Qonaq Kitabı
ÇAR CASUSLARI

Türkiyə müharibəyə qoşulduqdan sonra, Culfada olduğu kimi, İran daxilində də çar casusları azad hərəkət edirdilər. İran inqilabında şübhəli olanların əksəriyyəti həbs edilib, Rusiyaya sürülürdü. Xalq dağılıb, hər kəs bir tərəfə getmişdi.

Bütün otellər, mehmanxanalar, yaşayış evləri əsgərlər tərəfindən tutulmuşdu. Surenin “Anqliya” mehmanxanası da zabitlər tərəfindən götürülmüşdü. Bunun üçün də nə Lidanın, nə də Rayanın harada qaldığından xəbərim yox idi. Qızların hər ikisinin vətənlərinə getdiyinə inanırdım. Çünki Culfada bir nəfər də olsun ailə yaşamırdı.

Mən tam bu günlərdə Baxşəli ağa Şahtaxtlının İrəvanda həbs edildiyini eşitdim. Yoldaşlardan Ağa Məhəmmədhüseyn Hacıyev ailəsini İrana göndərmiş, özü isə xəstəliyindən hərəkət edə bilməmişdi. Zatən onun getməsinə hökumət də icazə verməyəcəkdi. Mən Baxşəli ağanın həbs edilmə xəbərini alar-almaz İrandan Rusiya sahilinə getmişdim. Ağa Məhəmmədhüseyn ilə danışdım. O, getməyə razı oldu. Mən onu dəri bir kürk içinə qoyub Avadisin arabaları ilə gizlincə İran tərəfinə göndərdim.

Mənzilimə gəldim. Daşnaq könüllüləri kitablarımı cırıb dağıtmışdı. Əlyazmalarım da məhv olmuşdu. Mənzildə bir peç, bir də taxta çarpayı qalmışdı. Qonşuda qoyduğum yorğan-döşəyi gətirib çarpayının üzərinə yığdım. Xramtsov gəldi. Polkovnik Ştraubenin çağırdığını söylədi.

Polkovnik məni evində qəbul etdi. İran və rus Culfasında dinc oturmadığımızı və rus təbəələrinin İranda varlanması əleyhinə çalışdığımızı deyib məni təhqir etdi. O, məni tanıyırdı. Bir neçə ay əvvəl İrana getməyim üçün yenidən icazə vermişdi. Klubda tez-tez görüşürdük. Ona görə də bir az nəzakətlə davranırdı. Qulluqçusu çay gətirdi. Onun Raya olduğunu bildim. Polkovnikin evindən çıxdıqda Raya qapını bağlamaq üçün gəldi. Yarın Naxçıvana gedəcəyini söylədi.

Raya yolda yenə də bütün işləri söylədi. Bizim sürgün edilməyimiz haqqında qubernator və jandarm baş idarəsinə yazıldığını xəbər verdi. O, yenə də öz sevgisindən, mənə səmimi əlaqə bəslədiyindən çox sözlər danışdı və məndən ayrılmayacağını söylədi. Lidanın Surenə ərə getdiyini əlavə etdi.

***

Mən son kərə Raya ilə görüşdükdən sonra Culfada fəqət 15 gün yaşaya bildim. Raya bu müddətdə bir çoxlarının həbs ediləcəyi haqqında bizə xəbər verirdi.

Günün birində Şeyxovun Naxçıvanda həbsə alındığını eşitdim. Rayanı görüb Ordubada gedəcəyimi xəbər verdim. Mən Ordubadda qala bilməyəcəyimi yəqin etmişdim. Orada yalnız iki gün qalmışdım. Polkovnik Zançenkonun Ordubada gəldiyini eşitdim. Mən yanvarın 11-ci günündə bütün lazımi şeylərimi yığışdırıb Ordubaddan Bakıya getmək və orada gizlətmək istəyirdim. Şeylərimi səbətə yığmaqda idim. Anam böyük bir alma verdi.

- Səid, bu alma sən əkdiyin ağacın birinci almasıdır. Bunu sənin üçün saxlamışam.

Almanı əlimdə tutub hələ səbətə qoymamışdım. Qapı döyüldü. Hacı Əhməd nəvəsi qaradavoy İsmayıl və İsmayıl bəyin oğlu Behbud içəri girdi. Onlar utana-utana pristav Abbasqulu bəyin məni çağırdığını söylədilər.

- Gedin, bu saat gəlirəm! - dedikdən sonra onlar:

- Buna pristav icazə verməmişdi, - dedilər.

Mən məsələni anladım. Anamı sakit edərək yola düşdüm. Mən polis idarəsinə girdiyim vaxt saat 4 idi. Abbasqulu bəy ayağa durub görüşdü və yer göstərdi. Dostanə söhbətlər başladı. Çay gətirdilər. Andrey bəyin nəvəsi onun tərcümanı idi. Abbasqulu bəy onun getməsinə əmr verdi. Tərcüman getdi. O gedəndən sonra sözə başladı:

- Qafqaz canişini Vorontsov-Daşkovun əmrinə görə, siz müharibə qurtarıncaya qədər xaricə göndəriləcəksiniz.

- Özüm getsəm olmazmı?

- Xeyr, siz yatab ilə getməlisiniz. Fəqət, Naxçıvan ilə Ordubad arasındakı kanvoyların hamısı erməni soldatlarındandır. Qorxuram ki, bunlar səni Naxçıvana sağ-salamat aparıb çıxarmasınlar. Naçalnik Zançenko burdadır. Mən səndən qabaq Nəcəf Əlixanovun dalınca adam göndərmişəm. Bəlkə də, o, naçalnikin yanına gedər, sənin bir nəfər qaradavoy ilə gedib Naxçıvanda həbsxanaya girməyinə icazə alar.

Bir az söhbətdən sonra Nəcəf bəy gəldi. Görüşdük. Abbasqulu bəy məsələni ona anlatdı. Nəcəf bəy bunu məmnuniyyətlə öhdəsinə aldı. Biz söhbətə məşğul olduq. Yarım saatdan sonra Nəcəf bəy qayıtdı. Dörd min manat istiqraz biletinə zaminə götürdüyünü söylədi. Məni iki günlüyə azad buraxdılar.

İşlərimi düzəltdim. Üçüncü gün pristavın idarəsinə getdim. O, qaradavoy Məmmədi mənə qoşdu. Faytona oturub Culfaya gəldim. Gecəni Əli Nuriyevin mənzilində qaldım. Rus qoşunu türklər çəkildikdən sonra yenə də İrana getmişdi. Mühacirlərdən də kimsə yox idi. Evlərin çoxu dağılmışdı. Əsgərlər qapı-pəncərəni yandırmışdılar. Mən Bayraməlinin evində olurdum. Orada kimsəni tapmadım. Bir xoruz ilə ev tulası burada dolanırdılar.

Tezdən vaqona oturub Naxçıvana gəldim. Naxçıvanda olan tanışlarla görüşdüm. Yatab ilə göndərildiyimi onlara bildirdim. Onlar burada çalışacaqlarını öhdələrinə götürdülər. Şairlərdən Çakər rastıma çıxdı. Məsələni bildi. Təəssüf etdi. Məni Şeyx Kərimin yanına apardı. O, boynundan atıb dedi:

- Bu barədə polkovnikə heç bir söz deyə bilmərəm.

Burdan naümid olduqdan sonra Mirzə Heydər Nəsirbəyovun yanına getdik. Bu adamın, öz dediyinə görə, naçalnik ilə arası çox saz imiş. O, naçalniki özündən razı salmaq üçün klubda bilə-bilə pul uduzardı. Bu da rədd edərək dedi:

- Zənnimcə, bu cür adamların təvəqqəsini etmək ziyalı və mədəni adamların işi deyildir.

Buradan da naümid olduqdan sonra Məşədi Abbas İsmayılov dedi:

- Cəfərqulu xan həmişə bizə borclu olur. Bəlkə də, sözümü yerə salmadı.

Onun qapısına getdik. Qapını vurduq. Nökər gəldi. Xanı görəcəyimizi söylədik. Xan bayıra çıxdı. Dalınca kiçik oğlu Kəlbəli xan da bayıra çıxdı.1 Məşədi Abbas məsələni xana anlada bilmədi. Mən özüm danışmağa icazə istədim. Xan icazə verdi. Mən qısa olaraq söylədim:

- Hər nədənsə hökumət bizdən şübhəyə düşdü. Bizi nadinc adam hesab etdilər. Nəhayət, bu işi qubernator və sərdara qədər aparıb çıxardılar. Hazırda məni Qafqazdan köçürməyə əmr etmişlər. Buna heç bir söz yoxdur. Bir ricam varsa, o da bundan ibarətdir ki, məni hara göndərirlərsə öz xərcim ilə getməyə icazə versinlər. Yaxud yanıma bir polis nəfəri qoşsunlar. Onun da gedəcəyi, qayıdacağı üçün müsafiri öz öhdəmə götürürəm. Xan heç düşünmədi. Sözünü qısa və aydın dedi:

- Mən imperatorun düşmənlərini müdafiə etmərəm. Gedin dinc oturun!

Kəlbəli xan atasının qolunu tutub:

- Papa, doğrudan da bu, imperatorun düşmənidir? - dedi.

Biz bu söhbətdə ikən məşhur Naxçıvan lotusu Civə Cabbar uzaqda durub qulaq asırdı. Cəfərqulu xan imperator söhbəti edəndə Civə Cabbar:

- Sənin də... imperatorun da... - dedi və getdi.

Xan onun dalınca acıqlı baxıb içəri girdi.

Biz oradan da ümidimizi kəsdik. Bəhram xanın yanına gəldik. O da qubernatora teleqram göndərməyi məsləhət gördü. Teleqram yazıldı, göndərildi. Mən saat 1-də naçalnik Zançenkonun idarəsinə gəldim. Qaradovoy paketi verdi. Məni ora tapşırdı. Qayıdarkən ona 25 manat verdim.

***

Mən naçalnikin divanxanasına girdiyim vaxt Bolqanlı İsmayılı orada gördüm. O, məni görən kimi gizləndi. O bizimlə işləyirdi. Onun haqqında bizə bəziləri demişdi. Nəhayət, bu gün onun casus olduğu anlaşıldı. Mən özümdə heç bir həyəcan və şaşqınlıq hiss etmədim. Çünki buradan qurtarmayacağımı qəti surətdə anlayırdım. Qafqazdan köçürülməyimə əmr verən canişin Vorontsov-Daşkov idi. Bu hökmü nə İran konsulu Rauf bəy vasitəsilə uyezd naçalnikinə xalça vermək, nə Culfa pristavı Yeşşolta ayda 25 manat vermək, nə də İrəvan qubernatorunun mütərciminə 4 pud Naxçıvan pendiri vermək poza bilməzdi. And içmək, günahları inkar etmək də yaramazdı. Çünki bizimlə bir yerdə çalışan, daima inqilab adı gələndə gözlərindən yaş axıdan Bolqanlı İsmayılın polis idarəsi ilə əlbir işlədiyi bu gün artıq mənə məlum olmuşdur.

Mən içəri girdikdə təsadüfi olaraq yenə də Rauf bəyi naçalnikin yanında gördüm. Naçalnik bir neçə dəqiqə mənə əhəmiyyət vermədi, Rauf bəylə söhbətə davam etdi. Azdan sonra üzümə istehza ilə baxıb:

- Tora düşdünmü? İt balaları! İmperator sizə hansı fənalığı etmişdir? Hansı millətlərə verdiyini sizə verməmişdir? - dedi.

Burada mən heç bir tərəddüd göstərə bilməzdim. Buna lüzum da yox idi. Çünki iş bitmişdi. Yalvarsam da, fəna sözlər söyləsəm də, məni göndərəcəkdilər. Buna görə də onun üzünə gülümsənərək:

- Başqa millətlərə verdiyinizlə işim yoxdur. Lakin bizə o qədər vermişsiniz ki, cibimiz tutmur.

Rauf bəy mənə gözlərini ağardıb, əlini ağzına basıb sakit olmağımı işarə edirdi.

Çoxdan bəri naçalnik dəftərxanasında çalışan qoca bir tatar fəsini yuxarı qaldırdı. Çeşməyini çıxarıb heyrətlə üzümə baxdı. Polkovnik bu sözümdən sonra katibinə:

- Haranı istəyirsə, yazın getsin, - dedi.

Mən:

- Vladiqafqazı istəyirəm.

- Olmaz! Qafqaza yaxındır.

- Həştərxan.

- Quberniya şəhərlərinə yaramazsan.

Tatar mənə pıçıldadı:

- Saritsın şəhərini götürün. Orada tatar çoxdur.

Mən onu qəbul edərək:

- Saritsın şəhərinə gedərəm.

- Orası mümkündür. Yazın, özünü də həbsxanaya göndərin.

***

Naxçıvan küçələri çox palçıq idi. Yanvar ayının 14-cü günü idi. Məni həbsxanaya bir nəfər polis süvarisi aparırdı. Tanışlar ilə görüşmək lazım idi. Bəzi sifarişlərim var idi. Polisə bir təklifdə bulundum:

- Sən də nahar etməmisən, mən də naharsızam. Məncə, Çayçı Ələkbərin çayxanasında nahar etsək, yaman olmaz.

Polis bu təklifimə razı oldu:

- Nahar yeməyə meylim yoxdur. Eyb etməz, siz nahar edin.

Onun bu sözündən naharın parasını istədiyini anladım. Çayxanada məni bir çoxları gözləyirdi. Sonra bir çoxları da gəldi. Ürək verənlər, ağlayanlar da vardı. Bütün sirlərimi polis idarəsinə verən İsmayıl Bolqanlı da çox sonra gəlib çıxdı. Mənim bütün işlərimdə fədakarlıq göstərən, lakin müvəffəq çıxa bilməyən Məşədi Abbas İsmayılov da şiddətlə ağlayırdı. Nədənsə bunun da göz yaşlarının səmimi olduğuna inanmırdım. Çayxanada başlıca işim Ordubada yazıb, qardaşıma vəziyyəti bildirməkdən ibarət idi.

Müfəssəl məktub yazdım. Özümlə gətirdiyim bahalı və həbsxanaya aparılması mümkün olmayan şeylərimi Məşədi Abbas İsmayılovun evində qoyduğumu bildirdim. Əlixanov Nəcəf bəy də gəlib çıxdı. O mənə yanaşdı:

- İstəmirsən, keç İrana. Qoy mənim sənin üçün rəhm verdiyim para batsın. Buna polis nəfərini də razı edirəm, - dedi.

Mən razı olmadım. Dünya müharibəsinin uzun çəkəcəyinə etibar etmirdim. Şeylərimi Məşədi Abbasa tapşırdım. Mən bilə-bilə vaxtı təxirə salırdım, çünki Culfadan keçib Naxçıvana gəldikdə həbs edilib göndəriləcəyimi Rayaya xəbər vermişdim. Raya gəlib çıxmadı. Vaxt keçirdi. Polis rüşvət aldığı üçün məni tələsdirməsə də, təşviş və həyəcana düşdüyü bəlli idi. Bir daha tanışlarla görüşdüm, sonra öpüşdüm. Yola düşdüm. Həbsxanaya qədər məni bir çoxları yola salırdı. Çox ağlamaq səsləri eşidirdim, əhəmiyyət vermirdim. Çünki bunların arasında İsmayıl Bolqanlı kimiləri də var idi. Nəhayət, həbsxana qapısı açıldı. Mən artıq arxadakıları unudub yeni qədəm basdığım dünya haqqında düşünürdüm. Mən içəri girirdim. Qapı hələ örtülməmişdi. Bir ağlamaq səsi də eşitdim. Bu səmimi ağlamaq səsinə bənzəyirdi. Mən dönüb arxama baxdım. Raya ağlayırdı. Yıxılarkən onu Məşədi Abbas İsmayılov tutdu. Qapılar örtüldü. Mən həyətdən dəhlizə gedənə qədər o ağlamaq səslərini eşidirdim.



1  Hazırda kəlbəli xan İran ordusunda xidmətdədir (müəllifin qeydi).

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info