox idi, yalnız Rayanm vəziyyəti məni düşündürürdü. Öz-özümü tənqid edirdim. Nə üçün Rayanın taleyini öz qaranlıq taleyimlə bağlanmağa imkan verdim. Nə üçün öz gələcəyindən və xoşbəxtliyindən məhrum etmişəm? Nə üçün birinci səfalətdən qurtardığım bu səmimi kəndli qızının ikinci səfalətə düşməsinə zəmin hazırladım? Bu suallara nə kimi cavab verə bilərdim. Bəzi kəlmələr ixtiyarsız olaraq dodaqlarımdan tökülməyə başladı. O qız nə üçün mənə bağlandı? Halbuki mən buna imkan verməməyə çalışırdım. Madam ki, mən ona evlənməyin mümkün olmadığını anlatmışdım, madam ki, o mənim vəziyyətimi çox gözəl bilirdi, madam ki, o mənim bu günkü vəziyyətə düşməyimi əvvəldən bilirdi, bəs nə üçün mənə bu qədər bağlanmışdı? Əcəba, bu qadınların sadəliyini, düşüncəsizliyini və uzağı görməməsini göstərmirmi? Hər nə düşünürsən, düşün! Hər kəsi tənqid edirsən, et! Yenə də fikrimi, vücudumu əhatə edən qüssəli dumanlar getdikcə qalınlaşır və əsəblərimi pozurdu. Mən özüm də bu vəziyyəti hər dəfə dişarıdan məktub aldığım vaxt hiss edirdim. Lakin məktublar yubandıqda hiss etdiyim ağırlıqlar məni daha da acı vəziyyətdə saxlayırdı. Bu kimi düşüncələrin şiddətli vaxtında odanı çox sürətlə dolaşmağa adət etmişdim. Bu vəziyyətim qeyri-adi bir adamın vəziyyətindən heç də fərqli deyildi.

Yenə də divardakı yazıları oxuyuram: “Toy günündə vuruşma oldu. Kürəkəni öldürdüm”. “Qız qaçıranda güllə qızın qardaşına dəydi”. “Qızım əmisi oğluna nişanlı ola-ola başqa oğlanı sevmişdi. Namusum qəbul etmədi. İkisini də doğradım”. “Atamızdan qalan mal üstündə döyüşdük. Şeytan vəsvəsə verdiyindən qardaşımı da, bacımı da öldürdüm”. “Qadınına qısqandırdım. Çünki o başqasına nişanlı olduğundan qol zoruna almışdım. Qadınım gecə yuxuda danışırdı. Hər dəfə sevgilisinin adını səsləyirdi. Qeyrətim qəbul etmədi. Qadını yatdığı yerdə öldürdüm. Özüm də peşman olmuşam”.

Sanki qısqananlar, həsəd aparanlar, əski qeyrəti daşıyanlar, canilər, xainlər tamamilə ətrafıma toplanaraq mənə əmr edirdilər. Bura nə üçün düşdüyünü yaz! Nə üçün kəndli qızını öz həyatına bağladın? Nə üçün onun səfalətinə imkan verdin? Al qələmi! Öz təqsirini divara yaz!

Qələmi çıxartdım. İxtiyarsız olaraq divarda yazmağa başlarkən Cüngu Əli girdi. Nahar gətirmək vaxtı olduğunu xəbər verdi. Saxsı çanağı götürüb, bayıra çıxdım. Mənə dişarıdan hər şey gəlirdi. Lakin Cüngu Əlinin tövsiyəsi üzrə ııaharı alıb müstəhəq və ac məhbuslara verməli idim. Həbsxananın naharı bir girvənkə çörək, bir çanaq da ət suyundan ibarət idi. Lakin ət yox idi. Çanaqda yeddi-səkkiz dənə noxud üzürdü. Nahar gətirməyə çıxdıqda iki ordubadlıya rast gəldim. Birisi Abbas Abdulla oğlu, digəri isə Qulam Fərəməzov oğludur. Əvvəlincisi qəlp para xərcləmək, ikincisi isə oğurluq üstündə həbs edilmişdi. Onlar qənd, çay və papiros parası istədilər. İmkan qədərində verdim.

Dişarıdan gətirilən naharı yedim. Həbsxanadan aldığım naharı isə axşam vaxtı Cüngu Məşədi Əli gəlib apardı. Şübhəsizdir ki, çörəyi özü üçün aparırdı.

Axşam olurdu. Tamamilə bekar idim. Həbsxana xatiratını yazmaq lazım idi. Çünki bir çox hadisələr yadımdan çıxırdı. Vitsevski çaylarını açdım. Ağ kağızlar əldə etdim. Birinci günün xatiratını bitirər-bitirməz zəng çalındı. Yatmaq vaxtı yetişdi. Zatən həbsxananın yatıb-durmaq vaxtı haqqında yoldaşım Nikolayın dediyi misal olduqca düzgün idi: “Toyuq kimi qaranlıq olmamış yat, yenə də toyuq kimi işıqlanmamış qalx!”.

Gecəni yatmaq mümkün deyildi. Bir tərəfdən siçan taxtanın deşiyindən çıxıb odanı dolaşır, hətta yatağa qədər çıxıb yoxlayır. O biri tərəfdən də, qonşumdakı xəstəxanada döyülənlərin çığırtısını, qadınların ağlamaq səslərini eşidərkən heç də gözə yuxu getmirdi. Mən Cüngu Əlidən xəstələrin döyülməsi səbəbini soruşdum. O, “Xəstələrin çoxu qarın xəstəsidir, ayağa qalxa bilməyənlər yatağını batırır, onun üçün də döyürlər”, - dedi. Mən xəstələrin bir neçəsindən də təsadüfi olaraq soruşdum. Şərur mahalından bir kürd dəxi xəstə idi. Onıı da növbədən xaric subaşına buraxmışdılar. Ondan xəstəxananın vəziyyəti haqqında soruşdum. O: “Dərmanımız kötəkdir, çörək də bir az yeməlidir. Lakin qorxusundan heç kəs yemir. Çünki hamımız qarın xəstəliyinə tutulmuşuq. Qulamı ölüncəyə qədər döydülər. Bu ay doqquz nəfər ölmüşdür. Hələ bit və çirk içində tamamilə məhv oluruq”, - dedi.

Mən səhər tezdən qalxdım. Bu gün həbsxanaya müddəi-ümumi gələcəyini eşitdim. Çay gətirdilər. Çaydan sonra həyətə gəzməyə apardılar. Qayıtdıqda yenə də qadınları gördüm. Yanlarından keçərkən:

- Bu gün müddəi-ümumi gələcəkdir. Şikayət edin! - dedikdə məhbus erməni qızı rusca cavab verdi:

- Ay qardaş, namusumuz ayaq altında gedir. Prokurora da dedik. Yenə də bir şey çıxmadı.

- Hər nə varsa, yazın! Mən dişarıya göndərib çarə arayaram! - dedikdə erməni qızı başı ilə yaxşı işarəsi verib keçdi.

Mən odamda o qədər oturmamışdım. Açarçı məni çağırdı. Bayıra çıxdım. “Ümumi otağa keçin!” - dedikdə parixmaxer (bərbər) gəldiyini zənn etdim. Fikrimdə yanılmamışdım. Bərbər yerinə molla gəlmişdi. Halbuki məhbusların dediyinə görə, bir aydan bəri bərbər gəlməsi üçün müddəi-ümumiyyə kollektiv ərizə vermişdilər. Bu gün cümə axşamı olduğundan adət üzrə həbsxanaya mollanın məcburi surətdə gələcəyini söylədilər. Molla gözləri sürmələnmiş, əlvan şaldan əmmamə taxmış bir adam idi. Naxçıvanlı məhbuslardan bunun kim olduğunu soruşdum. Məşhur “Doşaboğlu” olduğunu söylədilər. Bu sözü bir az ucadan dedilər. Molla eşidərkən çox qızardı. Heç bir söz demədi. Çünki hər gələndən bir manat para alırmış. Bu cür gəlir mənbəyinin üstündə Naxçıvan mərsiyəxanaları arasında rəqabət də gedirmiş.

Dustaqların hamısı yığıldı. Məni tanıyanlar tanımayanlara nişan verdilər. Bu, həbsxanada adətdir. Yeni məhbus haqqında danışmağı və onu öyrənməyi sevərlər. Bununla zəncirli və Sibirə göndəriləcək məhbuslar daha artıq maraqlanırlar. Çünki bunların yardıma başqa məhbuslardan daha artıq ehtiyacı olur. Onlar bir-bir gəlib əl verir və mənimlə tanış olurdular. “Ordubadi bu özüdür!” - səslərini tez-tez eşidirdim.

Qapını bağladılar. Bir türk, bir də rus açarçısı durub qulaq asırdılar. Bunlar nə kimi sözlər danışıldığını bilmək istəyirdilər. Molla mərsiyəni başladı. Səsi pis deyildi. O, imamlardan, Musa ibn Cəfərin, Harun ər Rəşidin zindanda qərib olduğundan və müslüm uşaqlarının qürbətdə qətl edildiklərindən deyib özünü yırtırdı. Ağlayan yox idi. Gülənlərə qaravul durmuş polislər mane olurdular. Molla məclisi qətiyyətlə apara bilmədi. Mən həbsxanada dinə və şəriətə qarşı bir etiraz hiss etdim. Canilər din və şəriət tanımırdılar. Başqaları isə qismən haqsız yerə həbs olunanlardır ki, bunlar da daima “Hərgah Allah və din varsa, nə üçün bizim təqsirsiz yerə burada məhv olmağımıza razı olur?” - deməkdən qorxmurdular. Bunun üçün də çar hökuməti həbsxanalarda mövcud olan dinsizliyin qarşısını almağa çalışırdı. Bazar günləri keşişlər, cümə günləri isə mollar öz uzun və qara ətəkləri ilə həbsxana dəhlizlərinin döşəmələrini süpürürdülər.

Mərsiyə bitdikdən sonra yenə də ətrafıma toplaşdılar. Kefimi soruşdular. Bəziləri bir şeyə ehtiyacım olub-olmadığını xəbər aldı. Hamısından razılıq etdim. Eyni zamanda mərsiyəxana, mollaya əhəmiyyət verməyəcəklərini də tövsiyə edib bunun nə məqsədlə göndərildiyi haqqında da danışdım və hamıdan əvvəl çıxdım. Molla hələ duasını bitirməmişdi. Mən çıxdıqdan sonra mollanın əmmaməsinə çörək xəmirindən güllə vurulduğunu və ayaqlarının altına məhbus papaqlarından atıb heyvan kimi hürkütdüklərini eşitdim. Bunun üstündə iki nəfər məhbusa cəza verildiyini söylədilər. Gələn həftə “Doşab oğlu”na yenə də belə bir nümayiş yapmışdılar: Üçüncü həftə bunun əvəzinə Molla Mahmud Çakər gəlmişdi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info