Qonaq Kitabı
NAXÇIVAN HƏBSXANASINDA

Məni həbsxana qapısına qədər yola salan yoldaşların içində ağlayanlar da var idi. Onlar məndən bir çox sözlər soruşurdular. Bəzilərinə cavab verirdim. Mən bu suallara, bu ağlayışlara lazımi qiyməti verə bilmirdim. Çünki mən yalnız yeni gedəcəyim həbsxananı düşünürdüm. Həbsxana məni o qədər də qorxutmurdu. Çünki dişarıda yaşamaq həbsxanada yaşamaqdan daha çətin idi.

Qapılar açıldı. İçəri girdim. Qapılar yarı örtülmüşkən daha bir ağlamaq səsi eşitdim. Bu ağlayış qayət təbii və səmimi ağlayış olduğundan məni öz tərəfinə cəlb etdi. Dönüb baxdım. Ağlayan Raya idi. O, bir kərə mənim adımı səsləyib bayılmaq istərkən Abbas İsmayılov tutdu.

Qapılar örtülmüşdü. Mən uzun həyəti keçib dəhlizə gedincəyə qədər ağlamaq səsini eşidirdim. Məhbusları bayıra buraxmışdılar. Hər məhbus əlində çanaq olaraq nahar almağa növbə bəkləyirdi.

Salam verirdilər. Keyfimi soruşurdular. Söz yoxdur ki, bunlar mənim tanışlarım idi. Mən isə nə cavab vermək, nə də onlara baxmağa imkan bulmayırdım. Məni baş nəzarətçinin odasına çox sürətlə aparırdılar. İçəri soxdular. Qapı açıq idi.

- Soyun! - deyə bir səs eşitdim. Üst paltarlarımı çıxartdım. Onların ətəklərini ucuna qədər axtarıb masanın üzərinə qoydular. Cibimdə qalan 2 manat 40 qəpik paranı da götürdülər. Baş nəzarətçi qüvvəti çatdıqca çiynimə vuraraq: Soyun! - dedikdə mən alt köynəyimi də çıxartdım. Yenə də bir kərə ucadan “Soyun, deyirəm”, - səsləndikdə mən təəccüblə ona baxdım. O bu baxışı bir nazlama kimi təbir etdiyindən “Axmaqlama”, - deyərək əlini atdı və əynimdə qalan alt paltarlarımı da soyundurdu. Sanki çılpaq vücudumda bir şey aramağa çalışırdı. Mən alt paltarlarımı geyinmədən iki nəfər nəzarətçi də gəldi. Sonra baş nəzarətçi polis idarəsindən gətirilən paketi açıb oxudu. O, başına hərəkət verərək: “Pakizə qonaqsan!” - dedi. Üst paltarlarımı geyinməmişdim. Baş nəzarətçi paltarlarımı qoltuğuma verib, “Götür, öz kabinetində geyərsən”, - dedikdə güldülər və məni itələyib dəhlizə saldılar. Mən paltarlar qoltuğumda bir an quruyub dəhlizdə qaldım. Əynimdə yalnız alt paltarları idi. Çox utanırdım. Dişarıdan nahar götürüb qayıdan məhbuslardan biri:

- Utanmayın, bu iş hamının başına gəlibdir, - dedi.

Özümü hiss etmirdim. Nəhayət, açarçı gəlib dəmir qapmı açdı və:

- Buyurun! Rahat olun, - deyə qapayıb getdi.

Otaqda divardan asılmış dəmir çarpayı üstünün yatacağı ilə bərabər çox təmiz idi. Mən bu təmizliyə olduqca təəccüb edirdim. Sanki yatacaq hazır ediləndən bəri üstündə heç kəs yatmamışdır.

“Əcəba, bütün odalarda təmizlik belədirmi?” Mən bu fikirlərin axırına çıxmadan və üst paltarlarımı geyib qurtarmadan qapı yenidən açıldı:

- Şeylərinizi götürüb, çıxın! - dedilər. Mən isə buna cavabla:

- Hara?

- O sənin işin deyil! Hara göstərirlərsə, ora! - dedikdən sonra mən həbsxanada bu kimi sualları verməyin lazım olmadığını anladım. Şeylərimi götürüb çıxdım. Hara gedəcəyimi bilmirdim. “Bəlkə də, göndərırlər”, - düşünürdüm. Uzaq məsafə getmək lazım olmadı. Həmin odanın bərabərində olan bir odaya qatdılar. Bu odadakı şeylər eyni şeylərdən ibarət idi. Lakin təmiz deyildi. Tam mənası ilə bir kəsafət hökm sürürdü. Otağın divarları həbsxana qayrılandan bəri ağardılmamışdı. Çünki divardakı yazıların tarixi həbsxananın qayrılması tarixi ilə o qədər də fərqli deyildi. Bu divarlar mənə məscidlərin divarlarını xatırladırdı. Çünki divarlarda “yadigar” sözləri yazılmamış boş yer nəzərə carpmırdı. Təmiz otaqdan bura köçürüldüyümə təəssüf edirdim. Bunun səbəbini öyrənmək mənim üçün maraqlı bir iş idi.

Çox yorğun idim. Həyəcanımdan nə edəcəyimi bilmirdim. Çarpayını divardan buraxdım. Kəsif də olsa, üstündə uzandım. Uzun və ağır açar ilə qapının dəmir pəncərəsinə şiddətlə vurdular. Diksinib qalxdım.

- Qalx! Gündüz yatmaq olmaz! - dedilər. Bunun səbəbi aydın idi. Çünki çar həbsxanası rahatlıq üçün qayrılmamışdır. Burada insanın yaşaması üçün lazım olan hər bir vasitə ya qısaldılmış, yaxud başqa bir rəngə salınmışdır ki, bununla da insan nə ölən kimi ölür, nə də insan kimi yaşamağı bacarır. Məsələn, dəmir peçlər hər gün yanır, lakin yenə də soyuqdan odalarda oturmaq, yatmaq mümkün olmurdu.

Əvvəlinci gün axşam qaranlıqlayırdı. Qoyulmuş qayda üzrə gecə növbətçisi gəlib, odalarda məhbusları sayıb, təhvil götürməlidir. Növbətçi eyni zamanda pəncərənin də salamat olub-olmamasını gözdən keçirməlidir. Növbətçi içəri girdi. Polisdən gözlənilməyəcəyi bir surətdə salam verib kefimi soruşdu.

- Sizi mənə tapşırmışlar. Hacı Əbdüləli, Məşədi Ələkbər çayçı və Abbas İsmayılov tapşırmışdır. Hər nə sözün olsa, mənə xəbər ver. Mən burada çox adamların işinə gəlmişəm. Məni hər kəs tanıyır. Mənə məşhur Cungu Məşədi Əli deyirlər. Bəlkə, siz eşitmiş olasınız, - dedi.

Mən isə cavabında:

- Məhəbbətinizdən artıq dərəcədə məmnunam, - dedikdən sonra o mənə bir daha müraciətlə:

- Sizin peçi yaxşı yandırmışam. Qorxma, gecəni soyuq olmayacaqdır. Neyləyim, hayıf ki, sizin kimi bir hörmətli adamla həbsxanada tanış oluram, - söylədi.

Mən bir şey düşündüm. Bəlkə də, bu adam baş nəzarətçi ilə görüşüb, məni əvvəlki odaya qaytara bildi. Ona söylədim:

- Əli dayı, məni bu qarşımızda duran odaya qatmışdılar. Nə oldusa, bilmədim. Az çəkdikdən sonra çıxarıb bu odaya gətirdilər. Əcəba, yenə də bir iş görüb həmin odaya qayıtmaq mümkün olmazmı?

- Gözün qurbanı, mümkün olmaz. Hərgah başqa adam olsa, beş-on manatımı alıb deyərəm ki, bu yaxında düzəldərəm. Amma Hacı Əbdüləlinin xatirindən keçə bilmərəm. Abır-həya, dost-aşna puldan artıq şeydir.

- Nə üçün olmayır?

- Çünki həmin odanın qapısı qadın məhbusları olan odanın qapısına baxır.

- Əcəba, hökumət məhrəm-naməhrəm məsələsinə diqqət verir?

- Xeyr, burada bir çox sözlər vardır ki, demək olmaz. Deyirsən - dodaqların yanır, demirsən - bağırsaqların partlayır.

O, yaxın gəlib çox yavaşdan dedi:

- Mən millətpərəst adamam. Mən bənna Usta Qənbər, yainki Bolqanlı İsmayıl kimi dil millətpərəsti deyiləm. Nə edim? Bir parça çörəkdən ötrü burada işləməyə və binamus işləri görməyə məcbur olmuşam. Gecələr nəzarətçilər, hətta bayırdan keflənib gələn pristav köməkçiləri də dustaq arvadlarla kef çəkirlər. Hərgah otaqda adam olursa, qapıdan baxıb ora gəlib gedənlərin hamısını görə bilər. Bunun üçün də o otaq boş qalmalıdır. Hələlik bu qədər bəsdir. Rahat yat. Mənim dərdlərimi təzələdin. Ürəyimdə çox yaralar vardır, - deyib getdi.

Doğrudan da, Cüngu Əlinin ağır bir şərait altında işlədiyindən ona yazığım gəldi.

***

Mənə bayırdan təmiz yatacaq gətirmişdilər. Şübhəsiz ki, bir qədər rüşvət verdikdən sonra göndərə bilmişdilər. Oda da isti idi. Axşam saat 9-da yatmaq əmrini aldıq. Lampanı keçirməyi də tövsiyə etdilər. Uzandım. Həbsxanada keçəcək vaxtlarımı tərtibə salıb, həyatım üçün plan düzəltdirdim. Lakin az müddət keçmədən bu fikirlərin tamamilə yalnış olduğunu anladım. Çünki ixtiyarım öz əlimdə olmayan yaşayış haqqında plan düzəltmək, doğrudan da, quru bir xəyal idi. Hər halda həbsxanada yaşayanların, demək olar ki, əksəriyyəti xəyalpərəst oldular. Mən bir xəyalpərvər məhbus kimi uyudum.

Dəhşətli bir çığırıq səsi eşidərək qalxdım. Uzun və ağır açarı dəmir pəncərəyə vurub yatan məhbusları qaldırırdılar. Cüngu Əli mənim qapımın pəncərəsinə yanaşaraq: “Qalxın, səhərdir”, - dedi. Pəncərəyə baxdım. Ulduzlar hələ batmamışdı. Durub paltarlarımı geyindim. Cüngu Məşədi Əli qapını açdı: “Subaşına çıxın”, - söylədikdə bayıra çıxdım. Odanı qapadı. Dəhlizdə çox uzun bir növbə var idi. Hər kəs əlində bir kağız parçası olaraq durmuşdu. Kağızı olmayanlar kağızı olanlardan borc alırdılar. Bir çox məhbuslar növbədən qabaq beytəlxilaya oturmaq üçün yalvarır və qarnının xəstə olduğunu qeyd edirdilər.

Bir az irəli getdikdən sonra beytəlxilanın açıq olduğunu, birinin oturub, digərinin qarşıda durub onu tələsdirməsinə, hətta bəzi gənc duranların yaxasından dartıb kənara atılmalarını da gördükdə utandım. Odama qayıtdım. Hələ burada danışılan ədəbsiz sözləri və nəzarətçilərin söydüklərini də nəzərə aldıqda heç də durmaq mümkün deyildi. Cüngu Əli gəlib qapını bağlamaq istədikdə içəri çağırdım və ona:

- Siz, o öz dediyinizə görə, çox yaxşı adamsmız. Ona görə də sizə bir təklifdə bulunmaq istəyirəm, - dedikdə o, köksünü qabağa sürüb:

- Burada sağlıq olsa, bir az qaldıqdan sonra mənim yaxşı adam olduğumu özünüz də təsdiq edəcəksiniz.

- Çox pakizə. Sizdən bir rica edirəm ki, baş nəzarətçi ilə danışıb, mənim subaşına tək buraxılmam üçün ondan icazə alasınız. Hər nə də istərsə, verə bilərəm, - dedikdə o, sallanmış bığının ucunu iki barmağı ilə tutub ağzına soxdu. Bu hərəkət onun dərin bir surətdə düşünməsinə işarə idi. Başını qaldıraraq:

- Əlacım yoxdur, xatirin mənzurdur, bəlkə də, düzəldə bildim, - deyərək qapını bağlayıb getdi və 15 dəqiqə keçmədən qayıdıb gəldi:

- Düzəltmişəm. İt uşaqları rüşvətsiz heç söz eşitmək istəmirlər. Əlac yoxdur, beş manata razı saldım.

- Çox razı oldum. Yazaram, Məşədi Ələkbər sizə beş manatın əvəzində səkkiz manat verər.

Qapını bağlayıb getdi. Yarım saatdan sonra gəlib məni bayıra buraxdı. Bayırdan qayıtdıqdan sonra çaydanı götürüb çay dəmləmək üçün qaynar su gətirməyin lazım olduğunu söylədilər. Qaynar suyu qaynanmış halda vermirdilər. Yarım soyumuş halda idi. Bunun üçün də çaydan ləzzət almaq və çay dəmləmək mümkün deyildi. Nədənsə həbsxanada həyatın bu vasitəsi də dəyərsiz bir hala qoyulmuşdu. Çünki Məşədi Əli ilə bu barədə də danışdım. Bunu da beş manat para müqabilində düzəltdim. Bundan sonra baş nəzarətçinin şəxsən özü hər gün qaynar suyu odama gətirirdi.

Çay içdim. Bundan sonra həyətə çıxartdılar. Burada hava almaq lazım idi. Məhbusları içəri qaytarmışdılar. Mən həyətdə Nikolay adlı bir gürcüyə rast gəldim. Onunla Culfada çox yaxından tanış idim. Nikolay aylardan bəri burada otururdu. Onu daşnaklar həbs etdirmişdi. Tiflisdə gürcü teatrının yandırılması münasibətilə teatrın yenidən bərpası üçün Culfada para topladığı zaman daşnaklarla döyüşdüyündən çar polisləri tərəfindən həbsə alınmışdı.

Nikolay ilə yarım saat dolaşdıq. Ona Cüngu Əlinin mənə yaxşı xidmət etdiyini söylədikdə güldü və sözə başladı:

- Sən bilirsən ki, mən bütün həyatımı türk xalqı içərisində keçirmişəm. Hələlik bu günə qədər Cüngu Əli kimi namussuz və alçaq bir adama rast gəlməmişəm. Burada beş nəfər türk, bir nəfər də erməni qadını vardır. Bunların hamısı qan işində yalan şahidlik etmədiklərindən iki il, il yarım həbsə alınmışlar. Həmin bu Cüngu Əli qadınları əxlaqsızlığa məcbur edib kefli polislərin qucağına atır. Gecələr bayırdan pristavlar, pristav müavinləri də gəlib qadınların namusuna toxunurlar. Bunlar içərisində indiyə qədər mislini görmədiyim gözəl bir qadın vardır. Qadın Sisyan mahalından Mələknisə adlı bir gəlindir. Bunun haqqında görülən həqarətlər heç bir hökumətin həbsxanasında ola bilməz.

Nikolay çox uzun danışacaqdı. Vaxtımız yetişmədiyindən sözü yarımçıq qoyub ayrıldıq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info