Qonaq Kitabı
İYUL GÜNLƏRİ

Culfanın iyul günləri nə qədər isti, nə qədər tozlu, küləkli və cansıxıcı olursa-olsun, yenə də gecələri bir yaz gecəsi qədər sərindir. Bunun üçün də əyləncə və yemək yerləri yalnız gecə saat 12-dən sonra başlanır.

Biz bir neçə gündən bəri şam yeməklərini “Anqliya” mehmanxanasında yeyirdik. Çünki dünya müharibəsi başlandığından Fransa oteli tamamilə İran və Türkiyə hüduduna göndərilən ordu hissələrinin zabitləri tərəfindən götürülmüşdü.

Bu gecə mən “Anqliya” mehmanxanasına ancaq gecə saat birin yarısında gələ bildim. Yenə də yemək masası balkondan dördüncü otelin pəncerəsi qarşısında açılmışdı. Otelin sahibi Suren məni gözləyirdi. Hələ yemək başlanmamışdı. Ara-sıra ağlamaq və yalvarmaq səsləri eşidilirdi. Lakin sol tərəfimizdəki küçədən İrana gedən hərbi arabalar və top təkərlərinin səsləri bu yalvarmaq və ağlamaq səslərinin haradan gəldiyini təyin etməyə mane olurdu. Diqqətlə qulaq verirdik. Nəhayət, bu səslərin qarşısında oturduğumuz odadan gəldiyini anladıq. Mən də, Suren də qalxıb otağa girdik. İki gənc qız - birisi çarpayının üzərində oturub, digəri isə odanın bucağına qısılıb titrəyirdi. Bizi görərkən qızları daha dəhşət götürdü. Odada iki nəfər polis süvarisi var idi. Birisi Rzaqulu Teymurbəyov, o birisi Semaşkov adlı bir malakan idi. Bunların da qarşısında yoğun və əndamsız bir qadın durmuşdu. Ağlamaq səsləri dayanmışdı. Qızlar bizim hansı tərəfə yardım edəcəyimizi gözləyirdilər. Polislər bu sükutu pozdu:

- Durun deyirəm! Mehmanxana xalqını öz həyasızlığınızla rahatsız etməyin! - dedikdə qızlar şiddətlə ağladılar.

Mən hədsiz dərəcədə mütəəssir oldum:

- Nə üçün bu qızları ağladırsınız?

Qadın irəli keçdi. Əlindəki kağızları göstərib dedi:

-15 nəfər qızdır. Rostov şəhərindən və kəndlərindən həmin müqavilə üzrə gətirmişəm. Onlardan ikisi qaçıb mehmanxanaya girmiş, müqavilənaməyə əməl etmək istəmir.

Müqavilələr oxunduqda məlum oldu ki, Rostov sakinləri Semyon Anisov 19 yaşında olan qızı Rayanı, Beqliosov isə qızı Lidanı əlli manat alıb Samtred sakini Manya Alekseyevaya vermişdir. Qadın bunları işləmək üçün gətirmişdir. Hərgah qız bu müqavilədən boyun qaçırarsa, o vaxt əlli manat para ilə bərabər, əlli manat pul məsarifi verməli imiş. Mən bütün bunları oxuduqdan sonra qızlara müraciət etdim və atalarının bu şəraitə nə üçün razı olduğunu soruşdum. Qızlardan Raya:

- Atları müharibə üçün ucuz qiymətə aldılar. Alınan para da vergiyə verildi. Ailə ac idi. Bir də biz özümüzün fahişəxanaya gətirildiyimizi bilmirdik.

Çox danışdıqdan sonra iki yüz manat verib qızları fahişəxana müdirinin əlindən qurtardıq. Lakin qadın peşman olmuşdu. Çünki əl vurulmamış gözəl kəndli qızlarının hər birisinin şəhvətpərəst və varlı İran tacirlərinə yüzlərcə manat para müqavilində satacaq idi.

Osmanlı müharibəyə qoşulmuşdu. Rus qoşunu Təbrizə çəkildi. Urmiyada, Xoyda olan rus tərəfdarı tamamilə çəkilib rus Culfasına tökülmüşdü. Xüsusən, rus ordusuna yardım edərək Osmanlı dövlətinə qarşı düşmən hərəkətdə bulunan erməni və assuri ailələri Culfa düzündə əsən küləklər, qarlar, yağışlar altında qalmışdı. Bütün evlər boşaldılıb qoşun doldurulmuşdu. Qoşunun bir hissəsi də açıq havada qalmışdı. Culfa dəmiryolu bu qədər adamı Rusiya və Qafqaz içərilərinə daşıyıb apara bilmirdi. Andronik və Məlik Şəmovların1 apardığı siyasətin nəticəsində erməni və assuri ailələri məhv olurdu. Erməni və assuri kəndliləri özləri ilə at, eşşək, qatır, inək, qoyun, hətta toyuqlarını belə gətirmişdilər. Bu heyvanları saxlamaq üçün örtülü yer yox idi. Heyvanlar sahibləri ilə bərabər qırılırdı. Ətraf şəhər və kəndlərdən tamahkar tacirlər yığılıb Culfaya gəlmişdi.

Yanı balalı inəyini iyirmi manata satan erməni kəndli qadını ağlaya-ağlaya inəyin gözlərindən öpüb axırdı. Yaxşı at qırx manata, qoyun üç manata, qatır iyirmi manata, kök eşşəklər 10 manata satılırdı.

Bütün Culfa düzü heyvanlarla dolmuşdu. Sahibləri bunları satmadığı üçün başlı-başına buraxılmışdı. Mən bu vəziyyəti gördükcə Androniki xəyalıma gətirir və onun mübarizəsindəki fəna nəticələrə nifrət edirdim. Bu vaxt Culfada üç böyük hadisə oldu. Bunlardan birisi erməni assuri könüllüləri ilə İran kazakları arasında düşən qızğın vuruşmadan ibarət idi. Erməni-assuri könüllüləri İran Culfasında yerli xalqı talayıb incitdikdə İran kazakları işə müdaxilə edir, nəticədə vuruşma başlanırdı.

İkinci hadisə cəbhəyə göndərilən əsgərlərin getməkdən boyun qaçırmaları və tərkisilah olmalarından ibarət idi. Üçüncü hadisə yağış altında qalan əsgərlərin Fransa otelində kef çəkən zabitlərə qarşı üsyan etməsi idi.



1 Məlik Şəmov ruslar tərəfindən Assuri hökmdarlığına namizəd olan bir assuri idi. Onu Sitmenko öldürdü. Çünki onun varlığı Sitmenkonun düşündüyü Kürdüstan azadlığına zərər idi, (müəllifin qeydi).

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info