Qonaq Kitabı
XOY ŞƏHƏRİ

Xoy şəhəri İran Azərbaycanının ən gözəl suları, çeşmələri və meyvəsi ilə məşhur olan şəhərlərindən birisidir. Şəhər palçıqdan qayrılmış bir qalanın içərisindədir. Qalanın dörd tərəfi xəndəklərdən ibarətdir. Bu xəndəklər su ilə doludur. Kənardan gələnlər şəhərə körpülər vasitəsilə keçə bilərlər. Küçələrin hamısından su keçir. Suların üstü açıq oldugundan tamamilə kəsafət içindədir. Böyük məscidlər və qədimdən qalmış hökumət binaları vardı. Lakin bunlar çoxdan bəri təmir edilmədiyindən xərabəliyə üz döndərmışdir.

Oteldən çox tez çıxdıq. Xeyrəddin bəy Hacı Həsənaga tacirbaşını görəcəkdi. Yolumuz corabsatan bazardan düşdü. Burada qadınlarla birlikdə, kişilər də ticarət edirdilər. Burada nəzər-diqqətimi cəlb edən bir şey varsa, qadınların tamamilə çirkin, kişilərin isə gözəl olmasıdır. Mən bunu Hacı Rza Mahmudovdan zarafatla soruşdum. O dəxi zarafatla belə cavab verdi: “Tabiət bizi qadınlarla dəyişik salmışdır”.

Hələ çox tez olduğu üçün karvansara açılmamışdı. Hacı Həsənağanı görmək mümkün deyildi. Biz Şivənə qapısından bayıra çıxıb, qalanın ətrafını dolaşmağa başladıq. Rus qoşun hissələri bütün xiyabanın yanlarında böyük dağın bağında və rus konsulxanasının ətrafında yerləşmişdi. Burası, doğrudan da, böyük müharibə ərəfəsində olan bir ordu qərargahını təsvir edirdi. Nədənsə Xeyrəddin bəy bu mənzərəni gördükdə ruhlanır və çöhrəsində sönməz bir şadlıq nəzərə çarpırdı. O daha da uzaqlara getmək və qoşun hissələrini tamamilə gözdən keçirmək ilə maraqlanırdı. Dogrudan da, soqül-çeyş nöqteyi-nəzərdən mühüm olan bu şəhərin bir müharibə cəbhəsinə döndərilməsi Anadoluda və Kürdüstanda mühüm bir hadisənin gizləndiyinə işarə edirdi.

Üç saat tamam gəzdikdən sonra şəhərə qayıtdıq. Hacı Həsənağa tacirbaşı hücrəsində idi. Xeyrəddin bəy onunla görüşdü, məni də tanış etdi. Xeyrəddin bəy ondan Bədirxan Paşazadə Əbdürrəzzaq bəyi soruşdu. Onun bir neçə günlüyə Urmiya şəhərinə getdiyi məlum oldu. Hacı Həsənağa Xeyrəddin bəyə para təklif etdi. Söz yox ki, Xeyrəddin bəy almaqdan boyun qaçırmayacaqdı. Çünki Culfada olduğu vaxt Naxçıvana gedib bütün paralarını Cəfərağa Zülfəliyevə uduzmuşdu.  Həsənağa çox para verdi. Lakin o, beş yüz manat götürdü. Xeyrəddin bəy bol-bol para sərf etməyi sevirdi. Otelə gəldik. O həmin gün təntənəli bir nahar sifariş vermək istədisə, mən buna mane oldum. Çünki onu öyrənmək gecə əlverisli idi. Onu lazımi qədər içirtmək və sirrini əlindən almaq lazım idi. Təntənəli şam yeməyini gecələrin birisinə buraxdıq. Hələlik nahar üçün aşpaz dükanına gəldik. Biz aşpaz dükanına yetişmədən çox təəccüblü bir hadisəyə təsadüf etdik. Dörd çarsunun ortasındakı kiçik və üstü örtülü meydançada (İranda buna “təmçə” deyirlər) şəbih çıxarırdılar. Xeyrəddin bəy bununla çox maraqlandı. Durub tamaşa etdik. Meydançanın dörd tərəfi manufaktura və xərəzi malları, işıq şeyləri satan mağazalar idi. Bütün tacirlər əllərini işdən çəkib ağlayırdılar. Aralıqda qız paltarı geyinmiş, qayət gözəl bir gənc oxuyurdu. Bu qız Həzrət Abbas şəbihinin ətəyindən yapışıb çox gözəl səslə bu təsnifi oxuyurdu:

Təşnəlik alıb qərarımı, zar, biqərarəm, ey əmu,

Gör nə əşqibarəm, ey əmu.

Bu halda rus əsgəri bilərək boçkanı oxumaqda olan gəncə toxundurub onu böyrü üstə yıxdı. Gənc yenə qalxıb oxumağa başladı.

“Həzrət Abbas” öz vüqarını pozmadı. Ağlayanlar da bu vəziyyətdən darılmadılar. Bu iş göstərirdi ki, hazırkı hadisə yalnız bu gün deyil, hər gün və hər həftə baş verirmiş. Xeyrəddin bəy bu hadisədən gülməyə başladı. Mən yerlilərin xatirinə toxunmasın deyə onu mən etdim. Lakin bu fayda vermədi. Dükançılardan biri bu gülməyin nəticəsində hali-təbdən çıxmışdı. O bizə yaxınlaşaraq dedi:

-Eyib deyilmi, özünüz müsəlman ola-ola İmam Hüseyn təziyəsinə gülürsünüz.

Mən ona təəccüblə baxaraq dedim:

- Mənim rəfiqim İmam Hüseyn təziyəsinə deyil, sizin özünüzə gülür.

- Bizim nəyimizə gülür? Meymun-zad deyilik ki?

- Çünki siz yeni müsibətləri unudub, əski müsibətlərə ağlayırsınız.

- Necə yeni müsibət?

- Evinizin içində bir neçə nəfər rus əsgəri şəbihinizi vurub yıxdıqda bu müsibət deyilmi?!

Dükançı daha dinmədi. Uzaqdan bu söhbətlərə qulaq asan bir zat irəli gəldi, dükançının qulağına nə isə dedi və onu sakit elədi. Sonra mənə dönərək:

- Doğrudur, hazırkı müsibət daha böyükdür, - deyərək yaxındakı saatqayıran dükana girib, işinə başladı.

Aşpaz dükanına girdik. Bizi əvvəlcə erməni hesab etdilər. Mən türkcə danışıb çilov istədim. Bizdən üzr istədilər. Oturanlar bir-birinə “qarabağlıdırlar”, - deyə pıçıldadılar. Nahardan sonra otelə qayıtdıq. Axşama qədər mənzildə istirahət etdik. Gecəni Aleksandrın hazırladığı kababla şam elədik. Gecələr burada çox qüssəli keçir. Heç kəs bayıra çıxa bilməz, gəzməli yerlər tamamilə rus ordusunun qərargahıdır. Axşam saat 9-dan sonra hər kəs evinə qapanıb səhərə qədər yatmalıdır.

Yarın yenə də səhər saat 8-də çay içib bayıra çıxdıq. Mən hamama getməyi məsləhət gördüm. Saat 9-da hamama getdik. Canımızı təmizlədik. Lakin qorxudan və kəsafətdən otura bilmədik. Soyunmağımız ilə geyinməyimiz bir saat çəkmədi. Biz bayıra çıxanda hamamın qapısında çox adam yığılmışdı. Hər kəsin üzündə bir qorxu müşahidə olunurdu. Bız bir az irəli getdik. 16 yaşlarında gözəl bir gənc əmgəyinin altından bir bıçaq yarası alıb yıxılmışdı. Uşağın atası, başını dizi üstə alıb, əlindəki dəsmalı uşağın yarasının üstünə basmışdı. Biz bunun səbəbini soruşduq. Bir nəfər çəkməsilən belə cavab verdi:

- Bir ildən bəridir, bu oğlana bir nəfər başmaqçı aşiq olmuşdu. Oğlan bu eşqi xoşlamırdı. Başmaqçını öz yaxınına qoymurdu. Uşaq qorxusundan hər yerə atası ilə gedirdi. Nəhayət, başmaqçı bu gün fürsət tapıb uşaq atası ilə hamamdan çıxdığı yerdə yaralamışdır.

Mən başmaqçının həbs edilib-edilməməsini soruşdum. O, belə cavab verdi:

- Başmaqçı bəstə girmişdir. Bura müsəlman məmləkətidir. Bəstdən adam çıxarmaq olmaz.

- Bəst haradadır?

- Bax, bu görünən minarə həmin bəstin minarəsidir.

Çəkməsilən bəsti göstərdikdən sonra biz canini görmək üçün maraqlandıq. Xeyrəddin bəy də buna razı oldu. Yolda bizə Hacı Həsənağa tacirbaşı rast gəldi. Bəstə getdiyimizi söylədik. O, bir az düşündü. Sonra dedi:

- Gedin, lakin orada başqa sözlər danışmağınız məsləhət deyil. Cənab konsulun tapşırığı budur ki, əhalinin adətlərinə və hökumətin daxili işlərinə toxunulmasın.

 

***

Bəstin qapısından uzun və ağır zəncirlər asılmışdı. Bu zəncirləri əyilmək və bəstə təzim edib girmək üçün asmışdılar. Bəstin mücaviri (qulluqçusu) bizi qarşıladı. İcazə istədik. Müsəlman olduğumuzu bilib icazə verdi. Həyətin ortasında balaca bir hovuz var idi. Ətrafında əlliyə qədər ruhani oturub dəstəmaz alırdı. Hamısı suyu ağzına alıb yenə hovuza qaytarırdı. Suyun üzündə ağ köpük durmuşdu. Həyətin sol tərəfində polad pəncərəli bir qəbir var idi. O, mötəbər bir şeyxin qəbri idi. Bunun hörməti üçün də həmin yerə bəst, yəni qapalı və toxunulmaz bir yer qərarı verilmişdir.

Böyük salon görünürdü. Orada qiymətli xalılar döşənibdir. Ətrafında mollalar, şeyxlər oturub çubuq və qəlyan çəkirlər. Əvvəlcə müqəssirləri və bəstə oturanları görməyə maraqlandıq. Bizi qamış həsir döşənmiş kiçik bir otağa apardılar. Burada üzü qırxılmış, qara və yoğun bığları olan otuz yaşlarında bir kişi kiçik döşəyin üstündə oturmuşdu. Bir bərbər onun üzünü qırxıb, birçəklərini darayırdı. Kim olduğunu soruşduq. Mücavir onu bizə tanış verdi:

- Bu gün hamamın qarşısında uşağı yaralamışdı, - dedikdən sonra cani özünü azad hiss edən bir zat kimi bığlarını və üst-başını düzəltməyə başladı. Başmaqçının qiymətli əyni-başı var idi. Mən yanımı pəncərənin taxtası üstünə qoyub oturdum. O, mənə üz döndərib soruşdu:

- Qarabağlımısan?

Təbii idi ki, o bizim başımızda xurmayı dəridən papaq gördüyü üçün bunu soruşurdu.

- Bəli, qarabağlıyam. Lakin bu günkü xətanızdan təəssüf edirəm.

- Əlbəttə, təəssüf edilməli işdir, lakin çəkə bilmədim, - deyərək ağ dəsmalı ilə bığlarını sildi və sözünü davam etdi:

- Siz qeyrətli adamlarsınız. Bizim adətlərimizi bilərsiniz. Mənimlə tanış olmaq istəmədiyi nə qədər ağır isə, mənim düşmənlərimlə tanış olması da mənə o qədər ağır gəlirdi. Mən qısqandım. Siz bilirsiniz ki, qısqanmaqdan da bu cür işlər çox olur.

Xeyrəddin Hacı Həsənağanın tövsiyələrinə əməl etdiyindən heç bir söz demirdi. Bu vaxt mücavir qayıdıb bizi salona dəvət etdi. Biz botilərimizi çıxarıb içəri girdikdə yuxarı başda oturmuş şeyx bir kərə “Ya Allah!” - dedi. Bundan sonra özü də, başqaları da bizim ayağımıza qalxdılar. Əyləşdik. Qəlyan, çay gətirdilər. Xeyrəddin bəy qəlyan çəkdi. Mən çay içdim. Şeyx haralı olduğumuzu və nə üçün bəstə gəldiyimizi soruşdu.

- Qafqazlıyıq. Bugünkü hadisə ilə maraqlandıq.

- Hansi hadisə?

- Hamamın qarşısında uşağı vurub, bəstə oturan caninin törətdiyi hadisə ilə.

- Allahın lənətinə giriftar olmuş şeytan daima möminləri yoldan azdırmağa və əyri yola salmağa çalışır.

Şeyx bu sözləri dedikdən sonra mən cavab verməyə cəsarət etmədim. Çünki bir ixtilaf çıxmasından qorxurdum. Xoy şəhərinə pasportsuz və icazəsiz gəldiyim də sükutuma səbəb oldu. Çayı içdik. Xeyrəddin bəy də qəlyanı buraxdı. Mollalarla xudahafizləşib bəstdən çıxdıq,

***

Nahardan sonra hava çox isti idi. Qafqaz otelinin bufeti zirzəmi kimi sərin bir yerdə idi. Xeyrəddin bəylə bufetin yanında qoyulmuş bir masanın başında oturub sərinləyirdik. Xeyrəddin bəyə təzə xiyar ilə kişmiş arağı gətirdilər. Bufetin yanında gödəkboylu, arıq və sısqa bir adam durub araq içirdi. Xeyrəddin bəy bunun kim və nə iş sahibi olduğunu mehmanxana sahibi Aleksandrdan soruşdu. Onun Tehrandan gəlmiş Abihəyat xanım adlı çalan və oxuyan qızın dəfçalanı olduğunu söylədi. Xeyrəddin bəy təntənəli bir şam yeməyi sifariş verdi və Abihəyat xanımın 15 tümən (30 manat) müqabilində vədəsini aldı. Bir az içdikdən sonra otağımıza çəkildik.

***

Hava çox isti olduğu üçün Aleksandr axşam yeməyini otelin damında düzəltmişdi. Dam çox uca idi. Nərdivan ilə çıxmaq lazım gəlirdi. Şam yeməyi süfrənin üzərində döşənmiş və ətrafda xırda xalçalar salınmışdı. Şərab mina bir ibriqdə qoyulmuşdu. Şərab Urmiyadan gətirilmiş məşhur Ağa Bərzək adlı mülkədarın şərabından idi. Bunu yalnız Abihəyat xanım üçün gətirmişdilər. Çünki Abihəyat xanım araq içmirdi. Araq yastı şüşələrdə idi ki, bunlara İranda “kitabi şüşə” deyirlər. Süfrədə hələlik təzə pendir, qatıq, səbzi ilə qarışmış qatıq və cürbəcür səbzilər qoyulmuşdu. Bir neçə dəqiqədən sonra otel qulluqçularından birisi gəlib, “gəldi”, - deyə qayıtdı. Bir dəqiqədən sonra qabaqca bir nəfər əlində tar və qaval, onun dalınca da Abihəyat xanım öz qavalvuranı ilə nərdivandan çıxıb gəldi. Aleksandr onu əvvəlcə Xeyrəddin bəy ilə, sonra mənimlə tanış etdi. Qadın çarşabını götürüb qulluqçuya verdi. Yuxarı başda salınmış döşəyin üstündə oturdu, Abihəyat xanım son modada geyinmiş qərbli bir qadına bənzəyirdi. Bu gözəl fars qızının rəngi qaraya mail idi. Alnına düşən tellərinin üstündə olan və bahalı daşlarla bəzənmiş bir çıqqa vurulmuşdu ki, bu da ümumiyyətlə şahzadə xanımlara məxsus bir əlamətdir. Qulaqlarında noxuddan daha böyük brilyant sırğalar var idi. Kabab gətirildi. Hələlik şəraba əl vurulmamışdı. Abihəyat xanım mənim sol tərəfimdə idi. Xeyrəddin bəy isə onu düz-doğru görmək üçün yerini dəyişib qarşı-qarşıya oturmuşdu.

Abihəyat aralıqdakı şərab qədəhlərinə baxaraq məndən soruşdu:

- Farsi midani?

- Midanəm və kəm-kəm hərf bezənəm.

- Əz kodam şərab xahid xord?

- Bərayi-mən fərqi nədarəd.

- Şərabi-sorx benuşid.

- Eyb nədarəd.1

Şərab piyalələrini doldurdular. Xeyrəddin bəy Abihəyat xanımın şərab içməsinə razı olmadı:

- Abihəyat xanım ilə mən araq içəcəyik, - dedikdən sonra, mən qızı qandırdım, güldü:

- Məni keflətmək istəyir, - deyə əlavə etdı:

- Etiraz nədarəm,2 - deyib araq piyaləsini əlinə aldı. Kabab bişdi. Abihəyat xanım piyaləni yerə buraxıb tarı dizinin üstünə qoydu. Köklədi və cargah çalmağa başladı. Sədinin bu qəzəlini oxuyurdu:

Bəxti cavan darəd an ge bato qərinəst

Pir nəkərdərd ge dər behişt bərinəst.3

Abihəyat xanım bu qəzəli tamamilə oxuyub bitirdi. Yenə də Xeyrəddin bəy

ilə araq içməsini davam etdirdi. Yanındakı dəfvuran tez-tez “Xanom, bəs əst,1 - deyə onu içməkdən mən edirdi. Bununla da mən onun Abihəyat xanımın əri olduğuna inandım. Gecə saat 1-də plov verildi. Xeyrəddin bəy Abihəyat xanımı kefləndirmək fikrində yanlış çıxdı. Onun özü keflənməyə və sözlərini itirməyə başlamışdı. Abihəyat xanım özünü çox vüqarla aparırdı. O, plovu başlamadan tarı əlinə götürdü və soruşdu:

- Çe bexanim?

- Çizi əz Xace bexanid,2 - deyə Xacə Hafizdən şeirlər oxumasını arzu etdim.

O, heç təxir etmədən Hafizdən bu qəzəli oxudu:

Hafiz nəgəşdi rüsvayi-giti

Kər mişenidi hənd əz ədiban.3

Artıq Xeyrəddin bəy tam mənası ilə sərxoş idi. O başqasınm danışmasına və Abihəyat xanımın oxumasına da imkan vermirdi. Plovu yeyib bitirdik. Abihəyat yenə içir, içdikcə Sədinin, Hafizin qəzəllərini oxuyurdu. Növbə Xeyrəddin bəyə yetişdi. O:

- Mənəm Şərqin Napoleonu! Mənəm Səlahəddin Əyyubinin varisi! - deyə arağı stəkan ilə içirdi. Xeyrəddin bəy Kürdüstanda öz hökumətini qurduqda məni maarif naziri “təyin edirdi”. Aleksandra Tiflisdə “böyük vəzifələr vermişdi". Xidmətçilərə rus 25-lik paralarını arası kəsilmədən verirdi.

Gecə saat 3 olmuşdu. Xeyrəddin bəy daha danışmırdı. Onun qoltuğuna girib, nərdivandan aşağı düşürüb yatırmışdılar. Abihəyat xanım məclisin vəziyyətindən təəssüf etdi. İkinci kərə görüşməyi arzu elədi. Mən Aleksandrın vasitəsilə ona xəbər verəcəyimi söylədim. Vidalaşıb getdi.



1          Tərcüməsi: Farsca bilirsən?

-          Bilirəm və az-az danışıram.

-          Hansı şərabdan içəcəksən?

-          Mənim üçün fərqi yoxdur.

-          Qırmızı şərab iç.

-          Eybi yoxdıır.

2  Etirazım yoxdur.

3 O cavanın bəxti var ki, sənə oxşayır.

   Qocalmayır ki, yüksək behiştdədir.

 

 

 

 

1  - Xanım bəsdir.

2 - Nə oxuyum?

             - Xacədən bir şey oxuyun.

3 Hafiz aləmdə rüsvay olmazdı.

- Əgər ədiblərdən nəsihət eşitməsəydi.

 

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info