Qonaq Kitabı
ƏBDÜLBƏHANIN LÖVHİ

Bəhayilər səhifəsinə əlavə

Lövh bundan ibarətdir: “Hərb xərabist, sülh baisi-emrani ümumi; hərb məmat, sülh həyatəst.

Hərb xunxarəst, sülh mehribanist; hərb müxtəzayi-təbiət, sülh əsasi-dini-iləhist.

Hərb zolmət əndər zolmət əst, sülh ənvari-asimanist. Hərb manendi-qorgi-xunxar, sülh malaiki-səmaviyə.

Dovvom, dünya be təlimi - Bəha əməl nəkərdənd, dəvətimara nəşənideənd, bənabərin balai-kərb bər işan mustoli xahəd, lakin ma bəhaiyan dər müharibə bitərəf xahim mand”.1

Lövhün üzərinə yaşıl atlas çəkilmişdi. Onun üstünü camaat toplandıqdan sonra açacaqdılar. Nəhayət, xalq toplandı. Lövhün üstünü açdılar. Lövh Əbdülbəhanın əlyazısının fotoqrafla alınmış kopiyasından ibarət idi. Əbdülbəha uzun-uzadı və ümumi sözlərdən sonra beynəlxalq vəziyyətdən danışırdı.

Lövhdə İngiltərə - Almaniya, Almaniya - Rusiya, Fransa - Almaniya, Fransa - Rusiya münasibətləri haqqında yazılırdı. O, öz sözünün axırında yaxında bir müharibə olacağını və bu müharibədə bəhayilərin bitərəf qalacağını tövsiyə edirdi.

Mən bütün bu xəbərləri hələ dörd-beş ay əvvəl sosial-demokrat-bolşevik qəzetlərində oxumuşdum.

Yuxarı mərtəbədən düşüb öz odamızın qarşısına qoyulmuş kürsünün üstündə oturdum. Molla Hüseynin qızlarından birisi mənim üçün çay gətirdi. Molla Hüseyn özü də gəlib oturdu. Qız ona da çay gətirdi. Molla Hüseyn qızının tərbiyəli qız olduğu haqqında mənə bir neçə kərə söylədi. Doğrudan da, qız ədəbli və tərbiyəli bir qıza oxşayırdı. Çöhrəsi İranlı qızlar kimi pənbə deyildi. Fəqət, olduqca zərif və mütənasib əndama malik olan bir qız idi. Adını atasından soruşdum. Bəhiyyə olduğunu söylədi. Qız gizlənmirdi. Zatən Evoğlu kəndində kişidən gizlənən qadına təsadüf etmədim. Molla Hüseyn çayını içib getdi. Qız həyətdə o tərəf-bu tərəfə gedir və çalışırdı. Lakin o, olduqca qəmgin görünürdü. Mən çay içir və qarşı divardan görünən alma ağacına qonan quşlara baxırdım. Bu quşlar ara-sıra qaçır və yenə də ağaca toplanırdı. Birdən-birə gözümə bir insan başı göründü. Bu baş baxıb yenə də çəkildi. Onun kim olduğunu və nə üçün baxdığını Bəhiyyədən soruşdum. O, çox utandı və ağladı. Soruşmağıma peşman oldum. Qəlbimdən cürbəcür fikirlər keçdi: “Əcəba, mən bunu danışdırdığım üçünmü ağladı? Mənim onu danışdırdığımı özü üçün təhqirmi hesab edir?” - deyə düşündüm və stəkanı aparmaq üçün gəldikdə üzr istəyərək dedim:

- Bəhiyyə xanım, əfv edərsiniz, mən burada qızdan söz soruşmağın qız üçün həqarət hesab olunduğunu bilmirdim. Ömrüm olduqca bu səhvimi unutmaram.

- Siz gərəki ki, mənim göz yaşlarımın mənasını anlamadınız. Qızdan söz soruşmaq heç vaxt həqarət deyildir. Ağlamağımın başqa səbəbləri vardır.

Qız bunu deyib getdi. Ziyaullah arxasında ot şələsi gəlib otu inəyin qabağına tökdü və əlindəki bir dəstə gülü götürüb yanıma gəldi: “Bu da bizim yerin sovqatıdır”, - deyərək gülü mənə verdi. Ziyaullahdan öz ailələri haqqında məlumat toplamağa başladım. O, qardaşlarından, bacılarından danışdıqdan sonra məsələni Bəhiyyənin üzərinə gətirib dedi:

- Qız özünə görə gözəl qızdır. Tərbiyəlidir. Oxumuş qızdır. Lakin atam onu dünya malından ötrü bədbəxt etdi. Qayət əxlaqsız, tərbiyəsizin birisinə ərə vermişdir. Qız əmisi oğlunu sevmişdir. Oğlan da Xoyda mənim məktəb yoldaşımdır. Özləri də bir parça çörək sahibidirlər. Atam isə bununla hesablaşmadı.

- Bunun səbəbi nədir?

- Çünki əmim bəhayi deyildir. Atam isə qızı bəhayi olmayan bir ailə içərisinə buraxmaq istəmir. Qızın özünü öldürməsindən qorxuram. Çünki ərə verildiyi adam insana oxşamır. Təknəlidir (qozbel), bir gözü eyiblidir, özü də ağıldan zəifdir. Peşəsi də bu ağaca çıxıb həyətimizə baxmaqdır.

Ziyaullah bir az da danışıb getdi. Xeyrəddin bəy yuxudan qalxdı. İkinci kərə çay içdik. Çaydan sonra qalxıb kəndi gəzməyə başladıq.

***

Biz evə qayıdanda qaranlıq düşmüşdü. Molla Hüseynlə bərabər evə daxil olduq. Axşam yeməyinə plov bişirmişdilər. Çörəyi yedik. Molla Hüseynin qadınından başqa, bütün ailə bizim ətrafımıza yığılmışdı. Lampanı badgir içərisinə qoymuşdular. Yel lampaya mane olmayırdı. Mən onlara Babın tarixindən və onun Şeyx Əhməd Əhsani ilə nə münasibətdə olduğundan, əvvəlcə Babın nə məqsədlə aralığa çıxdığından danışırdım. Molla Hüseyn bəzən etiraz edir, bəzən də təsdiq edirdi. Bütün bu söhbətlərdən sonra bəhayilərin sözləri ilə işləri arasında münasibət olmadığını göstərir və onların qadın haqqındakı iddialarının yalan olduğunu isbata çalışırdım. Bu sözlərimdə zavallı Bəhiyyə mənə baxaraq, xəfifcəsinə gülümsünürdü. Çünki gündüz qardaşı Ziyaullahın onun kimə ərə verilməsi və sevgisindən məhrum olması haqqında mənə dediklərini eşitmişdi.

Yarın tezdən gedəcəyimiz üçün tez yatmaq lazım gəlirdi. Bu halda faytonumuz içəri girdi. Atının xəstə olduğunu söylədi. Xeyrəddin bəy başqa fayton tapıb getmək üçün mənim fikrimi soruşdu. Mən isə “Yarın atı yaxşı olursa, saat ikidən sonra çıxıb axşamın sərin vaxtında Xoy şəhərinə yetişərik”, - dedikdən sonra Xeyrəddin bəy buna razı oldu. Bu məsələdən Molla Hüseyn də sevindi. O, mənim məsləhətimdən şadlanırdı. Bu haldan Bəhayəddinin də razı qaldığı çöhrəsindən bəlli olurdu. Gecə saat 1-də yatdıq. Səhəri mən çox tez qalxdım, saat 6 olmamışdı. Çıxıb çeşmənin başına getdim. İşə çıxan kəndlilərlə, qadın və qızlarla məşğul oldum. Saat 8-də evə qayıtdım. Xeyrəddin bəy hələ yuxudan durmamışdı. Evin qabağındakı eyvanda qoyulmuş çay masasının ətrafında oturdum. Bəhiyyə qaynanmış süd gətirdi və dedi:

- Çay içəcəksiniz, yainki yoldaşınızı gözləyəcəksiniz?

- Yoldaşım durub içər.

- Dünən Ziyaullah mənim başıma gələn fəlakəti sizə nəql edəndə mən mətbəxdən eşidirdim. Bəs siz nə üçün o barədə heç bir söz demədiniz?

- Nə deyə bilərdim? Mən müsafirəm. Adətinizi bilmirəm. Bəlkə də, dediyim acığınıza gəldi. Dünən sizdən bir söz soruşdum. Ağladınız. Mən də səhv etdiyimi anladım.

- Ağladığım yalnız başıma gələn fəlakətdən ötrü idi. Bilmirəm nə edim. Bircə şəhərə gedə bilsəydim daha ölməzdim.

- Hansı şəhərə?

- Xoy şəhərinə. Əmim ordadır. Mən ömrümün çoxunu orada keçirmişəm. Daha nə deyim? Ziyaullah sizə hamısını demişdir.

- Əcəba, buradan Xoy şəhərinə getmək çətindirmi?

- Ailəm aparmaz. Əmim də işdən xəbərdar deyil. Başıma gələn bu fəlakətin tarixi dörd gündən artıq olmaz. Bu gün çərşənbə axşamıdır. İki gündən sonra məni aparacaqlar. Qaça bilmirəm, bir kimsəyə qoşulub gedə bilmirəm. Çünki namusu hər kəsə tapşırmaq olmaz.

Mən Bəhiyyənin sözlərindən çox mütəhəyyir oldum. O, çayı töküncə mən də fikirləşirdim. Ondan soruşdum:

- Kəbin kəsilmişdirmi?

- Yox, bəlkə də, yarın kəsəcəklər.

- Mən sənə öz namusum ilə söz verirəm ki, səni sağ-salamat aparıb Xoy şəhərində öz əmin evinə təhvil verərəm.

- Mən buna inana bilərəmmi?

- Öz qardaşına inanan kimi inana bilərsən.

- Bizim bostanımız yolun üstündədir. Mən orada gözlərəm.

- Əmin olun! Sizi bu təhlükədən qurtararam.

Bəhiyyə şadlığından ağladı. Əlimi öpmək istədisə, mən buna mane oldum. Bəhiyyə dönüb getdikdə bir daha qayıdıb dedi:

- Xatircəm oluram ha!

- Əmin ol! Şey-zad götürmək lazım deyildir.

***

Saat 2-də Molla Hüseynin evinə qonaqlar gəlirdi. Şübhəsiz ki, Bəhiyyənin kəbinini kəsmək üçün idi. Fayton qapıda durmuşdu. Molla Hüseyn və Ziyaullah bizi faytona qoydular. Evdə qonaqları olduğundan aparıb yola salmadıqlarına təəssüf etdilər. Vidalaşıb yola düşdük. Bəhiyyə bostanın yanındakı söyüd ağacının dalından çıxdı. O, faytona yanaşmağa tərəddüd edirdi.

- Bəhiyyə xanım, gəlin, oturun. Lakin atanız iki gündən sonra kəndə qayıtmanızı əmr etdi.

Bu sözümdən Xeyrəddin bəy və faytonçu heyrətə düşdü, daha bir söz demədilər. Bəhiyyə döşəkdə oturmadı. Çünki döşəkdə ikimizdən biri ilə oturmağa məcbur idi. Skamyada tək oturdu. Xoy şəhərinə qədər ondan təşəkkür və razılıqdan başqa heç bir söz eşitmədim.

Axşam qaranlıq düşəndə Bəhiyyəni Şivənə məhəlləsində yaşayan əmisinin evinə buraxıb, Aleksandr adlı gurcünün açdığı Qafqaz otelində düşdük.



1 Tərcüməsi: Müharibə pisdir, sülh ümumun abadlığına səbəbdir.

    Müharibə ölüm, sülh mehribançılıq, müharibə təbiətin nəticəsi, sülh isə ilahi dinin əsasıdır.

    Müharibə zülmət içərisində zülmətdir. Sülh isə asimanın nurudur.

    Müharibə qaniçən canavar kimidir, sülh səma mələkləri.

    İkincisi, dünya Bəha təlimi ilə yaranmamış, bızim yaranmağımızı eşitməmişlər,

    ona əsasən müharibə bəlası onların üzərinə ağırlıq olacaq. Amma biz müharibədə bitərəf olacayıq. (Müəllif).

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info